İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
I fəsil
Ümumİ müddəalar
Bu Qanun
informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir.
Bu Qanun “Kütləvi informasiya vasitələri haqqında” və “Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir.
Qanunda aşağıdakı anlayışlar işlədilmişdir:
informasiya - yaranma tarixindən, təqdimat formasından və
təsnifatından asılı olmayaraq istənilən
fəaliyyət nəticəsində yaradılan, yaxud
əldə olunan faktlar, rəylər, bilgilər,
xəbərlər və ya digər xarakterli məlumatlar;
sənədləşdirilmiş
informasiya (sənəd) - maddi daşıyıcıda mətn, səs və ya
təsvir formasında qeydə alınan və
identikləşdirməyə imkan verən istənilən
rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən,
rəsmi statusundan, mülkiyyət növündən,
mənsub olduğu təşkilat tərəfindən
yaradılıb-yaradılmadığından asılı
olmayaraq sənədləşdirilmiş informasiya;[1]
açıq informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya;[2]
konfidensial informasiya -
vətəndaşların, mülkiyyət növündən
asılı olmayaraq yaradılmış idarə,
müəssisə və təşkilatların, digər
hüquqi şəxslərin qanuni maraqlarının
qorunması məqsədilə əldə olunmasına
məhdudiyyət qoyulan məlumatlar,
habelə
peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və
məhkəmə sirləri , habelə fərdi məlumatlar;[3]
informasiya
prosesləri — informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması;
informasiya
texnologiyaları — informasiya prosesləri zamanı, o
cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi;
informasiya
sistemi — informasiya
texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasındən istifadə edilməklə, nizamlanmış məcmusu;
informasiya
ehtiyatları — informasiya sistemlərində
(kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri;
internet informasiya
ehtiyatı - internet
şəbəkəsində yaradılan, informasiyanın
yayılması üçün istifadə olunan,
müraciət edilməsi üçün domen adına və
sahibi tərəfindən
müəyyənləşdirilmiş digər
işarələnməyə malik olan informasiya ehtiyatı;
internet informasiya
ehtiyatının sahibi - internet informasiya
ehtiyatından istifadə edilməsi, o cümlədən burada
informasiya yerləşdirilməsi qaydalarını
sərbəst olaraq müəyyən edən, internet informasiya
ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan
şəxs;
domen adı
- internet şəbəkəsində yerləşdirilən
informasiya ehtiyatına müraciətin təmin olunması
üçün verilən unikal simvol
düzülüşü;
domen adının
sahibi - müqaviləyə
əsasən domen adına müddətli sahiblik edən
şəxs;
internet provayder
- internet şəbəkəsinə telekommunikasiya
vasitələri ilə qoşulmaq üçün texniki
imkanı təmin edən təchizatçı;
host provayder
- internet informasiya ehtiyatının istifadəsinin təmin
edilməsi üçün öz informasiya sistemlərində
yerləşdirilməsi xidmətini göstərən
təchizatçı;
domen adlarının
milli inzibatçısı - “az”
ölkə kodlu yüksək səviyyəli domen zonasında
domen adlarının inzibatçılığını
həyata keçirən səlahiyyətli şəxs;
domen adlarının
qeydiyyatçısı - domen adların
milli inzibatçısı ilə bağlanılmış
müqaviləyə əsasən “az” ölkə kodlu
yüksək səviyyəli domen zonasında domenlərin
qeydiyyatı üzrə xidmət göstərən
şəxs;[4]
informasiya
sistemləri
və
texnologiyalarının təminat vasitələri — informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr;
informasiya
sistemləri,
texnologiyaları, ehtiyatları və
onların təminat vasitələrinin mülkiyyətçisi — göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt;
informasiya
sistemləri
texnologiyaları, ehtiyatları və
onların təminat vasitələrinin sahibi
— göstərilən obyektlər üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt;[5]
informasiyanın istifadəçisi — özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt;
informasiya məhsulları — istifadəçilərin tələblərinə əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün təyin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələri;
informasiya
xidmətləri — istifadəçilərin informasiya məhsulları ilə təmin edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahiblər və ya vasitəçilərin) fəaliyyəti;[6]
informasiyalaşdırma — informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses.
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
milli informasiya
fəzasının formalaşdırılması;
informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi;
informasiya
ehtiyatları,
sistemləri,
texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi;
dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması;
ərazi
informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi;
dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması;
informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi;
informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi;
informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması;
informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması;
informasiya
prosesləri,
informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi.
II fəsil
İnformasİya
ehtİyatları
İnformasiya
ehtiyatları
fiziki, hüquqi şəxslərin və dövlətin münasibət obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur.
İnformasiya
ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla müəyyən edilir:
informasiyanın sənədləşdirilməsi qaydaları;
sənəd və sənəd massivləri üzərində mülkiyyət hüququ;
işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları;
informasiyanın mühafizə olunmasının hüquqi qaydaları.
İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin standartlaşdırılması məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.
Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən alınmış sənəd vəzifəli şəxs tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur.
İnformasiya
və
telekommunikasiya sistemlərində dövr edən sənəd elektron imzası vasitəsilə də təsdiq edilə bilər.
(Çıxarılıb)
[7]
İnformasiya
ehtiyatları,
sistemləri,
texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş bütün formalarına yol verilir.
Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidirlər.
Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət
idarə, müəssisə və təşkilatlarının vəsaitləri hesabına yaradılan, əldə edilən, toplanan informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətidir.
İnformasiya
ehtiyatları,
sistemləri,
texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Sənədləşdirilmiş informasiyanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarına müvafiq təşkilatlara təqdim edən subyektlər bu sənədlərə mülkiyyət və onlardakı informasiyadan istifadə etmək hüquqlarını itirmirlər. Bu sənədlərə dövlət və onları təqdim etmiş subyektlər birgə sahiblik hüququna malikdirlər.[8]
İnformasiya
məhsulu və xidmətinin qiymətləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icra hakimiyyəti orqanları tərəfindən və ya bağlanmış müqavilələrlə müəyyən edilir.
İnformasiya
proseslərində iştirak edən, informasiya məhsulu və xidmətlərini azad realizə edən bütün fiziki və hüquqi şəxslər ümumi informasiya bazarının iştirakçıları sayılırlar.
İnformasiya
istifadəçiləri, informasiya məhsul və xidmətlərinin mülkiyyətçiləri, sahibləri vasitəçilərini, informasiya növünü və işlənmə üsulunu, informasiya məhsulları və xidmətlərinin nomenklaturasını, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, azad seçmək hüququna malikdirlər.
İnformasiyanın işlənmə vasitələri üzərində mülkiyyət hüququ informasiya ehtiyatları üzərində mülkiyyət hüququ yaratmır.
İşlənmə vasitələrinin birgə istifadə olunması halında ilkin sənədlər sahibə məxsus olur, törəmə məhsulun məxsusluğu isə müqavilə ilə müəyyən olunur. İnformasiya ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı informasiyanın keyfiyyətinə görə məsuliyyət daşıyır.
Dövlət sirri təşkil edən informasiya ehtiyatları ilə işləmə qaydaları və mülkiyyət münasibətləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir.
Dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar iştirak edə bilərlər.
Dövlət hakimiyyəti orqanları onların sərəncamında dövlət informasiya ehiyatlarını formalaşdırır və səlahiyyətləri daxilində
onlardan istifadəni təmin
edirlər.
Dövlət hakimiyyət orqanları və təşkilatlarının dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər fondlardan maliyyələşdirilir.
Dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirilir. [9]
İnformasiya
ehtiyatlarının formalaşdırılması və işlənməsinə cavabdeh olan orqan və təşkilatların siyahısı, eləcə də dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar tərəfindən sənədləşdirilmiş informasiyanın təqdim olunma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Dövlət sirri təşkil edən konfidensial informasiyanın formalaşdırılma və işlənmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar vətəndaşların informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər və milli sərvət kimi mühafizə edilməlidir.
Maddə 10. İnformasiyanın
təsnifatı
Əldə olunma növünə
görə informasiya ümumi istifadə üçün
açıq və alınması
məhdudlaşdırılan informasiyalara bölünür.
