Ümumdünya Əqli Miilkiyyət Təşkilatının "Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa Sazişi"nə qoşulmaq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 1957-ci il 15 iyun tarixli "Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı barədə Nitsa Sazişi'nə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il
               ¹ 448-IIQ

 

 Ümumdünya Əqlİ Mülkİyyət Təşkİlatı

Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin Beynəlxalq təsnifatı barədə

Nİtsa Sazİşİ

15 iyun 1957-ci il tarixli, 14 iyul 1967-ci ildə Stokholmda və 13 may 1977-ci ildə Cenevrədə yenidən baxılmış və 28 sentyabr 1979-cu ildə   dəyişdirilmiş

 

Maddə 1

Xüsusi İttifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbulu; Beynəlxalq təsnifatın müəyyən  edilməsi və dili

 

 (1) Bu Sazişin tətbiq edildiyi ölkələr Xüsusi ittifaq yaradır və nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin vahid təsnifatını (bundan   sonra —«Təsnifat») qəbul edirlər.

 (2) Təsnifat aşağıdakılardan ibarətdir:

 (i) zəruri halda izahla müşayiət olunan siniflərin siyahısından;

 (ii) hər bir əmtəə və ya xidmətin aid olduğu siniflər göstərilməklə əmtəələrin və xidmətlərin əlifba ardıcıllını göstərən əlifba sırası   (bundan sonra - «Əlifba sırası»).

 (3) Təsnifata aşağıdakılar daxildir:

 (i) Ümumdünya əqli Mülkiyyəti Təşkilatının təsis konvensiyasında adı çəkilən və əqli mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq büro   (bundan sonra —«Beynəlxalq büro») tərəfindən 1971-ci il tarixdə nəşr edilən təsnifat; bu zaman nəzərdə tutulur ki, bu nəşrə daxil olan   siniflərin siyahısının izahına, onun 3-cü maddədə göstərilən ekspertlər komitəsi tərəfindən işlənib hazırlanmasına kimi, həm müvəqqəti   və həm də tövsiyələr kimi baxılır;

 (ii) bu Akt qüvvəyə minənə qədər, bu Sazişin 15 iyun 1957-ci il tarixli Nitsa Sazişinin 4(1) maddəsinə və 14 iyul 1967-ci il tarixli   Stokholm Aktına müvafiq qüvvəyə minən düzəlişlər və əlavələr;

 (iii) bu Aktın 3-cü maddəsinə uyğun daxil edilən və bu Aktın 4(1) maddəsinə müvafiq qüvvəyə minən düzəlişlər.

 (4) Təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır və hər iki mətn eyni qüvvəyə malikdir.

 (5)  (a) 3(i) bəndində göstərilən Təsnifat, bu Akt imzalanma üçün açıq olduğu tarixə qədər qüvvəyə minən 3(ii) bəndində göstərilən   düzəlişlər və əlavələrlə birgə, fransız dilində bir əsl nüsxədən ibarət olub saxlanılmaq üçün Ümumdünya əqli Mülkiyyət Təşkilatının   Baş direktoruna (bundan sonra müvafiq olaraq «Baş direktor» və «Təşkilat») təhvil verilmişdir. Bu Akt imzalanma üçün açıq olduğu   tarixdən sonra qüvvəyə minən 3(ii) bəndində göstərilən əlavələr və düzəlişlər, həmçinin fransız dilində bir ədəd eyni qüvvəli nüsxədən   ibarət olmaqla saxlanılmaq üçün Baş direktora təhvil verilir.

 (b) (a)yarımbəndində göstərilən mətnlərin ingilis dilində olan variantı, bu Akt qüvvəyə mindikdən sonra 3-cü maddədə göstərilən   ekspertlər komitəsi tərəfindən qısa müddət ərzində hazırlanır. Onun eyni qüvvəli nüsxəsi saxlanılmaq üçün Baş direktora təhvil verilir.

 (c) 3(iii) bəndində göstərilən düzəliş ingilis və fransız dillərində bir ədəd eyni qüvvəli nüsxədə hazırlanır və saxlanılmaq üçün Baş   direktora təhvil verilir.

