“Azərbaycan Respublikasında daşınmaz əmlakın
vahid dövlət kadastrının tərtib edilməsi və
aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsini və
aparılmasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsi:
2.1. bütün ölkə
ərazisində mülkiyyət növündən
asılı olmayaraq daşınmaz əmlakın texniki
inventarlaşdırılmasını, qiymətləndirilməsini
və daşınmaz əmlakın vahid dövlət kadastr
uçotuna alınmasını həyata keçirsin və
görülmüş işlər barədə ildə bir dəfə
Azərbaycan Respublikası Prezidentinə hesabat versin;
2.2. daşınmaz əmlakın
vahid dövlət kadastrı işlərinin
aparılmasının təkmilləşdirilməsi istiqamətində
zəruri tədbirlərin həyata keçirilməsini təmin
etsin;
2.3. öz səlahiyyətləri
daxilində bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
3.1. Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri
nəzərə alınmaqla, Azərbaycan Respublikasında
daşınmaz əmlakın texniki
inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi
məsələlərini həll etsin;
3.2. üç ay
müddətində "Daşınmaz əmlakın vahid
dövlət kadastrı haqqında" Azərbaycan
Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.3. qüvvədə
olan qanunvericilik aktlarının bu Fərmana
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 iyul 2010-cu il.
¹ 308
|
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu
il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikasında daşınmaz əmlakın
vahid dövlət kadastrının tərtib edilməsi və
aparılması
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması
qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı yaranan
münasibətləri tənzimləyir.
1.2. Daşınmaz əmlakın vahid
dövlət kadastrı kadastr uçotuna alınmış
daşınmaz əmlaka dair məlumatların, sənədlərin,
xəritə materiallarının sistemləşdirilmiş məcmusundan
ibarət dövlət informasiya sistemidir.
1.3. Daşınmaz əmlakın vahid
dövlət kadastrının tərtib edilməsi və
aparılması qanunvericiliklə müəyyən edilmiş
daşınmaz əmlak obyektlərinin daşınmaz əmlakın
vahid dövlət kadastrına daxil edilmiş göstəricilərlə
mövcudluğunun dövlət tərəfindən müəyyən
edilməsidir.
1.4. Daşınmaz əmlakın vahid
dövlət kadastrının obyekti Azərbaycan Respublikasının
ərazisində yerləşən bütün daşınmaz
əmlakdır.
1.5. Daşınmaz əmlakın vahid
dövlət kadastrı Azərbaycan Respublikasının
mülkiyyətidir.
1.6. Daşınmaz əmlakın vahid
dövlət kadastrı Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın
Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən
tərtib edilir və aparılır.[1]
1.7. Daşınmaz əmlak obyektlərinə
dair kadastr işləri daşınmaz əmlak obyektlərinin
mülkiyyət mənsubiyyətindən, kadastrın
aparılmasını zəruri edən digər hallardan
asılı olaraq dövlət büdcəsi, fiziki və
hüquqi şəxslərin ianələri, habelə digər
qanuni mənbələr hesabına həyata keçirilə
bilər.
1.8. Daşınmaz əmlak obyektlərinə
dair kadastr işlərinin aparılmasına Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən müəyyən
olunmuş qaydalarla özəl qurumlar cəlb edilə bilər.
1.9. Daşınmaz əmlakın kadastr
uçotuna alınması hüquqların qeydiyyatı
üçün əsas hesab edilmir.
1.10. Daşınmaz əmlakın texniki
inventarlaşdırılması işləri Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən müəyyən edilən
qaydalarla həyata keçirilir.
II. DAŞINMAZ ƏMLAKIN VAHİD DÖVLƏT
KADASTRININ TƏRTİB EDİLMƏSİNİN VƏ
APARILMASININ PRİNSİPLƏRİ
2.1. Daşınmaz əmlakın vahid
dövlət kadastrının tərtib edilməsinin və
aparılmasının prinsipləri
aşağıdakılardır:
2.1.1. daşınmaz əmlakın vahid
dövlət kadastrının Azərbaycan
Respublikasının bütün ərazisini əhatə etməsi;
2.1.2. daşınmaz əmlakın vahid
dövlət kadastrının vahid sistem üzrə
aparılması;
2.1.3. daşınmaz əmlakın vahid
dövlət kadastrının məlumatlarının tam və
obyektiv olması;
2.1.4. qanunla əldə edilməsi məhdudlaşdırılan
məlumatlar istisna olmaqla kadastr məlumatlarının
açıq olması;
2.1.5. daşınmaz əmlakın vahid
dövlət kadastrının kağız və elektron
daşıyıcılarda aparılması.
