“Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun
tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki:
1.1. 2012-ci il iyulun 1-dək:
1.1.1. qüvvədə olan qanunvericilik
aktlarının “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikasının Konstitusiya Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə hər ayın sonunda hissə-hissə təqdim
etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının, normativ
xarakterli aktların həmin Konstitusiya Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.2. beş ay müddətində mülki hüquq
normalarını əks etdirən qanunvericilik aktlarının
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə ziddiyyət təşkil etdikləri hissədə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3. üç ay müddətində:
1.3.1. həmin Konstitusiya Qanununun 92-ci maddəsində
nəzərdə tutulmuş normativ hüquqi aktların
icrasına nəzarəti və yoxlanılmasını
həyata keçirən orqanlar (şəxslər)
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24
avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “İcra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarına baxılması, qəbul edilməsi
və təsdiqi qaydası haqqında Əsasnamə”nin
həmin Konstitusiya Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.3.3. yerli icra hakimiyyəti və yerli
özünüidarə orqanlarının normativ xarakterli
aktlarının hazırlanması və qəbul edilməsi
qaydaları barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3.4. Azərbaycan Respublikası Mərkəzi
Bankının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi qaydasını
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla müəyyən etsin;
1.3.4-1.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasının normativ xarakterli
aktlarının hazırlanması və qəbul edilməsi
qaydasını Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla müəyyən etsin;[1]
1.3.5. Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinin fəaliyyətinin təmin
edilməsi üçün zəruri tədbirlər
görsün;
1.3.6. həmin Konstitusiya Qanunundan irəli gələn
digər məsələləri həll etsin;
1.4.
qanunvericiliyin təsirinin qiymətləndirilməsi
məqsədi ilə: [2]
1.4.1.
hazırlanan hüquqi aktların layihələrinin və
qüvvədə olan hüquqi aktların bu Fərmanın
1-1.1-ci bəndində nəzərdə tutulmuş
qanunvericiliyin təsirinin qiymətləndirilməsi
mexanizminə müvafiq olaraq monitorinqinin həyata
keçirilməsi ilə bağlı tədbirlər
görsün;
1.4.2. bu
Fərmanın 1.4.1-ci yarımbəndinə uyğun olaraq
aparılmış monitorinqin nəticələri ilə
bağlı təkliflərini (məlumatlarını) bu
Fərmanın 1-1.1-ci bəndində nəzərdə
tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi
mexanizminə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına təqdim etsin.
1-1.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası: [3]
1-1.1.
inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin
təsirinin qiymətləndirilməsi sahəsində
mütərəqqi təcrübəsini nəzərə
almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi
mexanizmi ilə bağlı təkliflərini dörd ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1-1.2. bu
Fərmanın 1.4.2-ci yarımbəndinə uyğun təqdim
olunacaq təklifləri (məlumatları) Administrasiyanın
hüquq xidməti vasitəsilə
ümumiləşdirərək Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1-1.3.
Administrasiyanın hüquq xidməti vasitəsilə
qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə
işlərin əlaqələndirilməsini təmin etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrini yaratsın;
2.2. bir ay müddətində hüquqi aktların
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi haqqında
əsasnamənin layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına, Milli Televiziya və Radio
Şurasına və Məhkəmə-Hüquq Şurasına
öz normativ xarakterli aktlarının hazırlanması və
qəbul edilməsi qaydalarının Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi ilə
razılaşdırmaqla aidiyyəti üzrə
müəyyən edilməsi tövsiyə edilsin.
4. Müəyyən edilsin ki:
4.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 95.2-ci maddəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
4.2. həmin Konstitusiya Qanununun 78.1-ci maddəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi həyata keçirir;
4.3.
həmin Konstitusiya Qanununun 4.1.3-cü və 80.0.2.3-cü
maddələrində “maliyyə bazarlarının
tənzimləyicisi” dedikdə, Azərbaycan
Respublikasının Mərkəzi Bankı,
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatası və Azərbaycan
Respublikasının Maliyyə Monitorinqi Xidməti
nəzərdə tutulur.[4]
5. Azərbaycan Respublikasının
dövlət büdcəsi vəsaitinin istifadəsini
nəzərdə tutan hüquqi aktların layihələri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə
ekspertizasının rəyi əlavə edilməklə
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.[5]
6.
Azərbaycan Respublikasının dövlət dilində
hüquqi aktlar rəsmi qəzetlərdə
aşağıdakı qaydada dərc olunur:[6]
6.1.
Azərbaycan Respublikasının Konstitusiyası, referendumda
qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının
Konstitusiya qanunları, həmçinin onların tətbiqi
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamları – “Azərbaycan” və
“Xalq qəzeti” qəzetlərində;
6.2.
Azərbaycan Respublikasının qanunları və onların
tətbiqi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları –
“Azərbaycan” qəzetində;
6.3. bu Fərmanın 6.1-ci və 6.2-ci
bəndlərində nəzərdə tutulmayan Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamları, habelə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları – “Xalq qəzeti”
qəzetində.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 16 fevral 2011-ci il
¹ 384
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 aprel 2013-cü il tarixli 860 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 aprel 2013-cü il, ¹ 74,
“Azərbaycan” qəzeti, 14 aprel 2013-cü il, ¹ 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 04, maddə 374)
2. 18 oktyabr 2016-cı il tarixli 1070 nömrəli
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1629)
3. 18 iyul 2018-ci il tarixli 216 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 19 iyul 2018-ci il, ¹ 158, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹7, I kitab,
maddə 1502)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18
oktyabr 2016-cı il tarixli 1070
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti,
20 oktyabr 2016-cı il, ¹ 231, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10, maddə 1629) ilə
yeni məzmunda 1.3.4-1-ci yarımbənd əlavə edilmişdir.
[2] 15
aprel 2019-cu il tarixli 631
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 631) ilə 1.3.6-cı
yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 1.4-cü bənd
əlavə edilmişdir.
[3] 15
aprel 2019-cu il tarixli 631
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 631) ilə yeni məzmunda 1-1-ci
hissə əlavə edilmişdir.
[4] 18
oktyabr 2016-cı il tarixli 1070
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1629) ilə 4.2-ci bəndin sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 4.3-cü bənd
əlavə edilmişdir.
18
iyul 2018-ci il tarixli 216
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 19 iyul 2018-ci il, ¹ 158, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹7, I kitab,
maddə 1502) ilə
4.3-cü bənddə “və Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası” sözləri “, Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası və Azərbaycan Respublikasının Maliyyə
Monitorinqi Xidməti” sözləri ilə əvəz
edilmişdir.
[5] 10 aprel
2013-cü il tarixli 860
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 11 aprel 2013-cü il, ¹ 74, “Azərbaycan” qəzeti, 14
aprel 2013-cü il, ¹ 78, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 04, maddə 374) ilə
yeni məzmunda 5-ci
hissə əlavə edilmişdir.
[6] 18
oktyabr 2016-cı il tarixli 1070
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 10, maddə 1629) ilə yeni məzmunda 6-cı hissə
əlavə edilmişdir.