“Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq qərara alıram:

1. “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin. [1]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyun 2010-cu il

    ¹ 284

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi

 

QAYDALARI

 

I. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və daşınmaz dövlət əmlakı obyektlərinin (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan binalar və qeyri-yaşayış sahələri, habelə Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla) müsabiqə əsasında icarəyə verilməsi qaydalarını müəyyən edir.[2]

1.2. Bu Qaydalarda daşınmaz dövlət əmlakı obyektləri (bundan sonra — obyekt) dedikdə, dövlət müəssisə və təşkilatlarına, habelə səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul edilmiş səhmdar cəmiyyətlərinə məxsus olan və icarəyə verilməsi mövcud qanunvericiliklə qadağan edilməyən bina, tikililər və qeyri-yaşayış sahələri nəzərdə tutulur.

1.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra Dövlət Xidməti) açıq müsabiqə vasitəsilə icarəyə verilən obyektlər barədə elanı Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirir. [3]

1.4. Bu Qaydalara uyğun olaraq daşınmaz dövlət əmlakı aşağıdakı hallarda (dövlət ehtiyacları üçün, habelə dövlət və ictimai təşkilatların yerləşdirilməsi üçün nəzərdə tutulmuş obyektlər istisna olmaqla) Dövlət Xidmətinin qərarı ilə açıq müsabiqə vasitəsilə icarəyə verilir: [4]

Dövlət Xidməti tərəfindən açıq müsabiqə vasitəsilə icarəyə verilməsi barədə qərar qəbul edilmiş obyektlər haqqında elan dərc olunduqdan sonra 10 gün ərzində obyektin icarəyə verilməsi barədə ən azı 3 (üç) fiziki və (və ya) hüquqi şəxsin yazılı müraciəti daxil olduqda;

icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun (mədəniyyət, səhiyyə, bədən tərbiyəsi və idman, təhsil, rabitə və mərasim xidmətləri göstərən müəssisələr, xalq bədii sənət müəssisələri, təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələri, gənclərin təhsili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər, yerli əhəmiyyətli istirahət parkları) təyinatı üzrə istifadə zərurəti yarandıqda;

icarəyə verilən obyekt qanunvericiliklə icarəyə verilməsi mümkün olan tarix və mədəniyyət abidəsi sayılan bina və tikililərdə, habelə mədəniyyət və istirahət parklarında (xüsusi qorunan ərazilərdə) yerləşdikdə;[5]

1.5. icarəyə verilən obyekt dövlət mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidəsi və ya onun ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) olduqda, elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırılma və bərpa layihələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırıldıqdan sonra.[6]

1.5. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla Dövlət Xidməti tərəfindən həyata keçirilir və icarəyəverən qismində Dövlət Xidməti çıxış edir.

1.6. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi zamanı qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla, fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.

1.7. Obyektlər açıq müsabiqə vasitəsilə icarəyə verilən zaman onun aylıq start icarə haqqı məbləği “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən az olmamalıdır. Həmçinin müsabiqə iştirakçıları tərəfindən təklif olunan icarə haqqı məbləği obyektin aylıq start icarə haqqı məbləğindən az olmamalıdır.

1.8. Açıq müsabiqənin keçirilməsi zamanı müsabiqə iştirakçıları haqqında və onlar tərəfindən təklif olunan icarə haqqı barədə məlumatların müsabiqə komissiyasının iclasında müsabiqənin qalibi müəyyən edilənədək açıqlanmasına yol verilmir.

 

II. Müsabiqənin keçirilməsinə hazırlıq

 

2.1. Müsabiqənin keçirilməsinə hazırlıq mərhələsində Dövlət Xidməti tərəfindən müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi 6 (altı) nəfərdən ibarət olur, bura Dövlət Xidmətinin (3 nəfər), onun yerli bölməsinin (1 nəfər), müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcının (1 nəfər) və icarəyə verilən əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının (1 nəfər) nümayəndələri daxil edilir. Komissiyanın sədri Dövlət Xidmətinin nümayəndələrindən təyin olunur. [7]

Müsabiqəyə çıxarılan obyektin texniki pasportu və ya eskizi, dövlət əmlakının registrindən çıxarış hazırlanır, obyektin aylıq start icarə haqqı məbləği müəyyənləşdirilir və Dövlət Xidməti tərəfindən komissiyaya təqdim edilir. [8]

2.2. Dövlət Xidməti tərəfindən obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtləri müəyyən edilir. Bu zaman aşağıdakı şərtlər müəyyən edilə bilər və müəyyən edilmiş şərtlərin sonradan dəyişdirilməsinə yol verilmir:

icarəyə verilən obyektdə onun məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinin saxlanılması;

icarəçi tərəfindən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması;

birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi;

icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması.

