Məzuniyyət vaxtı üçün orta
əmək haqqının hesablanması zamanı
nəzərə alınan və alınmayan
ödənişlərin müəyyən edilməsi və
məzuniyyət vaxtı üçün orta əmək haqqının
əmsallaşdırılması qaydasının təsdiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Əmək
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli
Fərmanının icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Məzuniyyət vaxtı üçün orta
əmək haqqının hesablanması zamanı
nəzərə alınan və alınmayan
ödənişlərin geniş siyahısı və Məzuniyyət
vaxtı üçün orta əmək haqqının
əmsallaşdırılması Qaydası 1-2 nömrəli
əlavələrə müvafiq olaraq təsdiq edilsin.
2. Bu qərar müvafiq qanuna əsasən
1999-cu il iyul ayının 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 25 avqust 1999-cu il
№ 137
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust
tarixli 137 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR 1 nömrəli
əlavə |
Məzuniyyət
vaxtı üçün orta əmək haqqının hesablanması
zamanı nəzərə alınan və alınmayan
ödənişlərin
GENİŞ
SİYAHISI*
Nəzərə
alınan ödənişlər:
faktiki işlənmiş vaxtı üzrə
tarif (vəzifə) maaşı;
müəssisə, idarə və
təşkilatlarda qüvvədə olan əməyin
ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı
ilə təsdiq edilmiş Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və qaydaları
haqqında Əsasnamədə nəzərdə tutulan
kollektiv və fərdi mükafatlar;[1]
kompensasiya və həvəsləndirici
xarakter daşıyan daimi əlavələr (zərərli
əmək şəraitində, gecə vaxtı, çoxnövbəli
rejimli işə, peşələrin (vəzifələrin)
əvəz edilməsi, elmi dərəcəyə, fəxri
ada, qulluq stajına, xidmət illərinə, ixtisas
dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin
icrasına, xüsusi rütbə maaşına (əlavəsinə)
görə və s.) və Azərbaycan Respublikasının icra
hakimiyyəti orqanlarının rəhbər işçilərinə
və şəhər (rayon) icra hakimiyyəti
başçılarına səlahiyyətlərinin icrası
ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi
üçün əlavə pul təminatı;[2]
uşağın yedizdirilməsi üçün
ayrılmış fasilələrin ödənilməsi;
səhra, susuz və yüksək dağlıq
yerlərdə əmsallar üzrə əlavə
ödənişlər;
iş vaxtından artıq iş
saatlarının ödənilməsi;
istirahət, səsvermə, iş günü hesab
edilməyən bayram və ümumxalq hüzn günlərində
işə görə ödənilmə;[3]
işçinin təqsiri olmadan zay (yararsız)
sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat
normalarına yerinə yetirmədiyinə, soyuq və isti
havalar şəraitində fasilələrə və işin
dayandırılmasına görə ödəmələr;
müvəqqəti əvəzetməyə
görə ödəmə;
qanunvericilikdə işçilərin iş
yerlərinin və orta əmək haqqının
saxlanıldığı, əvvəlki əmək haqqı
ilə yeni iş yerindəki əmək haqqı arasındakı
fərq ödənildiyi və əvvəlki vəzifəsi
(peşəsi) üzrə əmək haqqı
saxlanıldığı hallarda;
məcburi işburaxma dövrünün ödənilməsi;
əmək, təhsil və
yaradıcılıq məzuniyyəti dövründə saxlanılan
orta əmək haqqı;
əmək qabiliyyətini müvəqqəti
itirməyə , hamiləliyə və doğuma görə
müavinətlər;[4]
qəzet, jurnal, nəşriyyat, radio və
televiziya, informasiya agentlərinin ştatlarında olan
əbədi işçilərə ədəbiyyat qonorarı
fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan
müəlliflik, artist qonorarları və quruluş haqqı.
