“Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586
nömrəli Fərmanının 1.5-ci bəndinə
əsasən qərara
alıram:
1. “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi
həftələrarası istirahət günlərində
də şəxsiyyət vəsiqəsinin verilməsini və
ya dəyişdirilməsini təmin etmək məqsədi
ilə şəxsiyyət vəsiqəsi verən yerli
orqanları üçün optimal iş qrafikini təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
3. Bu Fərman 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.[1]
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 oktyabr 2013-cü il
¹ 3
|
|
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3
nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
“Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə "Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət
vəsiqəsinin verilməsi, dəyişdirilməsi,
müvəqqəti alınması, təhvil verilməsi,
qüvvədən düşmüş hesab edilməsi və
məlumatların şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilməsi,
həmin məlumatların dəyişdirilməsi və
istifadəsi qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının
hər bir vətəndaşı 15 yaşı tamam olduqdan
və ya şəxs Azərbaycan Respublikası
vətəndaşlığına qəbul olunduqdan sonra bir ay
müddətində şəxsiyyət vəsiqəsi
almalıdır.
1.3. Xarici dövlətlərlə
müvafiq beynəlxalq müqavilə bağlanmış
olduğu halda, şəxsiyyət vəsiqəsindən
həmin dövlətlərdə də vətəndaşın
şəxsiyyətini təsdiq edən, habelə onun
ölkədən getmək və ölkəyə
gəlmək hüququnun həyata keçirilməsi
üçün nəzərdə tutulan sənəd kimi
istifadə oluna bilər.
2. Şəxsiyyət
vəsiqəsinin verilməsi, dəyişdirilməsi,
məlumatların şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilməsi, həmin
məlumatların dəyişdirilməsi və istifadəsi
2.1. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi
verən yerli orqanları (bundan sonra — vəsiqə verən
orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan
Respublikasının Qanunu və bu Əsasnamə ilə
müəyyən edilmiş qaydada verilir.
2.2. Vətəndaşa ilk dəfə
şəxsiyyət vəsiqəsinin verilməsi
üçün aşağıdakı sənədlər
tələb olunur:
2.2.1. şəxsiyyət
vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1
nömrəli əlavə);
2.2.2. vətəndaşın doğum
haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya
kartı;
2.2.3. Azərbaycan Respublikasının
1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə
təsdiq edilmiş "Yaşayış yeri və olduğu
yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında
Əsasnamə"nin 2-ci maddəsində göstərilən,
yaşayış sahəsinə köçmək
üçün əsas verən sənəd (əgər
vətəndaşın yaşayış yeri üzrə
qeydiyyatı yoxdursa);
2.2.4. vətəndaşın qan qrupu,
gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
2.2.5. dövlət rüsumunun
ödənilməsi barədə sənəd;
2.2.6. ərizə vətəndaşı
övladlığa götürən, vətəndaşın
himayəçisi və ya qəyyumu tərəfindən
verildikdə, onun hüquqlarını təsdiq edən
sənəd.
2.3. 18 yaşı tamam olmamış
vətəndaşın ərizə-anketini onun özü
və ya qanuni nümayəndəsi verə bilər. Hər iki
halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan
vətəndaşın imzası olmalıdır.
2.4. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsinin fərdi olaraq doldurulması
"Giriş-çıxış və qeydiyyat"
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi (bundan sonra — İAMAS)
vasitəsilə həyata keçirilir. Verilmiş
şəxsiyyət vəsiqələri, habelə onların
aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar
İAMAS-a daxil edilir.
2.5. Şəxsin Azərbaycan
Respublikası vətəndaşlığına
mənsubiyyətini müəyyənləşdirmək
zərurəti yarandıqda, vəsiqə verən orqan
şəxsin bu Əsasnamənin 2.2-ci bəndində
nəzərdə tutulan sənədlərinin
surətlərini və "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında" Azərbaycan
Respublikası Qanununun qüvvəyə mindiyi
günədək Azərbaycan Respublikasında
yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları
təsdiq edən rəsmi sənədini (şəxsin
yaşayış yeri üzrə qeydiyyata
alındığı və qeydiyyatdan
çıxarıldığı tarixlər göstərilməklə)
araşdırılmaq üçün dərhal Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə
göndərməlidir. Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həmin
sənədlərə 10 gün müddətində baxaraq
vəsiqə verən orqana şəxsin Azərbaycan
Respublikasının vətəndaşı sayılıb-sayılmaması
barədə yazılı cavab verir. Şəxs Azərbaycan
Respublikasının vətəndaşı sayıldıqda,
ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada
şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət
vəsiqəsinin verilməsinə görə
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətlər Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana
daxil olduğu andan hesablanır).
2.6. Azərbaycan Respublikası
vətəndaşlığına qəbul olunmuş
şəxsə şəxsiyyət vəsiqəsi
verilərkən, vəsiqə verən orqanın məsul
əməkdaşı onun Azərbaycan Respublikası
vətəndaşlığına qəbul olunduğuna dair
məlumatları İAMAS-da toplanılan məlumatlar
əsasında yoxlayır.
