“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 yanvar 2015-ci il

                     ¹ 4

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir.

1.2. Reyestr tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.[1]

1.3. Bu Qaydalar aşağıdakıları müəyyən edir:

1.3.1. Reyestrə qeydiyyat və uçot məqsədilə daxil edilən tikinti obyektlərinə dair məlumatları və onların tərkibini;[2]

1.3.2. məlumatların Reyestrə təqdim edilməsini;

1.3.3. məlumatların Reyestrə daxil olunmasından imtina edilməsini və imtina edilmənin əsaslarını və müddətini;

1.3.4. məhdudiyyət və qadağaların qeydiyyatını.

1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir.[3]

1.5. Reyestrə daxil edilən məlumatlar “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühafizə edilir.[4]

 

2. Reyestrin aparılmasının məqsədi

 

2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçota almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir.[5]

 

3. Reyestrə daxil edilən məlumatların tərkibi

 

3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:[6]

3.1.1.1. obyektin tikintisinə icazə;

3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;

3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), tikinti ərazisinin baş planı və təyinatı barədə məlumat;[7]

3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.[8]

3.1.2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar istismara icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilir:[9]

3.1.2.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;

3.1.2.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın (qurumun) vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası;[10]

3.1.2.3. tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

3.1.2.4. tikinti obyektinin istismar təyinatı;

3.1.2.5. tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə və faktiki);

3.1.2.6. Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;

3.1.2.7. tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsini və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı.

3.1.3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).

3.1.4. Yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.[11]

3.1.5. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri.[12]

 

4. Təqdim edilən sənəd və məlumatların Reyestrə daxil edilməsi və kodlaşdırılması

 

4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə kağız üzərində və elektron daşıyıcılarda aparılır.[13]

4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.[14]

4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir. Həmin məlumatlar 3 iş günü ərzində Komitənin internet səhifəsində yerləşdirilir.[15]

4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Reyestrə göndərə və ya bilavasitə təqdim edə bilər.[16]

4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir.[17]

4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir.

4.5. Reyestr kitabı keyfiyyətli kağızdan hazırlanır, möhkəm cildlənir və qaytanlanır.[18]

4.6. Reyestrdə qeydə alınmış tikintilərə verilən kodlar aşağıdakı kimi formalaşır:

4.6.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərtib etdiyi “İnzibati-ərazi bölgüsü təsnifatı”na əsasən inzibati ərazi kodu;

4.6.2. tikinti yerləşdiyi torpaq sahəsinin mülkiyyət forması (dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət olması);

4.6.3. bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu;

4.6.4. Reyestrdə qeydə alındığı nömrə və bu nömrənin verildiyi ay və il.[19]

Məsələn: 30900002-1-1101-000001/0112

burada : 30900002- Sumqayıt inzibati-ərazi bölgüsü təsnifatına əsasən inzibati ərazi kodu; 1-tikinti yerləşən torpaq sahəsinin mülkiyyət növü – yəni dövlət mülkiyyəti; 1101-bina və qurğuların funksional təyinatına görə təsnifatı üzrə kodu - yəni çoxmənzilli çoxmərtəbəli yaşayış binası; 000001- Reyestrdə qeydə alındığı nömrə; 0112-isə tikintinin qeydə alındığı ay və ildir (2012-ci il yanvar).

4.7. Tikinti obyektinin istismarına icazə verildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum) bu Qaydaların 3.1.2-ci yarımbəndində və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir və 3 (üç) iş günü müddətində bu məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.[20]

4.8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə) isə 95.4-cü maddələrinə müvafiq olaraq sökülməsinə dair qərar qəbul edilmiş tikintilər barədə məlumatları müvafiq qərar qəbul etdikləri tarixdən 10 (on) gün müddətində Reyestrə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər. Bu məlumatlar tikinti Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir.[21]

4.9. Bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci yarımbəndlərində, 4.2-ci, 4.3-cü və 4.7-ci bəndlərində nəzərdə tutulmuş məlumatların ötürülməsi şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.[22]

 

4-1. Uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası[23]

 

4-1.1. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

4-1.1.1. qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

4-1.1.2. qeyri-yaşayış binasının ünvanı (olduqda);

4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

4-1.1.4. qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

4-1.1.5. qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

4-1.1.6. qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

4-1.1.7. qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

4-1.1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyri-yaşayış binasının yerləşdiyi ərazinin planı;

4-1.1.9. qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

4-1.2. Bu Qaydaların 4-1.1-ci bəndində qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

4-1.3. Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.

 

5. Yekun müddəa

 

5.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.[24]

 


 

 

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na

Əlavə

 

 

 

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

 

Tikintilərin Dövlət Reyestri

Tikinti obyektlərinə verilən koda dair

Şəhadətnamə

 

 

Seriya AZE ¹_________

 

 

Verilir___________________________________________________________________________

(kod təqdim edilən hüquqi və ya fiziki şəxsin adı və ünvanı)

________________________________________________________________________________

(tikintinin adı və ya təyinatı)

________________________________________________________________________________

(tikinti yerləşdiyi ünvan)

________________________________________________________________________________

(tikintinin Dövlət Reyestrində qeydəalınma nömrəsi və tarixi)

________________________________________________________________________________

(tikintiyə verilən kodun nömrəsi və tarixi)

 

Müəssisənin (təşkilatın) rəhbəri                       _________________________________

                                                                                                  (imzası adı və soyadı)

 

    M.Y.[25]

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 514)

2.       20 iyul 2018-ci il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹7, II kitab, maddə 1646)

3.       23 fevral 2019-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 358)

4.       29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813)

5.       18 may 2022-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2022-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 552)

6.       15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579)

7.       2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, ¹ 71)

8.       21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130)

9.       18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, ¹ 206)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.2-ci bəndi ləğv edilmişdir.

 

[2] 15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.3.1-ci yarımbəndinə “Reyestrə” sözündən sonra “qeydiyyat və uçot məqsədilə” sözləri əlavə edilmişdir.

 

[3] 15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.4-cü bəndinə “Komitəsi” sözündən sonra “(bundan sonra – Komitə)” sözləri əlavə edilmişdir.

 

[4] 18 sentyabr 2024-cü il tarixli 427 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 21 sentyabr 2024-cü il, ¹ 206) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 1.5-ci bəndində “saxlanılır” sözü “mühafizə edilir” sözləri ilə əvəz edilmişdir.

 

[5] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 2.1-ci bəndinə “yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilmişdir.

15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 2.1-ci bəndinə “qeydə” sözündən sonra “, habelə müayinə edilmiş qeyri-yaşayış binalarını uçota” sözləri əlavə edilmişdir.

 

[6] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndində “yerli icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1.1-ci yarımbəndində “icazənin surəti” sözləri “icazə” sözü ilə, 3.1.1.2-ci yarımbəndində “sənədin surəti” sözləri “sənəd” sözü ilə, 3.1.1.5-ci yarımbəndində “situasiya” sözü “tikinti ərazisinin baş” sözləri ilə əvəz edilmişdir.

 

[8] 23 fevral 2019-cu il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 fevral 2019-cu il, ¹ 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 2, maddə 358) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1.5-ci yarımbəndinin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.1.1.6-cı yarımbənd əlavə edilmişdir.

 

[9] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.2-ci yarımbəndində “yerli icra hakimiyyəti orqanı” sözləri “istismara icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.2.2-ci yarımbəndinə (hər iki halda) “orqanın” sözündən sonra “(quru­mun)” sözü əlavə edilmişdir.

 

[11] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.4-cü yarımbəndinə “Yerli icra hakimiyyəti orqanı” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik” sözləri əlavə edilmişdir.

 

[12] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 514) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.5-ci yarımbənddən “, tikintisi başa çatmış” sözləri çıxarılmışdır və həmin yarımbənddə “memarlıq-planlaşdırma bölməsinin” sözləri “yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin” sözləri ilə əvəz edilmişdir.

21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.5-ci yarımbəndində “bölmələrinin surəti” sözləri “bölmələri” sözü ilə əvəz edilmişdir.

 

[13] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.1-ci bəndindən “kağız üzərində və” sözləri çıxarılmışdır.

 

[14] 20 iyul 2018-ci il tarixli 313 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 iyul 2018-ci il, ¹ 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹7, II kitab, maddə 1646) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci bəndində “10 (on) gün” sözləri “3 iş günü” sözləri ilə əvəz edilmişdir.

29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci bəndin birinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə və ikinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə əvəz edilmişdir.

21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır.

 

[15] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 514) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na yeni məzmunda 4.2-1-ci və 4.2-2-ci bəndlər əlavə edilmişdir.

29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci və 4.2-2-ci bəndlərinin birinci cümlələrində ismin müvafiq hallarında “yerli icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “tikinti barədə məlumatlandırılan orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci bəndinin ikinci cümləsində və 4.7-ci bəndində “Reyestrin” sözü “Komitənin” sözü ilə əvəz edilmişdir.

21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-1-ci bəndinin birinci cümləsində “cümləsi ilə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini Reyestrə təqdim edir” sözləri “cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir” sözləri ilə əvəz edilmişdir.

 

[16] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda 4.2-2-ci bəndin birinci cümləsindən “və ya bilavasitə təqdim edir” sözləri, ikinci cümləsindən “sifarişli poçt göndərişi ilə” və “və ya bilavasitə təqdim edə” sözləri çıxarılmışdır.

 

[17] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.3-cü bəndin birinci cümləsində “yerli icra hakimiyyəti orqanına” sözləri “tikintiyə icazə verən orqana (quruma)” sözləri ilə və ikinci cümləsində “Yerli icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə verən orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[18] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.5-ci bəndi ləğv edilmişdir.

 

[19] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.6.4-cü yarımbəndinin birinci abzasında “Reyestr kitabında” sözləri və üçüncü abzasında “reyestr kitabında” sözləri “Reyestrdə” sözü ilə əvəz edilmişdir.

 

[20] 31 mart 2017-ci il tarixli 116 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 04 aprel 2017-ci il, ¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 514) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na 4.7-ci bəndə “qərar qəbul edildiyi gündən” sözlərindən sonra “, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra,” sözləri əlavə edilmişdir.

29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.7-ci bəndində “yerli icra hakimiyyəti orqanları” sözləri “istismara icazə verən və ya tikinti barədə məlumatlandırılan orqan (qurum)” sözləri ilə və “nəzərdə tutulmuş sənədləri” sözləri “və 4.2-2-ci bəndində nəzərdə tutulmuş sənədləri və məlumatları” sözləri ilə əvəz edilmişdir.

18 may 2022-ci il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2022-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 5, maddə 552) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.7-ci bəndində “verilməsinə dair qərar qəbul edildiyi” sözləri “verildiyi” sözü ilə əvəz edilmişdir.

 

[21] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 813) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.8-ci bəndin birinci cümləsinə “yerli icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə mövcud tikinti obyektlərinə münasibətdə)” sözləri əlavə edilmişdir.

21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.8-ci bəndində “təqdim edirlər” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürürlər” sözləri ilə əvəz edilmişdir və həmin bəndin ikinci cümləsi çıxarılmışdır.

 

[22] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na yeni məzmunda 4.9-cu bənd əlavə edilmişdir.

 

[23] 15 noyabr 2023-cü il tarixli 416 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 15 noyabr 2023-cü il, “Xalq” qəzeti, 17 noyabr 2023-cü il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 11, maddə 1579) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

 

[24] 2 aprel 2024-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 6 aprel 2024-cü il, ¹ 71) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 5-ci hissəsi ləğv edilmişdir.

 

[25] 21 iyun 2024-cü il tarixli 310 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 iyun 2024-cü il, “Xalq” qəzeti, 25 iyun 2024-cü il, ¹ 130) ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın əlavəsindən “Müəssisənin (təşkilatın) rəhbəri”, “(imzası adı və soyadı)” və “M.Y.” hissələri çıxarılmışdır.