Azərbaycan Respublikasının qanunu ilə əldə
olunması məhdudlaşdırılmayan informasiyalar
açıq informasiyalar sayılır.
Əldə
edilməsi qanunla məhdudlaşdırılan informasiyalar
hüquqi rejiminə görə məxfi və gizli
(konfidensial) olur. Dövlət sirri məxfi,
vətəndaşların, mülkiyyət növündən
asılı olmayaraq yaradılmış idarə,
müəssisə və təşkilatların, digər
hüquqi şəxslərin qanuni maraqlarının
qorunması məqsədilə əldə olunmasına
məhdudiyyət qoyulan peşə (həkim, vəkil,
notariat), kommersiya, istintaq və məhkəmə sirləri ,
habelə fərdi məlumatlar konfidensial xarakter
daşıyır. Fərdi məlumatlar daxilolma (əldə
olunma) növünə görə konfidensial və
açıq kateqoriyalara bölünür.[10]
Məlumatların dövlət
sirrinə aid edilməsi, istifadəsi qaydaları və
mühafizəsi "Dövlət sirri haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir. Konfidensial informasiyanın toplanmasına,
işlənməsinə, istifadəsinə və
yayılmasına yalnız Azərbaycan Respublikasının
qanunvericiliyində müəyyən edilmiş hallarda yol
verilə bilər.[11]
III fəsil
İnformasİya
ehtİyatlarının İstİfadə olunması
Alınması məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla informasiya
ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və məlumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibi qarşısında əsaslandırmağa məcbur deyillər.[12]
İstifadəçilər tərəfindən qanuni əsaslarla informasiya ehtiyatlarından əldə olunmuş informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına yalnız alınma mənbəyinə istinad edilməklə istifadə olunmasına icazə verilir. Bu halda istifadəçiyə məxsus olan mənfəət dövlət informasiya ehtiyatlarından alınmış informasiyadan deyil, törəmə informasiya məhsulunun yaradılması nəticəsində olur.[13]
İstifadəçilərə informasiya ilə işləməyə buraxılmanın qaydası, bu Qanunun tələblərinə əməl edilməklə müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətçi tərəfindən müəyyən edilir. Bu qaydalar və göstərilən xidmətlər haqqında məlumatların verilməsi üçün haqq alınmır.
İnformasiya
ehtiyatlarından
istifadə edənlərə haqqı ödənilmədən və ya xidmətlərə çəkilən xərcləri qismən ödəməklə təqdim olunan informasiya xidmətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilmiş xidmətlərə çəkilmiş xərclərdəki fərqin kompensasiyası dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər mənbələrdən ödənilir.
Fiziki və hüquqi şəxslər barəsində sənədləşdirilmiş informasiyanın siyahısı və onların informasiya sistemlərində istifadə edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Fiziki və hüquqi şəxslər özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istina edilməklə, maneəsiz olaraq buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədilə istifadə etdiyini bilmək hüququ vardır.
İnformasiya
ehtiyatlarından
istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahib, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
III-I fəsil[14]
İNTERNET İNFORMASİYA
EHTİYATLARI
Maddə
13-1. İnternet informasiya
ehtiyatının yaradılması və uçotu
13-1.1.
İnternet informasiya ehtiyatı üçün domen adı
“az” ölkə kodlu yüksək səviyyəli domen
zonasında və ya digər domen adları zonalarında
seçilə bilər.
13-1.2.
“az” ölkə kodlu yüksək səviyyəli domen
adlarının qeydiyyatı domen adlarının milli
inzibatçısı və qeydiyyatçıları
tərəfindən həyata keçirilir. Domen
adlarının milli inzibatçısı qeydiyyatdan
keçmiş domen adlarının reyestrini aparır və
reyestr məlumatlarından sorğu əsasında istifadəni
təmin edir.
13-1.3.
“az” ölkə kodlu yüksək səviyyəli domen
adlarının qeydiyyatı və istifadəsi qaydaları,
habelə domen adlarının reyestrinə daxil edilən
məlumatlar müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
13-2. İnternet informasiya
ehtiyatında və ya informasiya-telekommunikasiya
şəbəkəsində informasiyanın yayılması[15]
13-2.1.
İnternet informasiya ehtiyatının sahibi həmin informasiya
ehtiyatında yerləşdirilən informasiyanın tərkibi
və onun yerləşdirilməsi qaydasının
müəyyən edilməsində müstəqildir.
İnternet informasiya ehtiyatının və onun domen
adının sahibi həmin informasiya ehtiyatının
qanunauyğun fəaliyyətini, o
cümlədən dövlət dili normalarına riayət
edilməsini təmin etməlidir və buna görə
şəxsən məsuliyyət daşıyır. [16]
13-2.2.
İnternet informasiya ehtiyatının və onun domen
adının sahibi hüquqi şəxsdirsə adı,
təşkilati-hüquqi forması, elektron poçt
ünvanı, fiziki şəxsdirsə adı, soyadı və
atasının adı və elektron poçt ünvanı
həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir.
13-2.3.
İnternet informasiya ehtiyatının və onun domen
adının sahibi və ya informasiya-telekommunikasiya
şəbəkəsinin istifadəçisi həmin informasiya
ehtiyatında (informasiya-telekommunikasiya
şəbəkəsində) aşağıdakı
yayılması qadağan edilən informasiyanın
yerləşdirilməsinə yol verməməlidir:[17]
13-2.3.1.
terrorçuluğun təbliği və
maliyyələşdirilməsi, terrorçuluğun həyata
keçirilməsinin üsul və vasitələri,
terrorçuluq məqsədi ilə təlim təşkil
etmə və ya keçirmə barədə məlumatlar,
habelə terrorçuluğa açıq
çağırışlar;
13-2.3.2.
zorakılığın və dini ekstremizmin
təbliğinə dair məlumatlar, milli, irqi və ya dini
nifrət və düşmənçiliyin salınmasına,
dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə,
ərazi bütövlüyünün parçalanmasına,
hakimiyyətin zorla ələ keçirilməsinə və ya
saxlanmasına, kütləvi iğtişaşların təşkil
edilməsinə yönələn açıq
çağırışlar;
13-2.3.3.
dövlət sirri təşkil edən məlumatlar;
13-2.3.4.
odlu silahın, onun komplekt hissələrinin, döyüş
sursatının, partlayıcı maddələrin və
qurğuların hazırlanma qaydası və ya üsulları
barədə məlumatlar;
13-2.3.5.
narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının hazırlanma və ya
istifadə üsulları və qaydası, onların qanunsuz
əldə edilməsi yerləri, habelə tərkibində
narkotik maddələr olan bitkilərin kultivasiya yerləri
və ya üsulları barədə məlumatlar;
13-2.3.6.
pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid
məlumatlar;
13-2.3.7.
qumar və digər qanunsuz mərc oyunlarının
təşkilinə və həmin oyunlarda iştiraka təhrik
edən məlumatlar;
13-2.3.8.
intiharı problemlərin həlli üsulu qismində
təbliğ edən, intihara bəraət qazandıran, onu
əsaslandıran və ya törədilməsinə təhrik
edən, intiharın törədilməsi üsullarını
izah edən və ya qrup şəklində bir neçə
şəxsin intihar etməsini təşkil etmək
məqsədi ilə yayılan məlumatlar;
13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun
işarələnməmiş kino, televiziya və videofilmlər,
o cümlədən animasiya filmləri, kompüter və
digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid
olanlar istisna olmaqla);[18]
13-2.3.9.
təhqir və ya böhtan xarakteri daşıyan, habelə
şəxsi həyatın toxunulmazlığını pozan
məlumatlar;
13-2.3.10.
əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
13-2.3.10-1.
insanların həyat və sağlamlığına
zərər vurulması, əhəmiyyətli əmlak
ziyanının törədilməsi, ictimai
təhlükəsizliyin kütləvi şəkildə
pozulması, həyat təminatı obyektlərinin, maliyyə,
nəqliyyat, rabitə, sənaye, energetika və sosial
infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və
ya başqa ictimai təhlükəli nəticələrin
baş verməsi təhdidini törədən yalan
məlumatlar;[19]
13-2.3.11.
