Tütün
və tütün məmulatı haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasında tütünün və
tütün məmulatının istehsalı, ticarəti,
idxalı, ixracı və istehlakı ilə bağlı
münasibətləri tənzimləyir və keyfiyyətinin
idarə edilməsinin hüquqi əsaslarını
müəyyən edir.
1.0. Bu Qanunda
istifadə edilən anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.0.1.
tütün - yarpağı emal olunduqdan sonra tütün
məmulatının istehsalında əsas xammal kimi
istifadə edilən birillik texniki bitki;
1.0.2.
tənbəki - yarpağı çubuqla çəkilən
birillik texniki bitki;
1.0.3.
fermentləşdirilmiş tütün - tütün
məmulatının istehsalı üçün təbii
və texnoloji prosesi keçmiş tütün yarpağı;
1.0.4. tütün məmulatı –
tütün yarpağından və onun komponentlərindən
hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o
cümlədən kanserogen maddələr olan və
nikotinə aludəçilik yaradan məhsul (siqaretlər,
papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və
s.)[1]
1.0.5. nikotin - tütünün və
tənbəkinin tərkibində mövcud olan alkoloidlər
qrupuna aid maddə;[2]
1.0.6.
tütün qatranı - yarımaye, qazabənzər
tüstü kondensatı;
1.0.7.
inqrediyent - tütünə qatılan tamlı maddələr,
tütün və qeyri-tütün tərkibli
əlavələr, habelə tütün məmulatının
istehsalında istifadə olunan qeyri-tütün
komponentləri;
1.0.8. tamlı
maddə - tütün məmulatına xüsusi dad və
ətir verilməsi üçün tütünə əlavə
olunan qeyri-tütün maddələri;
1.0.9.
qeyri-tütün komponentləri - tütün
məmulatının istehsalında istifadə edilən siqaret
kağızı, mürəkkəb, yapışqan
maddələr, filtrlər, habelə tütündən
fərqli olan hər hansı digər hissələr;
1.0.10.
dövriyyə - sənaye emalını keçmiş
tütünün, habelə tütün məmulatının
satın alınması (o cümlədən idxalı),
göndərilməsi (o cümlədən ixracı), saxlanması,
topdan və pərakəndə satışı.
2.1.
Tütün və tütün məmulatı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və
bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi
aktlardan, habelə Azərbaycan Respublikasının digər
qanunvericiliyindən ibarətdir.
2.2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə tütün və tütün
məmulatına dair münasibətlərin
tənzimlənməsi və keyfiyyətinin idarə edilməsi
barədə müəyyən edilmiş qaydalar bu Qanunda
nəzərdə tutulmuş qaydalardan
fərqlənərsə, beynəlxalq müqavilələrin
qaydaları tətbiq olunur.
Tütünə
və tütün məmulatına dair dövlət
siyasətinin əsas istiqamətləri tütün
istehsalı sahəsində fəaliyyətin qiymətli və
yüksək keyfiyyətli tütün məhsulunun
yetişdirilməsinə, tütünün və tütün
məmulatının ixracının artırılmasına,
daxili tütün məmulatı bazarının qorunmasına,
idxal olunan tütün xammalının yerli xammalla əvəz
edilməsinə yönəldilməsi və əhalinin
tütün məmulatının zərərli
təsirindən qorumaq tədbirlərinin
gücləndirilməsidir.
4.0.
Tütünün və tütün məmulatının
istehsalının və dövriyyəsinin dövlət
tənzimlənməsi aşağıdakıları
nəzərdə tutur:
4.0.1.
tütünün və tütün məmulatının
keyfiyyətinin, istehsalının və dövriyyəsinin
tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul
etmək;
4.0.2.
tütün və tütün məmulatı bazarını
öyrənmək, proqnozlar vermək, dövlət proqramı
əsasında tütünçülüyün
inkişafının əsas istiqamətlərini və
tənzimlənmə mexanizmlərini
müəyyənləşdirmək;
4.0.3.
qiymətli və keyfiyyətli tütün məhsulunun
yetişdirilməsinə və emalına dair aqrotexniki və
texnoloji normalar müəyyən etmək;
4.0.4.
tütün istehsalçılarının fəaliyyətini
stimullaşdırmaq və sosial müdafiəsini təmin
etmək;
4.0.5. tütün məmulatı istehsalı və dövriyyəsi sahəsində sahibkarlıq fəaliyyətinin xüsusi razılığı (lisenziyası) verilməsinin qaydalarını müəyyən etmək;[3]
4.0.6. daxili istehsal nəzərə alınmaqla idxal olunan tütün məmulatına tarif kvotalarını müəyyən etmək;[4]
4.0.7.
tütün məmulatına dair aksiz vergilərinin
dərəcələrini və tətbiqi qaydalarını
müəyyən etmək;
4.0.8.
tütünün və tütün məmulatının
keyfiyyətinə və dövriyyəsinə dövlət
nəzarətini həyata keçirmək;
4.0.9.
tütün məmulatının istehlakının
məhdudlaşdırılmasına yönəldilmiş
sağlamlıq proqramları hazırlamaq və icrasını
təmin etmək;
4.0.10.
qanunvericiliklə müəyyən edilmiş digər
vəzifələri həyata keçirmək.
5.1.
Azərbaycan Respublikasında əmtəəlik tütün
istehsalı üçün dövlət standartlarının
tələblərinə cavab verən
rayonlaşdırılmış tütün sortlarının
toxumlarından istifadə edilməlidir.
5.2. Orijinal, super elit və elit tütün toxumlarının istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, reproduksiyalı tütün toxumlarının istehsalı dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Sort müəllifləri qanunvericiliyə uyğun olaraq fərdi qaydada super elit və elit tütün toxumlarının istehsalı ilə məşğul ola bilərlər. [5]
5.3.
Tütün toxumları istehsalçıları onların
sort tərkibinin təmizliyinə, sortluq və səpin
keyfiyyətinə, təbii-iqlim şəraitinə
uyğunlaşmasına və fitosanitar vəziyyətinə
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
5.4.
Tütünün becərilməsi, dərilməsi,
düzülməsi, qurudulması və ilkin emalı normativ
sənədlərə və texnoloji normalara uyğun olaraq
həyata keçirilir.
6.1. Tütünün təbii və sənaye emalı texniki şərtlərə uyğun olaraq tütün emalı müəssisələri tərəfindən həyata keçirilir. [6]
6.2. Təbii
və sənaye emalı keçmiş tütün
normativlərə uyğun olaraq qablaşdırılır,
etiketləşdirilir və sertifikatlaşdırılır.
7.1.
Qiymətli və keyfiyyətli tütün istehsalı
üzrə dövlət proqramı Azərbaycan
Respublikasında tütünçülüyün inkişaf
etdirilməsini, ənənəvi yetişdirilən botaniki
tütün sortlarının ətirli tütün sortları
ilə optimal nisbətdə əvəz edilməsini, istehsal
olunan məhsulun keyfiyyətinin təmin olunması
məqsədini daşıyır və
aşağıdakıları nəzərdə tutur:
7.1.1.
müəyyənləşdirilmiş tələbat
əsasında tütün sortları toxumlarının
ölkəyə gətirilməsini və istehsalının
təşkilini;
7.1.2.
tütün istehsalçılarına və tütün
emalı müəssisələrinin
mütəxəssislərinə yeni sortların
becərilməsi və emalı texnologiyalarının
öyrədilməsini;
7.1.3.
tütünçülüyün müasir texnika ilə
və texnoloji avadanlıqla təchiz olunması
tədbirlərini;
7.1.4. proqramda
nəzərdə tutulan məsələlərin maliyyə
mənbələrinin müəyyən edilməsini, habelə
bu sahəyə investisiyanın cəlb edilməsi
tədbirlərini.
7.2.
Qiymətli və keyfiyyətli tütün istehsalı
üzrə dövlət proqramı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən hazırlanır
və həyata keçirilməsi təmin edilir.
8.1.
Tütünçülük sahəsində elmi-tədqiqat
və sort-sınaq işlərinin aparılması
dövlət büdcəsi və cəlb olunan digər
vəsaitlər hesabına maliyyələşdirilir.
8.2. Qiymətli və keyfiyyətli tütünün istehsalını stimullaşdırmaq məqsədilə tütün istehsalçılarına və tütün emalı müəssisələrinə azı bir il müddətinə verilən güzəştli kreditlər üzrə güzəşt məbləği sahibkarlığa yardım fondunun və bu kimi digər proqramların vəsaiti hesabına ödənilir.[7]
8.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. [8]
9.1.
Azərbaycan Respublikasında istehsal olunan tütün
məhsulundan tütün məmulatının istehsalı
dövlət tərəfindən
stimullaşdırılır.
9.2.
Tütün istehsalçıları ilə uzunmüddətli
müqavilə əsasında kooperasiya əlaqələri
quran, onlara resurslarla yardım edən və
məhsullarını istehsal olunduğu ilin sonuna qədər
satın alan tütün emalı
müəssisələrinə məqsədli kreditlər
alınmasında üstünlük hüququ verilir.
9.3.
Tütünçülükdə mütərəqqi
texnikanın və texnologiyanın tətbiqini təmin
etmək məqsədilə lizinq əsasında texniki
xidmətin, bitki mühafizə vasitələri və
aqrokimyəvi maddələrlə təchizatın
təşkili sahəsində sahibkarlıq fəaliyyəti
stimullaşdırılır.
9.4.
Tütün istehsalçılarına dövlət
himayəsinin, habelə qiymətli və keyfiyyətli
tütün istehsalının
stimullaşdırılmasının digər forma və şərtləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
10.1.
Tütün məmulatının istehsalçıları
tütün qarışığını bilavasitə
müəssisədə hazırlamalı və
qüvvədə olan normativlərə uyğun olaraq nizamlanan
həcmdə yerli xammaldan istifadə etməlidirlər.
10.2.
Tütün məmulatının istehsalı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada xüsusi razılıq əsasında
həyata keçirilir.
11.1.
Azərbaycan Respublikasında istehsal olunan tütün
məmulatının tərkibində istifadə edilən
inqrediyentlərin tam siyahısı istehsalçılar
tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim
edilən hesabatda əks etdirilir. Siyahıda hər növ
tütün məmulatı (məhsul markası) üzrə
onun adı və tərkibindəki inqrediyentlərin miqdarı
azalma qaydasında açıqlanır.
11.2.
İnqrediyentlərin tam siyahısında hər bir inqrediyentin
funksiyası və həddi keçməyən
miqdarının səviyyəsi göstərilməlidir.
11.3.
Siyahıda hər məhsul markasının növünə
nadir xüsusiyyətlər verən tamlı maddələr
ayrılıqda açıqlanmaya və "təbii"
və (və ya) "süni" tamlı maddələr kimi
qruplaşdırıla bilər.
11.4.
Müvafiq icra hakimiyyəti orqanı istehsalçılardan
məhsulun tərkibində olan inqrediyentlər barədə
məlumatları istehlakçılara təqdim etməyi
tələb edə və ya özü çatdıra
bilər.
11.5.
Tütün məmulatının tərkibində olan
inqrediyentlər barədə hesabatın forması və
təqdim edilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
12.1.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan
Respublikasında istehsal edilən və dövriyyəyə
buraxılan tütün məmulatının tərkibində
hər ədəd üçün nikotinin, tütün
qatranının və karbon monoksidinin miqdarının yuxarı
həddini respublikanın tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə müvafiq olaraq müəyyən
edir və bu normaların azaldılmasını tənzimləyir.
12.2.
Tütün məmulatı istehsalçıları
tərəfindən Azərbaycan Respublikasının
ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış
tütün məmulatının tərkibində olan nikotinin,
tütün qatranının və karbon monoksidinin miqdarı
barədə ildə bir dəfə müvafiq icra hakimiyyəti
orqanına məlumat təqdim edilməlidir.
12.3.
Tütün məmulatının tərkibində olan nikotinin,
tütün qatranının və karbon monoksidinin miqdarı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş laboratoriyalarda istehsalçı
tərəfindən və ya onun hesabına beynəlxalq
metodologiya əsasında təhlil edilir və
testləşdirilir.
12.4.
Tütün məmulatının tərkibində nikotinin,
tütün qatranının və karbon monoksidinin miqdarı
barədə məlumatın tərtibi və təqdim
edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
13.1.
Azərbaycan Respublikasının ərazisində istehsal
edilən və dövriyyəyə buraxılan tütün
məmulatı qutularının tərtibatı beynəlxalq
standartların tələblərinə cavab verməlidir.
Yazılar Azərbaycan dilində çap edilməlidir.
13.2.
