Azərbaycan
Respublikasının Hərbi doktrinasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ
MƏCLİSİNİN QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 7-ci bəndinə uyğun olaraq, Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikasının Hərbi doktrinası təsdiq edilsin
(əlavə olunur).
O.ƏSƏDOV,
Azərbaycan
Respublikası Milli Məclisinin sədri
Bakı
şəhəri, 8 iyun 2010-cu il
¹
1029-IIIQR
Azərbaycan
Respublikası Milli Məclisinin
2010-cu il 8 iyun tarixli, 1029-IIIQR
nömrəli Qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikasının Hərbi doktrinası
I. Ümumi
müddəalar
1.
Azərbaycan Respublikasının Hərbi doktrinası (bundan
sonra “Hərbi doktrina” adlandırılacaq)
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən bünövrəsi qoyulmuş
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinin təminatı strategiyasının
tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və
dövlətin hüquq və mənafelərinin daxili və
xarici hərbi və digər təhdidlərdən
qorunmasına yönəlmiş hərbi
təhlükəsizlik sisteminin konseptual əsasını
müəyyənləşdirən sənəddir.
2.
Azərbaycan Respublikası xalqın və ölkənin milli
maraqlarını təmin etməyə qadir müstəqil,
demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq,
öz inkişafı naminə milli təhlükəsizlik
siyasətini müəyyən edir və həyata keçirir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik
siyasətinin tərkib hissələrindən biri hərbi sahədə
və digər sahələrdə milli maraqların təmin
edilməsinə yönəlmiş Azərbaycan
Respublikasının müdafiə siyasətidir (bundan sonra “müdafiə
siyasəti” adlandırılacaq).
3.
Müdafiə siyasətinin məqsədləri,
əsasları və prinsipləri Azərbaycan
Respublikasının milli təhlükəsizlik
konsepsiyasında (bundan sonra “Milli təhlükəsizlik konsepsiyası” adlandırılacaq), habelə
həmin konsepsiyanın hərbi təhlükəsizliklə
bağlı müddəalarının
reallaşdırılmasını və onların
inkişafını istiqamətləndirən Hərbi doktrinada
əks olunur.
4.
Hərbi doktrina hərbi təhlükəsizliyə
təhdidlərin vaxtında aşkarlanması, təhlil
edilməsi, qiymətləndirilməsi, qarşısının
alınması, onlara yetərli müqavimətin
göstərilməsi, dövlətin, əhalinin və
ərazinin müdafiəyə hazırlanması,
səmərəli hərbi təhlükəsizlik sisteminin
yaradılması, müharibə və silahlı
münaqişələrin qarşısının
alınması, silahlı təcavüzün dəf edilməsi
ilə bağlı məsələlərə dair
Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
5.
Hərbi doktrina Azərbaycan Respublikasının
təhlükəsizlik mühitini və milli maraqlarının
həyata keçirilməsinə mane olan və ya onlara
təhlükə yaradan şərait, proses və amilləri
təhlil edir.
6.
Hərbi doktrina milli təhlükəsizliyin hərbi-strateji,
hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və
təşkilati əsaslarını, Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin (bundan sonra “Silahlı
Qüvvələr” adlandırılacaq) və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrin (bundan sonra “başqa silahlı
birləşmələr” adlandırılacaq)
vəzifələrini, onların hazırkı
mərhələdə və perspektivdə əsas quruculuq,
inkişaf və hazırlıq prioritetlərini
müəyyən edir.
7. Hərbi
doktrina zəruri və səmərəli müdafiə
yetərliyi prinsipinə əsaslanır.
8.
Hərbi doktrinanın hüquqi əsasını Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və
digər normativ-hüquqi aktları, Milli
təhlükəsizlik konsepsiyası, milli
təhlükəsizlik sahəsində digər konseptual
sənədlər, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələr təşkil edir.
9.
Hərbi doktrinanın müddəaları Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsinə yönəldilmiş hərbi, siyasi,
iqtisadi, sosial, informasiya, hüquqi və digər
tədbirlərin əlaqələndirilməsi
vasitəsilə dövlət və yerli
özünüidarəetmə orqanları, Silahlı
Qüvvələr və başqa silahlı
birləşmələr tərəfindən həyata
keçirilir. Zərurət olduqda bu müddəaların
həyata keçirilməsinə vətəndaş cəmiyyətinin
təsisatları və ayrı-ayrı təmsilçiləri
cəlb oluna bilər.
II. Azərbaycan
Respublikasının təhlükəsizlik mühiti
10.
Azərbaycan Respublikasının təhlükəsizlik
mühiti qlobal və regional səviyyələrdə
hazırda mövcud olan və gələcəkdə meydana
çıxa biləcək müxtəlif
qarşılıqlı əlaqəli amillər ilə
müəyyən edilir. Milli təhlükəsizlik
konsepsiyasında əks olunmuş müasir meyillər
real və potensial təhdidlərin, o cümlədən
hərbi sahədə milli təhlükəsizliyə
təhdid və risklərin spektrini formalaşdırır,
dövlət və yerli özünüidarəetmə
orqanları, Silahlı Qüvvələr və başqa
silahlı birləşmələr tərəfindən
onların qabaqlanması, zərərsizləşdirilməsi
və aradan qaldırılması üzrə fəaliyyətin
xarakterinə təsir göstərir.
11. Qlobal
təhlükəsizlik mühiti aşağıdakı
nəticələrə səbəb olan köklü
dəyişikliklərə məruz qalır:
dünyada
paralel və qismən qarşılıqlı
əlaqədə olan, çox vaxt terrorçuluq, qiyam,
kütləvi itaətsizlik və digər zorakı
hərəkətlərə çevrilən etnik və dini
zəmində fəaliyyət genişlənir. Yoxsulluq,
sosial-iqtisadi qeyri-bərabərlik, miqrasiya axınları,
kənar müdaxilə, münaqişə zonalarının
mövcudluğu və genişlənməsi, radikal və
ekstremist dini-siyasi cərəyanlar dünyanın bir sıra
regionlarında gərginliyin saxlanılması və
artmasına şərait yaradır;
mütəşəkkil
cinayətkarlığın, o cümlədən beynəlxalq
terrorçu qruplaşmaların və müxtəlif
üsyançı hərəkatların dünyada
cərəyan edən siyasi proseslərə təsiri getdikcə
artmaqdadır;
maliyyə
və iqtisadi böhranlar getdikcə daha qlobal xarakter alır
və müxtəlif regionlardakı iqtisadi, siyasi və sosial
sabitliyə mənfi təsir göstərir;
tükənməkdə
olan təbii resursların, ilk növbədə enerji
ehtiyatlarının əldə olunması uğrunda gedən
rəqabət nəticəsində dövlətlərarası
gərginlik getdikcə daha da artır;
ayrı-ayrı
dövlətlərin və qeyri-dövlət subyektlərinin
kütləvi qırğın silahlarını və
onların çatdırılma vasitələrini əldə
etməyə yönəlmiş səyləri bu tipli
silahların yayılmaması rejimini
təhlükə qarşısında qoyur;
yeni bio- və nanotexnologiyaların
sürətli inkişafı və yayılması
terrorçu qüvvələr üçün bioloji
müharibələri aparmaq və ya bioterror
aktlarını törətmək imkanları yaradır. Bu
tendensiya digər mühüm texnologiyalara, ilk
növbədə destruktiv
məqsədlərə yönəldilə bilən,
dövlətlərin, bütövlükdə beynəlxalq
birliyin maraqlarına böyük ziyan vurmağa qadir informasiya
texnologiyalarına da aiddir;
eyni
zamanda, artıq bir çox dövlətlər ucuz və
asanlıqla əldə olunan adi silahların yayılması
və istifadə edilməsi nəticəsində xeyli insan
və maddi itkiləri verməkdədirlər;
humanitar
və təbii fəlakətlər, ölümcül xəstəliklər
və digər təhdid və risklər yaşayış
mühitinə getdikcə daha güclü mənfi təsir
göstərir.
12. Son
illərdə köklü dəyişikliklərə məruz
qalan beynəlxalq əlaqələr sistemindəki siyasi,
iqtisadi və sosial proseslərin müxtəlif
dövlətlər tərəfindən fərqli və
ziddiyyətli qiymətləndirilməsi
dövlətlərarası münasibətlərin
gərginləşməsinə səbəb olmuş,
hazırda sabitliyə və beynəlxalq təhlükəsizliyə
mənfi təsir göstərməkdə davam edir.
13.
Azərbaycan Respublikasının yerləşdiyi regionunun
təhlükəsizlik mühitinə aşağıdakı
amillər təsir edir:
siyasi,
hərbi, iqtisadi və sosial xarakterli ziddiyyətlərin
təsiri altında regiondakı geosiyasi vəziyyətin
qeyri-sabitliyi;
hərbi-siyasi
xarakterli, o cümlədən təcavüzkar separatizmlə
şərtlənən həll olunmamış
münaqişələrin mövcudluğu;
regiondakı
münaqişələrin iqtisadi maraqlara mənfi təsirinin
artması, o cümlədən region dövlətlərinin
ərazisindən keçən enerji və nəqliyyat
infrastrukturunu təhlükə altına qoyması.
14.
Ermənistan Respublikası tərəfindən Azərbaycan
Respublikası ərazisinin bir hissəsinin işğalı,
Ermənistanın vaxtilə azərbaycanlılar
yaşamış bölgələrində və Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində
etnik təmizləmə siyasətinin aparılması, iqtisadi
və sosial infrastrukturun dağıdılması ilə
nəticələnmiş təcavüz aktının davam
etdirilməsi Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə mənfi təsir
göstərən əsas amildir.
15.
Azərbaycan Respublikasının işğal olunmuş
əraziləri beynəlxalq nəzarətin hər hansı
formasından kənarda qalmışdır. Nəticədə
həmin ərazilərdə:
“Avropada
adi silahlı qüvvələr haqqında”
1990-cı il Müqaviləsinin və “Etibarın
möhkəmləndirilməsi və təhlükəsizlik
tədbirləri üzrə danışıqlar haqqında” 1999-cu il Vyana Sənədinin inspeksiya fəaliyyəti ilə əhatə
olunmayan, uçota alınmayan və nəzarət
edilməyən silah-sursat və hərbi texnika
toplanmışdır;
insan
hüquqlarının təmin və müdafiə edilməsi
üzrə milli və beynəlxalq mexanizmlər
işləmir;
insan
alveri, narkotik və psixotrop
maddələrin qeyri-qanuni istehsalı və dövriyyəsi
baş verir, eləcə də silah ticarəti üzrə
tranzit marşrutları yaradılmışdır;
qanunsuz
silahlı birləşmələr və terrorçular
üçün bazalar yaradılmışdır;
qeyri-qanuni
məskunlaşdırma aparılır;
təbii
sərvətlər talan edilir, nadir flora və fauna
növlərinin nəsli kəsilir, ekoloji mühitə ciddi
ziyan vurulur;
Ermənistan
Respublikasının ərazisində tarixən
azərbaycanlıların yaşadıqları yerlərdə
və Azərbaycan Respublikasının işğal altında
olan Dağlıq Qarabağ və ətraf
ərazilərində ümumdünya tarixi və mədəni
irsinin tərkib hissəsi olan maddi-mədəniyyət abidələri
məhv və talan edilir.
16.
Ermənistan Respublikası tərəfindən işğal
edilmiş ərazilərin müvəqqəti olaraq
Azərbaycan Respublikasının hakimiyyət
orqanlarının nəzarətindən kənarda qalması
yalnız milli təhlükəsizliyə deyil, regional
təhlükəsizliyə də ciddi təsir göstərir.
Bu vəziyyət beynəlxalq birliyin problemin həllində
göstərdiyi səylərin səmərəsizliyi
nəticəsində daha da ağırlaşır.
17.
Ayrı-ayrı qüvvələrin Azərbaycanın
müxtəlif bölgələrində separatçı meyilləri qızışdırmaq
cəhdləri davam etməkdədir.
18. Bununla
yanaşı, Azərbaycan Respublikasının milli
təhlükəsizliyinə bilavasitə təsir
göstərən və ya təsir göstərə bilən
digər müxtəlif xarici amillər kompleksi mövcuddur:
beynəlxalq
təhlükəsizliyin təminatına bilavasitə cavabdeh
olan bir sıra beynəlxalq təşkilatların
səmərəsiz fəaliyyətləri fonunda beynəlxalq
münasibətlərdə hərbi gücün
əhəmiyyəti, siyasi və iqtisadi maraqların
reallaşması prosesindəki rolu
nəzərəçarpacaq dərəcədə artır;
Azərbaycan
Respublikasının Avropa və Asiya arasındakı
beynəlxalq ticarət və nəqliyyat-kommunikasiya
xətləri qovşağındakı geosiyasi mövqeyi,
zəngin neft və qaz resursları dövlətlərarası
ziddiyyətlərin kəskinləşməsinə,
regiondakı sabitliyin pozulmasına və milli
təhlükəsizlik üçün hərbi
təhdidlərin yaranmasına səbəb ola bilər;
Xəzər
dənizinin Azərbaycan Respublikasına aid hissəsində
karbohidrogen yataqlarının istismarı və dünya
bazarlarına çıxarılması, habelə Azərbaycan
Respublikasının Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı
üzrə beynəlxalq enerji və nəqliyyat-kommunikasiya
layihələrində, beynəlxalq birliyin sülhün
dəstəklənməsi üzrə
əməliyyatlarında, habelə koalisiya üzrə
tərəfdaşların beynəlxalq terrorçuluqla
mübarizə üzrə əməliyyatlarında
Azərbaycan Respublikasının fəal iştirakı onun
təhlükəsizlik mühitinə ciddi təsir edən
amilə çevrilmiş və ölkənin terrorçu
təşkilatların hədəfində olma ehtimalını
əhəmiyyətli dərəcədə artırmışdır.
III. Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinə
təhdidlər
19.
Azərbaycan Respublikasının müstəqilliyinin,
suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya
quruluşunun, xalqın və ölkənin milli
maraqlarının, insanın, cəmiyyətin və
dövlətin hüquq və mənafelərinin hərbi
və siyasi, habelə digər təhdidlərdən
qorunması dövlətin hərbi təhlükəsizliyin
təmin edilməsi sahəsində başlıca vəzifələrindən
biridir.
20.
Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinə təsir göstərən real
və potensial təhdidlər qismində xarici və daxili
hərbi və siyasi təhdidlər, habelə digər
təhdidlər nəzərdə tutulur.
21.
Əsas xarici hərbi və siyasi təhdidlər aşağıdakılardır:
Azərbaycan
Respublikası ərazisinin bir hissəsinin Ermənistan
Respublikasının silahlı qüvvələri
tərəfindən işğal altında saxlanılması;
Azərbaycan
Respublikasının daxili işlərinə hər hansı
mümkün kənar hərbi müdaxilə;
Azərbaycan
Respublikasının xarici hərbi asılılığa
düşməsi;
Azərbaycan
Respublikasına qarşı qonşu dövlətlər
tərəfindən ərazi iddialarının irəli
sürülməsi;
Azərbaycan
Respublikasının daxili siyasi və sosial-iqtisadi
vəziyyətinin gərginləşdirilməsinə,
sabitliyin pozulmasına yönəldilmiş hər hansı
fəaliyyət növləri, o cümlədən
separatçı və dini-ekstremist hərəkatların
dəstəklənməsi, digər dövlətlər tərəfindən
Azərbaycan Respublikasının ərazisinə
göndərilməsi üçün qanunsuz silahlı
qrupların və terrorçuların hazırlanması;
qonşu
ölkələrin dövlətlərarası
münaqişələrdə iştirakı və ya həmin
ölkələrdə daxili münaqişələrin,
hərbi əməliyyatların, silahlı qiyamların, yaxud
hərbi və ya hərbi-siyasi qeyri-sabitliyin digər
formalarının mövcudluğu;
regional
hərbi tarazlığın pozulması və müdafiə
yetərliyi həddindən kənara çıxması, o
cümlədən regionda və ya Azərbaycan
Respublikasının dövlət sərhədlərinin və
ərazi sularının bilavasitə yaxınlığında
hərbi bazaların yaradılması, qoşun
qruplaşmalarının cəmləşdirilməsi,
silahların və digər hərbi iştirakın
artırılması;
Azərbaycan
Respublikasının dövlət sərhədinin hərbi
birləşmələr və silahlı dəstələr
tərəfindən pozulması, sərhəd
mübahisələri və ya münaqişələrinin
kəskinləşməsi;
ayrı-ayrı
dövlətlərin, təşkilatların və
terrorçu qrupların hərbi-siyasi iddiaları
kontekstində nüvə və digər kütləvi
qırğın silahı növlərinin, onların
çatdırılma vasitələrinin və ən yeni
hərbi istehsal texnologiyalarının yayılması.
22.
Əsas daxili hərbi və siyasi təhdidlər
aşağıdakılardır:
daxili
sabitliyin və ölkənin ərazi bütövlüyünün
pozulmasına yönəldilmiş terrorçu, dini-ekstremist,
millətçi-separatçı təşkilat və
strukturların güc tətbiq etməklə həyata
keçirdikləri qanunazidd fəaliyyət;
konstitusiya
quruluşu əleyhinə qəsdlər, dövlət
hakimiyyəti və idarəetmə orqanlarının
təşkilati strukturunun dağıdılması və
ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş
cəhdlər;
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin və ya
qrupların yaradılması cəhdləri;
təxribat,
terror aktları və digər qanunazidd əməlləri
həyata keçirmək üçün istifadə oluna
bilən silah-sursatın, partlayıcı maddələrin
və digər vasitələrin Azərbaycan Respublikasının
ərazisində qanunsuz toplanması və dövriyyəsi;
Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinə
təhdid yaradan mütəşəkkil cinayətkarlıq
və digər qanunazidd fəaliyyət;
hərbi
əhəmiyyətli və mühüm dövlət
obyektlərinə, kommunikasiya qurğularına və informasiya
infrastrukturuna qarşı silahlı hücumlar və
təxribatlar.
23.
Digər təhdidlər aşağıdakılardır:
təbii
fəlakətlər və texnogen
qəzalar;
kütləvi
şəkildə qeyri-qanuni miqrasiya;
radioaktiv,
kimyəvi və bioloji materialların qeyri-qanuni
dövriyyəsi.
24.
23-cü bənddə göstərilən təhdidlərin
milli təhlükəsizliyə ziyanının miqyası
nəzərə alınaraq, müəyyən
şəraitdə onların qarşısının
alınmasında və ya aradan qaldırılmasında qanunla
müəyyən edilmiş qaydada Silahlı
Qüvvələr və başqa silahlı
birləşmələr cəlb oluna bilər.
IV. Azərbaycan
Respublikasının müdafiə siyasəti
25.
Müdafiə siyasəti dövlətin hərbi
təhlükəsizliyini təmin etmək məqsədi
ilə hərbi, siyasi, iqtisadi və sosial tədbirlər
əsasında formalaşır və Azərbaycan
Respublikasının milli maraqlarının həyata
keçirilməsi üçün əlverişli daxili
və xarici şəraitin yaradılmasına xidmət edir.
26.
Müdafiə siyasəti qeyri-hərbi xarakterli
tədbirlərin (qonşu və digər
dövlətlərlə dostluq, tərəfdaşlıq
və ya müttəfiqlik münasibətlərinin
qurulması, inkişafı və möhkəmləndirilməsi)
döyüşə hazır müdafiə potensialının
qorunub-saxlanması və inkişaf etdirilməsi ilə
uzlaşdırılması vasitəsilə Azərbaycan
Respublikasının milli təhlükəsizliyinə
qarşı hərbi və digər təhdidlərin
aşkarlanması, qabaqlanması, qarşısının
alınması, məhdudlaşdırılması və zərərsizləşdirilməsinə
yönəlmişdir.
27.
Müdafiə siyasəti regiondakı hərbi-siyasi
şəraitin və onun inkişaf meyillərinin
sistemli təhlilinə, Azərbaycan Respublikasına
qarşı real və potensial hərbi təhdidlərin
kompleks qiymətləndirilməsinə əsaslanır və
hərbi təhlükəsizliyin təmin edilməsi
üçün obyektiv tələbatları və real
imkanları, eləcə də ölkənin coğrafi
mövqeyini və ərazinin landşaftını
nəzərə alır.
28.
Azərbaycan Respublikası müdafiə siyasətini
formalaşdıraraq və həyata keçirərək:
beynəlxalq
hüququn norma və prinsiplərinə riayət edir;
bütün
dövlətlərlə dinc yanaşı yaşamağa
səy göstərir;
beynəlxalq
münasibətlərdə bərabərhüquqlu
tərəfdaşlıq, qarşılıqlı faydalı
əməkdaşlıq və mehriban qonşuluq
prinsiplərinin bərqərar olunmasına çalışır;
təcavüzə
məruz qaldığı, habelə beynəlxalq-hüquqi
öhdəliklərindən irəli gələn hallar istisna
olmaqla, heç bir dövlətə qarşı hərbi
əməliyyatlara başlamır;
başqa
dövlətlərin müstəqilliyinə qəsd
vasitəsi və beynəlxalq münaqişələrin
həlli üsulu kimi müharibəni rədd edir;
işğalın
nəticələrini rəsmiləşdirmək
məqsədi ilə Ermənistan Respublikasına və
işğal etdiyi Azərbaycan ərazilərində qurduğu
separatçı rejimə hər hansı siyasi, hərbi,
iqtisadi və digər dəstəyi Azərbaycan
Respublikasına qarşı əməl kimi
qiymətləndirir;
Ermənistan
Respublikasının Azərbaycan Respublikası ərazisinin bir
hissəsini işğal altında saxlaması və problemin
siyasi yolla tənzimlənməsi
çərçivəsində işğal etdiyi
əraziləri azad etməkdən imtina etməsi
səbəbindən beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq, ərazi
bütövlüyünü bərpa etmək məqsədi
ilə hərbi güc daxil olmaqla bütün lazımi
vasitələrdən istifadə etmək hüququnu
özündə saxlayır.
29.
Azərbaycan Respublikası tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallar
istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların
yerləşdirilməsinə yol vermir. Bununla belə,
hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər
baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz
ərazisində xarici hərbi bazaların
yerləşdirilməsinə, yaxud digər formada xarici
hərbi iştirakın yer almasına müvəqqəti
icazə vermək hüququnu özündə saxlayır.
30.
Azərbaycan Respublikasının müdafiə siyasətinin
əsas prinsipləri aşağıdakılardır:
Silahlı
Qüvvələrə və başqa silahlı
birləşmələrə
mərkəzləşdirilmiş rəhbərliyin onların
fəaliyyətinə demokratik nəzarət ilə
uzlaşdırılması;
Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinə
potensial təhdidlərin qabaqcadan
proqnozlaşdırılması, vaxtında aşkarlanması
və qiymətləndirilməsi;
nəzərdə
tutulan tədbirlərin qabaqcadan planlaşdırılması
və hərtərəfli təminatı, onların
vaxtında həyata keçirilməsi;
hərbi
təhlükəsizliyin təmin edilməsi üçün
zəruri olan qüvvə, vasitə və ehtiyatların
yetərliyi, onların planlaşdırılması və
səmərəli istifadəsi;
vahid
dövlət hərbi-texniki siyasətinin həyata
keçirilməsi;
hərbi
quruculuq işlərinin hərbi təhlükəsizliyin
tələbatları ilə uzlaşdırılması;
tərəfdaşlar
ilə hərbi və hərbi-texniki
əməkdaşlığın inkişaf etdirilməsi.
31.
Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinin təmin edilməsinə öz
səlahiyyətləri çərçivəsində
cavabdeh olan və müdafiə siyasətinin
formalaşdırılması və həyata
keçirilməsində iştirak edən dövlət
orqanları, Silahlı Qüvvələr və başqa
silahlı birləşmələr, digər aidiyyəti
qurumlar hərbi təhlükəsizlik sistemini təşkil
edirlər.
32.
Azərbaycan Respublikasının dövlət
orqanlarının, Silahlı Qüvvələrinin və
başqa silahlı birləşmələrinin, digər
aidiyyəti qurumlarının hərbi təhlükəsizliyin
təmin edilməsi ilə bağlı səlahiyyətləri
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları
və digər normativ-hüquqi aktları ilə
müəyyən edilir.
33.
Hərbi təhlükəsizliyin təmin edilməsi
sahəsində tədbirlər və vəzifələr
Azərbaycan Respublikasının bütün qüvvə,
vasitə və ehtiyatları ilə həyata keçirilir.
34.
Müdafiə siyasətini təşkil edən, dövlət
və yerli özünüidarəetmə orqanlarının
qanunvericilikdə nəzərdə tutulmuş
səlahiyyətləri çərçivəsində
həyata keçirilən əsas tədbirlər, habelə
Silahlı Qüvvələr və başqa silahlı
birləşmələrin qarşısında qoyulan
vəzifələr, səfərbərliyin səviyyəsi,
döyüş hazırlığı dərəcəsi “dinc
dövr”, “real təhdid dövrü”
və “müharibə (silahlı münaqişə) dövrü” adlanan üç şərti
təhlükəsizlik şəraiti əsasında
müəyyənləşdirilir.
