"Çıraqqala" tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Böyük İpək yolunun qorunması məqsədini daşıyan Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olan və VI əsrdə tikilmiş "Çıraqqala" tarixi abidəsi Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunmasını təmin edən dövlət orqanlarının baxımsızlığı nəticəsində dağılma təhlükəsi ilə üzləşmişdir. Həmin abidənin qorunmasının təmin edilməməsi nəticəsində onun müəyyən hissələri şüurlu surətdə dağıdılmış və boşalmış torpaq sahələri şəxsi tikintinin aparılması üçün istifadə edilmişdir. Azərbaycanın tarixi irsinin və Azərbaycan xalqının memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

bir ay müddətində "Çıraqqala" tarixi qoruğunun xəritəvi təsvirini təsdiq etsin;

Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla "Çıraqqala" tarixi qoruğunun bərpasına dair tədbirlər planını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

"Çıraqqala" tarixi qoruğunun bərpasının maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və Dəvəçi rayonunun İcra Hakimiyyətinə tapşırılsın ki, "Çıraqqala" tarixi qoruğunun qorunub saxlanılmasını və mühafizəsini təmin etsinlər. [1]

4. Dəvəçi rayonunun İcra Hakimiyyəti rayonun hüquq-mühafizə orqanları ilə birlikdə "Çıraqqala" tarixi qoruğunun ərazisində kompleksin bərpası ilə bağlı olmayan hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsini təmin etsin.



Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2003-cü il
¹ 1262


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743)
  2. 29 yanvar 2021-ci il tarixli 2465 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 81)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743) ilə «Çıraqqala» tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6, maddə 324) 3-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir.

29 yanvar 2021-ci il tarixli 2465 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 81) ilə 3-cü hissəsindən “və Turizm” sözləri çıxarılmışdır.