"Əsrin müqaviləsi"nin beşinci ildönümünün keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının beşinci ildönümü tamam olur. Beynəlxalq aləmdə "Əsrin müqaviləsi" adını almış bu sazişin bağlanması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir.

"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın müstəqil dövlət olaraq öz sərvətlərinə tam sahib olduğunu dünyaya bir daha göstərdi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün əsas yaratdı. Dünyanın böyük neft şirkətləri ilə bu uzunmüddətli müştərək işin başlanması Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və iqtisadiyyatında sabitliyin yarandığını, respublikamızda demokratik prinsiplərin bərqərar olduğunu və inkişaf etdiyini beynəlxalq aləmdə əyani şəkildə nümayiş etdirdi.

Təməli "Əsrin müqaviləsi" ilə qoyulan və son illərdə uğurla həyata keçirilən Azərbaycan dövlətinin yeni neft siyasəti bu günədək on doqquz neft müqaviləsinin bağlanmasını, onların işində on dörd ölkənin otuz üç şirkətinin iştirakını təmin etmişdir. Dünyanın iri neft şirkətləri ilə görülən müştərək işlər Azərbaycana mütərəqqi texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması, ölkədə yüksək peşəkar milli kadrların hazırlanması, neft sənayesi ilə bağlı digər sahələrin inkişafı üçün geniş imkanlar açmışdır. Bu saziş Azərbaycanın karbohidrogen ehtiyatlarından istifadə sahəsində Xəzər regionunda aparıcı mövqe tutmasına güclü təkan vermişdir.

Müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq saziş - "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının XXI əsrin astanasında dinamik inkişafının əsasını qoymuşdur.

"Əsrin müqaviləsi"nin reallaşması ilə bağlı görülən işlər çərçivəçində Azərbaycana indiyədək 2,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. 1997-ci il noyabr ayının 12-də "Çıraq" yatağından neft hasil olunmağa başlamış və beş milyon tondan artıq neft, bir milyard kub metr səmt qazı çıxarılmışdır. İlkin neft və qazın sahilə nəqli üçün sualtı boru xətləri çəkilmiş, Səngəçalda yeni müasir terminal tikilmiş, "Dədə Qorqud" qazma qurğusu bərpa edilərək istifadəyə verilmişdir. Azərbaycan

neftinin dünya bazarlarına nəqlini təmin etmək üçün Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri işə salınmışdır. Əsas ixrac boru kəmərinin layihəsi reallaşmaq üzrədir.

Bu Saziş Xəzər dənizi hövzəsində digər irimiqyaslı layihələrin yaranmasına və gerçəkləşməsinə zəmin yaratmışdır. Xəzər dənizinin Azərbaycan sektorunda ikinci böyük yatağın - Şah Dəniz qaz-kondensat yatağının kəşfi buna əməli sübutdur.

"Əsrin müqaviləsi"nin Azərbaycan Respublikasının inkişafı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü 1999-cu il sentyabrın 20-də Bakı şəhərində təntənəli şəkildə qeyd olunsun. Bu məqsədlə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Artur Rasizadə                - Azərbaycan Respublikasının Baş naziri

                                         Təşkilat Komitəsinin üzvləri

Ramiz Mehdiyev            - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri

Vahid Axundov               - Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri

Fatma Abdullazadə        - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

Əli Əsədov                      - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Natiq Əliyev                    - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

İlham Əliyev                   - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Valeh Ələsgərov              - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi

Devid Vudvord               - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 19 avqust 1999-cu il
                       ¹ 219