“Pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 17 iyul tarixli 686 nömrəli
Fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:
1.
“Pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2.
Bu Fərman 2013-cü il sentyabrın 1-dən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 iyun
2013-cü il
¹ 908
|
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908
nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
“Pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə[2]
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
məqsədi ilə Azərbaycan Respublikasının
vətəndaşlarına pasportların verilməsi və
pasportların dəyişdirilməsi qaydasını
müəyyən edir.[3]
1.2.
Azərbaycan Respublikasının hər bir
vətəndaşı (bundan sonra - vətəndaş) pasport
və ya bu Əsasnamənin 5.4-cü bəndində nəzərdə
tutulmuş halda şəxsiyyət vəsiqəsi
əsasında Azərbaycan Respublikası dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçməklə
ölkədən gedə və ölkəyə gələ
bilər. [4]
1.3.
Heç bir dövlət orqanı və ya vəzifəli
şəxs vətəndaşı ölkədən getmək
və ölkəyə gəlmək hüququndan məhrum
edə bilməz.
2. Ölkədən getmək
hüququnun məhdudlaşdırılması
2.1.
Vətəndaşın ölkədən getmək hüququ
“Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun
1-ci maddəsində nəzərdə tutulmuş hallarda və
müddətlərə müvəqqəti
məhdudlaşdırılır. Vətəndaşın
ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması
“Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin (bundan sonra - İAMAS)
məhdudiyyət siyahılarına əsasən həyata
keçirilir.
2.2.
Vətəndaşın ölkədən getmək hüququnu
məhdudlaşdıran əsaslar aradan qalxdıqdan sonra
vətəndaş bu hüququnu həyata keçirə
bilər.
2.3.
Hər hansı bir ölkədə təbii fəlakət,
epidemiya, epizootiya, böyük ekoloji və başqa qəza,
zorakılıqla müşayiət olunan kütləvi
iğtişaş, insanların həyatı və
təhlükəsizliyi, yaxud dövlət
təsisatlarının normal fəaliyyəti üçün
təhdid törədən münaqişə yaranarsa,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
kütləvi informasiya vasitələri ilə Azərbaycan
Respublikasının əhalisini dərhal xəbərdar
etməklə, vətəndaşlara həmin ölkəyə
getməkdən müvəqqəti çəkinməyi
tövsiyə edir.
2.4.
Bu Əsasnamənin 2.5-ci bəndində nəzərdə
tutulmuş hallar istisna olmaqla, 18 yaşı tamam olmamış
vətəndaş ölkədən valideynləri ilə, onu
övladlığa götürənlə, himayəçisi
və ya qəyyumu ilə gedə bilər.
2.5.
18 yaşı tamam olmamış vətəndaş ölkədən
valideynlərinin biri ilə getdikdə, digər valideynin
notariat qaydasında təsdiq edilmiş razılığı
tələb olunur. 18 yaşı tamam olmamış
vətəndaş ölkədən tək getdikdə
valideynlərinin, valideyn himayəsindən məhrum olduqda
isə onu övladlığa götürənin, himayəçisinin
və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş
razılığı tələb olunur. Həmin
şəxslərdən birinin razılığı
olmadıqda, 18 yaşı tamam olmamış
vətəndaşın ölkədən getməsi
məsələsi məhkəmənin qərarı
əsasında həll edilir.
2.6.
18 yaşı tamam olmamış vətəndaşın
valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi,
yaxud onun ölmüş və ya itkin düşmüş
elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi
barədə məhkəmənin qərarı və ya
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən verilmiş doğum haqqında akt
qeydində ata barədə məlumatın ananın göstərişi
üzrə yazılması haqqında arayış olduqda,
həmin valideynin razılığı tələb edilmir.
Qeyd olunan sənədlərlə birgə digər valideynin
notariat qaydasında təsdiq edilmiş
razılığını təqdim edən 18 yaşı tamam
olmamış vətəndaş Azərbaycan Respublikasından
gedə bilər.
2.7.
Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən
övladlığa götürülmüş Azərbaycan
Respublikasının vətəndaşı olan uşaq
yalnız onun övladlığa götürülməsi
haqqında məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi və övladlığa
götürmə haqqında şəhadətnamə
təqdim edilməklə, qanunla nəzərdə tutulmuş
qaydada ölkədən gedə bilər.
2.8.
