“Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin Siyahısı”nın təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə
uyğun olaraq qərara
alıram:
1.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin Siyahısı” təsdiq edilsin
(əlavə olunur).
2.
Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi
ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş
sənədlər müvafiq əmlaka hüququn
əmələ gəldiyi anda həmin əmlak magistral boru
kəmərlərinin, yüksək gərginlikli elektrik
şəbəkələrinin, nəqliyyat infrastrukturu
obyektlərinin və suların mühafizə zonalarında,
neft və qaz yataqlarının işlənməsi
üçün təsərrüfat subyektlərinin
istifadəsində olan torpaq sahələrində
yerləşmədiyi hallarda daşınmaz əmlakın
dövlət reyestrində qeydiyyata alınması
üçün əsas hesab edilir.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
kolxozların və sovxozların idarə heyətlərinin
qərarları ilə yaşayış evlərinin və
bağ evlərinin tikintisi üçün ayrılmış
həyətyanı torpaq sahələrinin aqibəti ilə
bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4.
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
hüquqların daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin
təhlili nəticəsində daşınmaz əmlak
obyektlərinin qanuni istifadədə olmasını təsdiq
edən və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq
edilmiş Siyahıya daxil olmayan sənədləri aşkar
etdikdə, bu növ sənədlərin Siyahıya daxil
edilməsi barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5.
Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi, birtipli
layihələr əsasında inşa olunmuş dövlət
və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda
yaşayış sahələri üzərində
hüquqların daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyatı məqsədi ilə texniki
inventarlaşdırma işləri aparılan zaman mənzilin
(otağın) sahəsinin faktiki göstəriciləri
(əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat
sənədlərindəki, eləcə də order və
kirayə müqavilələrindəki göstəricilərin
fərqli olduğu aşkarlandıqda, daşınmaz
əmlakın dövlət reyestrində hüquqların
qeydiyyatının sahənin faktiki göstəriciləri
əsasında aparılmasını təmin etsin.
6. Yerli icra hakimiyyəti
orqanları müvafiq inzibati ərazi vahidi ərazisində bu
Fərman qüvvəyə mindiyi günədək aparılmış
abadlaşdırma tədbirləri
çərçivəsində yerinə yetirilmiş tikinti
işləri nəticəsində fiziki və hüquqi
şəxslərin mülkiyyətində olan daşınmaz
əmlak obyektlərinin sahəsində və digər
göstəricilərində baş vermiş
dəyişikliklər barədə məlumatların
daşınmaz əmlakın dövlət reyestrinə daxil
edilməsini təmin etmək məqsədi ilə həmin
tikinti işləri ilə bağlı tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsinin və istismara
qəbul aktının surətlərinin
mülkiyyətçinin müraciət etdiyi gündən 7
iş günü ərzində onlara təqdim
olunmasını təmin etsinlər.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2015-ci il
¹ 439
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli
439 nömrəli Fərmanı
ilə TƏSDİQ
EDİLMİŞDİR |
“Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin
SİYAHISI
1.
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları
İttifaqının tərkibində olduğu dövrdə
qüvvədə olmuş qanunvericiliyə əsasən
Azərbaycan Respublikasının ərazisində
səlahiyyətli orqanlar tərəfindən
yaşayış və bağ evləri, habelə onların
altında olan və ya belə evlərin tikintisi
üçün ayrılmış torpaq sahələrinə
dair aşağıdakı sənədlər:
1.1. yerli
sovetlərin icraiyyə komitələrinin təsərrüfat
şöbələri tərəfindən verilən torpaq
qeydləri;
1.2. yerli
sovetlərin icraiyyə komitələrinin texniki
inventarlaşdırma büroları tərəfindən
verilən torpaq qeydləri;
1.3.
şəhər və rayon xalq deputatları sovetlərinin
icraiyyə komitələri tərəfindən verilən
torpaqdan istifadə hüququna dair dövlət aktı;
1.4. kənd
yaşayış məntəqələrinin və
qəsəbələrin torpaqlarından torpaq sahələrinin
ayrılması barədə kənd və qəsəbə
zəhmətkeş deputatları sovetlərinin
qərarları;
1.5. tikinti
hüququ barədə notariat qaydasında təsdiq edilmiş
1948-ci il avqustun 26-dək bağlanmış
müqavilələr;
1.6.
şəxsi mülkiyyət hüququ ilə yaşayış
evlərinin tikintisi üçün torpaq sahələrinin
verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş
1948-ci il avqustun 26-dan sonra bağlanılmış
müqavilələr;
1.7.
yaşayış evinə tikinti hüququnun təsdiq
edilməsi barədə məhkəmənin qanuni
qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul
edilmiş qərarları;
1.8.
yaşayış evinin (mənzilin) şəxsin
mülkiyyətinə verilməsi barədə rayon xalq
deputatları sovetləri icraiyyə komitələrinin
qərarları və həmin qərarlarda nəzərdə
tutulduğu hallarda şəxsin əldə etdiyi
yaşayış evinin (mənzilin) dəyərinin
ödənilməsi barədə sənəd;
1.9.
ər-arvad arasında yaşayış evinin (sahəsinin)
bölünməsi haqqında notariat qaydasında təsdiq
edilmiş müqavilə (dövlət notariat kontorları
olmayan yaşayış məntəqələrində
müvafiq rayon, şəhər, qəsəbə və
kənd xalq deputatları sovetləri tərəfindən
təsdiq edilmiş müqavilə);
1.10.