2.7. Vəsiqə verən orqanın
məsul əməkdaşı vətəndaşın
şəxsiyyət vəsiqəsinin verilməsi
(dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün
doldurulduğunu yoxlayır. Vətəndaşın
ərizə-anketindəki məlumatlar ondan əlavə
sənəd tələb edilmədən, İAMAS-da
toplanılan və Azərbaycan Respublikası Əhalisinin
Dövlət Reyestri, Vahid Miqrasiya Məlumat Sistemi və
digər dövlət informasiya resursları tərəfindən
İAMAS-a təqdim olunan məlumatlar əsasında
yoxlanılır.
2.8. Vətəndaşın
ərizə-anketindəki hər hansı məlumatın
İAMAS-da toplanılan məlumatlar əsasında
yoxlanılması mümkün olmadıqda, həmin
şəxs barədə toplanılmış müvafiq
fərdi məlumatlar İAMAS vasitəsilə bu
Əsasnamənin 2.7-ci bəndində nəzərdə
tutulmuş aidiyyəti dövlət informasiya sisteminə ötürülür
və həmin sistem tərəfindən zəruri məlumatlar
müəyyən edilərək İAMAS-a təqdim edilir.
2.9. Vəsiqə verən orqanın
məsul əməkdaşı vətəndaşın
ərizə-anketi üzrə məlumatları yoxladıqdan
sonra ərizə-anketdə həmin məlumatların
düzgünlüyünü öz imzası ilə təsdiq
edərək, onları vətəndaşın
fotoşəkli və
əl-barmaq izləri
ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil
edilmiş məlumatlar elektron sənəd formasında onu daxil
edən əməkdaşın gücləndirilmiş elektron
imzası ilə təsdiq edilir.[2]
2.10. Vətəndaşın əl-barmaq izlərinin
götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya
Təşkilatının (İCAO-nun)
tələblərinə uyğun fotoşəklinin
çəkilməsi vəsiqə verən orqanda həyata
keçirilir.[3]
2.11. Fotoşəklə dair
tələblər, şəxsiyyət vəsiqəsini
verən orqanın iş qrafiki haqqında məlumatlar,
vəsiqənin verilməsi və dəyişdirilməsi üçün
tələb olunan sənədlərin siyahısı və
ödənilməli olan dövlət rüsumunun
məbləğləri Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin rəsmi internet saytında və
vəsiqə verən orqanın binalarının
qarşısında hər kəsin yaxşı görə
biləcəyi lövhələrdə yerləşdirilməlidir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həftələrarası istirahət günlərində
də şəxsiyyət vəsiqəsinin verilməsini və
ya dəyişdirilməsini təmin etmək məqsədi
ilə şəxsiyyət vəsiqəsi verən yerli
orqanları üçün optimal iş qrafiki tərtib edir.
2.12. Şəxsiyyət
vəsiqəsinin üzərində vəsiqə sahibinin
soyadı, adı, atasının adı, cinsi,
vətəndaşlığı, doğulduğu tarix,
doğulduğu yer, qan qrupu, fərdi identifikasiya
nömrəsi, vəsiqənin nömrəsi və
etibarlılıq müddəti göstərilir,
həmçinin vəsiqə sahibinin şəxsi imzası
və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) tələblərinə uyğun fotoşəkli
yerləşdirilir.
2.13. Şəxsiyyət
vəsiqəsində elektron daşıyıcı (çip)
yerləşdirilir. Elektron daşıyıcı (çip)
Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) tələblərinə və standartlarına
uyğun olaraq, dəyişdirilməyən və
dəyişdirilə bilən (aktuallaşdırılan)
məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu
Əsasnamənin 2.19-cu–2.21-ci bəndlərinə uyğun
olaraq oxunuş üçün açıq və
bağlı məlumatlara bölünür.
2.14. Şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
(çipə) aşağıdakı məlumatlar daxil edilir:
2.14.1. bu Əsasnamənin 2.12-ci
bəndində göstərilən məlumatlar;
2.14.2. vətəndaş soyadını
və (və ya) adını dəyişdiribsə,
əvvəlki soyadı və (və ya) adı;
2.14.3. vətəndaşın
yaşadığı yer, ailə vəziyyəti, boyu,
hərbi vəzifəsi;
2.14.4. vətəndaşın
gözlərinin rəngi;
2.14.5. vətəndaşın
valideynlərinin soyadı və adı;
2.14.6. vətəndaşın ərinin
(arvadının) soyadı və adı (nikaha daxil olarkən
soyadını dəyişdiribsə, nikahdan əvvəlki
soyadı da göstərilir);
2.14.7. vətəndaşın
uşaqlarının soyadı və adı;
2.14.8. vəsiqəni verən orqanın
adı və vəsiqənin verilmə tarixi;
2.14.9. sənədin tipi;
2.14.10. vəsiqənin
fərdiləşdirilməsinin tarixi və vaxtı;
2.14.11. fərdiləşdirmə
sisteminin seriya nömrəsi;
2.14.11-1. elektron daşıyıcıda
(çipdə) yaradılan elektron imza yaratma və yoxlama
məlumatları;
2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş
elektron imzasını yoxlama məlumatları barəsində
sertifikatlar;[4]
2.14.12. Beynəlxalq Mülki Aviasiya
Təşkilatının (İCAO-nun)
tələblərinə uyğun olaraq müvafiq sertifikatlar;
2.14.13. vəsiqə sahibinin əl-barmaq
izləri (hər əlindən bir barmaq izi).[5]
2.15. Şəxsiyyət vəsiqəsi
verilərkən və ya dəyişdirilərkən bu
Əsasnamənin 2.14-cü bəndində nəzərdə
tutulmuş məlumatları elektron daşıyıcıya
(çipə) vəsiqə verən orqan daxil edir.
Şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilmiş
məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.18-ci
və 2.29-cu bəndlərinə uyğun olaraq həyata
keçirilir.
2.16. Vəsiqə verən orqan
vətəndaş barədə yoxlanılmış
məlumatları sertifikat sorğusu formasında
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat
xidmətləri mərkəzinə göndərir.
Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin
sorğu əsasında vəsiqə sahibinin
gücləndirilmiş elektron imzasını yoxlama
məlumatları barəsində sertifikatlar yaradır və
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi vasitəsilə vəsiqə
verən orqana göndərir. Beş il müddətində
etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və
yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısına (çipə) daxil edilir
və sertifikatlar vətəndaşın istəyi
əsasında “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikası Qanununun
17.1.7-ci maddəsinə əsasən müvafiq
ödəniş edildikdən sonra aktivləşdirilir.[6]
2.16-1. Şəxsiyyət vəsiqəsi
verilərkən (dəyişdirilərkən)
gücləndirilmiş elektron imzanı yoxlama
məlumatları barəsində sertifikatların
aktivləşdirilməsini istəməyən
vətəndaş daha sonra onların
aktivləşdirilməsi üçün Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət
edə bilər. Bu halda gücləndirilmiş elektron
imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə
sahibinin ərizəsi əsasında, “Elektron
imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən
müvafiq ödəniş edildikdən sonra 30
dəqiqə ərzində aktivləşdirilir.[7]
2.16-2. Şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
(çipə) daxil edilmiş gücləndirilmiş elektron
imzanı yoxlama məlumatları barəsində sertifikatların,
habelə elektron imza yaratma və yoxlama məlumatlarının
müddəti bitdikdən sonra onların beş ilədək
müddətə yenilənməsini bu Əsasnamənin
2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar
vəsiqə sahibinin ərizəsi əsasında, “Elektron imza və elektron sənəd haqqında”
Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə
əsasən müvafiq ödəniş edildikdən sonra
30 dəqiqə ərzində həyata keçirirlər.[8]
2.16-3. Şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
(çipə) daxil edilmiş gücləndirilmiş elektron
imzanı yoxlama məlumatları barəsində
sertifikatların aktivləşdirilməsinə, habelə
həmin sertifikatın və elektron imza yaratma və yoxlama
məlumatlarının müddəti bitdikdən sonra
onların beş ilədək müddətə
yenilənməsinə görə alınan ödənişin
25 faizi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş
sertifikat xidmətləri mərkəzinin hesabına
köçürülür, qalan hissəsi isə dövlət
büdcəsinə ödənilir.[9]
2.17. Elektron imza ilə əlaqədar
sertifikatların, elektron imza yaratma və yoxlama
məlumatlarının verilməsi, onlardan istifadə və
həmin sertifikatların qüvvəsinin dayandırılması,
bərpası və ya ləğvi "Elektron imza və
elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada həyata keçirilir.
2.18. Şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
(çipə) daxil edilən, bu Əsasnamənin 2.14.1-ci,
2.14.2-ci, 2.14.4-cü 2.14.8
– 2.14.11-ci, 2.14.12-ci və 2.14.13-cü yarımbəndlərində
nəzərdə tutulan məlumatlar
dəyişdirilməyən, 2.14.3-cü, 2.14.5-ci – 2.14.7-ci, 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlərində
nəzərdə tutulan məlumatlar isə bu
Əsasnamənin 2.29-cu bəndində göstərilən
dövlət orqanları tərəfindən dəyişdirilə
bilən (aktuallaşdırılan) məlumatlardır.[10]
2.19. Fiziki və hüquqi
şəxslər üçün bu Əsasnamənin
2.14.1-ci, 2.14.3-cü, 2.14.4-cü, 2.14.8-ci – 2.14.11-2-ci yarımbəndlərində
nəzərdə tutulmuş məlumatların oxunuşu
açıq, imza
yaratma məlumatları və şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısındakı digər məlumatların
oxunuşu isə bağlıdır.[11]
2.20. Dövlət orqanları, habelə
notariuslar üçün bu Əsasnamənin 2.14.1-ci – 2.14.11-2-ci yarımbəndlərində
nəzərdə tutulmuş məlumatların oxunuşu
açıq, imza
yaratma məlumatları və şəxsiyyət vəsiqəsinin
elektron daşıyıcısındakı digər
məlumatların oxunuşu isə bağlıdır.[12]
2.21. Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri və konsulluqları,
habelə hüquq mühafizə orqanları üçün
bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə
tutulmuş bütün məlumatların (imza yaratma məlumatları istisna
olmaqla) oxunuşu
açıqdır.[13]
2.22. Şəxsiyyət vəsiqəsi
10 (on) illik müddətə, 55 yaşı tamam olmuş
şəxslərə isə qeyri-məhdud müddətə
verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq
müddəti bitdikdə, yaxud vətəndaşın
soyadı, adı, atasının adı dəyişdikdə
və ya şəxsiyyət vəsiqəsi, o
cümlədən onun elektron daşıyıcısı
(çip) yararsız hala düşdükdə, yaxud
vəsiqənin üzərindəki məlumatların səhv
olduğu müəyyənləşdirildikdə,
vətəndaş şəxsiyyət vəsiqəsinin
dəyişdirilməsi üçün 1 (bir) ay
müddətində vəsiqə verən orqana müraciət
etməlidir.
2.23. Şəxsiyyət vəsiqəsinin
etibarlılıq müddətinin bitməsi, yaxud
vətəndaşın soyadının, adının,
atasının adının dəyişməsi və ya
şəxsiyyət vəsiqəsinin, o cümlədən onun
elektron daşıyıcısının (çipin)
yararsız hala düşməsi ilə əlaqədar
şəxsiyyət vəsiqəsi dəyişdirilərkən
bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci
bəndlərində nəzərdə tutulmuş qaydalar
tətbiq olunur və vətəndaşın fotoşəkli
vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri
götürülməklə yalnız aşağıdakılar
tələb edilir:[14]
2.23.1. şəxsiyyət
vəsiqəsinin dəyişdirilməsi haqqında
ərizə-anket (2 nömrəli əlavə);
2.23.2. şəxsiyyət
vəsiqəsi;
2.23.3. dövlət rüsumunun
ödənilməsi barədə sənəd;
2.23.4. ərizə
vətəndaşı övladlığa götürən,
vətəndaşın himayəçisi və ya qəyyumu
tərəfindən verildikdə, onun hüquqlarını
təsdiq edən sənəd.
Qeyd. Elektron daşıyıcısı
olmayan şəxsiyyət vəsiqələri də
dəyişdirilərkən, vətəndaş yalnız bu
Əsasnamənin 2.23-cü bəndinə əsasən
tələb olunan sənədləri təqdim edir və bu
Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci
bəndlərində nəzərdə tutulmuş qaydalar
tətbiq olunur.
2.24. Vətəndaş etibarlılıq
müddəti bitməmiş şəxsiyyət
vəsiqəsinin də bu Əsasnamənin 2.1-ci, 2.3-cü,
2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə
tutulmuş qaydada dəyişdirilməsi üçün
müraciət edə bilər.
2.25. Vətəndaş yeni
şəxsiyyət vəsiqəsini alarkən, köhnə
şəxsiyyət vəsiqəsini təhvil verməlidir.
2.26. Məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab
edilmiş vətəndaşa şəxsiyyət
vəsiqəsinin verilməsi və ya onun şəxsiyyət
vəsiqəsinin dəyişdirilməsi üçün
sənədləri həmin şəxsin qanuni
nümayəndəsi təqdim edir. Əgər şəxs
psixi-nevroloji müəssisədə müalicədədirsə
və onun şəxsiyyət vəsiqəsi yoxdursa, belə
şəxsə şəxsiyyət vəsiqəsi həmin
müəssisədən çıxdıqdan sonra verilir.
2.27. Şəxsiyyət vəsiqəsi
vətəndaşın "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanununa
əsasən ödədiyi dövlət rüsumunun məbləğinə
müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş
müddətdə verilir və ya dəyişdirilir.
2.28. Şəxsiyyət
vəsiqəsinin üzərində göstərilən və
şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilmiş
dəyişdirilməyən məlumatlarda səhv
müəyyənləşdirildikdə, həmin vəsiqə
təqdim edildiyi vaxtdan bir gün müddətində
dövlət rüsumu alınmadan dəyişdirilir.
Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına
daxil edilmiş dəyişdirilə bilən məlumatlarda
səhv müəyyənləşdirildikdə, vəsiqə
səhv məlumatları daxil etmiş orqana təqdim
edildikdən dərhal sonra (ən geci 30 dəqiqə
ərzində) həmin məlumatlar dövlət rüsumu
alınmadan dəyişdirilir.
2.29. Bu Əsasnamənin 2.18-ci
bəndinə uyğun olaraq, şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısında
(çipdə) dəyişdirilə bilən məlumatlarda
dəyişiklikləri vəsiqə təqdim edildikdən
dərhal sonra müvafiq dövlət informasiya resursları
vasitəsilə elektron qaydada aşağıdakı
dövlət orqanları həyata keçirirlər:
2.29.1. vətəndaşın
yaşadığı yer və boyu barədə məlumat —
vəsiqə verən orqan;
2.29.2. vətəndaşın ailə
vəziyyəti barədə məlumat, həmçinin bu
Əsasnamənin 2.14.5-ci – 2.14.7-ci
yarımbəndlərində nəzərdə tutulmuş
məlumatlar — vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatını aparan orqan;
2.29.3. vətəndaşın hərbi
vəzifəsi barədə məlumat — Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və ya
bölməsi;
2.29.4. vəsiqə sahibinin
gücləndirilmiş elektron imzasını yoxlama
məlumatları barəsində sertifikatlar, habelə elektron
imza yaratma və yoxlama məlumatları – Azərbaycan
Respublikası Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.[15]
2.30. Şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
vətəndaş haqqında daxil edilmiş məlumatların
düzgünlüyünü vəsiqə sahibinin ödənişsiz
olaraq elektron avadanlıqdan istifadə etməklə
yoxlaması vəsiqə verən və ya məlumatı
dəyişən orqanda təmin olunur.