 (6) Təsnifatın ərəb, ispan, italyan, alman, portuqal, rus dillərində, o cümlədən 5-ci maddədə göstərilən Assambleyanın müəyyən etdiyi digər   dillərdə rəsmi mətni, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra və ya bu hökumətlər tərəfindən təqdim edilən tərcümələr əsasında və   ya Xüsusi İttifaqın, yaxud Təşkilatın büdcəsi üçün maliyyə sərfini tələb etməyən başqa vasitələrdən istifadə etməklə Baş direktor tərəfindən   hazırlanır.

 (7) Əlifba siyahısı, tərtib olunduğu müvafiq dilə uyğun hər bir əmtəə və ya xidmətin göstərilməsinə görə əlifba ardıcıllığına uyğun sıra   nömrəsini özündə əks etdirir, və

 (i) əgər söhbət fransız dilində tərtib olunmuş əlifba siyahısından gedirsə sıra nömrəsinin özü də ingilis dilindəki tərtibə uyğun əlifba   siyahısı ilə göstərilir, və ya əksinə;

 (ii) əgər söhbət (6)-cı bəndə uyğun tərtib olunan əlifba siyahısından gedirsə, sıra nömrəsinin özü də fransız dilindəki tərtibə uyğun əlifba   siyahısı ilə və ya ingilis dilindəki tərtibə uyğun əlifba siyahısı ilə göstərilir.

 

Maddə 2

Təsnifatın hüquqi əhəmiyyəti və istifadəsi

 

 (1) Bu Sazişlə qoyulan öhdəliklər nəzərə alınmaqla Təsnifat, Xüsusi ittifaq ölkələrinin hər birində həmin ölkədə ona verilən əhəmiyyətə   malikdir. Xüsusən Təsnifat, istər nişanın mühafizə həcminin müəyyənləşdirilməsi və istərsə də xidmət nişanlarının tanınması sahəsində   Xüsusi ittifaq ölkələrini məhdudlaşdırmır.

 (2) Xüsusi ittifaqın hər bir ölkəsi Təsnifatdan əsas və köməkçi sistem kimi istifadə etmə hüququnu özündə saxlayır.

 (3) Xüsusi ittifaqa daxil olan ölkələrin səlahiyyətli idarəsi özünün rəsmi sənəd və nəşrlərində, qeydiyyata alınan nişan barəsində, qeydiyyatın   şamil edildiyi əmtəələr və ya xidmətlərə görə Təsnifatın siniflərinin nömrələrini göstərir.

 (4) İstənilən adın əlifba siyahısına daxil edilmə faktı, bu adda mövcud ola biləcək hüquqlara qətiyyən toxunmur.

 

Maddə 3

Ekspertlər komitəsi

 

 (1) Xüsusi ittifaqın hər bir ölkəsinin təmsil olunduğu ekspertlər komitəsi təsis olunur.

 (2) (a) Baş direktor Xüsusi ittifaqa üzv olmayan, lakin təşkilatın və ya sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvü   olan ölkələri, ekspertlər komitəsinin iclasında müşahidəçi sifəti ilə təmsil olunmaq üçün dəvət edə bilər, baş direktor ekspertlər   komitəsinin xahişi əsasında isə həmin ölkələri bu məqsədlər üçün dəvət etməlidir.

 (b) Baş direktor, nişanlar sahəsində ixtisaslaşmış hökumətlərarası orqanı, həmin orqana daxil olan ölkələrin heç olmasa biri Xüsusi   ittifaqa üzv olduğu halda, ekspertlər komitəsinin iclasında müşahidəçi qismində təmsil olunmağa dəvət edir.

 (c) Baş direktor özü başqa hökumətlərarası və Beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrini, onlar üçün maraq kəsb edən   məsələlərin müzakirəsinə dəvət edə bilər, Baş direktor ekspertlər komitəsinin xahişi əsasında isə həmin nümayəndələri bu məqsədlər   üçün dəvət etməlidir.

 (3) Ekspertlər komitəsi:

 (i) Təsnifata dəyişikliklərin daxil edilməsi barədə qərar qəbul edir;

 (ii) Xüsusi ittifaqa daxil olan ölkələrə Təsnifatın istifadəsini asanlaşdıran və onun eyni formada istifadəsini təmin edən tövsiyələri   göndərir;

 (iii) Xüsusi ittifaqın və ya Təşkilatın büdcəsinə ziyan vurmayan bütün digər tədbirləri görür və Təsnifatın inkişaf etməkdə olan ölkələr   tərəfindən istifadəsinə köməklik göstərir;

 (iv) yarımkomitələrı və işçi qrupları təsis edir.

