“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 12 may 2010-cu il

    ¹ 88

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydalarını tənzimləyir.

1.2. Magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar (sahələr, fənlər, dillər, dil və ədəbiyyat, regionlar, ölkələr, nəqliyyat növləri) üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar ixtisasın təhsil proqramı ilə müəyyən olunur.[1]

1.3. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”) şamil edilməklə, magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. [2]

1.4. Bu Qaydalar mütəxəssis hazırlığının səviyyəsinə ümumi tələblər qoymaqla, ali təhsil müəssisələrində və AMEA-da təhsilin keyfiyyətinin yüksəldilməsinə, məsuliyyətin, eləcə də kadr hazırlığının səmərəliliyinin artırılmasına, tədris-metodiki təminatın yaxşılaşdırılmasına, təhsilalanların attestasiyasının şəffaflığına, təhsilin keyfiyyət səviyyəsinin ölkədə qəbul olunan təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə, respublikanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına və ölkəmizdə verilmiş təhsil sənədlərinin beynəlxalq təhsil məkanında tanınmasına şərait yaradır.[3]

1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. [4]

1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.[5]

1.7. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, respublikanın bütün ali təhsil müəssisələrində və AMEA-da magistratura təhsili ödənişli əsasla və dövlət sifarişi əsasında həyata keçirilə bilər.[6]

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ali təhsil müəssisələrində ali təhsilin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.[7]

1.8. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan respublikanın bütün ali təhsil müəssisələrində magistratura Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən yaradılır.[8]

1.9. Magistratura səviyyəsində ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı bakalavriat səviyyəsi üzrə buraxılışı olan ali təhsil müəssisələrində (ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatında nəzərdə tutulduğu hallarda xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) həyata keçirilir.[9]

1.10. Magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.[10]

1.11. Magistraturaya tələbə qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[11]

1.12. Xarici ölkələrin vətəndaşlarının magistraturaya qəbulu müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

 

2. Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər

 

2.1. Magistratura — ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.

2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və AMEA-da magistratura təhsili ixtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramı, ona müvafiq hazırlanmış tədris planı, fənlər üzrə işçi proqramlar (sillabuslar) və digər normativ sənədlər (qiymətləndirmə qaydaları, fərdi tədris planları, dərs cədvəlləri, imtahan cədvəlləri, dərslərin reqlamentləri, təcrübənin keçirilməsi qaydaları və s.) əsasında həyata keçirilir.[12]

2.3. Magistr təhsilinin məzmunu tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini, ixtisasın ixtisaslaşmaları üzrə təhsil proqramında qoyulan tələbləri əhatə edir.

Tədris prosesinin və elmi tədqiqat işlərinin planlaşdırılması, təşkili tədris planı (nümunəvi işçi və fərdi) və fənn proqramları və ona müvafiq hazırlanmış fənlər üzrə işçi proqramları əsasında həyata keçirilir. Bu planların forma və strukturu ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir. [13]

Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri və AMEA tərəfindən hazırlanır, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri və AMEA tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri və AMEA tərəfindən təsdiq edilir. Fənlər üzrə işçi proqramları (sillabuslar) isə ali təhsil müəssisəsi və AMEA tərəfindən hazırlanır və təsdiq edilir.[14]

İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirilmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını əks etdirən sənəddir.

2.4. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir.

Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.

Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.

2.5. İxtisasın ayrı-ayrı ixtisaslaşmaları üzrə təhsil proqramının strukturu tədris (humanitar və ümumi hazırlıq, eləcə də ixtisaslaşma fənləri) və elmi tədqiqat hissəsindən ibarətdir.

2.6. Magistratura səviyyəsində tədrisin təşkili ali təhsil pilləsinin dövlət standartının tələblərinə uyğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında kredit sistemi (Avropa ölkələrində tətbiq olunan AKTS — Avropa Kredit Transfer Sistemi) ilə həyata keçirilir.[15]

2.7. Tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

2.8. Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər.

2.9. Əyani formanın təhsil müddətində nəzəri tədrisə — 45, elmi tədqiqat və elmi-pedaqoji təcrübələrə — 8, imtahan sessiyalarına isə 15 həftə ayrılır. Bu zaman auditoriya saatları 12-16 həftədir.

Dissertasiya işinin hazırlanması və müdafiəsinə 12, tətillərə isə 14 həftə ayrılır.

2.10. Tələbənin auditoriya və auditoriyadankənar (bütün tədris, elmi tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman dərslər 12-16 saat təşkil edir.

Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır.

2.11. Bir akademik saat — 45 dəqiqəyə bərabərdir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır.

2.12. Magistratura üzrə aparılan elmi tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olmalıdır.

2.13. Magistrantlara elmi rəhbərlik, bir qayda olaraq, həmin təhsil müəssisəsində və AMEA-da çalışan professor-müəllim heyətinin elmi adı və ya elmi dərəcəsi olan nümayəndələri və ya həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər tərəfindən həyata keçirilir. Bir nəfərə 5-dən çox magistranta rəhbərlik etməyə icazə verilmir. Magistrantın elmi tədqiqatının yönümü müxtəlif elmlərin qovuşmasından ibarət olduğu halda, ona elmi rəhbərlə yanaşı, elmi məsləhətçi də təyin oluna bilər.

 

3. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuralar

 

3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).

3.2. Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. “Magistr” dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi və AMEA tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

3.3. İxtisaslaşdırılmış şuraların yaradılması və onun işinin təşkili qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən olunur.

 

4. Magistraturada yekun attestasiya

 

4.1. Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

4.2. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.

4.3. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

4.4. Ali təhsil müəssisələrində və AMEA-da magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.

4.5. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 aprel 2014-cü il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2014-cü il, ¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 450)

2.       19 aprel 2016-cı il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, ¹ 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 820)

3.       13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1201)

4.       23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239)

5.       16 fevral 2017-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 fevral 2017-ci il, ¹ 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 307)

6.       8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2431)

7.       7 dekabr 2019-cu il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2019-cu il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 2051)

8.       4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340)

9.       18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, ¹ 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

10.    22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2021-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 205)

11.    5 iyun 2021-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 iyun 2021-ci il, ¹ 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, IV kitab, maddə 664) (Bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.)

12.    21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552)

13.    19 aprel 2023-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 596)

14.    9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə 307)

15.    5 sentyabr 2024-cü il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 9, maddə 1058)

16.    2 dekabr 2024-cü il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I kitab, maddə 1310)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 aprel 2016-cı il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, ¹ 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 4, maddə 820) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinin ikinci abzası ləğv edilmişdir.

2 dekabr 2024-cü il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I kitab, maddə 1310) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.2. Magistr hazırlığı ali təhsilin ikinci səviyyəsi olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramları əsasında mütəxəssislər hazırlanır.

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

 

[2] 13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1201) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.3-cü bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri əlavə edilmişdir.

 

9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə 307) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.3-cü bəndindən “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri çıxarılmışdır.

 

[3] 13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1201) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.4-cü, 2.2-ci və 4.4-cü bəndlərə, 1.7-ci bəndin birinci abzasına və 2.13-cü bəndin birinci cümləsinə müvafiq olaraq “müəssisəsində” və “müəssisələrində” sözlərindən sonra “və AMEA-da” sözləri əlavə edilmişdir.

8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, ¹ 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2431) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.4-cü bəndinə “standartları” sözündən əvvəl “və peşə” sözləri əlavə edilmişdir.

9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə 307) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.4-cü, 2.2-ci bəndlərindən, 2.13-cü bəndin birinci cümləsindən və 4.4-cü bəndindən “və AMEA-da” sözləri çıxarılmışdır.

 

[4] 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.5-ci bəndinə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilmişdir.

 

[5] 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.6. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

 

[6] 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndin birinci abzasında “və ödənişsiz əsaslarla” sözləri “əsasla və dövlət sifarişi əsasında” sözləri ilə əvəz edilmişdir.

9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə 307) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndin birinci abzasından “və AMEA-da” sözləri, ikinci abzasının birinci cümləsindən isə “, həmçinin AMEA-da” sözləri çıxarılmışdır.

 

[7] 18 aprel 2014-cü il tarixli 106 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 aprel 2014-cü il, ¹ 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 450) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinə ikinci abzas əlavə edilmişdir.

16 fevral 2017-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 fevral 2017-ci il, ¹ 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 2, maddə 307) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzasına “müəssisələrində” sözündən sonra “, həmçinin AMEA-da” sözləri əlavə edilmişdir.

22 fevral 2021-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 fevral 2021-ci il, ¹ 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə 205) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

5 sentyabr 2024-cü il tarixli 395 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, ¹ 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 9, maddə 1058) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində, həmçinin AMEA-da ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

 

[8] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1552) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”nın 1.8-ci, 2.7-ci, 4.3-cü bəndlərində və 2.3-cü bəndinin üçüncü abzasının birinci cümləsində Təhsil sözü Elm və Təhsil sözləri ilə əvəz edilmişdir.

 

[9] 13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1201) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndə “hazırlığı” sözündən sonra “AMEA istisna olmaqla,” sözləri əlavə edilmişdir.

19 aprel 2023-cü il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 4, maddə 596) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndinə “hazırlığı” sözündən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində müəyyən edilən xüsusi təyinatlı ali təhsil müəssisələri və” sözləri əlavə edilmişdir.

9 mart 2024-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2024-cü il, “Azərbaycan” qəzeti, 13 mart 2024-cü il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 3, maddə 307) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndindən, 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsindən, üçüncü abzasından (hər dörd halda) və 3.2-ci bəndin ikinci cümləsindən “və AMEA” sözlər çıxarılmışdır.

2 dekabr 2024-cü il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I kitab, maddə 1310) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.9-cu bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.9. Müvafiq ixtisas üzrə magistr hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində müəyyən edilən xüsusi təyinatlı ali təhsil müəssisələri və AMEA istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilir.

 

[10] 7 dekabr 2019-cu il tarixli 467 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2019-cu il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 2051) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.10-cu bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

1.10. Dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir (ödənişli və ödənişsiz təhsilalanların cəminə nisbətən).

 

[11] 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, ¹ 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 2239) ilə Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.11-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz  edilmişdir.

 

[12] 2 dekabr 2024-cü il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2024-cü il, “Xalq” qəzeti, 5 dekabr 2024-cü il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 12, I kitab, maddə 1310) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.2-ci bəndində “magistr hazırlığı” sözləri “magistratura təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[13] 13 iyun 2016-cı il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, ¹ 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə 1201) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsinə, üçüncü abzasının birinci, ikinci cümlələrinə və 3.2-ci bəndin ikinci cümləsinə müvafiq olaraq “müəssisəsi” və “müəssisələri” sözlərindən sonra “və AMEA” sözləri əlavə edilmişdir.

 

[14] 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.3-cü bəndin üçüncü abzasının birinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Fənn proqramları müvafiq ixtisasın təhsil proqramlarının tələblərinə uyğun olaraq ali təhsil müəssisələri və AMEA tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

 

[15] 4 mart 2020-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 mart 2020-ci il, ¹ 53, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 340) ilə “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.6-cı bəndində “Təhsil Nazirliyi” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilmişdir.