“Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli
Fərmanının 1.1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Malların xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur
Rasi-zadə
Bakı şəhəri, 6 fevral
2014-cü il
№ 34
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 200.5-ci maddəsinin tələblərinə
uyğun olaraq hazırlanmışdır və malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata keçirilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. emal əməliyyatları — quraşdırılma, yığılma və
başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı
və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri,
emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və
ya qismən istifadə olunması;
2.1.2. emal məhsulları — emal xüsusi gömrük proseduru
altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.3. istehsalat itkiləri — emal məhsulunun istehsalı
prosesində əmələ gələn və həmişəlik itirilən materiallar;
2.1.4. istehsalat tullantıları — istehsal, yaxud işlərin
(xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak
xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə,
yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti
olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil
olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
2.1.5. mal qalıqları — emal məhsulunun hazırlanması üçün
gömrük ərazisindən kənara aparılmış daxili malların istifadə olunmamış hissəsi;
2.1.6. xaricdə emal — gömrük ərazisində sərbəst
dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların
gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından
və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından
ibarət xüsusi gömrük proseduru.
3. Malların xaricdə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi
3.1. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac
edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində
göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və
ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.
3.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə
verilmir:
3.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin
geri qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan
azad olunması ilə nəticələnə biləcək mallar;
3.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar
istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından
və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış
mallar;
3.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin
geri qaytarılması ilə nəticələnən mallar.
3.3. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin
yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə
formalarına məruz qala bilərlər.
3.4. Xaricdə emal prosedurunda ekvivalent mallar bu
prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici
mallardan ibarətdir.
3.5. Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud
onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etdirmək məqsədi
ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük
ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
3.6. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş daxili mallara, habelə təkrar idxal olunan emal məhsullarına və
istehsalat tullantılarına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq ticarət siyasəti tədbirləri tətbiq edilmir.
3.7. İstehsalat tullantıları və mal qalıqları ixrac
gömrük proseduru altında yerləşdirilməlidir və ya təkrar idxal olunaraq sərbəst
dövriyyəyə buraxılmalıdır.
3.8. İstehsalat itkiləri gömrük nəzarəti altında
qalmaqla, onların gömrük rəsmiləşdirilməsi aparılmır.
4. Malların eyniləşdirilməsi
4.1. Xaricdə emal prosedurundan yalnız o halda istifadə
etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq xaricdə
emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək
mümkün olsun. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallar Gömrük Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq ekvivalent mallarla
əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata
keçirilmir.
4.2. Emal məhsulunda daxili malların mövcudluğunu
müəyyənləşdirmək məqsədi ilə gömrük orqanları Gömrük Məcəlləsinin 87.2-ci
maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə, malların
eyniləşdirilməsi tədbirlərini həyata keçirirlər.
4.3. Emal məhsullarında daxili malların eyniləşdirilməsi
tədbirləri gömrük orqanı tərəfindən malların xüsusiyyətləri və emal
əməliyyatları nəzərə alınaraq müəyyən edilir.
5. Malların xaricdə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsinə icazənin verilməsi
5.1. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsinə icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
5.1.1. gömrük orqanının xaricdə emal xüsusi gömrük
proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;
5.1.2. icazənin verilməsi yerli istehsalçıların mühüm
maraqlarına mənfi təsir göstərmədikdə.
5.2. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsinə icazə aşağıdakı şəxslərə verilir:
5.2.1. rezidentlərə;
5.2.2. gömrük əməliyyatlarının qanunvericiliyin
tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun
yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;
5.2.3. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal
qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində
ölkəyə təkrar idxal edən “Yerin təki haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların
çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə.[1]
5.3. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət
edilir. Ərizədə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da
göstərilir:
5.3.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.2. daxili malların və emal məhsullarının adları,
xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də
göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.3. mövcud olduqda istehsalat tullantılarının adları,
XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə
dəyəri;
5.3.4. daxili malların ekvivalent mallarla əvəzlənməsi
nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə kodları, XİFMN-də
göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.5. emal əməliyyatları barədə məlumat (texnologiya,
müddət və s.);
5.3.6. xaricdə emal xüsusi gömrük proseduru üzrə yerinə
yetirilən əməliyyatların hasilat norması;
5.3.7. eyniləşdirmə tədbirləri barədə məlumat;
5.3.8. daxili malların ekvivalent mallarla əvəz edilməsi
barədə məlumat.