 (4) Ekspertlər komitəsi özünün prosedur qaydalarını qəbul edir. Bu qaydalar, ekspertlər komitəsinin yarımkomitələrinin və işçi qruplarının   iclaslarında, Təsnifatın təkmilləşməsində əhəmiyyətli rol oynaya bilən, (2)(b) bəndində göstərilən hökumətlərarası təşkilatların iştirak   imkanını təmin edir.

 (5) Təsnifata düzəlişlərin və əlavələrin edilməsi barədə təklifləri Xüsusi ittifaqa daxil olan istənilən ölkənin səlahiyyətli idarəsi, Beynəlxalq   büro, (2)(b) bəndinə uyğun ekspertlər komitəsində təmsil olunan hökumətlərarası təşkilatlar və bu cür təkliflərin hazırlanması üçün   ekspertlər komitəsinə xüsusi dəvət edilən ölkə və ya təşkilatlar verə bilər. Təkliflər Beynəlxalq büroya göndərilir və onlar ekspertlər   komitəsinin sessiyasının başlanmasına ən geci iki ay qalmış ekspertlər komitəsinin üzvlərinə və müşahidəçilərə çatdırılır.

 (6) Hər bir Xüsusi ittifaq ölkəsi bir səsə malikdir.

 (7) (a) Ekspertlər komitəsi tərəfindən qərarın qəbulu üçün (b) yarımbəndinin müddəaları nəzərə alınmaqla, iclasda iştirak edən və   səsvermədə iştirak edən Xüsusi ittifaq ölkələrinin sadə səs çoxluğu tələb olunur.

 (b) Təsnifata düzəlişlərin edilməsi barədə qərarlar iştirak edən və səsvermədə iştirak edən Xüsusi ittifaq ölkələrinin beşdə dörd səs   çoxluğu ilə qəbul olunur. Düzəliş dedikdə istənilən əmtəənin və ya xidmətin bir sinifdən digər sinifə keçirilməsi və ya hər hansı yeni   sinifin daxil edilməsi başa düşülür.

 (c) (4) bəndində göstərilən prosedur qaydalarında nəzərdə tutulur ki, xüsusi hallar istisna olmaqla, Təsnifata düzəlişlər müəyyən edilmiş   dövrlərin axırında qəbul edilir; hər dövrün müddəti ekspertlər komitəsi tərəfindən müəyyən edilir.

 (8) Bitərəf qalanların səsləri hesaba alınmır.

 

Maddə 4

Dəyişikliklər haqqında bildiriş, onların qüvvəyə minməsi və dərci

 

 (1) Dəyişikliklər və tövsiyələr barədə ekspertlər komitəsinin qərarları Beynəlxalq büro tərəfindən Xüsüsi ittifaq ölkələrinin səlahiyyətli   idarələrinə göndərilər. Dəyişikliklər, bildirişin göndərildiyi tarixdən altı ay keçdikdən sonra qüvvəyə minir. Başqa digər düzəlişlər, onlar   barədə qərar qəbul olunduğu andan ekspertlər komitəsi tərəfindən müəyyən edilən tarixdən qüvvəyə minir.

 (2) Beynəlxalq büro qüvvəyə minən düzəlişləri Təsnifata daxil edir. Bu düzəlişlər barədə məlumatlar, 5-ci maddədə göstərilən,   Assambleyanın müəyyən etdiyi dövri nəşrlərdə dərc olunur.

 

Maddə 5

Xüsusi ittifaqın Assambleyası

 

 (1) (a) Xüsusi ittifaq bu Aktı ratifikasiya edən və ya ona qoşulan ölkələrdən ibarət Assambleyaya malikdir.

 (b) Hər bir ölkənin hökuməti bir nümayəndə ilə təmsil olunur. Təmsil olunan nümayəndənin müavinləri, müşavirləri və ekspertləri ola   bilər.

 (c) Nümayəndənin xərclərini onu təyin edən hökumət ödəyir.

