Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması Qaydalarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 23 fevral 2001-ci il
N 45

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 23 fevral tarixli 45 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Hüquqi şəxslərdən vergilər üzrə borcların və faizlərin alınması
QAYDALARI

 

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə və digər qanunvericilik aktlarına uyğun olaraq vergi orqanları tərəfindən hüquqi şəxslərdən (bundan sonra - vergi ödəyiciləri) vergilər üzrə borcların və faizlərin (bundan sonra - vergi borcları) alınması qaydalarını müəyyən edir.

1. Ümumİ müddəalar

1.1. Vergi ödəyicisinin vergi qanunvericiliyində göstərilən hallarda və qaydada müəyyən edilən vergiləri ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

1.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir.

1.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesabında və kassasında vəsaitin, habelə əmlakın olub-olmamasından asılı olmayaraq onun tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

1.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergi borclarını və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergi borclarının və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

1.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergilərin ödənilmə müddətinin dəyişdirilməsi mövcud olan öhdəliyi ləğv etmir və yeni vergi öhdəliyi yaratmır.

1.6. Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının alınması mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.

2. Vergİlər üzrə borclar və faİzlər

2.1. Vergilər üzrə və ya hər bir vergi növü üzrə qanunla müəyyən edilmiş müddətlərdə (vergi öhdəliklərinin yerinə yetirilməsi müddətlərinin səlahiyyətli orqan tərəfindən dəyişdirilməsi halları istisna olmaqla) vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməməsi vergi borcunun yaranmasına səbəb olur.

2.2. Vergini qanunla müəyyən edilmiş qaydada ödənilməsi müddətindən sonrakı ilk 90 gün ərzində hər bir ötmüş gün üçün vergi ödəyicisindən vaxtında ödənilməmiş vergi və ödəniş məbləğinin 0,05 faizi məbləğində faiz tutulur.

2.3. Verginin ödənilməsi müddətinin gecikdirilməsinin 91-ci günündən başlayaraq hər bir ötmüş gün üçün vergi ödəyicisindən və vaxtında ödənilməmiş vergi və ödəniş məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

2.4. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1-ci və 59.2-ci maddələrində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş, vaxtında ödənilməmiş vergi məbləğlərinə və vergilər üzrə avans ödənişlərinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

2.5. Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir:

hesablanmış verginin məbləği;

hesablanmış faizlərin məbləği;

maliyyə sanksiyalarının məbləği.

3. Hüquqİ şəxslərdən vergİ borclarının alınması qaydası

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda hesablanmış və ya yenidən hesablanmış vergilərin və faizlərin ödənilməsinə dair bildiriş vergi orqanı tərəfindən 5 gün müddətində vergi ödəyicisinə göndərilir.

Vergi məbləğinin hesablanması, konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də verginin hesablanması deməkdir.

3.2. Hesablanmış vergilər və faizlər vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, vergi orqanı vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarından vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra sənədi olan sərəncam verir.

3.3. Banklar və digər kredit təşkilatları vergi ödəyicilərinin bank hesabları üzrə təqdim edilmiş icra sənədlərini Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin icra növbəliyi qaydasında icra edirlər.

İcra sənədi vergi ödəyicisinin bankdakı valyuta hesabı üzrə təqdim edildikdə, kredit təşkilatı həmin gün Milli Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Valyuta vəsaiti vergi ödəyicisi tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra olunur.

3.4. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən sonrakı 3 ay ərzində yerinə yetirmədikdə bu öhdəliyin yerinə yetirilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilərlər.

3.5. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir.

3.6. Vergi ödəyicisinin vergi borclarını ödəməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda vergi ödəyicisinə müvafiq tələbnamə göndərməklə eyni zamanda ondan vergi borclarını dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi vergi borclarını ödəmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.

4. Əmlakın sİyahıya alınması qaydası

4.1. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakının yerləşdiyi ünvan göstərilir.

4.2. Təxirəsalınmaz hallar istisna olmaqla gecə vaxtı əmlakın siyahıya alınmasına (axşam saat 20.00-dan sonra saat 8.00-dək) yol verilmir.

4.3. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.

Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.

Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir.

4.4. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

4.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün zəruri və kifayət olan əmlak siyahıya alına bilər.

4.6. Əmlakın siyahıya alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

nağd pul vəsaitləri;

bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət orqanlarının dizayn əşyaları və s.);

hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;

istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;

digər əmlaklar.

Girov qoyulmuş, digər şəkildə yüklənmiş və qanunvericiliyə müvafiq qaydada üzərinə həbs qoyulmuş əmlaklar siyahıya alınmır.

4.7. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, siyahıya alınmış əmlakın siyahısı tərtib edilir və bu siyahı protokola əlavə olunur. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.

4.8. Vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarını və bu Qaydaları pozaraq siyahıya alınmış əmlaka digər bağladığı əqdlər etibarsız sayılır.

4.9. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı dövlət qeydiyyatına alındığı halda, bu əmlakın siyahıya alınması barədə həmin əmlakın dövlət qeydiyyatını aparan müvafiq orqana məlumat verilir.

4.10. Siyahıya alınmış əmlak müvafiq aktla vergi ödəyicisinə məsul saxlanmaya təhvil verilə bilər. Vergi ödəyicisinin əmlakının məsul saxlanmaya qəbul edilməsindən imtina etdiyi və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadığı hallarda, siyahıya alınmış əmlak vergi orqanı tərəfindən müəyyən edilmiş yerdə məsul saxlanmaya təhvil verilə bilər.

Əmlakı məsul saxlanmaya qəbul etmiş şəxs (orqan) siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə xəbərdar edilməlidir.

4.11. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir.

4.12. Siyahıya alınma prosesində və ya siyahıya alınmadan sonrakı dövrlərdə vergi ödəyicisi tərəfindən vergi borcunun büdcəyə ödənişi həyata keçirilə bilər. Ödəniş qismən həyata keçirildiyi halda əlavə protokol tərtib edilməli, vergi borcundan ödənilmiş məbləği təsdiq edən sənəd protokola əlavə edilməklə ödənilmiş məbləğ dəyərində əmlak siyahından çıxarılmalıdır.

4.13. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 60 gün müddətində vergi borcları ödənilmədikdə, vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə vergi orqanı zəruri və kifayət olan həcmdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edir.

4.14. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qüvvəyə mindikdən sonra həmin əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq satılır.

4.15. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır.

4.16. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satışında vergi orqanlarının vəzifəli şəxslərinin və ya digər işçilərinin bilavasitə və ya dolayası ilə iştirak etməsinə yol verilmir.

4.17. Vergi ödəyicisinin vergi borcları siyahıya alınmış əmlakın satışından sonra yerinə yetirilməmiş qaldıqda, başqa ad altında fəaliyyət göstərən, lakin məhkəmənin qərarı əsasında həmin vergi ödəyicisinə məxsus olması müəyyən edilən və Vergi Məcəlləsində müəyyən edilmiş qaydada siyahıya alınma tətbiq edildiyi gündən əvvəlki 3 illik dövr ərzində aparılmış əməliyyatda onun aktivlərini almış şəxs, aldığı aktivlərin dəyərindən bu cür aktivlərə görə ödədiyi hər hansı məbləğlər çıxılandan sonra qalan məbləğdə vergi ödəyicisinin öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır.

5. Yekun müddəalar

5.1. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarın, əmlakın siyahıya alınması haqqında protokolun və siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında aktın forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

5.2. Hüquqi şəxsin vergi və faizlər üzrə borcları onun nizamnamə fondunun 10 faizindən artıq olarsa, vergi orqanı hüquqi şəxsin iflas prosesinə başlanması üçün məhkəməyə müraciət edə bilər.