Tütün məmulatının istehlakının
insanların səhhətinə zərəri haqqında
xəbərdarlıq yazısının mətni müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir və tütün
məmulatı qutusunun yan tərəflərinin birində
aydın, seçilən (kontrast), qalın
hərflərlə, silinməsi mümkün olmayan
tərzdə çap olunmalı, hər hansı nəşr
materialı və ya təsvirlə örtülməsinə,
gizlədilməsinə, qutunun açılması zamanı
zədələnməsinə və ya arası
kəsilməsinə yol verilməməlidir.[9]
13.3. İstehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.[10]
13.4. İxrac
edilən tütün məmulatı qutularının
tərtibatı müqavilə şərtlərinə
uyğun olaraq başqa dildə də aparıla bilər.
14.1. Xarici
dövlətlərdən Azərbaycan Respublikasına
dövlət reyestrində qeydiyyata alınmış,
müəyyən edilmiş qaydada verilmiş uyğunluq
sertifikatı və ya onun tanınması barədə
şəhadətnaməsi olan və bu Qanunla
müəyyənləşdirilən keyfiyyət
tələblərinə cavab verən tütün və
tütün məmulatı idxal oluna bilər.
14.2. Fiziki
şəxslər tərəfindən öz şəxsi
istehlakı üçün Azərbaycan Respublikasına
gətirilməsinə icazə verilən tütün
məmulatının miqdarı müvafiq qanunvericiliklə
müəyyən edilir.
14.3. Hüquqi
və fiziki şəxslər tərəfindən
tütünün və tütün məmulatının
idxalına aşağıdakı hallarda yol verilmir:
14.3.1. xüsusi razılığı (lisenziyası) olmadıqda;[11]
14.3.2.
tütünün və tütün məmulatının
hər partiyası üçün qanunvericiliklə
müəyyən edilən sertifikatları olmadıqda;
14.3.3.
tütün məmulatı aksiz markası ilə
markalanmadıqda;
14.3.4.
tütün məmulatının qutusu üzərində tütün
çəkməyin sağlamlığa zərərli
təsiri barədə xəbərdarlıq, nikotinin, tütün qatranının
və karbon monoksidinin miqdarı haqqında yazıları
Azərbaycan dilində olmadıqda;[12]
14.3.4-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;[13]
14.3.5.
qanunvericiliyə uyğun olmayan digər hallarda.
14.4.
Tütünün və tütün məmulatın ixracı
Azərbaycan Respublikasının qanunvericiliyinə və
beynəlxalq hüquq normalarına uyğun olaraq həyata
keçirilir.
15.1.
Azərbaycan Respublikasında keyfiyyət
göstəriciləri normativ sənədlərin
tələblərinə və gigiyenik normativlərə cavab
verən, müvafiq sertifikatları olan tütün və
tütün məmulatı ticarət dövriyyəsinə
daxil edilə bilər.
15.2.
Tütünün və tütün məmulatının ticarəti
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq topdan və pərakəndə satış formasında
həyata keçirilir.
15.3.
Tütünün və tütün məmulatının
satışı aşağıdakı hallarda qadağan
olunur:
15.3.1.
məhsulun hər partiyası üçün müvafiq
sertifikatlar olmadıqda;
15.3.2.
tütün məmulatı aksiz markası ilə
markalanmadıqda;
15.3.3.
tərkibində nikotinin, tütün qatranının və
karbon monoksidinin miqdarı müəyyən edilmiş
yuxarı həddən çox olduqda;
15.3.3-1. tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməklə istehsal olunduqda;[14]
15.3.4.
tütün məmulatının qutusu üzərində tütün
çəkməyin sağlamlığa zərərli
təsiri barədə xəbərdarlıq yazısı
olmadıqda;[15]
15.3.5.
tütün məmulatının markalanması və
qutularının tərtibatı müvafiq normativ
sənədlərin tələblərinə uyğun
aparılmadıqda;
15.3.6. 18
yaşına çatmamış şəxslərə
satıldıqda;
15.3.7.
avtomatlar vasitəsilə satıldıqda;
15.3.8. siqaret,
papiros və siqarillalar ədədlə satıldıqda.
15.4. Tütün məmulatlarının
buraxılmasını bilavasitə həyata keçirən
şəxs (satıcı) tütün məhsulunu istifadə
edən şəxsin (alıcının) yetkinlik yaşına
çatmasına şübhə etdikdə satıcı
alıcıdan onun şəxsiyyətini təsdiq edən
və yaşını müəyyən etməyə imkan
verən sənəd tələb edir.[16]
15.5.
Tədris, tərbiyə, səhiyyə, sağlamlıq və
mədəniyyət obyektlərində, habelə uşaq
və yeniyetmələr üçün malların
satışı yerlərində tütün
məmulatının ticarətinə yol verilmir.
15.6.
Tütün məmulatının ticarəti yerlərində tütün
çəkməyin sağlamlığa zərərli
təsiri, 18 yaşına çatmamış
şəxslərə tütün məmulatının
satışının qadağan edilməsi, habelə
tütün məmulatından istifadənin
məhdudlaşdırılmasına xidmət edən digər
yazılar olmalıdır.
16.1.
Tütünün və tütün məmulatının
qeyri-qanuni dövriyyədən götürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq həyata keçirilir.
16.2.
Tütün və tütün məmulatı
dövriyyədən aşağıdakı hallarda
götürülür:
16.2.1. qanuni
istehsalı və dövriyyəyə daxil edilməsi
barədə sənədləri olmadıqda;
16.2.2.
məhsulun hər partiyası üçün müvafiq
sertifikatlar olmadıqda;
16.2.3.
tütün məmulatı aksiz markası ilə
markalanmadıqda və ya saxta markalarla markalandıqda;
16.2.4.
tütün məmulatının tərkibində nikotinin,
tütün qatranının və karbon monoksidinin miqdarı
müəyyən edilmiş yuxarı həddən çox
olduqda, yaxud tütün və ya
tütün məmulatları genetik modifikasiya olunmuş
bitkilərdən, yaxud müasir biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki materiallarından istifadə
edilməklə istehsal olunduqda; [17]
16.2.5.
tütün məmulatının tərkibinə daxil
edilmiş inqrediyentlərin açıqlanmasına dair
tələblər pozulduqda;
16.2.6.
tütün məmulatı qutularının tərtibatı
qanunvericiliklə müəyyən olunmuş qaydada
aparılmadıqda;
16.2.7.
məhsulun istehlak keyfiyyəti itirildikdə;
16.2.8.
məhsulun sahibsiz olması müəyyən edildikdə;
16.2.9.
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
16.3.
Qeyri-qanuni dövriyyədən götürülmüş
tütün və tütün məmulatı bu Qanunun
16.2.4-cü, 16.2.5-ci və 16.2.7-ci maddələrində
göstərilən hallarda qanunvericiliklə nəzərdə
tutulmuş qaydada müsadirə edilir və məhv olunur,
digər hallarda isə müəyyənləşdirilmiş
qaydada istifadə edilir.
17.1.
Tütünə və tütün məmulatına dair
normativ sənədlər onların istehsal, tədarük,
emal, saxlanma, daşınma, qablaşdırma, markalanma və
satış qaydalarını, şərtlərini və
normalarını nizamlayan standartları və
tələbləri müəyyən edir.
17.2.
Azərbaycan Respublikasında istehsal edilən, habelə
respublikaya gətirilən tütünün və tütün
məmulatının keyfiyyət göstəriciləri
qüvvədə olan normativ sənədlərin
tələblərinə cavab verməlidir.
17.3.
Tütünə və tütün məmulatına dair
normativ sənədlərin tələblərinə
əməl olunması bu sahədə sahibkarlıq
fəaliyyəti göstərən bütün hüquqi
və fiziki şəxslər üçün məcburidir.
18.1.
Azərbaycan Respublikasında istehsal edilən və respublikaya
gətirilən tütünün və tütün
məmulatının tərkibi əmtəə
dəyərliliyi, sinfi (dərəcəsi), çəkim
keyfiyyəti, nikotin, tütün qatranı və karbon monoksidi
göstəriciləri üzrə təhlil edilir və
qiymətləndirilir.
18.2.
Tütünün və tütün məmulatının
tərkibində sağlamlıq üçün
zərərli maddələrin miqdarı müvafiq qaydada
təsdiq edilmiş gigiyenik normativlərə uyğun
olmalıdır.
18.3.
Tütün məmulatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən dövlət reyestrində
gigiyena qeydiyyatına alınır.
18.4.
Keyfiyyət göstəriciləri qiymətləndirilmiş
tütün, habelə gigiyena qeydiyyatına alınmış
tütün məmulatı müvafiq qaydada
sertifikatlaşdırılır.
19.1.
Tütünün və tütün məmulatının
keyfiyyətinə və dövriyyəsinə dövlət
nəzarətinin məqsədi hüquqi və fiziki
şəxslər tərəfindən bu məhsulların
istehsalını, tədarükünü, emalını,
qablaşdırılmasını, saxlanmasını,
daşınmasını, markalanmasını,
satışını, idxalını və ixracını,
habelə keyfiyyət göstəricilərini nizamlayan normativ
sənədlərin tələblərinə və gigiyenik
normativlərə əməl olunmasını təmin
etməkdir.
19.2.
Tütünün və tütün məmulatının
keyfiyyətinə və dövriyyəsinə dövlət
nəzarətinin həyata keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilmiş normativ hüquqi aktlarla müəyyən
edilir.
19.3.
Bələdiyyələr, istehlakçılar və
qeyri-hökumət təşkilatları tütünün
və tütün məmulatının keyfiyyətinə
və dövriyyəsinə nəzarət funksiyalarını
onların statusunu müəyyən edən qanunvericilik
aktları ilə verilən səlahiyyətlər daxilində
həyata keçirə bilərlər.
20.1.
Tütün məmulatının ticarətinə icazəsi
olan hüquqi və fiziki şəxslərə məhsul
satışında istehlakçıların
həvəsləndirilməsi üçün
aşağıdakı üsullardan istifadə edilməsi
qadağan edilir:
20.1.1.
kütləvi informasiya vasitələrində çap
olunmuş və ya elan verilmiş kupon sahiblərinə
güzəştlərin tətbiq edilməsi;
20.1.2.
tütün məmulatının və onların yeni
nümunələrinin pulsuz paylanması və ya mükafat
kimi verilməsi;
20.1.3.
tütün məmulatının lotereya, müsabiqə, idman
yarışları, oyunlar üçün mükafat kimi
təklif edilməsi;
20.1.4.
tütün məmulatının satışı və istehlakı
ilə bağlı uduşlu (o cümlədən siqaret
qutularının və hissələrinin yığılması
ilə) oyunların keçirilməsi;
20.1.5. tütün və
tütün məmulatını alanlara hədiyyə
qismində başqa əmtəənin təklif edilməsi.[19]
20.2. Tütünün,
tütün məmulatının və onların
ləvazimatlarının, o cümlədən tənbəki
çubuqlarının, qəlyanların, elektron
siqaretlərin, siqaret kağızlarının,
alışqanların reklamı qadağandır.[20]
20.3. Tütün və
tütün məmulatının istehsalı və (və ya)
satışı ilə məşğul olan
şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun
olaraq sponsor ola bilməzlər. [21]
21.1.
Azərbaycan Respublikasında aşağıda
göstərilən yerlərdə siqaret çəkmək
qadağandır:
21.1.1.
tədris, tərbiyə, səhiyyə, sağlamlıq və
mədəniyyət obyektlərində, habelə idman
yarışları və başqa kütləvi
tədbirlərin keçirildiyi zallarda;
21.1.2.
inzibati binalarda fərdi iş otaqları və siqaret
çəkmək üçün müəyyən
edilmiş xüsusi yerlər istisna olmaqla, iş
yerlərində;
21.1.3.
yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna
olmaqla, ticarət, ictimai-iaşə, məişət
obyektlərində, ümumi istifadədə olan yaşayış
binalarında və digər qapalı yerlərdə;
21.1.4. uzaq
mənzilli sərnişin nəqliyyatında xüsusi
ayrılmış yerlər istisna olmaqla, bütün ictimai
nəqliyyat növlərində.
21.2.
Mehmanxanalarda siqaret çəkənlər üçün
xüsusi yerlər ayrılmalıdır.
21.3.
Müəssisə, idarə, təşkilat
rəhbərləri və digər
işəgötürənlər iş yerlərində
siqaret çəkmək üçün xüsusi yerlər
ayrılmasını və görünən yerlərdə
"siqaret çəkmək qadağandır"
xəbərdarlıq yazısının və ya
işarəsinin olmasını təmin etməlidirlər.
21.4.
Tədris müəssisələri müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə tədris
proqramlarına tütün məmulatının
istehlakının sağlamlığa zərərli təsiri
barədə mövzular daxil etməlidirlər.
22.1.
Tütün məmulatının istehlakına nəzarət
tədbirləri müvafiq icra hakimiyyəti orqanları
tərəfindən hazırlanır və həyata
keçirilir. Tütün məmulatının istehlakına
nəzarət tədbirləri dövlət ekoloji və
sağlamlıq proqramlarının tərkib hissəsi olaraq
dövlət büdcəsi və digər mənbələr
hesabına maliyyələşdirilir.
22.2.
Bələdiyyələr, istehlakçılar və
qeyri-hökumət təşkilatları tütün
məmulatının istehlakına nəzarət üzrə
proqramlar hazırlaya, həyata keçirə və bununla
əlaqədar müvafiq təkliflər irəli sürə
bilərlər.
Tütün
və tütün məmulatı haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
24.1.
Tütün və tütün məmulatı haqqında
qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın
həcmi və ödənilməsi qaydaları Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən
edilir.
24.2. Vurulan
ziyanın ödənilməsi təqsirkar olan
şəxsləri qanunvericilikdə nəzərdə
tutulmuş məsuliyyətdən azad etmir.
Tütün
və tütün məmulatının istehsalı və
dövriyyəsi ilə bağlı olan mübahisələr
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq məhkəmə qaydasında həll edilir.
Bu Qanun 1 yanvar
2002-ci ildən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 8 iyun 2001-ci il
¹ 138-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 aprel 2002-ci il tarixli 310-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 240)
2.
3 dekabr 2002-ci il tarixli 388-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1, maddə 6)
3.
01 fevral 2007-ci il tarixli 236-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 397)
4.
9 oktyabr 2007-ci il tarixli 429-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 938)
5.
30 sentyabr 2009-cu il tarixli 883-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, ¹ 287)
6.
18 dekabr 2015-ci il
tarixli 61-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 yanvar 2016-cı il, ¹ 12,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 28)
7.
29 noyabr 2016-cı
il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 2)
8.
1 dekabr 2017-ci il tarixli 887-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr
2017-ci il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
7, I kitab maddə 2244)
9. 2 noyabr 2018-ci il tarixli 1327-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2018-ci il, ¹ 281,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2476)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 1.0.4-cü maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.4. tütün
məmulatı - tütün yarpağından
çəkmək üçün hazırlanmış,
tərkibində nikotin, tütün qatranı və digər
maddələr olan və nikotinə aludəlik yaradan məhsul
(siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq
tütünü);
[2] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 1.0.5-ci maddədə “tütün və tənbəki
yarpağında və tüstüsündə”
sözləri “tütünün
və tənbəkinin tərkibində” sözləri
ilə əvəz edilmişdir.
[3] 9 oktyabr 2007-ci il
tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938) ilə 4.0.5-ci maddədə "xüsusi icazə" sözləri "xüsusi razılıq
(lisenziya)" sözləri ilə əvəz
edilmişdir.
[4] 30 sentyabr 2009-cu il
tarixli 883-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25 dekabr 2009-cu il, ¹ 287)
ilə 4.0.6-cı maddəsində “tütün məmulatını kvotalaşdırmaq”
sözləri “tütün
məmulatına tarif kvotalarını müəyyən
etmək” sözləri ilə əvəz edilmişdir.
[5] 01
fevral 2007-ci il tarixli 236-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 397) ilə 5.2-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
5.2. Super etil tütün toxumlarının
istehsalı müvafiq elmi-tədqiqat
müəssisələrinin təcrübə bazalarında,
elit və yüksək reproduksiyalı toxumların
istehsalı isə ixtisaslaşdırılmış
təsərrüfatlarda müqavilə əsasında
həyata keçirilir.
[6] 01 fevral 2007-ci il
tarixli 236-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 397) ilə 6.1-ci maddədə "normalara" sözü "şərtlərə"
sözü ilə əvəz edilmişdir.
[7] 3
dekabr 2002-ci il tarixli 388-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 6) ilə 8.2-ci maddədə "Belə kreditlər hesabına həyata
keçirilən layihələr
çərçivəsində becərilən tütün
əkinlərinin (məhsulun) təbii fəlakətdən
sığortalanması büdcə vəsaiti hesabına
aparılır" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
8.2. Qiymətli
və keyfiyyətli tütünün istehsalını
stimullaşdırmaq məqsədilə tütün
istehsalçılarına və tütün emalı
müəssisələrinə azı bir il
müddətinə verilən güzəştli kreditlər
üzrə güzəşt məbləği
sahibkarlığa yardım fondunun və bu kimi digər
proqramların vəsaiti hesabına ödənilir. Belə
kreditlər hesabına həyata keçirilən
layihələr çərçivəsində
becərilən tütün əkinlərinin (məhsulun)
təbii fəlakətdən sığortalanması
büdcə vəsaiti hesabına aparılır.
[8] 3 dekabr 2002-ci il
tarixli 388-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 1,
maddə 6) ilə 8.3-cü maddədə "və tütün əkinlərinin (məhsulunun)
sığortalanması" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
8.3. Məqsədli kreditlərin
verilməsi, qaytarılması və tütün
əkinlərinin (məhsulunun) sığortalanması
qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
[9] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 13.2-ci maddədə “siqaret” sözü “tütün məmulatı”
sözləri ilə əvəz edilmişdir.
[10] 19 aprel 2002-ci il tarixli 310-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 240) ilə
13.3-cü maddəsində "istehsal
olunduğu tarix" sözlərindən sonra "və onların 18 yaşına
çatmamış şəxslərə
satılmasının qadağan edilməsi"
sözləri əlavə edilmişdir.
2 noyabr 2018-ci il tarixli 1327-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr
2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 13.3-cü maddədə “və tütün
qatranının” sözləri “, tütün qatranının və karbon monoksidinin”
sözləri ilə əvəz edilmişdir.
[11] 9 oktyabr 2007-ci il
tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
938) ilə 14.3.1-ci maddədə "xüsusi
icazəsi" sözləri "xüsusi razılığı (lisenziyası)"
sözləri ilə əvəz edilmişdir.
[12] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 14.3.4-cü maddədə “siqaret” sözü “tütün” sözü
ilə, “və tütün
qatranının” sözləri isə “, tütün qatranının və karbon monoksidinin”
sözləri ilə əvəz edilmişdir.
[13] 18 dekabr 2015-ci il tarixli 61-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti 19 yanvar 2016-cı il, ¹ 12, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 28) ilə yeni məzmunda
14.3.4-1-ci maddə əlavə edilmişdir.
[14] 18 dekabr 2015-ci il tarixli 61-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti 19 yanvar 2016-cı il, ¹ 12, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01, maddə
28) ilə yeni məzmunda 15.3.3-1-ci
maddə əlavə edilmişdir.
[15] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 15.3.4 və 15.6-cı
maddələrdə “siqaret”
sözü “tütün”
sözü ilə əvəz edilmişdir.
[16] 2 noyabr 2018-ci il tarixli 1327-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 dekabr 2018-ci il, ¹ 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2476) ilə 15.4-cü maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
15.4. Zəruri
hallarda tütün məmulatı satıcılarının
alıcılardan onların yaşını təsdiq edən
sənədi tələb etmək hüququ vardır.
[17] 18 dekabr 2015-ci il tarixli 61-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti 19 yanvar 2016-cı il, ¹ 12, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 01,
maddə 28) ilə 16.2.4-cü maddədə “çox olduqda”
sözlərindən sonra “, yaxud
tütün və ya tütün məmulatları genetik
modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji
və gen mühəndisliyi metodları ilə
yaradılmış kənd təsərrüfatı bitki
materiallarından istifadə edilməklə istehsal olunduqda”
sözləri əlavə edilmişdir.
[18] 1 dekabr 2017-ci il
tarixli 887-VQ nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2017-ci il, ¹ 290, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, I kitab maddə 2244) ilə
“Tütün
və tütün məmulatı haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci və 21-ci maddələri
ləğv edilmişdir.
[19] 29 noyabr 2016-cı
il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 2) ilə 20.1.4-cü
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 20.1.5-ci maddə əlavə edilmişdir.
[20] 29 noyabr 2016-cı
il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 2) ilə 20.2-ci maddə
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi
20.2. Tütün
məmulatının istehsalçıları
tütünün və tütün məmulatının
reklamını əks etdirməyən sosial, mədəni
və təhsil tədbirlərinin sponsorluğu və
reklamı zamanı öz firma adlarından maneəsiz
istifadə edirlər.
[21] 29 noyabr 2016-cı
il tarixli 414-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 fevral 2017-ci il, ¹ 23,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 2) ilə yeni məzmunda
20.3-cü maddə əlavə edilmişdir.