15 yaşı tamam olmamış vətəndaşa pasport
verilərkən, onun ərizə-anketini təqdim edən
valideyninə və ya digər qanuni nümayəndəsinə,
15 yaşdan 18 yaşadək olan vətəndaşın
isə özünə, yaxud valideyninə və ya digər
qanuni nümayəndəsinə daxili işlər
orqanının məsul əməkdaşı bu
Əsasnamənin 2.4-2.7-ci bəndlərinin müddəaları
barədə məlumat verməlidir.
3. Ümumvətəndaş, xidməti və diplomatik
pasportların verilməsi və dəyişdirilməsi
3.1.
Azərbaycan Respublikasının ümumvətəndaş
pasportu Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin ümumvətəndaş pasportu verən yerli
orqanları (bundan sonra - daxili işlər orqanı)
tərəfindən “Pasportlar
haqqında” Azərbaycan Respublikasının Qanunu və bu
Əsasnamə ilə müəyyən edilmiş qaydada
verilir. [5]
3.2.
Ümumvətəndaş pasportunun verilməsi
üçün vətəndaşdan aşağıdakı sənədlər
tələb olunur:
3.2.1.
ümumvətəndaş pasportu verilməsi haqqında
ərizə-anket (bundan sonra - ərizə-anket) (1 və 2
nömrəli əlavələr);
3.2.2.
vətəndaşın şəxsiyyət vəsiqəsi
(və ya 15 yaşı tamam olmamış
vətəndaşın doğum haqqında
şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
3.2.3.
dövlət rüsumunun ödənilməsi barədə
sənəd;
3.2.4.
pasport Azərbaycan Respublikası vətəndaşının
və ya onunla gedən şəxsin (şəxslərin)
təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın
qohumunun ağır xəstəliyi və ya ölümü
ilə bağlı hallarda iki iş günü
müddətində verildikdə - bu Əsasnamənin
3.3-cü bəndində göstərilən
sənədlər;
3.2.5.
pasport 15 yaşı tamam olmamış vətəndaşa
verildikdə:
1.
qan qrupu haqqında tibbi arayış (uşağın
fərdi identifikasiya kartı təqdim edildikdə bu
sənəd tələb olunmur);
2.
valideyn himayəsindən məhrum olmuş uşaqların
övladlığa götürəninin, himayəçisinin
və ya qəyyumunun hüquqlarını təsdiq edən
sənəd.
3.3.
Ölkədən gedən vətəndaşın və ya
onunla gedən şəxsin (şəxslərin) təcili
müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin,
ərinin (arvadının), övladının,
qardaşının, bacısının, onların
övladlarının, babasının, nənəsinin,
nəvəsinin, babanın (nənənin) atasının
və ya anasının, əmisinin, dayısının,
xalasının, bibisinin, onların övladlarının,
qayınatasının, qayınanasının, qaynının,
baldızının) ağır xəstəliyi və ya
ölümü ilə bağlı hallar
ərizə-anketlərə növbədənkənar
baxılma üçün əsasdır. Həmin faktlar
aşağıdakı sənədlərdən biri ilə
təsdiq edilməlidir:
3.3.1.
təcili olaraq müalicə olunma zərurətini təsdiq
edən səhiyyə orqanının məktubu;
3.3.2.
təcili olaraq müalicəyə qəbul edilmənin
zəruriliyi barədə xarici ölkənin tibb
müəssisəsinin məktubu (eyni zamanda xəstənin
yaşayış yeri üzrə tibb müəssisəsinin
tibbi rəyi də təqdim olunmalıdır);
3.3.3.
qohumun ağır xəstəliyi və ya ölümü
faktını təsdiq edən xarici ölkənin tibb
müəssisəsinin arayışı.
3.4.
15 yaşı tamam olmamış vətəndaşa
ümumvətəndaş pasportu verilərkən
ərizə-anketi yalnız onun valideynləri, valideyn
himayəsindən məhrum olmuş uşaqların isə
digər qanuni nümayəndələri imzalayırlar.
3.5.
15 yaşdan 18 yaşadək olan vətəndaşın
ərizə-anketini onun özü və ya qanuni
nümayəndəsi verə bilər. Hər iki halda
ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan
vətəndaşın imzası olmalıdır.
3.5-1. 15 yaşı tamam
olmamış vətəndaşa pasport verilərkən, onun
ərizə-anketini təqdim edən valideyninə və ya
digər qanuni nümayəndəsinə, 15 yaşından 18
yaşınadək olan vətəndaşın isə
özünə, yaxud valideyninə və ya digər qanuni
nümayəndəsinə daxili işlər orqanının
məsul əməkdaşı Azərbaycan Respublikası
Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə
müəyyən edilmiş yetkinlik yaşına çatmayan
vətəndaşın ölkədən getməsi qaydası
barədə məlumat verməlidir.[6]
3.6.
Vətəndaşa ümumvətəndaş pasportu
verilərkən daxili işlər orqanının məsul
əməkdaşı ərizə-anketin düzgün
doldurulduğunu yoxlayır. Daxili işlər orqanının
məsul əməkdaşı ərizə-anket üzrə
məlumatları yoxladıqdan sonra ərizə-anketdə
həmin məlumatların düzgünlüyünü öz
imzası ilə təsdiq edərək, onları
vətəndaşın üz təsviri və əl-barmaq
izləri üzrə biometrik məlumatları ilə
birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil
edilmiş məlumatlar elektron sənəd formasında onu daxil
edən əməkdaşın gücləndirilmiş elektron
imzası ilə təsdiq edilir.
3.7.
Ümumvətəndaş pasportunun fərdi olaraq
doldurulması İAMAS vasitəsilə həyata keçirilir.
Verilmiş ümumvətəndaş pasportları, habelə
onların aktiv statusunun dəyişdirilməsi barədə
məlumatlar İAMAS-a daxil edilir.
3.8.
Vətəndaşın əl-barmaq izlərinin
götürülməsi, habelə Beynəlxalq Mülki
Aviasiya Təşkilatının (İCAO-nun)
tələblərinə uyğun fotoşəklinin
çəkilməsi pasportu verən orqanda həyata
keçirilir. 15 yaşı tamam olmamış
vətəndaşlardan əl-barmaq izi
götürülmür.
3.9.
Fotoşəklə dair tələblər, fotoşəklin
Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) sənədlərində təsvir edilmiş
nümunələri, daxili işlər orqanının iş
qrafiki haqqında məlumatlar, ümumvətəndaş
pasportunun verilməsi və dəyişdirilməsi
üçün tələb olunan sənədlərin
siyahısı, ərizə-anketin formaları və
ödənilməli olan dövlət rüsumunun
məbləğləri Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin rəsmi internet saytında və
daxili işlər orqanının binalarının
qarşısında hər kəsin yaxşı görə
biləcəyi lövhələrdə
yerləşdirilməlidir. Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi həftələrarası istirahət
günlərində də pasportun verilməsini və ya
dəyişdirilməsini təmin etmək məqsədi
ilə ümumvətəndaş pasportu verən yerli
orqanları üçün optimal iş qrafiki tərtib edir.
3.10.
Ümumvətəndaş pasportuna elektron daşıyıcı
(çip) yerləşdirilir. Elektron daşıyıcıya
(çipə) “Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin
birinci hissəsinin 1-ci bəndində göstərilən
məlumatlar, pasport sahibinin üz təsviri və 15
yaşı tamam olmuş vətəndaşın hər
əlindən bir barmaq izi daxil edilir.
3.11.
Ümumvətəndaş pasportunun etibarlılıq
müddəti bitdikdə, yaxud vətəndaşın
soyadı, adı, atasının adı dəyişdikdə
və ya pasport, o cümlədən onun elektron
daşıyıcısı (çip) yararsız hala
düşdükdə, pasportun dəyişdirilməsi
vətəndaşın fotoşəkli pasportu verən orqanda
çəkilməklə, lakin qan qrupu haqqında tibbi
arayış tələb edilmədən bu Əsasnamənin
3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş
qaydada həyata keçirilir. Dəyişdirilən
pasportdakı vizanın etibarlılıq müddəti
həmin pasportun etibarlılıq müddətindən
çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport
təhvil verilir.
Qeyd. Elektron daşıyıcısı
olmayan ümumvətəndaş pasportları
dəyişdirilərkən vətəndaşın
əl-barmaq izləri götürülür.
3.12.
Vətəndaş etibarlılıq müddəti
bitməmiş ümumvətəndaş pasportunun da
dəyişdirilməsi üçün müraciət edə
bilər. Bu halda pasport bu Əsasnamənin 3.1-3.7-ci və
3.11-ci bəndlərində nəzərdə tutulmuş qaydada
dəyişdirilir.
3.13.
Ümumvətəndaş pasportu vətəndaş müraciət
etdikdən sonra on iş günü müddətində, bu
Əsasnamənin 3.3-cü bəndində nəzərdə
tutulmuş hallarda isə iki iş günü
müddətində verilir və ya dəyişdirilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə nəzərdə tutulmuş
hallarda ümumvətəndaş pasportu
vətəndaşın ödədiyi dövlət
rüsumunun məbləğinə müvafiq olaraq beş
və ya bir iş günü müddətində verilir və
ya dəyişdirilir.
3.14.
Ümumvətəndaş pasportunun verilməsi və ya
dəyişdirilməsi üçün dövlət
rüsumunun məbləğləri “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.
3.15.
Ümumvətəndaş pasportunda, o cümlədən onun
elektron daşıyıcısında göstərilən
məlumatlarda səhv müəyyənləşdirildikdə,
həmin pasport təqdim edildiyi vaxtdan bir gün
müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
3.16.
Bu Əsasnamənin 3.1-3.8-ci, 3.11-ci və 3.12-ci bəndləri
ilə müəyyən edilmiş qaydalara uyğun olaraq,
xarici ölkələrdə müvəqqəti və daimi
yaşayan vətəndaşlara ümumvətəndaş
pasportu daxili işlər orqanında (bu Əsasnamənin
3.13-cü bəndində nəzərdə tutulmuş
müddətlər sənədlər daxil olduğu andan
hesablanır) fərdi olaraq hazırlanmaqla,
vətəndaşın olduğu ölkədə akkreditə
edilmiş Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyi və ya konsulluğu
tərəfindən verilir. Bu halda ümumvətəndaş
pasportunun verilməsi üçün tələb olunan
sənədlərin qəbul edilməsi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinə
göndərilməsi Azərbaycan Respublikasının
diplomatik nümayəndəliyi və ya konsulluğu
tərəfindən həyata keçirilir.
3.17.
Məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa
ümumvətəndaş pasportunun verilməsi
üçün sənədləri onun qanuni
nümayəndəsi təqdim edir.
3.18.
Xidməti və diplomatik pasportlar yalnız “Pasportlar haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş hallarda müvafiq
dövlət orqanının, dövlətə məxsus
müəssisə və ya təşkilatın, yaxud
qeyri-kommersiya qurumunun vəsatəti (3, 4, 5 və 6
nömrəli əlavələr) əsasında Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
tərəfindən ən geci beş iş günü
müddətində verilir.
3.19.
Bu Əsasnamənin 3.18-ci bəndində nəzərdə
tutulmuş vəsatətə aşağıdakı
sənədlər əlavə edilir:
3.19.1.
vətəndaşın şəxsiyyət vəsiqəsinin
surəti (və ya 15 yaşı tamam olmamış
vətəndaşın doğum haqqında
şəhadətnaməsinin, yaxud fərdi identifikasiya
kartının surəti);
3.19.2.
vəsatət vəzifəli şəxsin 15 yaşı tamam
olmamış uşağı barəsində olduqda - qan qrupu
haqqında tibbi arayış (uşağın fərdi
identifikasiya kartının surəti təqdim edildikdə bu
sənəd tələb olunmur).
3.20.
Xidməti və ya diplomatik pasport almaq hüququ olan
vəzifəli şəxsin uşaqlarına müvafiq pasport
verildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar
vəzifəli şəxslə birlikdə vəsatətdə
şəxsi imzalarını qeyd edirlər.
3.21.
Vətəndaşa xidməti və ya diplomatik pasport
verilərkən, müvafiq dövlət orqanının,
dövlətə məxsus müəssisə və ya
təşkilatın, yaxud qeyri-kommersiya qurumunun
vəsatətində qeyd olunan məlumatları Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin məsul
əməkdaşı yoxlayır.
3.22.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
məsul əməkdaşı xidməti və ya diplomatik
pasportun verilməsi ilə bağlı məlumatları
yoxladıqdan sonra vəsatətdə həmin
məlumatların düzgünlüyünü öz
imzası ilə təsdiq edərək, onları
vətəndaşın üz təsviri və əl-barmaq
izləri üzrə biometrik məlumatları ilə
birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil
edilmiş məlumatlar elektron sənəd formasında onu daxil
edən əməkdaşın gücləndirilmiş elektron
imzası ilə təsdiq edilir.
3.23.
Azərbaycan Respublikası vətəndaşının
xidməti və ya diplomatik pasportunun fərdi olaraq
doldurulması İAMAS vasitəsilə həyata keçirilir.
Verilmiş pasportlar, habelə onların aktiv statusunun
dəyişdirilməsi barədə məlumatlar İAMAS-a
daxil edilir.
3.24.
Xidməti və ya diplomatik pasport üçün
vətəndaşın əl-barmaq izlərinin
götürülməsi və fotoşəklinin
çəkilməsi Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Konsulluq İdarəsində
həyata keçirilir. 15 yaşı tamam olmamış
vətəndaşlardan əl-barmaq izi götürülmür.
3.25.
Fotoşəklə dair tələblər, fotoşəklin
Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO-nun) sənədlərində təsvir edilmiş
nümunələri, iş qrafiki haqqında məlumatlar,
xidməti və ya diplomatik pasportun verilməsi və
dəyişdirilməsi üçün tələb olunan
sənədlərin siyahısı və vəsatətin
formaları Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin rəsmi internet saytında və həmin nazirliyin
binasının qarşısında hər kəsin
yaxşı görə biləcəyi lövhədə
yerləşdirilməlidir. İş qrafiki tərtib
edilərkən xidməti və ya diplomatik pasportun verilməsi
və ya dəyişdirilməsi üçün iş
həftəsinin istənilən günü nazirliyin iş
saatında müraciət etmək imkanı təmin
edilməlidir.
3.26.
Xidməti və diplomatik pasporta elektron daşıyıcı
(çip) yerləşdirilir. Elektron daşıyıcıya
(çipə) “Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin
birinci hissəsinin 1-ci bəndində göstərilən
məlumatlar, pasport sahibinin üz təsviri və 15
yaşı tamam olmuş vətəndaşın hər
əlindən bir barmaq izi daxil edilir.
3.27.
Xidməti və ya diplomatik pasportun etibarlılıq
müddəti bitdikdə, yaxud vətəndaşın
soyadı, adı, atasının adı dəyişdikdə
və ya pasport, o cümlədən onun elektron
daşıyıcısı (çip) yararsız hala
düşdükdə, pasportun dəyişdirilməsi
vətəndaşın fotoşəkli pasportu verən orqanda
çəkilməklə, lakin qan qrupu haqqında tibbi
arayış tələb edilmədən bu Əsasnamənin
3.18-3.23-cü bəndlərində nəzərdə
tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən
pasportdakı vizanın etibarlılıq müddəti
həmin pasportun etibarlılıq müddətindən
çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport
təhvil verilir.
Qeyd. Elektron daşıyıcısı
olmayan xidməti və ya diplomatik pasportlar dəyişdirilərkən
vətəndaşın əl-barmaq izləri
götürülür.
3.28.
Etibarlılıq müddətinin bitməsinə yeddi ay
qaldıqda da xidməti və ya diplomatik pasportun
dəyişdirilməsi üçün vəsatət
verilə bilər. Bu halda pasport bu Əsasnamənin
3.18-3.23-cü və 3.27-ci bəndlərində
nəzərdə tutulmuş qaydada dəyişdirilir.
3.29.
Xidməti və ya diplomatik pasportda, o cümlədən
pasportun elektron daşıyıcısında
göstərilən məlumatlarda səhv
müəyyənləşdirildikdə, həmin pasport
təqdim edildiyi vaxtdan bir gün müddətində
dövlət rüsumu alınmadan dəyişdirilir.
3.30.
“Pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində
nəzərdə tutulmuş hallarda pasportun verilməsindən
və ya dəyişdirilməsindən imtina edilir.
3.31.
Xidməti və ya diplomatik pasportun verilməsi
üçün əsas aradan qalxdıqda, əgər qanunda
başqa qayda nəzərdə tutulmayıbsa, müvafiq
dövlət orqanının, dövlətə məxsus
müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya
qurumunun rəhbəri həmin pasportu Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
təhvil verməli və ya bu mümkün olmadıqda,
həmin nazirliyə bu barədə məlumat təqdim
etməlidir.
4. Pasportun itirilməsi və ya oğurlanması
4.1.
Vətəndaş pasportunu itirdikdə onu harada, nə vaxt
və hansı şəraitdə itirdiyini
göstərməklə, pasportu verən orqana yazılı
məlumat verməlidir.
4.2.
Pasportunu itirdiyini bildirən vətəndaş həmin pasportu
taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra
tapılarsa, tapılmış pasport dərhal pasportu verən
orqana təhvil verilməlidir.
4.3.
Vətəndaş pasportunu itirdiyi barədə pasportu
verən orqana rəsmi müraciət etdikdə və onun
şəxsiyyəti müəyyənləşdirildikdə,
bu barədə məlumat Qüvvədən
düşmüş sənədlərin dövlət
reyestrinə ötürülür. İtirilmiş pasport
barədə məlumat Qüvvədən
düşmüş sənədlərin dövlət
reyestrinə daxil edildikdən sonra həmin sənəd
qüvvədən düşmüş hesab edilir, İAMAS-da
aktiv statusu dəyişdirilir. Pasportun itirilməsi ilə əlaqədar
yenidən verilməsinə görə
dövlət rüsumu ödənildikdən sonra qan qrupu
haqqında tibbi arayış tələb edilmədən, bu
Əsasnamə ilə müəyyən edilmiş qaydada
vətəndaşa yeni pasport verilir.[7]
4.4.
Pasport oğurlandıqda, vətəndaş cinayətin baş
verdiyi yerin polis orqanına bu barədə yazılı
müraciət etməlidir. Belə ərizənin qəbul
olunması haqqında vətəndaşa arayış verilir
və bu arayış oğurlanmış pasportun
qüvvədən düşməsi barədə
Qüvvədən düşmüş sənədlərin
dövlət reyestrində müvafiq qeydiyyatın
aparılması və bunun əsasında vətəndaşa
yeni pasportun verilməsi üçün əsas
götürülür.
5. Ölkədən getmək və
ölkəyə gəlmək hüququnun
tənzimlənməsi
5.1.
Vətəndaş ümumvətəndaş pasportu ilə
xarici ölkəyə gedərkən ondan viza tələb olunarsa,
o, belə vizanı almaq üçün həmin
ölkənin müvafiq diplomatik nümayəndəliyinə
və ya konsulluğuna müraciət etməlidir. Xarici
ölkədən Azərbaycan Respublikasına qayıtmaq
üçün vətəndaşdan viza tələb olunmur.
5.2.
Xarici ölkədə pasportunu itirmiş, pasportu
oğurlanmış və ya yararsız hala
düşmüş, pasportunun etibarlılıq müddəti
bitmiş Azərbaycan Respublikası
vətəndaşının ölkəyə qayıtmaq
hüququ, onun ölkəyə qayıtmaq hüququ verən
digər sərhədkeçmə sənədi olmadıqda,
Azərbaycan Respublikasına qayıdış
şəhadətnaməsi əsasında həyata
keçirilir.
5.3.
Xidməti və ya diplomatik pasportla xaricə gedən
şəxs üçün xarici ölkənin vizası
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsinin notası əsasında həmin
ölkənin səfirliyindən və ya konsulluğundan
alınır.
5.4.
Xarici dövlətlərlə müvafiq beynəlxalq
müqavilə bağlanmış olduğu halda,
şəxsiyyət vəsiqəsindən həmin
dövlətlərdə də vətəndaşın
şəxsiyyətini təsdiq edən, habelə onun
ölkədən getmək və ölkəyə
gəlmək hüququnun həyata keçirilməsi
üçün nəzərdə tutulan sənəd kimi
istifadə oluna bilər.
5.5.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər (bundan sonra - əcnəbilər)
Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçmək şərtilə pasportları (digər
sərhədkeçmə sənədləri) və viza əsasında
və ya beynəlxalq müqavilələrə uyğun olaraq
vizasız qaydada Azərbaycan Respublikasına gələ və
Azərbaycan Respublikasından gedə bilərlər.
5.6.
Əcnəbilərin Azərbaycan Respublikasına
gəlməsi yalnız “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş hallarda qadağan
edilir.
5.7.
Əcnəbilərin Azərbaycan Respublikasından getməsi
“Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci
maddəsinin səkkizinci hissəsində nəzərdə
tutulmuş hallarda müvəqqəti
məhdudlaşdırıla bilər.
5.8.
Profilaktik peyvəndlərin aparılmaması Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbilərin,
beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik
peyvəndlər tələb olunan ölkələrə
gediş-gəlişinin dayandırılması və ya
məhdudlaşdırılması ilə
nəticələnir.
5.9.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşamaq üçün icazə almış
əcnəbilər pasportları (digər
sərhədkeçmə sənədləri) və
Azərbaycan Respublikasının Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş müvəqqəti
və ya daimi yaşamaq üçün icazə
vəsiqələri əsasında Azərbaycan
Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına
qayıda bilərlər.
5.10.
Viza əsasında gələn əcnəbilər vizada
göstərilən ölkədə qalma müddəti, viza
tələb olunmayan qaydada gələnlər isə 90 gün
bitənədək, onların ölkədə
müvəqqəti olma müddəti uzadılmayıbsa, onlara
müvəqqəti yaşamaq üçün icazə verilməyibsə
və ya onlardan belə icazənin verilməsi
üçün ərizə qəbul edilməyibsə,
Azərbaycan Respublikasının ərazisini tərk
etməlidirlər.
5.11.
Viza əsasında və ya viza tələb olunmayan qaydada
Azərbaycan Respublikasına gələn və ölkə
ərazisində müvəqqəti olma müddəti
uzadılan əcnəbilər pasportlarını (digər
sərhədkeçmə sənədlərini) və
müvəqqəti olma müddətinin uzadılması
haqqında qərarı təqdim edərək, dövlət
sərhədinin buraxılış
məntəqələrindən keçməklə
ölkəni tərk edə bilərlər.
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 1 nömrəli əlavə[8] 18
yaşı tamam olmuş vətəndaşa
ümumvətəndaş pasportu verilməsi haqqında ƏRİZƏ
— ANKET 1.
VƏTƏNDAŞ VƏ YA ONUN QANUNİ
NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq,
ümumvətəndaş pasportu verilməsini xahiş
edirəm: _____________________________________________________________________________ 1.1.1.
Vətəndaşın:
1.1.2. Ərizə
vətəndaşın himayəçisi və ya qəyyumu
tərəfindən verildikdə, onun:
2.
PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ ____________________________________________________________________________ 2.1. Dövlət
orqanının məsul əməkdaşı
tərəfindən vətəndaşın ərizəsinin
yoxlanılması ilə bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6. Məlumatları
yoxlamış məsul işçinin:
2.2. Pasportun doldurulması
ilə əlaqədar qeydlər:
2.3. Pasportun ərizəçiyə
verilməsi ilə əlaqədar qeydlər:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 2 nömrəli əlavə 18
yaşı tamam olmamış vətəndaşa
ümumvətəndaş pasportu verilməsi haqqında ƏRİZƏ
— ANKET 1.
VƏTƏNDAŞ VƏ YA ONUN QANUNİ
NÜMAYƏNDƏSİ TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq,
ümumvətəndaş pasportu verilməsini xahiş
edirəm: _____________________________________________________________________________ 1.1.1. 18 yaşı tamam
olmamış vətəndaşın:
1.1.2. Ərizə
vətəndaşın qanuni nümayəndəsi
tərəfindən verildikdə, onun:
2.
PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ _____________________________________________________________________________ 2.1. Dövlət
orqanının məsul əməkdaşı
tərəfindən vətəndaşın və ya onun
qanuni nümayəndəsinin ərizəsinin
yoxlanılması ilə bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6. Məlumatları
yoxlamış məsul işçinin:
2.2. Pasportun doldurulması
ilə əlaqədar qeydlər:
2.3. Pasportun ərizəçiyə
verilməsi ilə əlaqədar qeydlər:
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 3 nömrəli əlavə Vəzifəli
şəxsə xidməti pasport verilməsi haqqında dövlət orqanının
(dövlətə məxsus müəssisə və ya
təşkilatın, yaxud qeyri-kommersiya qurumunun) VƏSATƏTİ 1.
DÖVLƏT ORQANI (DÖVLƏTƏ MƏXSUS
MÜƏSSİSƏ VƏ YA TƏŞKİLAT, YAXUD
QEYRİ-KOMMERSİYA QURUMU) TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq, xidməti pasport
verilməsini xahiş edirəm: _____________________________________________________________________________ 1.1.1. Vəzifəli şəxsin:
1.1.2. Vəsatət
verən dövlət orqanının, dövlətə məxsus
müəssisə və ya təşkilatın, yaxud
qeyri-kommersiya qurumunun:
2. PASPORTU VERƏN DÖVLƏT
ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ __________________________________________________________________________ 2.1. Pasportu verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən vəsatətin yoxlanılması ilə
bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6.
Məlumatları yoxlamış məsul işçinin:
2.2.
Pasportun verilməsi ilə əlaqədar qeydlər:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 4 nömrəli əlavə Vəzifəli
şəxsin arvadına
(ərinə),18 yaşı tamam olmamış
uşağına və 18 yaşı tamam olmuş
əmək qabiliyyəti olmayan övladına xidməti
pasport verilməsi haqqında dövlət orqanının
(dövlətə məxsus müəssisə və ya
təşkilatın, yaxud qeyri-kommersiya qurumunun) VƏSATƏTİ 1.
DÖVLƏT ORQANI (DÖVLƏTƏ MƏXSUS
MÜƏSSİSƏ VƏ YA TƏŞKİLAT, YAXUD
QEYRİ-KOMMERSİYA QURUMU) TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq, xidməti pasport
verilməsini xahiş edirəm: _____________________________________________________________________________ 1.1.1. Vəzifəli şəxsin:
1.1.2. Vəzifəli
şəxsin arvadının
(ərinin), 18 yaşı
tamam olmamış uşağının və ya 18
yaşı tamam olmuş əmək qabiliyyəti olmayan
övladının:
1.1.3. Vəsatət
verən dövlət orqanının, dövlətə məxsus
müəssisə və ya təşkilatın, yaxud
qeyri-kommersiya qurumunun:
2.
PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ _____________________________________________________________________________ 2.1. Pasportu verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən vəsatətin yoxlanılması ilə
bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6. Məlumatları
yoxlamış məsul işçinin:
2.2. Pasportun verilməsi
ilə əlaqədar qeydlər:
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 5 nömrəli əlavə Vəzifəli
şəxsə diplomatik
pasport verilməsi haqqında dövlət orqanının VƏSATƏTİ 1.
DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq, diplomatik pasport
verilməsini xahiş edirəm: _____________________________________________________________________________ 1.1.1. Vəzifəli şəxsin:
1.1.2. Vəsatət
verən dövlət orqanının:
2.
PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ __________________________________________________________________________ 2.1. Pasportu verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən vəsatətin yoxlanılması ilə
bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6. Məlumatları
yoxlamış məsul işçinin:
2.2. Pasportun verilməsi
ilə əlaqədar qeydlər:
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
“Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə 6 nömrəli əlavə Vəzifəli
şəxsin arvadına
(ərinə), 18 yaşı
tamam olmamış uşağına, 18 yaşı tamam
olmuş əmək qabiliyyəti olmayan övladına və
ərdə olmayan qızına diplomatik pasport verilməsi
haqqında dövlət orqanının VƏSATƏTİ 1.
DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN
HİSSƏ _____________________________________________________________________________ 1.1. Aşağıdakı
məlumatları nəzərə alaraq, diplomatik pasport
verilməsini xahiş edirəm: _____________________________________________________________________________ 1.1.1. Vəzifəli şəxsin:
1.1.2. Vəzifəli
şəxsin arvadının
(ərinin), 18 yaşı
tamam olmamış uşağının, 18 yaşı tamam
olmuş əmək qabiliyyəti olmayan övladının
və ya ərdə olmayan qızının:
1.1.3. Vəsatət
verən dövlət orqanının:
2.
PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN
DOLDURULAN HİSSƏ _____________________________________________________________________________ 2.1. Pasportu verən
dövlət orqanının məsul əməkdaşı
tərəfindən vəsatətin yoxlanılması ilə
bağlı qeydlər:
2.1.3. Yoxlama zamanı
aşağıdakı sənədlər nəzərdən
keçirilmişdir:
2.1.6. Məlumatları
yoxlamış məsul işçinin:
2.2. Pasportun verilməsi
ilə əlaqədar qeydlər:
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
1 may 2015-ci il tarixli 514
nömrəli Azərbaycan Respublikasının
Prezidentinin Fərmanı (“Respublika”
qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə 520)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə Adında və 1-ci
hissəsində “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar”
sözləri “Pasportlar”
sözü ilə əvəz edilmişdir.
[2] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”nin adında “Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə
əvəz edilmişdir.
[3] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə 520) ilə “Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.1.
Bu Əsasnamə “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi
ilə Azərbaycan Respublikası
vətəndaşlarının, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
ölkədən getmək və ölkəyə
gəlmək hüquqlarının həyata
keçirilməsi, vətəndaşlara pasportların
verilməsi və pasportların dəyişdirilməsi
qaydasını müəyyən edir.
[4] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə “Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 1.2-ci və 1.3-cü bəndlər, 2-ci
və 5-ci hissələr ləğv edilmişdir.
[5] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”nin 3.1-ci, 3.10-cu, 3.18-ci, 3.26-cı
və 3.30-cu bəndlərdə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar”
sözləri “Pasportlar”
sözü ilə əvəz edilmişdir.
[6] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”yə yeni məzmunda 3.5-1-ci bənd
əlavə edilmişdir.
[7] 10 may 2018-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 19 may 2018-ci il, ¹ 112, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 928) ilə “Pasportlar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin 4.3-cü bəndinin üçüncü
cümləsində “itirilməsinə
görə inzibati cərimə və pasportun”
sözləri “itirilməsi
ilə əlaqədar yenidən” sözləri ilə
əvəz edilmişdir.
[8] 1 may 2015-ci il tarixli 514 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 2 may 2015-ci il, ¹ 093, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 5, maddə
520) ilə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə Əsasnamə”nin əlavələrinin yuxarı
sağ küncündə “Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar”
sözləri “Pasportlar”
sözü ilə əvəz edilmişdir.