Fərdi məlumatlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi ilə
bağlı münasibətləri, milli informasiya
məkanının fərdi məlumatlar bölümünün
formalaşdırılması, habelə fərdi
məlumatların transsərhəd ötürülməsi
ilə əlaqədar məsələləri
tənzimləyir, bu sahədə fəaliyyət
göstərən dövlət və yerli özünüidarə
orqanlarının, hüquqi və fiziki şəxslərin
hüquq və vəzifələrini müəyyən edir.
I
fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun məqsədi
Bu Qanunun əsas məqsədi fərdi
məlumatların toplanılmasının,
işlənilməsinin və mühafizəsinin qanunvericilik
əsaslarını və ümumi prinsiplərini, həmin sahədə
dövlət tənzimləməsinin qayda və
tələblərini, fərdi məlumatların informasiya
ehtiyatlarında formalaşdırılması, informasiya
sistemlərinin yaradılması, informasiyanın verilməsi
və ötürülməsi qaydalarını, bu prosesdə
iştirak edən şəxslərin hüquqlarını,
vəzifələrini və məsuliyyətinin
əsaslarını müəyyən etməkdən, əsas
insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, o cümlədən şəxsi və
ailə həyatının sirrini saxlamaq hüququnu
müdafiə etməkdən ibarətdir.
Maddə 2. Qanunda
istifadə olunan əsas anlayışlar
2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. fərdi
məlumatlar – şəxsin kimliyini birbaşa və ya
dolayısı ilə
müəyyənləşdirməyə imkan verən
istənilən məlumat;
2.1.2. fərdi
məlumatların subyekti (bundan
sonra – subyekt) – barəsində fərdi məlumatlar
toplanılan, işlənilən və mühafizə
edilən, kimliyi müəyyənləşdirilmiş və
ya müəyyənləşdirilən fiziki şəxs;
2.1.3. fərdi
məlumatların informasiya sistemi – qanunvericiliklə
müəyyən edilmiş qaydada fərdi məlumatların
toplanılmasını, işlənilməsini və
mühafizəsini təmin edən informasiya sistemi;
2.1.4. fərdi
məlumatların informasiya ehtiyatları – qanunvericiliklə
müəyyən edilmiş qaydada və həcmdə fərdi
məlumatların informasiya sistemlərində, habelə
ayrıca toplandığı informasiya ehtiyatları;
2.1.5. fərdi
identifikasiya nömrəsi – fərdi məlumatların
informasiya sistemlərinə barəsində fərdi məlumat
daxil edilən şəxsə müəyyən edilmiş
qaydada verilən və şəxs barəsində müvafiq
məlumatları birmənalı müəyyən
etməyə imkan verən vahid təkrarolunmaz kod;
2.1.6. xüsusi
kateqoriyalı fərdi məlumatlar – fiziki şəxsin irqi
və ya milli mənsubiyyətinə, ailə həyatına,
dini etiqadına və əqidəsinə, səhhətinə
və ya məhkumluğuna aid olan məlumatlar;
2.1.7. fərdi
məlumatların toplanılması – subyekt barəsində
fərdi məlumatların sənədləşdirilmiş
qaydada qanuna uyğun olaraq əldə edilməsi;
2.1.8. fərdi
məlumatların işlənilməsi – fərdi
məlumatlar üzərində aparılan əməliyyatlar
(fərdi məlumatların yazılması,
sistemləşdirilməsi, təzələnməsi,
dəyişdirilməsi, çıxarılması,
adsızlaşdırılması, saxlanması,
ötürülməsi, məhv edilməsi);
2.1.9. fərdi
məlumatların mülkiyyətçisi (bundan sonra –
mülkiyyətçi) – qanunvericiliklə
müəyyən edilmiş qaydada fərdi məlumatların
informasiya sistemi və ya ehtiyatı üzərində tam
sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata
keçirən, fərdi məlumatların
işlənilməsi məqsədini müəyyən edən
dövlət və ya yerli özünüidarə orqanı,
hüquqi və ya fiziki şəxs;
2.1.10. fərdi
məlumatların operatoru (bundan
sonra – operator) – fərdi məlumatların
toplanılmasını, işlənilməsini və
mühafizəsini həyata keçirən fərdi
məlumatların mülkiyyətçisi və ya onun bu
funksiyaları müəyyən həcmdə və
şərtlərlə həvalə etdiyi dövlət və
ya yerli özünüidarə orqanı, hüquqi və ya
fiziki şəxs;
2.1.11. fərdi
məlumatların istifadəçisi (bundan sonra –
istifadəçi) – yalnız özü üçün
zəruri informasiyanın əldə olunması məqsədilə
səlahiyyətləri daxilində mülkiyyətçi
tərəfindən müəyyən edilmiş qaydada və
həcmdə fərdi məlumatlardan istifadə hüququ
verilmiş dövlət və ya yerli özünüidarə
orqanı, hüquqi və ya fiziki şəxs;
2.1.12. fərdi
məlumatların yayılması – fərdi
məlumatların media, habelə informasiya
sistemləri ilə açıqlanması və ya fərdi
məlumatlarla şəxslərin hər hansı digər
üsulla tanış olmasına imkan yaradılması; [1]
2.1.13. fərdi
məlumatların verilməsi – fərdi məlumatların
qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu
əsasında maddi daşıyıcılarla və ya
informasiya texnologiyaları vasitəsilə istifadəçilərə
təqdim edilməsi;
2.1.14. fərdi
məlumatların toplanılmasına və
işlənilməsinə qadağan qoyulması – fərdi
məlumatlarla əlaqədar istənilən
əməliyyatın dayandırılması;
2.1.15. fərdi
məlumatların adsızlaşdırılması –
fərdi məlumatların, onun subyektinin kimliyini
müəyyənləşdirməyə imkan verməyən
vəziyyətə salınması;
2.1.16. fərdi
məlumatların transsərhəd ötürülməsi
– fərdi məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının dövlət sərhədindən
əlaqədar beynəlxalq təşkilatlara, başqa
ölkələrin dövlət və ya yerli
özünüidarə orqanlarına, hüquqi və ya fiziki
şəxslərinə verilməsi;
2.1.17. fərdi
məlumatların məhv edilməsi – informasiya
sistemində fərdi məlumatların silinməsi,
məzmununun sonradan bərpa edilməsi mümkün olmayan
vəziyyətə salınması və ya fərdi
məlumatlar olan maddi daşıyıcıların məhv
edilməsi.
2.2. Bu Qanunda istifadə olunan informasiya, informasiya
texnologiyaları, informasiya sistemləri və ehtiyatı,
korporativ informasiya sistemi və digər anlayışlardan
informasiyanın toplanılması, işlənilməsi və
mühafizəsi sahəsində münasibətləri
tənzimləyən Azərbaycan Respublikasının
qanunlarında müəyyən olunmuş mənalarda
istifadə olunur.
Maddə 3. Fərdi məlumatlar
sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi
3.1. Fərdi məlumatlar sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən, bu Qanundan, habelə digər normativ
hüquqi aktlardan ibarətdir.
3.2. Azərbaycan Respublikasının milli
təhlükəsizliyinin, habelə qanunçuluğun
təmin edilməsi məqsədilə, kəşfiyyat və
əks-kəşfiyyat, əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar fərdi məlumatların toplanılması
və işlənilməsi, dövlət sirrinə aid
edilən və milli arxiv fondunda toplanılan fərdi
məlumatların mühafizəsi qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilir.
3.3. Bu Qanunun müddəaları fiziki
şəxslər tərəfindən fərdi məlumatların
müstəsna olaraq şəxsi və ailə ehtiyacları
üçün toplanılmasına və
işlənilməsinə şamil edilmir.
Maddə 4. Fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin əsas prinsipləri
4.1. Fərdi məlumatların informasiya
ehtiyatlarının formalaşdırılması, onların
informasiya sistemlərinin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və
vətəndaş hüquq və azadlıqlarına riayət
edilməklə, qanunçuluq, konfidensiallıq,
könüllülüyün məcburiliklə
uzlaşdırılması prinsiplərinə uyğun
həyata keçirilir.
4.2. Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi prosesində
insanın həyat və sağlamlığı
üçün təhlükə yaradılmasına, onun
şərəf və ləyaqətinin
alçaldılmasına yol verilmir.
II fəsil
FƏRDİ
MƏLUMATLARIN KATEQORİYALARI, ONLARIN TOPLANILMASININ,
İŞLƏNİLMƏSİNİN VƏ
MÜHAFİZƏSİNİN TƏNZİMLƏNMƏSİ
Maddə 5. Fərdi məlumatların
hüquqi rejimi və mühafizəsi
5.1. Fərdi məlumatlar toplandığı andan
mühafizə olunur və bu məqsədlə daxilolma
(əldə olunma) növünə görə konfidensial
və açıq kateqoriyalara bölünür.
5.2. Konfidensial fərdi məlumatlar qanunvericilikdə
nəzərdə tutulmuş tələblərə uyğun
səviyyədə mülkiyyətçi, operator və bu
məlumatlara giriş hüququ olan istifadəçilər
tərəfindən mühafizə olunmalıdır.
Konfidensial fərdi məlumatlar qanunla müəyyən
olunmuş hallar istisna olmaqla, üçüncü
şəxslərə yalnız subyektin razılığı
əsasında verilə bilər.
5.3. Açıq fərdi məlumatlar kateqoriyasına
müəyyən olunmuş qaydada
adsızlaşdırılmış, subyekt
tərəfindən açıq elan olunmuş və ya
ümumi istifadə üçün yaradılmış
informasiya sisteminə subyektin razılığı ilə onun
barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin
adı, soyadı və atasının adı daimi
açıq fərdi məlumatdır. Açıq
kateqoriyalı fərdi məlumatların
konfidensiallığının təmin edilməsi
tələb olunmur.
5.4. Xüsusi kateqoriyalı məlumatlar, onların
xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, konfidensial,
həm də açıq fərdi məlumatlar
kateqoriyasına aid edilə bilər.
5.5. Fərdi məlumatların mühafizəsi
mülkiyyətçilər və operatorlar
tərəfindən təmin olunmalıdır. Fərdi
məlumatların toplanılması, işlənilməsi
və mühafizəsi sahəsində fəaliyyət
göstərən fiziki şəxslər fəaliyyət
müddətində və işdən çıxdıqdan
sonra həmin məlumatların yayılmaması barədə
yazılı iltizam verməlidirlər.
5.6. Telekommunikasiya, poçt rabitəsi, ünvan və
digər sahələr üzrə cəmiyyətin informasiya
təminatını ödəmək məqsədilə
ümumi istifadəli informasiya sistemlərinə subyektin
yazılı (o cümlədən Elektron Hökumət
İnformasiya Sistemi üzərindən)
razılığı əsasında onun təqdim etdiyi
məlumatlar (adı, soyadı, atasının adı,
doğulduğu tarix və yer, cinsi,
vətəndaşlığı, telefon nömrəsi və
elektron ünvanı, yaşadığı və olduğu
yer, ixtisası və iş yeri, məşğul olduğu
fəaliyyət növü, ailə vəziyyəti,
şəkli və digər məlumatlar) daxil edilə
bilər.[2]
5.7. Fərdi məlumatlar ümumi istifadəli
informasiya sistemlərinə açıq
mənbələrdən daxil edildikdə həmin informasiya
sisteminin operatoru daxil edilən məlumatların tərkibini
və əldə edilmə mənbəyini subyektə
bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin
və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya
sistemindən təxirə salınmadan
çıxarılmalıdır.
5.8. Mülkiyyətçi və ya operator fərdi
məlumatların mühafizəsinin (o cümlədən
təsadüfi və icazəsiz məhv edilməsinin,
itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin
və digər halların qarşısının
alınmasının) təmin edilməsinə zəmanət
verən texniki-təşkilati tədbirlər
görməlidir.
5.9. Fərdi məlumatların mühafizəsinə
dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
5.10. Fərdi məlumatların
arxivləşdirilməsinə aid qaydalar Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilir.
Maddə 6. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində dövlət tənzimləməsinin əsas
formaları
6.0. Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
dövlət tənzimləməsi tədbirləri
aşağıdakılardan ibarətdir:
6.0.1. milli informasiya məkanının fərdi
məlumatlar bölümünün
formalaşdırılması və onun
təhlükəsizliyinin təmin olunması, bu sahədə
təhdidlərin və mühafizə səviyyəsinin
qiymətləndirilməsi;
6.0.2. fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
hüquqi əsaslarının müəyyən edilməsi;
6.0.3. fərdi məlumatların toplanılması
və işlənilməsi zamanı əsas insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi;
6.0.4. fərdi məlumatların toplanılması
və işlənilməsi üzrə fəaliyyətin
lisenziyalaşdırılması;
6.0.5. fərdi məlumatların informasiya
sistemlərinin dövlət qeydiyyatının
aparılması;
6.0.6. fərdi məlumatların informasiya
sistemlərinin, habelə müvafiq informasiya texnologiyaları
vasitələrinin sertifikatlaşdırılması;
6.0.7. fərdi məlumatların informasiya
sistemlərinin yaradılması və tətbiq edilməsi
sahəsində hüquqi və texniki
sənədləşdirmənin
standartlaşdırılması;
6.0.8. fərdi məlumatların informasiya
ehtiyatlarının və sistemlərinin və onların
layihə sənədlərinin dövlət
ekspertizasının həyata keçirilməsi;
6.0.9. dövlət idarələrarası fərdi
məlumatların informasiya sistemlərinin yaradılması
və idarə edilməsi sahəsində dövlət
tənzimləməsi.
III
fəsil
SUBYEKTİN HÜQUQLARI
Maddə 7. Subyektin hüquqları
7.1. Subyekt aşağıdakı hüquqlara malikdir:
7.1.1. informasiya sistemində özü barəsində
fərdi məlumatların mövcudluğu, onların
mülkiyyətçisi və ya operatoru haqqında məlumat
almaq;
7.1.2. informasiya sistemində özü barəsində
fərdi məlumatların toplanılmasının,
işlənilməsinin və üçüncü
şəxslərə verilməsinin hüquqi
əsaslandırılmasını tələb etmək, bu
məlumatların toplanılmasının,
işlənilməsinin və üçüncü
şəxslərə verilməsinin subyekt üçün
hansı hüquqi nəticələrə səbəb olacağı
barədə məlumat almaq;
7.1.3. informasiya sistemində özü barəsində
toplanılmış fərdi məlumatların məzmunu
ilə tanış olmaq;
7.1.4. informasiya sistemində özü barəsində
fərdi məlumatların toplanılması və
işlənilməsi məqsədini, işlənilmə
müddətini, üsullarını, onun fərdi məlumatları
ilə tanış olmaq icazəsi olan şəxslərin, o
cümlədən məlumat mübadiləsi aparılması
nəzərdə tutulan informasiya sistemlərinin dairəsini
bilmək;
7.1.5. informasiya sistemində özü barəsində
toplanılmış və işlənilən fərdi
məlumatların dəqiqləşdirilməsini və
qanunvericiliklə müəyyən olunmuş hallar istisna
olmaqla, məhv edilməsini tələb etmək, habelə
həmin məlumatların müəyyən olunmuş qaydada
arxivə verilməsi barədə müraciət etmək;
7.1.6. özü barəsində fərdi
məlumatların toplanılmasına və
işlənilməsinə qadağan qoyulmasını
tələb etmək;
7.1.7. informasiya sistemində özü barəsində
toplanılmış və işlənilən fərdi
məlumatların əldə edilməsi mənbələri
barədə məlumat almaq, həmin məlumatların
qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
7.1.8. informasiya sistemində özü barəsində
toplanılmış və işlənilən fərdi
məlumatların mühafizəsini tələb etmək;
7.1.9. özü barəsində toplanılan və
işlənilən fərdi məlumatların olduğu
informasiya sistemlərinin uyğunluq sertifikatının
mövcudluğu və dövlət ekspertizasından
keçirilməsi haqqında məlumat almaq;
7.1.10. bu Qanunla və Azərbaycan Respublikasının
başqa normativ hüquqi aktları ilə müəyyən
edilmiş digər hüquqlardan istifadə etmək.
7.2. Fərdi məlumatların toplanılmasının
və işlənilməsinin qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi xarakter
daşıdığı hallar istisna olmaqla, subyekt onun
barəsində olan məlumatların toplanılmasına
və işlənilməsinə etiraz etmək hüququna
malikdir. Subyektin etirazı mülkiyyətçiyə və ya
operatora yazılı surətdə təqdim olunmalıdır.
Subyektin etirazının əsaslandırılması
tələb olunmur. Mülkiyyətçi və ya operator
həmin etirazı aldıqda göstərilən fərdi
məlumatların toplanılmasını və
işlənilməsini dərhal dayandırmalıdır.
7.3. İnformasiya texnologiyaları vasitəsilə
fərdi məlumatların toplanılması və
işlənilməsi nəticəsində qəbul olunan
qərar subyektin mənafeyini pozduğu halda, qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi xarakter
daşıdığı hallar istisna olmaqla, subyektin bu
məlumatların göstərilən üsulla
toplanılmasına və işlənilməsinə etiraz
etmək hüququ vardır. Mülkiyyətçi və ya
operator fərdi məlumatların informasiya texnologiyaları
vasitəsilə işlənilməsinə qarşı etiraz
aldıqda, subyektdən onun barəsində məlumatların
digər üsulla işlənilməsinə razılıq
almalı və ya fərdi məlumatların
işlənilməsini təxirə salmadan
dayandırmalıdır.
7.4. Subyekt onun barəsində fərdi
məlumatların qanunsuz toplanılması və
işlənilməsi, mühafizəsinin təmin
edilməməsi, habelə bu Qanunun tələblərinə
əməl olunmaması nəticəsində onun
hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət
etmək, habelə ona vurulmuş mənəvi və maddi
ziyanın ödənilməsini məhkəmə qaydasında
tələb etmək hüququna malikdir.
7.5. Subyekt bu Qanunun 7.1-7.3-cü maddələrində
göstərilən hüquqlarını
mülkiyyətçiyə və ya operatora kağız
formatında yazılı ərizə və
şəxsiyyətini təsdiq edən sənədi təqdim
etməklə və ya gücləndirilmiş elektron imzalı
elektron sorğu verməklə həyata keçirir.