 (2)  (a) 3 və 4-cü maddələrin müddəaları nəzərə alınmaqla Assambleya:

 (i) Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

 (ii) Bu Aktı ratifikasiya etməyən və ya ona qoşulmayan Xüsusi ittifaq ölkələrinin iradlarını lazımi qaydada nəzərə almaqla   yenidən baxılma üzrə konfransların təşkili barədə Beynəlxalq büroya göstərişlər verir;

 (iii) Xüsusi ittifaqla bağlı Təşkilatın Baş direktorunun (bundan sonra «Baş direktor») hesabat və fəaliyyətinə baxır və onları təsdiq   edir, Xüsusi ittifaqın səlahiyyətlərinə daxil olan məsələlər üzrə bütün zəruri təlimatları ona verir;

 (iv) proqramı müəyyən edir, Xüsusi ittifaqın iki illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;

 (v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;

 (vi) 3-cü maddədə göstərilən ekspertlər komitəsindən başqa, Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri saydığı   ekspertlər komitəsini və işçi qruplarını yaradır;

 (vii) Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və Beynəlxalq qeyri-hökumət təşkilatlarından hansıların onun   iclaslarına müşahidəçi qismində çağrılmasını müəyyənləşdirir;

 (viii) 5—8-ci maddələrə düzəlişləri qəbul edir;

 (ix) Xüsusi ittifaqın məqsədlərinə çatmaq istiqamətində digər zəruri hərəkətləri həyata keçirir;

 (x) bu Sazişdən irəli gələn bütün başqa funksiyaları yerinə yetirir;

 (b) həmçinin Təşkilat tərəfindən rəhbərliyin həyata keçirildiyi başqa ittifaqlar üçün maraq kəsb edən məsələlər üzrə Assambleya,   Təşkilatın koordinasiya komitəsinin fikrini dinləyərək qərar qəbul edir.

 (3)  (a) Assambleyaya üzv olan hər bir ölkə bir səsə malikdir.

 (b) Assambleyanın üzvü olan ölkələrin yarısı yetərsay təşkil edir.

 (c) (b) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan ölkələrin sayı yarıdan az, lakin Assambleyaya üzv   olan ölkələrin üçdə birinə bərabər və ya ondan artıq olarsa, Assambleya qərarlar qəbul edə bilər, ancaq Assambleyanın bu cür   qərarları, onun özünə məxsus prosedur qaydalarına aid qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir.   Beynəlxalq büro həmin qərarları Assambleyada təmsil olunmayan, Assambleyaya üzv olan ölkələrə göndərir və qərarların göndərilmə   tarixindən üç ay ərzində qərarların lehinə, əleyhinə səs vermələri və ya bitərəf qalmaları barədə yazılı məlumat verməyi xahiş edir.   Verilən müddət ötdükdən sonra səsvermədə iştirak edən və ya bitərəf qaldıqlarını bildirən ölkələrin sayı sessiyanın yetərsay şərtini   ödəyirsə, bu cür qərar eyni zamanda zəruri səs çoxluğu şərtini saxlamaqla qüvvəyə minir.

 (d) Assambleya öz qərarlarını, 8(2) maddəsinin müddəalarını nəzərə almaqla verilən səslərin üçdə iki səs çoxluğu ilə qəbul edir.

 (e) Bitərəf qalanların səsləri nəzərə alınmır.

 (f) Nümayəndə yalnız bir ölkəni təmsil edə və onun adından səs verə bilər.

 (g) Assambleyanın üzvü olmayan Xüsusi ittifaq ölkələri onun iclaslarına müşahidəçi kimi buraxılır.

 (4) (a) Assambleya iki ildə bir dəfə növbəti sessiyaya Baş direktorun çağırışı üzrə, müstəsna hallar istisna olmaqla, həmin vaxtda və həmin   yerdə — Baş Assambleyanın yerləşdiyi yerdə yığışır.

 (b) Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbi üzrə Baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya yığışır.

 (c) Baş direktor hər sessiyanın gündəliyini hazırlayır.

 (5) Assambleya özünün prosedur qaydalarını qəbul edir.

 

Maddə 6

Beynəlxalq büro

 

 (1) (a) Xüsusi ittifaqın inzibati tapşırıqlarını Beynəlxalq büro həyata keçirir.

 (b) Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi   tərəfindən yaradılan bu cür ekspertlər komitələrinin və işçi qrupların Katiblik funksiyalarını yerinə yetirir.

 (c) Baş direktor Xüsusi ittifaqın yüksək vəzifəli şəxsdir və Xüsusi ittifaqı təmsil edir.

 (2) Baş direktor və ya onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi   tərəfindən yaradılan bu cür digər ekspert komitələrinin işçi qruplarının bütün iclaslarında səsvermə hüququ olmadan iştirak edirlər. Baş   direktor və ya onun tərəfindən təyin olunan heyət üzvü bu orqanların ex offisio katibləridir.

 (3) (a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq, 5—8-ci maddələr istisna olmaqla, bu Sazişin müddəalarına yenidən   baxılma üzrə konfransları təşkil edir.

 (b) Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və Beynəlxalq qeyri-hökumət   təşkilatları ilə məsləhətləşmələr apara bilər.

 (c) Baş direktor və onun təyin etdiyi şəxslər bu konfransların işində səsvermə hüquna malik olmadan iştirak edirlər.

 (4) Beynəlxalq büro onun üzərinə qoyulmuş istənilən digər vəzifələri yerinə yetirir.

 

Maddə 7

Maliyyə

 

 (1) (a) Xüsusi ittifaq büdcəyə malikdir.

 (b) Xüsusi ittifaqın büdcəsi. Xüsusi ittifaqa daxilolmalardan va xərclərindən, onun ittifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük   haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın konfransı tərəfindən onun büdcəsinə ayırmalardan ibarətdir.

 (c) İttifaq üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir neçə   başqa ittifaqlara aid büdcə xərcləri hesab edilir. Bu ümumi xərclərdən Xüsusi ittifaqın payı, onun həmin xərclərdəki maraqlarına   uyğundur.

 (2) Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa ittifaqların büdcələrinin koordinasiyası tələbləri nəzərə alınmaqla qəbul olunur.

 (3) Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbəələrdən maliyyələşir:

 (i) Xüsusi ittifaq ölkələrinin üzvlük haqqından;

 (ii) Xüsusi ittifaqa aid olan və Beynəlxalq büro tərəfindən göstərilən xidmətlər üçün yığım və ödənişlərdən;

 (iii) Xüsusi ittifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılması və bu cür nəşrlərə görə hüquqların verilməsi ilə əlaqədar   daxilolmalardan;

 (iv) ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdən və subsidiyalardan;

 (v) rentadan, faizlərdən və başqa gəlirlərdən.

 (4)  (a) Xüsusi ittifaq ölkələrinin hər bir üzvü üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı müəyyən edilərkən, o, sənaye mülkiyyətinin   mühafizəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün müəyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında   həmin siniflərə görə müəyyən edilən məbləğdə illik üzvlük haqqı ödəyir.

 (b) Xüsusi ittifaq ölkələrindən hər birinin illik üzvlük haqqı, bütün ölkələr tərəfindən Xüsusi ittifaqın büdcəsinin ödənilən üzvlük   haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə   bərabərdir.

 (c) Üzvlük haqqı hər il yanvarın birində ödənilir.

 (d) Üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanlarında səsvermə hüququndan məhrum   olurlar, o şərtlə ki, onun borcu ötən tam iki il üzrə müəyyən edilən üzvlük haqqının məbləğinə bərabər və ya ondan artıq olsun. Lakin   Xüsusi ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o şərtlə ki, ödənişin   aparılmamasının səbəbinin istisna hal və qarşısıalınmaz şərait nəticəsində yarandığına əmin olsun.

 (e) Büdcə yeni maliyyə dövrünün başlanmasına qədər qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydalara   uyğun olaraq, büdcə ötən ilin səviyyəsi həcmində qüvvədə olur.

 (5) Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin həcmi Baş direktor tərəfindən müəyyən   edilir və o, bu barədə Assambleyaya hesabat verir.

 (6) (a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malikdir. Bu fond Xüsusi ittifaq ölkələrinin hər biri tərəfindən birdəfəlik ödənilən vəsait   hesabına yaranır. Əgər dövriyyə vəsaitləri fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.

 (b) Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya bu fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığı   və ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.

 (c) Bu nisbət və ödəmə şərtlərini, Təşkilatın koordinasiya komitəsinin fikrini dinlədikdən sonra Baş direktor tərəfindən hazırlanan   təklif əsasında Assambleya müəyyən edir.

 (7) (a) Təşkilatın qərargahının yerləşdiyi ərazi ölkəsi ilə qərargah haqqında bağlanan Sazişdə nəzərdə tutulur ki, əgər vəsaitlərin dövriyyə   fondu az olarsa, onda həmin ərazi ölkəsi avans qoyur. Avansın məbləği və verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca   hal üçün bağlanan xüsusi Sazişin predmetidir.

 (b) İstər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş göndərməklə avansın verilməsi barədə öhdəlikləri   denonsasiya edə bilər. Denonsasiya bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.

 (8) Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsinin, yaxud da özlərinin Razılığı alınmaqla   Assambleyanın təyin etdiyi kənar müfəttişlər tərəfindən həyata keçirilir.

 

Maddə 8

5—8-ci maddələrə düzəlişlər

 

 (1) 5, 6, 7-ci maddələrə və bu maddəyə düzəlişlərin aparılması barədə təkliflər Assambleyanın üzvü olan istənilən ölkə və ya Baş direktor   tərəfindən verilə bilər. Baş direktor bu cür təklifləri, onların Assambleyada baxılmasına ən azı altı ay qalmış Assambleyaya üzv olan ölkələrə   göndərir.

 (2) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəlişlər Assambleyada dörddə üç səs çoxluğu ilə qəbul olunur; lakin 5-ci maddəyə və   bu bəndə verilən düzəlişlər isə beşdə dörd səs çoxluğu ilə qəbul olunur.

 (3) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş, ölkələrin dörddə üçündən bu düzəlişin həmin vaxt Xüsusi ittifaqa üzv olan hər   bir ölkənin konstitusiya prosedurlarına uyğun olaraq qəbul olunması barədə yazılı bildirişi Baş direktor aldığı tarixdən bir ay sonra qüvvəyə   minir. bu yolla göstərilən maddələrə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda Assambleyaya üzv olan və ya həmin   düzəlişin qəbul olunduğu tarixdən sonra ona üzv olan ölkələr üçün məcburidir; lakin Xüsusi ittifaq ölkələrinin maliyyə öhdəliyini artıran   istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin ölkələr onu qəbul etdiyi barədə yazılı bildiriş versin.

 

Maddə 9

Ratifikasiya və qoşulma; qüvvəyə minmə

 

 (1) Bu Aktı imzalayan Xüsusi ittifaqın istənilən ölkəsi onu ratifikasiya edə bilər və ya əgər onu imzalamayıbsa ona qoşula bilər.

 (2) Xüsusi ittifaqın üzvü olmayan, lakin sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvü olan istənilən ölkə bu Akta qoşula   bilər və bununla da Xüsusi ittifaqın ölkəsi olar.

 (3) Ratifikasiya bəyannaməsi və qoşulma aktı saxlanılmaq üçün Baş direktora verilir.

 (4)

 (a) bu Akt aşağıdakı iki şərt daxilində üç aydan sonra qüvvəyə minir:

 (i) altı və ya daha çox ölkə özünün ratifikasiya bəyannaməsini və ya qoşulma aktını saxlanılmaq üçün vermişsə;

 (ii) bu ölkələrdən heç olmasa üçü bu Akt imzalanmaq üçün açıq olduğu tarixə qədər Xüsusi ittifaq ölkəsidirsə.

 (b) (a) yarımbəndində göstərilən qüvvəyə minmə o ölkələrə şamil edilir ki, hansı ki, onlar qüvvəyə minən tarixdən heç olmasa üç ay   əvvəl ratifikasiya bəyənnaməsini və ya qoşulma aktını saxlanılmaq üçün vermiş olsunlar.

 (c) (b) bəndinin aid edilmədiyi istənilən ölkə üçün bu Akt, əgər ratifikasiya bəyannaməsində və ya qoşulma aktında daha gec tarix   göstərilməyibsə onun ratifikasiya edilməsi və ya ona qoşulma barədə Baş direktorun verdiyi bildiriş tarixindən üç ay sonra qüvvəyə   minir. Axırıncı halda bu Akt həmin ölkə üçün belə yolla göstərildiyi tarixdən qüvvəya minir.

 (5) Ratifikasiya etmə və ya qoşulma avtomatik olaraq, bu Aktla müəyyən edilən bütün qaydaların tanınmasına və bütün üstünlüklərin əldə   edilməsinə səbəb olur.

 (6) Bu Akt qüvvəyə mindikdən sonra heç bir ölkə bu Sazişin istənilən əvvəlki aktlarını ratifikasiya edə və ya ona qoşula bilməz.

 

Maddə 10

Qüvvədə olma müddəti

 

 Bu Sazişin qüvvədə olma müddəti sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının qüvvədə olma müddəti qədərdir.

 

Maddə 11

Yenidən baxılma

 

 (1) Bu Saziş Xüsusi ittifaq ölkələrinin konfranslarında müəyyən müddətlərdə yenidən baxıla bilər.

 (2) Yenidən baxılma üçün konfransın çağrılması barədə qərarı Assambleya qəbul edir.

 (3) 5—8-ci maddələrə düzəlişlər, yenidən baxılma üzrə konfranslarda və ya 8-ci maddənin müddəalarına uyğun qəbul edilə bilər.

 

Maddə 12

Denonsasiya etmə

 

 (1) İstənilən ölkə Baş direktorun adına bildiriş göndərməklə bu Aktı denonsasiya edə bilər. Bu Aktı ratifikasiya etmiş və ya ona qoşulmuş   ölkə tərəfindən onu bu cür denonsasiya edilməsi, həmçinin həmin ölkə üçün əvvəlki aktın və ya bu Sazişin əvvəlki aktlarının da denonsasiya   edilməsi deməkdir; denonsasiya yalnız onu edən ölkəyə şamil edilir, Xüsusi ittifaqın başqa ölkələrinə görə Saziş öz qüvvəsini saxlayır və   yerinə yetirilməlidir.

 (2) Denonsasiya, Baş direktor bildirişi aldığı gündən bir il sonra qüvvəyə minir.

 (3) Bu maddədə göstərilən denonsasiya hüququndan Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən beş il müddət ötməyənə kimi   istifadə edə bilməz.

 

Maddə 13

Paris konvensiyasının 24-cü maddəsinə istinad

 

 Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının 1967-ci il tarixli Stokholm Aktının 24-cü maddəsinin müddəaları bu Sazişə   tətbiq edilir; lakin, bu müddəaların üzərində gələcəkdə düzəlişlər aparılarsa, onda zaman etibarı ilə həmin axırıncı düzəlişlər bu Sazişə,   həmin düzəlişlərlə əlaqəsi olan Xüsusi İttifaq ölkələrinə aid olmaqla tətbiq edilir.

 

Maddə 14

İmzalanma; dillər; depozitarinin funksiyaları; bildirişlər

 

 (1) (a) Bu Akt ingilis və fransız dillərində bir nüsxədə imzalanır, hər iki mətn eyni qüvvəyə malikdir və saxlanılmaq üçün Baş direktora   verilir.

 (b) Bu Aktın rəsmi mətni maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən hazırlanır və bu Aktın imzalandığı   tarixdən iki ay müddətdə (a) yarımbəndində göstərilən dillərlə yanaşı, başqa iki dildə, ispan və rus dillərində Ümumdünya əqli   Mülkiyyət Təşkilatını təsis edən konvensiyanın eyni qüvvəyə malik mətni imzalanır.

 (c) Bu Aktın rəsmi mətnləri maraqlı ölkələrlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən ərəb, italyan, alman və portuqaliya   dillərində, həmçinin Assambleyanın müəyyən etdiyi digər dillərdə hazırlanır.

 (2) Bu Akt imzalanma üçün 31 dekabr 1977-ci ilə qədər açıqdır.

 (3)  (a) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə və sorğu əsasında istənilən digər ölkələrin hökumətlərinə bu Aktın imzalanmış   mətninin iki ədəd təsdiqlənmiş surətini göndərir.

 (b) Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə və sorğu əsasında istənilən digər ölkələrin hökumətlərinə bu Akta edilən   düzəlişlərin iki ədəd təsdiqlənmiş surətini göndərir.

 (4) Baş direktor bu Aktı Birləşmiş Millətlər Təşkilatının katibliyində qeydiyyatdan keçirir.

 (5) Baş direktor sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına üzv olan bütün ölkələrin hökumətlərini aşağıdakılar barədə   məlumatlandırır:

 (i) (1) bəndinə uyğun imzalanma barədə;

 (ii) 9(3) maddəsinə uyğun ratifikasiya bəyannaməsinin və ya qoşulma aktının saxlanılmaq üçün təhvil verilməsi barədə;

 (iii) 9(4)(a) maddəsinə uyğun bu Aktın qüvvəyə mindiyi tarix barədə;

 (iv) 8(3) maddəsinə uyğun bu Akta düzəlişlərin qəbul olunması barədə;

 (v) bu cür düzəlişlərin qüvvəyə mindiyi tarix barədə;

 (vi) 12-cü maddəyə uyğun alınan denonsasiya etmə barədə.