2.31. Vəsiqə verən orqanda
şəxsiyyət vəsiqəsinin sahibinə fərdi
məlumatların subyekti kimi özü barəsində
toplanılmış məlumatların məzmunu ilə
tanış olmaq, fərdi məlumatların
dəqiqləşdirilməsini və mühafizəsini
tələb etmək və qanunvericiliklə müəyyən
olunmuş digər hüquqlardan istifadə etmək
imkanları yaradılır.
3. Şəxsiyyət
vəsiqəsinin itirilməsi və ya oğurlanması
3.1. Vətəndaş
şəxsiyyət vəsiqəsini itirdikdə, onu harada,
nə vaxt və hansı şəraitdə itirdiyini
göstərməklə, vəsiqə verən orqana
yazılı məlumat verməlidir.
3.2. Şəxsiyyət vəsiqəsini
itirdiyini bildirən vətəndaş həmin vəsiqəni
taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi
yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra
tapılarsa, tapılmış şəxsiyyət
vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil
verilməlidir.
3.3. Vətəndaş
şəxsiyyət vəsiqəsini itirdiyi barədə
vəsiqə verən orqana yazılı müraciət
etdikdə və onun şəxsiyyəti
müəyyənləşdirildikdə, bu barədə
məlumat Qüvvədən düşmüş
sənədlərin dövlət reyestrinə
ötürülür. İtirilmiş vəsiqə
barədə məlumat Qüvvədən
düşmüş sənədlərin dövlət
reyestrinə daxil edildikdən sonra həmin sənəd
qüvvədən düşmüş hesab edilir, İAMAS-da
aktiv statusu dəyişdirilir. Şəxsiyyət
vəsiqəsinin itirilməsi ilə əlaqədar
yenidən
verilməsinə görə dövlət rüsumu
ödənildikdən və şəxsiyyət
vəsiqəsinin verilməsi haqqında ərizə-anket
doldurulduqdan sonra, bu Əsasnamənin 2.1-ci, 2.3-cü,
2.4-cü, 2.7-ci – 2.16-cı bəndlərində
müəyyən edilmiş qaydada vətəndaşa yeni şəxsiyyət
vəsiqəsi verilir.[16]
3.4. Şəxsiyyət vəsiqəsi
oğurlandıqda, vətəndaş bu barədə
cinayətin baş verdiyi yerin polis orqanına yazılı
müraciət etməlidir. Belə ərizənin qəbul
olunması haqqında vətəndaşa arayış verilir
və bu arayış oğurlanmış şəxsiyyət
vəsiqəsinin qüvvədən düşməsi
barədə Qüvvədən düşmüş
sənədlərin dövlət reyestrində qeydiyyatın
aparılması və bunun əsasında vətəndaşa
yeni şəxsiyyət vəsiqəsinin verilməsi
üçün əsas hesab edilir.
4. Şəxsiyyət
vəsiqəsinin müvəqqəti alınması
4.1. Vətəndaş müddətli
həqiqi hərbi xidmətə
çağırıldıqda Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yerli idarə, şöbə və
ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisəsinə daxil olduqda
isə həmin müəssisənin müdiriyyəti
müvafiq olaraq çağırışçıdan
(kursantdan) şəxsiyyət vəsiqəsini təqdim
etməyi tələb edir. Həmin vətəndaş
şəxsiyyət vəsiqəsini təqdim etmədikdə,
şəxsiyyət vəsiqəsinin olmamasının
səbəbləri və ya şəxsiyyət
vəsiqəsinin harada olması haqqında izahat yazır.
4.2. Müvəqqəti alınan
şəxsiyyət vəsiqəsi hərbi xidmət başa
çatanadək saxlanılmaq üçün vəsiqə
verən orqana göndərilir. Şəxsiyyət
vəsiqəsini geri alarkən, hərbi vəzifəlilər
hərbi biletdə onun qeydiyyatda olması barədə qeydi
vəsiqə verən orqanın məsul
əməkdaşına təqdim etməlidirlər.
4.3. Barəsində həbs, ev dustaqlığı və
ya girov qətimkan
tədbirləri seçilmiş, müəyyən
müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
vətəndaşdan şəxsiyyət vəsiqəsi
təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və
cəzanı icra edən orqanlar tərəfindən
müvəqqəti alınır və həmin şəxs
haqqında iş üzrə icraata və ya şəxsi
işə əlavə edilir. Göstərilən əsaslar
aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal
sahibinə qaytarılır.[17]
4.4. Şəxsiyyət vəsiqəsinin
girov götürülməsi və vətəndaşdan
alınması (bu Əsasnamənin 4.1-ci və 4.3-cü
bəndlərində nəzərdə tutulmuş hallar istisna
olmaqla) qadağandır.
5. Şəxsiyyət
vəsiqəsinin təhvil verilməsi və
qüvvədən düşmüş hesab edilməsi
5.1. Vətəndaş öldükdə
onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq
vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparan orqana təhvil verilir və həmin
orqan vətəndaşın ölümünü qeydə
aldıqdan sonra şəxsiyyət vəsiqəsini
vəsiqə verən orqana göndərir.
5.2. Bu Əsasnamənin 2.22-ci
bəndində nəzərdə tutulmuş hallarda və
müddətdə vətəndaş şəxsiyyət
vəsiqəsini dəyişmədikdə, şəxsiyyət
vəsiqəsi qüvvədən düşmüş hesab
edilir. Qüvvədən düşmüş hesab edilən
şəxsiyyət vəsiqəsi istifadədən
çıxarılmalı, həmin sənədə dair
məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş
sənədlərin dövlət reyestrinə
ötürülməli, onun İAMAS-da aktiv statusu
dəyişdirilməlidir.
6. Keçid müddəaları[18]
6.1. 15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının (bundan sonra - 15 yaşı tamam
olmamış vətəndaş) fərdi identifikasiya
kartının 2022-ci il yanvarın 1-dən tətbiq
ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam
olmamış vətəndaşlara da 2018-ci il sentyabrın 1-dən 2022-ci il yanvarın 1-dək olan
müddətdə şəxsiyyət vəsiqəsi verilir.[19]
6.2. 15 yaşı
tamam olmamış vətəndaşa şəxsiyyət
vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi
onun valideyninin, vətəndaşı övladlığa
götürənin, vətəndaşın qəyyumunun və
ya himayəçisinin (bundan sonra - qanuni
nümayəndəsinin) müraciəti ilə bu
Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində
nəzərdə tutulan sənədlər əsasında
həyata keçirilir.
6.3. 15 yaşı
tamam olmamış vətəndaşa şəxsiyyət
vəsiqəsinin verilməsi üçün
vətəndaşın əl-barmaq
izləri götürülmür, həmçinin gözlərinin
rəngi və boyu haqqında tibbi arayış tələb
olunmur.[20]
6.4. 15 yaşı
tamam olmamış vətəndaşa verilən
şəxsiyyət vəsiqəsində onun fotoşəkli
yerləşdirilir, lakin şəxsi imzası
göstərilmir.
6.5. 15 yaşı
tamam olmamış vətəndaşa verilən
şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına vətəndaşın ailə
vəziyyəti, boyu, hərbi vəzifəsi,
vətəndaşın gücləndirilmiş elektron
imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma
və elektron imzanı yoxlama məlumatları, habelə bu
Əsasnamənin 2.14.4-cü, 2.14.6-cı, 2.14.7-ci və 2.14.13-cü
yarımbəndlərində göstərilən məlumatlar
daxil edilmir.[21]
6.6. Bu
Əsasnamədə vəsiqə sahibinin üzərinə
qoyulmuş vəzifələri 15 yaşı tamam
olmamış vətəndaşa aid hissədə onun qanuni
nümayəndəsi həyata keçirir.
6.7. 5 yaşadək
olan vətəndaşa verilən şəxsiyyət
vəsiqəsi vətəndaşın 5 yaşı tamam
olanadək, 5 yaşı tamam olmuş vətəndaşa
verilən şəxsiyyət vəsiqəsi isə
vətəndaşın 15 yaşı tamam olanadək
etibarlıdır.
|
“Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”yə 1
nömrəli Əlavə Azərbaycan
Respublikası vətəndaşına şəxsiyyət
vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket 1.
Vətəndaş və ya onun qanuni nümayəndəsi
tərəfindən doldurulan hissə ____________________________________________________________________________________ 1.1.
Aşağıdakı məlumatları nəzərə
alaraq, şəxsiyyət vəsiqəsinin verilməsini
xahiş edirəm: ____________________________________________________________________________________ 1.1.1.
Vətəndaşın:
1.1.2.
Vətəndaşın uşağı varsa, onun:
1.1.3.
Ərizə vətəndaşın qanuni
nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.3-1.
Şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilən
gücləndirilmiş elektron imzanı yoxlama
məlumatları barəsində sertifikatlar
aktivləşdirilsin:[22]
2.
Şəxsiyyət vəsiqəsini verən dövlət
orqanı tərəfindən doldurulan hissə ____________________________________________________________________________________ 2.1.
Dövlət orqanının məsul əməkdaşı
tərəfindən vətəndaşın və ya onun
qanuni nümayəndəsinin ərizəsinin
yoxlanılması ilə bağlı qeydlər:
2.1.3. Yoxlama
zamanı aşağıdakı sənədlər
nəzərdən keçirilmişdir:
2.1.6.
Məlumatları yoxlamış məsul işçinin:
2.2.
Şəxsiyyət vəsiqəsinin doldurulması ilə
əlaqədar qeydlər:
2.3.
Şəxsiyyət vəsiqəsinin
ərizəçiyə verilməsi ilə əlaqədar
qeydlər:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”yə 2
nömrəli Əlavə Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi
haqqında Ərizə-Anket 1.
Vətəndaş və ya onun qanuni nümayəndəsi
tərəfindən doldurulan hissə _______________________________________________________________________________________ 1.1. Aşağıdakı məlumatları
nəzərə alaraq, şəxsiyyət vəsiqəsinin
dəyişdirilməsini xahiş edirəm: _______________________________________________________________________________________ 1.1.1.
Vətəndaşın:
1.1.2.
Vətəndaşın uşağı varsa, onun:
1.1.3.
Ərizə vətəndaşın qanuni
nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.3-1.
Şəxsiyyət vəsiqəsinin elektron
daşıyıcısına (çipə) daxil edilən
gücləndirilmiş elektron imzanı yoxlama
məlumatları barəsində sertifikatlar
aktivləşdirilsin:[23]
2.
Şəxsiyyət vəsiqəsini verən dövlət
orqanı tərəfindən doldurulan hissə _______________________________________________________________________________________ 2.1.
