Tütün və tütün
məmulatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun Azərbaycan Respublikasında tütünün və
tütün məmulatının istehsalı, ticarəti, idxalı, ixracı və istehlakı
ilə bağlı münasibətləri tənzimləyir və keyfiyyətinin
idarə edilməsinin hüquqi əsaslarını müəyyən edir.
1.0. Bu Qanunda istifadə edilən anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. tütün
– yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal
kimi istifadə edilən birillik texniki bitki;
1.0.2. tənbəki
– yarpağı çubuqla çəkilən birillik texniki bitki;
1.0.3. fermentləşdirilmiş
tütün – tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi
keçmiş tütün yarpağı;
1.0.4. tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən
hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən
kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan
məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü,
nikotin tərkibli elektron siqaretlər və s.);[1]
1.0.4-1. qızdırılan
tütün məmulatı – tütündən (tütün qarışığından) və onun
istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən
ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ
gəlmədən qızdırılma prosesində yaranan nikotin
tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə
daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan
tütün məmulatı elektron siqaret hesab edilmir;
1.0.4-2. elektron siqaret – qida
məhsulları, tütün məhsulları, dərman vasitələri
və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya
nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan
orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və
müştük və ya digər komponentləri, o cümlədən kartrici
və flakonu olan və ya olmayan cihaz vasitəsilə
istifadə etmək üçün nəzərdə tutulmuş məhsul.
Elektron siqaretlərin flakonundan bir və ya bir neçə
dəfə istifadə edilə bilər və ya onlar
birdəfəlik kartriclərlə təkrar doldurula bilər.[2]
1.0.5. nikotin
– tütünün və tənbəkinin tərkibində
mövcud olan alkoloidlər qrupuna aid maddə;[3]
1.0.6. tütün
qatranı – yarımaye, qazabənzər tüstü kondensatı;
1.0.7. inqrediyent
– tütünə qatılan tamlı maddələr, tütün və qeyri-tütün tərkibli
əlavələr, habelə tütün məmulatının istehsalında istifadə
olunan qeyri-tütün komponentləri;
1.0.8. tamlı
maddə – tütün məmulatına xüsusi dad və ətir verilməsi
üçün tütünə əlavə olunan qeyri-tütün maddələri;
1.0.9. qeyri-tütün
komponentləri – tütün məmulatının istehsalında istifadə edilən
siqaret kağızı, mürəkkəb, yapışqan maddələr, filtrlər,
habelə tütündən fərqli olan hər hansı digər hissələr;
1.0.10. dövriyyə
– sənaye emalını keçmiş tütünün, habelə tütün məmulatının satın alınması
(o cümlədən idxalı), göndərilməsi (o cümlədən ixracı),
saxlanması, topdan və pərakəndə satışı.
2.1. Tütün və tütün məmulatı haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi bu Qanundan və bu Qanunla əlaqədar
qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının
digər qanunvericiliyindən ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələrdə tütün və tütün
məmulatına dair münasibətlərin tənzimlənməsi və
keyfiyyətinin idarə edilməsi barədə müəyyən edilmiş
qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə,
beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Tütünə və tütün məmulatına dair dövlət
siyasətinin əsas istiqamətləri tütün istehsalı sahəsində
fəaliyyətin qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun
yetişdirilməsinə, tütünün və tütün məmulatının ixracının artırılmasına,
daxili tütün məmulatı bazarının qorunmasına, idxal olunan tütün xammalının
yerli xammalla əvəz edilməsinə yönəldilməsi və
əhalinin tütün məmulatının zərərli təsirindən qorumaq
tədbirlərinin gücləndirilməsidir.
4.0. Tütünün və tütün məmulatının istehsalının
və dövriyyəsinin dövlət tənzimlənməsi aşağıdakıları
nəzərdə tutur:
4.0.1. tütünün və tütün məmulatının keyfiyyətinin,
istehsalının və dövriyyəsinin tənzimlənməsinə dair
normativ hüquqi aktlar qəbul etmək;
4.0.2. tütün və tütün məmulatı bazarını öyrənmək,
proqnozlar vermək, dövlət proqramı əsasında tütünçülüyün inkişafının
əsas istiqamətlərini və tənzimlənmə mexanizmlərini
müəyyənləşdirmək;
4.0.3. qiymətli və keyfiyyətli tütün
məhsulunun yetişdirilməsinə və emalına dair aqrotexniki və
texnoloji normalar müəyyən etmək;
4.0.4. tütün istehsalçılarının fəaliyyətini
stimullaşdırmaq və sosial müdafiəsini təmin etmək;
4.0.5.
tütün məmulatının idxalını və istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının
idxalını və istehsalını həyata keçirən sahibkarlıq
subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması qaydasını
və Reyestrin əsasnaməsini müəyyən etmək;[4]
4.0.6. daxili istehsal nəzərə alınmaqla
idxal olunan tütün məmulatına tarif kvotalarını müəyyən etmək;[5]
4.0.6-1. tütün məmulatının istehsalında yerli tütün xammalından
istifadə həcmlərinə dair tələbləri
müəyyən etmək;[6]
4.0.7. tütün məmulatına dair aksiz vergilərinin
dərəcələrini və tətbiqi qaydalarını müəyyən
etmək;
4.0.8. tütünün və tütün məmulatının keyfiyyətinə
və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək;
4.0.9. tütün məmulatının istehlakının məhdudlaşdırılmasına
yönəldilmiş sağlamlıq proqramları hazırlamaq və icrasını təmin etmək;
4.0.10. qanunvericiliklə müəyyən edilmiş
digər vəzifələri həyata keçirmək.