IV
fəsil
FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI
VƏ İŞLƏNİLMƏSİ
Maddə 8. Subyektin özü barəsində
fərdi məlumatların toplanılmasına və
işlənilməsinə razılığı
8.1. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada fərdi
məlumatların məcburi şəkildə
toplanılması və işlənilməsi halları istisna
olmaqla, hər hansı şəxs barəsində fərdi
məlumatların toplanılmasına və
işlənilməsinə yalnız subyekt tərəfindən
verilmiş yazılı, o cümlədən
gücləndirilmiş elektron imzalı elektron sənəd
formasında razılıq və ya özünün
yazılı təqdim etdiyi məlumatlar əsasında yol
verilir.
8.2. Subyektin fərdi məlumatların
işlənilməsi üçün yazılı (o
cümlədən Elektron Hökumət İnformasiya Sistemi
üzərindən) razılığına
aşağıdakılar daxil edilməlidir:[3]
8.2.1. subyektin kimliyini
müəyyənləşdirməyə imkan verən
məlumatlar;
8.2.2. subyektdən razılıq alan
mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirməyə
imkan verən məlumatlar;
8.2.3. fərdi məlumatların toplanılması
və işlənilməsi məqsədi;
8.2.4. subyekt tərəfindən
işlənilməsinə razılıq verilmiş fərdi
məlumatların və onların işlənilmə
əməliyyatlarının siyahıları;
8.2.5. subyektin razılığının
qüvvədə olma dövrü və onun geri
götürülməsi şərtləri;
8.2.6. fərdi məlumatların müvafiq informasiya
sistemində müəyyən olunmuş saxlanma müddəti
başa çatdıqdan və ya subyektin
ölümündən sonra onun barəsində
toplanılmış fərdi məlumatların qanunvericiliklə
müəyyən olunmuş qaydada məhv edilməsi və ya
arxivləşdirilməsi şərtləri.
8.3. Subyekt vəfat etdikdə, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada ölmüş elan edildikdə,
xəbərsiz itkin düşmüş, fəaliyyət
qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik
yaşına çatmadığı, özü
razılıq vermək iqtidarında olmadığı hallarda
bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun
vərəsələri, qanuni nümayəndələri,
valideynləri və ya himayəçilərindən biri
tərəfindən verilir.
8.4. Subyektdən onun fərdi məlumatlarının
toplanılması və işlənilməsi üçün
razılığın alınması haqqında sübutun
təqdim olunması vəzifəsi mülkiyyətçinin
və ya operatorun üzərinə düşür. Vəfat
etmiş şəxslər barəsində fərdi
məlumatların işlənilməsinə subyektin sağlığında
qadağan qoyulmamışdırsa, həmin məlumatlar
qanunvericiliklə müəyyən olunmuş hallarda
işlənilə bilər.
8.5. Açıq fərdi məlumatların
toplanılmasını və işlənilməsini həyata
keçirən mülkiyyətçi və ya operator subyektin
tələbi ilə həmin məlumatların açıq
fərdi məlumatlar kateqoriyasına aid olduğunu sübut
etməlidir.
8.6. Bu Qanunun 3.2-ci maddəsində qeyd edilən hallar,
habelə Azərbaycan Respublikasının normativ hüquqi
aktları ilə müəyyən olunmuş qaydada fərdi
məlumatların məcburi şəkildə
toplanılması və işlənilməsi istisna olmaqla,
fərdi məlumatların toplanılmasına və
işlənilməsinə subyektlərin
razılığının alınması və geri
çağırılması mərkəzləşdirilmiş
qaydada Elektron Hökumət İnformasiya Sistemi
üzərindən təmin edilir.[4]
Maddə 9. Fərdi məlumatların
toplanılmasının və işlənilməsinin əsas
şərtləri
9.1. Fərdi məlumatların toplanılmasının
və işlənilməsinin məqsədi
mülkiyyətçi və ya operator tərəfindən
dəqiq bəyan edilməli, həmin məlumatların
toplanılması və işlənilməsi bu
məqsədlərə, habelə mülkiyyətçinin
və ya operatorun maddi-texniki və təşkilati
imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar
yalnız qanuni, əvvəlcədən müəyyən
olunmuş və bəyan edilmiş məqsədlər
üçün toplanılmalı və göstərilmiş
məqsədlərə uyğun üsullarla
işlənilməlidir.
9.2. Toplanılan və işlənilən fərdi
məlumatların həcmi və xarakteri bəyan edilmiş
məqsədlərə və mülkiyyətçilərin
səlahiyyətlərinə uyğun olmalıdır.
9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və
zərurət yarandıqda təzələnməlidir.
9.4. Fərdi məlumatların toplanılması və
işlənilməsi məqsədlərinə nail olunduqda
və onların saxlanılması zərurəti aradan
qalxdıqda həmin məlumatlar təxirə salınmadan
məhv edilməlidir.
9.5. Fərdi məlumatların bu Qanunla
müəyyən olunmuş toplanılması və
işlənilməsi şərtləri insan orqanizminin bioloji
xüsusiyyətlərini səciyyələndirən və
onun kimliyini birmənalı olaraq
müəyyənləşdirməyə imkan verən
məlumatların – əl-barmaq və ovuc izləri, üz
təsviri, gözün qüzehli və tor qişası,
səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein
turşusu (DNT) analizinin nəticələri, bədən
ölçüləri, bədənin xüsusi
əlamətlərinin və fiziki
çatışmazlıqlarının təsviri, yazı
xətti və imzası, habelə digər biometrik
məlumatların toplanılmasına və
işlənilməsinə tam həcmdə şamil edilir.[5]
9.6. Fərdi məlumatların toplanılması və
işlənilməsi yalnız aşağıdakı
şərtlərdən biri olduqda həyata keçirilə
bilər:
9.6.1. subyekt fərdi məlumatların
toplanılmasına və işlənilməsinə öz
razılığını verdikdə və ya bu məlumatlar
açıq kateqoriyalı olduqda;
9.6.2. fərdi məlumatlar onların toplanılması
və işlənilməsi məqsədlərini və
üsullarını müəyyən edən qanunvericilik
əsasında işlənildikdə;
9.6.3. elmi və statistik tədqiqat məqsədləri
üçün fərdi məlumatlar onların mütləq
qaydada adsızlaşdırılması aparılmaqla
işlənildikdə;
9.6.4. fərdi məlumatların toplanılması və
işlənilməsi subyektin həyat və
sağlamlığını qorumaq üçün lazım
olduqda.