Azərbaycan Respublikasının qanunları ilə
yayılması qadağan edilən digər informasiya.
13-2.4.
İnternet informasiya ehtiyatının və onun domen
adının sahibi həmin informasiya ehtiyatında yayılması
qadağan edilən informasiyanın olduğunu aşkar
etdikdə və ya bu barədə ona müraciət daxil
olduqda, belə informasiyanın informasiya ehtiyatından
götürülməsini təmin edir.
13-2.5.
Host provayder öz informasiya sistemlərində
yerləşdirilmiş internet informasiya ehtiyatlarında
yayılması qadağan edilən informasiya aşkar
etdikdə və ya ona bu barədə məlumat daxil olduqda,
dərhal onun informasiya ehtiyatının sahibi
tərəfindən götürülməsi üçün
tədbirlər görür.
13-2.6. internet informasiya ehtiyatlarında informasiya məhsulunun
uşaqlar arasında yayılmasını
məhdudlaşdıran xəbərdarlıq mətni əks
olunmalıdır.[20]
Maddə
13-3. İnternet informasiya
ehtiyatlarında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinin
qarşısının alınması
13-3.1.
Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan
edilən informasiyanın internet informasiya ehtiyatında
yerləşdirilməsi hallarını bilavasitə aşkar
etdikdə və ya fiziki, hüquqi şəxslərdən,
yaxud dövlət qurumlarından daxil olmuş
əsaslandırılmış məlumatlar əsasında
müəyyən etdikdə, bu barədə internet informasiya
ehtiyatının və onun domen adının sahibinə və
host provayderə yazılı xəbərdarlıq edir.
13-3.2.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində
yayılması qadağan edilən informasiya internet informasiya
ehtiyatından götürülmədikdə müvafiq icra
hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer
üzrə rayon (şəhər) məhkəməsinə
internet informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılması barədə müraciət
edir.
13-3.3.
Dövlətin və cəmiyyətin qanunla qorunan
maraqlarına təhdid yarandığı və ya
insanların həyat və sağlamlığı
üçün real təhlükə olduğu
təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına
müraciət müvafiq icra hakimiyyəti orqanının
qərarı əsasında müvəqqəti olaraq
məhdudlaşdırılır.
13-3.4.
Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü
maddəsində nəzərdə tutulmuş qərarı
qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına
müraciətin məhdudlaşdırılması
barədə məhkəməyə müraciət edir.
İnformasiya ehtiyatına müraciətin müvəqqəti
məhdudlaşdırılması barədə qərar
məhkəmə tərəfindən internet informasiya
ehtiyatına müraciətin
məhdudlaşdırılması barədə
müraciətə baxılanadək və ya həmin qərar
ləğv edilənədək qüvvədə qalır.
13-3.5.
Məhkəmə internet informasiya ehtiyatına
müraciətin məhdudlaşdırılması
barədə müraciətə 5 günədək
müddətdə baxır və qərar qəbul edir.
Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə
minir və qərardan şikayətin verilməsi onun
icrasını dayandırmır.
13-3.6.
Məhkəmə internet informasiya ehtiyatına
müraciətin məhdudlaşdırılması haqqında,
müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya
ehtiyatına müraciətin müvəqqəti
məhdudlaşdırılması barədə qərar
qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı
həmin informasiya ehtiyatını “Yayılması qadağan
edilən informasiyanın yerləşdirildiyi informasiya
ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı
məlumatların tərkibi, siyahının tərtibi,
tətbiqinə nəzarət edilməsi və host və
internet provayderlərlə qarşılıqlı əlaqənin
təşkil edilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
13-3.7.
İnternet informasiya ehtiyatı “Yayılması qadağan
edilən informasiyanın yerləşdirildiyi informasiya
ehtiyatlarının Siyahısı”na daxil edildikdən
dərhal sonra host provayder və internet provayderlər internet
informasiya ehtiyatına müraciəti
məhdudlaşdırmalı və bu barədə internet
informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.