5.4. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
5.4.1. daxili malların emal edilməsinə dair bağlanılmış
müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş
alqı-satqı müqaviləsi;
5.4.2. təmir məqsədi ilə xaricdə emal xüsusi gömrük
proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit edən sənəd;
5.4.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi
şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın)
və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
5.4.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda,
vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
5.4.5. gömrük əməliyyatlarının qanunvericiliyin
tələblərinə uyğun aparılacağına dair zəmanət;
5.4.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi
hallarda onun ödənilməsinə dair təminat.
5.4-1. Malların xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilməsinə icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət
orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya
məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı
hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq
dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin
edilir.[2]
5.5. Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 2 (iki) iş günü müddətində baxılır. Bu
Qaydaların 5.6-cı bəndində göstərilən hallar mövcud olmadıqda, malların xaricdə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və
ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (bu Qaydaların 5.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat
verilir. Çatışmazlıqlar aradan qaldırıldıqda, müraciətə 1 (bir) iş günü
müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir. [3]
5.6. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı hallarda imtina
edilir:
5.6.1. malların gömrük ərazisinə gətirilməsi Gömrük
Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan edildikdə və ya
məhdudlaşdırıldıqda;
5.6.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə
yanlış məlumatlar olduqda;
5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə
tutulan şərtlərə riayət edilmədikdə.
5.7. İcazənin verilməsindən imtina edildiyi halda
imtinanın əsasları göstərilməklə, ərizəçiyə bu barədə yazılı məlumat verilir.
5.8. İcazənin verilməsindən imtinaya əsas olmuş hallar
aradan qaldırıldıqdan sonra icazə almaq üçün bu Qaydalara uyğun olaraq yenidən
gömrük orqanına müraciət edilə bilər.
5.9. İcazənin alınması üçün təqdim edilmiş məlumatlarda
və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu barədə gömrük orqanına
məlumat verir.
5.10. Malların xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən aşağıdakı hallarda
ləğv edilir:
5.10.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim
edildikdə;
5.10.2. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki
şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda;
5.10.3. icazənin verilməsi üçün əsas olmuş şərtlərə
riayət edilmədikdə;
5.10.4. məhkəmənin müvafiq qərarı olduqda;
5.10.5. bu Qaydaların 6.5-ci bəndində nəzərdə tutulmuş
halda.
5.11. İcazə sahibi icazənin ləğv edilməsi barədə dərhal
kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır.
5.12. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən ixrac gömrük proseduru
altında yerləşdirilmiş hesab olunur.
5.13. Xaricdə emal xüsusi gömrük proseduruna icazə sahibi
icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə
bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.
6. Hüquqların və öhdəliklərin digər şəxslərə
verilməsi
6.1. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri
həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə
verilə bilər.
6.2. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük proseduru
üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi məqsədi ilə
prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.
6.3. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul edən şəxsin müvafiq
gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edəcəyinə zəmanət təqdim
edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu Qaydaların 5-ci hissəsinə
uyğun olaraq icazə verilir.
6.4. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu prosedur altında
yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da digər şəxslərə
ötürülə bilər.
6.5. Xaricdə emal xüsusi gömrük proseduruna dair hüquq və
öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv
edilir.
6.6. Xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin digər şəxsə ötürülməsi
həmin prosedur üçün müəyyən edilmiş müddətin axımına təsir etmir.
7. Xaricdə emal xüsusi gömrük prosedurunun
başa çatması müddəti
7.1. Xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması
müddəti 2 (iki) ildən artıq olmamalıdır.
7.2. Gömrük orqanı xaricdə emal xüsusi gömrük
prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının
aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir.
7.3. Xaricdə emal xüsusi gömrük prosedurunun müddəti
malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının,
habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.
Mallar partiyalarla aparıldıqda, bu müddət birinci partiyanın həmin prosedur
altında yerləşdirildiyi gündən hesablanır.
7.4. Xaricdə emal xüsusi gömrük prosedurunun başlama və
sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük
orqanlarının verdiyi icazədə göstərilir.
7.5. Müəyyən edilən müddətdə mallar idxal edildikdə,
həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad
olunur.
7.6. İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda,
gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1
(bir) ilədək uzadılması barədə qərar qəbul edir.
7.7. İcazə sahibi icazənin müddətinin uzadılması üçün
prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük
orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş
müraciətlərə baxılmır.
7.8. Xaricdə emal xüsusi gömrük proseduru Gömrük
Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır.
7.9. Emal məhsullarının gömrük ərazisinə idxal edilməsi
zamanı şəxs tərəfindən mallar xaricdə emal xüsusi gömrük prosedurunu
rəsmiləşdirmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edə bilər.
8. Gömrük ərazisindən kənarda həyata
keçirilmiş emal əməliyyatlarına çəkilən xərclərin hesablanması
8.1. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan və
advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və
vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal
əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır.
8.2. Gömrük ərazisindən kənarda həyata keçirilmiş emal
əməliyyatlarına çəkilən xərclər gömrük orqanları tərəfindən bu xərclərə dair
təsdiqedici sənədlər əsasında hesablanır.
8.3. Gömrük ərazisindən kənarda həyata keçirilmiş emal
əməliyyatlarına çəkilən xərcləri bu Qaydaların 8.2-ci bəndində göstərilən
qaydada hesablamaq mümkün olmadıqda, həmin xərclər emal məhsullarının gömrük
dəyəri ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş daxili
malların gömrük dəyəri arasında olan fərq əsasında müəyyən olunur.
9. Təkrar idxal edilən malların idxal gömrük
rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunması
9.1. Aşağıdakı hallarda xaricdə emal edilərək gömrük
ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad
olunur:
9.1.1. malların müqavilədən irəli gələn zəmanət
öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük
ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq
edildikdə;
9.1.2. qüsurlu daxili malların təmiri ilə əlaqədar
standart mübadilə sistemindən istifadəyə icazə verildikdə;
9.1.3. xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük
ərazisinə qaytarıldıqda.
9.2. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan
hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük
rüsumlarından və vergilərdən qismən azad olunur.
9.3. Bu Qaydaların 9.2-ci bəndində göstərilən mallar
barəsində gömrük rüsumlarının və əlavə dəyər vergisinin məbləğləri aşağıdakı
qaydada hesablanır:
9.3.1. advalor gömrük rüsumunun məbləği bu Qaydaların
8-ci hissəsinə müvafiq olaraq hesablanmış emal əməliyyatlarına çəkilən xərclərə
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük
rüsumlarının dərəcələrinin tətbiqi ilə;
9.3.2. spesifik gömrük rüsumunun məbləği emal məhsulu
barəsində hesablanan idxal gömrük rüsumunun məbləği ilə xaricdə emal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallar barəsində şərti olaraq
hesablanan idxal gömrük rüsumunun məbləği arasındakı fərq müəyyən olunmaqla;
9.3.3. əlavə dəyər vergisinin məbləği bu Qaydaların 8-ci
hissəsinə müvafiq olaraq hesablanmış emal əməliyyatlarına çəkilən xərclərin,
gömrük rüsumunun və aksiz vergisinin (Azərbaycan Respublikasının Vergi
Məcəlləsinin 190.1-ci maddəsində nəzərdə tutulduğu hallarda) məbləğlərinin
cəminə Azərbaycan Respublikasının Vergi Məcəlləsində əlavə dəyər vergisi üçün
müəyyən edilən vergi dərəcəsinin tətbiqi ilə.
9.4. Bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar
istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər.
10. Xaricdə emal xüsusi gömrük proseduru
altında yerləşdirilmiş malların ixracı zamanı gömrük ödənişləri
10.1. İxrac zamanı gömrük rüsumlarının və vergilərin
ödənilməsi nəzərdə tutulan mallar xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirildikdə, Gömrük Məcəlləsinin 253.1-ci maddəsinə əsasən həmin mallara
dair ixrac gömrük rüsumları və vergiləri miqdarında təminat alınır.
10.2. Daxili mallardan əldə edilən emal məhsulları təkrar
idxal olunduqda, bu Qaydaların 10.1-ci bəndinə əsasən müəyyən olunan təminat
şəxsə geri qaytarılır.
10.3. Xaricdə emal xüsusi gömrük proseduru üçün verilmiş
icazənin qüvvədə olma müddəti bitənədək daxili mallar, emal məhsulları və
istehsalat tullantıları təkrar idxal olunmadıqda, həmçinin icazənin ləğv
edilməsi haqqında qərar qəbul edildikdə, bu Qaydaların 10.1-ci bəndinə əsasən
müəyyən olunan təminat geri qaytarılmır.
11. Standart mübadilə sistemi
11.1. Standart mübadilə sistemi çərçivəsində idxal
edilmiş məhsul (əvəzləyici məhsul) bu Qaydaların 11.2-ci-11.5-ci bəndlərinə
müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.
11.2. Gömrük orqanları standart mübadilə sistemindən
istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar
olduğu hallarda icazə verirlər.
11.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu
mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.
11.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadə
olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.
11.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər,
müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material
qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim edilmişdirsə, gömrük orqanları bu Qaydaların 11.4-cü
bəndində qeyd olunan tələbdən imtina edirlər.[4]
11.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə
tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.
12. Qüsurlu malların ixrac edilməsindən əvvəl
əvəzləyici məhsulların idxal edilməsinə icazə verilməsi
12.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl
əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, bu
Qaydaların 5.1-ci, 5.2-ci, 5.6-cı-5.11-ci bəndlərinin tələblərinə uyğun olaraq
icazə verilir. Bu halda şəxsdən bu Qaydaların 12.4-cü bəndində göstərilən
miqdarda təminat alınır.
12.2. Qüsurlu malların ixrac edilməsindən əvvəl
əvəzləyici məhsulların idxal edilməsi üçün Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə
müraciət edilir. Ərizədə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da
göstərilir:
12.2.1. ərizəçi hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN);
12.2.2. malların adı, xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası (XİFMN) üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı,
ABŞ dolları ilə dəyəri;
12.2.3. qüsurlu daxili malların təmiri ilə əlaqədar emal
əməliyyatları barədə məlumat (texnologiya, müddət və s.);
12.2.4. əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu
mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi
fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olması barədə
məlumat.
12.3. Ərizə ilə birlikdə aşağıdakılar da təqdim edilir:
12.3.1. malların qüsurlu olmasını təsbit edən sənəd;
12.3.2. qarantiya müddəti müəyyənləşdirilmiş mallara dair
bağlanılmış müqavilə;
12.3.3. fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi
şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən
çıxarışın) və nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
12.3.4. ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda,
vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
12.3.5. gömrük əməliyyatlarının qanunvericiliyin
tələblərinə uyğun aparılacağına dair zəmanət;
12.3.6. gömrük borcunun yarandığı və ya yarana biləcəyi
hallarda onun ödənilməsinə dair təminat.
12.3.-1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici
məhsulların idxal edilməsinə icazə verilməsi üçün zəruri olan sənədlərin və ya
məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət
orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya
məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı
hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq
dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin
edilir.
12.4. Bu Qaydaların 12.1-ci bəndində nəzərdə tutulan
təminatın miqdarı qüsurlu məhsullar bu Qaydaların 12.5-ci bəndinə müvafiq
olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və
vergilərin məbləğini əhatə etməlidir.
12.5. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst
dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən
təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.
12.6. Qüsurlu məhsullar bu Qaydaların 12.5-ci bəndində
göstərilmiş müddətdə üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük
orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək
artırırlar.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırıldıqdan sonra edilə bilər.[5]
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 mart 2015-ci il
tarixli 77 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 4, maddə 454)
2. 01 may 2015-ci il
tarixli 132 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 618)
3.
17 may 2018-ci il tarixli 222 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1130)
4.
12 oktyabr 2021-ci il tarixli 305 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 15 oktyabr 2021-ci il, № 222, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1174)
5.
12 mart 2024-cü il
tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
13 mart 2024-cü il, “Xalq”
qəzeti, 16 mart 2024-cü
il, № 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)
6.
22 may 2024-cü il tarixli
275 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may
2024-cü il, “Xalq” qəzeti,
26 may 2024-cü il, №
110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 12 oktyabr 2021-ci il tarixli 305 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 oktyabr 2021-ci il, №
222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə
1174) ilə “Malların xaricdə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.2.2-ci
yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir
və yeni məzmunda 5.2.3-cü yarımbənd əlavə edilmişdir.
[2] 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612) ilə “Malların xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları”na yeni məzmunda 5.4-1-ci və 12.3-1-ci bəndlər əlavə
edilmişdir.
[3] 13 mart 2015-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti,
10 aprel 2015-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4,
maddə 454) ilə “Malların
xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
5.5-ci bəndinin birinci cümləsində “3
(üç)” sözləri “2 (iki)” sözləri
ilə əvəz edilmişdir.
22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612) ilə “Malların xaricdə emal xüsusi gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndin üçüncü cümləsinə “çatışmazlıqlar”
sözündən sonra “(bu Qaydaların 5.4-1-ci bəndinin
tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.
[4] 17 may 2018-ci il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2018-ci il, № 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1130)
ilə “Malların
xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
11.5-ci bəndində “təmir” sözü “təqdim” sözü ilə əvəz edilmişdir.
[5] 01 may 2015-ci il
tarixli 132 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 618) ilə “Malların
xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.
12 mart 2024-cü il tarixli 137
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16
mart
2024-cü
il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 3, maddə 314) ilə “Malların
xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
“Qeyd” hissəsi ləğv edilmişdir.