9.7. Xüsusi kateqoriyalı məlumatların
toplanılmasına və işlənilməsinə,
aşağıdakı hallar istisna olmaqla, yol verilmir:
9.7.1. xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi qanunla
müəyyən olunmuş hallarda məcburi xarakter
daşıdıqda;
9.7.1-1. subyektin yazılı (o cümlədən
Elektron Hökumət İnformasiya Sistemi üzərindən)
razılığı olduqda;[6]
9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun
5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada
açıq məlumatlar kateqoriyasına aid olduqda;
9.7.3. xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi subyektin, digər
şəxsin və ya müvafiq şəxslər qrupunun
həyat və sağlamlığının qorunması
üçün zəruri olduqda və belə
məlumatların əldə olunması üçün
subyektin razılığının alınması
mümkün olmadıqda;
9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya
təşkilatlarının üzvlərinə aid olan
xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi həmin təşkilatlar
tərəfindən öz qanuni məqsədlərinə nail
olmaq məqsədilə və üçüncü
şəxsə subyektin razılığı olmadan
verilməmək şərtilə aparıldıqda.
9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə
tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi
səbəbləri aradan qaldırıldıqda həmin
məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi
kateqoriyalı məlumatların subyekti həmin
məlumatların informasiya sistemində saxlanmasına və ya
arxivə verilməsinə razılıq vermədikdə bu
məlumatlar təxirə salınmadan məhv edilməlidir.
9.9. Mülkiyyətçi fərdi məlumatların
toplanılmasını və işlənilməsini
müqavilə əsasında, fərdi məlumatların
mühafizəsinin təmin olunması şərtilə
operatora həvalə etmək və ya özü operator kimi
fəaliyyət göstərmək hüququna malikdir.
9.10. Fərdi məlumatlara dair ümumi istifadəli
və korporativ informasiya sistemlərində
toplanılmış və işlənilən fərdi
məlumatlar ödənişli əsaslarla üçüncü
şəxslərə təqdim oluna bilər. Korporativ informasiya sistemlərində
toplanılmış və işlənilən fərdi
məlumatların ödənişli əsaslarla
üçüncü şəxslərə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.11. Fərdi məlumatların korporativ informasiya
sistemlərində bu sistemlərdən istifadə etmək
hüququ olan istifadəçilərə xidmət
göstərilir.
9.12. İnformasiya sistemlərində və
ehtiyatlarında fərdi məlumatların toplanılması,
işlənilməsi, sorğuların verilməsi və
icrası, ərizələrin qeydiyyatının və
baxılmasının nəticələri, habelə informasiya
sistemlərinin idarə olunması və mühafizəsi
ilə bağlı əməliyyatlar barədə qeydlərin
müvafiq nəzarət-audit jurnallarında toplanılması
mülkiyyətçi və ya operator tərəfindən
təmin olunur.
9.13. Elmi və statistik tədqiqatlar həyata
keçirilərkən operator aldığı fərdi
məlumatları adsızlaşdırmalıdır.
Adsızlaşdırılmış məlumatların
işlənilməsi nəticələrinin dövlət sirri
təşkil edən məlumatlara aid edildiyi halda həmin
məlumatların qorunması dövlət sirri haqqında
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həyata keçirilir.
9.14. Fərdi məlumatların informasiya
ehtiyatlarının formalaşdırılması və
informasiya sistemlərinin yaradılması, onlara
xidmətlərin göstərilməsi yalnız Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi
razılıq (lisenziya) əsasında həyata keçirilir.
Maddə 10. Mülkiyyətçinin və
operatorun vəzifələri
10.1. Fərdi məlumatların toplanılması
və işlənilməsi zamanı mülkiyyətçinin
vəzifələri fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
qanuniliyini və təhlükəsizliyini təmin
etməkdən ibarətdir. Fərdi məlumatların
toplanılması və işlənilməsi, həmin
məlumatların mühafizəsinin tam təmin olunmaması
nəticəsində subyektə dəyən maddi və
mənəvi ziyan və onun həcmi məhkəmə
tərəfindən müəyyən edilir, qanunvericilikdə
nəzərdə tutulmuş qaydada mülkiyyətçi
tərəfindən ödənilir.
10.2. Mülkiyyətçi fərdi məlumatların
toplanılması və işlənilməsi zamanı
operatorun vəzifələrini yerinə yetirdikdə, bu Qanunla operator
üçün müəyyən olunmuş
vəzifələr mülkiyyətçiyə şamil edilir.
10.3. Operatorun vəzifələri bu Qanunla və
Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə uyğun olaraq operatorla
mülkiyyətçi arasında bağlanmış müqavilənin
şərtləri ilə müəyyən olunur.
10.4. Fərdi məlumatların toplanılması
və işlənilməsi zamanı operatorun
vəzifələri fərdi məlumatların
toplanılmasının və işlənilməsinin qanuniliyini,
onların təhlükəsizliyini təmin etməkdən,
habelə mülkiyyətçi ilə bağlanmış
müqavilədən irəli gələn şərtləri
yerinə yetirməkdən ibarətdir.
10.5. Operator Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
kəşfiyyat və əks-kəşfiyyat,
əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə
şərait yaratmalı, müvafiq təşkilati və
texniki məsələləri həll etməli və bu
tədbirlərin keçirilməsində istifadə olunan
üsulların konfidensiallığına əməl
etməlidir.
10.6. Mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanının bu Qanunla ona həvalə edilmiş
vəzifələrinin yerinə yetirilməsinə dair
tələblərini icra etməli və bu barədə 7
iş günü müddətində ona məlumat
verməlidir.
