“Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr
tarixli 499 nömrəli Fərmanının 1.1.25-ci yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 yanvar 2014-cü il
№ 4
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 197.5-ci
maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların daxildə emal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi gömrük orqanının icazəsi ilə həyata
keçirilir.
1.3. Daxildə emal xüsusi gömrük
prosedurundan Gömrük Məcəlləsinin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent
mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.
1.4. Gömrük orqanları Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli
qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları”na əsasən gömrük anbarında malların daxildə emal
xüsusi gömrük proseduru altında yerləşdirilərək, həmin prosedur üçün müəyyən
edilmiş şərtlərə uyğun olaraq emalına icazə verirlər.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. daxildə emal — müəyyən malların emal əməliyyatları aparıldıqdan
sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə
(bundan sonra — gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən
ibarət xüsusi gömrük proseduru;
2.1.2. ekvivalent mallar — daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirilmiş xarici malların əvəzinə emal olunan və əvəz etdikləri mallarla
eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası (bundan sonra — XİFMN) üzrə eynirəqəmli koda malik daxili
mallar;
2.1.3. emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara
uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar
emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal
prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya
qismən istifadə olunması;
2.1.4. emal məhsulları — emal xüsusi gömrük proseduru altında
yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;
2.1.5. istehsalat itkiləri — emal məhsulunun istehsalı prosesində əmələ
gələn və həmişəlik itirilən materiallar;
2.1.6. istehsalat tullantıları — istehsal, yaxud işlərin (xidmətlərin)
yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini
tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər
məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma
xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni
mənşəli əşya və maddələr;
2.1.7. mal qalıqları — emal məhsulunun hazırlanması üçün gömrük ərazisinə
gətirilmiş xarici malların istifadə olunmamış hissəsi.
3. Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
3.1. Daxildə emal proseduru altında
yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük
ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:
3.1.1. idxal gömrük rüsumları;
3.1.2. malların idxalı üzrə
qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;
3.1.3. ticarət siyasəti tədbirləri.
3.2. Aşağıda göstərilən mallar da
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:
3.2.1. sərbəst dövriyyə üçün buraxılış
gömrük prosedurunun texniki şərtlərinə uyğunluğun təmin edilməsi məqsədi ilə
emal əməliyyatlarına məruz qalmalı olan mallar;
3.2.2. Gömrük Məcəlləsinin 172-ci
maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.
3.3. Aşağıdakılar emal əməliyyatları
hesab edilmir:
3.3.1. heyvanlardan bala alınması,
heyvanların, quşların, balıqların, xərçəngkimilərin və molyuskaların
yetişdirilməsi və kökəldilməsi;
3.3.2. ağac və bitkilərin becərilməsi;
3.3.3. faydalı qazıntıların çıxarılması;
3.3.4. balıqların, xərçəngkimilərin
tutulması;
3.3.5. ov edilməsi;
3.3.6. göbələk və bitkilərin yığılması;
3.3.7. daşınma zamanı malların ilkin
vəziyyətdə qalmasının təmin edilməsi;
3.3.8. məlumatların, istənilən informasiya
daşıyıcılarında audioyazıların və videoyazıların surətlərinin köçürülməsi və
çoxaldılması;
3.3.9. bütün növ enerjilərin alınması;
3.3.10. texnoloji prosesdə xarici
mallardan köməkçi vasitələr (avadanlıq, dəzgahlar, qurğular və s.) kimi
istifadə edilməsi.
3.4. Emal nəticəsində əmələ gələn
istehsalat tullantıları (kommersiya məqsədləri üçün yararsız olduğu hallar
istisna olmaqla), habelə mal qalıqları təkrar ixrac bildirişi əsasında gömrük
ərazisindən aparılmalı və ya sərbəst dövriyyəyə buraxılmalıdır.
3.5. İstehsalat itkiləri gömrük nəzarəti
altında qalmaqla, onların gömrük rəsmiləşdirilməsi aparılmır.
3.6. Gömrük orqanları şəxsin müraciəti
əsasında qüsurlu xarici malların gömrük ərazisindən aparılması əvəzinə onların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verirlər.
4. Malların
eyniləşdirilməsi
4.1. Malların təmiri və məhv etmə
halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə
etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə
emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək
mümkün olsun. Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallar Gömrük Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq ekvivalent mallarla
əvəz edildikdə, əvəz edilmiş mallar barəsində eyniləşdirmə tədbirləri həyata
keçirilmir.
4.2. Emal məhsulunda xarici malların
mövcudluğunu müəyyənləşdirmək məqsədi ilə gömrük orqanları Gömrük Məcəlləsinin
87.2-ci maddəsində nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə, malların
eyniləşdirilməsi tədbirlərini həyata keçirirlər.
4.3. Emal məhsullarında xarici malların
eyniləşdirilməsi tədbirləri gömrük orqanı tərəfindən malların xüsusiyyətləri və
emal əməliyyatları nəzərə alınaraq müəyyən edilir.
5. Malların daxildə
emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi
5.1. Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsinə icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
5.1.1. gömrük orqanının daxildə emal
xüsusi gömrük proseduruna nəzarəti həyata keçirmək imkanı olduqda;
5.1.2. icazənin verilməsi yerli
istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.
5.2. Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsinə icazə aşağıdakı şəxslərə verilir:
5.2.1. gömrük əməliyyatlarının
qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və bu
Qaydaların 5.2-1-ci bəndi nəzərə alınmaqla gömrük borcunun yarandığı və yarana
biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə; [1]
5.2.2. daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallardan emal əməliyyatları aparan şəxsə.
5.2-1.
Gömrük orqanları malların daxildə emal xüsusi
proseduru altında yerləşdirilməsinə
icazə verməzdən əvvəl yalnız Gömrük
Məcəlləsinin 252-ci maddəsinə uyğun olaraq
təminatın
verilməsini tələb edə bilərlər.[2]
5.3. Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət
edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da
göstərilir:
5.3.1. ərizəçi hüquqi şəxs və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda —
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.2. xarici malların və emal
məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN)
üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə
dəyəri;
5.3.3. mövcud olduqda istehsalat
tullantılarının adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində
miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.4. xarici malların ekvivalent
mallarla əvəzlənməsi nəzərdə tutulduqda ekvivalent malların adları, XİFMN üzrə
kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı, ABŞ dolları ilə dəyəri;
5.3.5. emal əməliyyatları barədə məlumat
(texnologiya, müddət və s.);
5.3.6. eyniləşdirmə tədbirləri barədə
məlumat;
5.3.7. xarici malların ekvivalent
mallarla əvəz edilməsi barədə məlumat;
5.3.8. daxildə emal xüsusi gömrük
proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması.
5.4. Ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla aşağıdakı
sənədlər əlavə olunur:[3]
5.4.1. daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirilən malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan
alqı-satqı müqaviləsi və yaxud xidmət göstərilməsi məqsədilə xarici mallar
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, xarici malların
emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya
öhdəlikləri göstərilmiş mallar ixrac edilərkən bağlanılmış alqı-satqı müqaviləsi;[4]
5.4.2. təmir məqsədi ilə daxildə emal
xüsusi gömrük proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit
edən sənəd;
5.4.3. fiziki şəxsin şəxsiyyət
vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq
edilmiş surəti;[5]
5.4.4. ərizəçi qeyri-kommersiya hüquqi
şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxs olduqda — vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
5.4.5. gömrük əməliyyatlarının
qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət.
5.4.6. gömrük borcunun yarandığı və ya
yarana biləcəyi hallarda onun ödənilməsinə dair təminat. [6]
5.5. Daxil olmuş ərizəyə gömrük orqanı
tərəfindən 2 (iki) iş günü müddətində baxılır və bu Qaydaların 5.6-cı bəndində
göstərilən hallar mövcud olmadıqda, həmçinin
bu Qaydaların
5.2-1-ci bəndinə əsasən təminat tələb edilmədikdə, malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron
formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci
maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə və
(və ya) bu Qaydaların
5.2-1-ci bəndinə əsasən təminat tələb edildikdə, bu barədə ərizəçiyə dərhal məlumat verilir.
Çatışmazlıqlar aradan qaldırıldıqda və (və
ya) bu Qaydaların
5.2-1-ci bəndinə əsasən təminat təqdim edildikdə, müraciətə 1 (bir) iş günü müddətində yenidən baxılır
və müvafiq qərar qəbul edilir.[7]
5.6. Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsindən aşağıdakı
hallarda imtina edilir:
5.6.1. malların gömrük ərazisinə
gətirilməsi Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrinə əsasən qadağan
edildikdə və ya məhdudlaşdırıldıqda;
5.6.2. icazənin verilməsi üçün təqdim
edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;
5.6.3. bu Qaydaların 5.1-ci və 5.2-ci
bəndlərində nəzərdə tutulan şərtlərə riayət edilmədikdə.
5.7. İcazənin verilməsindən imtina
edildiyi halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə bu barədə yazılı
məlumat verilir.
5.8. İcazənin verilməsindən imtinaya
əsas olmuş halları aradan qaldırdıqdan sonra icazə almaq üçün bu Qaydalara
uyğun olaraq yenidən gömrük orqanına müraciət edilə bilər.
5.9. İcazənin alınması üçün təqdim
edilmiş məlumatlarda və sənədlərdə dəyişiklik olduqda, icazə sahibi dərhal bu
barədə gömrük orqanına məlumat verir.
5.10. Malların daxildə emal xüsusi
gömrük proseduru altında yerləşdirilməsi üçün icazə gömrük orqanı tərəfindən
aşağıdakı hallarda ləğv edilir:
5.10.1. icazə sahibinin bu barədə
müvafiq ərizəsi təqdim edildikdə;
5.10.2. icazəni almış hüquqi şəxs ləğv
edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan
olunduqda;
5.10.3. icazənin verilməsi üçün əsas
olmuş şərtlərə riayət edilmədikdə;
5.10.4. məhkəmənin müvafiq qərarı
olduqda;
5.10.5. bu Qaydaların 6.5-ci bəndində
nəzərdə tutulmuş halda.
5.11. İcazə sahibi icazənin ləğv
edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada
məlumatlandırılır.
5.12. Malların dərhal digər gömrük
proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, daxildə emal xüsusi
gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən
müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur.
6. Hüquqların və
öhdəliklərin digər şəxslərə verilməsi
6.1. Daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları
və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən
digər şəxslərə verilə bilər.
6.2. Daxildə emal xüsusi gömrük proseduru
altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin həmin gömrük
proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxsə ötürülməsi
məqsədi ilə prosedur sahibi tərəfindən gömrük orqanına müraciət edilir.
6.3. Daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəlikləri qəbul
edən şəxsin müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl
edəcəyinə zəmanət təqdim edildikdə, gömrük orqanı tərəfindən həmin şəxsə bu
Qaydaların 5-ci hissəsinə uyğun olaraq icazə verilir.
6.4. Daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklər bu
prosedur altında yerləşdirilmiş mallar qismən istifadə olunduqdan sonra da
digər şəxslərə ötürülə bilər.
6.5. Daxildə emal xüsusi gömrük
proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə
sahibinə verilmiş icazə ləğv edilir.
6.6. Daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallarla əlaqədar hüquq və öhdəliklərin digər
şəxsə ötürülməsi həmin prosedur üçün müəyyən edilmiş müddətin axımına təsir
etmir.
7. Daxildə emal
xüsusi gömrük prosedurunun başa çatması müddəti
7.1. Daxildə emal xüsusi gömrük
prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır.
7.2. Gömrük orqanı daxildə emal xüsusi
gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal
əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən
müəyyənləşdirir. Bu müddət müəyyənləşdirilərkən emal məhsullarının ixrac
edilməsi, habelə istehsalat tullantıları barədə sərəncam verilməsi üçün tələb
olunan vaxt da nəzərə alınır.
7.3. Daxildə emal xüsusi gömrük
prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən
başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün
tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət
birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır.
7.4. Daxildə emal xüsusi gömrük
prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında
yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir.
7.5. Müəyyən edilən müddət ərzində
mallar ixrac edildikdə, həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən
tamamilə azad olunur.
7.6. İcazə sahibinin əsaslandırılmış
müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa
çatması müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir.
7.7. İcazə sahibi icazənin müddətinin
uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış
gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra
edilmiş müraciətlərə baxılmır.
7.8. Daxildə emal xüsusi gömrük
proseduru Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və
qaydada başa çatır.
7.9. Emal məhsullarının gömrük
ərazisindən ixrac edilməsi zamanı şəxs tərəfindən mallar daxildə emal xüsusi
gömrük prosedurunu rəsmiləşdirmiş gömrük orqanına deyil, başqa gömrük orqanına
təqdim edilə bilər.
8. Yekun müddəalar
8.1. Daxildə emal xüsusi gömrük proseduruna
dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda, daxildə emal xüsusi
gömrük proseduru dəyişdirilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük
proseduru altında yerləşdirilir və mallara dair müvafiq gömrük rüsumları və
vergilər tətbiq olunur.
8.2. Gömrük orqanının verdiyi icazəyə
uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş
mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam
etdirmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq
olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.
8.3. Daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün
və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi
ilə adi işləmə formalarına məruz qala bilərlər.
8.4. Şəxs tərəfindən xarici malların
emalına dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə,
idxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu yaranır.
Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırıldıqdan sonra edilə bilər.[8]
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 mart 2015-ci il
tarixli 75 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 5 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2015-ci il, № 4, maddə 452)
2. 1 may 2015-ci il
tarixli 135 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 621)
3. 20 may 2022-ci il tarixli 200 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 may 2022-ci il, № 107, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 562)
4.
10 aprel 2023-cü il tarixli 102 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
rəsmi internet saytı, 11 aprel 2023-cü il, “Xalq” qəzeti, 13 aprel
2023-cü il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 573)
5.
12 mart 2024-cü il
tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
13 mart 2024-cü il, “Xalq”
qəzeti, 16 mart 2024-cü
il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 3, maddə 314)
6.
22 may 2024-cü il tarixli
275 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may
2024-cü il, “Xalq” qəzeti,
26 may 2024-cü il, №
110)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 may 2022-ci il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 562) ilə “Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.2.1-ci yarımbəndinə “təqdim
edən və” sözlərindən sonra “bu
Qaydaların 5.2-1-ci bəndi nəzərə alınmaqla” sözləri əvəz edilmişdir.
[2] 20 may 2022-ci il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 562) ilə “Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi Qaydaları”na yeni məzmunda 5.2-1-ci bənd əlavə edilmişdir.
[3] 10 aprel 2023-cü il tarixli 102
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı, 11 aprel 2023-cü il, “Xalq” qəzeti, 13 aprel 2023-cü il, № 76,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 573)
ilə “Malların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
5.4-cü bəndinin birinci abzasında “Ərizə
ilə birlikdə aşağıdakılar da təqdim edilir” sözləri “Ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla aşağıdakı sənədlər əlavə olunur”
sözləri ilə əvəz edilmişdir.
[4] 10 aprel 2023-cü il tarixli 102
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı, 11 aprel 2023-cü il, “Xalq” qəzeti, 13 aprel 2023-cü il, № 76,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 573)
ilə “Malların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
5.4.1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.4.1. xarici malların emal edilməsinə
dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri
göstərilmiş alqı-satqı müqaviləsi;
[5] 10 aprel 2023-cü il tarixli 102
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin rəsmi internet saytı, 11 aprel 2023-cü il, “Xalq” qəzeti, 13 aprel 2023-cü il, № 76,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 573)
ilə “Malların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
5.4.3-cü yarımbəndindən “notariat
qaydasında təsdiq edilmiş” sözləri çıxarılmışdır.
[6] 20 may 2022-ci il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 562) ilə “Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.4.5-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və 5.4.6-cı yarımbənd ləğv edilmişdir.
[7] 13 mart 2015-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti,
5 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4,
maddə 452) ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndinin birinci cümləsində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilmişdir.
20 may 2022-ci il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 22 may 2022-ci il, № 107,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 562) ilə “Malların daxildə emal xüsusi gömrük
proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndin birinci cümləyə “mövcud olmadıqda,” sözlərindən sonra “həmçinin bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat tələb edilmədikdə,” sözləri əlavə edilmişdir, ikinci cümləyə “aşkar edildikdə” sözlərindən sonra “və (və ya) bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat tələb edildikdə” sözləri əlavə edilmişdir və üçüncü cümləyə “aradan qaldırıldıqda” sözlərindən sonra “və (və ya) bu Qaydaların 5.2-1-ci bəndinə əsasən təminat təqdim edildikdə” sözləri əlavə edilmişdir .
22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110) ilə “Malların daxildə emal
xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 5.5-ci bəndinin
ikinci cümləsinə “çatışmazlıqlar” sözündən sonra “(“İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri
nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.
[8] 1 may 2015-ci il
tarixli 135 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 621) ilə Malların daxildə emal xüsusi gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları”nın sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.
12 mart 2024-cü il
tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
13 mart 2024-cü il, “Xalq”
qəzeti, 16 mart 2024-cü
il, № 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314) ilə “Malların
daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın
“Qeyd” hissəsi ləğv edilmişdir.