“Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük
prosedurları altında yerləşdirilərək
daşınması Qaydaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.1.20-ci yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
“Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük
prosedurları altında yerləşdirilərək
daşınması Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 14 yanvar 2014-cü il
¹ 5
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar
tarixli 5 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük
prosedurları altında yerləşdirilərək
daşınması
QAYDALARI
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
(bundan sonra - Gömrük Məcəlləsi) 175.4-cü
maddəsinə əsasən hazırlanmışdır və
malların beynəlxalq və daxili tranzit xüsusi
gömrük prosedurları altında
yerləşdirilərək daşınması
qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalar
beynəlxalq uçuşları həyata keçirən hava
nəqliyyatının Azərbaycan Respublikasının
gömrük ərazisinə (bundan sonra - gömrük
ərazisi) məcburi (texniki) enmə hallarına (malların
hava nəqliyyatına yüklənilməsi, oradan
boşaldılması və bununla əlaqədar digər
yük əməliyyatlarının aparılmaması
şərtilə) şamil edilmir.
1.3. Malların
beynəlxalq poçt göndərişləri, boru
kəmərləri və elektrikötürücü
xətlər vasitəsilə tranziti Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla,
bu Qaydalara uyğun olaraq həyata keçirilir.
1.4. Gömrük orqanları
Gömrük Məcəlləsinin 13.2-ci maddəsində
əks olunan məqsədlər üçün gömrük
sərhədindən keçirilən malların tranziti
ilə bağlı əldə edilən məlumatların
öz aralarında və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 7 may tarixli 95 nömrəli qərarı
ilə təsdiq edilmiş “Gömrük sərhədindən
keçirilən malların və nəqliyyat
vasitələrinin gömrük ərazisinə daxil olması,
çıxması və tranziti ilə bağlı
əldə edilən məlumatların başqa
ölkələrin gömrük və digər
səlahiyyətli dövlət orqanları ilə
mübadiləsi Qaydaları”na uyğun olaraq başqa
ölkələrin gömrük və digər
səlahiyyətli dövlət orqanları ilə
mübadiləsini həyata keçirirlər.
1.5. Daxili tranzit
xüsusi gömrük proseduru üçün bəyan
edilən daxili mallar və nəqliyyat vasitələri
müvafiq gömrük bəyannaməsi gömrük orqanı
tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq,
gömrük ərazisindən aparılana, dövlətin
xeyrinə imtina və ya məhv edilənə, yaxud
gömrük bəyannaməsinin Gömrük
Məcəlləsinin 154-cü maddəsinə uyğun olaraq
ləğvinədək gömrük nəzarəti altında
olurlar.
1.6. Dəniz, çay
və hava gəmiləri gömrük ərazisində daxil
olduqları, yaxud yola düşdükləri su və hava
limanında bəyan edilir.
2. Əsas
anlayışlar
2.1. Bu Qaydaların
məqsədləri üçün istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
2.1.1. göndərən gömrük orqanı - tranzit
xüsusi gömrük prosedurunun başlandığı
gömrük orqanı;
2.1.2. təyinat gömrük orqanı - tranzit xüsusi
gömrük prosedurunun başa çatdığı
gömrük orqanı;
2.1.3. tranzit - malların gömrük nəzarəti
altında bir gömrük orqanından digər gömrük
orqanına daşınmasından ibarət xüsusi
gömrük proseduru.
3. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallara dair tələblər
3.1. Tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallara
olan tələblər aşağıdakılardır:
3.1.1. təbii
aşınma nəticəsində dəyişikliklər
və ya təbii itki halları istisna olmaqla,
dəyişilməz vəziyyətdə qalmalıdır;
3.1.2. göndərən
gömrük orqanı tərəfindən müəyyən
edilən marşrutla və müddətdə təyinat
gömrük orqanına çatdırılmalıdır.
4.
Beynəlxalq tranzit xüsusi gömrük proseduru
4.1. Beynəlxalq tranzit
xüsusi gömrük proseduru xarici malların gömrük
rüsumları, əlavə dəyər vergisi və
aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq
edilmədən, gömrük nəzarəti altında bir
yerdən başqa yerə daşınmasıdır.
4.2. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınması
aşağıdakı qaydada həyata keçirilir:
4.2.1. malların
daşınması gömrük ərazisindən kənarda
başlanır, yaxud başa çatır;
4.2.2. malların
daşınması gömrük ərazisinin iki
məntəqəsi arasında gömrük ərazisindən
kənar ərazidən keçməklə baş verir.
4.3. Bu Qaydaların 4.1-ci
bəndində qeyd edilən daşınma aşağıda
göstərilənlər əsasında həyata
keçirilir:
4.3.1. beynəlxalq tranzit
xüsusi gömrük proseduru;
4.3.2. beynəlxalq
gömrük tranziti üzrə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr;
4.3.3. mallar
Ümumdünya Poçt İttifaqının Aktları
əsasında hüquqlara malik olan və öhdəliklər
daşıyan subyektlər (poçt rabitəsi operatorları)
və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin
daşınmasında vasitəçilik edən
şəxslər tərəfindən
daşındığı halda, bu Aktlara müvafiq olaraq
beynəlxalq poçt göndərişlərinin
mübadiləsi sistemi.
5.
Beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilən malların
rəsmiləşdirilməsi
5.1. Beynəlxalq tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilən mallara dair gömrük
bəyannaməsi həmin mallar gömrük ərazisinə
gətirilən yerdəki gömrük orqanına təqdim
edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq
verilməlidir. Göstərilən müddət bəyannaməçi
tərəfindən müvafiq sənədlərin və
məlumatların toplanması üçün kifayət
etmədikdə, onun əsaslandırılmış müraciəti
əsasında gömrük orqanı həmin müddəti
uzadır. Gömrük bəyannaməsinin təqdim
edilməsi müddətinin uzadılmasına malların
müvəqqəti saxlanc xüsusi gömrük proseduru
altında qalma müddəti çərçivəsində
yol verilir.
5.2. Gömrük
orqanları tələb etdikləri məlumatların
ətraflı qeyd olunduğu və malların
daşınması zamanı istifadə olunan Azərbaycan
Respublikasının qanunvericiliyində, habelə
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş
istənilən kommersiya və ya nəqliyyat sənədini
gömrük bəyannaməsi kimi qəbul edir.
5.3. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınmasına icazənin
alınması üçün şəxs Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228
nömrəli qərarı ilə təsdiq edilmiş
“Ayrı-ayrı gömrük əməliyyatı və ya
gömrük proseduru ilə bağlı gömrük
orqanının icazəsinin verilməsi Qaydaları”na
müvafiq olaraq gömrük orqanına Gömrük
Məcəlləsinin 146.3-cü maddəsinə əsasən
müəyyən edilən sənədlərlə birlikdə
müraciət edir və icazə dərhal müvafiq qeydiyyat
aparılmaqla verilir.
5.4. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilməsi üçün icazənin
verilməsindən aşağıdakı hallarda imtina edilir:
5.4.1. malların
gömrük ərazisinə gətirilməsi və ya bu
ərazidən aparılması Gömrük
Məcəlləsinin 214-cü və 215-ci
maddələrinə əsasən qadağan edildikdə və
ya məhdudlaşdırıldıqda;
5.4.2. icazənin
verilməsi üçün təqdim edilmiş
sənədlərdə yanlış məlumatlar olduqda.
5.5. İcazənin
verilməsindən imtina barədə qərar, imtinanın
əsasları göstərilməklə şəxsə
dərhal kağız üzərində yazılı və ya
onun arzusu ilə elektron formada verilir.
5.6. Şəxs
icazənin verilməsindən imtinaya əsas olmuş
halları aradan qaldırdıqdan sonra icazə almaq
üçün bu Qaydalara uyğun olaraq yenidən
gömrük orqanına müraciət edə bilər.
5.7. Malların dərhal
digər gömrük proseduru altında
yerləşdirilməsi halları istisna olmaqla, beynəlxalq
tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar icazənin ləğv edildiyi
gündən müvəqqəti saxlanc xüsusi gömrük
proseduru altında yerləşdirilmiş hesab olunur.