Nəzərə alınmayan
ödənişlər:
birdəfəlik xarakteri daşıyan
əlavə mükafatların bütün növləri, yubiley və bayram
günləri, anadan olan günlər ilə bağlı və
digər analoji hallarda verilən həvəsləndirici
ödənclər (mükafatlar da daxil olmaqla);
işçinin öz vəzifəsinə aid olmayan
ayrı-ayrı tapşırıqların yerinə
yetirilməsinə görə ödəmələr;
əmək alətlərinin,
vasitələrinin və digər əşyaların amortzasiyasına
görə pul əvəzi;
maddi yardım şəklində verilən
müxtəlif növ ödənişlər;
ezamiyyət ilə bağlı verilən
ödəmələr, çöl xərcləri, daimi işi yolda olan,
yaxud gediş-gəliş və ya gəzəri xarakter
daşıyan işçilərə ödənilən
əlavələr, bilavasitə tikintidə çalışan işçilər
üçün səyyar xarakterli işə görə, işin növbə
metodu ilə yerinə yetirilməsinə görə
əlavələr;
ayrı-ayrı işçilərə pulsuz
verilmiş mənzil, kommunal xərclərin, yanacağın,
nəqliyyatda gediş biletlərinin dəyəri və ya
onların kompensasiyası;
işçilərə verilən iş
paltarlarının, iş ayaqqabılarının və
başqa fərdi mühafizə vasitələrinin, sabunun,
başqa yuyucu vasitələrin, südün və
müalicə-profilaktika qidalarının dəyəri;
qanunvericilikdə nəzərdə
tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv
yeməklər, müəssisənin mənfəətinin
hesabına işçilərə pulsuz və ya güzəştli
şərtlərlə verilən yeməklər);
sanatoriya-kurort müalicəsinə və istirahət
evlərinə yollayışların dəyəri;
başqa əraziyə işə
keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və
əmlakın daşınması üzrə xərclərin
ödənilməsi;
istehsalatdan ayrılmaqla təhsil almağa
göndərilmiş işçilərə müəssisə və
təşkilatlar tərəfindən ödənilən
təqaüdlər;
yarış, baxış və müsabiqə
qaliblərinə verilən pul mükafatları;
gənc mütəxəssislərə ali
və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan
sonra verilən məzuniyyət zamanı müəssisələr,
idarələr, təşkilatların hesabına
ödənilən müavinətlər;
mülki-hüquqi müqavilələr üzrə
işlərin yerinə yetirilməsinə görə
ödəmələr.
istifadə edilməmiş
əmək məzuniyyətlərinə görə kompensasiya.[5]
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust
tarixli 137 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR 2 nömrəli
əlavə |
Məzuniyyət
vaxtı üçün orta əmək haqqının
əmsallaşdırılması
QAYDASI
Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində
nəzərdə tutulan məzuniyyət vaxtı üçün
ödənilən orta əmək haqqı aşağıdakı
qaydada əmsallaşdırılır:
Orta aylıq əmək
haqqı = |
(ƏN1 x Ə1 + ƏN2 x
Ə2+ ...) + ƏN |
N |
Burada ƏN1, ƏN2... -tarif (vəzifə)
maaşlarının sonuncu kütləvi artırmadan
əvvəlki ayrı-ayrı artım dövrələrində
işçinin əmək haqqının cəmi;
ƏN-tarif (vəzifə)
maaşlarının sonuncu kütləvi artımından
sonrakı aylar üzrə işçinin əmək haqqının
cəmi;
Ə1, Ə2...-son kütləvi artımdan
sonra tarif (vəzifə) maaşının əvvəlki
kütləvi artım dövrlərində tarif (vəzifə)
maaşlarına olan nisbətindən alınan təshih əmsalları;
N - məzuniyyət haqqı hesablanarkən
nəzərə alınan ayların sayı.
Məzuniyyət vaxtı üçün orta
əmək haqqı əmsallaşdırılarkən tarif
(vəzifə) maaşına faizlə (əmsalla)
müəyyən edilməyən əlavələr əmsallaşdırılmır.[6]
Qanunvericilikdə müəyyən olunmuş
tarif (vəzifə) maaşları büdcədən
maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlarda kütləvi şəkildə artırıldıqda
və ya təsərrüfat hesabı müəssisələrdə
kollektiv müqavilənin şərtlərinə əsasən
tarif (vəzifə) maaşları kütləvi şəkildə
artırıldıqda orta əmək haqqının
əmsallaşdırılması hazırkı qaydada
əsasən həmin müəssisə, idarə və
təşkilatlarda müstəqil surətdə aparılır.
_____________________
* Bu
siyahı Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq
əmək məzuniyyəti üçün orta əmək haqqı
hesablanarkən tətbiq edilir.
**
Müəssisə, idarə və təşkilatlarda normativ hüquqi
aktlarda, kollektiv müqavilələrdə və ya əmək
müqavilələrində istehsalın səmərəliliyinin
və işin keyfiyyətinin artırılmasında
işçilərin maddi marağını gücləndirmək
məqsədi ilə mükafatlandırma, o cümlədən il
ərzində işin yekunlarına görə mükafat, xidmət
illərinə görə mükafat və əmək funksiyalarının
yerinə yetirilməsi ilə əlaqədar digər mükafatlar
əməyin ödənilməsi sistemləri ilə
nəzərdə tutulmuş mükafatlar sayılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 17 dekabr 2003-cü il tarixli 158 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12,
maddə 746)
2.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 7 fevral 2005-ci il tarixli 22 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2,
maddə 125)
3.
6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)
4.
19 sentyabr 2008-ci
il tarixli
218 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 865)
5.
9 iyun 2009-cu il tarixli 89
nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06,
maddə 490)
6. 19 oktyabr
2009-cu il tarixli 168 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 7 fevral 2005-ci il tarixli 22
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2,
maddə 125) ilə "Məzuniyyət vaxtı üçün orta əməkhaqqının
hesablanması zamanı nəzərə alınan və
alınmayan ödənişlərin geniş
Siyahısı"nın üçüncü abzasında "əməyin ödənilməsi
sistemləri üzrə ödənilən mükafatlar **"
sözlərindən sonra "Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Dövlət
qulluqçularının mükafatlandırılmasının
növləri və qaydaları haqqında Əsasnamədə
nəzərdə tutulan kollektiv və fərdi mükafatlar"
sözləri əlavə edilmişdir.
[2] Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2003-cü il tarixli 158
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12,
maddə 746) ilə "Məzuniyyət vaxtı üçün orta
əmək haqqının hesablanması zamanı
nəzərə alınan və alınmayan
ödənişlərin geniş Siyahısı"nın dördüncü
abzasında "fəxri
ada" sözlərindən "qulluq
stajına, xidmət illərinə, ixtisas
dərəcəsinə, hakimiyyət
səlahiyyətlərinin icrasına, xüsusi rütbə
maaşına (əlavəsinə)" sözləri
əlavə edilmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 7 fevral 2005-ci il tarixli 22
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2,
maddə 125) ilə "Məzuniyyət vaxtı üçün orta
əməkhaqqının hesablanması zamanı nəzərə
alınan və alınmayan ödənişlərin geniş
Siyahısı"nın dördüncü abzasında isə "xüsusi rütbə maaşına
(əlavəsinə) görə və s." sözlərindən
və mötərizədən sonra "və Azərbaycan Respublikasının icra hakimiyyəti
orqanlarının rəhbər işçilərinə və
şəhər (rayon) icra hakimiyyəti başçılarına
səlahiyyətlərinin icrası ilə bağlı
təmsilçilik xərclərinin ödənilməsi üçün
əlavə pul təminatı" sözləri əlavə
edilmişdir.
[3] 6 fevral 2007-ci il
tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185) ilə
"Məzuniyyət vaxtı üçün orta
əməkhaqqının hesablanması zamanı
nəzərə alınan və alınmayan
ödənişlərin geniş Siyahısı"nın
səkkizinci abzasında "bayram"
sözü "iş günü hesab
edilməyən bayram" sözləri ilə əvəz
edilmişdir.
19 oktyabr 2009-cu il
tarixli 168 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857) ilə təsdiq edilmiş 1
nömrəli əlavənin - "Məzuniyyət vaxtı üçün
orta əmək haqqının hesablanması zamanı
nəzərə alınan və alınmayan ödənişlərin
geniş Siyahısı"nın səkkizinci abzasında
"istirahət"
sözündən sonra ",
səsvermə" sözü əlavə edilmişdir.
[4] 9
iyun 2009-cu il tarixli
89
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06,
maddə 490) ilə l nömrəli əlavə -
"Məzuniyyət vaxtı üçün orta əmək
haqqının hesablanması zamanı nəzərə
alınan və alınmayan ödənişlərin geniş
Siyahısı"nın on dördüncü abzasında "görə müavinət"
sözləri ",
hamiləliyə və doğuma görə müavinətlər"
sözləri ilə əvəz edilmişdir.
[5] 19 sentyabr 2008-ci il tarixli 218
nömrəli Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin Qərarı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9,
maddə 865) ilə 1 nömrəli əlavə
-Məzuniyyət vaxtı üçün orta əmək haqqının
hesablanması zamanı nəzərə alınan və
alınmayan ödənişlərin geniş Siyahısına yeni
məzmunda otuz birinci abzas əlavə edilmişdir.
[6] Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2003-cü il tarixli 158
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12,
maddə 746) ilə "Məzuniyyət vaxtı üçün orta
əmək haqqının əmsallaşdırılması
Qaydası"nın sonuncu abzasının əvvəlinə
yeni abzas əlavə edilmişdir.