35. Dinc
dövrdə müdafiə siyasəti
çərçivəsində aşağıdakı
əsas tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur:
35.1.
Azərbaycan Respublikasının dövlət
sərhədlərinin mühafizəsi və onların
toxunulmazlığının təmin edilməsi
sahəsində:
Azərbaycan
Respublikasının dövlət sərhədlərində
real və potensial təhdidlərin dəf edilməsi, o
cümlədən dövlət sərhədlərini qanunsuz
olaraq dəyişdirmək cəhdlərinin
qarşısının alınması, dövlət
sərhədindən qanunvericiliklə qadağan olunmuş
əşyaların keçirilməsinin
qarşısının alınması və sərhədboyu
zonada əhalinin və mülkiyyətin qorunması;
dövlət
sərhəd rejiminə əməl olunmasının təmin
edilməsi;
dövlət
sərhədindən terrorçuların və terrorçu
qrupların, habelə qeyri-leqal miqrantların
keçməsi, kütləvi qırğın
silahlarının və onların komponentlərinin,
silah-sursat, narkotik vasitələrin daşınması və
digər qeyri-qanuni fəaliyyətlərin
qarşısının alınması üçün
sərhəd mühafizəsi sisteminin əməliyyat-texniki
imkanlarının genişləndirilməsi,
nəzarət-axtarış və operativ müdaxilə
qabiliyyətinin artırılması;
Xəzər
dənizinin Azərbaycan Respublikasına mənsub
bölməsində sərhəd nəzarətinin həyata
keçirilməsi.
35.2.
Müdafiə və döyüş potensialının,
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin yüksək döyüş
qabiliyyətinin, səfərbərlik
hazırlığının zəruri səviyyədə
saxlanılması sahəsində:
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin döyüş
hazırlığının ümumi hərbi-elmi əsaslarla
yüksəldilməsi, silahlı mübarizə
vasitələrinin və onlara yiyələnmə
vərdişlərinin daim təkmilləşdirilməsi,
yeniləşdirilməsi və döyüşə hazır
vəziyyətdə saxlanılması;
milli
təhlükəsizliyə hərbi təhdidlərin qabaqcadan
aşkarlanması və nəzarətdə saxlanılması,
onların potensial təsirinin
müəyyənləşdirilməsi və
qiymətləndirilməsi;
müdafiə
sənayesinin və zəruri hərbi infrastrukturun inkişaf
etdirilməsi və təkmilləşdirilməsi;
müharibə
vəziyyətinə vaxtında keçmə, hərbi və
ya fövqəladə vəziyyətin tətbiqi ilə eyni
vaxtda Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin döyüşə hazır
vəziyyətə gətirilməsi üçün
müvafiq hazırlığının saxlanılması.
35.3.
Dövlət orqanlarının, ölkə
iqtisadiyyatının, əhali və ərazinin
müdafiəyə hazırlanması sahəsində:
dövlət
hakimiyyəti orqanlarının, yerli
özünüidarəetmə orqanlarının və
təşkilatların, iqtisadiyyatın və əhalinin
müharibə dövründə fəaliyyət
göstərməsi, ölkə ərazisinin
müdafiəyə hazırlanması üçün
səfərbərlik hazırlığının təmin
edilməsi;
ölkə
iqtisadiyyatının səfərbərliyə və
müharibə dövrü şəraitinə
hazırlığı və bu dövrə
keçirilməsi ilə bağlı səfərbərlik
planlarının hazırlanması;
müharibə
dövründə dövlətin, Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin tələbatının və
əhalinin ehtiyaclarının ödənilməsi
məqsədi ilə istehsal obyektlərinin yaradılması,
inkişaf etdirilməsi və qorunub saxlanması;
dövlət
hakimiyyəti orqanlarının, yerli
özünüidarəetmə orqanlarının və
təşkilatların ehtiyat idarəetmə
məntəqələrinin yaradılması və
müharibə dövrü şəraitində
fəaliyyətə hazırlanması.
35.4.
Mülki müdafiə tədbirlərinin
planlaşdırılması və həyata
keçirilməsi sahəsində:
dinc və
ya müharibə dövründə əhalinin və ərazinin
təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə mülki müdafiə üzrə tədbirlər
sisteminin yaradılması;
mülki
müdafiə tədbirlərinin təşkili və həyata
keçirilməsi ilə bağlı mülki müdafiə
planının və mülki müdafiə sahəsində
əsas tədbirlərin illik planlarının
hazırlanması.
35.5.
İkitərəfli və çoxtərəfli hərbi-siyasi
əməkdaşlığın gücləndirilməsi
və beynəlxalq təhlükəsizliyə töhfə
verilməsi sahəsində:
tərəfdaş
dövlətlərlə ikitərəfli və
çoxtərəfli hərbi-siyasi
əməkdaşlığın davam etdirilməsi;
təhlükəsizliyin
bölünməzliyi prinsipini nəzərə alaraq,
Azərbaycan Respublikasının yerləşdiyi regionun da
daxil olduğu Avroatlantik məkanda
təhlükəsizlik sisteminin yaradılması üzrə
səylərin dəstəklənməsi, NATO ilə
qarşılıqlı maraqlar əsasında
əməkdaşlığın davam etdirilməsi;
müharibələrin
və silahlı münaqişələrin
qarşısının alınması, sülhün
dəstəklənməsi və ya bərpası ilə
bağlı dünya birliyi və onun təhlükəsizlik
strukturları ilə əməkdaşlığın davam
etdirilməsi;
kütləvi
qırğın silahlarının yayılmasının,
işlənib hazırlanmasının, istehsalının,
toplanmasının, əldə edilməsinin,
saxlanılmasının və ötürülməsinin
qarşısının alınmasında iştirak
edilməsi;
terrorçuluğun
bütün növləri ilə mübarizədə
beynəlxalq birliyin səylərinin
dəstəklənməsi.
36. Dinc
dövrdə görülən tədbirlər ümumilikdə
ölkənin müdafiə qabiliyyətini
möhkəmləndirmək, mümkün təhdidlərin
qarşısını almaq və potensial düşməni
Azərbaycan Respublikasına qarşı hər hansı
bədxah əməllərdən, yaxud təcavüzkar
hərəkətlərdən çəkindirmək
məqsədi daşıyır.
37. Real
təhdid dövründə müdafiə siyasəti
çərçivəsində aşağıdakı
əsas tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur:
37.1.
Azərbaycan Respublikasına qarşı real silahlı
hücum təhlükəsi yarandıqda ölkənin,
əhalinin və ərazinin, eləcə də Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin müdafiəyə hazır
vəziyyətə gətirilməsi sahəsində:
Azərbaycan
Respublikasının bütün ərazisində və ya
ayrı-ayrı yerlərində hərbi vəziyyətin,
ümumi və ya qismən səfərbərliyin elan
olunması, hərbi əməliyyatlara hazırlıq və
onların keçirilməsinə dair qərarların qəbul
edilməsi və icrası;
düşmənin
təcavüzkar niyyətinin vaxtında aşkarlanması,
təhdid olunan istiqamətdə cəmləşdirilmiş
qoşun hissələrinin tərkibinin müəyyən edilməsi
və yaranmış hərbi-siyasi vəziyyətin
qiymətləndirilməsi;
ərazi
və mülki müdafiə tədbirlərinin təşkili
və onların həyata keçirilməsi;
silahlı,
siyasi, diplomatik, informasiya, iqtisadi və digər müdafiə
növlərinin və üsullarının təşkili
və onların əlaqələndirilməsi;
təcavüzün
dəf edilməsi məqsədi ilə dövlət
hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının, vətəndaş cəmiyyəti
təsisatlarının və vətəndaşların
əlaqəli fəaliyyətinin təmin edilməsi;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin və ya onların
hissələrinin qismən və ya tam operativ və strateji
açılması, əməliyyatların yerinə yetirilməsi
üçün onların tam hazırlıqlı
vəziyyətə gətirilməsi;
ölkə
iqtisadiyyatının və onun ayrı-ayrı
sahələrinin, o cümlədən müəssisə
və təşkilatların, nəqliyyat və
kommunikasiyaların hərbi vəziyyət şəraitində
nəzərdə tutulmuş iş rejiminə
keçirilməsi.
37.2.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, onun Konstitusiya
quruluşunun zorla dəyişdirilməsinə
yönəldilən hərəkətlərin, zorakılıqla
müşayiət olunan kütləvi
iğtişaşların, vətəndaşların
həyatı və təhlükəsizliyi, yaxud dövlət
təsisatlarının normal fəaliyyəti üçün
təhlükə yaradan digər münaqişələrin
aradan qaldırılması sahəsində:
Azərbaycan
Respublikasının ayrı-ayrı yerlərində
fövqəladə vəziyyətin tətbiq edilməsinə
dair qərarın qəbul edilməsi və icrası;
daxili
silahlı münaqişə rayonunun lokallaşdırılması
və təcrid edilməsi, münaqişə rayonuna
bitişik ərazilərdə ictimai asayişin
mühafizəsi və təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi;
antiterror
əməliyyatlarının keçirilməsi, qanunsuz
silahlı birləşmələrin, terrorçu qrup və
təşkilatların ləğvi, onların
bazalarının, təlim mərkəzlərinin, anbar və
kommunikasiyalarının məhv edilməsi;
münaqişə
rayonunda əhalidən silahların yığılması;
qanunçuluğun
və asayişin bərpası, ictimai təhlükəsizliyin
və sabitliyin təmin edilməsi.
38.
Müharibə (silahlı münaqişə)
dövründə təcavüzü dəf etmək və
ölkəni, əhalini və ərazini qorumaq məqsədi
ilə müdafiə siyasəti çərçivəsində
aşağıdakı tədbirlər görülür:
təcavüzün
dəf edilməsi üçün zəruri olan qüvvə
və vasitələrin səfərbər edilməsi,
müdafiə sahəsində hərbi, siyasi, diplomatik,
informasiya, iqtisadi və digər tədbirlərin həyata
keçirilməsi;
Azərbaycan
Respublikası ərazisinin qorunması üzrə hərbi
fəaliyyətin həyata keçirilməsi;
dövlət
və yerli özünüidarəetmə orqanları,
müəssisələr, idarələr, təşkilatlar
və əhali arasında təcavüzün dəf
edilməsi və nəticələrinin aradan
qaldırılması üzrə fəaliyyətin
əlaqələndirilməsi, o cümlədən ərazi
və mülki müdafiə tədbirlərinin təşkili
və icrası;
beynəlxalq
təşkilatlar və bütün dövlətlər
tərəfindən təcavüzkarın qınanmasına
və təcridinə nail olunması.
39.
Müharibə (silahlı münaqişə)
dövründə görülən tədbirlər
ümumilikdə düşmənə əhəmiyyətli
zərər vurmaq, onu silahlı münaqişəni davam
etdirməkdən imtinaya və Azərbaycan Respublikası
üçün əlverişli şərtlərlə siyasi
tənzimləməyə keçməyə məcbur
etmək məqsədi daşıyır.
40. Həm
dinc dövrdə, həm real təhdid dövründə,
həm də müharibə (silahlı münaqişə)
dövründə Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinin təmin edilməsi və
ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə, konstitusiya quruluşuna,
müdafiə potensialına və digər milli maraqlarına
zərər vura biləcək kəşfiyyat,
terror-təxribat və sair pozuculuq əməllərinin
aşkarlanması, qabaqlanması və
qarşısının alınması məqsədi ilə
kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti
həyata keçirilir.
V. Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
hərbi-strateji əsasları
41. Qlobal
inkişafın müasir mərhələsi
çoxistiqamətli, qarşılıqlı ziddiyyətli
və eyni zamanda, cari və gələcək silahlı
münaqişələrin xarakterini əsaslı
surətdə dəyişdirən, bir-birini tamamlayan
aşağıdakı meyillərin
mövcudluğu ilə xarakterizə olunur:
geoməkanın
genişliyi, mürəkkəbliyi, qeyri-sabit dinamikası,
informasiya amilinin və texnoloji inkişafın durmadan artan
əhəmiyyəti;
ən yeni
silahlı mübarizə vasitələrinin meydana gəlməsi,
vahid informasiya məkanının formalaşması və “döyüş
meydanı” anlayışının
tədricən “döyüş məkanı”
anlayışı ilə əvəz edilməsi;
müharibə
aparmağın keyfiyyətcə fərqli
fəlsəfəsinin meydana gəlməsi, yəni say,
təşkilati və texnoloji baxımdan olduqca üstün
düşmənə qarşı qeyri-dövlət struktur
şəbəkələrinin asimmetrik hərbi
fəaliyyəti.
42.
Hərbi doktrina mümkün müharibələrin, hərbi
təcavüzün və terrorçuluq fəaliyyətinin
ehtimalını aşağıdakı kimi
qiymətləndirir:
irimiqyaslı
(həm nüvə, həm də adi) hərbi toqquşmaların
təhlükəsi tam aradan qalxmasa da, sabitlik və sülh
üçün əsas təhlükəni lokal
müharibələr və silahlı münaqişələr
təşkil edir;
Azərbaycan
Respublikasına qarşı hər hansı dövlət
tərəfindən (Ermənistan Respublikası istisna olmaqla)
hərbi təcavüzün edilməsi cari
mərhələdə az ehtimal olunan səviyyədədir;
hərbi
əhəmiyyətli və mühüm dövlət
obyektlərinə, o cümlədən ölkə
ərazisindən və qonşu dövlətlərdən
keçən enerji, nəqliyyat infrastrukturuna və digər
kommunikasiya qurğularına qarşı terror aktlarının
həyata keçirilməsi ehtimalı artmışdır.
43.
Azərbaycan Respublikası ərazisinin bir hissəsinin
Ermənistan Respublikası tərəfindən işğal
altında saxlanılması Azərbaycanın milli
təhlükəsizliyinə əsas hərbi təhdid
mənbəyi olaraq qalmaqdadır. Bu təhdid ilə
bağlı hərbi fəaliyyətin
təzələnməsinin mümkün variantları
aşağıdakılardır:
Ermənistan
Respublikası tərəfindən fəal silahlı
təcavüz fazasının qəsdən
təzələnməsi;
silahlı
münaqişənin idarəolunmaz
dərəcədə genişlənməsi -
atəşkəs xəttindəki lokal toqquşmaların
böyüyüb, daha genişmiqyaslı döyüş
əməliyyatlarına çevrilməsi;
Ermənistan
Respublikasının Azərbaycanın ərazisinin bir
hissəsini işğal altında saxlaması və
işğal etdiyi torpaqları problemin siyasi yolla
tənzimlənməsi çərçivəsində könüllü azad etməkdən daim imtina
etməsi səbəbindən Azərbaycan Respublikası
tərəfindən beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq öz ərazi
bütövlüyünü bərpa etmək məqsədi
ilə məcburən hərbi gücün tətbiq
edilməsi.
44.
Azərbaycan Respublikasına qarşı mümkün hərbi
fəaliyyət aşağıdakı kimi xarakterizə oluna
bilər:
genişmiqyaslı
müharibə;
taktiki
və əməliyyat miqyaslı döyüş
əməliyyatlarının aparılmasının
müxtəlif üsul və formaları;
əks
tərəfin qeyri-nizami qurumlarından və məhdud
hərbi kontingentlərindən tutmuş qoşun
qruplaşmaları (qüvvələri) da daxil olmaqla,
bütün hərbi-iqtisadi potensialı ilə
dəstəklənən silahlı qüvvələrin
geniş diapazonunun tətbiqi;
əks
tərəfin malik olduğu yüngül atıcı
silahlardan tutmuş ən müasir silah və hərbi texnika
nümunələri, o cümlədən informasiya və radioelektron
mübarizə sistemlərinə qədər bütün
silahlı mübarizə vasitələrindən istifadə;
dövlət
və hərbi idarəetmə sistemini, mühüm
dövlət, iqtisadi, sosial obyektləri iflic
vəziyyətə gətirmək, quruda və ərazi
sularında nəqliyyat və digər strateji
əhəmiyyətli obyektləri sıradan çıxarmaq
məqsədi ilə hərbi hava qüvvələrindən
istifadə edərək, geniş hava
əməliyyatlarının keçirilməsi;
təxribatçı
və terrorçu fəaliyyətin həyata
keçirilməsi, o cümlədən daxili və xarici
qüvvələr tərəfindən ölkə
ərazisindən keçən enerji, nəqliyyat infrastrukturuna
və digər kommunikasiya qurğularına qarşı terror
və təxribat aktlarının törədilməsi.
45.
Azərbaycan Respublikasına qarşı hərbi
fəaliyyət ayrı-ayrı dövlətlərdə və
beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına
qarşı genişmiqyaslı informasiya-təbliğat
kampaniyası ilə müşayiət oluna bilər.
46.
Hərbi-strateji amillər Azərbaycan Respublikasının
müdafiə qabiliyyəti üçün mühüm
meyardır. Hərbi-strateji qiymətləndirməyə
əsasən Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinin səmərəli təminatı
üçün aşağıdakı qabiliyyətlər
inkişaf etdiriləcəkdir:
ərazinin
müdafiəsi, o cümlədən dövlət
sərhədlərinin və mühüm dövlət
obyektləri və kommunikasiya qurğularının
səmərəli mühafizəsi;
çevik
əməliyyatların keçirilməsi üçün
əməliyyat-taktiki səviyyədə yüksək
döyüş hazırlığının
saxlanılması;
terror
aktlarının qabaqlanması və qarşısının
alınması üçün yüksək döyüş
hazırlığının saxlanılması;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin fəaliyyəti üçün
hüquqi sistemin, komanda və idarəetmə sisteminin
çevikliyinin təmin edilməsi.
VI. Silahlı
qüvvələrin və başqa silahlı
birləşmələrin vəzifələri
47.
Azərbaycan Respublikası öz təhlükəsizlik
mühitini, real və potensial hərbi təhdidləri,
eləcə də ümumi hərbi-strateji vəziyyəti
qiymətləndirərək və ölkənin mövcud
resurs və potensialını nəzərə alaraq,
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin müasir şəraitdə
hərbi təhlükəsizliyin təmin edilməsi
üzrə bütün kompleks məsələlərin
həllinə maksimal dərəcədə
uyğunlaşdırılmış strukturunu formalaşdırır
və inkişaf etdirir.
48.
Silahlı Qüvvələr və başqa silahlı
birləşmələr aşağıdakı prinsiplər
əsasında qurulur:
Azərbaycan
Respublikasının suverenliyinin, ərazi
bütövlüyünün, sərhədlərinin
toxunulmazlığının və milli maraqlarının
silahlı müdafiəsi, dövlətə qarşı
silahlı təcavüzün qarşısının
səmərəli alınması və dəf edilməsi
üçün zəruri hərbi qabiliyyətin
yaradılması və saxlanılması;
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanının nəzarəti altında olmaqla hərbi
rəhbərliyin mərkəzləşdirilməsi və
vahidliyi;
daimi
və dəyişkən geosiyasi amillərin, regiondakı
hərbi-siyasi vəziyyətin mövcud durumunun və
inkişaf perspektivlərinin, ölkənin coğrafi
mövqeyinin və ərazi landşaftının
nəzərə alınması;
Azərbaycan
Respublikasının tarixi təcrübəsindən və
dünyanın müasir hərbi quruculuq
təcrübəsindən səmərəli istifadə
edilməsi;
qarışıq
(könüllü və
çağırış üzrə) sistemə uyğun
olaraq komplektləşdirmə;
daim
döyüşə və səfərbərliyə hazır
vəziyyətin saxlanılması;
strukturun,
döyüş heyətinin, say tərkibinin, texniki
təchizatın və səfərbərlik resurslarının
səmərəli yetərliyə uyğun olması;
hərbi
qulluqçuların, Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin strukturlarında
qulluq edən mülki şəxslərin hüquq və
azadlıqlarının təminatı, onların sosial
müdafiəsinin və həyat səviyyəsinin təmin
edilməsi;
hərbi
qulluqçuların ictimai-siyasi təşkilatların
fəaliyyətində iştirakının yolverilməzliyi.
49.
Hərbi təhlükəsizliyin təmin edilməsi
üzrə vəzifələr Silahlı Qüvvələr
və başqa silahlı birləşmələr
tərəfindən Azərbaycan Respublikasının
qanunvericiliyinə və Hərbi doktrinaya uyğun olaraq sıx
qarşılıqlı əlaqədə yerinə yetirilir.
50.
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin vəzifələri müdafiə
siyasətinin məqsədlərinə, prioritet
istiqamətlərinə və prinsiplərinə uyğundur və
aşağıdakı kimi müəyyənləşdirilir:
50.1. Dinc
dövrdə Silahlı Qüvvələrin və başqa
silahlı birləşmələrin əsas
vəzifələri:
əməliyyat
şəraitinin, onun təhlükəli dəyişməsinin
və Azərbaycan Respublikasına qarşı silahlı
təcavüzə hazırlığın vaxtında
aşkarlanması;
Azərbaycan
Respublikasına yönəlmiş hər hansı
təcavüzə qarşı kifayət qədər güc
və çəkindirmə vasitələri
potensialının yaradılması;
səfərbərlik
hazırlığı, qoşunların döyüşə
hazırlığı və döyüş
potensialının lokal miqyasda təcavüzün dəf
edilməsini təmin edəcək səviyyədə
saxlanılması;
tərəfdaş
dövlətlərin silahlı qüvvələri ilə
ikitərəfli və çoxtərəfli
əməkdaşlıq xətti üzrə uyarlılıq
və qarşılıqlı fəaliyyət qabiliyyətinin
yüksəldilməsi;
əməliyyat,
döyüş və səfərbərlik
hazırlığı, tərbiyəvi işin plan və
proqramlarının keyfiyyətli və tam həcmdə
yerinə yetirilməsi, silah və döyüş (xüsusi)
texnikası, maddi vəsait ehtiyatlarının döyüş
tətbiqinə hazır vəziyyətdə
saxlanılması;
ölkənin
müharibə şəraitinə keçirilməsi
üzrə dövlət tədbirləri
çərçivəsində qoşunların tam strateji
açılmasına hazırlığın
saxlanılması;
Azərbaycan
Respublikasının hava hücumundan müdafiəsinin
mərkəzləşdirilmiş idarəetməyə
əsaslanan vahid hava hücumundan müdafiə sistemi
çərçivəsində təmin edilməsi, hava
məkanının istifadə qaydalarına nəzarətin həyata
keçirilməsi, təyin olunmuş güc və
vasitələrlə döyüş növbəsinin
aparılması;
Xəzər
dənizində Azərbaycan Respublikasının milli
maraqlarının qorunması və təhlükəsiz
iqtisadi fəaliyyət üçün əlverişli
əməliyyat şəraitinin saxlanılması, dənizin
Azərbaycan Respublikasına məxsus hissəsində enerji
infrastrukturuna, üzmə vasitələrinin
hərəkətinə nəzarətin və onların
təhlükəsizliyinin təmin edilməsi, naviqasiya,
hidroqrafiya və hidrometeorologiya təminatının həyata
keçirilməsi;
informasiya
təhlükəsizliyinin təmin edilməsi;
kommunikasiyaların
texniki dəstəyinin və bərpasının təmin
edilməsi;
ərazi
müdafiəsinin təşkili;
mühüm
dövlət obyektlərinin, kommunikasiya qurğularının,
xüsusi yüklərin mühafizəsi;
Azərbaycan
Respublikasının dövlət sərhədinin
mühafizəsi;
sərhədboyu
zonada əhalinin, mülkiyyətin təxribatçı
əməllərdən qorunması, bu cür
əməllərin qarşısının alınması;
qanunvericilikdə
nəzərdə tutulmuş səlahiyyətlər
daxilində sərhəd münaqişələrinin nizama
salınması üçün tədbirlərin
görülməsi;
sərhəd
rejiminin mühafizəsi;
qanunvericiliklə
müəyyən olunmuş səlahiyyətlər
çərçivəsində terrorçuluğa
qarşı mübarizədə iştirak;
mülki
müdafiə tədbirlərinin yerinə yetirilməsi,
əhalinin və ərazinin təbii və texnogen
xarakterli fövqəladə hallardan qorunması;
fövqəladə
halların məhdudlaşdırılması və
nəticələrinin aradan qaldırılması üzrə
qəza-xilasetmə və digər tədbirlərin həyata
keçirilməsi;
fövqəladə
halların baş verdiyi ərazilərdə ziyan
çəkmiş əhalinin ilkin tələbat malları,
müvəqqəti yaşayış və digər maddi
vəsaitlər, eləcə də ilk tibbi yardım və
xidmətlərlə təmin edilməsi.
