Azərbaycan Respublikasının Nazirlər Kabineti XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

XXVII Yay Olimpiya Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gənclər və İdman Nazirliyinə tapşırılsın ki:

Milli Olimpiya Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil Nazirliyi, idman növləri üzrə respublika federasiyaları ilə birlikdə Olimpiya Oyunlarına hazırlıq dövründə respublikada Olimpiya Oyunlarına həsr edilmiş spartakiadaların təşkilini və keçirilməsini təmin etsin;

Aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri orqanları, nazirlik və təşkilatlarla birlikdə Olimpiya Oyunlarına hazırlıqla əlaqədar təlim-məşq prosesi keçiriləcək əsas idman bazaları və qurğularında lazımi şərait yaradılmasını təmin etsin.

2. Olimpiya Oyunlarında iştirakı namizəd kimi təsdiq olunmuş idmançılar və onların məşqçiləri iştirakçılar seçilən müddətə kimi, Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılar və onların məşqçiləri isə Olimpiya dövrünün sonuna kimi xüsusi təqaüdlərlə təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Maliyyə Nazirliyi ilə birlikdə bu təqaüd normalarının müəyyənləşdirilməsi barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin birlikdə təqdim etdiyi milli yığma komandaların XXVII Yay Olimpiya Oyunlarına hazırlığı məqsədilə təlim-məşq toplantılarının keçirilməsi və rəsmi beynəlxalq yarışlarda iştirakı üçün müvafiq qaydada təsdiq olunmuş tədbirlərin Gənclər və İdman Nazirliyinə respublika büdcəsində “Bədən tərbiyəsi və idman tədbirləri” bölməsində nəzərdə tutulan təsisat hesabına maliyyələşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

Olimpiya Oyunlarına namizədlərin hazırlığı işini xüsusi tibbi nəzarətdə saxlasın;

Onları hazırlıq planlarına uyğun olaraq xüsusi vitaminlər, farmakoloji preparatlar və bərpaedici vasitələrlə təmin etsin;

Respublika Tibbi Bədən Tərbiyəsi Dispanserinin sifarişinə əsasən onlara müasir tipli tibbi cihaz və avadanlıqların ayrılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi, Respublika Hərbi Komissarlığı Olimpiya Oyunlarına hazırlıq dövründə respublika yığma komandalarının beynəlxalq yarışlarda təqdim olunan təqvimə müvafiq olaraq iştirakını təmin etmək üçün lazımi köməklik göstərsinlər.

6. Azərbaycan Respublikasının Rabitə Nazirliyi:

Olimpiya Oyunlarına hazırlıq üzrə respublika Qərargahının və Olimpiya idman bazalarının lazımi rabitə sistemi ilə təchiz olunmasını təmin etsin;

əlaqədar təşkilatlarla birlikdə Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı mövzusuna həsr edilmiş iki növ poçt markası buraxılmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi, AzərTAC, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Gənclər və İdman Nazirliyi ilə birlikdə Olimpiya Oyunlarına hazırlıq dövründə respublika idmançılarının beynəlxalq yarışlarda, qitə və dünya çempionatlarında çıxışları haqqında verilişlər verilməsini, XXVII Yay Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığı və iştirakının mütəmadi olaraq mətbuat orqanlarında və teleradio verilişlərində geniş şərh edilməsini, radio və televiziya verilişlərində Olimpiya Oyunlarına həsr edilmiş xüsusi proqram hazırlayıb münasib vaxtda efirə verilməsini təmin etsinlər.

8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə Olimpiya Oyunlarına həsr olunmuş rəsm müsabiqəsi keçirsin.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 may 1999-cu il
№ 77