“Əlavə
dəyər vergisi üzrə gömrük borcunun
məbləğinin hesablanması Qaydası”nın təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli
499 nömrəli Fərmanının 1.3.13-cü yarımbəndinin
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlavə
dəyər vergisi üzrə gömrük borcunun
məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri Artur
Rasi-zadə
Bakı şəhəri, 7 may 2012-ci il
¹ 96
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il
7 may tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmişdir. |
Əlavə
dəyər vergisi üzrə gömrük borcunun
məbləğinin hesablanması
QAYDASI
1. Ümumi
müddəalar
1.1. Bu Qayda Azərbaycan
Respublikası Gömrük
Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 242.5-ci
maddəsinə əsasən hazırlanmışdır və
əlavə dəyər vergisi (bundan sonra – ƏDV)
üzrə gömrük borcunun məbləğinin
hesablanması qaydasını müəyyən edir.
1.2. Azərbaycan
Respublikasının gömrük ərazisinə (bundan sonra –
gömrük ərazisi) gətirilən və bu
ərazidən aparılan mallara ƏDV Gömrük
Məcəlləsinə və Vergi
Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
1.3. Gömrük borcu hesablanmış gömrük
ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş
üsullardan istifadə etməklə təminat verildikdə,
həmin təminat üzrə öhdəlik daşıyan
şəxslər tərəfindən ödənilə
bilər. Fiziki şəxslər tərəfindən
gömrük sərhədindən kommersiya
məqsədləri üçün nəzərdə
tutulmayan malların keçirilməsi ilə əlaqədar
yarana biləcək gömrük ödənişləri
sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə
Gömrük Məcəlləsinin 258.1-ci maddəsində
nəzərdə tutulmuş üsullardan istifadə
edilməklə təminat verildikdə, həmin təminat
üzrə öhdəlik daşıyan şəxslər tərəfindən
ödənilə bilər.[1]
1.4. ƏDV üzrə
gömrük borcu Azərbaycan Respublikasının milli
valyutası ilə ödənilir.
1.5. Xarici valyutanın
Azərbaycan Respublikasının milli valyutasına
çevrilməsi, bəyannamənin qəbul edildiyi
günə Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi
məzənnələrlə hesablanır.
1.6. ƏDV üzrə
gömrük borcu gömrük orqanına yalnız bank,
poçt və ya plastik kart vasitəsilə, beynəlxalq
poçt göndərişləri ilə göndərilən
mallar üçün isə poçt rabitəsi
operatorlarına qanunvericiliklə müəyyən edilmiş
ödəniş vasitələri ilə ödənilir.
2. ƏDV
üzrə gömrük borcunun ödənilməsinə
görə məsul şəxs
2.1. Azərbaycan
Respublikasının gömrük orqanlarına (bundan sonra –
gömrük orqanları) gömrük bəyannaməsini
təqdim edən və ya adından gömrük
bəyannaməsi verilən şəxslər ƏDV
üzrə gömrük borcunun ödəyicisi hesab
edilirlər.
2.2. Mallardan istifadə
edilməsi və onlara dair sərəncam verilməsi
haqqında, o cümlədən müvafiq gömrük
proseduruna uyğun olaraq, gömrük
ödənişlərindən tamamilə və ya qismən
azad edilmiş mallardan təyinatı üzrə istifadə
edilməsi barədə Gömrük
Məcəlləsində nəzərdə tutulmuş
tələblərə riayət olunmadığı halda,
müvafiq gömrük prosedurlarının
tələblərini yerinə yetirməli olan şəxs
həmin mallar üçün hesablanmış ƏDV
üzrə gömrük borcunun ödənilməsinə
görə məsul şəxs hesab edilir.
3. ƏDV
üzrə gömrük borcunun hesablanması qaydası
3.1. ƏDV üzrə
gömrük borcunun hesablanması idxal olunan mallara
münasibətdə gömrük sərhədini
keçən gündən, ixrac olunan mallara
münasibətdə isə mallara dair bəyannamənin
təqdim olunduğu gündən başlanır və
həmin gün qüvvədə olan vergi dərəcəsi
əsas götürülür.
3.2. ƏDV üzrə
gömrük borcunun məbləği hesablanarkən,
malların Gömrük
Məcəlləsi və “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun qaydada
müəyyən edilən gömrük dəyərinin, aksiz
vergisinin və gömrük rüsumlarının
məbləğinin cəmi əsas götürülür.
3.3. Malların
gömrük rəsmiləşdirilməsi zamanı
müəyyən edilmiş gömrük dəyərini –“D”,
aksiz vergisini – “A”, gömrük rüsumlarını – “R”,
qüvvədə olan vergi dərəcəsini isə - “V”
hərfi ilə işarə etsək, onda ƏDV-nin
məbləği aşağıdakı qaydada
hesablanacaqdır:
ƏDV = (D + A + R) x V/100
4. ƏDV
üzrə gömrük borcunun ödənilməsi
müddətləri
4.1. ƏDV üzrə
gömrük borcu gömrük orqanları
tərəfindən gömrük bəyannaməsi təsdiq
edilənədək və ya gömrük bəyannaməsinin
təsdiqi ilə eyni vaxtda ödənilir.
4.2. Kommersiya
məqsədləri üçün nəzərdə
tutulmayan mallara hesablanmış ƏDV üzrə
gömrük borcu həmin mallar gömrük
sərhədindən keçirilərkən
sadələşdirilmiş bəyannamənin təsdiqi
ilə eyni vaxtda ödənilir.
4.3. Gömrük
bəyannaməsinin verilməsi gecikdirildikdə, ƏDV
üzrə gömrük borcunun ödənilməsi
müddəti gömrük bəyannaməsinin verilməsi
üçün müəyyən edilən müddətin
başa çatdığı gündən hesablanır.
4.4. Gömrük
Məcəlləsinin 156.2-ci maddəsində nəzərdə tutulan
dövri bəyannamə verildiyi halda, ƏDV üzrə
gömrük borcu mallar müvafiq gömrük orqanına
təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec
olmayaraq ödənilməlidir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 24 fevral 2026-cı il tarixli 51 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 fevral
2026-cı il, “Xalq” qəzeti, 13 mart
2026-cı il, ¹ 47, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2,
maddə 190)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 fevral 2026-cı il
tarixli 51 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 24 fevral
2026-cı il, “Xalq” qəzeti, 13 mart
2026-cı il, ¹ 47, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 2,
maddə 190) ilə “Əlavə dəyər vergisi
üzrə gömrük borcunun məbləğinin
hesablanması Qaydası”nın 1.3-cü bəndi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
1.3. ƏDV üzrə
gömrük borcu istənilən maraqlı şəxs
tərəfindən ödənilə bilər.