ər-arvad arasında yaşayış evinin (sahəsinin)
bölünməsi haqqında yoldaşlıq
məhkəməsinin qərarı.
1.11. Azərbaycan SSR
Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən
verilmiş şəxsi mülkiyyət hüququ ilə
evlərin inventarizasiya və qiymətləndirilməsinə
aid pasportlar.[1]
2.
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları
İttifaqının tərkibində olduğu dövrdə,
habelə Azərbaycan Respublikası müstəqillik
əldə etdikdən sonra “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək olan dövrdə qanunvericiliyə
əsasən Azərbaycan Respublikasının ərazisində
səlahiyyətli orqanlar və
digər təşkilatlar tərəfindən
yaşayış və bağ evləri, habelə onların
altında olan və ya belə evlərin tikintisi
üçün ayrılmış torpaq sahələrinə
dair aşağıdakı sənədlər:[2]
2.1.
şəhər və rayon xalq deputatları sovetləri
tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il
dekabrın 19-dək verilmiş torpağa mülkiyyət,
sahiblik, daimi istifadə hüququna dair dövlət aktı
və torpaqdan müvəqqəti istifadə hüququna dair
şəhadətnamə;
2.2.
şəhər və rayon xalq deputatları sovetləri
tərəfindən torpaq sahələrinin ayrılması
barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın
19-dək qəbul edilmiş qərar;
2.3.
kəndlərdə, o cümlədən statusu
dəyişdirilərək şəhərə (qəsəbəyə)
çevrilmiş, habelə ləğv edilərək
ərazisi şəhər və ya qəsəbələrin
ərazisinə verilmiş kəndlərdə 2001-ci il
yanvarın 1-dək inşa edilmiş yaşayış
evlərinə və (və ya) onların yerləşdiyi
torpaq sahələrinə dair
təsərrüfatbaşına kitablardan
çıxarış; [3]
2.4. üzərində
mülkiyyət hüquqları qeydiyyata alınmış
yaşayış evinin torpaq sahəsinə
münasibətdə texniki inventarlaşdırma orqanları
tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib
olunmuş texniki pasport (texniki
pasportda hüququ müəyyən edən
sənədlərə istinadın olduğu və
həyətyanı torpaq sahəsinin ölçüsü
göstərildiyi halda); [4]
2.5. Yaşayış evlərinin və bağ
evlərinin tikintisi üçün həyətyanı torpaq
sahələrinin verilməsi barədə kolxoz
üzvlərinin ümumi yığıncağının
və ya müvəkkillərinin
yığıncağının qərarı, yaxud sovxoz
(həmçinin həmin sovxozun yenidən təşkili
qaydasında onun bazasında yaradılaraq dövlət
orqanlarının tabeliyində olan kənd
təsərrüfatı müəssisəsi) rəhbərinin
(direktor və s.) əmri;[5]
2.6. fərdi mənzil, habelə kooperativ
evlərin və bağların tikilməsi üçün
mənzil-tikinti və bağ-tikinti kooperativlərinə,
çoxmənzilli yaşayış evlərinin tikintisi
üçün fərdi evtikdirənlərin mənzil-tikinti
kollektivlərinə torpaq sahələrinin ayrılması
barədə müvafiq olaraq şəhər,
qəsəbə və kənd xalq deputatları sovetlərinin
icraiyyə komitələri tərəfindən 1991-ci il
noyabrın 9-dək qəbul edilmiş qərarlar. [6]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 oktyabr
2015-ci il tarixli 664
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2015-ci il, ¹ 239,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
10, maddə 1136)
2.
11 iyul
2016-cı il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, ¹ 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1255)
3.
10 fevral
2017-ci il tarixli 1236
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, ¹ 31, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə
180)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 11 iyul
2016-cı il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, ¹ 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1255) ilə “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin Siyahısı”nın 1-ci hissəsinə yeni məzmunda 1.11-ci bənd
əlavə edilmişdir.
[2] 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 1 noyabr 2015-ci il, ¹ 239, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1136) ilə 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar”
sözləri əlavə edilmişdir.
[3] 11 iyul
2016-cı il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, ¹ 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1255) ilə “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin Siyahısı”nın 2-ci hissəsinin
2.3-cü bəndində “yaşayış
evlərinə” sözlərindən sonra “və (və ya) onların yerləşdiyi torpaq
sahələrinə” sözləri əlavə edilmişdir.
[4] 11 iyul
2016-cı il tarixli 984
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyul 2016-cı il, ¹ 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1255) ilə “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə
minənədək əldə edilmiş və yaranmış
daşınmaz əmlak obyektləri üzərində
hüquqların əldə edilməsini təsdiq edən
sənədlərin Siyahısı”nın 2-ci hissəsinin
2.4-cü bəndində “texniki
pasportda hüququ müəyyən edən
sənədlərə istinadın olduğu və” sözləri
çıxarılmışdır.
[5] 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 1 noyabr 2015-ci il, ¹ 239, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1136) ilə 2.4-cü bənddə nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 2.5-ci bənd
əlavə olmuşdur.
[6] 10 fevral 2017-ci il tarixli 1236 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 fevral 2017-ci il, ¹ 31, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 180) ilə “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
qüvvəyə minənədək əldə edilmiş
və yaranmış daşınmaz əmlak obyektləri
üzərində hüquqların əldə edilməsini
təsdiq edən sənədlərin Siyahısı”na yeni
məzmunda 2.6-cı bənd əlavə edilmişdir.