Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 8 may 2001-ci il

             ¹ 129-IIQ


 

Azərbaycan Respublikasının

8 may 2001-ci il tarixli  129-IIQ saylı Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Bələdiyyələrin məhəllə komitələri haqqında

 

NÜMUNƏVİ ƏSASNAMƏ

 

1. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, bələdiyyələrin məhəllə komitələri (bundan sonra – "məhəllə komitələri") bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların yaşayış yeri üzrə öz təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.

2. Məhəllə komitəsi ərazi prinsipi üzrə yaradılır. Məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazi ayrıca bir və ya bir neçə evin (məhəllənin) hüdudları ilə müəyyən edilir.

3. Məhəllə komitəsi, həmin komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan əhalinin yığıncağında 5-11 üzvdən ibarət tərkibdə açıq səsvermə yolu ilə iki il müddətinə seçilir. Yığıncaq komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 15 faizi iştirak etdikdə səlahiyyətlidir. Həmin yığıncaqda məhəllə komitəsinin sədri, sədr müavini və katibi seçilir.

Məhəllə komitəsinin tərkibinə həmin ərazidə yaşayan, yaşı 18-dən aşağı olmayan vətəndaşlar seçilirlər. Vətəndaşların yığıncağında iştirak edənlərin səslərinin yarısından çoxunu toplamış şəxslər bu komitənin tərkibinə seçilmiş hesab olunurlar.

Məhəllə komitəsi vətəndaşların yığıncağının qərarı ilə vaxtından əvvəl tamamilə və ya qismən yenidən seçilə bilər. Vətəndaşların yığıncaqlar məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə yaşayan səsvermə hüququ olan şəxslərin azı 10 faizinin və ya məhəllə komitəsi üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Komitənin yeni üzvlərinin seçilməsi bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. Məhəllə komitəsi görüləcək tədbirlərin siyahısını və növbəliyini müəyyən edir və görülmüş işlərin uçotunu aparır.

Məhəllə komitəsi, lazım olan hallarda, lakin iki ayda bir dəfədən az olmamaq şərti ilə çağırılır və üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir.

Məhəllə komitəsinin iclasları açıq keçirilir.

5. Məhəllə komitəsinin qərarları açıq səsvermə vasitəsilə və adi səs çoxluğu ilə qəbul olunur.

6. Məhəllə komitəsi öz fəaliyyəti barədə altı ayda bir dəfə vətəndaşların yığıncağında hesabat verir. Yığıncağın keçirilməsi haqqında müvafiq məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə yaşayan şəxslərə bir həftə qabaq məlumat verilməlidir.

7. Məhəllə komitələri aşağıdakı əsas səlahiyyətləri həyata keçirir:

yerli əhəmiyyətli məsələlər barəsində bölədiyyələr qarşısında vəsatət qaldırmaq;

yerli əhəmiyyətli məsələlərlə bağlı vətəndaşların yığıncaqlarını keçirmək;

yerli əhəmiyyətli məsələlərlə dair bələdiyyə aktları yaratmaq təşəbbüsü göstərmək və həmin aktların layihələrini əhalinin iştirakı ilə açıq iclaslarda müzakirə etmək;

müvafiq bələdiyyə torpaqlarından istifadəyə dair rəy və təkliflər vermək;

yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması, sanitariya vəziyyətinin yaxşılaşdırılması, uşaq və idman meydançalarının, avtomobil yollarının, küçələrin, səkilərin, digər obyektləri tikintisi, yenidən qurulması, təmiri və saxlanması işində əhalinin iştirakını təşkil etmək;

təbiətin, tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında qanunvericiliyə riayət olunmasına kömək etmək;

məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsində təhsil müəssisələrində kömək etmək; [1]

uşaq və gənclərin istirahəti, idmanla olmaq üçün şərait yaradılmasına kömək etmək;

fəaliyyət göstərdiyi ərazidə yaşayan imkansızlara, xəstələrə və çətin həyat şəraitində olan şəxslərə (ailələrə) yardım göstərmək; [2]

yerli əhəmiyyətli məsələlərin həllində əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına kömək etmək.

Məhəllə komitələri Azərbaycan Respublikasının qanunvericiliyinə və müvafiq bələdiyyənin nizamnaməsinə zidd olmayan digər səlahiyyətləri də həyata keçirə bilər.

8. Məhəllə komitələri öz səlahiyyətlərini könüllü ianələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirir.

9. Bələdiyyələr məhəllə komitələrinin verdiyi rəy, təklif və ya vəsatətlərə bir ay ərzində cavab verməlidirlər.

Hər hansı məsələyə dair məhəllə komitələrinin rəyi həmin məsələlərin həlli zamanı bələdiyyələr tərəfindən nəzərə alınır.

10. Bələdiyyələrlə məhəllə komitələrinin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə komitələr bələdiyyələrdə siyahıya alınır. Siyahıyaalınma vətəndaşların yığıncağının protokolu əsasında həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)
  2. 22 fevral 2013-cü il tarixli 572-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 mart 2013-cü il, ¹ 60; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, ¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03, maddə 222)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)  ilə təsdiq edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”nin 7-ci maddəsinin səkkizinci abzasında “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[2] 22 fevral 2013-cü il tarixli 572-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 mart 2013-cü il, ¹ 60; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, ¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 03, maddə 222) ilə 7-ci maddəsinin onuncu abzasında “ahıl vətəndaşlara” sözləri “çətin həyat şəraitində olan şəxslərə (ailələrə)” sözləri ilə əvəz edilmişdir.