AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

29.08.2013

Qeydiyyat nömrəsi

11-N

Adı

“Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

03.09.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

030.090.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201308291011

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

02.09.2013

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya[1]

 

QƏRARA ALIR:

 

1. “Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

 

ədliyyə naziri

 

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 29 avqust tarixli 11-N nömrəli Qərarı ilə

təsdiq edilmişdir

 

Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət istifadəçinin qeydiyyat orqanına getmədən ölümün dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci və 193-195-ci maddələri;

- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının 2-ci hissəsinin 4-cü abzası;

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.5-ci bəndi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi; [2]

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.4-cü bəndi və 8-ci hissəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.9-cu bəndi. [3]

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 1 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı aparılır və bu barədə şəhadətnaməni götürmək üçün istifadəçi qeydiyyat orqanına dəvət olunur.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az; http://exidmet.justice.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az ; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün istifadəçi tərəfindən elektron qaydada doldurulan ərizəyə ölən şəxsə aid aşağıdakılar əlavə olunur:

1. Azərbaycan Respublikasının vətəndaşı olduqda, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda isə şəxsiyyət təsdiq edən sənədin nömrəsi;

1.1. yetkinlik yaşına çatmamışsa doğum haqqında şəhadətnamənin seriya və nömrəsi;

1.2. hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi biletin skan edilmiş surəti

2. Ölüm haqqında həkim arayışı və ya feldşer arayışının (həkim şəhadətnaməsi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi) skan edilmiş surəti;

Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı məhkəmə qətnaməsi əsasında aparıldıqda yalnız məhkəmə qətnaməsinin skan edilmiş surəti tələb olunur. Qətnamə ilə ölən şəxsin eyniləşdirilməsi mümkün olmadıqda bu reqlamentin 2.6.1-ci yarımbəndinin 1-3-cü abzaslarında nəzərdə tutulmuş sənədlər təqdim edilir.

İstifadəçi qeydiyyat orqanına gəldikdə bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən sənədlərin əslini təqdim etməlidir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnteraktiv növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

İstifadəçi bu reqlamentin 2.6.1-ci yarımbəndində qeyd olunanlar əsasında ölümün dövlət qeydiyyatı üçün elektron ərizə formasına müvafiq məlumatları əlavə edərək elektron xidmətin təqdim edildiyi internet ünvanına göndərir.

3.2.1. Sorğunun formalaşdırılması: İnformasiya sisteminin müvafiq pəncərəsində istifadəçi qeydiyyat orqanını seçir, ölən şəxs haqqında aşağıda qeyd olunan məlumatları, həmçinin öz adı, soyadı, atasının adını və elektron poçt ünvanını daxil edərək sorğunu formalaşdırır.

Ölən şəxs haqqında tələb olunan məlumatlar: şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (seriya və nömrə daxil edildikdə avtomatik olaraq ad, soyad, ata adı, doğum tarixi və yeri haqqında məlumatlar daxil olur), milliyyəti, ailə vəziyyəti, təhsili, iş yeri, vəzifəsi, öldüyü tarix və yer, ölümün səbəbi, ölüm faktını təsdiq edən sənədin nömrəsi, tarixi və verən orqanın adı.

3.2.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində tələb olunan məlumatları daxil edərək elektron xidmətdən istifadə edir.

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

İstifadəçi elektron xidmət vasitəsilə aidiyyəti qeydiyyat orqanını seçərək, elektron qaydada ərizə formasını doldurduqdan və 2.6-cı bənddə göstərilənləri göndərdikdən sonra qeydiyyat orqanı tərəfindən ölümün dövlət qeydiyyatı aparılır.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

– Ərizə və müvafiq sənədlər qeydiyyat orqanı tərəfindən qəbul edilir;

– Məlumatlar və sənədlər yoxlanılır;

– Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə (bundan sonra - şəhadətnamə) hazırlanaraq onun təqdim edilməsi üçün ölən şəxsin yaxın qohumu qeydiyyat orqanına dəvət olunur.

Elektron xidmətin icrasına görə aidiyyəti qeydiyyat orqanı məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

– Qeydiyyat orqanının məsul şəxsi sənədləri və elektron ərizə formasını qəbul edir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması qeydiyyat orqanının məsul şəxsi tərəfindən yoxlanılır;

– Şəhadətnamə hazırlanaraq verilmə vaxtı və yeri barədə elektron poçt ünvanı vasitəsilə istifadəçiyə məlumat verilir.

İnzibati əməliyyatlar qeydiyyat orqanı tərəfindən 1 iş günü müddətində icra edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumları haqqında məlumat: [4]

Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

– Sənədlər və elektron ərizə forması qəbul edilərək, çap edilir;

– Məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra şəhadətnamə hazırlanması üçün təqdim edilir;

– Ölmüş şəxsin yaxın qohumu müvafiq qeydiyyat orqanına gələrək şəhadətnaməni əldə edir. Bu halda o reqlamentin 2.6.1-ci yarımbəndində göstərilən və ölən şəxslə qohumluq əlaqələrini təsdiq edən sənədlərin (müvafiq olaraq şəxsiyyət vəsiqəsi, doğum və ya nikah haqqında şəhadətnamələr) əslini təqdim etməlidir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Elektron xidmətin göstərilməsinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuliyyət daşıyır.

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətə baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”inin 1.3-cü bəndinin beşinci abzasında Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[3] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”inin 1.3-cü bəndin yeddinci abzasında Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[4] 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710310020, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 noyabr 2017-ci il) ilə “Ölüm haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”inin 3.4.3.-cü yarımbəndində dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilmişdir.