“İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 11 avqust tarixli 1056 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramı” (Elektron
Azərbaycan)”nın 7.2.4.2-ci yarımbəndinə
əsasən, dövlət orqanları arasında elektron
sənəd dövriyyəsi sistemi yaratmaq məqsədi
ilə qərara alıram:
1.
“İdarələrarası elektron sənəd
dövriyyəsi sistemi haqqında Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
2.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
idarələrarası elektron sənəd dövriyyəsi
sisteminin iştirakçılarında qovşaqların texniki
vasitələrlə təmin edilməsinə dair
tələbatı, elektron imza veriləcək
iştirakçıların rəhbərləri və
müavinləri, habelə elektron sənəd
dövriyyəsini bilavasitə həyata keçirəcək
məsul şəxsləri barədə məlumatı
ümumiləşdirərək müvafiq tədbirlər
görməsi üçün bir ay müddətində
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidmətinə təqdim etsin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
idarələrarası elektron sənəd dövriyyəsi
sistemi iştirakçılarının
qovşaqlarının texniki vasitələrlə təmin
edilməsi üçün zəruri olan maliyyə
vəsaitinin Azərbaycan Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin müraciəti əsasında on
beş gün müddətində Xidmətə
ayrılmasını təmin etsin.
4.
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidməti bu Fərmanla təsdiq edilmiş
“İdarələrarası elektron sənəd
dövriyyəsi sistemi haqqında Əsasnamə”nin 1.3.1-ci,
1.3.2-ci və 1.3.4-cü yarımbəndlərində
nəzərdə tutulmuş iştirakçılarda
2013-cü il iyulun 1-dək, 1.3.3-cü yarımbəndində
nəzərdə tutulmuş iştirakçılarda isə
2014-cü il yanvarın 1-dək qovşaqların texniki
vasitələrlə təmin edilməsini başa
çatdırsın və bu barədə Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.
5. Bu
Fərmanla təsdiq edilmiş “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 1.3.1-ci yarımbəndində
nəzərdə tutulmuş iştirakçılar 2013-cü
il iyulun 1-dən, 1.3.3-cü yarımbəndində
nəzərdə tutulmuş iştirakçılar 2014-cü
il yanvarın 1-dən idarələrarası elektron
sənəd dövriyyəsinə başlanmasını
təmin etsinlər.
6. Bu Fərmanla
təsdiq edilmiş “İdarələrarası elektron
sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 1.3.2-ci və 1.3.4-cü
yarımbəndlərində nəzərdə tutulmuş
iştirakçılara 2013-cü il iyulun 1-dən
idarələrarası elektron sənəd
dövriyyəsinə başlanmasını təmin etmək
tövsiyə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2012-ci il
¹ 692
|
|
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr
tarixli 692 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
ƏSASNAMƏ
1. Ümumi
müddəalar
1.1. Bu
Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
11 avqust tarixli 1056 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə
və informasiya texnologiyalarının inkişafı
üzrə 2010-2012-ci illər üçün Dövlət
Proqramı” (Elektron Azərbaycan)”nın 7.2.4.2-ci
yarımbəndinə əsasən hazırlanmışdır
və idarələrarası elektron sənəd
dövriyyəsi sisteminin (bundan sonra - sistem) yaradılması,
idarə olunması və bu sistemdən istifadə
qaydalarını müəyyən edir.
1.2. Sistemin
təşkilatçısı Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası, operatoru Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidmətidir.
1.3. Sistemin iştirakçıları
aşağıdakılardır:[1]
1.3.1. dövlət orqanları;
1.3.2. dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslər,
dövlət adından yaradılan publik hüquqi
şəxslər;
1.3.3. bu Əsasnaməyə əlavə edilmiş
siyahıda nəzərdə tutulan qurumlar.
1.4. Bu Əsasnamədə elektron
sənəd dövriyyəsi dedikdə sistemin
iştirakçıları arasında elektron sənəd
mübadiləsinin və sistem çərçivəsində
sənədlərin hərəkəti üzrə uçotun
aparılması nəzərdə tutulur.[2]
1.5. Bu
Əsasnamə dövlət sirri təşkil edən
məlumatların dövriyyəsinə şamil edilmir.
1.6. Sistemin
əsas prinsipləri aşağıdakılardır:
1.6.1.
sistemdən eyni zamanda bir neçə
iştirakçının istifadə etməsinin texnoloji
cəhətdən mümkün olması;
1.6.2. sistemin
iştirakçıları tərəfindən informasiya
mübadiləsində bir-biri ilə uzlaşa bilən
texnologiyaların, formatların, protokolların və
proqram-texniki vasitələrin tətbiq edilməsi;
1.6.3. sistemin
iştirakçıları tərəfindən yalnız
sertifikatlaşdırılmış proqram təminatı
və proqram-texniki vasitələrindən istifadə
edilməsi;
1.6.4.
verilən məlumatların tamlığının təmin
edilməsi;
1.6.5.
idarələrarası elektron sənəd dövriyyəsi
zamanı informasiya təhlükəsizliyinin təmin
edilməsi;
1.6.6. Elektron sənədlərlə bağlı
kargüzarlığın Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Dövlət
orqanlarında, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi
şəxslərdə və büdcə
təşkilatlarında kargüzarlığın aparılmasına
dair Təlimat”a uyğun həyata keçirilməsi.[3]
2. Sistemin
texniki-texnoloji infrastrukturu
2.1. Sistemin
texniki-texnoloji infrastrukturu aşağıdakı
elementlərdən ibarətdir:
2.1.1. sistemin
əsas qovşağı;
2.1.2. sistem
iştirakçılarının qovşaqları;
2.1.3.
mühafizə olunan rabitə kanalları.
2.2. Sistemin
əsas qovşağının texniki vasitələrinə
sənəd dövriyyəsi sistemi, poçt serverləri,
sertifikat mərkəzinin proqram-aparat vasitələri,
informasiyanı mühafizə vasitələri, sistem
iştirakçılarının qarşılıqlı
fəaliyyətinin proqram təminatı və digər
proqram-texniki vasitələr aiddir.
2.3. Sistem
iştirakçılarının qovşaqlarının
texniki vasitələrinə server (o
cümlədən ehtiyat server), kommunikasiya
avadanlığı, informasiyanın mühafizə
vasitələri və avtomatlaşdırılmış
iş yerləri aiddir.[4]
2.4. Sistem
iştirakçılarının qovşaqlarının
texniki vasitələri sistemin operatoru tərəfindən
onlara müvəqqəti istifadə üçün
təmənnasız olaraq verilir. Texniki vasitələrin
verilməsi təhvil-təslim aktı ilə
rəsmiləşdirilir. Texniki vasitələr onların
mühafizəsini, həmçinin göndərilən və
qəbul edilən sənədlərin
təhlükəsizliyini təmin edən otaqlarda yerləşdirilməlidir.
2.5. Sistem
iştirakçılarının qovşaqlarında
əlavə texniki vasitələrin yerləşdirilməsi
və (və ya) onların yerinin dəyişdirilməsi
zərurəti yarandıqda, rabitə kanallarının
çəkilməsi, avadanlığın və proqram
təminatının alınması üzrə kompleks
işlər sistem iştirakçısının maliyyə
vəsaiti hesabına sistem operatoru tərəfindən
həyata keçirilir.
3. Sistemin
təşkilatçısı
3.0. Sistem
təşkilatçısının əsas funksiyaları
aşağıdakılardır:
3.0.1. sistem
çərçivəsində elektron sənəd
dövriyyəsini, habelə informasiya mühafizəsinin
təmin edilməsini tənzimləyən hüquqi aktların
tələblərinin yerinə yetirilməsinə
nəzarəti həyata keçirmək, bu tələblər
pozulduqda isə elektron sənəd mübadiləsini
qadağan etmək və ya dayandırmaq;
3.0.2. sistem
operatorunun və iştirakçılarının
idarələrarası elektron sənəd
dövriyyəsinə məsul olan rəhbər
şəxsləri barədə məlumatlı olmaq;
3.0.3. sistemin
təşkilati və metodiki təminatını həyata
keçirmək.
4. Sistemin
operatoru
4.1. Sistem
operatorunun əsas funksiyaları
aşağıdakılardır:
4.1.1. sistemin
əsas qovşağında olan və sistem
iştirakçılarının qovşaqlarına
mühafizə olunan rabitə kanalları ilə
göndərilən informasiyanı icazəsiz daxilolmalardan
və təhrifetmələrdən mühafizə etmək;
4.1.2. sistemin
iştirakçıları arasında elektron sənəd
mübadiləsini həyata keçirmək;
4.1.3. sistemin
texniki-texnoloji infrastrukturunun istismarını təmin
etmək;
4.1.4. sistemin
informasiya təhlükəsizliyini təmin etmək;
4.1.5. sistem
iştirakçılarında elektron sənəd
mübadiləsini bilavasitə həyata keçirən
məsul şəxslərin sistemdən istifadə
vərdişlərinin formalaşdırılmasını
və daim təkmilləşdirilməsini sistemin
təşkilatçısı ilə birlikdə təmin
etmək.
4.2. Sistemin
operatoru sistemin texniki‑texnoloji infrastrukturunun
yaradılmasını sistem iştirakçılarının
qovşaqlarının yaradılması və sistemin əsas
qovşağından sistem iştirakçılarının
qovşaqlarına qədər rabitə kanallarının
təşkili yolu ilə həyata keçirir. Sistemin
rabitə kanallarının təşkili üçün
sistem operatorunun rabitə kanallarından istifadə olunur.
4.3. Sistemin
operatoru texniki və mühafizə vasitələrinin
sazlanmasını, habelə xüsusi proqram
təminatının quraşdırılmasını
həyata keçirir.
4.4. Sistemin
texniki-texnoloji infrastrukturunun istismarının təmin
edilməsi sistemin operatoru tərəfindən
aşağıdakı kompleks işlərin yerinə
yetirilməsi yolu ilə həyata keçirilir:
4.4.1.
proqram-texniki vasitələrin işlək vəziyyətdə
olmasının təmin edilməsi;
4.4.2.
proqram-texniki vasitələrin istismarı zamanı aşkar
edilən səhvlərin və nasazlıqların təhlil
edilməsi və aradan qaldırılması;
4.4.3.
sıradan çıxmış proqram-texniki vasitələrin
təmir edilməsi və ya yenisi ilə əvəz
edilməsi;
4.4.4.
informasiya təhlükəsizliyinin təmin edilməsi;
4.4.5. sistemin
əsas qovşağında yerləşən məlumat
bazalarının saxlanılması, bərpa edilməsi və
ehtiyat surətinin yaradılması qaydalarının,
habelə virus əleyhinə bazaların yenilənməsi
qaydasının müəyyən edilməsi.
4.5. Sistem elektron
sənədlərə baxılmasının gedişatı
barədə sistemin iştirakçıları
üçün xəbərdarlıq verilməsini təmin
etməlidir.
5. Sistemin
iştirakçıları
5.1. Sistem
iştirakçılarının əsas funksiyaları
aşağıdakılardır:
5.1.1. sistem
iştirakçılarının qovşaqlarının
və bu qovşaqların texniki vasitələrinin
yerləşdirilməsi üçün xüsusi texniki otaqlar ayırmaq, həmin
otaqlara dair rejim tədbirlərinin təşkil edilməsini
həyata keçirmək;[5]
5.1.2.
idarələrarası elektron sənəd dövriyyəsi
çərçivəsində elektron sənəd
mübadiləsini bilavasitə həyata keçirəcək
məsul şəxsləri müəyyən etmək;
5.1.3.
mühafizə olunan rabitə kanalı ilə
göndərilənədək informasiyanın icazəsiz
daxilolmalardan və təhrifetmələrdən
mühafizəsini təmin etmək.
5.2.
İşlənilən materialların (səyyar informasiya
daşıyıcıları, printerlər üçün
kartriclər və s.) alınmasının
maliyyələşdirilməsi sistemin
iştirakçıları tərəfindən həyata
keçirilir.
|
|
“İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”yə ƏLAVƏ |
İdarələrarası
elektron sənəd dövriyyəsi sisteminin
iştirakçısı olan qurumların
SİYAHISI
1. Azərbaycan Milli Elmlər
Akademiyası;
2. Azərbaycan Respublikasının
Dövlət Neft Fondu;[6]
3. Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
4. Azərbaycan Respublikasının
Auditorlar Palatası;
5. Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti;
6. Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası;
7. Azərbaycan
Respublikasının Ticarət və Sənaye Palatası;
8. Publik hüquqi
şəxslər.[7]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 iyul
2016-cı il tarixli 993
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 16 iyul 2016-cı il, ¹ 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 7, maddə 1264)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 iyul 2016-cı il
tarixli 993 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 16 iyul 2016-cı il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1264)
ilə 1.3.1-ci yarımbənddən “Azərbaycan Respublikasının
Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi
Xidməti,” sözləri
çıxarılmışdır.
