“Dərman vasitələrinin elmi
tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2009-cu il 14 aprel tarixli 794-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 105 nömrəli Fərmanının 1.3-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dərman vasitələrinin elmi
tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A.RASİZADƏ
Bakı
şəhəri, 30 aprel 2010-cu il
¹ 83
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 30 aprel tarixli 83 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Dərman vasitələrinin elmi
tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Dərman vasitələri haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının 2009-cu il 14 aprel tarixli 794-IIIQD
nömrəli Qanununun tətbiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 105 nömrəli Fərmanının 1.3-cü bəndinə
əsasən hazırlanmışdır və dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya
qədər tədqiqatlarının və klinik
sınaqlarının aparılması qaydalarını
müəyyən edir.
1.2. Dərman vasitələrinin elmi tədqiqatları
və klinikaya qədər tədqiqatları Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra —
Səhiyyə Nazirliyi) tərəfindən siyahısı
təsdiq edilmiş elmi tədqiqat
müəssisələrində aparılır. Dərman
vasitələrinin elmi tədqiqatları və klinikaya
qədər tədqiqatları aparıldığı
müəssisəyə (laboratoriyaya) qarşı
tələblər Səhiyyə Nazirliyi tərəfindən
müəyyənləşdirilir. Dərman preparatlarının
klinikaya qədər tədqiqatı zamanı
sifarişçinin və proqram rəhbərinin
(tədqiqatçının) hüquqi və etik normalara
riayət edilməsinə nəzarət Səhiyyə Nazirliyi
və ya onun müvəkkil etdiyi qurum tərəfindən
həyata keçirilir.
1.3. Dərman preparatlarının heyvanlar
üzərində aparılan elmi tədqiqatlarının
və klinikaya qədər tədqiqatlarının,
xəstələr (könüllülər) üzərində
tam və ya qısaldılmış proqram üzrə, o
cümlədən insanların cəlb olunması ilə
aparılan biomənimsənilmə (bioekvivalentlik)
tədqiqatlarının, həmçinin beynəlxalq
çoxmərkəzli klinik sınaqların aparılmasına
dair tələblər bu Qaydalarla müəyyən edilir.
1.4. Bu Qaydalar qeyri-intervension sınaqlar,
əczaçılıq şirkətlərinin
müdaxiləsi olmadan Azərbaycan Respublikasında tibbi
göstərişlərinə və dozalarına əsaslanan
müəyyən qaydada dövlət qeydiyyatına
alınmış dərman preparatlarının klinik
sınaqları istisna olmaqla, dərman preparatlarının
bütün növ klinik sınaqlarına şamil edilir.
1.5. Dərman preparatlarının klinik
sınağı Səhiyyə Nazirliyinin icazəsi
əsasında həyata keçirilir.
1.6. İxtisaslaşdırılmış klinik
bazaların və kliniki sınaqların aparılması
üçün lazım olan xəstə kontingentinin
kifayət etmədiyi və kliniki sınaqların
aparılması mümkün olmayan digər hallarda
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) və digər nüfuzlu təşkilatların (Avropa
Birliyi Ölkələrinin Mərkəzləşdirilmiş
Dərman Vasitələrinin Dövriyyəsinə
Nəzarət Agentliyi (EMEA), Amerika Birləşmiş
Ştatlarının Dərman və Qida Məhsulları
Agentliyi (FDA), Beynəlxalq Harmonizasiya Konfransı (ICH))
müvafiq qanunvericilik aktlarının tələbləri
əsasında dünyanın inkişaf etmiş
ölkələrində aparılmış kliniki
sınaqların nəticələri ekspertizadan
keçdikdən sonra qəbul oluna bilər.
2. Termin və anlayışlar
Bu Qaydalarda istifadə olunmuş terminlər
aşağıdakı mənaları ifadə edir:
2.1. dərman vasitəsinin elmi tədqiqatı —
müxtəlif xəstəliklərin əmələ
gəlməsinin, onların inkişaf mexanizminin
qanunauyğunluqlarının müəyyən edilməsi,
profilaktika və müalicənin yeni metodlarının
işlənməsi və effektliliyinin yoxlanılması;
2.2. klinikaya qədər tədqiqat — tədqiq olunan
preparatın insan orqanizminə spesifik təsiri və/və ya
təhlükəsizliyini öyrənmək məqsədi
ilə klinik praktikaya tətbiq etməzdən əvvəl
aparılan kompleks bioloji, toksikoloji, kimyəvi, fiziki və
digər eksperimental elmi müayinələr;
2.3. tədqiqat proqramının rəhbəri —
aparılan tədqiqatların keyfiyyətinə əsas cavabdeh
şəxs;
2.4. çoxmərkəzli klinik sınaqlar — eyni
protokol üzrə dərman preparatının bir neçə
müalicə-profilaktika müəssisəsində (bir
neçə tədqiqatçı tərəfindən)
aparılan sınağı;
2.5. biomənimsənilmə — dərman formasından
təsiredici maddənin və ya onun aktiv komponentinin absorbsiya
(sorulma) sürəti, dərəcəsi və təsiretmə
yerində mümkünlüyü;
2.6. bioekvivalentlik — farmasevtik ekvivalent və ya farmasevtik
alternativ olan və biomənimsənilməsi eyni molyar dozada
orqanizmə yeridildikdə, effektivlik və
təhlükəsizlik baxımından mahiyyətcə eyni
təsir göstərə biləcək
dərəcədə oxşar olan iki dərman vasitəsi;
2.7. tədqiqatçının kitabçası —
tədqiq olunan dərman vasitəsinə aid onun insanlar
üzərində tədqiqi üçün
əhəmiyyət daşıyan klinik və klinikaya
qədər məlumatların qısa xülasəsi;
2.8. dərman vasitəsinin istehsalçısı —
Azərbaycan Respublikasında qüvvədə olan müvafiq texniki
normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla, dərman vasitələrini
sənaye üsulu ilə istehsal edən hüquqi şəxs;[1]
2.9. tədqiq olunan dərman vasitəsi — kliniki
sınaqlarda tədqiq olunan və ya müqayisə
məqsədi ilə istifadə olunan dövlət
qeydiyyatına alınmamış təsiredici maddənin
dərman forması və ya plasebo, həmçinin
istifadəsi üçün təsdiq olunmuş
təlimatında qeyd olunmayan yeni göstəriş
üzrə istifadə olunan və ya istifadəsinə dair
əlavə məlumatlar əldə etmək üçün
öyrənilən və yaxud yeni üsulla istehsal olunan dövlət
qeydiyyatına alınmış dərman vasitəsi;[2]
2.10. tədqiq olunan dərman vasitəsinin dosyesi —
tədqiq olunan hər bir dərman vasitəsi, həmçinin
müqayisə preparatı və plasebonun keyfiyyətinə
dair məlumat, həmçinin klinikaya qədər
tədqiqatların göstəricilərinə və
əvvəlki klinik sınaqlar və ya tədqiq olunan
dərman vasitəsinin klinik istifadəsinə aid məlumatlar;
2.11. tədqiqatçı — adekvat elmi
hazırlığı və xəstənin müalicəsi
ilə bağlı təcrübəsi olan həkim.