III. DAŞINMAZ ƏMLAKIN VAHİD DÖVLƏT
KADASTRININ STRUKTURU
3.1. Daşınmaz əmlakın vahid
dövlət kadastrının strukturu kadastr planından,
kadastr qovluğundan və məlumatların uçotu sistemindən
ibarətdir.
3.2. Kadastr planında qrafik və
yazılı formada daşınmaz əmlak obyektlərinin sərhədləri,
əsas uçot göstəriciləri və ərazinin
infrastrukturu əks etdirilir.
3.3. Kadastr qovluğu hər bir
daşınmaz əmlak obyekti üçün
açılır, qovluğun nömrəsi həmin obyektə
verilmiş kadastr nömrəsi ilə eyniləşdirilir.
Daşınmaz əmlak üzərində mülkiyyət
hüququ daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alındığı təqdirdə kadastr
qovluğunda saxlanılan məlumatlar çap olunmuş şəkildə
saxlanılır.
3.4. Daşınmaz əmlakın vahid
dövlət kadastr uçotunun həyata keçirilməsi və
daşınmaz əmlak obyektinə kadastr nömrəsi verilməsi
məqsədilə dövlət torpaq kadastrının məlumatları
nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisinin
kadastr bölgüsü aparılır.
3.5. Daşınmaz əmlakın vahid
dövlət kadastrı ilə
əlaqələndirilməklə ünvan
reyestrinin aparılması qaydaları müvafiq qanunvericiliklə
müəyyən edilir.[2]
IV. DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN VAHİD
DÖVLƏT KADASTR UÇOTUNA ALINMASI
MƏRHƏLƏLƏRİ
4.1. Daşınmaz əmlak obyektlərinin
vahid dövlət kadastr uçotuna alınması
aşağıdakı mərhələlər üzrə həyata
keçirilir:
4.1.1. daşınmaz əmlak obyektlərinin
vahid dövlət kadastr uçotuna alınması barədə
ərizənin verilməsi və ilkin araşdırma işlərinin
aparılması;
4.1.2. vahid dövlət kadastr uçotu
işlərinin həyata keçirilməsi;
4.1.3. daşınmaz əmlak obyektlərinin
vahid dövlət kadastr uçotuna alınması.
V. DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN VAHİD
DÖVLƏT KADASTR UÇOTUNA ALINMASI BARƏDƏ
ƏRİZƏNİN VERİLMƏSİ VƏ İLKİN ARAŞDIRMA
İŞLƏRİNİN APARILMASI
5.1. Daşınmaz əmlak obyektlərinin
vahid dövlət kadastr uçotuna alınması barədə
ərizə hüquq sahibi və ya qanunvericilikdə nəzərdə
tutulmuş qaydada təsdiq edilmiş etibarnamə əsasında
onu təmsil edən şəxs tərəfindən verilir.
5.1.1. ərizədə ərizəçinin
adı, soyadı, atasının adı və ünvanı,
hüquqi şəxsin isə tam adı və ünvanı
göstərilir;
5.1.2. ərizəyə hüquq sahibinin
şəxsiyyətini (hüquqi şəxs olduqda dövlət
qeydiyyatını) təsdiq edən sənədin surəti və
daşınmaz əmlak obyekti üzərində hüququn əldə
edilməsini (mövcudluğunu) təsdiq edən sənədin
əsli əlavə olunur;
5.1.3. ərizə iki nüsxədə
verilir. Ərizənin bir nüsxəsi onun qəbul edilməsi
qeydi ilə ona müvafiq hüququ verən sənədlərin
əsli ilə birlikdə ərizəçiyə
qaytarılır;
5.1.4. ərizə qəbul edildikdən
sonra 5 gün müddətində daxil olmuş sənədlərdə
göstərilən məlumatın daşınmaz əmlakın
vahid dövlət kadastrında saxlanılan məlumata
uyğunluğunu müəyyən etmək məqsədilə
ilkin araşdırma aparılır. Uyğunluğu müəyyənləşdirmək
üçün kifayət qədər məlumat olmadıqda
və ya ərizədə göstərilən məlumatın
düzgünlüyünü müəyyən etmək
mümkün olmadıqda obyektə onun olduğu yer üzrə
baxış keçirilir;
5.1.5. ilkin araşdırmanın nəticələrindən
asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət
kadastr uçotuna alınması ilə bağlı müvafiq
işlər həyata keçirilir;
5.1.6. daşınmaz əmlakın vahid
dövlət kadastr uçotuna alınması və bununla
bağlı müvafiq kadastr işləri müqavilə əsasında
aparılır;
5.1.7. kadastr işlərinə görə
xidmət haqlarının tarifləri qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müəyyən edilir.