Qeyd olunanlarla yanaşı hər bir halda sifarişçilər tərəfindən bu Qaydaların 1.7-ci bəndində göstərilən məbləğdən az olmamaqla, təklif olunan icarə haqqı məbləğinin göstərilməsi barədə şərt daxil edilir.

2.3. Müsabiqə komissiyası tərəfindən müsabiqə haqqında aşağıdakılar göstərilməklə məlumat hazırlanır və müsabiqənin keçirilməsi gününə ən azı 30 gün qalmış Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir: [9]

obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi müqaviləsinin ümumi şərtləri;

obyektin yerləşdiyi ünvan, balanssaxlayıcı müəssisə və təşkilatın adı, obyektin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklülüyü (əgər mövcuddursa);

müsabiqənin keçirilmə tarixi, vaxtı və yeri;

müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödənilmiş icarə haqqı (bundan sonra — beh) məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, ödəniş forması;

müsabiqədə iştirak etmək üçün sifarişin qəbulunun başlanma və başaçatma tarixləri;

sifariş və sənəd qəbulu məntəqələrinin ünvanı (otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);

müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün təyin olunmuş tarix və vaxt;

müsabiqədə iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə təqdim edəcəkləri sənədlərin siyahısı, bu sənədlərin tərtib edilməsi üçün irəli sürülən tələblər və təqdimetmə müddəti;

müsabiqənin qalibi tərəfindən icarə müqaviləsinin bağlanılması müddəti;

müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası.

2.4. Obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtlərinə obyektin təyinatı, bu təyinatın dəyişdirilməsinin mümkünlüyü barədə məlumatlar daxil edilməlidir.

2.5. Müsabiqəyə iştirak etmək üçün müraciət etmiş, sifariş və digər zəruri sənədləri müəyyənləşdirilmiş müddətdə və qaydada təqdim etmiş və müsabiqə başlanmasına ən geci 3 (üç) bank günü qalanadək müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində dövlət büdcəsinə beh köçürmüş hüquqi və fiziki şəxslər buraxılırlar.

2.6. Sifarişçi müsabiqə komissiyasına aşağıdakı sənədləri müsabiqə haqqında elanda göstərilən müddətdə təqdim etməlidir:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada ərizə (sifariş); [10]

obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində behin köçürülməsini təsdiq edən sənəd;

müsabiqə təklifi (bağlı zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir);

hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarışın və nizamnamənin surəti;

fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti.

2.7. Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.

2.7-1. Bu Qaydaların 2.6-cı və 2.7-ci bəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.[11]

2.8. Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə (bu Qaydaların 2.7-1-ci bəndinin müddəaları nəzərə alınmaqla), sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş qaydada həyata keçirilir.[12]

Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

2.9. Sifariş və ona əlavə olunmuş sənədlər Dövlət Xidməti tərəfindən qəbul edilərək qeydiyyata alınır və müsabiqədə iştirak etmək üçün buraxılmış şəxslərə onların müsabiqədə iştirak etmə nömrəsi, müsabiqəyə çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi müsabiqə iştirakçısı statusunu alır.

2.10. Dövlət Xidməti sifarişçilərin təqdim etdiyi sənədlərin və onlar haqqında məlumatların qorunub saxlanılmasını təmin edir.

 

III. Müsabiqənin keçirilməsi qaydaları

 

3.1. Komissiya müsabiqənin keçirilməsini təmin edir, müsabiqə iştirakçılarının qeydiyyatını aparır və bu barədə məlumatı hazırlayıb Dövlət Xidməti təqdim edir, müsabiqənin qalibini müəyyən edir, müsabiqənin yekun və digər protokollarını rəsmiləşdirir və onları təsdiq etmək üçün Dövlət Xidmətinə təqdim edir.

3.2. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici olur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur.

Komissiya iclasları komissiya üzvlərinin üçdə ikisinin iştirakı təmin olduqda keçirilmiş və səlahiyyətli hesab edilir. Komissiya işində mütəmadi iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Dövlət Xidməti qarşısında məsələ qaldıra bilər.

3.3. Müsabiqə aşağıdakı qaydada keçirilir:

3.3.1. icarəyə verilən obyektin qısa xarakteristikası və ilkin təklif olunmuş icarə haqqının məbləği komissiya üzvləri tərəfindən elan edilir;

3.3.2. müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxil olduqları ardıcıllıqla açılır və təkliflərin qiymətləndirilməsi aparılır;

3.3.3. qalib gəlmiş təklif elan edilir;

3.3.4. müsabiqə başa çatdıqdan sonra komissiya müsabiqənin yekunlarını protokollaşdırır. Protokol iclasda iştirak edən komissiya üzvlərinin tərkibi, müsabiqənin şərtləri, iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumat göstərilməklə 2 (iki) nüsxədə tərtib edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və təsdiq edilmək üçün Dövlət Xidmətinə təqdim olunur.

Protokol 3 (üç) təqvim günü müddətində Dövlət Xidmətitərəfindən təsdiq edilir. Onun bir nüsxəsi müsabiqənin qalibinə təqdim olunur və icarə müqaviləsinin bağlanılması hüququnu təsdiq edən sənəd kimi qəbul edilir.

3.4. Müsabiqənin yekunları haqqında məlumat müsabiqənin keçirildiyi gündən 15 (on beş) təqvim günü ərzində Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir. Məlumatda müsabiqəyə çıxarılmış obyektin ünvanı və müsabiqənin nəticələrinə əsasən dövlət büdcəsinə köçürülməli olan icarə haqqı məbləği göstərilməlidir. [13]

 

IV. Müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi

 

4.1. Müsabiqənin yekunları haqqında protokol Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra iyirmi gündən gec olmayaraq icarə müqaviləsi bağlanılır.

İcarə müqaviləsinin nüsxələri icarəçiyə və balanssaxlayıcıya təqdim olunur.

4.2. Müsabiqənin şərtləri bağlanılan icarə müqaviləsində öz əksini tapmalıdır.

4.3. Müsabiqənin qalibi tərəfindən icarə haqqının ödənilməsi müqavilə ilə müəyyən olunmuş qaydada həyata keçirilir və qalib tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir.

4.4. Müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır.

4.5. Müsabiqənin qalibi müsabiqənin yekunları haqqında protokolu imzalamaqdan imtina etdikdə, müsabiqə baş tutmamış hesab olunur və qalib tərəfindən köçürülmüş beh geri qaytarılmır.

4.6. Müsabiqə baş tutmadıqda, onun təkrar keçirilməsi və keçirilmə müddətinin təyin edilməsi barədə qərar komissiya üzvlərinin iclasında qəbul edilir.

4.7. Müsabiqənin yekunları aşağıda göstərilən hallarda və yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər:

müsabiqənin şərtləri pozulduqda;

müsabiqənin qalibi icarə haqqının qalan hissəsinin (köçürdüyü behdən əlavə) köçürülməsindən imtina etdikdə və ya müsabiqənin şərtləri ilə tələb olunan müddətdə köçürülməsini təmin etmədikdə (bu halda beh qaytarılmır);

müsabiqənin hər hansı iştirakçısına qanunsuz güzəştlər edildikdə;

müsabiqənin keçirilməsi zamanı qanunvericiliyin və bu Qaydaların tələbləri pozulduqda.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 noyabr 2014-cü il tarixli 383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1423)

2.       16 sentyabr 2015-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, ¹ 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹9, maddə 1007)

3.       15 fevral 2016-cı il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, ¹ 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 235)

4.       3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, ¹ 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 826)

5.       29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹1, maddə 38)

6.       21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70)

7.       30 mart 2023-cü il tarixli 2077 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, ¹ 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 373)

8.       28 aprel 2023-cü il tarixli 2125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il,Xalq” qəzeti, 29 aprel 2023-cü il, ¹ 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 510)

9.       12 iyun 2024-cü il tarixli 99 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2024-cü il, “Xalq” qəzeti, 13 iyun 2024-cü il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 6, I kitab, maddə 665)

10.    2 avqust 2024-cü il tarixli 171 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2024-cü il, “Xalq” qəzeti, 3 avqust 2024-cü il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 8, maddə 938)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə 2-ci hissədə Əmlak Məsələləri Dövlət Komitəsi sözləri İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz  edilmişdir.

 

[2] 26 noyabr 2014-cü il tarixli 383 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1423) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “daşınmaz dövlət əmlakı obyektlərinin” sözlərindən sonra “(sənaye, yaxud texnologiyalar parkı üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan binalar və qeyri-yaşayış sahələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.

30 mart 2023-cü il tarixli 2077 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, ¹ 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 373) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “qeyri-yaşayış sahələri” sözlərindən sonra “, habelə Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri” sözləri əlavə edilmişdir.

12 iyun 2024-cü il tarixli 99 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 iyun 2024-cü il, “Xalq” qəzeti, 13 iyun 2024-cü il, ¹ 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 6, I kitab, maddə 665) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndindəsənaye, yaxud texnologiya parkları” sözləri “dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar” sözləri ilə əvəz edilmişdir.

2 avqust 2024-cü il tarixli 171 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2024-cü il, “Xalq” qəzeti, 3 avqust 2024-cü il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 8, maddə 938) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “aqroparklar” sözündən sonra “, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri” sözləri əlavə edilmişdir.

 

[3] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.3-cü bəndində Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra Komitə) sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra Dövlət Xidməti) sözləri ilə və Komitənin rəsmi mətbuat orqanı olan Mülkiyyət qəzetində dərc etdirir sözləri “Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirir sözləri ilə əvəz edilmişdir.

 

[4] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.4-cü bəndin birinci və ikinci abzaslarında, 1.5-ci bənddə (hər iki halda), 2.2-ci bəndin birinci abzasının birinci cümləsində, 2.9-cu bəndin birinci cümləsində, 2.10-cu bənddə, 3.1-ci bənddə (hər iki halda), 3.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 3.3.4-cü yarımbəndin birinci abzasının ikinci və ikinci abzasının birinci cümlələrində, 4.1-ci bəndin birinci abzasında ismin müvafiq hallarında Komitə sözü ismin müvafiq hallarında Dövlət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[5] 16 sentyabr 2015-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, ¹ 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹9, maddə 1007) ilə 1.4-cü bənddən “qanunvericiliklə icarəyə verilməsi mümkün olan tarix və mədəniyyət abidəsi sayılan bina və tikililərdə, habelə” sözləri çıxarılmışdır və sonda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir.

 

[6] 16 sentyabr 2015-ci il tarixli 620 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 sentyabr 2015-ci il, ¹ 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹9, maddə 1007) ilə yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

15 fevral 2016-cı il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 fevral 2016-cı il, ¹ 41; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 235) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nda birinci halda “1.5.” rəqəmləri çıxarılmışdır.

3 may 2019-cu il tarixli 674 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 may 2019-cu il, ¹ 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 826) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.4-cü bəndinin beşinci abzasına “Nazirliyi” sözündən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilmişdir.

29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, ¹ 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹1, maddə 38) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.4-cü bəndinin beşinci abzasından “və Turizm” sözləri çıxarılmışdır.

 

[7] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 2.1-ci bəndin birinci abzasın birinci cümləsində Komitə sözü Dövlət Xidməti sözləri ilə, ikinci cümləsində Komitənin sözü Dövlət Xidmətinin sözləri ilə, yerli (ərazi) şöbəsinin sözləri yerli bölməsinin sözləri ilə və üçüncü cümləsində Komitənin sözü Dövlət Xidmətinin sözləri ilə əvəz edilmişdir.

 

[8] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 2.1-ci bəndin ikinci abzasında “Komitə sözü Dövlət Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[9] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 2.3-cü bəndin birinci abzasında birinci halda Komitənin rəsmi mətbuat orqanı olan Mülkiyyət qəzetində dərc olunur və Komitənin internet saytında sözləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində sözləri ilə əvəz edilmişdir.

 

[10] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 2.6-cı bəndin ikinci abzasında Komitə sözü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 aprel 2023-cü il tarixli 2125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il,Xalq” qəzeti, 29 aprel 2023-cü il, ¹ 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 510) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na yeni məzmunda 2.7-1-ci bənd əlavə edilmişdir.

 

[12] 28 aprel 2023-cü il tarixli 2125 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il,Xalq” qəzeti, 29 aprel 2023-cü il, ¹ 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 510) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 2.8-ci bəndin birinci abzasına ikinci halda “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qaydaların 2.7-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir.

 

[13] 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, ¹ 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 70) ilə “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 3.4-cü bəndin birinci cümləsində Mülkiyyət qəzetində dərc edilir və Komitənin rəsmi internet saytında sözləri Dövlət Xidmətinin rəsmi internet səhifəsində sözləri ilə əvəz edilmişdir.