5.8. Malların
beynəlxalq tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilməsi üçün təqdim edilən
sənədlərin surətləri 3 il müddətində gömrük
orqanlarında saxlanılır.
5.9. Beynəlxalq tranzit
xüsusi gömrük proseduru göndərən gömrük
orqanına və təyinat gömrük orqanına təqdim
olunan məlumatların gömrük orqanları
tərəfindən müqayisəsi əsasında onun
düzgün yerinə yetirildiyi müəyyən edildikdən
sonra başa çatır. Gömrük proseduru başa
çatmadıqda, gömrük orqanları müvafiq mallarla
bağlı vəziyyətin tənzimlənməsi
üçün bütün lazımi tədbirləri
həyata keçirirlər.
6. Daxili
malların beynəlxalq tranzit xüsusi gömrük proseduru
altında yerləşdirilməsi halları və
şərtləri
6.1. Daxili mallar
aşağıdakı hallarda beynəlxalq tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilir:
6.1.1. mallar gömrük
ərazisinin iki məntəqəsi arasında gömrük
ərazisindən kənar ərazidən keçməklə
daşındıqda;
6.1.2. mallar gömrük
ərazisinin iki məntəqəsi arasında gömrük
ərazisindən kənar ərazidən keçməklə
daşınaraq üçüncü ölkəyə
aparıldıqda.
6.2. Daxili mallar
aşağıdakı şərtlərlə beynəlxalq
tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilir:
6.2.1. malların
gömrük rəsmiləşdirilməsi bu Qaydaların
5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata
keçirildikdə;
6.2.2. malların statusu
dəyişdirilmədən gömrük ərazisinin bir
yerindən digər yerinə daşındıqda.
7. Daxili
tranzit xüsusi gömrük proseduru
7.1. Daxili tranzit xüsusi gömrük
proseduru daxili malların statusunu dəyişmədən
gömrük ərazisinin bir yerindən başqa yerinə (o
cümlədən xarici ölkənin ərazisindən
keçməklə) daşınmasıdır.[1]
7.2. Bu Qaydaların 7.1-ci
bəndində qeyd edilən daşınma poçt sistemi
daxilində daşınan mallara da şamil edilir.
7.3. Malların daxili
tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınması gömrük
orqanlarının icazəsi ilə həyata keçirilir.
7.4. Daxili tranzit
xüsusi gömrük proseduru üçün bəyan
edilən daxili mallar Gömrük Məcəlləsinin 83.2-ci
maddəsində nəzərdə tutulmuş müddət
ərzində gömrük nəzarəti altında olur.
7.5. Daxili tranzit
xüsusi gömrük proseduru göndərən gömrük
orqanına və təyinat gömrük orqanına təqdim
olunan məlumatların gömrük orqanları
tərəfindən müqayisəsi əsasında onun
düzgün yerinə yetirildiyi müəyyən edildikdən
sonra başa çatır. Gömrük proseduru başa
çatmadıqda, gömrük orqanları müvafiq mallarla
bağlı vəziyyətin tənzimlənməsi
üçün bütün lazımi tədbirləri
həyata keçirirlər.
8. Daxili
tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların gömrük
rəsmiləşdirilməsi
8.1. Daxili tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilən mallara dair gömrük
bəyannaməsi həmin mallar təyinat gömrük
orqanına təqdim edildiyi tarixdən 15 (on beş)
gündən gec olmayaraq verilməlidir. Göstərilən
müddət bəyannaməçi tərəfindən
müvafiq sənədlərin və məlumatların
toplanması üçün kifayət etmədikdə, onun
əsaslandırılmış müraciəti əsasında
gömrük orqanı həmin müddəti uzadır.
Gömrük bəyannaməsinin təqdim edilməsi
müddətinin uzadılmasına malların
müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında
qalma müddəti çərçivəsində yol verilir.
8.2. Daxili tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların gömrük
rəsmiləşdirilməsi bu Qaydaların
5.3-cü-5.6-cı bəndlərinə uyğun olaraq həyata
keçirilir.
9.
Göndərən gömrük orqanının
müəyyən etdiyi marşrutla və müddətdə
malların təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırılması
9.1. Malların tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınmasına icazə
almış şəxs həmin malları göndərən
gömrük orqanı tərəfindən müəyyən
edilmiş marşrutla və müddətdə təyinat
gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə çatdırmalıdır.
9.2. Təqdim edilmiş
nəqliyyat sənədlərində göstərilən
məlumatlar nəzərə alınmaqla, tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilmiş malların
təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırılması üçün marşrut
göndərən gömrük orqanı tərəfindən
müəyyən edilir.
9.3. Malların
təyinat gömrük orqanına və ya onlarla
razılaşdırılmış digər yerə
çatdırılması üçün marşrutu
müəyyən edən göndərən gömrük
orqanı nəqliyyat vasitələrinin növü və
imkanlarını, daşınma şərtlərini,
sürücünün iş rejimi və istirahət
vaxtını, habelə mallara dair səlahiyyətli
şəxsin, onun nümayəndəsinin və ya
daşıyıcının müraciətini nəzərə
almalıdır.
9.4. Marşrutun və
müddətin dəyişdirilməsi mallara dair
səlahiyyətli şəxsin, onun nümayəndəsinin
və ya daşıyıcının
əsaslandırılmış müraciətinə
əsasən göndərən gömrük orqanının,
malların daşınması zamanı isə həmin
ərazidə fəaliyyət göstərən digər
gömrük orqanının icazəsi ilə həyata
keçirilir.
9.5. Malların
daşınması zamanı marşrutun və müddətin
dəyişdirilməsinə icazə vermiş gömrük
orqanı bu barədə göndərən və təyinat gömrük
orqanlarını elektron informasiya sistemləri vasitəsilə
məlumatlandırır.
9.6. Fors-major halların
yaranması nəticəsində bu Qaydaların 9.1-ci bəndi
ilə müəyyən edilmiş öhdəlikləri
yerinə yetirə bilməyən şəxs və ya onun
maraqlarından çıxış edən şəxs bu
barədə gömrük orqanlarını
təxirəsalınmadan məlumatlandırmalıdır.
Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda,
gömrük orqanlarına onların dəqiq yeri barədə
məlumat verilməlidir.
9.7. Bu Qaydaların
9.6-cı bəndində qeyd olunan hallarda gömrük
orqanları nəqliyyat vasitəsində olan malların
başqa gömrük orqanına və ya
razılaşdırılmış digər yerə
çatdırılması üzrə tədbirləri
müəyyənləşdirirlər.
10. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların eyniləşdirilməsi
10.1. Gömrük
orqanları gömrük nəzarəti altında qalmaqla,
gömrük ərazisindən tranzitlə keçirilməsi
nəzərdə tutulan mallara Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253 nömrəli
qərarı ilə təsdiq edilmiş “Mallara gömrük
təminatının vurulması Qaydaları”na uyğun olaraq
gömrük təminatının vurulmasını həyata
keçirirlər.
10.2. Fors-major
hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini
təmin etmək məqsədləri istisna olmaqla, onlara
tətbiq edilmiş eyniləşdirmə vasitələrinin
götürülməsini və ya məhv edilməsini
yalnız gömrük orqanları, gömrük orqanları
tərəfindən səlahiyyət verildiyi hallarda isə
səlahiyyətli iqtisadi operatorlar həyata keçirə
bilərlər.
10.3.
Eyniləşdirmə vasitələri fors-major hallarında
götürüldükdə və ya məhv edildikdə,
dərhal gömrük orqanlarına məlumat verilməli
və göstərilən halların mövcudluğunu
sübut edən dəlillər təqdim olunmalıdır.
10.4. Gömrük
orqanları malların eyniləşdirilməsinə və
digər tələblərin yerinə yetirilməsinə
əmin olduqda, tranzit xüsusi gömrük proseduru altında
yerləşdirilmiş malların digər gömrük
proseduru altında yerləşdirilmiş mallarla birlikdə
gömrük orqanının nəzarəti altında bir
nəqliyyat vasitəsində daşınmasına icazə
verirlər.
11. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınan malların digər
gömrük proseduru altında yerləşdirilməsi
11.1. Tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilərək daşınan
mallar digər gömrük proseduru altında
yerləşdirilə bilər.
11.2. Tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilərək
daşınan malların digər gömrük proseduru
altında yerləşdirilməsi zamanı həmin mallar
bəyan edilməli və müvafiq gömrük proseduru
üçün müəyyən edilmiş
şərtlərə əməl olunmalıdır.
11.3. Malların digər
gömrük proseduru altında yerləşdirilməsini
rəsmiləşdirən gömrük orqanı bu
barədə göndərən və təyinat gömrük
orqanlarına məlumat verir.
11.4. Tranzit xüsusi
gömrük proseduru altında yerləşdirilmiş
malların bir hissəsi digər gömrük proseduru
altında yerləşdirildikdə, həmin mallar
üzərində bu Qaydaların 12-ci hissəsinə uyğun
olaraq yük əməliyyatları aparılır.
12. Tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar üzərində həyata
keçirilən yük əməliyyatları
12.1. Gömrük
ərazisindən malları tranzit daşıyan nəqliyyat
vasitələrinə əlavə malların
yüklənməsinə, malların nəqliyyat
vasitəsindən boşaldılmasına və ya malları
daşıyan nəqliyyat vasitəsinin
dəyişdirilməsinə yol verilir. Tranzit xüsusi
gömrük proseduru altında daşınan malların bir
hissəsi digər gömrük proseduru altında
yerləşdirildikdə, həmin mallar nəqliyyat
vasitəsindən qismən boşaldılır.
12.2. Gömrük
ərazisi ilə tranzit daşınan mallar üzərində
yük əməliyyatları gömrük nəzarəti zonalarında
və ya gömrük orqanının müəyyən etdiyi
digər yerlərdə gömrük orqanının
vəzifəli şəxslərinin iştirakı ilə
həyata keçirilir. Yük əməliyyatları
aparıldıqda, tranzit daşınma müddəti belə
əməliyyatların aparılması üçün
zəruri olan vaxt nəzərə alınmaqla
müəyyən edilir.
12.3. Mallar
üzərində yük əməliyyatları
göndərən gömrük orqanı və ya
əməliyyatların aparıldığı ərazidə
fəaliyyət göstərən gömrük orqanı
tərəfindən verilən icazə əsasında
həyata keçirilir.
12.4. Malların bir
nəqliyyat vasitəsindən digər nəqliyyat
vasitəsinə yenidən yüklənməsinə icazə
həmin ərazidə fəaliyyət göstərən
gömrük orqanı tərəfindən verilir. Malların
yenidən yüklənməsinə icazə vermiş
gömrük orqanı göndərən gömrük
orqanına bu barədə məlumat verir. Yenidən
yüklənmiş mallar təyinat gömrük orqanına
gömrük nəzarəti altında
daşınmalıdır.
12.5. Malların
məhvi, itirilməsi və ya əhəmiyyətli
dərəcədə korlanması təhlükəsi varsa,
daşıyıcı və ya mallara dair səlahiyyətli
şəxs malların boşaldılması və ya
yenidən yüklənməsi üçün
tədbirlər həyata keçirir. Bu halda
daşıyıcı müvafiq akt tərtib edilməsi
üçün malların ən yaxın gömrük
orqanına daşınmasını və ya gömrük
orqanının vəzifəli şəxslərinin malların
olduğu yerə gətirilməsini təmin etməli və
malların qorunması məqsədi ilə tədbirlər
həyata keçirməyə məcbur olduğunu
əsaslandırmalıdır. Akt üç
nüsxədə tərtib edilir, aktın birinci nüsxəsi
onu tərtib edən gömrük orqanında saxlanılır,
ikinci nüsxəsi göndərən gömrük orqanına
göndərilir, üçüncü nüsxəsi isə
daşıyıcıya təqdim edilir.
12.6. Malların tranzit daşınması
zamanı yol nəqliyyat hadisəsi baş verdikdə, bu
Qaydaların 12.5-ci bəndinə uyğun olaraq akt tərtib
edilməsi üçün malların ən yaxın gömrük
orqanına daşınması və ya gömrük
orqanının vəzifəli şəxslərinin malların
olduğu yerə gətirilməsi təmin edilməlidir.
Malların təyinat gömrük orqanına sonrakı
daşınması gömrük nəzarəti altında
həyata keçirilir.
12.7.
Zədələnmiş qablaşdırmanın
düzəldilməsinə, qablaşdırmanın
açılmasına, qablaşdırmaya və ya yenidən
qablaşdırmaya zərurət yaranarsa, bu halda həmin
yük əməliyyatlarının aparılmasına icazə
həmin ərazidə fəaliyyət göstərən
ən yaxın gömrük orqanı tərəfindən
verilir.
13. Yekun
müddəalar
13.1. Beynəlxalq tranzit
xüsusi gömrük proseduru altında
yerləşdirilərək daşınan xarici mallar itirildiyi,
təyinat yerinə çatdırılmadığı
hallarda gömrük borcu hesablanarkən, onların müvafiq
gömrük proseduru altında yerləşdirilməsi
barədə gömrük orqanının qərarının
qəbul edildiyi gün qüvvədə olan gömrük
rüsumlarının və vergilərin
dərəcələri və “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununa əsasən
müəyyən edilən gömrük dəyəri əsas
götürülür.
13.2. Daşıyıcı
və onun nəqliyyat vasitələri Gömrük
Məcəlləsinin tələblərinə cavab
vermədikdə, malların daşınması gömrük
daşıyıcısı tərəfindən gömrük
müşayiəti (malların, nəqliyyat vasitələrinin
və onlara aid sənədlərin gömrük
orqanının vəzifəli şəxsi
tərəfindən müşayiəti) altında davam
etdirilir. Malların gömrük müşayiəti
altında daşınmasına görə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş məbləğdə
gömrük yığımları alınır. [2]
13.3. Xarici
dövlətlərin və beynəlxalq təşkilatların
rezidentlərin mənafeyinə zərər vuran
ayrı-seçkilik və digər iqtisadi siyasət
tədbirlərinə cavab kimi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti həmin
dövlətlərin və müvafiq beynəlxalq
təşkilatlara daxil olan dövlətlərin
mallarının gömrük ərazisindən beynəlxalq
tranzitinə qadağalar və məhdudiyyətlər
tətbiq edə bilər.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırıldıqdan sonra edilə bilər.[3]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 mart 2015-ci il tarixli 76 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 aprel
2015-ci il, ¹ 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə
453)
2. 01 may 2015-ci il tarixli 134 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
620)
3. 10 noyabr 2017-ci il tarixli 486 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il,
¹ 250,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
11, maddə 2150)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
10 noyabr 2017-ci il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 noyabr 2017-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹ 11, maddə 2150) ilə “Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük
prosedurları altında yerləşdirilərək
daşınması Qaydaları”nın 7.1-ci bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7.1. Daxili
tranzit xüsusi gömrük proseduru gömrük
ərazisindən aparılması məqsədi ilə
bəyan edilən daxili malların, onların statusunu
dəyişdirmədən bir gömrük orqanından
digər gömrük orqanına daşınmasıdır.
[2] 13 mart 2015-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 10 aprel 2015-ci il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, ¹ 4, maddə 453)
ilə “Malların beynəlxalq və daxili tranzit xüsusi
gömrük prosedurları altında
yerləşdirilərək daşınması
Qaydaları”nın 13.2-ci bəndinin birinci cümləsi
çıxarılmışdır.
[3] 01 may 2015-ci il tarixli 134 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
620) ilə “Malların
beynəlxalq və daxili tranzit xüsusi gömrük
prosedurları altında yerləşdirilərək
daşınması Qaydaları”nın sonuna yeni məzmunda
“Qeyd” əlavə edilmişdir.