11 mart 2019-cu il tarixli 578
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 418) ilə “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 1.3.-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
1.3. Sistemin
iştirakçıları aşağıdakı
dövlət orqanları və qurumlardır:
1.3.1.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,
Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi
Tibb Xidməti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının və onlara bərabər tutulan
orqanların, Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında olan icra hakimiyyəti orqanlarının və
Azərbaycan Respublikasının Prezidenti yanında Ali
Attestasiya Komissiyasının aparatları, Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Azərbaycan
Respublikası Tarif (qiymət) Şurasının Katibliyi;
1.3.2.
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin, Azərbaycan Respublikası
Hesablama Palatasının, Məhkəmə-Hüquq
Şurasının, Azərbaycan Respublikası İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın),
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının və Milli Televiziya və Radio
Şurasının aparatları, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikası Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının Katibliyi;
1.3.3. yerli
icra hakimiyyəti orqanları;
1.3.4. bu
Əsasnaməyə əlavə edilmiş siyahıda
nəzərdə tutulmuş qurumlar.
[2] 11 mart 2019-cu il tarixli 578
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 418) ilə “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 1.4-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
1.4. Bu
Əsasnamədə elektron sənəd dövriyyəsi
dedikdə, sistemin iştirakçıları arasında
elektron sənədlərin nizamlanmış
hərəkəti ilə bağlı aşağıdakı
informasiya prosesləri nəzərdə tutulur:
1.4.1.
Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktlarının və
tapşırıqlarının (tövsiyələrinin)
elektron formada göndərilməsi;
1.4.2.
sistemin iştirakçıları tərəfindən elektron
sənədlərə, o cümlədən Azərbaycan Respublikası
Prezidentinin və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin tapşırıqlarına
(tövsiyələrinə) baxılması
nəticələri barədə informasiyanın elektron formada
göndərilməsi;
1.4.3.
sistemin iştirakçıları tərəfindən
Azərbaycan Respublikasının Prezidentinə və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
müraciətlərin, o cümlədən hüquqi
aktların layihələrinin elektron formada təqdim
edilməsi;
1.4.4. sistemin
iştirakçıları arasında hüquqi aktların
layihələri üzrə razılaşdırma
prosedurlarının elektron formada həyata keçirilməsi.
[3] 14 iyul 2016-cı il
tarixli 993 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 16 iyul 2016-cı il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1264)
ilə 1.6.6-cı yarımbənd yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
1.6.6. elektron
sənəd dövriyyəsinin qanunvericiliklə
müəyyən edilmiş kargüzarlıq standartları
və qaydaları əsasında həyata keçirilməsi.
[4] 11 mart 2019-cu il tarixli 578
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 418) ilə “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 2.3-cü bəndinə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri
əlavə edilmişdir.
[5] 11 mart 2019-cu il tarixli 578
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 418) ilə “İdarələrarası
elektron sənəd dövriyyəsi sistemi haqqında
Əsasnamə”nin 5.1.1-ci yarımbəndinə “xüsusi” sözündən
sonra “texniki” sözü
əlavə edilmişdir.
[6] 11 mart 2019-cu il tarixli 578
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹3, maddə 418) ilə “İdarələrarası
elektron sənəd dövriyyəsi sisteminin
iştirakçısı olan qurumların
siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci
hissələri ləğv edilmişdir.
[7] 14 iyul 2016-cı il
tarixli 993 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 16 iyul 2016-cı il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 7,
maddə 1264)
ilə Əsasnaməyə
əlavədə - “İdarələrarası elektron
sənəd dövriyyəsi sisteminin
iştirakçısı olan qurumların
Siyahısı”nın 7-ci hissəsinin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 8-ci hissə
əlavə edilmişdir.