“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli 260 saylı Fərmanına müvafiq olaraq qərara alıram:

“Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 iyun 2001-ci il

                   ¹ 516

 

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında

 

ƏSASNAMƏ[2]

 

I. Ümumİ müddəalar

 

1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 3 mart tarixli 291 saylı və 2000-ci il 17 yanvar tarixli 260 saylı fərmanları əsasında fəaliyyət göstərir və Azərbaycan Respublikasının Prezidentinə tabedir.

2. AzərTAc ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatı barədə informasiya toplayan, onu kütləvi informasiya vasitələrinə (o cümlədən xarici ölkələrin informasiya vasitələrinə), Azərbaycan Respublikasının dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə, ictimai birliklərə operativ surətdə çatdıran dövlət orqanıdır.

3. AzərTAc öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası tərəfindən imzalanmış beynəlxalq müqavilələri və sazişləri, habelə bu Əsasnaməni rəhbər tutur.

4. AzərTAc hüquqi şəxsdir, müstəqil balansı, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyəti, müvafiq bank hesabları, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Agentliyin Azərbaycan və ingilis dillərində adı əks olunmuş möhürü, müvafiq ştampları, öz emblemi və firma nişanı vardır.

5. AzərTAc-ın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

6. AzərTAc Bakı şəhərində yerləşir. Onun hüquqi ünvanı:

370000, Bakı şəhəri, Bülbül prospekti 18.

 

II. AzərTAc-ın vəzİfələrİ və funksİyaları

 

7. AzərTAc-ın əsas vəzifəsi dövlət səviyyəsində rəsmi xəbərləri xalqa çatdırmaqdan və Azərbaycan Respublikası haqqında obyektiv məlumatları beynəlxalq miqyasda geniş yaymaqdan ibarətdir.

8. AzərTAc informasiyanın toplanması və yayılması sahəsində öz fəaliyyətini ölkədə və xaricdə baş verən hadisələri obyektiv və hərtərəfli işıqlandırmaq prinsipləri əsasında həyata keçirir.

9. AzərTAc öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası vətəndaşlarının dövlət hakimiyyəti orqanlarının fəaliyyəti, daxili və xarici siyasət ilə bağlı doğru-düzgün və operativ informasiya almaq sahəsində qanuni hüquqlarını təmin edir.

10. AzərTac bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

10.1 Ölkənin daxili və xarici siyasətinin ən mühüm hadisələri haqqında, ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri və fotoşəkilləri, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və başqa dövlət hakimiyyəti orqanlarının rəsmi materiallarını kütləvi informasiya vasitələri, arzu edən bütün hüquqi və fiziki şəxslər üçün öz kanalları ilə və beynəlxalq İnternet şəbəkəsi vasitəsilə yayır;

10.2. Özünün nəşrlərini (qəzet, jurnal), informasiya bülletenlərini, çap, kompüter, foto, vizual və digər məhsullarını buraxır və onları Azərbaycan Respublikasında və xaricdə abunə, pərakəndə satış və fərdi yolu ilə, eləcə də İnternet şəbəkəsi vasitəsilə yayır;

10.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, dövlətin siyasətinə uyğun olaraq və mövcud imkanlar daxilində ölkədə və xaricdə özünün informasiya xidmətlərini (müxbir məntəqələrini, informasiya mərkəzlərini) təsis edir, yenidən qurur və ləğv edir;

10.4. Xarici ölkələrin informasiya agentlikləri və digər kütləvi informasiya orqanları ilə mübadilə və ya kommersiya şərtləri əsasında informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayır;

10.5. Müəyyən olunmuş qaydada informasiya sahəsində ixrac-idxal əməliyyatları aparır, təmsilçilik fəaliyyəti göstərir, kommersiya fəaliyyəti ilə məşğul olur;

10.6. Qanunvericiliyə uyğun olaraq müxtəlif idarə, təşkilat və müəssisələr ilə, Azərbaycan Respublikasında işləyən xarici şirkətlərlə birgə fəaliyyət haqqında müqavilələr bağlayır;

10.7. AzərTAc-ın maddi-texniki bazasının müasir tələblər və dünya standartları səviyyəsində inkişafı üçün tədbirlər görür;

10.8. Öz vəzifələrinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

 

III. AzərTAc-ın hüquqları

 

11. AzərTac bu Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyaları həyata keçirtmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. Dövlət hakimiyyəti orqanlarının bəyanatlarını, rəsmi məlumatlarını almaq və onların adından yaymaq;

11.2. Dövlət hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı onlardan dəqiq və operativ məlumat almaq və AzərTAc-ın adından yaymaq;

11.3. Dövlətin və xalqın mənafeyi ilə bağlı ən mühüm mövzularda və günün aktual məsələləri barəsində dövlət hakimiyyəti orqanlarına sorğu və ya suallarla müraciət edib müvafiq məlumatlar və cavablar almaq və yaymaq;