VI. VAHİD DÖVLƏT KADASTR UÇOTU
İŞLƏRİNİN HƏYATA
KEÇİRİLMƏSİ
6.1. Vahid dövlət kadastr uçotu
işləri aşağıdakı məqsədlər
üçün həyata keçirilir:
6.1.1. daşınmaz əmlak obyektlərinin
vahid dövlət kadastr uçotunun təmin edilməsi;
6.1.2. daşınmaz əmlak obyektinin
hüquq obyekti kimi müəyyən edilməsi və ya
obyektin sərhədlərinin və tərkibinin dəqiqləşdirilməsi.
6.2. Vahid dövlət kadastr uçotu
işləri aşağıdakıları əhatə edir:
6.2.1. torpaq sahələrinin və
onların üzərindəki daşınmaz əmlak obyektlərinin
sərhədlərinin müəyyənləşdirilməsi;
6.2.2. daşınmaz əmlak obyektlərinin
eyniləşdirilməsi (fərdiləşdirilməsi);
6.2.3. daşınmaz əmlak obyektinə
dair inventarlaşdırma və texniki sənədlərin tərtibi.
6.3. Vahid dövlət kadastr uçotu
işləri yerlərdə baxış və ölçmələr
aparmaqla çöl işlərindən, habelə yerlərə
getmədən əldə olunan texniki sənədlər və
ya məlumatlar əsasında kameral araşdırmalardan ibarətdir.
6.4. Daşınmaz əmlakın
inventarlaşdırılması dövlət sifarişi əsasında
aparıldıqda kadastr işləri dövlət büdcəsi,
hüquq sahibinin ərizəsi əsasında aparıldıqda
isə ərizəçinin hesabına həyata
keçirilir.
VII. DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN VAHİD
DÖVLƏT KADASTR UÇOTUNA ALINMASI
7.1. Daşınmaz əmlakın vahid
dövlət kadastrında daşınmaz əmlak obyektlərinin
aşağıdakı fərdi göstəriciləri (xüsusiyyətləri)
əks etdirilir:
7.1.1. daşınmaz əmlakın
növü (adı);
7.1.2. daşınmaz əmlakın yerləşdiyi
yer və ünvanı (qanunvericiliklə müəyyənləşdirilmiş
qaydada ünvan verildikdə);
7.1.3. binanın, ayrıca tərkib hissəsi
olan yaşayış və qeyri-yaşayış sahələri
istisna olmaqla, sərhədinin döngə nöqtələrinin
koordinatları.
