"İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI[1]

 

"Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli, 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli, 805 nömrəli Fərmanının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 1 iyul 2010-cu il

            ¹ 130

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 1 iyul tarixli, 130 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması


QAYDALARI

 

1. Bu Qaydalar "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli, 658- IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli, 805 nömrəli Fərmanının 4.8-ci bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydalarını müəyyən edir.

2. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozduqda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və ya məhkəmənin qərarı əsasında Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər.

3. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alverindən zərər çəkmiş hesab olunduqda, onlar barəsində 1 il müddətində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma tətbiq edilmir və qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınırlar. İnsan alverinin qurbanı olmuş uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma tətbiq edilmir. Şəxsiyyətlərini müəyyən etmək mümkün olmayan insan alveri qurbanları Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılırlar. [2]

3-1. “ İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bərpa və fikirləşmə müddəti verilmiş insan alverinin qurbanına həmin müddətdə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. [3]

4. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alveri və Azərbaycan Respublikasının milli təhlükəsizliyi — dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, xalqın və ölkənin milli maraqları, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafeləri ilə bağlı cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma cinayət təqibi başa çatanadək tətbiq olunmur.

5. Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyi pozmuş immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində müvafiq protokol tərtib edilir. Protokolda immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyi pozması ilə bağlı faktiki hallar və həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına hüquqi əsas göstərilir. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tərtib olunmuş protokolla tanış olmaq və ona müvafiq qeydlərini etmək hüquqları vardır.

6. Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması məsələsini həll edərkən, hər bir konkret halda onların Azərbaycan Respublikasının ərazisini tərk etməmə səbəblərini araşdırır.

7. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), bu Qaydaların 18-ci bəndində göstərilən istiqamətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə birbaşa, bütün digər hallarda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə müraciət olunaraq müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

8. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməzdən əvvəl immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti haqqında məlumatların dəqiqləşdirilməsi üçün "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra — İAMAS) və ya vahid miqrasiya məlumat sistemi çərçivəsində səlahiyyətlər daxilində sorğular verilir və müvafiq məlumatlar alınır.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarlarında immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması əsaslandırılmalıdır.

10. Bu barədə qərar qəbul edən orqanın əməkdaşı həmin şəxsləri qərarla tanış edir və qərarın bir nüsxəsi həmin şəxslərə təqdim olunur.

Əgər həmin şəxslər Azərbaycan dilini bilmirlərsə, bu prosesdə tərcüməçinin iştirakı təmin edilir.

11. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qəbul olunmuş qərarda müəyyən edilmiş müddətdə (48 saat) Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

12. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın icrasına mane olan digər hallar (həmin şəxslərin təcili müalicəsinə ehtiyac olduqda, yaxud Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə) meydana çıxdıqda, çıxarılma haqqında qərarı qəbul etmiş orqan çıxarılma müddətinin uzadılması məsələsinə baxır.

13. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin qərar icra olunanadək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü olaraq yerləşdirilməsi və saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli, 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.

14. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran immiqrant statusu olmayan əcnəbi və vətəndaşlığı olmayan şəxs müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılır.

15. Azərbaycan Respublikasının ərazisindən çıxarılan immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya şəxsi işlə bağlı olaraq Azərbaycan Respublikasına gələn immiqrant statusu olmayan əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi qərarı icra edən orqanın üzərinə düşür.

16. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə şikayət edilə bilər. Şikayətin edilməsi qərarın icrasını dayandırmır.

17. Bu Qaydalara uyğun olaraq barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına dair qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.

18. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə hüdudlarından kənara məcburi çıxarılması aşağıdakı istiqamətdə həyata keçirilir:

əcnəbi — vətəndaşı olduğu ölkəyə;

vətəndaşlığı olmayan şəxs — bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;

ikili vətəndaşlığı olan şəxs — daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müvafiq çıxarılma barədə yuxarıda qeyd olunan istiqamətlərə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə məlumat verilir.

19. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə yazılı məlumatlar əvvəlcədən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə göndərilir. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının sərhəd nəzarət məntəqələrinədək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilirlər.

20. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən vahid miqrasiya məlumat sisteminə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən isə müəyyən olunmuş qaydada İAMAS-a daxil edilir.[4]

21. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən vahid miqrasiya məlumat sistemi vasitəsi ilə uçotu aparılır.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       31 avqust 2010-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə 769)

2.       02 avqust 2013-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 avqust 2013-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08, maddə 996)

3.       5 may 2014-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 563)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 may 2014-cü il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 24 may 2014-cü il, ¹ 108; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 563) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 130 nömrəli qərarı ləğv edilmişdir.

 

[2] 02 avqust 2013-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 avqust 2013-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08, maddə 996) ilə 3-cü hissənin üçüncü cümləsi ləğv edilmişdir.

 

[3] 02 avqust 2013-cü il tarixli 196 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 7 avqust 2013-cü il, ¹ 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08, maddə 996) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

[4] 31 avqust 2010-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 8, maddə 769) ilə "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nın 20-ci bəndində "Dövlət Miqrasiya Xidməti" sözlərindən sonra "tərəfindən vahid miqrasiya məlumat sisteminə" sözləri, "Dövlət Sərhəd Xidməti tərəfindən" sözlərindən sonra isə "isə" sözü əlavə edilmişdir.