11.4. AzərTAc-ın vəzifələrinə və funksiyalarına aid olmayan məlumatların və informasiyaların qəbulundan və yayılmasından imtina etmək;

11.5. Dövlətin siyasi, iqtisadi, sosial və xarici siyasətinin aktual məsələlərinə dair mətbuat konfransları və brifinqlər keçirmək;

11.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

IV. AzərTac-ın fəAlİyyətİnİn təşkİlİ

 

12. AzərTAc Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradıcılıq müstəqilliyinə malikdir. Öz plan və proqramlarını hazırlayır, idarəçiliyində olan dövlət əmlakından qanunvericiliyə uyğun olaraq istifadə edir;

13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.[3]

14. Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AzərTac-a) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan Baş direktor rəhbərlik edir. Baş direktor AzərTAc-ın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

15. AzərTAc-ın Baş direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və iki müavini vardır.

16. Baş direktor:

16.1. Qanunvericiliyə və bu Əsasnaməyə müvafiq olaraq AzərTAc-ın işini təşkil edir;

16.2. AzərTAc-ın bütün xidmət və bölmələri, strukturları tərəfindən icra edilməli olan əmrlər, sərəncamlar, göstərişlər verir, qanunvericiliklə müəyyən edilmiş qaydada AzərTAc-ın struktur vahidlərini, xidmət və bölmələrini yaradır, onları yenidən qurur və ləğv edir;

16.3. Müavinləri arasında vəzifə bölgüsü aparır;

16.4. AzərTAc-ın işçilərinin vəzifəyə təyin və vəzifədən azad edir;

16.5. Qanunvericiliklə müəyyən olunmuş qaydada AzərTAc-ın əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərini həyata keçirir;

16.6. İşçilərin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu həddində AzərTAc-ın ştat cədvəlini, onun saxlanması xərclərinin smetasını təsdiq edir.

17. AzərTac-da Baş direktordan (kollegiyanın sədri), onun müavinlərindən, struktur bölmələrinin rəhbərlərindən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 7 nəfər) yaradılır.

18. Kollegiya öz iclaslarında AzərTAc-ın fəaliyyətinin başlıca məsələlərini müzakirə edir, o cümlədən cari və perspektiv vəzifələri müəyyənləşdirir, müvafiq strukturların inkişaf edilməsi, Agentliyin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirir, rəhbərlərin və digər məsul işçilərin hesabatlarını müzakirə edir.

19. Kollegiya öz iclaslarında müzakirə olunan məsələlər üzrə Agentliyin bütün əməkdaşları, xidmət və bölmələri tərəfindən yerinə yetirilməli olan qərarlar qəbul edir.

20. Kollegiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

21. Kollegiyanın qərarları bir qayda olaraq Baş direktor tərəfindən imzalanır və onun əmri ilə bağlı həyata keçirilir.

22. AzərTac mühasibat uçotu, operativ uçot və statistika uçotu aparır, istehsal-təsərrüfat fəaliyyətinin bütün növləri üzrə müəyyən olunmuş qaydada hesabatlar hazırlayıb təqdim edir, hesabatların və balansların səhihliyini təmin edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 dekabr 2002-ci il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 726)

2.       10 avqust 2015-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 8, maddə 907)

3.       10 avqust 2016-cı il tarixli 1010 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2016-cı il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1371)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 avqust 2015-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 8, maddə 907) ilə fərmanın adında və ikinci abzasında “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilmişdir

 

[2] 10 avqust 2015-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 8, maddə 907) ilə “Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) haqqında Əsasnamə”nin adında, 1-ci və 14-cü bəndlərində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilmişdir

 

[3] 26 dekabr 2002-ci il tarixli 831 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 726) ilə 12-ci və 13-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12. AzərTAc Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradıcılıq və təsərrüfat müstəqilliyinə malikdir. Öz plan və proqramlarını hazırlayır, idarəçiliyində olan dövlət əmlakından (balansında olan qeyri-yaşayış sahələrindən, əsas və dövriyyə vasaitindən, habelə digər sərvətlərdən), qazandığı mənfəətdən qanunvericiliyə uyğun olaraq müstəqil istifadə edir.

13. AzərTac-ın maliyyə vəsaiti aşağıdakı mənbələr hesabına formalaşır:

13.1. Dövlət büdcəsindən ayrılan vəsait;

13.2. İnformasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlir;

13.3. Azərbaycan Respublikasının və xarici ölkələrin təşkilatlarının, müəssisələrinin və ayrı-ayrı şəxslərin verdikləri pul vəsaiti, hər cür material (maddi) qiymətliləri;

13.4. Qanunvericiliyə zidd olmayan digər gəlirlər.

 

10 avqust 2016-cı il tarixli 1010 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2016-cı il, ¹ 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1371) ilə “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 13-cü hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13. AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşir. İnformasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür.