Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanılması və basdırılması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi bəradə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanılması və basdırılması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 17 iyul 1998-ci il
¹ 155
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 17
iyul tarixli 155 nömrəli qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları
I. Ümumİ müddəalar
1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra «ərizəçilər») radioaktiv və ionlaşdırıcı şüa verən maddələr və onların tullantılarının saxlanması və basdırılmasına icazə verən rəsmi sənəddir.
Ərizəçilərin fəaliyyəti çox profilli (yönümlü) olduqda, onlar bir neçə lisenziyaya malik ola bilərlər.
1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.
1.4. Xarici hüquqi şəxslər öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.
1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
Fərdi əmək müqaviləsi və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.
II. Lİsenzİyanın verİlməsİ qaydası
2.1. Lisenziya almaq üçün ərizəçi Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə aşağıdakıları təqdim etməlidir:
2.1.1. lisenziya almaq üçün ərizə*.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü**;
2.1.2. müəssisənin təsis sənədlərinin surəti;
2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
2.1.5. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
2.1.6. lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə haqqında:
** torpaq sahəsində sahib olunması və ya icarəyə götürülməsi barədə aktın surəti; bu ərazinin radioaktiv və ionizə şüaları verən tullantıların saxlanması və basdırılması məqsədləri üçün yararlı olması barədə Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən verilmiş sənədin surəti; radioaktiv tullantıların saxlanması və basdırılması məntəqəsinin bu məqsədlər üçün yararlı olması barədə Səhiyyə Nazirliyi tərəfindən verilmiş sənədin surəti; ərazinin radiasiya təhlükəsi xəbərdarlıq nişanları ilə təchiz olunması barədə məlumat; mühafizəçi və mühafizə siqnalizasiya sistemləri ilə təmin olunması barədə məlumat; işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat; radioaktiv tullantıların daşınması üçün xüsusi nəqliyyatın olması barədə məlumat.
2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.
2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.
Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:
2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;
2.4.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;
2.4.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
2.4.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.
2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.
Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziyaya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.
III. Lİsenzİya
3.1. Lisenziyada aşağıdakılar göstərilir:
3.1.1. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin adı;
3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;
3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;
3.1.4. lisenziyanın qüvvədə olma müddəti;
3.1.5. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;
3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2. Lisenziya Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri (o olmadıqda, sədrin müavini) tərəfindən imzalanır və möhürü ilə təsdiq olunur.
IV. Lİsenzİyanın müddətİ
4.1. Lisenziya 5 il müddətinə verilir.
4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.
V. Lİsenzİyanın surətİ
5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.
5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:
5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;
5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.5—2.1.6 yarımbəndlərində tələb olunan sənədlər.
5.3. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.
5.4. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan, möhür ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.
5.5. Lisenziyaların surəti Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən qeydə alınır.
5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə müraciət edir.
5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.
VI. Lİsenzİyanın qüvvədə olma qaydaları və nəzarət
6.1. Lisenziya sahibləri bu fəaliyyət növü ilə məşğul olmaq üçün qüvvədə olan təbiəti mühafizə, sanitar-epidemioloji, həmçinin mövcud qanunvericilik qaydalarına riayət etməlidirlər.
6.1.1. Ərizəçi və cəlb ediləcək mütəxəssislər radiasiya təhlükəsizliyi qaydalarına riayət etməli, bu sahədə bilik və bacarıqlarını daim təkmilləşdirməli, radioaktiv və ionizə şüaları verən mənbələrin saxlanması və basdırılması işində qabaqcıl və mütərəqqi metod və təcrübələrlə tanış olmalıdırlar.
6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.
6.3. Nəzarət qaydasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;
6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən əlavə məlumatlar, arayışlar istəmək və almaq;
6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;
6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;
6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.
6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.
6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.
6.6. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.
VII. Lİsenzİyanın fəalİyyətİnİn dayandırılması və ya ləğv edİlməsİ
7.1. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:
7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;
7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;
7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.2. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 5 gün müddətində bu haqda lisenziya sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.
7.3. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi lisenziyanı aşağıdakı hallarda ləğv edir:
7.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
7.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;
7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;
7.3.5. hüquqi şəxs ləğv edildikdə;
7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
7.4. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.
7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.
7.6. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.
VIII. Məsulİyyət
8.1. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
8.2. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.
8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
*
Ərizədə göstərilən fəaliyyət
növü ərazi baxımından ayrı-ayrı
obyektlərdə həyata keçiriləcəkdirsə,
ərizədə həmin obyektlərin sayı və
ünvanı da
göstərilir.
** Bu şərtlərə
ərizəçinin ərizədə göstərilən
fəaliyyət növü ilə məşğul olacaq
hər bir obyekti uyğun olmalıdır.