Maddə 4-1. Tütün məmulatının idxalını və
istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata
alınması, qeydiyyatının yenidən rəsmiləşdirilməsi və
Reyestrin aparılması[7]
4-1.1. Sahibkarlıq
subyektlərinin tütün məmulatının idxalını və istehsalını
həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən
rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
4-1.2.
Azərbaycan Respublikasında tütün məmulatının idxalını və
istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həmin subyektlərin müraciəti
əsasında qeydiyyata alınır.
4-1.3. Qeydiyyata
alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və
həmin subyektlərə Reyestrdən elektron və ya kağız
daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə
görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məbləğdə dövlət rüsumu
ödənilməlidir.
4-1.4. Tütün
məmulatının idxalını və istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması, Reyestrin aparılması
qaydası və Reyestrin əsasnaməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
4-1.5.
Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri
təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet
səhifəsində yerləşdirilməklə müntəzəm
olaraq yenilənir və bu məlumatlar istifadəçilər üçün
açıqdır.
4-1.6. Qeydiyyata
alınmadan tütün məmulatının idxalı və istehsalı
fəaliyyətinin həyata keçirilməsinə, o
cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və
10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat
şərtlərinə riayət edilməsinə nəzarət
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həyata keçirilir.
5.1. Azərbaycan Respublikasında əmtəəlik
tütün istehsalı üçün dövlət standartlarının tələblərinə
cavab verən rayonlaşdırılmış tütün sortlarının toxumlarından istifadə
edilməlidir.
5.2. Orijinal, super elit və elit tütün toxumlarının
istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi
tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında,
reproduksiyalı tütün toxumlarının istehsalı dövlət və bu fəaliyyət
növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata
keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi
qaydada super elit
və elit tütün toxumlarının istehsalı ilə məşğul ola bilərlər. [8]
5.3. Tütün toxumları istehsalçıları onların sort tərkibinin
təmizliyinə, sortluq və səpin keyfiyyətinə, təbii-iqlim
şəraitinə uyğunlaşmasına və fitosanitar vəziyyətinə
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.4. Tütünün becərilməsi, dərilməsi,
düzülməsi, qurudulması və ilkin emalı normativ sənədlərə
və texnoloji normalara uyğun olaraq həyata keçirilir.
6.1. Tütünün təbii və sənaye emalı texniki
şərtlərə
uyğun olaraq tütün
emalı müəssisələri tərəfindən həyata keçirilir.[9]
6.2. Təbii və sənaye emalı keçmiş tütün
normativlərə uyğun olaraq qablaşdırılır, etiketləşdirilir və
sertifikatlaşdırılır.
7.1. Qiymətli və keyfiyyətli tütün istehsalı
üzrə dövlət proqramı Azərbaycan Respublikasında tütünçülüyün inkişaf
etdirilməsini, ənənəvi yetişdirilən botaniki tütün sortlarının
ətirli tütün sortları ilə optimal nisbətdə əvəz edilməsini,
istehsal olunan məhsulun keyfiyyətinin təmin olunması məqsədini
daşıyır və aşağıdakıları nəzərdə tutur:
7.1.1. müəyyənləşdirilmiş tələbat
əsasında tütün sortları toxumlarının ölkəyə gətirilməsini
və istehsalının təşkilini;
7.1.2. tütün istehsalçılarına və tütün emalı müəssisələrinin
mütəxəssislərinə yeni sortların becərilməsi və
emalı texnologiyalarının öyrədilməsini;
7.1.3. tütünçülüyün müasir texnika ilə və
texnoloji avadanlıqla təchiz olunması tədbirlərini;
7.1.4. proqramda nəzərdə tutulan məsələlərin
maliyyə mənbələrinin müəyyən edilməsini, habelə
bu sahəyə investisiyanın cəlb edilməsi tədbirlərini.
7.2. Qiymətli və keyfiyyətli tütün istehsalı
üzrə dövlət proqramı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hazırlanır və həyata keçirilməsi təmin edilir.
8.1. Tütünçülük sahəsində elmi-tədqiqat
və sort-sınaq işlərinin aparılması dövlət büdcəsi və cəlb
olunan digər vəsaitlər hesabına maliyyələşdirilir.
