“Fərdi
məlumatların mühafizəsinə dair
Tələblər”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli
Fərmanının 1.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Fərdi məlumatların mühafizəsinə dair
Tələblər” təsdiq edilsin (əlavə olunur).
2. Bu
qərarın 1-ci bəndi ilə təsdiq edilmiş “Fərdi
məlumatların mühafizəsinə dair
Tələblər”in icrasına nəzarət öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici
Kəşfiyyat Xidməti, Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidməti və Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası
tərəfindən həyata keçirilsin.[1]
3. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 sentyabr
2010-cu il
¹ 161
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr
tarixli 161 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Fərdi
məlumatların mühafizəsinə dair
TƏLƏBLƏR
1. Ümumi
müddəalar
1.1.
Fərdi məlumatların mühafizəsinə dair
Tələblər (bundan sonra — Tələblər) “Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli
Fərmanına əsasən hazırlanmışdır.
1.2.
Tələblər fərdi məlumatların
mülkiyyətçisi və ya operatoru tərəfindən
fərdi məlumatların toplanılması,
işlənilməsi, yayılması və verilməsi
zamanı həmin fərdi məlumatların və müvafiq
informasiya sistemlərinin mühafizəsi ilə bağlı
yaranan münasibətləri tənzimləyir.
2. Fərdi
məlumatlar işlənilən informasiya sistemləri
qarşısında qoyulan əsas təhlükəsizlik
tələbləri
2.1.
İnformasiya sistemlərində fərdi məlumatların
işlənilməsi zamanı aşağıdakı əsas
texniki-təşkilati təhlükəsizlik
tələbləri təmin olunmalıdır:
2.1.1.
fərdi məlumatların işlənilməsində
avtomatlaşdırılmış texniki vasitələrin
işinin pozulmasına gətirib çıxaran
təsirlərə yol verilməməsi;
2.1.2.
fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının
vaxtında aşkar edilməsi;
2.1.3.
fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin
çıxarılmasının və (və ya) bu
məlumatların onlarla işləməyə icazəsi
olmayan şəxslərə ötürülməsinin
qarşısının alınması;
2.1.4.
dəyişdirilmiş və ya məhv edilmiş fərdi
məlumatların dərhal bərpası imkanının
olması;
2.1.5.
fərdi məlumatların mühafizə səviyyəsinin
daim nəzarətdə saxlanılması;
2.1.6.
fərdi məlumatların işlənilməsi zamanı
onların təhlükəsizliyinə qarşı
yönələn təhdidlərin müəyyən
edilməsi və bunun əsasında ehtimal edilən
təhdidlərin neytrallaşdırılmasını təmin
edən fərdi məlumatların mühafizə sisteminin
işlənib hazırlanması və daim
təkmilləşdirilməsi;
2.1.7.
fərdi məlumatlar üzərində aparılan
əməliyyatların yalnız fərdi məlumatların
mülkiyyətçisi tərəfindən
yoxlanılmış və təsdiq edilmiş təlimatlar
və proqram təminatı əsasında həyata
keçirilməsi (fərdi məlumatların yazılması,
sistemləşdirilməsi, təzələnməsi,
dəyişdirilməsi, çıxarılması,
adsızlaşdırılması, saxlanılması,
ötürülməsi, məhv edilməsi);
2.1.8.
fərdi məlumatların informasiya sistemlərinin
mühafizə vasitələrinin və üsullarının
istismar və texniki sənədlərə uyğunluğu
barədə müvafiq sənədin olması;
2.1.9.
informasiya mühafizə vasitələrinin istismar və texniki
sənədlərə uyğun quraşdırılması
və istismara verilməsi;
2.1.10.
informasiya mühafizə vasitələrindən istifadə
edən şəxslərə həmin vasitələrlə
işləmə qaydalarının öyrədilməsi və
onların bilik və bacarıqlarının
təkmilləşdirilməsinə dair təlimlərin
keçirilməsi;
2.1.11.
tətbiq edilən informasiya mühafizə vasitələrinin,
onların istismar və texniki sənədlərinin, fərdi
məlumat daşıyıcılarının uçotunun
aparılması;
2.1.12.
informasiya sistemində fərdi məlumatlarla
işləməyə icazə verilən şəxslərin
uçotunun aparılması;
2.1.13.
fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
fəaliyyət göstərən fiziki
şəxslərdən fəaliyyət müddətində
və işdən çıxdıqdan sonra həmin
məlumatların yayılmaması barədə yazılı
iltizamın alınması; [2]
2.1.14.
informasiya mühafizə vasitələrinin istifadəsi
zamanı istismar və texniki sənədlərdə
nəzərdə tutulan şərtlərə riayət
olunmasına nəzarət edilməsi;
2.1.15.
fərdi məlumat daşıyıcılarının,
informasiya mühafizə vasitələrinin saxlanılması
şərtlərinə riayət edilməməsi
nəticəsində fərdi məlumatların
konfidensiallığının pozulmasına və onların
mühafizə səviyyəsinin aşağı
salınmasına səbəb olan faktların araşdırılması
və bu barədə rəy tərtib edilməsi və
belə pozuntuların təhlükəli
nəticələrinin aradan qaldırılması
üçün tədbirlərin hazırlanıb həyata
keçirilməsi;
2.1.16.
fərdi məlumatların saxlandığı
mərkəzlərin ehtiyat enerji sistemi və yanğın-
mühafizə siqnalizasiya sistemi ilə təchiz edilməsi;
2.1.17.
data mərkəzinin arxiv sisteminin ayrıca binada
yerləşdirilməsi;
2.1.18.
informasiya sistemlərində
lisenziyalaşdırılmış proqram təminatlarından
istifadə edilməsi;
2.1.19.
fərdi məlumat istifadəçilərinin səlahiyyət
bölgüsünün aparılması, həmin
səlahiyyətlərin avadanlıq və proqram
təminatı səviyyəsində autentifikasiya edilməsi;
2.1.20.
informasiya sistemindən fərdi məlumatları əldə
etmək üçün müraciət edən
istifadəçilərin öz mühafizə serverləri
vasitəsilə müraciət etməsi;
2.1.21.
informasiyanın ötürülməsi üçün
istifadə olunan şifrləmə sisteminin
açarının uzunluğunun 256 bit-dən az olmaması;
2.1.22.
fərdi məlumatların mühafizə sisteminin təsvir
edilməsi;
2.1.23.
fərdi məlumatların informasiya sistemlərinin və
onların layihə sənədlərinin
dövlət ekspertizasından keçirilməsi. [3]
3. Fərdi
məlumatların mühafizəsi sahəsində
nəzarət
Bu
Tələblərin icrasına nəzarət edən orqanlar
ildə azı bir dəfə fərdi məlumatların
informasiya sistemlərində mühafizənin düzgün
qaydada təşkil olunmasının monitorinqini aparırlar.
4. Yekun
müddəalar
4.1.
Bu Tələblər qüvvəyə mindikdən sonra,
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası
Qanununun qüvvəyə minməsinə qədər
mövcud olan fərdi məlumatların
mülkiyyətçiləri və ya səlahiyyətli
operatorları fərdi məlumatların mühafizəsini
ən geci 6 ay müddətində bu Tələblərə
uyğun təşkil etməlidirlər.
4.2.
Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
fəaliyyət göstərən fiziki şəxslər
məlumatların yayılmamasına və qorunmasına
görə qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1]
13
iyun 2014-cü il tarixli 194
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyun 2014-cü il, ¹ 131, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6,
maddə 747) ilə 2-ci hissəsində “İnformasiya Texnologiyaları”
sözləri “Yüksək
Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
ilə 2-ci hissəsindən “Azərbaycan
Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi,” sözləri
çıxarılmışdır və həmin
hissəyə “Ədliyyə
Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti”
sözləri əlavə edilmişdir.
18
iyul 2017-ci il tarixli 295
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 iyul 2017-ci il, ¹
153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə
1492) ilə 2-ci hissədə “və Azərbaycan
Respublikasının Xüsusi Dövlət Mühafizə
Xidməti” sözləri “,
Azərbaycan Respublikasının Xüsusi Dövlət
Mühafizə Xidməti və Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası” sözləri ilə əvəz edilmişdir.
21
yanvar 2019-cu il tarixli 18 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il,
¹ 19,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 162) ilə 2-ci
hissədə “Rabitə və
Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar”
sözləri ilə əvəz edilmişdir.
[2]
18
iyul 2017-ci il tarixli 295
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 iyul 2017-ci il, ¹
153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə
1492) ilə “Fərdi
məlumatların mühafizəsinə dair
Tələblər”inin 2.1.13-cü yarımbənd və 4.2-ci
bənd ləğv edilmişdir.
[3]
18
iyul 2017-ci il tarixli 295
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 19 iyul 2017-ci il, ¹
153, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə
1492) ilə “Fərdi
məlumatların mühafizəsinə dair
Tələblər”inin 2.1.23-cü yarımbəndə “sistemlərinin”
sözündən sonra “və
onların” sözləri əlavə edilmişdir.