13-3.8.
İnternet informasiya ehtiyatının sahibi məlumatın
götürülməsini bu Qanunun 13-2.4-cü
maddəsində nəzərdə tutulmuş qaydada təmin
etmədikdə və informasiyanın internet informasiya
ehtiyatında yayılmasının qadağan edilməsi
ilə əlaqədar qüvvəyə minmiş
məhkəmə qərarı mövcud olduqda, müvafiq icra
hakimiyyəti orqanı həmin informasiya ehtiyatını
şəxsin müraciəti əsasında “Yayılması
qadağan edilən informasiyanın yerləşdirildiyi
informasiya ehtiyatlarının Siyahısı”na daxil edir.
Həmin internet informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılması üçün bu Qanunun
13-3.7-ci maddəsində nəzərdə tutulmuş
tədbirlər həyata keçirilir.
Maddə
13-4. İnternet informasiya
ehtiyatında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsi ilə əlaqədar
məsuliyyət
Bu fəslin
müddəalarının pozulmasına görə internet
informasiya ehtiyatının sahibi, domen adının sahibi, host
və internet provayderlər, həmçinin
informasiya-telekommunikasiya şəbəkəsinin
istifadəçiləri qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.[21]
IV fəsil
İnformasİyalaşdırma,
İnformasİya sİstemlərİ, texnologİyaları
və onların təmİnat vasİtələrİ
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.
Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi-layihə işlərinin aparılmasına şərait yaradır.
İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün müvafiq tədbirlərin görülməsi, dövlət informasiya sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir.
İnformasiya
sistemləri,
texnologiyaları və onların təminat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və
verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır.
İnformasiya
mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi razılıq əsasında həyata keçirilir.
V fəsil
İnformasİyanın
mühafİzəsİ
İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir:
informasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması;
dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi;
informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi ilə bağlı sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması;
dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması;[22]
informasiya
proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması.
Barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibə, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.
İnformasiyanın
mühafizə rejimi onun hüquqi rejimindən asılı
olaraq "Dövlət sirri haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə, bu Qanunla, "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə, digər normativ hüquqi aktlarla, habelə mülkiyyətçi
tərəfindən müəyyən edilir.[23]
İnformasiya
ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər.
Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibi informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər.
Sənədlərin, sənəd massivlərinin, informasiya sistemlərinin mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti orqanları informasiyanın istifadəçiyə təqdim edilməsinin qaydalarını bu Qanuna və "İnformasiya
əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanuna uyğun
olaraq müəyyən edir və istifadəçilərin sənədlərlə işləməyə buraxılmasını təmin edirlər.[24]
Sertifikatlaşdırılmamış informasiya sistem və vasitələrdən istifadə olunması və xidmətlərin göstərilməsi ilə bağlı məsuliyyəti bu sistem və vasitələrin mülkiyyətçisi və ya sahibi, belə sistemlərdən əldə
olunan informasiyadan istifadə üçün isə məsuliyyəti istifadəçi daşıyır.
İnformasiyanın istifadəçisi informasiya mülkiyyətçisi və ya sahibinin hüquqlarına riayət edilməməsinə görə məsuliyyət daşıyır.
İnformasiya
məhsulları və xidmətlərinin mülkiyyətçiləri ilə istifadəçilər arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalarla, müqavilələrlə rəsmiləşdirilir. Onlar arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məhkəmə vasitəsilə həll edilir.
İnformasiyanı korlamaqla və ya dəyişdirməklə onun sahibinə ziyan vuran fiziki və hüquqi şəxslər hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
İnformasiya
ehtiyatlarının formalaşdırılması, istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həyata keçirilir.
İstifadəçinin açıq informasiya ilə işləməsinə məhdudiyyətlər qoyulması və ya buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məlumat sahibinin yuxarı
orqanına və Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinə (ombudsmana) şikayət etmək, habelə
məhkəməyə şikayət vermək, o
cümlədən bu
hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.[25]
Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasında təqsirli olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
VI fəsil
İnformasİya
sahəsİndə beynəlxalq münasİbətlər
İnformasiya
sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının imzaladığı müqavilələrə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda nəzərə alınmış qaydalardan fərqlər müəyyən olunduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 3 aprel 1998-ci il
¹ 460-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 aprel 2005-ci il tarixli 890-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 466)
2.
20 oktyabr 2006-cı il tarixli 167-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1005)
3.
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)
4.
30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162)
5.
16 oktyabr 2012-ci il tarixli 443-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2012-ci il, ¹ 254,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
11, maddə 1051)
6.
10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 345)
7.
19 noyabr 2019-cu il
tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1881)
8.
17 mart 2020-ci il
tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, ¹ 62,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
3, maddə 225)
9.
8 may 2020-ci il
tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 2-ci maddənin ikinci
və üçüncü abzasları yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
informasiya — təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər haqqında məlumatlar;
sənədləşdirilmiş informasiya (sənəd) — maddi
daşıyıcıda qeyd olunmuş və
identikləşdirilməsinə imkan verən
rekvizitlərə malik informasiya;
[2] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 2-ci maddənin
dördüncü abzasında "kütləvi" sözü "açıq" sözü ilə əvəz
edilmişdir.
[3] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 2-ci maddənin beşinci
abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
konfidensial
informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş
informasiya;
30 dekabr
2010-cu il tarixli 41-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il,
¹ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə
162) ilə 2-ci maddənin
beşinci abzasında “məhdudiyyət
qoyulan” sözlərindən sonra “məlumatlar, habelə” sözləri əlavə
edilmişdir, “, habelə
fərdi məlumatlar” sözləri
çıxarılmışdır.
[4] 10 mart 2017-ci il
tarixli 539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddədə doqquzuncu - on
beşinci bəndlər müvafiq olaraq on yeddinci - iyirmi
üçüncü bəndlər hesab edilmişdir və
yeni məzmunda doqquzuncu - on altıncı bəndlər
əlavə edilmişdir.
[5] 10 mart 2017-ci il
tarixli 539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddənin on doqquzuncu
bəndində, 6-cı maddənin onuncu hissəsində, 11-ci
maddənin birinci hissəsində, 13-cü maddənin adında
və mətnində, 18-ci maddənin birinci və
dördüncü hissələrində, 19-cu maddənin ikinci
hissəsində və 20-ci maddənin birinci hissəsində
ismin müvafiq hallarında “sahibkar”
sözü ismin müvafiq hallarında “sahib” sözü ilə əvəz edilmişdir.
[6] 10 mart 2017-ci il
tarixli 539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 2-ci maddənin iyirmi ikinci
bəndində, 6-cı maddənin səkkizinci
hissəsində ismin müvafiq hallarında “sahibkarlar” sözü ismin müvafiq hallarında “sahiblər” sözü ilə
əvəz edilmişdir.
[7] 15 aprel 2005-ci il
tarixli 890-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə
466) ilə 5-ci maddənin dördüncü hissəsi
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin edən proqram texniki vasitələr olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və hüquqi qüvvəyə malik olur.
[8] 10 mart 2017-ci il
tarixli 539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə 6-cı maddənin beşinci
hissəsində “sahibkarlıq”
sözü “sahiblik”
sözü ilə əvəz edilmişdir.
[9] 9 oktyabr 2007-ci il
tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938) ilə 7-ci maddəsinin
dördüncü hissəsi
çıxarılmışdır.
[10] 30 dekabr 2010-cu il tarixli 41-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011-ci il, ¹ 051, “Azərbaycan”
qəzeti, 06 mart 2010-cu il, ¹ 52, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 03, maddə 162) ilə 10-cu
maddənin ikinci hissəsində ikinci cümlədən “, habelə fərdi məlumatlar”
sözləri çıxarılmışdır və ikinci
hissəyə üçüncü cümlə əlavə
edilmişdir.
[11] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 10-cu maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 10.
Daxilolma növünə görə informasiya ehtiyatları
Daxilolma növünə görə informasiya ehtiyatları açıq və məhdudlaşdırılmış ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə daxilolma növünə görə məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət informasiya
ehtiyatları istifadə üçün açıqdır.
Məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları hüquqi rejiminə görə dövlət sirli və konfidensial ola bilər.
Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Dövlət sirrinə aid
edilməyən, lakin vətəndaşların, idarə, müəssisə və təşkilatların qanuni marağının qorunması məqsədilə məxfiliyi təmin
edilməli olan
informasiya konfidensial xarakter daşıyır.
Konfidensial informasiyanın
toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər.
[12] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 11-ci maddənin birinci
hissəsində "Azərbaycan
Respublikasının qanunvericiliyi və müvafiq icra
hakimiyyəti orqanlarının qərarları ilə
müraciət növünə görə"
sözləri "Alınması"
sözü ilə əvəz edilmişdir və "dövlət" sözü
çıxarılmışdır.
[13] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 11-ci maddənin ikinci
hissəsindən "dövlət"
sözü çıxarılmışdır.
[14] 10 mart 2017-ci il
tarixli 539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 345) ilə yeni məzmunda III-I fəsil
əlavə edilmişdir.
[15] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, ¹ 62,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
3, maddə 225) ilə 13-2-ci maddənin
adında “ehtiyatında”
sözündən sonra “və
ya informasiya-telekommunikasiya şəbəkəsində”
sözləri əlavə edilmişdir.
[16] 8 may 2020-ci il
tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671) ilə 13-2.1-ci maddəsinin ikinci
cümləsində “fəaliyyətini”
sözündən sonra “, o
cümlədən dövlət dili normalarına riayət
edilməsini” sözləri əlavə
edilmişdir.
[17] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, ¹ 62,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
3, maddə 225) ilə 13-2.3-cü
maddədə “sahibi”
sözündən sonra “və
ya informasiya-telekommunikasiya şəbəkəsinin
istifadəçisi” sözləri, “ehtiyatında” sözündən sonra “(informasiya-telekommunikasiya
şəbəkəsində)” sözləri əlavə
edilmişdir.
[18] 19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1881) ilə yeni məzmunda 13-2.3.8-1-ci maddə
əlavə edilmişdir.
[19] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, ¹ 62,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
3, maddə 225) ilə yeni məzmunda
13-2.3.10-1-ci maddə əlavə edilmişdir.
[20] 19 noyabr 2019-cu il tarixli 1691-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 21 dekabr 2019-cu il, ¹ 284,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1881) ilə yeni məzmunda 13-2.6-cı
maddə əlavə edilmişdir.
[21] 17 mart 2020-ci il tarixli 30-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 mart 2020-ci il, ¹ 62,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
3, maddə 225) ilə 13-4-cü
maddənin mətnində “provayderlər”
sözündən sonra “,
həmçinin informasiya-telekommunikasiya
şəbəkəsinin istifadəçiləri”
sözləri əlavə edilmişdir.
[22] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 17-ci maddənin
beşinci abzasından "məxfiliyinin"
sözü çıxarılmışdır.
[23] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 18-ci maddənin ikinci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
İnformasiyanın mühafizə rejimi,
onun məxfilik dərəcəsi və daxilolma növündən asılı olaraq “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə, bu
Qanunla, digər
normativ-hüquqi
aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir.
[24] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 19-cu maddənin birinci
hissəsində "bu Qanuna"
sözlərindən sonra "və
"İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanuna" sözləri
əlavə edilmişdir.
[25] 20 oktyabr 2006-cı
il tarixli 167-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12,
maddə 1005) ilə 20-ci maddənin
beşinci hissəsində "məhkəməyə
şikayət etmək və" sözləri "məlumat sahibinin yuxarı
orqanına və İnformasiya Məsələləri
üzrə müvəkkilə şikayət etmək,
habelə məhkəməyə şikayət vermək, o
cümlədən" sözləri ilə əvəz
edilmişdir.
16
oktyabr 2012-ci il tarixli 443-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 noyabr 2012-ci il,
¹ 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 11, maddə 1051)
ilə 20-ci maddəsinin beşinci
hissəsində “İnformasiya
Məsələləri üzrə
müvəkkilə” sözləri “Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (ombudsmana)”
sözləri ilə əvəz edilmişdir.