Fərdi məlumatlar haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi ilə
bağlı münasibətləri, milli informasiya
məkanının fərdi məlumatlar
bölümünün formalaşdırılması,
habelə fərdi məlumatların transsərhəd
ötürülməsi ilə əlaqədar
məsələləri tənzimləyir, bu sahədə
fəaliyyət göstərən dövlət və yerli
özünüidarə orqanlarının, hüquqi və
fiziki şəxslərin hüquq və vəzifələrini
müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Qanunun məqsədi
Bu
Qanunun əsas məqsədi fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin qanunvericilik əsaslarını və
ümumi prinsiplərini, həmin sahədə dövlət
tənzimləməsinin qayda və tələblərini,
fərdi məlumatların informasiya ehtiyatlarında
formalaşdırılması, informasiya sistemlərinin
yaradılması, informasiyanın verilməsi və
ötürülməsi qaydalarını, bu prosesdə
iştirak edən şəxslərin hüquqlarını,
vəzifələrini və məsuliyyətinin
əsaslarını müəyyən etməkdən, əsas
insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, o cümlədən şəxsi və
ailə həyatının sirrini saxlamaq hüququnu
müdafiə etməkdən ibarətdir.
Maddə
2. Qanunda istifadə olunan
əsas anlayışlar
2.1.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı
mənaları ifadə edir:
2.1.1.
fərdi məlumatlar —
şəxsin kimliyini birbaşa və ya dolayısı ilə
müəyyənləşdirməyə imkan verən
istənilən məlumat;
2.1.2.
fərdi məlumatların
subyekti (bundan sonra — subyekt) — barəsində fərdi
məlumatlar toplanılan, işlənilən və
mühafizə edilən, kimliyi
müəyyənləşdirilmiş və ya
müəyyənləşdirilən fiziki şəxs;
2.1.3.
fərdi məlumatların
informasiya sistemi — qanunvericiliklə müəyyən
edilmiş qaydada fərdi məlumatların
toplanılmasını, işlənilməsini və
mühafizəsini təmin edən informasiya sistemi;
2.1.4.
fərdi məlumatların
informasiya ehtiyatları — qanunvericiliklə müəyyən
edilmiş qaydada və həcmdə fərdi məlumatların
informasiya sistemlərində, habelə ayrıca
toplandığı informasiya ehtiyatları;
2.1.5.
fərdi identifikasiya
nömrəsi — fərdi məlumatların informasiya
sistemlərinə barəsində fərdi məlumat daxil
edilən şəxsə müəyyən edilmiş qaydada
verilən və şəxs barəsində müvafiq
məlumatları birmənalı müəyyən
etməyə imkan verən vahid təkrarolunmaz kod;
2.1.6.
xüsusi kateqoriyalı fərdi
məlumatlar — fiziki şəxsin irqi və ya milli
mənsubiyyətinə, ailə həyatına, dini
etiqadına və əqidəsinə, səhhətinə
və ya məhkumluğuna aid olan məlumatlar;
2.1.7.
fərdi məlumatların
toplanılması — subyekt barəsində fərdi
məlumatların sənədləşdirilmiş qaydada qanuna
uyğun olaraq əldə edilməsi;
2.1.8.
fərdi məlumatların
işlənilməsi — fərdi məlumatlar
üzərində aparılan əməliyyatlar (fərdi
məlumatların yazılması, sistemləşdirilməsi,
təzələnməsi, dəyişdirilməsi, çıxarılması,
adsızlaşdırılması, saxlanması,
ötürülməsi, məhv edilməsi);
2.1.9.
fərdi məlumatların
mülkiyyətçisi (bundan sonra —
mülkiyyətçi) — qanunvericiliklə müəyyən
edilmiş qaydada fərdi məlumatların informasiya sistemi
və ya ehtiyatı üzərində tam sahiblik, istifadə,
sərəncamvermə hüququnu həyata keçirən,
fərdi məlumatların işlənilməsi
məqsədini müəyyən edən dövlət və
ya yerli özünüidarə orqanı, hüquqi və ya
fiziki şəxs;
2.1.10.
fərdi məlumatların
operatoru (bundan sonra — operator) — fərdi məlumatların
toplanılmasını, işlənilməsini və
mühafizəsini həyata keçirən fərdi
məlumatların mülkiyyətçisi və ya onun bu
funksiyaları müəyyən həcmdə və
şərtlərlə həvalə etdiyi dövlət və
ya yerli özünüidarə orqanı, hüquqi və ya
fiziki şəxs;
2.1.11.
fərdi məlumatların
istifadəçisi (bundan sonra — istifadəçi) —
yalnız özü üçün zəruri informasiyanın
əldə olunması məqsədi ilə
səlahiyyətləri daxilində mülkiyyətçi
tərəfindən müəyyən edilmiş qaydada və
həcmdə fərdi məlumatlardan istifadə hüququ
verilmiş dövlət və ya yerli özünüidarə
orqanı, hüquqi və ya fiziki şəxs;
2.1.12.
fərdi məlumatların
yayılması — fərdi məlumatların kütləvi
informasiya vasitələri, habelə informasiya sistemləri
ilə açıqlanması və ya fərdi məlumatlarla
şəxslərin hər hansı digər üsulla
tanış olmasına imkan yaradılması;
2.1.13.
fərdi məlumatların
verilməsi — fərdi məlumatların qanunvericiliklə
müəyyən edilmiş qaydada sorğu əsasında maddi
daşıyıcılarla və ya informasiya texnologiyaları
vasitəsilə istifadəçilərə təqdim
edilməsi;
2.1.14.
fərdi məlumatların
toplanılmasına və işlənilməsinə qadağan
qoyulması — fərdi məlumatlarla əlaqədar
istənilən əməliyyatın dayandırılması;
2.1.15.
fərdi məlumatların
adsızlaşdırılması — fərdi
məlumatların, onun subyektinin kimliyini
müəyyənləşdirməyə imkan verməyən
vəziyyətə salınması;
2.1.16.
fərdi məlumatların
transsərhəd ötürülməsi — fərdi
məlumatların qanunvericiliklə müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının dövlət
sərhədindən əlaqədar beynəlxalq
təşkilatlara, başqa ölkələrin dövlət
və ya yerli özünüidarə orqanlarına, hüquqi
və ya fiziki şəxslərinə verilməsi;
2.1.17.
fərdi məlumatların
məhv edilməsi — informasiya sistemində fərdi
məlumatların silinməsi, məzmununun sonradan bərpa
edilməsi mümkün olmayan vəziyyətə
salınması və ya fərdi məlumatlar olan maddi
daşıyıcıların məhv edilməsi.