50.2. Real
təhdid dövründə başqa silahlı
birləşmələrin vəzifə və
tapşırıqları, eləcə də onların
Silahlı Qüvvələrlə qarşılıqlı
fəaliyyəti əvvəlcədən tərtib edilmiş
planlar əsasında müəyyən edilir.
50.3.
Müharibə (silahlı münaqişə)
dövründə Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin əsas
vəzifələri aşağıdakılardır:
Ermənistan
Respublikası ilə mövcud münaqişənin nizama
salınması üçün təcavüzkara strateji
təzyiqin artırılması, zəruri olduqda hərbi
güc tətbiq etməklə münaqişənin qısa
zamanda və Azərbaycan Respublikası üçün minimal
itkilərlə həlli məqsədi ilə qoşun
qruplaşmaları potensialının lazımi
səviyyəyə çatdırılması;
cəbhəboyu
ərazilərdə döyüş xidmətinin
aparılması və qoşun qruplaşmalarının
təcavüzün dəf edilməsinə daim hazır
vəziyyətdə saxlanılması;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin qismən və ya tam strateji
açılması;
sərhədyanı
silahlı münaqişələrin
lokallaşdırılması və zərərsizləşdirilməsi;
Azərbaycan
Respublikasının ərazisinə daxil olmuş
təcavüzkarın qoşun qruplaşmalarının və
onun əməliyyat ehtiyatlarının darmadağın və
məhv edilməsi üzrə strateji və döyüş
əməliyyatlarının aparılması;
əhalinin,
iqtisadi obyektlərin və infrastrukturun düşmənin
zərərvurma vasitələrinin təsirindən
mühafizəsi;
qanunvericilikdə
müəyyən olunmuş qaydada hərbi və ya
fövqəladə vəziyyət rejiminin saxlanılması.
51.
Silahlı təcavüzün dəf edilməsi
vəzifələrinin icrası Azərbaycan
Respublikasının qanunvericiliyinə və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanının əmr və
göstərişlərinə, habelə müvafiq planlara
uyğun olaraq həyata keçirilir.
52.
Silahlı Qüvvələrin birlikləri,
birləşmələri və hərbi hissələri
Hərbi doktrinada müəyyən edilmiş potensial və
real hərbi təhdidlərin konkret istiqamətlərinə
uyğun olaraq yerləşdirilir.
53.
Silahlı Qüvvələr sülhməramlı, humanitar
və digər əməliyyatlarda iştirak edə bilər.
54.
Sülhməramlı, humanitar və digər
əməliyyatlarda iştirak üzrə
tapşırıqların yerinə yetirilməsi
üçün xüsusi təyin olunmuş birləşmə
və hissələr ayrılır, onlar əlahiddə proqram
üzrə hazırlıq keçirlər. Bu
məqsədlə aşağıdakı tədbirlər
görülür:
tərəfdaş
silahlı qüvvələr ilə çoxtərəfli
və ikitərəfli əməkdaşlıq xətti
üzrə uyarlılıq və
qarşılıqlı fəaliyyət qabiliyyətinin
yaxşılaşdırılması;
sülhməramlı
əməliyyatlarda iştirak edən Azərbaycan kontingentinin
BMT-nin standart və prosedurlarına
uyğun hazırlığının, maddi və texniki
təminatının həyata keçirilməsi.
55.
Sülhməramlı, humanitar və digər
əməliyyatlarda iştirak edən xüsusi təyin
olunmuş birləşmə və hissələr
aşağıdakı əməliyyatlara cəlb oluna
bilərlər:
münaqişə
tərəflərinin silahlı qruplaşmalarının
ayrılması və münaqişənin siyasi yolla nizama
salınması üçün zəmin yaradılması;
beynəlxalq
birlik tərəfindən qəbul olunmuş sanksiyaların
icrasının təmin edilməsi məqsədi ilə
münaqişə rayonunun təcrid edilməsi;
mülki
əhaliyə humanitar yardımın
çatdırılması və onun münaqişə
rayonundan təxliyəsi üçün şəraitin
təmin edilməsi.
56.
Dəyişmiş hərbi-siyasi şəraitdə siyasi
və ya əməliyyat zərurəti olduqda, Azərbaycan
Respublikası sülhün dəstəklənməsi
üzrə ayrı-ayrı əməliyyatlarda
iştirakını dayandırmaq hüququnu özündə
saxlayır.
VII. Hərbi
quruculuğun inkişaf perspektivləri
57.
Hərbi-strateji şəraitin qiymətləndirilməsi
əsasında hərbi təhlükəsizliyin təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikası zəruri
qabiliyyətləri qoruyub saxlayır və inkişaf etdirir.
58.
Mövcud və potensial təhlükəsizlik problemlərinin
ən səmərəli həlli üçün
tələb olunan qabiliyyətlər ölkənin mövcud
insan, maliyyə və digər resurslarına uyğun olaraq
inkişaf etdiriləcəkdir.
59.
Qısamüddətli və ortamüddətli perspektivdə
Silahlı Qüvvələrin, başqa silahlı
birləşmələrin və ölkənin hərbi
təhlükəsizliyinin təmin edilməsində öz
səlahiyyətləri çərçivəsində
iştirak edən dövlət orqanlarının qabiliyyətlərinin
inkişafını aşağıdakı amillər
müəyyən edəcək:
Cənubi
Qafqaz regionunda mövcud siyasi və iqtisadi proseslər,
eləcə də onların ortamüddətli və
uzunmüddətli perspektivləri və dinamikası;
atəşkəs
xətti boyunca etibarlı əməliyyat
mövqeyinin təmin edilməsi üçün Silahlı
Qüvvələrin müvafiq sayı və strukturunun
saxlanılması;
Silahlı
Qüvvələrin qarışıq (könüllü
və çağırış üzrə) sistemi
əsasında komplektləşdirilməsi;
başqa
silahlı birləşmələrin tədricən daha
çox könüllü əsasda
şəxsi heyətlə təmin edilməsi;
hərbi
komanda və idarəetmə strukturlarının daha da
səmərələşdirilməsi və müəyyən
edilmiş vəzifələrə
uyğunlaşdırılması, eləcə də silah
və avadanlığın müasirləşdirilməsinin
Silahlı Qüvvələr və başqa silahlı
birləşmələrin şəxsi heyətinin təlim və
tədrisinin təkmilləşdirilməsi prosesində vahid
yanaşmaların tətbiqi ilə paralel həyata
keçirilməsi.
60.
Ümumi təhlükəsizlik mühitinin mümkün
dəyişikliyi mərkəzləşdirilmiş vahid
rəhbərliyin saxlanılması və demokratik
nəzarətin təmin edilməsi şərti ilə
ortamüddətli və uzunmüddətli perspektivdə
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin təşkilati strukturlarının
daha da təkmilləşdirilməsini zəruri edə
bilər.
61.
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin hazırkı
mərhələdə və ortamüddətli perspektivdə
əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri
aşağıdakılardır:
mürəkkəb
və sürətlə dəyişən əməliyyat
şəraitində müasir müdafiə və hücum
əməliyyatlarının aparılması
bacarığına yiyələnmə;
asimmetrik
silahlı mübarizə formalarını, metodlarını
və vasitələrini tətbiq edən
düşmənə qarşı konseptual və effektiv
praktiki müqavimət üsullarının işlənib
hazırlanması;
qoşunların
(qüvvələrin) əməliyyat, səfərbərlik
və döyüş hazırlığı keyfiyyətinin,
onlar arasında qarşılıqlı fəaliyyətin, silaha,
hərbi texnikaya və onların effektiv tətbiqi
üsullarına yiyələnmə səviyyəsinin
artırılması, qoşunların (qüvvələrin)
fasiləsiz və dayanıqlı idarə edilməsinin, döyüş
növbəsi və döyüş xidmətinin
təkmilləşdirilməsi;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin əməliyyat qabiliyyətinin
və xüsusi informasiya əldəetmə
bacarığının inkişafı;
vahid
idarəetmə, nəzarət, rabitə və
avtomatlaşdırılmış idarəetmə
sistemlərinin inkişaf etdirilməsi;
müdafiə
sahəsində dövlət idarəçiliyinin, o
cümlədən müharibə dövründə Silahlı
Qüvvələr ilə başqa silahlı
birləşmələr arasında qarşılıqlı
fəaliyyətin səmərəliliyinin artırılması
üçün təşkilati-struktur islahatlarının
aparılması;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin informasiya müharibəsi
şəraitində tətbiqi, o cümlədən informasiya
müharibəsi vasitələrindən müdafiə
üzrə müvafiq potensialın inkişafı;
xüsusi
təyinatlı qüvvələrin inkişaf etdirilməsi,
onların yüksək döyüş qabiliyyətinin və
çevikliyinin təmin edilməsi, şəxsi heyətin
əməliyyatlar zamanı fiziki müdafiəsi və
sağlamlığının qorunması sahəsində
potensialın gücləndirilməsi;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin qarşılıqlı
fəaliyyəti çərçivəsində
əlaqələndirmənin təkmilləşdirilməsi;
NATO-nun “Sülh
Naminə Tərəfdaşlıq” proqramı
çərçivəsində NATO ilə mümkün olan
tərəfdaşlıq vasitələrindən, o
cümlədən Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planından istifadə edilməsi;
beynəlxalq
əməkdaşlıq formatında əməliyyat uyarlılığına nail olunması,
sülhməramlı fəaliyyətdə iştirak
edilməsi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”
proqramı çərçivəsində tədbirlərin,
beynəlxalq əməliyyat və təlimlərin həyata
keçirilməsi üçün xüsusi seçilmiş
şəxsi heyətin hazırlanması;
hərbi
intizamın daim möhkəmləndirilməsi;
şəxsi
heyətin peşəkarlığının daim
yüksəldilməsi, hərbi təhsil
müəssisələrində kadrların hərbi-elmi
əsaslarla hazırlanmasının müasir standartlara
uyğun təkmilləşdirilməsi;
peşəkar
xidmət hərbi qulluqçularının sayının
tədricən artırılması hesabına
komplektləşdirmə sisteminin
təkmilləşdirilməsi;
vətəndaşların
hərbi xidmətə məqsədyönlü
hazırlığı, Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin ehtiyatının
hərbi hazırlığının saxlanılması,
habelə əhalinin ərazi və mülki müdafiə
məsələlərinin həllinə
hazırlığı;
şəxsi
heyətdə Azərbaycan Respublikasına, Azərbaycan
xalqına, Hərbi anda sədaqətin, habelə öz
Vətəninin tarixinə və ənənələrinə
dərin hörmətin, Vətənin müdafiəsi
üçün yüksək şəxsi məsuliyyətin
formalaşdırılması, gənclərdə hərbi
xidmətə marağın artırılması;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin hərbi qulluqçularının
və mülki işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi və onların həyat
şəraitinin daim yaxşılaşdırılması.
62.
Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinin səmərəli təmin
edilməsi məqsədi ilə Silahlı Qüvvələrin
və başqa silahlı birləşmələrin,
eləcə də hərbi təhlükəsizliyi təmin
etməkdə iştirak edən dövlət
orqanlarının hərbi-iqtisadi, hərbi-texniki və
digər ehtiyaclarının ödənilməsi
üçün təchizat siyasəti
formalaşdırılır və həyata keçirilir.
63.
Təchizat siyasəti Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin, eləcə
də Azərbaycan Respublikasının hərbi
təhlükəsizliyinin təmin edilməsində iştirak
edən dövlət orqanlarının müdafiə
təyinatlı məhsullara (hərbi texnika, silah,
mühəndis texnikası, onların ehtiyat hissələri,
döyüş sursatları və digər müdafiə
təyinatlı məhsullar və sair materiallar, işlər
və xidmətlər) olan ehtiyacının təmin
edilməsi sahəsində tədbirləri əhatə edir.
64.
Təchizat siyasəti aşağıdakıların təmin
edilməsinə yönəlmişdir:
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin, eləcə də Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsində iştirak edən dövlət
orqanlarının müdafiə təyinatlı məhsullara
olan ehtiyacını əks etdirən Dövlət
Müdafiə Sifarişi Proqramının hazırlanması
və icrası;
Dövlət
Müdafiə Sifarişi Proqramına uyğun olaraq yeni texnologiyaların
alınması və müasir istehsal sahələrinin
yaradılması;
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin, eləcə də Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsində iştirak edən dövlət
orqanlarının döyüş potensialının yüksək
hazırlıq səviyyəsində saxlanmasına texniki
dəstəyin göstərilməsi.
65.
Dövlət Müdafiə Sifarişi Proqramı Milli
təhlükəsizlik konsepsiyasında və Hərbi doktrinada
göstərilmiş təhdid və risklərə uyğun
olaraq müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi məqsədi ilə
müdafiə təyinatlı məhsulların
sifarişçiləri tərəfindən
qısamüddətli və ortamüddətli perspektiv
üçün müəyyən edilmiş ehtiyacları
özündə əks etdirir.
66.
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin, eləcə də Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsində iştirak edən dövlət
orqanlarının müdafiə təyinatlı keyfiyyətli
məhsullara olan ehtiyacını davamlı və
müstəqil şəkildə təmin etmək
məqsədi ilə yerli elmi-texniki, texnoloji və istehsal
potensialı hesabına milli müdafiə sənayesi
inkişaf etdirilir.
67.
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi
istiqamətində mövcud resursların səmərəli
istifadəsi və yeni müasir texnologiyaların tətbiqi
məqsədi ilə özəl sərmayələrin və
sahibkarlığın müdafiə sənayesinə cəlb
edilməsi bu sahədə həyata keçirilən islahatlar
və kompleks yenidənqurma prosesinin tərkib hissəsi
olacaqdır.
68.
Müdafiə sənayesi iqtisadiyyatın digər
sahələri ilə əlaqələndirilmiş
şəkildə inkişaf etdirilir.
69.
Hərbi təhlükəsizliyin səmərəli təmin
edilməsi məqsədi ilə ölkə ərazisində
hərbi infrastruktur obyektləri inkişaf etdirilir.
70.
Azərbaycan Respublikasının müdafiə sənayesinin
inkişaf proqramı iki istiqamət üzrə həyata
keçirilir:
Silahlı
Qüvvələrin və başqa silahlı
birləşmələrin müdafiə təyinatlı
məhsullara olan zəruri ehtiyaclarının
ödənilməsi;
istehsal
olunan müdafiə məhsullarının yerli və dünya
bazarlarında rəqabətə
davamlılığını təmin etmək məqsədi
ilə müdafiə sənayesində müasir
texnologiyaların tətbiqi, xidmət infrastrukturunun
yaradılması, eləcə də yerli və beynəlxalq sifarişçilərə
satış və texniki modernləşdirmə
xidmətlərinin göstərilməsi.
71.
Silahlı Qüvvələrin və başqa silahlı
birləşmələrin, eləcə də Azərbaycan
Respublikasının hərbi təhlükəsizliyinin
təmin edilməsində iştirak edən dövlət
orqanlarının müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi üçün Dövlət
Müdafiə Sifarişi Proqramına uyğun olaraq, yeni
texnologiyaların alınması və müasir istehsal
sahələrinin yaradılması məqsədi ilə
Azərbaycan Respublikası tərəfdaş
dövlətlərlə hərbi-texniki
əməkdaşlıq əlaqələri qurur və genişləndirir.
72.
Azərbaycan Respublikasının beynəlxalq hərbi-texniki
əməkdaşlığı milli qanunvericiliyə və
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə, eləcə də hərbi
təhlükəsizliyinin təmin edilməsi üçün
müəyyən edilmiş vəzifələrə uyğun
olaraq həyata keçirilir.
VIII. Yekun
müddəalar
73.
Azərbaycan Respublikası Hərbi doktrinanı bəyan
edərək ümumi qəbul olunmuş beynəlxalq hüquq
normaları və prinsiplərinə riayət etdiyini bir daha
təsdiq edir.
74. Milli
təhlükəsizlik konsepsiyasında və Hərbi doktrinada
insanın, cəmiyyətin və dövlətin hüquq
və mənafelərinin daxili və xarici
təhdidlərdən qorunması üçün
müəyyən edilmiş strateji məqsəd və vəzifələrə
uyğun olaraq, Silahlı Qüvvələrin və başqa
silahlı birləşmələrin strukturunu, fərdi
təyinatını, vəzifə bölgüsünü, səmərəli
döyüş və müdafiə qabiliyyətlərinin
inkişafı üçün tələb olunan
ehtiyatları təhlil edən və qiymətləndirən
Strateji Müdafiə İcmalı və digər konseptual
sənədlər hazırlanacaqdır.
75.
Hərbi doktrina Azərbaycan Respublikasının
təhlükəsizlik mühitinin daim dəyişən
dinamikası nəzərə alınmaqla, yenidən
baxılma, dəqiqləşdirmə və əlavələr
üçün açıq sənəddir.