Dövlət orqanının məsul əməkdaşı
tərəfindən vətəndaşın və ya onun
qanuni nümayəndəsinin ərizəsinin
yoxlanılması ilə bağlı qeydlər:
2.1.3. Yoxlama
zamanı aşağıdakı sənədlər
nəzərdən keçirilmişdir:
2.1.6.
Məlumatları yoxlamış məsul işçinin:
2.2.
Şəxsiyyət vəsiqəsinin doldurulması ilə
əlaqədar qeydlər:
2.3.
Şəxsiyyət vəsiqəsinin
ərizəçiyə verilməsi ilə əlaqədar
qeydlər:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 29 dekabr
2013-cü il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2013-cü il, ¹ 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1549)
2. 30 oktyabr 2015-ci il tarixli 669 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2015-ci il, ¹ 239; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1141)
3. 23 iyun 2016-cı il tarixli 959 nömrəli
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1055)
4. 18 oktyabr 2016-cı il tarixli 1075 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 19
oktyabr 2016-cı il, ¹ 230, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1634)
5. 16 dekabr 2016-cı il tarixli 1160 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, ¹ 281; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2078)
6. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521)
7. 8 dekabr 2017-ci il tarixli 1717 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 dekabr
2017-ci il, ¹ 272, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2285)
8. 19 yanvar 2018-ci il tarixli 1792 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar
2018-ci il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
48)
9. 10 may
2018-ci il tarixli 61 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2018-ci il, ¹ 109, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 929)
10. 30 avqust
2018-ci il tarixli 254
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 8, maddə
1704)
11. 14
sentyabr 2018-ci il tarixli 270
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 15
sentyabr 2018-ci il, ¹ 206, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1833)
12. 29 dekabr 2019-cu il tarixli 904 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il,
¹ 292,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1947)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 dekabr 2013-cü il tarixli 82 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2013-cü il, ¹ 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 12, maddə 1549) ilə
3-cü hissəsində “2014-cü
il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə
əvəz edilmişdir.
30 oktyabr 2015-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2015-ci il, ¹
239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci
il, ¹ 10, maddə 1141) ilə 3-cü hissədə “2015-ci il dekabrın”
sözləri “2017-ci il
yanvarın” sözləri ilə əvəz edilmişdir.
16 dekabr 2016-cı il
tarixli 1160 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 18 dekabr 2016-cı il, ¹ 281; “Xalq”
qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2078)
ilə 3-cü hissədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə
əvəz edilmişdir.
8 dekabr 2017-ci il tarixli 1717
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 dekabr
2017-ci il,
¹ 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 12, I kitab, maddə 2285) ilə 3-cü
hissədə və həmin Fərmanla təsdiq edilmiş
“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 6.1-ci bəndində “2018-ci” sözləri “2019-cu”
sözləri ilə əvəz edilmişdir.
30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə 3-cü hissədə “2019-cu il yanvarın”
sözləri “2018-ci il
sentyabrın” sözləri ilə əvəz edilmişdir.
[2] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 2.9-cu bəndinin birinci cümləsinə “fotoşəkli”
sözündən sonra “və
əl-barmaq izləri” sözləri əlavə
edilmişdir.
[3] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu
bəndinə “Vətəndaşın”
sözündən sonra “əl-barmaq
izlərinin götürülməsi, habelə”
sözləri əlavə edilmişdir.
[4] 18 oktyabr 2016-cı il tarixli
1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə yeni məzmunda 2.14.11-1-ci və
2.14.11-2-ci yarımbəndlər əlavə edilmişdir.
[5] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 2.14.12-ci yarımbəndinin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 2.14.13-cü yarımbənd əlavə
edilmişdir.
[6] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə 2.16-cı bənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
2.16.
Vəsiqə verən orqan elektron daşıyıcının
(çipin) yaddaşında vəsiqə sahibinin
gücləndirilmiş elektron imzası ilə əlaqədar
sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri
mərkəzi tərəfindən verilmiş elektron imza yaratma
və elektron imzanı yoxlama məlumatları
üçün nəzərdə tutulmuş boş sahə
saxlayır. Vətəndaş şəxsiyyət
vəsiqəsini təhvil aldıqdan sonra öz istəyi
ilə akkreditə edilmiş sertifikat xidmətləri
mərkəzinə müraciət etdikdə, həmin
mərkəz vətəndaşın gücləndirilmiş
elektron imzası ilə əlaqədar sertifikatları, elektron
imza yaratma (imza yaratma məlumatları oxunuş
üçün bağlıdır) və elektron imzanı
yoxlama məlumatlarını şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısına
(çipə) daxil edir.
19 yanvar 2018-ci il tarixli 1792 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar
2018-ci il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
48) ilə “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 2.16-cı bəndinə
“vətəndaşın
istəyi əsasında” sözlərindən sonra “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikası Qanununun
17.1.7-ci maddəsinə əsasən müvafiq
ödəniş edildikdən sonra” sözləri
əlavə edilmişdir.
[7] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 8 avqust 2017-ci il, ¹ 170,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
8, maddə 1521)
ilə “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 2.16-cı, 2.16-1-ci bəndlərinə
və 2.29.4-cü yarımbəndinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü
əlavə edilmişdir.
19 yanvar 2018-ci il tarixli 1792 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar
2018-ci il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
48) ilə “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 2.16-1-ci və 2.16-2-ci
bəndlərində “hər
hansı ödəniş edilmədən” sözləri “Elektron imza və elektron
sənəd haqqında” Azərbaycan Respublikası Qanununun
17.1.7-ci maddəsinə əsasən müvafiq
ödəniş edildikdən sonra” sözləri ilə
əvəz edilmişdir.
[8] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə yeni məzmunda 2.16-1-ci və
2.16-2-ci bəndlər əlavə edilmişdir.
[9] 19 yanvar 2018-ci il tarixli 1792 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 20 yanvar 2018-ci il, ¹ 14, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə
48) ilə
“Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”yə yeni məzmunda 2.16-3-cü bənd
əlavə edilmişdir.
[10] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə 2.18-ci bənddə “və 2.14.8-ci – 2.14.12-ci”
sözləri “2.14.8 – 2.14.11-ci və
2.14.12-ci” sözləri ilə əvəz edilmişdir
və həmin bəndə “2.14.5-ci
– 2.14.7-ci” sözlərindən sonra “, 2.14.11-1-ci və 2.14.11-2-ci” sözləri
əlavə edilmişdir.
30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 2.18-ci bəndində “və 2.14.12-ci” sözləri “, 2.14.12-ci və 2.14.13-cü” sözləri ilə
əvəz edilmişdir.
[11] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə 2.19-cu bənddə “2.14.8-ci və 2.14.9-cu”
sözləri “2.14.8-ci –
2.14.11-2-ci” sözləri ilə əvəz edilmişdir
və “oxunuşu açıq,”
sözlərindən sonra “imza
yaratma məlumatları və” sözləri əlavə
edilmişdir.
[12] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə 2.20-ci bənddə “2.14.1-ci – 2.14.9-cu”
sözləri “2.14.1-ci –
2.14.11-2-ci” sözləri ilə əvəz edilmişdir
və “oxunuşu açıq,”
sözlərindən sonra “imza
yaratma məlumatları və” sözləri əlavə
edilmişdir.
[13] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230) ilə 2.21-ci bənddə “bütün məlumatların”
sözlərindən sonra “(imza
yaratma məlumatları istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[14] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 2.23-cü bəndinə “çəkilməklə” sözündən sonra “və əl-barmaq izləri
götürülməklə” sözləri əlavə
edilmişdir.
[15] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə 2.29.3-cü yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda 2.29.4-cü yarımbənd əlavə edilmişdir.
[16] 10 may 2018-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 16 may 2018-ci il, ¹ 109, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə
929) ilə “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 3.3-cü bəndinin
üçüncü cümləsində “itirilməsinə görə inzibati cərimə və
şəxsiyyət vəsiqəsinin” sözləri “itirilməsi ilə əlaqədar
yenidən” sözləri ilə əvəz edilmişdir.
[17] 14 sentyabr 2018-ci il tarixli 270
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, ¹
206, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə
1833) ilə “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 4.3-cü bəndinin
birinci cümləsində “və
ona alternativ” sözləri “,
ev dustaqlığı və ya girov” sözləri ilə
əvəz edilmişdir.
[18] 23 iyun 2016-cı il tarixli 959 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyun 2016-cı il, ¹ 137, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1055) ilə
Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”yə yeni məzmunda 6-cı
hissə əlavə edilmişdir.
[19] 16 dekabr 2016-cı il
tarixli 1160 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 18 dekabr 2016-cı il, ¹ 281; “Xalq”
qəzeti, 8 fevral 2017-ci il, ¹ 28, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 2078)
ilə Əsasnamənin 6.1-ci
bəndində “2017-ci il”
sözləri “2018-ci il”
sözləri ilə əvəz edilmişdir.
30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 6.1-ci bəndində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə
əvəz edilmişdir.
29 dekabr 2019-cu il tarixli 904 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, ¹ 292, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1947) ilə
“Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 6.1-ci bəndində
(hər iki halda) “2020-ci”
sözləri “2022-ci”
sözləri ilə əvəz edilmişdir.
[20] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 6.3-cü bəndinə “vətəndaşın” sözündən sonra “əl-barmaq izləri
götürülmür, həmçinin” sözləri
əlavə edilmişdir.
[21] 30 avqust 2018-ci il tarixli 254
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, ¹
193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci
il, ¹ 8, maddə 1704) ilə “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə Əsasnamə”nin 6.5-ci bəndində
“və 2.14.7-ci”
sözləri “, 2.14.7-ci və
2.14.13-cü” sözləri ilə əvəz edilmişdir.
[22] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə Əsasnaməyə 1
nömrəli Əlavə - “Azərbaycan Respublikası
vətəndaşına şəxsiyyət vəsiqəsinin
verilməsi haqqında Ərizə-Anket”ə yeni məzmunda
1.1.3-1-ci yarımbənd əlavə edilmişdir.
[23] 18 oktyabr 2016-cı il
tarixli 1075 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 19 oktyabr 2016-cı il, ¹ 230,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1634)
ilə Əsasnaməyə 2
nömrəli Əlavə - “Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsinin dəyişdirilməsi haqqında
Ərizə-Anket”ə yeni məzmunda 1.1.3-1-ci yarımbənd
əlavə edilmişdir.