8.2. Qiymətli və keyfiyyətli tütünün
istehsalını stimullaşdırmaq məqsədilə tütün istehsalçılarına və
tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən
güzəştli kreditlər üzrə güzəşt məbləği sahibkarlığa
yardım fondunun və bu kimi digər proqramların vəsaiti hesabına ödənilir.[10]
8.3. Məqsədli kreditlərin verilməsi,
qaytarılması qaydaları Azərbaycan Respublikası
Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.[11]
9.1. Azərbaycan Respublikasında istehsal olunan
tütün məhsulundan tütün məmulatının istehsalı dövlət tərəfindən
stimullaşdırılır.
9.2. Tütün istehsalçıları ilə uzunmüddətli
müqavilə əsasında kooperasiya əlaqələri quran, onlara resurslarla
yardım edən və məhsullarını istehsal olunduğu ilin sonuna qədər
satın alan tütün emalı müəssisələrinə məqsədli kreditlər
alınmasında üstünlük hüququ verilir.
9.3. Tütünçülükdə mütərəqqi texnikanın
və texnologiyanın tətbiqini təmin etmək məqsədilə
lizinq əsasında texniki xidmətin, bitki mühafizə vasitələri
və aqrokimyəvi maddələrlə təchizatın təşkili
sahəsində sahibkarlıq fəaliyyəti stimullaşdırılır.
9.4. Tütün istehsalçılarına dövlət himayəsinin,
habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının
digər forma və şərtləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
10.1. Tütün məmulatının istehsalçıları tütün qarışığını
bilavasitə müəssisədə hazırlamalıdırlar. [12]
10.2. Tütün məmulatının istehsalını həyata keçirən
sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat
şərtləri aşağıdakılardır:[13]
10.2.1. avadanlıqların
alınmasına 34 (otuz dörd) milyon manatdan az olmayan məbləğdə
investisiyanın qoyulması;
10.2.2. Azərbaycan
Respublikasında vergilər və digər icbari ödənişlər
üzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə
barəsində Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına
dair qüvvədə olan qərarın olmaması;
10.2.3. vergi orqanlarında
uçota alınmış təsərrüfat fəaliyyətinin həyata
keçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya
icarə hüququnu təsdiq edən sənədin olması;
10.2.4. tütün məmulatının
istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin
yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin
və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə
sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri
və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq uyğunluğun
qiymətləndirilməsinə dair sənədlərin olması;
10.2.5. keyfiyyət və
təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə
akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq
sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı
təqdirdə) müqavilənin olması.
10.3. Bu
Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyata keçirən
qeydiyyata alınmış sahibkarlıq subyektləri tütün məmulatının
istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya
tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi tələblərə riayət
etməlidirlər.[14]
10.4. Bu Qanunun
10.2.1-ci və 10.3-cü maddələri yalnız siqaret istehsalına şamil
olunur.
10.5. Bu Qanunun
10.2.1-ci maddəsi yalnız yeni fəaliyyətə başlayan və
ilk dəfə qeydiyyata alınan subyektlərə şamil edilir.
10.6. Bu Qanuna
uyğun olaraq qeydiyyata alınmadan tütün məmulatının istehsalı qadağandır.
10.7. Bu Qanunun 10.2.2 –
10.2.5-ci və 10.3-cü maddələrində müəyyən
edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlər üzrə
vaxtı keçmiş öhdəliklərinin olmaması
şərti istisna olmaqla) pozulduqda, habelə “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan Respublikası
Qanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün
məmulatının istehsalı fəaliyyəti ilə məşğul olan
sahibkarlıq subyektlərinin qeydiyyatı ləğv edilir.
11.1. Azərbaycan Respublikasında istehsal olunan
tütün məmulatının tərkibində istifadə edilən inqrediyentlərin
tam siyahısı istehsalçılar tərəfindən müvafiq icra hakimiyyəti
orqanına təqdim edilən hesabatda əks etdirilir. Siyahıda hər
növ tütün məmulatı (məhsul markası) üzrə onun adı və tərkibindəki
inqrediyentlərin miqdarı azalma qaydasında açıqlanır.
11.2. İnqrediyentlərin tam siyahısında hər
bir inqrediyentin funksiyası və həddi keçməyən miqdarının səviyyəsi
göstərilməlidir.
11.3. Siyahıda hər məhsul markasının növünə
nadir xüsusiyyətlər verən tamlı maddələr ayrılıqda açıqlanmaya
və "təbii" və (və ya) "süni" tamlı maddələr
kimi qruplaşdırıla bilər.
11.4. Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan
məhsulun tərkibində olan inqrediyentlər barədə məlumatları
istehlakçılara təqdim etməyi tələb edə və ya özü çatdıra
bilər.
11.5. Tütün məmulatının tərkibində olan
inqrediyentlər barədə hesabatın forması və təqdim edilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunur.
12.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün
məmulatının tərkibində hər ədəd üçün nikotinin, tütün
qatranının və karbon monoksidinin miqdarının yuxarı həddini respublikanın
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq
müəyyən edir və bu normaların azaldılmasını tənzimləyir.
12.2. Tütün məmulatı istehsalçıları tərəfindən
Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə
buraxılmış tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının
və karbon monoksidinin miqdarı barədə ildə bir dəfə
müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim edilməlidir.
12.3. Tütün məmulatının tərkibində olan
nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda istehsalçı
tərəfindən və ya onun hesabına beynəlxalq metodologiya
əsasında təhlil edilir və testləşdirilir.
12.4. Tütün məmulatının tərkibində nikotinin,
tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın
tərtibi və təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
13.1. Azərbaycan Respublikasının ərazisində
istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatı
qutularının tərtibatı beynəlxalq standartların tələblərinə
cavab verməlidir. Yazılar Azərbaycan dilində çap edilməlidir.
13.2. Tütün məmulatının istehlakının insanların
səhhətinə zərəri haqqında xəbərdarlıq yazısının
mətni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir və tütün məmulatı qutusunun
yan tərəflərinin birində aydın, seçilən (kontrast), qalın
hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmalı,
hər hansı nəşr materialı və ya təsvirlə örtülməsinə,
gizlədilməsinə, qutunun açılması zamanı zədələnməsinə
və ya arası kəsilməsinə yol verilməməlidir.[15]
13.3. İstehsal edilən və dövriyyəyə
buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin, tütün qatranının və karbon monoksidinin
miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına
çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.[16]
13.4. İxrac edilən tütün məmulatı qutularının
tərtibatı müqavilə şərtlərinə uyğun olaraq başqa dildə
də aparıla bilər.
14.1. Xarici dövlətlərdən Azərbaycan
Respublikasına dövlət reyestrində qeydiyyata alınmış, müəyyən
edilmiş qaydada verilmiş uyğunluq sertifikatı və ya onun tanınması barədə
şəhadətnaməsi olan və bu Qanunla müəyyənləşdirilən
keyfiyyət tələblərinə cavab verən tütün və tütün
məmulatı idxal oluna bilər.
14.2. Fiziki şəxslər tərəfindən
öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə
icazə verilən tütün məmulatının miqdarı müvafiq qanunvericiliklə
müəyyən edilir.
14.2-1. Tütün məmulatının idxalını həyata
keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün qeydiyyat
şərtləri aşağıdakılardır:[17]
14.2-1.1.
Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqla
tütün məmulatının istehsalı fəaliyyətinin həyata
keçirilməsi;
14.2-1.2.
Azərbaycan Respublikasında vergilər və digər icbari
ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması,
habelə barəsində Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə uyğun olaraq riskli vergi
ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
14.2-1.3. vergi
orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin
həyata keçirildiyi obyektə dair mülkiyyət, istifadə və
ya icarə hüququnu təsdiq edən sənədin olması
(sahibkarlıq subyektinin fəaliyyəti təsərrüfat subyekti
(obyekti) ilə bağlıdırsa).
14.2-2. Bu
Qanunun 14.2-1.1-ci maddəsi yalnız siqaret idxalına şamil olunur.
14.3. Hüquqi və fiziki şəxslər tərəfindən
tütünün və tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir:
14.3.1. bu Qanuna uyğun olaraq tütün məmulatının idxalının
həyata keçirilməsi üçün qeydiyyata alınmadıqda;[18]
14.3.2. tütünün və tütün məmulatının hər
partiyası üçün qanunvericiliklə müəyyən edilən sertifikatları
olmadıqda;
14.3.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;
14.3.4. tütün məmulatının qutusu üzərində
tütün çəkməyin sağlamlığa zərərli
təsiri barədə xəbərdarlıq, nikotinin, tütün qatranının və karbon monoksidinin
miqdarı haqqında yazıları Azərbaycan dilində olmadıqda;[19]
14.3.4-1. tütün və ya tütün
məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir
biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal
olunduqda;[20]
14.3.5. qanunvericiliyə uyğun olmayan digər
hallarda.
14.3-1. Bu Qanunun 14.2-1-ci maddəsində müəyyən
edilən qeydiyyat şərtləri (Azərbaycan Respublikasında
vergilərə və digər icbari ödənişlər üzrə
vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla)
pozulduqda, habelə “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci
maddəsində göstərilən hallarda tütün məmulatının
idxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq
subyektlərinin qeydiyyatı ləğv edilir.[21]
14.4. Tütünün və tütün məmulatın ixracı Azərbaycan
Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquq normalarına
uyğun olaraq həyata keçirilir.
Maddə 14-1.
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan
və pərakəndə satışı və istifadəsi[22]
Elektron siqaretlərin
və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan
və pərakəndə satışı və istifadəsi qadağandır.
15.1. Azərbaycan Respublikasında keyfiyyət
göstəriciləri normativ sənədlərin tələblərinə
və gigiyenik normativlərə cavab verən, müvafiq sertifikatları
olan tütün və tütün məmulatı ticarət dövriyyəsinə daxil
edilə bilər.
15.2. Tütünün və tütün məmulatının ticarəti
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq topdan və
pərakəndə satış formasında həyata keçirilir.
15.3. Tütünün və tütün məmulatının satışı
aşağıdakı hallarda qadağan olunur:
15.3.1. məhsulun hər partiyası üçün müvafiq
sertifikatlar olmadıqda;
15.3.2. tütün məmulatı aksiz markası ilə markalanmadıqda;
15.3.3. tərkibində nikotinin, tütün qatranının
və karbon monoksidinin miqdarı müəyyən edilmiş yuxarı həddən
çox olduqda;
15.3.3-1. tütün və ya tütün
məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir
biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal
olunduqda;[23]
15.3.4. tütün məmulatının qutusu üzərində
tütün çəkməyin sağlamlığa zərərli
təsiri barədə xəbərdarlıq yazısı olmadıqda;[24]
15.3.5. tütün məmulatının markalanması və
qutularının tərtibatı müvafiq normativ sənədlərin tələblərinə
uyğun aparılmadıqda;
15.3.6. 18 yaşına çatmamış şəxslərə satıldıqda;
15.3.7. avtomatlar vasitəsilə satıldıqda;
15.3.8. siqaret, papiros və siqarillalar ədədlə
satıldıqda.
15.4. Tütün məmulatlarının
buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün
məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına
şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq
edən və yaşını müəyyən etməyə imkan verən sənəd
tələb edir.[25]
15.5. Tədris, tərbiyə, səhiyyə,
sağlamlıq və mədəniyyət obyektlərində, habelə
uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün
məmulatının ticarətinə yol verilmir.
15.6. Tütün məmulatının ticarəti yerlərində
tütün çəkməyin sağlamlığa zərərli
təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının
qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına
xidmət edən digər yazılar olmalıdır.
16.1. Tütünün və tütün məmulatının qeyri-qanuni
dövriyyədən götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
16.2. Tütün və tütün məmulatı dövriyyədən
aşağıdakı hallarda götürülür:
16.2.1. qanuni istehsalı və dövriyyəyə
daxil edilməsi barədə sənədləri olmadıqda;
16.2.2. məhsulun hər partiyası üçün müvafiq
sertifikatlar olmadıqda;
16.2.3. tütün məmulatı aksiz markası ilə markalanmadıqda
və ya saxta markalarla markalandıqda;
16.2.4. tütün məmulatının tərkibində
nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı müəyyən
edilmiş yuxarı həddən çox olduqda,
yaxud tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən,
yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə
istehsal olunduqda; [26]
16.2.5. tütün məmulatının tərkibinə daxil
edilmiş inqrediyentlərin açıqlanmasına dair tələblər pozulduqda;
16.2.6. tütün məmulatı qutularının tərtibatı
qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadıqda;
16.2.7. məhsulun istehlak keyfiyyəti itirildikdə;
16.2.8. məhsulun sahibsiz olması müəyyən
edildikdə;
16.2.9. qanunda nəzərdə tutulmuş
digər hallarda.[27]
16.3. Qeyri-qanuni dövriyyədən götürülmüş
tütün və tütün məmulatı bu Qanunun 16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci
maddələrində göstərilən hallarda qanunvericiliklə
nəzərdə tutulmuş qaydada müsadirə edilir və məhv olunur,
digər hallarda isə müəyyənləşdirilmiş qaydada istifadə
edilir.
17.1. Tütünə və tütün məmulatına dair
normativ sənədlər onların istehsal, tədarük, emal, saxlanma,
daşınma, qablaşdırma, markalanma və satış qaydalarını, şərtlərini
və normalarını nizamlayan standartları və tələbləri müəyyən
edir.
17.2. Azərbaycan Respublikasında istehsal edilən,
habelə respublikaya gətirilən tütünün və tütün məmulatının
keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərin
tələblərinə cavab verməlidir.
17.3. Tütünə və tütün məmulatına dair
normativ sənədlərin tələblərinə əməl
olunması bu sahədə sahibkarlıq fəaliyyəti göstərən
bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
18.1. Azərbaycan Respublikasında istehsal edilən
və respublikaya gətirilən tütünün və tütün məmulatının
tərkibi əmtəə dəyərliliyi, sinfi (dərəcəsi),
çəkim keyfiyyəti, nikotin, tütün qatranı və karbon monoksidi göstəriciləri
üzrə təhlil edilir və qiymətləndirilir.
18.2. Tütünün və tütün məmulatının tərkibində
sağlamlıq üçün zərərli maddələrin miqdarı müvafiq qaydada təsdiq
edilmiş gigiyenik normativlərə uyğun olmalıdır.
18.3. Tütün məmulatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dövlət reyestrində gigiyena qeydiyyatına
alınır.
18.4. Keyfiyyət göstəriciləri qiymətləndirilmiş
tütün, habelə gigiyena qeydiyyatına alınmış tütün məmulatı müvafiq qaydada
sertifikatlaşdırılır.
19.1. Tütünün və tütün məmulatının keyfiyyətinə
və dövriyyəsinə dövlət nəzarətinin məqsədi
hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların
istehsalını, tədarükünü, emalını, qablaşdırılmasını, saxlanmasını, daşınmasını,
markalanmasını, satışını, idxalını və ixracını, habelə keyfiyyət
göstəricilərini nizamlayan normativ sənədlərin tələblərinə
və gigiyenik normativlərə əməl olunmasını təmin etməkdir.
19.1-1. Sahibkarlara münasibətdə tütün və
tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət
nəzarəti “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla həyata keçirilir.[28]
19.2. Tütünün və tütün məmulatının keyfiyyətinə
və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.
19.3. Bələdiyyələr, istehlakçılar
və qeyri-hökumət təşkilatları tütünün və tütün məmulatının
keyfiyyətinə və dövriyyəsinə nəzarət funksiyalarını
onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən
səlahiyyətlər daxilində həyata keçirə bilərlər.
20.1. Tütün məmulatının ticarətinə icazəsi
olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların
həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi
qadağan edilir:
20.1.1. kütləvi informasiya vasitələrində
çap olunmuş və ya elan verilmiş kupon sahiblərinə güzəştlərin
tətbiq edilməsi;
20.1.2. tütün məmulatının və onların yeni
nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi;
20.1.3. tütün məmulatının lotereya, müsabiqə,
idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi;
20.1.4. tütün məmulatının satışı və istehlakı
ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin
yığılması ilə) oyunların keçirilməsi;
20.1.5. tütün və
tütün məmulatını alanlara hədiyyə qismində başqa əmtəənin
təklif edilməsi.[30]
20.2. Tütünün, tütün
məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki
çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının,
alışqanların reklamı qadağandır.[31]
20.3. Tütün və
tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul
olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun
13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. [32]
21.1. Azərbaycan Respublikasında aşağıda göstərilən
yerlərdə siqaret çəkmək qadağandır:
21.1.1. tədris, tərbiyə, səhiyyə,
sağlamlıq və mədəniyyət obyektlərində, habelə
idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;
21.1.2. inzibati binalarda fərdi iş otaqları və
siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna
olmaqla, iş yerlərində;
21.1.3. yüksək kateqoriyalı restoranlar, kafelər,
barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində,
ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;
21.1.4. uzaq mənzilli sərnişin nəqliyyatında
xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində.
21.2. Mehmanxanalarda siqaret çəkənlər
üçün xüsusi yerlər ayrılmalıdır.
21.3. Müəssisə, idarə, təşkilat
rəhbərləri və digər işəgötürənlər iş yerlərində
siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən
yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq
yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.
21.4. Tədris müəssisələri müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə tədris proqramlarına tütün
məmulatının istehlakının sağlamlığa zərərli təsiri barədə
mövzular daxil etməlidirlər.
22.1. Tütün məmulatının istehlakına nəzarət
tədbirləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən
hazırlanır və həyata keçirilir. Tütün məmulatının istehlakına nəzarət
tədbirləri dövlət ekoloji və sağlamlıq proqramlarının tərkib
hissəsi olaraq dövlət büdcəsi və digər mənbələr
hesabına maliyyələşdirilir.
22.2. Bələdiyyələr, istehlakçılar
və qeyri-hökumət təşkilatları tütün məmulatının istehlakına
nəzarət üzrə proqramlar hazırlaya, həyata keçirə və
bununla əlaqədar müvafiq təkliflər irəli sürə bilərlər.
Tütün və tütün məmulatı haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
24.1. Tütün və tütün məmulatı haqqında qanunvericiliyin
pozulması nəticəsində vurulan ziyanın həcmi və ödənilməsi
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən
edilir.
24.2. Vurulan ziyanın ödənilməsi təqsirkar
olan şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətdən
azad etmir.
Tütün və tütün məmulatının istehsalı və
dövriyyəsi ilə bağlı olan mübahisələr Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll
edilir.
Bu Qanun 1 yanvar 2002-ci ildən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 8 iyun 2001-ci il
№ 138-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
19 aprel 2002-ci il tarixli
310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002-ci il, № 5, maddə 240)
2.
3 dekabr 2002-ci il tarixli
388-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, № 1, maddə 6)
3.
01 fevral 2007-ci il tarixli
236-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 5, maddə 397)
4.
9 oktyabr 2007-ci il tarixli
429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 10, maddə 938)
5.
30 sentyabr 2009-cu il tarixli
883-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 25 dekabr 2009-cu il, № 287)
6.
18 dekabr 2015-ci il tarixli 61-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika” qəzeti
19 yanvar 2016-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, № 01, maddə 28)
7.
29 noyabr 2016-cı il tarixli 414-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 02 fevral 2017-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, №1 , maddə 2)
8.
1 dekabr 2017-ci il tarixli 887-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2017-ci
il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№ 7, I kitab maddə 2244)
9.
2 noyabr 2018-ci il tarixli 1327-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci
il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
№ 12, I kitab, maddə 2476)
10.
8 iyul 2022-ci il tarixli
586-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı,
5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il,
№8, maddə 833)
11.
24 fevral 2023-cü il tarixli 823-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası
Prezidentinin rəsmi internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel 2023-cü il, № 66, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 334)
12.
24 may 2024-cü
il tarixli 1161-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 15 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, №7, maddə 745)
13.
30 dekabr 2025-ci il tarixli 338-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 26 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 27 yanvar
2026-cı il, № 15,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 21)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 1.0.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.4. tütün məmulatı - tütün yarpağından
çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı
və digər maddələr olan və nikotinə aludəlik
yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar
və çubuq tütünü);
30 dekabr 2025-ci il tarixli 338-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 27 yanvar 2026-cı il, № 15, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 21) ilə 1.0.4-cü
maddəyə “tütünü”
sözündən sonra “, nikotin tərkibli
elektron siqaretlər” sözləri əlavə edilmişdir.
[2] 30 dekabr 2025-ci il tarixli 338-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 27 yanvar 2026-cı il, № 15, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 21) ilə yeni
məzmunda 1.0.4-1-ci və 1.0.4-2-ci maddələr əlavə
edilmişdir.
[3] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 1.0.5-ci maddədə “tütün və tənbəki yarpağında və tüstüsündə”
sözləri “tütünün və
tənbəkinin tərkibində” sözləri ilə
əvəz edilmişdir.
[4]
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938)
ilə 4.0.5-ci maddədə "xüsusi icazə"
sözləri "xüsusi razılıq
(lisenziya)" sözləri ilə əvəz edilmişdir.
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə 4.0.5-ci
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.0.5.
tütün məmulatı istehsalı və dövriyyəsi sahəsində
sahibkarlıq fəaliyyətinin xüsusi razılığı
(lisenziyası) verilməsinin qaydalarını müəyyən
etmək;
[5]
30 sentyabr 2009-cu il tarixli 883-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, № 287)
ilə 4.0.6-cı maddəsində “tütün
məmulatını kvotalaşdırmaq” sözləri “tütün məmulatına tarif kvotalarını müəyyən etmək”
sözləri ilə əvəz edilmişdir.
[6]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə yeni
məzmunda 4.0.6-1-ci maddə əlavə edilmişdir.
[7]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə yeni
məzmunda 4-1-ci maddə əlavə edilmişdir.
[8] 01 fevral 2007-ci il tarixli 236-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 5, maddə 397) ilə 5.2-ci maddə
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
5.2. Super etil tütün toxumlarının istehsalı
müvafiq elmi-tədqiqat müəssisələrinin təcrübə
bazalarında, elit və yüksək reproduksiyalı toxumların istehsalı
isə ixtisaslaşdırılmış təsərrüfatlarda müqavilə
əsasında həyata keçirilir.
[9] 01
fevral 2007-ci il tarixli 236-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 5, maddə 397) ilə 6.1-ci maddədə "normalara" sözü "şərtlərə"
sözü ilə əvəz edilmişdir.
[10] 3 dekabr 2002-ci il tarixli 388-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 6)
ilə 8.2-ci maddədə "Belə
kreditlər hesabına həyata keçirilən layihələr
çərçivəsində becərilən tütün əkinlərinin
(məhsulun) təbii fəlakətdən sığortalanması büdcə
vəsaiti hesabına aparılır" sözləri çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
8.2.
Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq
məqsədilə tütün istehsalçılarına və tütün emalı
müəssisələrinə azı bir il müddətinə verilən
güzəştli kreditlər üzrə güzəşt məbləği
sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti
hesabına ödənilir. Belə kreditlər hesabına həyata
keçirilən layihələr çərçivəsində
becərilən tütün əkinlərinin (məhsulun) təbii
fəlakətdən sığortalanması büdcə vəsaiti hesabına
aparılır.
[11] 3 dekabr 2002-ci il tarixli 388-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 6)
ilə 8.3-cü maddədə "və
tütün əkinlərinin (məhsulunun) sığortalanması"
sözləri çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
8.3. Məqsədli kreditlərin
verilməsi, qaytarılması və tütün əkinlərinin
(məhsulunun) sığortalanması qaydaları Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
24 fevral 2023-cü il tarixli 823-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi
internet saytı, 31 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 1 aprel
2023-cü il, № 66,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3,
maddə 334) ilə
8.3-cü maddəsində “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “Azərbaycan Respublikası Mülki
Məcəlləsinin tələbləri nəzərə
alınmaqla” sözləri ilə əvəz edilmişdir.
[12]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə 10.1-ci
maddədə “hazırlamalı və
qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan
həcmdə yerli xammaldan istifadə etməlidirlər”
sözləri “hazırlamalıdırlar”
sözü ilə əvəz edilmişdir.
[13]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə 10.2-ci
maddə yeni redaksiyada verilsmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
10.2. Tütün məmulatının istehsalı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada xüsusi razılıq əsasında həyata keçirilir.
[14]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə yeni
məzmunda 10.3 – 10.7-ci maddələr əlavə edilmişdir.
[15] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 13.2-ci maddədə “siqaret” sözü “tütün
məmulatı” sözləri ilə əvəz edilmişdir.
[16] 19 aprel 2002-ci il
tarixli 310-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 240) ilə
13.3-cü maddəsində "istehsal
olunduğu tarix" sözlərindən sonra "və onların 18 yaşına çatmamış şəxslərə satılmasının
qadağan edilməsi" sözləri əlavə edilmişdir.
2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 13.3-cü
maddədə “və tütün
qatranının” sözləri “, tütün
qatranının və karbon monoksidinin” sözləri ilə
əvəz edilmişdir.
[17]
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə yeni
məzmunda 14.2-1-ci və 14.2-2-ci maddələr əlavə
edilmişdir.
[18] 9
oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 14.3.1-ci maddədə "xüsusi icazəsi" sözləri
"xüsusi razılığı (lisenziyası)"
sözləri ilə əvəz edilmişdir.
24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə 14.3.1-ci
maddə yeni redaksiyada edilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
14.3.1. xüsusi razılığı
(lisenziyası) olmadıqda;
[19] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 14.3.4-cü maddədə “siqaret” sözü “tütün”
sözü ilə, “və tütün qatranının”
sözləri isə “, tütün
qatranının və karbon monoksidinin” sözləri ilə
əvəz edilmişdir.
[20] 18 dekabr 2015-ci il tarixli 61-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar
2016-cı il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, № 01, maddə 28) ilə yeni məzmunda 14.3.4-1-ci maddə əlavə
edilmişdir.
[21] 24 may 2024-cü il tarixli 1161-VIQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı,
15 iyul 2024-cü il, “Azərbaycan”
qəzeti, 16 iyul 2024-cü il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, №7, maddə 745) ilə yeni
məzmunda 14.3-1-ci maddə əlavə edilmişdir.
[22] 30 dekabr 2025-ci il tarixli 338-VIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 27 yanvar 2026-cı il, № 15, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 21) ilə yeni
məzmunda 14-1-ci maddə əlavə edilmişdir.
[23] 18 dekabr 2015-ci il tarixli 61-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar 2016-cı
il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 01, maddə 28) ilə yeni məzmunda
15.3.3-1-ci maddə əlavə edilmişdir.
[24] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 15.3.4 və 15.6-cı maddələrdə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilmişdir.
[25] 2 noyabr 2018-ci
il tarixli 1327-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2476)
ilə 15.4-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
15.4.
Zəruri hallarda tütün məmulatı satıcılarının alıcılardan onların
yaşını təsdiq edən sənədi tələb etmək hüququ
vardır.
[26] 18 dekabr 2015-ci il tarixli 61-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar 2016-cı
il, № 12, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, № 01, maddə 28) ilə 16.2.4-cü maddədə “çox olduqda” sözlərindən
sonra “, yaxud tütün və ya tütün
məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış
kənd təsərrüfatı bitki materiallarından istifadə
edilməklə istehsal olunduqda” sözləri əlavə edilmişdir.
[27] 8 iyul 2022-ci il tarixli 586-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı,
5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci
il, №8, maddə 833) ilə 16.2.9-cu
maddədə “qanunvericilikdə” sözü “qanunda”
sözü ilə əvəz edilmişdir.
[28] 8 iyul 2022-ci il tarixli 586-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytı,
5 avqust 2022-ci il “Azərbaycan” qəzeti, 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci
il, №8, maddə 833) ilə yeni
məzmunda 19.1-1-ci maddə əlavə edilmişdir.
[29] 1 dekabr 2017-ci il tarixli 887-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2017-ci il, № 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7,
I kitab maddə 2244) ilə “Tütün
və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun
20-ci və 21-ci maddələri ləğv edilmişdir.
[30] 29 noyabr 2016-cı il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 2) ilə 20.1.4-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda 20.1.5-ci maddə
əlavə edilmişdir.
[31] 29 noyabr 2016-cı il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 2) ilə 20.2-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi
20.2.
Tütün məmulatının istehsalçıları tütünün və tütün məmulatının
reklamını əks etdirməyən sosial, mədəni və
təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma
adlarından maneəsiz istifadə edirlər.
[32] 29 noyabr 2016-cı il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, № 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 2) ilə yeni məzmunda 20.3-cü
maddə əlavə edilmişdir.