Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən qərara alıram:

1. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə I).

2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağının təsviri” təsdiq edilsin (Əlavə II).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 mart 2013-cü il

   ¹ 845

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 14 mart tarixli 845 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

Əlavə I

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağı haqqında

 

ƏSASNAMƏ

 

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağı (bundan sonra - bayraq) şərəf və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının (bundan sonra - Akademiya) hər bir əməkdaşına, kursantına (müdaviminə) və dinləyicisinə Vətənə sədaqətlə xidmət etmək, ölkənin Konstitusiyasına və qanunlarına əməl etmək, öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırlatmaq üçündür.

2. Bayraq daim Akademiyada olmalıdır.

3. Akademiyanın bütün heyəti bayrağı mərdlik və fədakarlıqla qorumalı, onun itirilməsinə və kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

4. Bayraq rəsmi tədbirlərə və sıra düzülüşlərinə çıxarılır.

5. Bayrağın qorunmasına Akademiyanın rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 14 mart tarixli 845 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

Əlavə II

 

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağının

 

TƏSVİ

 

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağı (bundan sonra - bayraq) ikiüzlü qumaşdan, taxta dəstəkdən və qotazlı qaytandan ibarətdir.

2. Bayrağın qumaşı eni 114 sm, uzunluğu 145 sm olan düzbucaqlı şəklindədir. Kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmiş üçrəngli (Azərbaycan Respublikası Dövlət bayrağının rənglərində) ikiqat fay ipəkdən hazırlanır.

3. Qumaşın üz tərəfinə qırmızı zolağın ortasında ağ ipəkdən hündürlüyü 38 sm olan aypara və hündürlüyü 20 sm olan səkkizguşəli ulduz tikilir.

4. Qumaşın arxa tərəfinə qırmızı zolağın ortasında ağ və sarı ipəkdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin emblemi (diametri 50 sm) tikilir. Emblemin sol tərəfi bayrağın sol kənarından, sağ tərəfi isə bayrağın sağ kənarından 47,5 sm aralıdır.

5. Qumaşın yuxarı kənarı boyunca mavi zolaqda qızılı rəngli ipək sapla “Azərbaycan Respublikası” sözləri tikilir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.

6. Qumaşın aşağı kənarı boyunca yaşıl zolaqda qızılı rəngli ipək sapla “Fövqəladə Hallar Nazirliyinin Akademiyası” sözləri tikilir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm-dir.

7. Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

8. Dəstək tünd-qəhvəyi boya ilə rənglənir və üzərinə lak çəkilir. Dəstəyin aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş fiqurlu ucluq vardır.

9. Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz vardır. Qaytanın uzunluğu 280 sm-dir (bayrağın şəkli əlavə edilir).

 

 


 

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının bayrağının Təsviri”nə əlavə

 

10001