Maddə 11. Fərdi məlumatların
toplanılmasının xüsusiyyətləri
11.1. Mülkiyyətçi və ya operator
subyektdən yalnız işlənilmə
məqsədlərinə nail olmaq üçün zəruri
olan fərdi məlumatları almaq hüququna malikdir.
11.2. Mülkiyyətçi və ya operator fərdi
məlumatları toplayarkən subyektə
aşağıdakıları mütləq bildirməlidir:
11.2.1. mülkiyyətçinin və ya operatorun
kimliyini müəyyənləşdirən məlumatlar;
11.2.2. fərdi məlumatların işlənilmə
məqsədi və bu məqsədin hüquqi cəhətdən
əsaslandırılması;
11.2.3. toplanılan və işlənilən fərdi
məlumatların informasiya sistemində mühafizə
səviyyəsi;
11.2.4. informasiya sistemlərinin uyğunluq
sertifikatının mövcudluğu və dövlət
ekspertizasından keçirilməsi haqqında məlumat;
11.2.5. fərdi məlumatların nəzərdə
tutulan istifadəçilərinin, o cümlədən
məlumat mübadiləsi aparılması nəzərdə
tutulan informasiya sisteminin dairəsi;
11.2.6. subyektin bu Qanunla müəyyən olunmuş
hüquqları barədə məlumatlar.
11.3. Fərdi məlumatların təqdim olunması
qanunla müəyyən olunmuşdursa, mülkiyyətçi
və ya operator subyektə fərdi məlumatların
məcburi şəkildə təqdim edilməsindən
imtinanın hüquqi nəticələri barədə
məlumat verməlidir.
Maddə 12. Subyektin sorğusu
12.1. Mülkiyyətçi və ya operator
ödənişsiz olaraq subyektə onun haqqında
məlumatları təqdim etməli, eləcə də bu
Qanunun 7.1-ci maddəsində göstərilmiş
hüquqlarını təmin etməlidir.
12.2. Subyekt bu Qanunun 7.1.5-ci və 7.1.6-cı
maddələrində göstərilmiş hüquqlarının
təmin edilməsi məqsədilə sorğu ilə
müraciət edərkən zəruri tədbirlərin
görülməsi üçün müvafiq
sənədləri təqdim etməlidir.
12.3. Subyekt onun barəsində toplanılmış
və işlənilən məlumatlarla bağlı
mülkiyyətçiyə və ya operatora sorğu ilə
müraciət etdikdə, onun sorğusuna
mülkiyyətçi və ya operator tərəfindən
baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra
edilməli, həmin məlumatda digər şəxslər
barədə fərdi məlumatlar əks
etdirilməməlidir.
12.4. Mülkiyyətçi və ya operator subyektin
verdiyi sorğuya daxil olduğu gündən ən geci 7 iş
günü keçənədək cavab verməlidir, bununla
bağlı üçüncü şəxsə
müraciət etmək zərurəti yarandıqda sorğunun
icra müddəti daha 7 iş günü uzadıla bilər.
12.5. Mülkiyyətçi və ya operator subyektin
sorğusu əsasında fərdi məlumatlarla əlaqədar
zəruri tədbirlər (məlumatın
dəqiqləşdirilməsi, məlumatın
toplanılmasına və işlənilməsinə qadağan
qoyulması və s.) görməli, həmin tədbirlər
barəsində əvvəllər bu subyektə dair fərdi
məlumatların ötürüldüyü
üçüncü şəxsə 3 iş günü
müddətində məlumat verməlidir.
12.6. Mülkiyyətçi və ya operator subyektin
sorğusunun icrasından qanunvericiliklə müəyyən
edilmiş əsaslarla imtina etdikdə subyektə sorğusunun
alındığı gündən 5 iş günü
keçənədək əsaslandırılmış cavab
verməlidir.
Maddə 13. Fərdi məlumatların
verilməsi
13.1. Bu Qanunun 8.3-cü maddəsində
nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi
məlumatların üçüncü şəxslər
tərəfindən mülkiyyətçiyə və ya
operatora, eləcə də onlar tərəfindən fərdi
məlumatların istənilən üçüncü
şəxsə verilməsinə yalnız subyektin
yazılı (o cümlədən Elektron Hökumət
İnformasiya Sistemi üzərindən)
razılığı ilə yol verilir.[7]
13.2. Subyektin razılığı olmadan fərdi
məlumatların verilməsinə yalnız
aşağıdakı hallarda yol verilir:
13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar
verildikdə;
13.2.2. konfidensial fərdi məlumatlar dövlət orqanları
(qurumları) və ya yerli özünüidarə
orqanları tərəfindən onlara həvalə edilmiş
vəzifələrin icrası ilə bağlı verildikdə
və bu zaman fərdi məlumatların informasiya sistemləri
üçün qanunvericiliklə müəyyən edilmiş
tələblərə əməl edildikdə;[8]
13.2.3. fərdi məlumatların verilməsi subyektin
həyat və sağlamlığının qorunması
məqsədləri üçün lazım olduqda və onun
razılığını təxirə salınmadan almaq
mümkün olmadıqda.
13.2-1. Vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, bu
dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikası
ərazisində həyata keçirdikləri maliyyə
əməliyyatları barədə məlumatlar müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi hədlərdə və qaydada birbaşa
və ya müvafiq icra
hakimiyyəti orqanı vasitəsilə həmin xarici
dövlətlərin səlahiyyətli orqanlarına verilir.[9]
13.3. Fərdi məlumatların verilməsinə
razılıq subyekt tərəfindən yazılı
surətdə (o cümlədən Elektron Hökumət
İnformasiya Sistemi üzərindən) geri
çağırıla bilər. Subyekt tərəfindən
fərdi məlumatların verilməsinə dair
razılığın geri çağırılması
mülkiyyətçiyə, operatora və
üçüncü şəxslərə məlum
olduğu andan onlar həmin məlumatların verilməsini
dərhal dayandırmalıdırlar.[10]
Maddə 14. Fərdi məlumatların
transsərhəd ötürülməsi
14.1. Fərdi məlumatların transsərhəd
ötürülməsi bu Qanunla müəyyən olunan
tələblərə riayət edilməklə və bu
maddənin müəyyən etdiyi xüsusiyyətlər
nəzərə alınmaqla həyata keçirilir.