Tədqiqatçı müalicə-profilaktika müəssisəsində
aparılan klinik sınaqlara cavabdehdir. Əgər bir
müalicə-profilaktika müəssisəsində sınaq bir
qrup şəxsdə aparılarsa, tədqiqatçı tədqiqat
qrupunun rəhbəri sayılır və həmçinin
məsuliyyət daşıyan tədqiqatçı
adlanır;
2.12. klinik sınaq materiallarının baxılması
— klinik sınaqların aparılması və ya rədd
edilməsi qərarının verilməsi üçün
əsaslandırılmış nəticələrin
hazırlanması məqsədi ilə dərman
preparatının klinik sınaq materiallarının
yoxlanılması və ixtisaslaşdırılmış
qiymətləndirilməsi;
2.13. etik suallara dair komissiya (bundan sonra – Etik Komissiya) —
klinik sınaqlar aparılan müalicə-profilaktika
müəssisələrində yaradılan, tərkibində
tibb və elm mütəxəssisləri, həmçinin
digər ixtisas sahələrindən
mütəxəssislər olan, sınananların
hüquqlarını, təhlükəsizliyini və
əmin-amanlığının qorunmasına cavabdeh olan
və bununla cəmiyyətə müvafiq təminat təqdim
edən, o cümlədən, sınaq protokollarının
baxılması, təqdir edilməsi yolu ilə
tədqiqatçıların peşəkarlığının
qiymətləndirilməsi, klinik bazaların binasının
uyğunluğu, həmçinin sınananlardan
məlumatlı razılığın alınması üsulu
və qaydasına nəzarət edən müstəqil orqan;
2.14. qanuni nümayəndələr — valideynlər,
övladlığa götürənlər, qəyyumlar,
himayəçilər, qəyyumluq və himayə
orqanının (himayədar
ailəyə verilmiş yetkinlik yaşına
çatmamış şəxslərə, habelə
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq
yerləşdirilənədək – valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
yetkinlik yaşına çatmamış
şəxslərə münasibətdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, digər hallarda isə uşaq
hüquqlarının müdafiəsi üzrə
komissiyaların) nümayəndələri;[3]
2.15. klinik sınağın ərizəçisi —
klinik sınağın aparılmasına dair Səhiyyə
Nazirliyinə ərizə təqdim edən fiziki və ya
hüquqi şəxs (məsələn: sponsor, müqavilə
tədqiqat təşkilatı);
2.16. klinik sınaqlara dair hesabat — klinik
sınaqların nəticələri və onların analizinin
yazılı formada təqdimatı;
2.17. fərdi qeydiyyat forması (bundan sonra – FQF) —
protokolda hər bir sınanana dair bütün sınaq
məlumatlarının daxil edilməsi üçün
nəzərdə tutulmuş və sponsora təhvil verilən
çap olunmuş elektron və ya optik sənəd;
2.18. klinik sınağın təftişi — dərman
vasitəsinin klinik sınağına dair sənədlərin,
sahənin, avadanlıqların və qeydiyyatların
Səhiyyə Nazirliyi tərəfindən rəsmi
yoxlanılması. Klinik sınağın təftişi
müalicə-profilaktika müəssisəsində, sponsorun
binasında və ya müqavilə-tədqiqat təşkilatında,
Səhiyyə Nazirliyinin yoxlanılmasını zəruri hesab
etdiyi digər yerlərdə aparıla bilər;
2.19. məlumatlandırılmış razılıq —
dərman vasitəsinin klinik sınağında iştirak
etməyə sınananın yazılı
razılığı. Məlumatlandırılmış
razılıqda sınağın xarakteri,
əhəmiyyəti, təsiri və riski haqqında məlumat
əks olunur, tarix qoyulur, sınanan və ya onun qanuni
nümayəndəsi tərəfindən imzalanır.
Müstəsna hallarda, əgər şəxs yaza bilmirsə,
minimum iki şahidin iştirakı ilə sınananın
şifahi razılığı verilə bilər;
2.20. dərman vasitəsinin klinik sınağı
(klinik tədqiqatı) — sınaq obyekti kimi insanın
iştirakı ilə bir və ya bir neçə tədqiq
olunan dərman vasitəsinin klinik, farmakoloji və digər
farmakodinamik təsirlərinin aşkar olunması və ya
təsdiqlənməsi üçün nəzərdə
tutulmuş və (və ya) bir və ya bir neçə tədqiq
olunan dərman vasitəsinin əlavə təsirlərinin
aşkar olunması və (və ya) onun (onların)
təhlükəsizliyi və (və ya) effektivliyinin sübutu
məqsədi ilə bir və ya bir neçə dərman
preparatının sorulması, paylanması, metabolizmi və
xaric olunmasının öyrənilməsi üçün
aparılan hər hansı tədqiqat;
2.21. dərman vasitəsinin klinik sınağı
aparılan müalicə-profilaktika müəssisəsi —
Səhiyyə Nazirliyi tərəfindən müəyyən
olunmuş dərman preparatının klinik sınaqları
aparıla bilən ixtisaslaşdırılmış
müalicə-profilaktika müəssisəsi;
2.22. sınaq yeri (bundan sonra — klinik baza) — dərman
vasitəsinin klinik sınağı aparılan yer;
2.23. gözlənilməz əlavə təsir —
dərman preparatı haqqında məlumatla
(məsələn, dövlət qeydiyyatına
alınmamış dərman vasitəsi üçün
tədqiqatçının kitabçası və ya dövlət
qeydiyyatına alınmış dərman vasitəsinin
içlik vərəqəsi ilə) uzlaşmayan xarakterdə
və ya ağırlıqda əlavə təsir;
2.24. pasiyent (sağlam könüllü) — tibb müəssisələri
ilə bilavasitə əlaqədə olan və
könüllü razılıq əsasında dərman
preparatının klinik sınağına sınanan kimi
cəlb olunan şəxs;[4]
2.25. ilkin sənədlər — sənədlər,
məlumatlar və qeydlərin əsli (məsələn:
xəstəlik tarixləri, ambulator kartlar, laboratoriya
qeydləri, xidməti qeydlər, sınaqda iştirak
edənlərin gündəlikləri və ya sual
kitabçası, dərman preparatlarının qəbulu
jurnalı, avadanlıqların verdiyi nəticələrin
çapı, yoxlanılmış və təsdiq olunmuş
surətlər və ya şərh olunmuş fonoqram,
mikroçiplər, fotoneqativlər, maqnit-daşıyıcılar,
rentgen-şəkillər, inzibati sənədlər,
qeydlər. Bunlar aptekdə, laboratoriya və instrumental
diaqnostika şöbəsində saxlanılır və
sınaqda istifadə olunur );
2.26. əlavə reaksiya — yeni dərman
preparatının dövlət qeydiyyatından
əvvəl klinik sınaqları
çərçivəsində və ya onun yeni
göstərişlərə əsasən
öyrənilməsi. Əgər dərman vasitəsinin
terapevtik dozaları müəyyən olunmayıbsa, hər
hansı dozanın yeridilməsi zamanı yaranan bütün
mənfi və neqativ reaksiyalar dərman preparatının
əlavə təsirlərinə aid edilir. "Dərman
preparatının istifadəsi ilə əlaqəlidir"
termini onu göstərir ki, hər halda, dərman preparatı
və əlavə təsirlər arasında minimal səbəb-nəticə
əlaqəsinə ehtimal var, yəni qarşılıqlı
əlaqə istisna edilmir. Dövlət qeydiyyatına
alınmış dərman preparatı üçün bu
termin profilaktika, diaqnostika və ya xəstəliyin
müalicəsi, bərpaedici, korreksiya və ya fizioloji
funksiyalara təsiri məqsədi ilə dərman
vasitəsinin adi dozalarda istifadəsi ilə əlaqədar
yaranan bütün mənfi və ya gözlənilməz
reaksiyaları göstərir;[5]
2.27. əlavə təsir — dərman vasitəsinin
istifadəsi təlimatında göstərilmiş dozada
istifadə edilməsi zamanı insan orqanizminin
gözlənilməz mənfi reaksiyası (laboratoriya və ya
diaqnostik göstəricilərin dəyişməsi, tədqiq
olunan dərman preparatının qəbulu ilə
üst-üstə düşən simptomlar və ya
xəstəliklər və s.);
2.28. protokola düzəliş — klinik sınaq
protokolunun mətninin dəyişikliklərinin yazılı
təsviri və ya formal izahı;
2.29. klinik sınağın protokolu —
məsələ, metodologiya, əməliyyatlar, statistik
aspektlər və klinik sınaqların təşkilini
təsvir edən sənəd, həmçinin, dərman
preparatı haqqında əvvəl alınmış
sənədlər və sınağın
əsaslandırılması;
2.30. ciddi əlavə təsir və ya ciddi
əlavə reaksiya — dərman vasitəsinin istifadəsi
zamanı (dozadan asılı olmayaraq) ölümə,
həyat üçün təhlükəyə,
hospitalizasiyaya və ya hospitalizasiya müddətinin
uzadılmasına, davamlı və ya büruzə verilən
şəkildə əmək qabiliyyətinin
itirilməsinə və ya əlilliyə və yaxud
anadangəlmə anomaliyaya və ya inkişaf qüsuruna
səbəb olan hər hansı xoşagəlməz tibbi
təzahür;
2.31. sponsor — dərman vasitəsinin klinik
sınağının təşəbbüskarı olan
və onun təşkilinə, nəzarətinə
və/və ya maliyyələşdirilməsinə cavabdeh olan
fiziki və ya hüquqi şəxs.
3. Elmi tədqiqatların və klinikaya
qədər tədqiqatların aparılması
3.1. Elmi tədqiqatların heyvanlar üzərində
onun daha uyğun, ciddi nəzarət oluna biləcək
şəraitdə öyrənilməsi məqsədi ilə
süni törədilən və ya dəyişilmiş
hər hansı bir vəziyyətin yaradılması yolu
ilə aparılır.
3.2. Elmi tədqiqatların məqsədi
müxtəlif xəstəliklərin əmələ
gəlməsi, onların inkişaf mexanizminin qanunauyğun
müəyyən edilməsi, profilaktika və
müalicəsinin yeni metodlarının işlənməsi
və effektliliyinin yoxlanılmasıdır.
3.3. Elmi tədqiqatların əsas funksiyaları
aşağıdakılardır:
3.3.1. yeni elmi nəticələrin əldə
edilməsi;
3.3.2. oxşar hallar silsiləsində ümumi
cəhətin müəyyənləşdirilməsi, elmi
qanunların əsaslandırılması, hipotezlərin
formalaşdırılması;
3.3.3. hipotez və nəzəriyyələrin
yoxlanılması, yeni hipotezlərin irəli
sürülməsi;
3.3.4. klinikada yeni diaqnostika və müalicə
metodlarının tətbiqindən əvvəl nisbi
əminliyin əldə edilməsi.
3.4. Tədqiqatın keçirilməsinin
əsasını xəstəliyin maksimal dəqiq (adekvat)
modelinin alınması təşkil edir.
Modelləşdirmə — xəstəliyin struktur-funksional kompleksinin,
onun səbəblərinin, inkişaf şəraiti mexanizminin
daha sadələşdirilmiş formada yaradılması,
müalicə və profilaktika metodlarının
işlənməsidir.
3.5. Klinikaya qədər tədqiqatlar
öyrənilən vasitənin spesifik təsiri və/və ya
insan sağlamlığı üçün
təhlükəsizliyin, müxtəlif xəstəliklərin
əmələ gəlməsi, onların inkişaf mexanizminin
qanunauyğunluqlarının müəyyən edilməsi,
profilaktikası və müalicəsinin yeni metodlarının
işlənməsi və effektliliyinin yoxlanılması
məqsədi ilə heyvanlar üzərində
aparılır.