2.2.
Bu Qanunda istifadə olunan informasiya, informasiya texnologiyaları,
informasiya sistemləri və ehtiyatı, korporativ informasiya
sistemi və digər anlayışlardan informasiyanın
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində münasibətləri tənzimləyən Azərbaycan
Respublikasının qanunlarında müəyyən olunmuş
mənalarda istifadə olunur.
Maddə
3. Fərdi məlumatlar sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyi
3.1.
Fərdi məlumatlar sahəsində qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən, bu Qanundan, habelə
digər normativ hüquqi aktlardan ibarətdir.
3.2.
Azərbaycan Respublikasının milli
təhlükəsizliyinin, habelə qanunçuluğun
təmin edilməsi məqsədi ilə, kəşfiyyat
və əks-kəşfiyyat, əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar fərdi məlumatların toplanılması
və işlənilməsi, dövlət sirrinə aid
edilən və milli arxiv fondunda toplanılan fərdi
məlumatların mühafizəsi qaydaları Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilir.
3.3.
Bu Qanunun müddəaları fiziki şəxslər
tərəfindən fərdi məlumatların müstəsna
olaraq şəxsi və ailə ehtiyacları üçün
toplanılmasına və işlənilməsinə şamil
edilmir.
Maddə
4. Fərdi məlumatların
toplanılmasının, işlənilməsinin və
mühafizəsinin əsas prinsipləri
4.1.
Fərdi məlumatların informasiya ehtiyatlarının
formalaşdırılması, onların informasiya
sistemlərinin yaradılması Azərbaycan
Respublikasının Konstitusiyasında təsbit edilmiş
əsas insan və vətəndaş hüquq və
azadlıqlarına riayət edilməklə, qanunçuluq,
konfidensiallıq, könüllülüyün
məcburiliklə uzlaşdırılması prinsiplərinə
uyğun həyata keçirilir.
4.2.
Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi prosesində
insanın həyat və sağlamlığı
üçün təhlükə yaradılmasına, onun
şərəf və ləyaqətinin
alçaldılmasına yol verilmir.
II
fəsil
FƏRDİ
MƏLUMATLARIN KATEQORİYALARI, ONLARIN TOPLANILMASININ,
İŞLƏNİLMƏSİNİN VƏ
MÜHAFİZƏSİNİN TƏNZİMLƏNMƏSİ
Maddə
5. Fərdi məlumatların
hüquqi rejimi və mühafizəsi
5.1.
Fərdi məlumatlar toplandığı andan mühafizə
olunur və bu məqsədlə daxilolma (əldə olunma)
növünə görə konfidensial və açıq
kateqoriyalara bölünür.
5.2.
Konfidensial fərdi məlumatlar qanunvericilikdə
nəzərdə tutulmuş tələblərə uyğun
səviyyədə mülkiyyətçi, operator və bu
məlumatlara giriş hüququ olan istifadəçilər
tərəfindən mühafizə olunmalıdır.
Konfidensial fərdi məlumatlar qanunla müəyyən
olunmuş hallar istisna olmaqla, üçüncü
şəxslərə yalnız subyektin razılığı
əsasında verilə bilər.
5.3.
Açıq fərdi məlumatlar kateqoriyasına
müəyyən olunmuş qaydada
adsızlaşdırılmış, subyekt
tərəfindən açıq elan olunmuş və ya
ümumi istifadə üçün yaradılmış
informasiya sisteminə subyektin razılığı ilə onun
barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin
adı, soyadı və atasının adı daimi
açıq fərdi məlumatdır. Açıq
kateqoriyalı fərdi məlumatların
konfidensiallığının təmin edilməsi
tələb olunmur.
5.4.
Xüsusi kateqoriyalı məlumatlar, onların
xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin
tələbləri nəzərə alınmaqla, konfidensial,
həm də açıq fərdi məlumatlar kateqoriyasına
aid edilə bilər.
5.5.
Fərdi məlumatların mühafizəsi
mülkiyyətçilər və operatorlar
tərəfindən təmin olunmalıdır. Fərdi
məlumatların toplanılması, işlənilməsi
və mühafizəsi sahəsində fəaliyyət
göstərən fiziki şəxslər fəaliyyət
müddətində və işdən çıxdıqdan
sonra həmin məlumatların yayılmaması barədə
yazılı iltizam verməlidirlər.
5.6.
Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər
sahələr üzrə cəmiyyətin informasiya
təminatını ödəmək məqsədi ilə
ümumi istifadəli informasiya sistemlərinə subyektin
yazılı razılığı əsasında onun
təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının
adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı,
telefon nömrəsi və elektron ünvanı,
yaşadığı və olduğu yer, ixtisası və
iş yeri, məşğul olduğu fəaliyyət növü,
ailə vəziyyəti, şəkli və digər
məlumatlar) daxil edilə bilər.
5.7.
Fərdi məlumatlar ümumi istifadəli informasiya
sistemlərinə açıq mənbələrdən daxil
edildikdə həmin informasiya sisteminin operatoru daxil edilən
məlumatların tərkibini və əldə edilmə
mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar
subyektin, məhkəmənin və ya müvafiq icra
hakimiyyəti orqanının yazılı tələbi ilə
həmin informasiya sistemindən təxirə salınmadan
çıxarılmalıdır.
5.8.
Mülkiyyətçi və ya operator fərdi
məlumatların mühafizəsinin (o cümlədən
təsadüfi və icazəsiz məhv edilməsinin,
itirilməsinin, qanunsuz müdaxilənin,
dəyişdirilməsinin və digər halların
qarşısının alınmasının) təmin
edilməsinə zəmanət verən texniki-təşkilati
tədbirlər görməlidir.
5.9.
Fərdi məlumatların mühafizəsinə dair
tələblər müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
5.10.
Fərdi məlumatların arxivləşdirilməsinə aid
qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə müəyyən edilir.
Maddə
6. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində dövlət tənzimləməsinin əsas
formaları
6.0.
Fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
dövlət tənzimləməsi tədbirləri
aşağıdakılardan ibarətdir:
6.0.1.
milli informasiya məkanının fərdi məlumatlar
bölümünün formalaşdırılması və
onun təhlükəsizliyinin təmin olunması, bu
sahədə təhdidlərin və mühafizə
səviyyəsinin qiymətləndirilməsi;
6.0.2.
fərdi məlumatların toplanılmasının və
işlənilməsinin hüquqi əsaslarının
müəyyən edilməsi;
6.0.3.
fərdi məlumatların toplanılması və
işlənilməsi zamanı əsas insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi;
6.0.4.
fərdi məlumatların toplanılması və
işlənilməsi üzrə fəaliyyətin
lisenziyalaşdırılması;
6.0.5.
fərdi məlumatların informasiya sistemlərinin
dövlət qeydiyyatının aparılması;
6.0.6.
fərdi məlumatların informasiya sistemlərinin, habelə
müvafiq informasiya texnologiyaları vasitələrinin sertifikatlaşdırılması;
6.0.7.
fərdi məlumatların informasiya sistemlərinin
yaradılması və tətbiq edilməsi sahəsində
hüquqi və texniki sənədləşdirmənin
standartlaşdırılması;
6.0.8.
fərdi məlumatların informasiya ehtiyatlarının və
sistemlərinin və onların layihə sənədlərinin
dövlət ekspertizasının həyata keçirilməsi;
6.0.9.
dövlət idarələrarası fərdi məlumatların
informasiya sistemlərinin yaradılması və idarə
edilməsi sahəsində dövlət tənzimləməsi.
III
fəsil
SUBYEKTİN HÜQUQLARI
Maddə
7. Subyektin hüquqları
7.1.
Subyekt aşağıdakı hüquqlara malikdir:
7.1.1.
informasiya sistemində özü barəsində fərdi
məlumatların mövcudluğu, onların
mülkiyyətçisi və ya operatoru haqqında məlumat
almaq;
7.1.2.
informasiya sistemində özü barəsində fərdi
məlumatların toplanılmasının,
işlənilməsinin və üçüncü
şəxslərə verilməsinin hüquqi
əsaslandırılmasını tələb etmək, bu
məlumatların toplanılmasının,
işlənilməsinin və üçüncü
şəxslərə verilməsinin subyekt üçün
hansı hüquqi nəticələrə səbəb
olacağı barədə məlumat almaq;
7.1.3.
informasiya sistemində özü barəsində
toplanılmış fərdi məlumatların məzmunu
ilə tanış olmaq;
7.1.4.
informasiya sistemində özü barəsində fərdi
məlumatların toplanılması və
işlənilməsi məqsədini, işlənilmə
müddətini, üsullarını, onun fərdi
məlumatları ilə tanış olmaq icazəsi olan
şəxslərin, o cümlədən məlumat
mübadiləsi aparılması nəzərdə tutulan
informasiya sistemlərinin dairəsini bilmək;
7.1.5.
informasiya sistemində özü barəsində
toplanılmış və işlənilən fərdi
məlumatların dəqiqləşdirilməsini və
qanunvericiliklə müəyyən olunmuş hallar istisna
olmaqla, məhv edilməsini tələb etmək, habelə
həmin məlumatların müəyyən olunmuş qaydada
arxivə verilməsi barədə müraciət etmək;
7.1.6.
özü barəsində fərdi məlumatların
toplanılmasına və işlənilməsinə qadağan
qoyulmasını tələb etmək;
7.1.7.
informasiya sistemində özü barəsində
toplanılmış və işlənilən fərdi
məlumatların əldə edilməsi mənbələri
barədə məlumat almaq, həmin məlumatların
qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
7.1.8.
informasiya sistemində özü barəsində toplanılmış
və işlənilən fərdi məlumatların
mühafizəsini tələb etmək;
7.1.9.
özü barəsində toplanılan və
işlənilən fərdi məlumatların olduğu
informasiya sistemlərinin uyğunluq sertifikatının
mövcudluğu və dövlət ekspertizasından
keçirilməsi haqqında məlumat almaq;
7.1.10.
bu Qanunla və Azərbaycan Respublikasının başqa
normativ hüquqi aktları ilə müəyyən edilmiş
digər hüquqlardan istifadə etmək.
7.2.
Fərdi məlumatların toplanılmasının və
işlənilməsinin qanunvericiliklə müəyyən
olunmuş qaydada məcburi xarakter daşıdığı
hallar istisna olmaqla, subyekt onun barəsində olan
məlumatların toplanılmasına və
işlənilməsinə etiraz etmək hüququna malikdir.
Subyektin etirazı mülkiyyətçiyə və ya operatora
yazılı surətdə təqdim olunmalıdır. Subyektin
etirazının əsaslandırılması tələb
olunmur. Mülkiyyətçi və ya operator həmin
etirazı aldıqda göstərilən fərdi
məlumatların toplanılmasını və
işlənilməsini dərhal dayandırmalıdır.
7.3.
İnformasiya texnologiyaları vasitəsilə fərdi
məlumatların toplanılması və
işlənilməsi nəticəsində qəbul olunan
qərar subyektin mənafeyini pozduğu halda, qanunvericiliklə
müəyyən olunmuş qaydada məcburi xarakter
daşıdığı hallar istisna olmaqla, subyektin bu
məlumatların göstərilən üsulla
toplanılmasına və işlənilməsinə etiraz
etmək hüququ vardır. Mülkiyyətçi və ya
operator fərdi məlumatların informasiya texnologiyaları
vasitəsilə işlənilməsinə qarşı etiraz
aldıqda, subyektdən onun barəsində məlumatların
digər üsulla işlənilməsinə razılıq
almalı və ya fərdi məlumatların
işlənilməsini təxirə salmadan dayandırmalıdır.
7.4.
Subyekt onun barəsində fərdi məlumatların qanunsuz
toplanılması və işlənilməsi,
mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun
tələblərinə əməl olunmaması
nəticəsində onun hüquqlarının pozulduğu
hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə
şikayət etmək, habelə ona vurulmuş mənəvi
və maddi ziyanın ödənilməsini məhkəmə
qaydasında tələb etmək hüququna malikdir.
7.5.
Subyekt bu Qanunun 7.1-7.3-cü maddələrində
göstərilən hüquqlarını
mülkiyyətçiyə və ya operatora kağız
formatında yazılı ərizə və
şəxsiyyətini təsdiq edən sənədi təqdim
etməklə və ya gücləndirilmiş elektron imzalı
elektron sorğu verməklə həyata keçirir.
IV
fəsil
FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI VƏ
İŞLƏNİLMƏSİ
Maddə
8. Subyektin özü
barəsində fərdi məlumatların toplanılmasına
və işlənilməsinə razılığı
8.1.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada fərdi məlumatların
məcburi şəkildə toplanılması və
işlənilməsi halları istisna olmaqla, hər hansı
şəxs barəsində fərdi məlumatların
toplanılmasına və işlənilməsinə yalnız
subyekt tərəfindən verilmiş yazılı, o
cümlədən gücləndirilmiş elektron imzalı
elektron sənəd formasında razılıq və ya
özünün yazılı təqdim etdiyi məlumatlar
əsasında yol verilir.
8.2.
Subyektin fərdi məlumatların işlənilməsi
üçün yazılı razılığa
aşağıdakılar daxil edilməlidir:
8.2.1.
subyektin kimliyini müəyyənləşdirməyə imkan
verən məlumatlar;
8.2.2.
subyektdən razılıq alan mülkiyyətçinin və
ya operatorun kimliyini müəyyənləşdirməyə
imkan verən məlumatlar;
8.2.3.
fərdi məlumatların toplanılması və
işlənilməsi məqsədi;
8.2.4.
subyekt tərəfindən işlənilməsinə
razılıq verilmiş fərdi məlumatların və
onların işlənilmə əməliyyatlarının
siyahıları;
8.2.5.
subyektin razılığının qüvvədə olma
dövrü və onun geri götürülməsi
şərtləri;
8.2.6.
fərdi məlumatların müvafiq informasiya sistemində
müəyyən olunmuş saxlanma müddəti başa
çatdıqdan və ya subyektin ölümündən sonra
onun barəsində toplanılmış fərdi məlumatların
qanunvericiliklə müəyyən olunmuş qaydada məhv
edilməsi və ya arxivləşdirilməsi
şərtləri.
8.3.
Subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
ölmüş elan edildikdə, xəbərsiz itkin
düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab
edildikdə, habelə yetkinlik yaşına
çatmadığı, özü razılıq vermək
iqtidarında olmadığı hallarda bu Qanunla tələb
olunan razılıq müvafiq olaraq onun
vərəsələri, qanuni nümayəndələri,
valideynləri və ya himayəçilərindən biri
tərəfindən verilir.
8.4.
Subyektdən onun fərdi məlumatlarının
toplanılması və işlənilməsi üçün
razılığın alınması haqqında sübutun
təqdim olunması vəzifəsi mülkiyyətçinin
və ya operatorun üzərinə düşür. Vəfat
etmiş şəxslər barəsində fərdi
məlumatların işlənilməsinə subyektin
sağlığında qadağan qoyulmamışdırsa,
həmin məlumatlar qanunvericiliklə müəyyən
olunmuş hallarda işlənilə bilər.
8.5.
Açıq fərdi məlumatların
toplanılmasını və işlənilməsini həyata
keçirən mülkiyyətçi və ya operator subyektin
tələbi ilə həmin məlumatların açıq
fərdi məlumatlar kateqoriyasına aid olduğunu sübut
etməlidir.
Maddə
9. Fərdi məlumatların
toplanılmasının və işlənilməsinin əsas
şərtləri
9.1.
Fərdi məlumatların toplanılmasının və
işlənilməsinin məqsədi mülkiyyətçi
və ya operator tərəfindən dəqiq bəyan
edilməli, həmin məlumatların toplanılması və
işlənilməsi bu məqsədlərə, habelə
mülkiyyətçinin və ya operatorun maddi-texniki və
təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi
məlumatlar yalnız qanuni, əvvəlcədən
müəyyən olunmuş və bəyan edilmiş
məqsədlər üçün toplanılmalı və
göstərilmiş məqsədlərə uyğun
üsullarla işlənilməlidir.
9.2.
Toplanılan və işlənilən fərdi məlumatların
həcmi və xarakteri bəyan edilmiş
məqsədlərə və mülkiyyətçilərin
səlahiyyətlərinə uyğun olmalıdır.
9.3.
Fərdi məlumatlar dəqiq, tam olmalı və
zərurət yarandıqda təzələnməlidir.
9.4.
Fərdi məlumatların toplanılması və
işlənilməsi məqsədlərinə nail olunduqda
və onların saxlanılması zərurəti aradan
qalxdıqda həmin məlumatlar təxirə salınmadan
məhv edilməlidir.
9.5.
Fərdi məlumatların bu Qanunla müəyyən
olunmuş toplanılması və işlənilməsi
şərtləri insan orqanizminin bioloji
xüsusiyyətlərini səciyyələndirən və
onun kimliyini birmənalı olaraq
müəyyənləşdirməyə imkan verən
məlumatların — əl-barmaq və ovuc izləri, üz
təsviri, gözün qüzehli və tor qişası,
səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein
turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri,
bədənin xüsusi əlamətlərinin və
qüsurlarının təsviri, yazı xətti və
imzası, habelə digər biometrik məlumatların
toplanılmasına və işlənilməsinə tam
həcmdə şamil edilir.