14.2. Fərdi məlumatların transsərhəd ötürülməsi
aşağıdakı hallarda qadağan edilir:
14.2.1. Azərbaycan Respublikasının milli
təhlükəsizliyi üçün təhdid
yaratdıqda;
14.2.2. fərdi məlumatların
ötürüldüyü ölkənin qanunvericiliyi
həmin məlumatların Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş
səviyyədə hüquqi mühafizəsini təmin
etmədikdə.
14.3. Subyektin fərdi məlumatların
transsərhəd ötürülməsinə razılıq
verdiyi, habelə fərdi məlumatların
ötürülməsinin subyektin həyat və sağlamlığının
qorunması üçün zəruri olduğu hallarda
fərdi məlumatların transsərhəd
ötürülməsi onların hüquqi mühafizəsi
səviyyəsindən asılı olmayaraq həyata
keçirilə bilər.
14.4. Fərdi məlumatların transsərhəd
ötürülməsi zamanı bu məlumatların
təhlükəsizliyi mülkiyyətçi və ya operator
tərəfindən təmin edilir.
V fəsil
FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI,
İŞLƏNİLMƏSİ VƏ
MÜHAFİZƏSİ SAHƏSİNDƏ DÖVLƏT
TƏNZİMLƏMƏSİ TƏDBİRLƏRİ
Maddə 15. Fərdi məlumatların
informasiya sistemlərinin qeydiyyatı
15.1. Fərdi məlumatların informasiya sistemləri,
o cümlədən bu Qanunun qüvvəyə minməsinə
qədər mövcud olan informasiya sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin
dövlət qeydiyyatına alınması və dövlət
qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15.2. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların
informasiya sistemini dövlət qeydiyyatından
keçirmədən fərdi məlumatların
toplanılmasına və işlənilməsinə yol
verilmir.
15.3. Aşağıdakı fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatından
keçirilməsi tələb olunmur:
15.3.1. dövlət sirri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
dövlət sirrinə aid olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.2. mülkiyyətçi və ya operatorla
əmək münasibətlərində olan subyektlərə
aid və ya onların iş ərazisinə buraxılması
üçün zəruri olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş,
fərdi məlumatların işlənilmə
məqsədindən və subyektlərin sayına qoyulan
maksimal həddən asılı olaraq, dövlət
qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda
yaradılan fərdi məlumatların informasiya sistemlərinin.
15.4. Fərdi məlumatların informasiya sisteminin
dövlət qeydiyyatı mülkiyyətçinin
yazılı müraciəti əsasında 1 ay
müddətində həyata keçirilir. İnformasiya
sistemlərinin dövlət reyestrinə daxil edilməsi
üçün həmin müraciətdə fərdi
məlumatların informasiya sistemi barədə
aşağıdakı əsas məlumatlar təqdim edilir:
15.4.1. mülkiyyətçinin kimliyini
müəyyənləşdirən məlumatlar;
15.4.2. informasiya sisteminin yaradılmasının
hüquqi əsasları;
15.4.3. fərdi məlumatların işlənilmə
məqsədi və nəzərdə tutulan üsulları;
15.4.4. informasiya sistemində işlənilən
fərdi məlumatların kateqoriyaları;
15.4.5. subyektlərin kateqoriyaları;
15.4.6. informasiya sisteminin istismarı zamanı
mülkiyyətçinin fərdi məlumatların
mühafizəsi ilə bağlı öhdəsinə
götürdüyü tədbirlərin ümumi təsviri;
15.4.7. fərdi məlumatların toplanılmasına
və işlənilməsinə başlanıldığı
tarix;
15.4.8. fərdi məlumatların
istifadəçilərinin dairəsi;
15.4.9. fərdi məlumatların toplanılmasına
və işlənilməsinə nəzarət və audit
mexanizmləri;
15.4.10. digər əlaqəli informasiya sistemləri,
həmin sistemlərlə informasiya mübadiləsi
üsulları və mübadilə edilən
məlumatların kateqoriyaları;
15.4.11. informasiya sistemlərindən istifadə olunmaqla
əhaliyə göstərilə bilən elektron
xidmətlərin əhatə dairəsi;
15.4.12. subyektin bu Qanunun 7.1-ci maddəsində
göstərilən hüquqlarının təmin edilməsi
qaydaları;
15.4.13. digər dövlətlərə, habelə
beynəlxalq təşkilatlara transsərhəd
ötürülən fərdi məlumatların
kateqoriyaları.
15.5. Fərdi məlumatların informasiya sisteminin
dövlət qeydiyyatından keçirilməsi haqqında
müraciətdəki məlumatlarda dəyişiklik olduqda bu
barədə 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı surətdə bildirilməlidir.
15.6. Fərdi məlumatların informasiya sisteminin
dövlət qeydiyyatı ləğv edildikdə, həmin
informasiya sistemində olan məlumatlara dərhal qadağan
qoyulmalı və təxirə salınmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhv edilməlidir.
Maddə 16. Fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestri
16.1. Bu Qanunun 15.4-cü maddəsinə uyğun
təqdim olunmuş məlumatlar, fərdi məlumatların
informasiya sisteminin dövlət qeydiyyatı və ya
dövlət qeydiyyatının ləğv edilməsi ilə
bağlı məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı informasiya sistemlərinin
dövlət reyestrinə daxil edilməlidir.
16.2. Fərdi məlumatların informasiya sistemlərinin
dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətləri
17.1. Müvafiq icra hakimiyyəti orqanı dövlət reyestrinə daxil edilmiş informasiya
sistemlərində fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin bu Qanunun tələblərinə, habelə
məlumatların və onların işlənilmə
üsullarının informasiya sisteminin bəyan olunmuş
məqsədlərinə uyğunluğunu yoxlayır.
17.2. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hüquqlara malikdir:
17.2.1. bu Qanunla ona həvalə edilmiş
vəzifələrin həyata keçirilməsi zamanı
qanunvericiliklə müəyyən olunmuş qaydada
mülkiyyətçilərə və ya operatorlara
sorğular vermək, habelə dövlət orqanlarından,
mülkiyyətçilərdən və ya operatorlardan
ödənişsiz olaraq zəruri məlumatlar almaq;
17.2.2. fərdi məlumatların informasiya sistemləri
dövlət qeydiyyatından keçirilərkən
mülkiyyətçinin verdiyi məlumatları, o
cümlədən informasiya sistemlərinin layihəyə
uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada
informasiya sistemlərinin dövlət ekspertizasını
təşkil etmək;
17.2.3. fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi ilə
məşğul olan dövlət orqanlarından, hüquqi
və fiziki şəxslərdən bu Qanunun
tələblərinin pozulması hallarının aradan
qaldırılmasını tələb etmək;
17.2.4. fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
müvafiq qanunvericiliyin tələblərini pozmuş
şəxslərin müəyyən olunmuş qaydada
məsuliyyətə cəlb edilməsi üçün
tədbirlər görmək;
17.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş digər hüquqlardan
istifadə etmək.
17.3. Müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyətini həyata
keçirərkən əldə olunan fərdi
məlumatların konfidensiallığını təmin
etməlidir.
17.4. Müvafiq icra hakimiyyəti orqanının hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
şikayət verilə bilər.
Maddə 18. Milli informasiya məkanının
fərdi məlumatlar üzrə bölümü
18.1. Milli informasiya məkanının fərdi
məlumatlar üzrə bölümünün
formalaşdırılması, istifadəsi və
inkişafı vahid elmi-texniki konsepsiya əsasında həyata
keçirilir.
18.2. Fərdi məlumatların informasiya
sistemlərinin milli informasiya məkanında dayanıqlı
və mühafizə ilə təmin olunmuş
şəkildə qarşılıqlı fəaliyyət
göstərməsi və bu sahədə
pərakəndəliyə yol verilməməsi
üçün onların təminat vasitələrində
informasiya texnologiyaları və təhlükəsizlik
standartları tətbiq edilir.
18.3. Milli informasiya məkanının fərdi
məlumatlar üzrə bölümündə paylanmış
ayrı-ayrı informasiya sistemlərində eyni subyekt
barədə məlumatların
uzlaşdırılmasını, bu sahədə
pərakəndəliyin və təkrarlığın qarşısının
alınmasını təmin etmək üçün
fərdi identifikasiya nömrəsi tətbiq olunur.
Ayrı-ayrı mülkiyyətçilərin və
müxtəlif təyinatlı fərdi məlumatların
informasiya sistemlərinin və ehtiyatlarının
birləşdirilməsi, qanunvericiliklə müəyyən
edilmiş hallar istisna olmaqla, yolverilməzdir.
18.4. Fərdi məlumatların informasiya sistemlərinə
fərdi identifikasiya nömrəsinin daxil edilməsi və
istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 19. Fərdi məlumatlar haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 11 may 2010-cu il
¹ 998-IIIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü
il, ¹ 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 07, maddə 773)
2.
3 aprel 2018-ci il
tarixli 1066-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 mart 2018-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 856)
3.
8 iyul 2022-ci il tarixli 584-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı,, 19 avqust 2022-ci
il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
831)
4.
23 dekabr 2022-ci
il tarixli 754-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2022-ci
il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2022-ci il, ¹ 12, maddə 1399)
5.
17 fevral 2023-cü il tarixli 814-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan”
qəzeti, 9 aprel 2023-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4,
maddə 452)
6.
28 iyun 2024-cü il tarixli 1193-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹7, maddə 769)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 17 fevral 2023-cü il tarixli
814-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel
2023-cü il, ¹ 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4,
maddə 452) ilə 2.1.12-ci maddəsində “kütləvi informasiya vasitələri” sözləri
“media” sözü
ilə əvəz edilmişdir.
[2] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə 5.6-cı maddəyə “yazılı”
sözündən sonra “(o
cümlədən Elektron Hökumət İnformasiya Sistemi
üzərindən)” sözləri əlavə
edilmişdir.
[3] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə 8.2-ci maddənin birinci abzasına “yazılı”
sözündən sonra “(o
cümlədən Elektron Hökumət İnformasiya Sistemi
üzərindən)” sözləri əlavə
edilmişdir.
[4] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə yeni məzmunda 8.6-cı maddə
əlavə edilmişdir.
[5] 8 iyul 2022-ci il tarixli 584-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı,, 19 avqust 2022-ci
il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
831) ilə 9.5-ci maddəsində “qüsurlarının”
sözü “fiziki
çatışmazlıqlarının” sözləri
ilə əvəz edilmişdir.
[6] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə yeni məzmunda 9.7.1-1-ci maddə
əlavə edilmişdir.
[7] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə 13.1-ci maddəyə “yazılı”
sözündən sonra “(o
cümlədən Elektron Hökumət İnformasiya Sistemi
üzərindən)” sözləri əlavə
edilmişdir.
[8] 23 dekabr 2022-ci il tarixli 754-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
30 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 31
dekabr 2022-ci il, ¹ 288) ilə 13.2.2-ci
maddəsinə “dövlət” sözündən sonra “orqanları (qurumları)”
sözləri əlavə edilmişdir.
[9] 20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, ¹ 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 773) ilə yeni məzmunda 13.2-1-ci maddə əlavə edilmişdir.
3 aprel 2018-ci il tarixli 1066-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 mart 2018-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 856) ilə 13.2-1-ci maddədə “Azərbaycan Respublikası ilə digər
dövlətlər arasında bağlanmış”
sözləri “Vergi və
maliyyə məlumatlarının mübadiləsini
nəzərdə tutan Azərbaycan Respublikasının
tərəfdar çıxdığı” sözləri
ilə əvəz edilmişdir və həmin maddədən “birbaşa və ya”
sözləri çıxarılmışdır.
[10] 28 iyun 2024-cü il tarixli 1193-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 iyul 2024-cü il, “Azərbaycan” qəzeti, 17 iyun
2024-cü il, ¹ 148,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹7, maddə 769) ilə 13.3-cü maddənin birinci
cümləsinə “tərəfindən”
sözündən sonra “yazılı
surətdə (o cümlədən Elektron Hökumət
İnformasiya Sistemi üzərindən)” sözləri
əlavə edilmişdir.