7.2. Daşınmaz əmlakın vahid
dövlət kadastrında daşınmaz əmlak obyektlərinin
aşağıdakı kəmiyyət və keyfiyyət
göstəriciləri uçota alınır:
7.2.1. torpaq sahələrinə
münasibətdə - dövlət torpaq kadastrında
qeydiyyata alınmış torpağın kateqoriyası, sahəsi,
təyinatı (istifadə növü), həmin torpaq sahəsi
üzərində yerləşən daşınmaz əmlak
obyektləri haqqında məlumat;
7.2.2. binaya münasibətdə -
binanın təyinatı (qeyri-yaşayış binası,
çoxmənzilli yaşayış binası, fərdi
yaşayış və ya bağ evi, qarışıq təyinatlı),
mərtəbələrinin sayı və binanın ümumi
sahəsi, tikildiyi il, binada sahələrin, otaqların yerləşməsi
(mərtəbə planı), çöl divarlarının və
mərtəbələrarası örtüklərin
materialı;
7.2.3. qurğuya münasibətdə - qurğunun
növü və təyinatı, tikildiyi il;
7.2.4. binanın tərkib hissəsi olan
ayrıca yaşayış və ya qeyri-yaşayış sahəsinə
münasibətdə - binadakı yeri və sahəsi,
otaqların sayı və otaqlar arasında arakəsmələrin
(divarların) materialı;
7.2.5. tikintisi başa çatmamış
obyektlərə münasibətdə - obyektin növü və
təyinatı, tikintisinə və ya
quraşdırılmasına icazə verildiyi tarix;
7.2.6. əmlak kompleksinə və müəssisələrə
münasibətdə - əmlakın növü və təyinatı,
fəaliyyət istiqamətləri.
7.3. Əlavə olaraq daşınmaz əmlakın
vahid dövlət kadastrına daşınmaz əmlak obyektləri
barədə aşağıdakı məlumatlar (mövcud
olduqda) daxil edilə bilər:
7.3.1. əvvəl verilmiş dövlət
uçotu nömrəsi, o cümlədən kadastr, inventar
nömrəsi, həmin nömrəni verən orqanın
adı və onun verilmə tarixi;
7.3.2. daşınmaz əmlak obyekti digər
daşınmaz əmlak obyektinin bölünməsi, payın
naturada ayrılması və ya barəsində qanunvericiliyə
uyğun olaraq digər əməliyyatlar (hərəkətlər)
nəticəsində yarandıqda digər (əvvəlki)
daşınmaz əmlak obyektinin kadastr nömrəsi;
7.3.3. torpaq sahəsinin hüdudlarında
yerləşən binalar, qurğular, əmlak kompleksləri, fərdi
yaşayış və bağ evləri, tikintisi başa
çatmamış obyektlərin kadastr nömrəsi (kadastr
uçotu obyekti torpaq sahəsi olduqda);
7.3.4. hüdudlarında
yaşayış otağı yerləşən mənzilin
kadastr nömrəsi (kadastr uçotu obyekti yaşayış
otağı olduqda);
7.3.5. daşınmaz əmlak obyekti
üzərində əşya hüquqları və bu
hüquqların sahibləri barədə daşınmaz əmlakın
dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat;
7.3.6. daşınmaz əmlak obyekti üzərində
əşya hüquqlarının məhdudlaşdırılması
(yüklülüyü) və xeyrinə belə məhdudlaşdırma
(yüklülük) müəyyən edilən şəxslər
barədə daşınmaz əmlakın dövlət
reyestrinə daxil edilmiş həcmdə məlumat;
7.3.7. daşınmaz əmlak obyektinin əşya
hüquqlarının məhdudlaşdırılması
(yüklülüyü) şamil edilən hissəsi barədə
məlumat (belə məhdudlaşdırma (yüklülük)
daşınmaz əmlak obyektinə bütövlükdə
şamil edilmədikdə);
7.3.8. torpaq sahəsinin hüdudlarında
yerləşən su obyektləri (sututarlar), meşələr
və daşınmaz əmlak hesab olunan çoxillik əkmələr
haqqında məlumat (kadastr uçotu obyekti torpaq sahəsi
olduqda);
7.3.9. daşınmaz əmlak obyektinə
münasibətdə kadastr işlərini yerinə yetirən
icraçı haqqında məlumatlar;
7.3.10. daşınmaz əmlak obyektinin
istismara verildiyi və (və ya) onun tikintisinin başa
çatdığı il (bina və ya qurğu);
daşınmaz əmlak obyektinin məhv
olması haqqında məlumat (obyekt məhv olduqda).
7.4. Aşağıdakı hallarda vahid
dövlət kadastr uçotunun aparılması məcburidir:
7.4.1. vahid dövlət kadastr uçotu
dövlət orqanının qərarı əsasında
aparıldıqda;
7.4.2. vahid dövlət kadastr
uçotuna alınmış daşınmaz əmlakın
göstəriciləri (xüsusiyyətləri) dəyişdikdə;
7.4.3. daşınmaz əmlak obyektlərinin
formalaşdırılması prosesində hüquq sahibləri
tərəfindən müvafiq sifariş verildikdə.