9.6.
Fərdi məlumatların toplanılması və
işlənilməsi yalnız aşağıdakı
şərtlərdən biri olduqda həyata keçirilə
bilər:
9.6.1.
subyekt fərdi məlumatların toplanılmasına və
işlənilməsinə öz razılığını
verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı
olduqda;
9.6.2.
fərdi məlumatlar onların toplanılması və
işlənilməsi məqsədlərini və üsullarını
müəyyən edən qanunvericilik əsasında
işlənildikdə;
9.6.3.
elmi və statistik tədqiqat məqsədləri
üçün fərdi məlumatlar onların mütləq
qaydada adsızlaşdırılması aparılmaqla
işlənildikdə;
9.6.4.
fərdi məlumatların toplanılması və
işlənilməsi subyektin həyat və
sağlamlığını qorumaq üçün lazım
olduqda.
9.7.
Xüsusi kateqoriyalı məlumatların toplanılmasına
və işlənilməsinə, aşağıdakı hallar
istisna olmaqla, yol verilmir:
9.7.1.
xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi qanunla müəyyən olunmuş
hallarda məcburi xarakter daşıdıqda;
9.7.2.
xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü
maddəsində nəzərdə tutulmuş qaydada
açıq məlumatlar kateqoriyasına aid olduqda;
9.7.3.
xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi subyektin, digər şəxsin
və ya müvafiq şəxslər qrupunun həyat və
sağlamlığının qorunması üçün
zəruri olduqda və belə məlumatların əldə
olunması üçün subyektin
razılığının alınması mümkün olmadıqda;
9.7.4.
ictimai birliklərin və digər qeyri-kommersiya
təşkilatlarının üzvlərinə aid olan
xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi həmin təşkilatlar
tərəfindən öz qanuni məqsədlərinə nail
olmaq məqsədi ilə və üçüncü
şəxsə subyektin razılığı olmadan
verilməmək şərti ilə aparıldıqda.
9.8.
Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş
hallarda xüsusi kateqoriyalı məlumatların
toplanılması və işlənilməsi
səbəbləri aradan qaldırıldıqda həmin
məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi
kateqoriyalı məlumatların subyekti həmin
məlumatların informasiya sistemində saxlanmasına və ya
arxivə verilməsinə razılıq vermədikdə bu
məlumatlar təxirə salınmadan məhv edilməlidir.
9.9.
Mülkiyyətçi fərdi məlumatların
toplanılmasını və işlənilməsini müqavilə
əsasında, fərdi məlumatların mühafizəsinin
təmin olunması şərti ilə operatora həvalə
etmək və ya özü operator kimi fəaliyyət
göstərmək hüququna malikdir.
9.10.
Fərdi məlumatlara dair ümumi istifadəli və korporativ
informasiya sistemlərində toplanılmış və
işlənilən fərdi məlumatlar ödənişli
əsaslarla üçüncü şəxslərə
təqdim oluna bilər. Korporativ informasiya sistemlərində
toplanılmış və işlənilən fərdi
məlumatların ödənişli əsaslarla
üçüncü şəxslərə verilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
9.11.
Fərdi məlumatların korporativ informasiya
sistemlərində bu sistemlərdən istifadə etmək
hüququ olan istifadəçilərə xidmət
göstərilir.
9.12.
İnformasiya sistemlərində və ehtiyatlarında fərdi
məlumatların toplanılması, işlənilməsi,
sorğuların verilməsi və icrası,
ərizələrin qeydiyyatının və
baxılmasının nəticələri, habelə informasiya
sistemlərinin idarə olunması və mühafizəsi
ilə bağlı əməliyyatlar barədə qeydlərin
müvafiq nəzarət-audit jurnallarında toplanılması
mülkiyyətçi və ya operator tərəfindən
təmin olunur.
9.13.
Elmi və statistik tədqiqatlar həyata
keçirilərkən operator aldığı fərdi
məlumatları adsızlaşdırmalıdır.
Adsızlaşdırılmış məlumatların
işlənilməsi nəticələrinin dövlət sirri
təşkil edən məlumatlara aid edildiyi halda həmin
məlumatların qorunması dövlət sirri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq
həyata keçirilir.
9.14.
Fərdi məlumatların informasiya ehtiyatlarının
formalaşdırılması və informasiya sistemlərinin
yaradılması, onlara xidmətlərin göstərilməsi
yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilir.
Maddə
10. Mülkiyyətçinin və
operatorun vəzifələri
10.1.
Fərdi məlumatların toplanılması və
işlənilməsi zamanı mülkiyyətçinin
vəzifələri fərdi məlumatların
toplanılmasının və işlənilməsinin
qanuniliyini və təhlükəsizliyini təmin
etməkdən ibarətdir. Fərdi məlumatların
toplanılması və işlənilməsi, həmin
məlumatların mühafizəsinin tam təmin olunmaması
nəticəsində subyektə dəyən maddi və
mənəvi ziyan və onun həcmi məhkəmə
tərəfindən müəyyən edilir, qanunvericilikdə
nəzərdə tutulmuş qaydada mülkiyyətçi
tərəfindən ödənilir.
10.2.
Mülkiyyətçi fərdi məlumatların
toplanılması və işlənilməsi zamanı
operatorun vəzifələrini yerinə yetirdikdə, bu Qanunla
operator üçün müəyyən olunmuş
vəzifələr mülkiyyətçiyə şamil edilir.
10.3.
Operatorun vəzifələri bu Qanunla və Azərbaycan
Respublikası qanunvericiliyinin tələblərinə uyğun
olaraq operatorla mülkiyyətçi arasında
bağlanmış müqavilənin şərtləri ilə
müəyyən olunur.
10.4.
Fərdi məlumatların toplanılması və
işlənilməsi zamanı operatorun vəzifələri
fərdi məlumatların toplanılmasının və
işlənilməsinin qanuniliyini, onların
təhlükəsizliyini təmin etməkdən, habelə
mülkiyyətçi ilə bağlanmış
müqavilədən irəli gələn şərtləri
yerinə yetirməkdən ibarətdir.
10.5.
Operator Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada kəşfiyyat və
əks-kəşfiyyat, əməliyyat-axtarış
tədbirlərinin keçirilməsinə şərait
yaratmalı, müvafiq təşkilati və texniki
məsələləri həll etməli və bu tədbirlərin
keçirilməsində istifadə olunan üsulların
konfidensiallığına əməl etməlidir.
10.6.
Mülkiyyətçi müvafiq icra hakimiyyəti
orqanının bu Qanunla ona həvalə edilmiş
vəzifələrinin yerinə yetirilməsinə dair
tələblərini icra etməli və bu barədə 7
iş günü müddətində ona məlumat
verməlidir.
Maddə
11. Fərdi məlumatların
toplanılmasının xüsusiyyətləri
11.1.
Mülkiyyətçi və ya operator subyektdən yalnız
işlənilmə məqsədlərinə nail olmaq
üçün zəruri olan fərdi məlumatları almaq
hüququna malikdir.
11.2.
Mülkiyyətçi və ya operator fərdi
məlumatları toplayarkən subyektə
aşağıdakıları mütləq bildirməlidir:
11.2.1.
mülkiyyətçinin və ya operatorun kimliyini
müəyyənləşdirən məlumatlar;
11.2.2.
fərdi məlumatların işlənilmə məqsədi
və bu məqsədin hüquqi cəhətdən
əsaslandırılması;
11.2.3.
toplanılan və işlənilən fərdi
məlumatların informasiya sistemində mühafizə
səviyyəsi;
11.2.4.
informasiya sistemlərinin uyğunluq sertifikatının
mövcudluğu və dövlət ekspertizasından
keçirilməsi haqqında məlumat;
11.2.5.
fərdi məlumatların nəzərdə tutulan
istifadəçilərinin, o cümlədən məlumat
mübadiləsi aparılması nəzərdə tutulan
informasiya sisteminin dairəsi;
11.2.6.
subyektin bu Qanunla müəyyən olunmuş hüquqları
barədə məlumatlar.
11.3.
Fərdi məlumatların təqdim olunması qanunla
müəyyən olunmuşdursa, mülkiyyətçi və
ya operator subyektə fərdi məlumatların məcburi
şəkildə təqdim edilməsindən imtinanın
hüquqi nəticələri barədə məlumat
verməlidir.
Maddə
12. Subyektin sorğusu
12.1.
Mülkiyyətçi və ya operator ödənişsiz
olaraq subyektə onun haqqında məlumatları təqdim
etməli, eləcə də bu Qanunun 7.1-ci maddəsində
göstərilmiş hüquqlarını təmin
etməlidir.
12.2.
Subyekt bu Qanunun 7.1.5-ci və 7.1.6-cı maddələrində
göstərilmiş hüquqlarının təmin edilməsi
məqsədi ilə sorğu ilə müraciət
edərkən zəruri tədbirlərin görülməsi
üçün müvafiq sənədləri təqdim
etməlidir.
12.3.
Subyekt onun barəsində toplanılmış və
işlənilən məlumatlarla bağlı
mülkiyyətçiyə və ya operatora sorğu ilə
müraciət etdikdə, onun sorğusuna
mülkiyyətçi və ya operator tərəfindən
baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra
edilməli, həmin məlumatda digər şəxslər
barədə fərdi məlumatlar əks etdirilməməlidir.
12.4.
Mülkiyyətçi və ya operator subyektin verdiyi sorğuya
daxil olduğu gündən ən geci 7 iş günü
keçənədək cavab verməlidir, bununla bağlı
üçüncü şəxsə müraciət etmək
zərurəti yarandıqda sorğunun icra müddəti daha 7
iş günü uzadıla bilər.
12.5.
Mülkiyyətçi və ya operator subyektin sorğusu
əsasında fərdi məlumatlarla əlaqədar zəruri
tədbirlər (məlumatın dəqiqləşdirilməsi,
məlumatın toplanılmasına və
işlənilməsinə qadağan qoyulması və s.)
görməli, həmin tədbirlər barəsində
əvvəllər bu subyektə dair fərdi məlumatların
ötürüldüyü üçüncü
şəxsə 3 iş günü müddətində
məlumat verməlidir.
12.6.
Mülkiyyətçi və ya operator subyektin sorğusunun
icrasından qanunvericiliklə müəyyən edilmiş
əsaslarla imtina etdikdə subyektə sorğusunun
alındığı gündən 5 iş günü
keçənədək əsaslandırılmış cavab
verməlidir.
Maddə
13. Fərdi məlumatların
verilməsi
13.1.
Bu Qanunun 8.3-cü maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların
üçüncü şəxslər tərəfindən
mülkiyyətçiyə və ya operatora, eləcə
də onlar tərəfindən fərdi məlumatların
istənilən üçüncü şəxsə
verilməsinə yalnız subyektin yazılı
razılığı ilə yol verilir.
13.2.
Subyektin razılığı olmadan fərdi
məlumatların verilməsinə yalnız
aşağıdakı hallarda yol verilir:
13.2.1.
açıq kateqoriyalı fərdi məlumatlar verildikdə;
13.2.2.
konfidensial fərdi məlumatlar dövlət və ya yerli
özünüidarə orqanları tərəfindən onlara
həvalə edilmiş vəzifələrin icrası ilə
bağlı verildikdə və bu zaman fərdi
məlumatların informasiya sistemləri üçün
qanunvericiliklə müəyyən edilmiş
tələblərə əməl edildikdə;
13.2.3.
fərdi məlumatların verilməsi subyektin həyat və
sağlamlığının qorunması məqsədləri
üçün lazım olduqda və onun
razılığını təxirə salınmadan almaq
mümkün olmadıqda.
13.2-1. Vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə
tutan Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, bu
dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikası
ərazisində həyata keçirdikləri maliyyə
əməliyyatları barədə məlumatlar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
hədlərdə və qaydada birbaşa və ya
müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin
xarici dövlətlərin səlahiyyətli orqanlarına
verilir.[1]
13.3.
Fərdi məlumatların verilməsinə razılıq
subyekt tərəfindən geri çağırıla
bilər. Subyekt tərəfindən fərdi məlumatların
verilməsinə dair razılığın geri
çağırılması mülkiyyətçiyə, operatora
və üçüncü şəxslərə məlum
olduğu andan onlar həmin məlumatların verilməsini
dərhal dayandırmalıdırlar.
Maddə
14. Fərdi məlumatların
transsərhəd ötürülməsi
14.1.
Fərdi məlumatların transsərhəd
ötürülməsi bu Qanunla müəyyən olunan
tələblərə riayət edilməklə və bu
maddənin müəyyən etdiyi xüsusiyyətlər
nəzərə alınmaqla həyata keçirilir.
14.2.
Fərdi məlumatların transsərhəd
ötürülməsi aşağıdakı hallarda
qadağan edilir:
14.2.1.
Azərbaycan Respublikasının milli təhlükəsizliyi
üçün təhdid yaratdıqda;
14.2.2.
fərdi məlumatların ötürüldüyü
ölkənin qanunvericiliyi həmin məlumatların
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş səviyyədə hüquqi
mühafizəsini təmin etmədikdə.
14.3.
Subyektin fərdi məlumatların transsərhəd
ötürülməsinə razılıq verdiyi, habelə
fərdi məlumatların ötürülməsinin subyektin
həyat və sağlamlığının qorunması
üçün zəruri olduğu hallarda fərdi
məlumatların transsərhəd ötürülməsi
onların hüquqi mühafizəsi səviyyəsindən
asılı olmayaraq həyata keçirilə bilər.
14.4.
Fərdi məlumatların transsərhəd
ötürülməsi zamanı bu məlumatların
təhlükəsizliyi mülkiyyətçi və ya operator
tərəfindən təmin edilir.
V fəsil
FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI,
İŞLƏNİLMƏSİ VƏ
MÜHAFİZƏSİ SAHƏSİNDƏ DÖVLƏT
TƏNZİMLƏMƏSİ TƏDBİRLƏRİ
Maddə
15. Fərdi məlumatların
informasiya sistemlərinin qeydiyyatı
15.1.
Fərdi məlumatların informasiya sistemləri, o
cümlədən bu Qanunun qüvvəyə minməsinə
qədər mövcud olan informasiya sistemləri müvafiq icra
hakimiyyəti orqanında dövlət qeydiyyatından
keçməlidir. Fərdi məlumatların informasiya
sistemlərinin dövlət qeydiyyatına alınması
və dövlət qeydiyyatının ləğv edilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
15.2.
Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş
hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini
dövlət qeydiyyatından keçirmədən fərdi
məlumatların toplanılmasına və
işlənilməsinə yol verilmir.
15.3.
Aşağıdakı fərdi məlumatların informasiya
sisteminin dövlət qeydiyyatından keçirilməsi
tələb olunmur:
15.3.1.
dövlət sirri haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq dövlət sirrinə aid olan
fərdi məlumatların informasiya sisteminin;
15.3.2.
mülkiyyətçi və ya operatorla əmək
münasibətlərində olan subyektlərə aid və ya
onların iş ərazisinə buraxılması
üçün zəruri olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.3.
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş, fərdi məlumatların
işlənilmə məqsədindən və subyektlərin
sayına qoyulan maksimal həddən asılı olaraq,
dövlət qeydiyyatından keçirilməsi tələb
olunmayan hallarda yaradılan fərdi məlumatların informasiya
sistemlərinin.
15.4.
Fərdi məlumatların informasiya sisteminin dövlət
qeydiyyatı mülkiyyətçinin yazılı
müraciəti əsasında 1 ay müddətində
həyata keçirilir. İnformasiya sistemlərinin
dövlət reyestrinə daxil edilməsi üçün
həmin müraciətdə fərdi məlumatların
informasiya sistemi barədə aşağıdakı əsas
məlumatlar təqdim edilir:
15.4.1.
mülkiyyətçinin kimliyini
müəyyənləşdirən məlumatlar;
15.4.2.
informasiya sisteminin yaradılmasının hüquqi
əsasları;
15.4.3.
fərdi məlumatların işlənilmə məqsədi
və nəzərdə tutulan üsulları;
15.4.4.
informasiya sistemində işlənilən fərdi
məlumatların kateqoriyaları;
15.4.5.
subyektlərin kateqoriyaları;
15.4.6.
informasiya sisteminin istismarı zamanı
mülkiyyətçinin fərdi məlumatların
mühafizəsi ilə bağlı öhdəsinə
götürdüyü tədbirlərin ümumi təsviri;
15.4.7.
fərdi məlumatların toplanılmasına və
işlənilməsinə başlanıldığı tarix;
15.4.8.
fərdi məlumatların istifadəçilərinin
dairəsi;
15.4.9.
fərdi məlumatların toplanılmasına və
işlənilməsinə nəzarət və audit
mexanizmləri;
15.4.10.
digər əlaqəli informasiya sistemləri, həmin
sistemlərlə informasiya mübadiləsi üsulları
və mübadilə edilən məlumatların
kateqoriyaları;
15.4.11.
informasiya sistemlərindən istifadə olunmaqla əhaliyə
göstərilə bilən elektron xidmətlərin
əhatə dairəsi;
15.4.12.
subyektin bu Qanunun 7.1-ci maddəsində göstərilən
hüquqlarının təmin edilməsi qaydaları;
15.4.13.
digər dövlətlərə, habelə beynəlxalq
təşkilatlara transsərhəd ötürülən
fərdi məlumatların kateqoriyaları.
15.5.
Fərdi məlumatların informasiya sisteminin dövlət
qeydiyyatından keçirilməsi haqqında
müraciətdəki məlumatlarda dəyişiklik olduqda bu
barədə 3 iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanına yazılı surətdə
bildirilməlidir.
15.6.
Fərdi məlumatların informasiya sisteminin dövlət
qeydiyyatı ləğv edildikdə, həmin informasiya
sistemində olan məlumatlara dərhal qadağan qoyulmalı
və təxirə salınmadan müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada məhv edilməlidir.
Maddə
16. Fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestri
16.1.
Bu Qanunun 15.4-cü maddəsinə uyğun təqdim olunmuş
məlumatlar, fərdi məlumatların informasiya sisteminin
dövlət qeydiyyatı və ya dövlət
qeydiyyatının ləğv edilməsi ilə bağlı
məlumatlar müvafiq icra hakimiyyəti orqanının
apardığı informasiya sistemlərinin dövlət reyestrinə
daxil edilməlidir.
16.2.
Fərdi məlumatların informasiya sistemlərinin
dövlət reyestrinin aparılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur.
Maddə
17. Fərdi məlumatların
toplanılması, işlənilməsi və mühafizəsi
sahəsində müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətləri
17.1.
Müvafiq icra hakimiyyəti orqanı dövlət reyestrinə
daxil edilmiş informasiya sistemlərində fərdi
məlumatların toplanılmasının,
işlənilməsinin və mühafizəsinin bu Qanunun
tələblərinə, habelə məlumatların və
onların işlənilmə üsullarının informasiya
sisteminin bəyan olunmuş məqsədlərinə
uyğunluğunu yoxlayır.
17.2.
Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı
hüquqlara malikdir:
17.2.1.
bu Qanunla ona həvalə edilmiş vəzifələrin
həyata keçirilməsi zamanı qanunvericiliklə
müəyyən olunmuş qaydada
mülkiyyətçilərə və ya operatorlara
sorğular vermək, habelə dövlət orqanlarından,
mülkiyyətçilərdən və ya operatorlardan
ödənişsiz olaraq zəruri məlumatlar almaq;
17.2.2.
fərdi məlumatların informasiya sistemləri dövlət
qeydiyyatından keçirilərkən
mülkiyyətçinin verdiyi məlumatları, o
cümlədən informasiya sistemlərinin layihəyə
uyğunluğunu yoxlamaq, müəyyən olunmuş qaydada
informasiya sistemlərinin dövlət ekspertizasını
təşkil etmək;
17.2.3.
fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi ilə
məşğul olan dövlət orqanlarından, hüquqi
və fiziki şəxslərdən bu Qanunun
tələblərinin pozulması hallarının aradan
qaldırılmasını tələb etmək;
17.2.4.
fərdi məlumatların toplanılması,
işlənilməsi və mühafizəsi sahəsində
müvafiq qanunvericiliyin tələblərini pozmuş
şəxslərin müəyyən olunmuş qaydada məsuliyyətə
cəlb edilməsi üçün tədbirlər
görmək;
17.2.5.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər hüquqlardan istifadə
etmək.
17.3.
Müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyətini
həyata keçirərkən əldə olunan fərdi
məlumatların konfidensiallığını təmin
etməlidir.
17.4.
Müvafiq icra hakimiyyəti orqanının
hərəkətləri (hərəkətsizliyi) ilə
əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada şikayət
verilə bilər.
Maddə
18. Milli informasiya
məkanının fərdi məlumatlar üzrə
bölümü
18.1.
Milli informasiya məkanının fərdi məlumatlar
üzrə bölümünün
formalaşdırılması, istifadəsi və
inkişafı vahid elmi-texniki konsepsiya əsasında həyata
keçirilir.
18.2.
Fərdi məlumatların informasiya sistemlərinin milli
informasiya məkanında dayanıqlı və mühafizə
ilə təmin olunmuş şəkildə
qarşılıqlı fəaliyyət göstərməsi
və bu sahədə pərakəndəliyə yol
verilməməsi üçün onların təminat vasitələrində
informasiya texnologiyaları və təhlükəsizlik
standartları tətbiq edilir.
18.3.
Milli informasiya məkanının fərdi məlumatlar
üzrə bölümündə paylanmış
ayrı-ayrı informasiya sistemlərində eyni subyekt
barədə məlumatların
uzlaşdırılmasını, bu sahədə
pərakəndəliyin və təkrarlığın
qarşısının alınmasını təmin etmək
üçün fərdi identifikasiya nömrəsi tətbiq
olunur. Ayrı-ayrı mülkiyyətçilərin və müxtəlif
təyinatlı fərdi məlumatların informasiya
sistemlərinin və ehtiyatlarının
birləşdirilməsi, qanunvericiliklə müəyyən
edilmiş hallar istisna olmaqla, yolverilməzdir.
18.4.
Fərdi məlumatların informasiya sistemlərinə fərdi
identifikasiya nömrəsinin daxil edilməsi və istifadə
olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə
19. Fərdi məlumatlar
haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyət
Bu
Qanunun pozulmasında təqsirli olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 11 may 2010-cu il
¹ 998-IIIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, ¹ 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 773)
2.
3 aprel 2018-ci il
tarixli 1066-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 mart 2018-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 856)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul
2014-cü il, ¹ 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 773) ilə yeni məzmunda
13.2-1-ci maddə əlavə edilmişdir.
3 aprel 2018-ci il tarixli 1066-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart
2018-ci il, ¹ 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 856) ilə
13.2-1-ci maddədə “Azərbaycan Respublikası ilə digər
dövlətlər arasında bağlanmış”
sözləri “Vergi və
maliyyə məlumatlarının mübadiləsini
nəzərdə tutan Azərbaycan Respublikasının
tərəfdar çıxdığı” sözləri
ilə əvəz edilmişdir və həmin maddədən “birbaşa və ya” sözləri
çıxarılmışdır.