3.6. Elmi tədqiqatların və klinikaya qədər
tədqiqatların aparılmasının keyfiyyətini
aşağıdakılar təmin edir:
3.6.1. resurslar;
3.6.2. uyğun idarəçilik (işin məqsəd
və vəzifələrini əks etdirən protokolun
aparılması, bu məqsədlərə çatmaq
üçün işlədilən material və metodlar
və s.)
3.6.3. tədqiqatın parametrlərinin uyğun
planlaşdırılması;
3.6.4. sənədləşmənin (ilkin
göstəricilərlə işçi jurnal, son hesabat,
arxivlər) tərtib edilməsinin uyğun sistemi;
3.6.5. eksperimental nəticələrin etibarlı
müayinəsi və əsaslandırılmasını
təmin etmək üçün keyfiyyət
təminatının uyğun sistemi.
3.7. Heyvanlar üçün şərait onların
etibarlı saxlanılmasını təmin etməlidir. Saxlama
şəraitinə tələbat heyvanın
növündən və tədqiqatın müddətindən
asılıdır. Bakterial kontaminasiya riskini azaltmaq
məqsədi ilə baryer sisteminə riayət etmək
lazımdır: bütün materialların
çatdırılması, əməkdaşların
yerdəyişməsi və heyvanlara qulluq baryer vasitəsilə
“təmiz” və “çirkli” dəhlizlərlə həyata
keçirilir.
3.8. Tədqiqat proqramının rəhbəri
tədqiqatın keçirilməsinə,
sənədləşmənin sistematik aparılmasına,
toplama prosedurunun həqiqiliyi və keyfiyyətinə,
alınan məlumatların işlənməsinə
nəzarəti həyata keçirir, hesabatları
təsdiqləyir. O, tədqiqatın keyfiyyəti və ya
tamlığına təsir edə biləcək halların
haqqında tam məlumatlı olmalı, onların
nəticələrə təsirini vaxtında
qiymətləndirməli və lazım olan hallarda
düzəlişlər etməlidir.
3.9. Aparılan tədqiqatların
nəticələrinə əsasən proqramın
rəhbəri iki nüsxədən ibarət hesabat tərtib
edir və bir nüsxəsini sponsora təqdim edir. Hesabatın
ikinci nüsxəsini isə Səhiyyə Nazirliyinə
təqdim edir.
3.10. Hesabat tədqiqatların
ümumiləşdirilmiş nəticələrindən
ibarət olan sənəd hesab olunur və aydın
şəkildə tərtib olunmalı, tədqiqatın səviyyəsini
obyektiv əks etdirməlidir. Nəticə və
çıxarışlar əldə olunan məlumatların
ikili qiymətləndirilməsinə şərait
yaratmamalıdır.
3.11. Klinikaya qədər sınaqların
aparılması və hesabatın tərtibi Səhiyyə
Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş “Etibarlı laborator
təcrübə haqqında Təlimat”a uyğun qaydada
aparılır.
4. Klinik sınaqların
aparılmasının ümumi prinsipləri
4.1. Klinik sınaqlar Səhiyyə Nazirliyi
tərəfindən müəyyən edilmiş və
akkreditasiyadan keçmiş tibbi-profilaktik
müəssisələrdə aparılır.
4.2. Bütün klinik sınaqlar “İnsanın
cəlb olunması ilə biotibbi tədqiqatların
aparılmasına dair həkimlər üçün
tövsiyələr” Helsinki Bəyannaməsinin (1964) etik
prinsiplərinə uyğun və Səhiyyə Nazirliyi
tərəfindən müəyyən edilmiş
sınananların hüquqlarının müdafiəsi qaydalarına
riayət edilməklə aparılmalıdır. Klinik
sınaqlar yalnız gözlənilən xeyirin yaranan
riskdən üstün olduğu halda aparıla bilər.
4.3. İnsan üzərində klinik sınaqların
aparılması onun yazılı məlumatlı
razılığı olduqda və heyvanlar üzərində
elmi tədqiqatlardan və klinikaya qədər tədqiqatlardan
müsbət nəticələrin alınması
şərtilə həmin şəxs və sponsor arasında
bağlanmış müqavilə əsasında həyata keçirilə
bilər.
4.4. Üzərində sınaq aparılan
şəxsin təhlükəsizliyi və
sağlamlığı birinci dərəcəli
əhəmiyyətə malikdir və bu, ictimai və elmi
maraqlardan üstün tutulmalıdır.
4.5. Klinik sınaqlar zamanı
aşağıdakılar qadağan edilir:
4.5.1. xüsusi olaraq uşaqların müalicəsi
üçün təyin edilmiş tibbi texnologiyanın klinik
sınaqdan keçirilməsi halları istisna olmaqla, yetkinlik
yaşına çatmamış şəxslər
üzərində sınaqların aparılması. Yetkinlik
yaşına çatmayan şəxslər üzərində
klinik sınaqların aparılması üçün
onların qanuni nümayəndələrinin yazılı
razılığı olmalıdır. Qanuni
nümayəndəsi olmayan yetkinlik yaşına
çatmamış şəxslər üzərində klinik
sınaqların aparılması qadağandır;
4.5.2. xüsusilə hamilə qadınların
müalicəsi üçün təyin edilmiş tibbi
texnologiyanın klinik sınaqdan keçirilməsi halları
istisna olmaqla, hamilə qadınlar üzərində
sınaqların aparılması. Klinik sınaqlara dair
lazımi informasiyaların əldə edilməsi
üçün yalnız hamilə qadınlar
üzərində sınaqların aparılması
zərurəti yarandıqda və aparılan sınaqlar
zamanı hamilə qadına və dölə hər hansı
zərər yetirilməsi halları istisna edildikdə, hamilə
qadınlar üzərində sınaq aparıla bilər;
4.5.3. hərbi xidmətdə olan şəxslər
üzərində sınaqların aparılması;
4.5.4. məhkum edilmiş və təcridxanalarda
nəzarət altında olan şəxslər
üzərində sınaqların aparılması;
4.5.5. xüsusi olaraq psixi xəstəliklərin
müalicəsi üçün təyin edilmiş tibbi
texnologiyanın klinik sınaqdan keçirilməsi halları
istisna olmaqla, məhkəmə tərəfindən
fəaliyyət qabiliyyətsiz hesab edilmiş ruhi
xəstələr üzərində sınaqların
aparılması.
4.6. Könüllü şəxsə təqdim
edilən yazılı məlumatlandırılmış
razılıq forması və istənilən digər
yazılı materiallar dəyişikliklərin
aparılması zamanı yenidən tamamlanır və/və
ya düzəlişlər edilir.
4.7. Könüllü şəxsin tədqiqatlarda
iştiraketmə istəyinə təsir edə biləcək
yeni məlumatlar tanış olmaq üçün
vaxtlı-vaxtında ona və ya onun qanuni
nümayəndəsinə təqdim olunmalıdır.
Onların bu məlumatla tanış olmaları faktı
yazılı şəkildə rəsmiləşdirilir.
4.8. Tədqiqatçı və tədqiqatların
aparılmasında iştirak edən digər
şəxslər üzərində sınaqlar aparılan
şəxsi klinik sınaqlarda iştirak etməyə və ya
bu sınaqları davam etdirməyə məcbur edə
bilməzlər.
4.9. Tədqiqatçı könüllü
şəxsi və ya onun qanuni nümayəndəsini
məlumat xarakterli materiallar daxil olmaqla, tədqiqatın
bütün aspektləri (sahələri) barədə
məlumatlandırmalıdır.
4.10. Tədqiqat barədə şifahi və
yazılı məlumatlarda işlənən elmi terminlərin
sayı minimal olmalıdır. Bu məlumatlar
üzərində sınaq aparılan şəxsə və
ya onun qanuni nümayəndəsinə, eləcə də
heç bir marağı olmayan şahidə aydın
olmalıdır.
4.11. Razılığın alınmasından
əvvəl tədqiqatçı və ya onun
tərəfindən təyin olunmuş şəxs
könüllü şəxsə və ya onun qanuni nümayəndəsinə
tədqiqat barədə daha geniş məlumat əldə
etməsi və tədqiqatda iştirak edib-etməməsi
barədə qərar qəbul etmək üçün kifayət
qədər vaxt verməlidir. Sınanan şəxsin və ya
onun qanuni nümayəndəsinin tədqiqatla bağlı
bütün sualları ətraflı
cavablandırılmalıdır.
4.12. Tədqiqatlara başlamazdan əvvəl
könüllü şəxs və ya onun qanuni
nümayəndəsi, eləcə də izahedici söhbəti
aparan şəxs yazılı formada öz xətti ilə
məlumatlandırılmış razılığı
imzalayır və tarixi qeyd edir.
4.13. Əgər könüllü şəxs və ya
onun qanuni nümayəndəsi oxuya bilmirsə, izahedici
söhbət aparılan zaman heç bir marağı olmayan
şəxsin iştirakı vacibdir. Üzərində
tədqiqat aparılan şəxsə və ya onun qanuni
nümayəndəsinə məlumatlandırılmış
razılığın forması və digər yazılı
materiallar izah edildikdən və könüllü şəxs
və ya onun qanuni nümayəndəsi tədqiqatlarda
iştirak edəcəkləri barədə şifahi
razılıq verdikdən sonra və əgər
mümkündürsə, öz xətləri ilə
məlumatlandırılmış razılığı
imzaladıqdan və tarixi qeyd etdikdən sonra, şahidlər
imzalayır və tarixi qeyd edirlər. Razılığı
imzalayarkən şahidlər materiallardakı
məlumatların üzərində tədqiqat aparılan
şəxsə və ya onun qanuni nümayəndəsinə
tam və dəqiq izah edildiyini, bu məlumatların
üzərində tədqiqat aparılan şəxsə
və ya onun qanuni nümayəndəsinə tam aydın
olduğunu və onların tədqiqatlarda iştirak
etmələrinə könüllü şəkildə
razılıq verdiklərini təsdiq etmiş olurlar.
4.14. Könüllü şəxslə aparılan
aydınlaşdırıcı söhbətlər zamanı
və məlumatlandırılmış razılıqda,
həmçinin digər yazılı materiallarda
aşağıda qeyd edilənlər izah olunmalıdır:
tədqiqatın məqsədi;
tədqiqat zamanı tətbiq olunan müalicə
variantları və təsadüf ehtimala əsasən
müalicə alan qruplara paylanması;
invaziv müdaxilə də daxil olmaqla, tədqiqat
aspektləri;
sınananların vəzifələri;
eksperimental xüsusiyyət daşıyan
tədqiqatın aspektləri;
könüllü şəxsi gözləyən risk
və ya narahatçılıq;
könüllü şəxs üçün
gözlənilən fayda və/və ya qazanc. Əgər tibbi
nöqteyi-nəzərdən sınanılan şəxs
üçün xeyir gözlənilmirsə, həmin
şəxs bu barədə
məlumatlandırılmalıdır;
tədqiqat zamanı iştirakçıya
zərər dəyərsə, onun üçün
əlverişli kompensasiya və/və ya müalicə;
əgər qabaqcadan nəzərdə tutulubsa,
sınanana tədqiqatda iştirak etməsinə görə
planlaşdırılmış ödəmə;
könüllü şəxsin tədqiqatda iştirak
etməklə bağlı planlaşdırılmış
xərcləri;
tədqiqatda iştirakın
könüllülüyü, əldə edilmiş
nəticələri itirməmək şərtilə
istədiyi an tədqiqatı tərk etməsi hüququ;
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq, könüllü şəxsə aid
qeydlərin məxfiliyi. Tədqiqatların
nəticələri nəşr edildiyi zaman iştirakçıya
aid məlumat məxfi saxlanılır;
əgər yeni məlumat sınananın tədqiqatda
iştirak etməsinə etiraz edəcəyinə ehtimal
yaradırsa, sınanan və ya onun qanuni nümayəndəsi
əvvəlcədən bu barədə
məlumatlandırılır;
tədqiqatın gedişi.
İştirakçıların hüquqları və
iştirakçının sağlamlığına
zərər yetirilməsi zamanı əlavə
məlumatın alınması üçün
nəzərdə tutulmuş şəxslərin
ünvanları və telefon nömrələri
müəyyənləşdirilir;
könüllü şəxsin tədqiqatda
iştirakını dayandıra biləcək
səbəblər;
tədqiqatın nəzərdə tutulan
müddəti.
4.15. Tədqiqata başlamazdan əvvəl
könüllü şəxsə və ya onun qanuni
nümayəndəsinə tarixi qeyd olunan və imza ilə
təsdiq edilmiş razılığın nüsxəsi
təqdim olunur.
Tədqiqatda iştirak zamanı könüllü
şəxsə və ya onun qanuni nümayəndəsinə
sonradan düzəliş edildiyi razılığın və
ya könüllü şəxsə təqdim ediləcək
digər sənədin imza ilə təsdiqlənmiş
nüsxələri təqdim olunur.
4.16. Əgər klinik tədqiqatda könüllü
şəxslər onların qanuni nümayəndələrinin
razılığı əsasında tədqiqatda iştirak
edirlərsə, o zaman könüllü şəxsi
məlumatı qəbul edə biləcəyi
dərəcədə məlumatlandırırlar.
Könüllünün vəziyyəti və qabiliyyəti ona
imkan verirsə, o, razılığı özü
imzalayır, tarixi qeyd edir.
4.17. Klinik sınaqların bütün
fazalarının planlaşdırılması və
hesabatın tərtibi Səhiyyə Nazirliyi
tərəfindən müəyyənləşdirilmiş
"Etibarlı Kliniki Təcrübə haqqında
Təlimat"a uyğun qaydada aparılır.
4.18. Klinik sınağın aparılması zamanı
alınan məlumat dəqiq, tam və aydın
şəkildə qeydiyyata alınmalı və
saxlanılmalıdır. Klinik sınağın əsas
sənədlərinin siyahısı Səhiyyə Nazirliyi
tərəfindən müəyyənləşdirilir və
həmin sənədlər klinik bazada və sponsorda
sınağın bitdiyi tarixdən etibarən 15 il
ərzində saxlanılır.
4.19. Sınanan dərman preparatının
qablaşdırılmasının tərtibatına dair
tələblər Səhiyyə Nazirliyi tərəfindən
müəyyənləşdirilir.
4.20. Sponsor öz funksiyalarını hər hansı
fiziki və ya hüquqi şəxsə etibar edə bilər.
Buna baxmayaraq, sponsor klinik sınağın aparılmasına
və alınan nəticələrə görə
məsuliyyət daşıyır.
4.21. Klinik sınağın istənilən
mərhələsində Səhiyyə Nazirliyi təftiş
apara bilər.
5. Klinik sınağın
aparılmasına icazənin alınması
5.1. Klinik sınağın aparılması
üçün ərizəçi Səhiyyə
Nazirliyinə ərizə ilə müraciət edir.
Ərizəyə aşağıda göstərilən
sənədlər əlavə edilməlidir:
5.1.1. klinik sınağın protokolu;
5.1.2. protokolun qısa məzmunu (Azərbaycan
dilində);
5.1.3. individual qeydiyyat forması (beynəlxalq klinik
sınaqlar istisna olunmaqla);
5.1.4. tədqiqatçının kitabçası;
5.1.5. plasebo, sınaq və test preparatlarının
analitik ekspertizasının rəyi (klinik sınaqlar
haqqında sənədlərin ekspertizası istisna olmaqla).
Test preparatı Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alındıqda, analitik ekspertizanın rəyi
tələb olunmur;
5.1.6. təqdim edilmiş dərman preparatına aid
əvvəllər aparılmış klinik və ya klinikaya
qədər sınaqlar haqqında Səhiyyə Nazirliyinin
və ya xarici ölkələrin səlahiyyətli
orqanlarının qərarlarının və ya ekspertiza
nəticələrinin surəti (olduğu halda);
5.1.7. sınağın ekspert
qiymətləndirilməsi (olduğu halda);
5.1.8. dərman vasitəsinin
qablaşdırılmasının maketi;
5.1.9. qanunvericilikdə nəzərdə tutulmuş
qaydada tərtib edilmiş sınananların həyat və
sağlamlıqlarının sığortalanması
haqqında sənəd. Klinik sınaq beynəlxalq
razılaşma əsasında aparılarsa, beynəlxalq
sığortalanma qaydaları tətbiq edilir;
5.1.10. sınananlara ödənişin və ya
kompensasiyanın təmin edilməsi qaydasını
müəyyən edən sənəd (əgər klinik
protokolla nəzərdə tutulubsa).
5.2. Ərizəçinin təqdim etdiyi
sənədlər Səhiyyə Nazirliyi tərəfindən
ilkin ekspertizadan keçirilir və müvafiq rəylə
birlikdə 10 gün müddətində Etik Komissiyaya
təqdim olunur.
5.3. Etik Komissiya öz fəaliyyətində qəbul
olunmuş beynəlxalq norma və qaydaları, Helsinki
Bəyannaməsini, Etibarlı Klinik Təcrübənin
Tələblərini və Azərbaycan Respublikasının
normativ hüquqi aktlarını rəhbər tutur.
5.4. İlkin ekspertizanın nəticələri
üzrə verilmiş rəy əsasında Etik Komissiya klinik
sınaqların aparılmasının
məqsədəuyğun olub-olmaması barədə
müvafiq qərar qəbul edir. Etik Komissiyanın klinik
sınaqların aparılmasının
məqsədəuyğun olması barədə qərarı
əsasında Səhiyyə Nazirliyi klinik sınaqların
aparılmasına icazə verir.
5.5. Klinik sınağın aparılması
üçün dövlət qeydiyyatına
alınmamış dərman vasitəsinin idxalı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyul tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Hazırlanması,
keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin
araşdırılması məqsədi ilə dərman
vasitələrinin elmi tədqiqat müəssisələri
tərəfindən Azərbaycan Respublikasına idxalı
Qaydaları”nın tələblərinə uyğun
aparılır. [6]
6. Klinik sınağın
aparılması
6.1. Klinik sınağın başlandığı
tarixdən etibarən 10 gün ərzində sifarişçi
və ya onun səlahiyyətli nümayəndəsi
Səhiyyə Nazirliyini yazılı şəkildə
xəbərdar etməlidir.
6.2. Klinik sınağın gedişi zamanı
Səhiyyə Nazirliyi tərəfindən
tədqiqatçıdan (sifarişçidən) sınaqla
bağlı məlumatlar tələb edilə bilər.
6.3. Klinik sınağın gedişi zamanı
düzəlişlərin edilməsi
6.3.1. Klinik sınağın gedişi zamanı
sənədlərdə müəyyən
dəyişikliklər və əlavələr edilə
bilər. Bu cür dəyişikliklərin və ya əlavələrin
edilməsi məqsədi haqqında sponsor Səhiyyə
Nazirliyinə məlumat verir. Məlumatda təklif edilən
dəyişiklik və ya əlavələrin vacibliyi dəqiq əsaslandırılır
və dəyişiklik edilmiş sənədlər yeni və
əvvəlki redaksiyada Səhiyyə Nazirliyinə təqdim
edilir.
6.3.2. Dəyişiklik və əlavələrin
edilməsi barədə Səhiyyə Nazirliyi
məlumatlandırılmadıqda, həmin dəyişiklik
və əlavələrdən istifadə edilməklə
klinik sınaqlar aparıla bilməz.
6.3.3. Səhiyyə Nazirliyi dəyişiklik və
əlavələrin edilməsi ilə bağlı
müraciət daxil olduğu tarixdən etibarən 30 gün
ərzində Etik Komissiyası ilə birlikdə ekspertiza
aparır və müvafiq qərar qəbul edərək, bu
barədə yazılı şəkildə sponsora məlumat
verir.
6.3.4. Əgər klinik sınağın gedişi
zamanı sınaq iştirakçılarının
təhlükəsizliyini təhlükə altına qoyan
mühüm hadisə baş verərsə, həmin
təhlükənin aradan qaldırılması
üçün sponsor tədbir görməli və bu
barədə Səhiyyə Nazirliyini xəbərdar
etməlidir.
6.4. Klinik sınağın başa
çatdırılması
6.4.1. Sponsor sınağın bitməsi barədə
Səhiyyə Nazirliyini xəbərdar etməli və 3 ay
ərzində klinik sınağın yekun hesabatını
Səhiyyə Nazirliyinə təqdim etməlidir.
6.4.2. Çoxmərkəzli sınaqlar zamanı
digər ölkələrdə də aparılan
sınaqların bitməsi haqqında məlumat Səhiyyə
Nazirliyinə təqdim edilməlidir.
6.4.3. Klinik sınaq vaxtından əvvəl bitdiyi
halda, sponsor 15 gün ərzində bu barədə
Səhiyyə Nazirliyini xəbərdar etməli və
sınağın vaxtından əvvəl bitməsinin
səbəbini izah etməlidir.
6.4.4. Sponsor Səhiyyə Nazirliyinə klinik
sınağın gedişi barədə yazılı
şəkildə rüblük məlumat verməlidir.
6.4.5. Klinik sınaq zamanı istifadə
olunmamış dərman vasitələrinin
nümunələri qanunvericiliklə müəyyən
edilmiş qaydada məhv edilir.
6.4.6. Səhiyyə Nazirliyi klinik sınağın
təqdim edilmiş yekun hesabatının ekspertizasını
aparır.
7. Əlavə təsirlər və
reaksiyalar haqqında məlumat
7.1. Tədqiqatçı tərəfindən
təqdim edilən məlumat
7.1.1. Klinik sınağın gedişi zamanı
tədqiqatçı meydana çıxan bütün
əlavə təsir və reaksiyalar, laboratoriya
göstəricilərində normadan kənara-çıxmalar
haqqında təxirə salmadan sponsoru xəbərdar edir
(tədqiqatçının kitabçasında və
protokolda təxirə salmadan xəbərdar edilməsi
tələb olunmayan əlavə təsir və reaksiyalar
istisna olunmaqla).
7.1.2. Əgər meydana çıxmış
əlavə təsir və reaksiyalar ciddi əlavə təsir
kimi qiymətləndirilə bilərsə (beynəlxalq klinik
sınaqlar istisna olmaqla), tədqiqatçı bu barədə
2 iş günü ərzində Səhiyyə Nazirliyini
məlumatlandırır.
7.1.3. Əgər tədqiqat zamanı
iştirakçının ölümü baş
verərsə, tədqiqatçı bu barədə
Səhiyyə Nazirliyinə və sponsora dərhal məlumat
verməlidir.
7.2. Sponsor tərəfindən təqdim edilən
məlumat
7.2.1. Sponsor:
7.2.1.1. tədqiqatçı tərəfindən
təqdim edilmiş əlavə təsir və reaksiyalar,
laboratoriya və ya diaqnostik göstəricilərin normadan
kənara çıxması haqqında məlumatı 7
gün ərzində Səhiyyə Nazirliyinə təqdim edir;
7.2.1.2. yaranmış əlavə təsir və
reaksiyalar, laboratoriya və diaqnostik göstəricilərin
normadan kənara çıxması halları haqqında
digər tədqiqatçıları məlumatlandırır.
7.3. Səhiyyə Nazirliyi daxil olmuş
məlumatları qeydiyyata alır və analizini aparır.
7.4. Sınaq iştirakçılarının
həyatına və sağlamlığına yaranmış
təhlükənin qiymətləndirilməsi əsasında
Səhiyyə Nazirliyi sınağın
dayandırılması və ya ləğv edilməsi
haqqında qərar qəbul edə bilər. Belə olan halda
Səhiyyə Nazirliyi bu barədə sponsoru yazılı
şəkildə xəbərdar edir.
8. Dərman vasitəsinin klinik
sınağının təftişi
8.1. Klinik sınağın aparıldığı
yer, sənədlər, avadanlıq və s. həmçinin
sponsorun ofisində, müqavilə-tədqiqat
təşkilatında və ya klinik sınağın
aparıldığı tibbi-profilaktika
müəssisəsində yerləşən və klinik
sınağa aid olan sənədlər Səhiyyə Nazirliyi
tərəfindən yoxlanıla bilər.
8.2. Klinik sınaq bitdikdən sonra
planlaşdırılmış qaydada və məqsədli
təftiş aparıla bilər.
8.3. Əgər yoxlama zamanı mühüm
nöqsanlar aşkar edilmişdirsə, Səhiyyə Nazirliyi
sınağın ləğvi və yaxud nöqsanlar aradan
qaldırılana qədər sınağın
dayandırılması haqqında qərar qəbul edə
bilər.
8.4. Mühüm nöqsanların aşkar edilməsi
ilə bağlı klinik sınağın
dayandırılması haqqında qərar qəbul edildiyi
halda həmin nöqsanların aradan qaldırılması
sponsor tərəfindən bir ay ərzində tərtib edilir
və Səhiyyə Nazirliyinə təqdim edilir. Qrafikdə
müəyyən edilmiş tarixə qədər nöqsanların
aradan qaldırılması haqqında məlumatı sponsor
Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra
Səhiyyə Nazirliyi təkrar yoxlama aparır. Təkrar
yoxlamanın nəticələrinə əsasən
Səhiyyə Nazirliyi klinik sınağın davam
etdirilməsi və ya ləğv edilməsi haqqında
qərar qəbul edir.
8.5. Səhiyyə Nazirliyi tərəfindən aşkar
edilmiş xırda nöqsanların aradan
qaldırılması üçün sponsor sınağı
dayandırmadan nöqsanların aradan qaldırılması
qrafikini bir həftə ərzində tərtib edir və onu
Səhiyyə Nazirliyinə təqdim edir. Qrafikdə
müəyyən edilmiş tarixə qədər
nöqsanların aradan qaldırılması haqqında
məlumatı sponsor Səhiyyə Nazirliyinə təqdim
etdikdən sonra Səhiyyə Nazirliyi təkrar yoxlama
aparır.
8.6. Nöqsanların aradan qaldırılması qrafiki
vaxtında təqdim edilmədiyi halda, Səhiyyə Nazirliyi
klinik sınağın ləğv edilməsi haqqında
qərar qəbul edə bilər.
9. Klinik sınağın
dayandırılması və nöqsanların aradan
qaldırılması
9.1. Klinik sınaq sponsor, tədqiqatçı və
ya Səhiyyə Nazirliyi tərəfindən dayandırıla
bilər.
9.2. Əgər sponsor sınananların həyatı
və ya sağlamlığı üçün
yüksək risk ehtimalı, klinik sınağın
aparılması zamanı əhəmiyyətli pozuntular yaranan
zaman və ya başqa səbəblərdən vaxtından
əvvəl sınağı bitirmişdirsə və ya
dayandırmışdırsa, bu Qaydaların 6.3.3-cü bəndinə
əsasən bu barədə Səhiyyə Nazirliyini və
tədqiqatçıları məlumatlandırmalıdır.
9.3. Tədqiqatçı sınananların
həyatı və ya sağlamlığı
üçün yüksək risk ehtimalı yaranan zaman klinik
sınağı dayandırmalı və bu barədə
sponsoru və Səhiyyə Nazirliyini
məlumatlandırmalıdır.
9.4. Əgər Səhiyyə Nazirliyinin sponsorun
ərizəsində göstərilən şərtlərin
yerinə yetirilməməsinə obyektiv əsasları
vardırsa və ya Səhiyyə Nazirliyinin sınananların
təhlükəsizliyinə təhlükə yaranması
və ya klinik sınağın elmi
əsaslandırılması haqqında məlumatı
vardırsa, o, müvəqqəti və ya tamamilə klinik
sınağı dayandıra bilər. Öz qərarı
və bu qərarın qəbul olunma səbəbləri
barədə Səhiyyə Nazirliyi sponsoru, tədqiqatçıları
və müvafiq Etik Komissiyanı
məlumatlandırmalıdır.
Sınananlar üçün qaçılmaz risk
olması halları istisna olmaqla, qərar qəbul
edilməzdən əvvəl Səhiyyə Nazirliyi sponsorun
və/və ya tədqiqatçının fikrini
soruşmalıdır. Sorğuya cavab bir həftə
ərzində təqdim edilməlidir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 mart 2019-cu il tarixli 89 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 16
mart 2019-cu il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 3, maddə 523)
2. 30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 2
noyabr 2021-ci il, ¹ 237, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 10, maddə 1194)
3. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr
2024-cü il, ¹ 213,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 9, maddə 1106)
4. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
12 sentyabr 2025-ci il, “Xalq”
qəzeti, 18 sentyabr 2025-ci il, ¹ 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2025-ci il, ¹ 9, maddə 861)
5.
25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, ¹ 112)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti,
29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106)
ilə “Dərman vasitələrinin
elmi tədqiqatlarının, klinikaya qədər tədqiqatlarının
və klinik sınaqlarının aparılması
Qaydaları”nın 2.8-ci bənddə “standartların”
sözü “texniki normativ hüquqi
aktların” sözləri ilə əvəz edilmişdir.
[2]
25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti,
29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106)
ilə “Dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın 2.9-cu bənddə və
2.23-cü bənddə (hər iki halda) “qeydiyyata”
sözü “dövlət qeydiyyatına”
sözləri ilə əvəz edilmişdir.
[3]
11 sentyabr 2025-ci il tarixli 261
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr
2025-ci il, ¹ 199, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 9, maddə 861) ilə “Dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın 2.14-cü bəndinə “qəyyumluq və himayə
orqanının” sözlərindən sonra “(himayədar ailəyə verilmiş yetkinlik
yaşına çatmamış şəxslərə, habelə
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
uyğun olaraq yerləşdirilənədək – valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
yetkinlik yaşına çatmamış şəxslərə
münasibətdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər
hallarda isə uşaq hüquqlarının müdafiəsi
üzrə komissiyaların)” sözləri əlavə
edilmişdir.
25 iyun 2026-cı il tarixli 200
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun
2026-cı il, ¹ 112) ilə “Dərman vasitələrinin elmi tədqiqatlarının,
klinikaya qədər tədqiqatlarının və klinik
sınaqlarının aparılması Qaydaları”nın
2.14-cü bəndindən “valideynlərini itirmiş və”
sözləri çıxarılmışdır.
[4]
30 oktyabr 2021-ci il tarixli 327
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr
2021-ci il, ¹ 237,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
10, maddə 1194) ilə “Dərman vasitələrinin elmi tədqiqatlarının,
klinikaya qədər tədqiqatlarının və klinik
sınaqlarının aparılması Qaydaları”nın
2.24-cü bəndində “səhiyyə”
sözü “tibb” sözü
ilə əvəz edilmişdir.
[5]
25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti,
29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106)
ilə “Dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın 2.26-cı bəndinin birinci
cümlədə “qeydiyyatdan” sözü “dövlət qeydiyyatından” sözləri
ilə əvəz edilmişdir və dördüncü
cümlədə “Qeydiyyata” sözü “Dövlət qeydiyyatına” sözləri
ilə əvəz edilmişdir.
[6] 13 mart 2019-cu il tarixli 89
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
16 mart 2019-cu il, ¹ 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 523) ilə “Dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın 5.5-ci bəndində “səmərəliliyinin”
sözü “effektivliyinin”
sözü ilə əvəz edilmişdir.
25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti,
29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106)
ilə “Dərman
vasitələrinin elmi tədqiqatlarının, klinikaya qədər
tədqiqatlarının və klinik sınaqlarının
aparılması Qaydaları”nın 5.5-ci bənddə “qeydiyyatdan
keçməmiş” sözləri “dövlət
qeydiyyatına alınmamış” sözləri ilə əvəz
edilmişdir.