VIII. DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN
FORMALAŞDIRILMASI
8.1. Bu
Qaydaların məqsədləri üçün
daşınmaz əmlak obyektlərinin
formalaşdırılması dedikdə, daşınmaz əmlakın
dövlət reyestrində dövlət qeydiyyatına
alınmış obyektin bir hissəsinin ayrılması,
bölünməsi, birləşdirilməsi ilə
bağlı aparılan kompleks kadastr işlərinin məcmusu
nəzərdə tutulur.
8.2.1.
Daşınmaz əmlak obyektlərinin
formalaşdırılması aşağıdakı
ardıcıllıqla aparılır:
8.2.2.
daşınmaz əmlak obyektinin
formalaşdırılmasına dair ərizənin
(sifarişin) verilməsi;
8.2.3.
daşınmaz əmlak obyektinin
formalaşdırılmasının
mümkünlüyünün müəyyənləşdirilməsinə
dair kameral və çöl tədqiqat işlərinin
aparılması;
8.2.4.
daşınmaz əmlak obyektinin formalaşdırılması
layihəsinin hazırlanması;
8.2.5.
formalaşdırılan obyekt üçün kadastr
planının tərtibi;
8.2.6.
kadastr planından çıxarışın
hazırlanması;
daşınmaz
əmlakın dövlət reyestrində yeni
formalaşdırılan obyektin qeydiyyatı.
IX. DAŞINMAZ ƏMLAK OBYEKTİNİN
FORMALAŞDIRILMASINA DAİR ƏRİZƏNİN
(SİFARİŞİN) VERİLMƏSİ
9.1. Daşınmaz əmlak obyektinin
formalaşdırılmasına dair ərizə (sifariş) iki
nüsxədə təqdim olunur. Ərizədə
(sifarişdə) ilkin daşınmaz əmlak obyektinin kadastr
nömrəsi və hüquq sahibi haqqında məlumatlar
göstərilir.
9.2. Ərizəyə
aşağıdakılar əlavə edilir:
9.2.1. daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış;
9.2.2. daşınmaz əmlak obyektinə
(obyektlərinə) dair daşınmaz əmlakın vahid
dövlət kadastrından çıxarış
(çıxarışın olmadığı hallarda bu sənəd
daşınmaz əmlakın vahid dövlət
kadastrını aparan orqan tərəfindən tərtib
edilir).
9.3. Kadastr işlərinin həcmi və
müddətləri ərizəçi (sifarişçi) ilə
bağlanılan müqavilə ilə müəyyən edilir.
X. DAŞINMAZ ƏMLAK OBYEKTİNİN
FORMALAŞDIRILMASININ MÜMKÜNLÜYÜNÜN
MÜƏYYƏNLƏŞDİRİLMƏSİNƏ
DAİR KAMERAL VƏ ÇÖL TƏDQİQAT
İŞLƏRİNİN APARILMASI
10.1. Ərizənin qəbulundan sonra
daşınmaz əmlak obyektinin
formalaşdırılmasının
mümkünlüyünün müəyyənləşdirilməsi
məqsədilə tədqiqat aparılır. Tədqiqatın
nəticəsinə əsasən obyektin
formalaşdırılması ilə bağlı ərizə
icraya qəbul edilir.
10.2. Tədqiqatın nəticəsi
olaraq kadastr aparan orqan daşınmaz əmlak obyektinin
formalaşdırılmasının mümkünlüyü
barədə yekun qərar qəbul edir və qərar ərizəçiyə
(sifarişçiyə) təqdim olunur.
Müsbət qərar qəbul edildiyi
halda daşınmaz əmlak kadastrını tərtib edən
orqan kadastr işlərinin tərkibini müəyyənləşdirir,
işlərin yerinə yetirilməsi üçün zəruri
olan sənədlərin siyahısını tərtib edir.
XI. DAŞINMAZ ƏMLAK OBYEKTİNİN
FORMALAŞDIRILMASI İLƏ BAĞLI KADASTR
İŞLƏRİNİN APARILMASI
11.1. Daşınmaz əmlak obyektinin
formalaşdırılması ilə bağlı işlər
qüvvədə olan normalara və qaydalara uyğun
aparılır. Layihələndirmə prosesində
formalaşan obyektin xüsusiyyətləri nəzərə
alınır.
11.2. Daşınmaz əmlak obyektinin
formalaşdırılmasına dair layihələrin işlənməsi
üçün kadastr işlərinin icraçısı
yerdə müayinə aktı tərtib etməklə obyektin
eyniləşdirilməsinə dair işləri yerinə
yetirir. Əgər daşınmaz əmlakın kadastr məlumatlan
ilə yerdə müəyyənləşən məlumatlar
üst-üstə düşməzsə, formalaşdırma fəaliyyəti
dayandırılır və müvafiq uyğunlaşdırma
işləri həyata keçirilir.
11.3. Formalaşdırılmış
daşınmaz əmlak obyektinin kadastr planının işlənməsi
və daşınmaz əmlak obyektinin
formalaşdırılması aşağıdakı
ardıcıllıqla həyata keçirilir:
11.3.1. torpaq sahəsinin
formalaşdırılmasına dair layihə yerdə sərhədlərin
müəyyən edilməsi yolu ilə naturaya
köçürülür;
11.3.2. sərhədlərin müəyyənləşdirilməsindən
sonra formalaşdırılmış daşınmaz əmlak
obyektinin kadastr planı hazırlanır.
11.4. Tikililərin, mənzillərin,
qapalı yerlərin formalaşdırılması zamanı
daşınmaz əmlak obyektinin kadastr planı şəhərsalma
və arxitektura normalan nəzərə alınmaqla tərtib
edilir.
11.5. Daşınmaz əmlak obyektinin
formalaşması barədə qərar daşınmaz əmlak
obyektinin kadastr planının tərtibindən sonra verilir.
Torpaq sahələrinin sərhədlərinin və digər
kadastr məlumatlarının dəqiqliyi ilə bağlı
mübahisələr zamanı daşınmaz əmlak obyektinin
formalaşmasına dair kadastr işlərinin yerinə yetirilməsi
zamanı müəyyənləşdirilmiş sərhədlər
və digər kadastr məlumatlan üstün qüvvəyə
malikdir.
11.6. Daşınmaz əmlak obyektinin
formalaşmasına dair işlər yekunlaşdıqdan sonra
kadastr işlərinin texniki qovluğu açılır və
bu qovluqda aşağıdakı sənədlər cəmləşir:
11.6.1. daşınmaz əmlak obyektinin
formalaşdırılmasının
mümkünlüyünün müəyyənləşdirilməsinə
dair tədqiqat materialları;
11.6.2. daşınmaz əmlak obyektinin
yerdə eyniləşdirilməsinə dair tədqiqat aktı;
11.6.3. daşınmaz əmlak obyektinin
formalaşdırılması zamanı zərurət
yarandıqda maraqlı şəxslərin obyektin
formalaşdırılmasına dair yazılı
razılıqları;
11.6.3. daşınmaz əmlak obyektinin
kadastr planı.
XII. FORMALAŞDIRILAN OBYEKT ÜÇÜN KADASTR
PLANININ TƏRTİBİ
12.1. Kadastr planının tərtibinə
dair hazırlıq işləri mərhələsində
kadastr işlərinin aparılması planlaşdırılan ərazilərdəki
daşınmaz əmlak obyektləri barədə məlumatlar
toplanır, bu obyektlərin hüquqi statusunu təsbit edən
sənədlər araşdırılır, topoqrafik plan
üzərində mövcud materiallar əsasında inzibati-ərazi
vahidlərinin və yaşayış məntəqələrinin,
tikililərin sərhədləri müəyyənləşdirilir.
12.2. Daşınmaz əmlak obyektinin
eyniləşdirilməsi daşınmaz əmlak üzərində
hüquqa dair sənədlərdəki məlumatların
naturadakı (yerdəki) və topoqrafik plandakı məlumatlarla
müqayisəsi əsasında aparılır.
12.3. Daşınmaz əmlak obyektinin
eyniləşdirilməsinə dair işlər zamanı hər
bir obyekt üzərində hüquq sahibi haqqında məlumatlar
dəqiqləşdirilir, torpaq sahələrinin sərhədləri
yoxlanılır, yerdə əldə edilmiş məlumatlar
daşınmaz əmlaka hüququ təsbit edən sənədlərin
məlumatları ilə müqayisə edilir.
12.4. Daşınmaz əmlak obyektinin
eyniləşdirilməsinə dair işlər başa
çatdıqdan sonra kadastr planı tərtib edilir.
12.5. Kadastr planında aşağıdakı
məlumatlar məcmusu əks olunur:
12.5.1. inzibati - ərazi vahidlərinin sərhədləri;
12.5.2. yaşayış məntəqələrinin
cizgilərinin sərhədləri;
12.5.3. kadastr bölgülərinin sərhədləri;
12.5.4. torpaq sahələrinin sərhədləri;
12.5.5. mövcud tikililərin qrafik təsviri;
12.5.6. əlaqə yolları və digər
xətti obyektlər;
12.5.7. hidroqrafik elementlər;
12.5.8. binaların poçt nömrələri,
toponimikası;
12.5.9. torpaq sahələrinin kadastr
nömrələri.
12.6. Özündə mətn və
qrafiki informasiyanı əks etdirən kadastr planı elektron
daşıyıcıya köçürülür.
XIII. DAŞINMAZ ƏMLAKIN VAHİD DÖVLƏT
KADASTRINA DAXİL OLAN MƏLUMATLARIN MARAQLI
ŞƏXSLƏRƏ TƏQDİM EDİLMƏSİ
13.1. Daşınmaz əmlak obyektlərinə
dair texniki sənədlərin verilməsi fiziki və
hüquqi şəxslərin ərizələri əsasında
həyata keçirilir.
13.2. Texniki sənədlər, o cümlədən
texniki pasport dövlət və ya bələdiyyə
orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin
mülkiyyətçilərinin və ya onların səlahiyyətli
nümayəndələrinin isə ərizəsi əsasında
verilə bilər.
13.3. Kadastr planlarından
çıxarışlar bu Qaydalara uyğun olaraq ərizə
ilə müraciət etmək hüququna malik olan şəxslərin
ərizəsi, habelə dövlət orqanları və ya bələdiyyələrin
sorğusu əsasında verilə bilər.
13.4. Daşınmaz əmlakın
dövlət kadastrında saxlanılan məlumatların təqdim
edilməsi ödənişli xidmət kimi həyata
keçirilir. Müvafiq xidmət haqqının tarifləri
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən
edilir.
XIV. DİGƏR DÖVLƏT KADASTRLARINDA
(REYESTRLƏRİNDƏ) SAXLANILAN MƏLUMATLARIN DAŞINMAZ
ƏMLAKIN VAHİD DÖVLƏT KADASTRINA DAXİL
EDİLMƏSİ
14.1. Daşınmaz əmlakın
dövlət reyestrində saxlanılan məlumatlar
daşınmaz əmlakın vahid dövlət kadastrına
daxil edilir.
14.2. Digər dövlət
kadastrlarında saxlanılan məlumatlar daşınmaz əmlakın
vahid dövlət kadastrında daşınmaz əmlakın
dövlət kadastrının aparılması
üçün lazım olan həcmdə uçota
alınır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 aprel
2013-cü il tarixli 859
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 aprel
2013-cü il, ¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 04, maddə
373)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
15
fevral 2016-cı il tarixli 787
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral
2016-cı il, ¹ 40; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 251) ilə “Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması
Qaydaları”nın 1.6-cı bəndində “Komitəsinin tabeliyində olan Daşınmaz
Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma
Mərkəzi” sözləri “Komitəsi
yanında Daşınmaz Əmlakın Kadastrı və
Ünvan Reyestri Xidməti” sözləri ilə əvəz
edilmişdir.
[2] 10 aprel
2013-cü il tarixli 859
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 aprel
2013-cü il, ¹ 75, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 04, maddə
373)
ilə “Azərbaycan
Respublikasında daşınmaz əmlakın vahid dövlət
kadastrının tərtib edilməsi və aparılması
Qaydaları”nın 3.5-ci bəndində “kadastrının tərkib hissəsi olan” sözləri
“kadastrı ilə əlaqələndirilməklə”
sözləri ilə əvəz edilmişdir.