“Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq
edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası haqqında
Əsasnamə”də dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Təhsil sahəsində həyata keçirilən
islahatların təhsilin keyfiyyətinə təsirinin
təhlilinin, bu islahatların keçirilməsi
üçün real vəziyyəti əks etdirən statistik
araşdırmaların aparılmasının təmin
edilməsi üçün vahid elektron məlumat sisteminin
yaradılması zəruridir.
Bu sistemin yaradılmasının və ondan müvafiq
dövlət orqanları və təhsil
müəssisələri tərəfindən istifadənin
təmin olunması, həmçinin sistemin təşkilati-hüquqi
əsaslarının müəyyən edilməsi
məqsədi ilə qərara
alıram:
1. “Tələbə-məzun” dövlət elektron
məlumat sistemi haqqında Əsasnamə” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
2.1. qüvvədə olan qanunvericilik aktlarının
bu Fərmana uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3. ali və orta ixtisas təhsili
müəssisələrinin “Tələbə-məzun”
dövlət elektron məlumat sisteminə qoşulmamasına
və ya həmin təhsil müəssisələri
tərəfindən məlumatların sistemə vaxtında,
tam və ya düzgün daxil edilməməsinə
görə məsuliyyət müəyyən edən
qanunvericilik aktının layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Dövlət İmtahan
Mərkəzi “Tələbə-məzun”
dövlət elektron məlumat sisteminin yaradılması,
zənginləşdirilməsi və ondan səmərəli
istifadə olunmasının təmin edilməsi üçün
zəruri tədbirlər görsün. [1]
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
ali və orta ixtisas təhsili müəssisələrinin
“Tələbə-məzun” dövlət elektron məlumat
sisteminə qoşulmasının və həmin təhsil
müəssisələri tərəfindən
məlumatların sistemə vaxtında, tam və düzgün
daxil edilməsinin təmin olunması üçün
müvafiq tədbirlər görsün.
5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel
tarixli 219 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
294; 2006-cı il, ¹ 12, maddə 1047) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası haqqında
Əsasnamə”nin 6.4-cü bəndi çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 23 fevral 2010-cu il
¹ 225
|
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225
nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR |
“Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1. Bu Əsasnamə “Tələbə-məzun”
dövlət elektron məlumat sisteminin (bundan sonra – Sistem)
yaradılması, zənginləşdirilməsi və ondan
istifadə qaydalarını müəyyən edir. Sistemə
ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələri və məzunları,
həmçinin ali təhsil müəssisələrinin
magistrantları haqqında məlumatlar daxil edilir.
2. Sistemin yaradılması,
zənginləşdirilməsi və ondan səmərəli
istifadə olunmasının təmin edilməsi
məqsədilə proqram təminatının
yaradılması və mərkəzi serverin texniki
təchizatı Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzi (bundan sonra – Sistem
administratoru) tərəfindən aidiyyəti qurumlarla
əlaqəli həyata keçirilir. Sistemdə yalnız
lisenziyalı proqram-texniki və
sertifikatlaşdırılmış mühafizə
vasitələrindən istifadə edilir.[2]
3. Sistemi tələbə-məzun elektron məlumat
bazası və bu bazaya məlumatların daxil edilməsini,
dəyişdirilməsini, mühafizə edilməsini,
axtarışların aparılmasını və digər
əməliyyatların həyata keçirilməsini təmin edən
texniki-proqram kompleksi təşkil edir.
4. Sistemin istifadəçiləri ali və orta ixtisas
təhsili müəssisələri, həmçinin bu
Əsasnamənin 6-cı bəndində nəzərdə
tutulan dövlət orqanlarıdır.
5. Sistemə Azərbaycan Respublikasında
fəaliyyət göstərən bütün ali və orta
ixtisas təhsili müəssisələrinin qoşulması
məcburidir.
6. Sistemə aşağıdakı dövlət
orqanları bu Əsasnamə ilə müəyyən
edilmiş qaydada qoşula bilərlər:
6.1. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası;
6.2. Azərbaycan Respublikası Milli Məclisinin
Aparatı;
6.3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti;
6.3-1. Azərbaycan Respublikasının Prokurorluğu;[3]
6.4. Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi;
6.5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
6.5-1. Azərbaycan Respublikasının
Xarici Kəşfiyyat Xidməti;[4]
6.6. Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi;
6.7. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi;
6.8. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
6.9. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi;
6.10. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi;[5]
6.10-1. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi;[6]
6.10-2. Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;[7]
6.10-3. Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi;[8]
6.11. Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi;
6.11-1.
Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti.[9]
6.12. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya. [10]
II. Sistemin strukturu
7. Sistemin strukturuna Sistem administratorunda olan
mərkəzi server və hər bir istifadəçinin bu
sistemə qoşulmaq imkanına malik bir və ya bir
neçə işçi stansiya daxildir.
8. İstifadə olunacaq işçi stansiyaların
texniki təchizatı (avadanlıq və rabitə xidməti)
istifadəçilərin öz hesabına həyata
keçirilir.
9. Sistemdə istifadə olunacaq texniki vasitələrin
siyahısı və bu texniki vasitələr
üzərinə qoyulmuş tələblər Sistem
administratoru və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
tərəfindən müəyyən edilir.[11]
10. Tələbə-məzun elektron məlumat
bazası mərkəzi serverdə yerləşir.
11. Məlumat bazasının informasiya təminatı
Sistem administratoru, həmçinin ali və orta ixtisas
təhsili müəssisələri tərəfindən
həyata keçirilir.
III. İstifadəçilərin
sistemə qoşulması
12. Sistemə qoşulmaq üçün
müraciət ali və ya orta ixtisas təhsili
müəssisəsi, yaxud müvafiq dövlət orqanı
tərəfindən Sistem administratoruna göndərilir.
Müraciət etmiş qurumun sistemə qoşulması, ondan
istifadə etməsi və sistemin təhlükəsizliyinin
təmin edilməsinə dair texniki və texnoloji imkanları
Sistem administratoru tərəfindən yoxlanılır. Yoxlama
müsbət nəticə ilə başa çatdıqda bir
həftə ərzində mərkəzi serverə qoşulmaq
üçün işçi stansiyaların
müraciətdəki sayına müvafiq olaraq tələb
olunan istifadəçi adı, parolu və digər
bağlantı parametrləri Sistem administratoru
tərəfindən müəyyən edilir və müvafiq
proqram təminatı işçi stansiyalara
quraşdırıldıqdan sonra müraciət edənin
təyin etdiyi məsul şəxsə təhvil verilir.
IV. Sistem administratoru
13. Sistem administratoru mərkəzi serverdə
yerləşən məlumat bazasının
təhlükəsizliyinə cavabdehlik daşıyır.
14. Sistem administratoru:
14.1. sistemin fasiləsiz fəaliyyətini və
məlumat bazasına daxil edilən məlumatların
mühafizəsini təmin edir;
14.2. işçi stansiyalarla bağlantıların
təmin edilməsinə nəzarət edir;
14.3. işçi stansiyalarda sistemə qoşulmaq
üçün lazım olan proqram təminatının
yaradılmasını həyata keçirir;
14.4. mərkəzi serverə qoşulmaq
üçün müvafiq bağlantı parametrlərini
verir;
14.5. keçirilən imtahanlar nəticəsində ali
və orta ixtisas təhsili müəssisələrinə
qəbul olan şəxslər haqqında məlumatları
mərkəzi serverə daxil edir;
14.6. məlumatların işçi stansiyalardan
ötürülməsinə nəzarət edir;
14.7. bütün işçi stansiyalarda
çalışacaq operatorların proqram təminatından
effektiv istifadə olunması üçün treninq həyata
keçirir;
14.8. müvafiq statistik məlumatlar hazırlayır;
14.9. aşağıdakı hallarda işçi
stansiyanın fəaliyyətinin
məhdudlaşdırılmasına dair qərar qəbul edir
və onu icra edir:
14.9.1. serverə virus hücumları olduqda;
14.9.2. texniki problemlərin aradan qaldırılması
zamanı;
14.9.3. serverə səhv məlumatlar
göndərildikdə.
V. Sistemin istifadəçiləri
15. Təhsil müəssisəsi olan
istifadəçilər:
15.1. informasiyanın mühafizəsi və
doğruluğunu təmin etmək üçün məsul
şəxsi və məlumat axtarışını icra
edən və yeni məlumatları mərkəzi serverə
daxil edən operatoru (operatorları) təyin edir;
15.2. mərkəzi serverə tələbələri
və magistrantları haqqında aşağıdakı
məlumatları daxil edir:
15.2.1. soyad, ad və ata adında ola biləcək
dəyişikliklər;
15.2.2. akademik müvəffəqiyyət haqqında
məlumat;
15.2.3. ixtisas dəyişmələri;
15.2.4. təhsildə fasilələr;
15.2.5. tələbələr sırasından xaric
edilmələr;
15.2.6. bərpalar;
15.2.7. təkrar ali təhsil və ya orta ixtisas
təhsili alan şəxslər haqqında məlumatlar;
15.2.8. bir təhsil müəssisəsindən
digərinə köçürmələr, o
cümlədən təhsil müəssisəsinə xarici
ölkədən köçürülmüş
tələbələr haqqında məlumatlar;
15.2.9. təhsil müəssisəsinə qəbul
edilmiş əcnəbilər haqqında məlumatlar;
15.2.10. diplom əmrləri və diplom haqqında
məlumatlar.
16. Məsul şəxs Sistem administratoru ilə
birlikdə Sistemin fasiləsiz fəaliyyətini təmin edir
və məlumatların yenilənməsinə,
düzgünlüyünə, tamlığına və
mühafizəsinə görə cavabdehlik daşıyır.
Məsul şəxs təhsil müəssisəsindəki yeni
məlumatların tam və vaxtında (10 gün
ərzində) məlumat bazasına daxil edilməsini təmin
etməlidir.
17. Təhsil müəssisəsi olan
istifadəçilər mərkəzi serverdən onlara
verilmiş məlumata çıxış statusuna uyğun
olaraq öz işçi stansiyasında çalışan
operator vasitəsilə yalnız özlərinin
tələbələri, magistrantları və məzunları
barədə məlumatlara baxa və orada bu Əsasnamənin
15.2-ci bəndinə əsasən müvafiq əlavələr
və dəyişikliklər edə bilərlər.
18. Dövlət orqanı olan istifadəçilər
mərkəzi serverdən onlara verilmiş məlumata
çıxış statusuna uyğun olaraq öz
işçi stansiyasında çalışan operator
vasitəsilə yalnız müxtəlif növ
axtarışlar həyata keçirə bilər,
tələbələr, magistrantlar və məzunlar haqqında
məlumatlara baxa bilərlər. Dövlət orqanı olan
istifadəçilərə məlumat bazasına məlumat
daxil etmək və orada dəyişikliklər etmək
hüququ verilmir.
19. Məsul şəxs və ya operator işdən
çıxarıldığı təqdirdə
istifadəçi bu haqda Sistem administratoruna dərhal
məlumat verir, administrator isə məlumatın
mühafizəsini təmin etmək məqsədilə birinci
halda bütün, ikinci halda isə yalnız operatorun
çalışdığı işçi stansiyadakı
istifadəçi adını, parolu və digər
bağlantı parametrlərini dəyişdirir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 14 iyul 2010-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul
2010-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 07, maddə 621)
2. 14 may 2014-cü
il tarixli 164 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, ¹ 101)
3. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1027)
4. 3 aprel 2015-ci il
tarixli 494 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4
aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 373)
5. 5 iyun 2015-ci il
tarixli 548 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6
iyun 2015-ci il, ¹ 120, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 06, maddə 704)
6. 14 iyul 2015-ci il
tarixli 568 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15
iyul 2015-ci il, ¹ 151, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə 836)
7. 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17
avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384)
8. 16 may 2017-ci il tarixli 1401 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 805)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 may 2017-ci il tarixli 1401
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 805) ilə 3-cü hissədə “Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası” sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.
[2] 16 may 2017-ci il tarixli 1401
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 805) ilə “Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”nin 2-ci
hissədə “Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası”
sözləri “Dövlət
İmtahan Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.
[3]
14 iyul 2010-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul
2010-cu il, ¹ 150, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 07, maddə 621) ilə
Tələbə-məzun” dövlət elektron məlumat
sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 6.3-1-ci
bənd əlavə edilmişdir.
[4] 18 dekabr 2017-ci il tarixli 1738
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2017-ci il, ¹ 280, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab,
maddə 2306) ilə “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında
Əsasnamə”nin 6.5-ci yarımbəndində “Milli Təhlükəsizlik
Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə
əvəz edilmişdir və yeni məzmunda 6.5-1-ci
yarımbənd əlavə edilmişdir.
[5] 14 may 2014-cü
il tarixli 164 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, ¹ 101) ilə “Tələbə-məzun”
Dövlət elektron məlumat sistemi haqqında
Əsasnamə”nin 6.10-cu bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye”
sözləri ilə əvəz edilmişdir.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika” qəzeti, 17
avqust 2016-cı il, ¹ 178, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 8, maddə 1384) ilə 6.10-cu bənddən “və
Sənaye” sözləri
çıxarılmışdır.
[6] 5 iyun 2015-ci il tarixli 548 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 06, maddə
704) ilə “Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni
məzmunda 6.10-1-ci yarımbənd əlavə edilmişdir.
[7] 14 iyul 2015-ci il tarixli 568 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, ¹ 151, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 07, maddə
836) ilə “Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”yə yeni
məzmunda 6.10-2-ci yarımbənd əlavə edilmişdir.
[8] 30 oktyabr 2020-ci il tarixli 1171
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq”
qəzeti, 31 oktyabr 2020-ci
il, ¹ 226, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹10, maddə 1249) ilə “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında
Əsasnamə”yə yeni məzmunda 6.10-3-cü bənd
əlavə edilmişdir.
[9] 3 aprel 2015-ci il
tarixli 494 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 4
aprel 2015-ci il, ¹ 069, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 4, maddə 373) ilə “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında
Əsasnamə”yə yeni məzmunda 6.11-1-ci yarımbənd
əlavə edilmişdir.
[10] 16 may 2017-ci il tarixli 1401
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 19 may 2017-ci il, ¹ 106, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 805) ilə “Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.11-1-ci
bəndin sonunda nöqtəli vergül işarəsi
nöqtə işarəsi ilə əvəz edilmişdir
və 6.12-ci bənd ləğv edilmişdir.
[11] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1027) ilə “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında
Əsasnamə”nin 9-cu hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar”
sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə
1521) ilə “Tələbə-məzun” dövlət
elektron məlumat sistemi haqqında Əsasnamə”nin 9-cu
hissəsinə “Rabitə”
sözündən əvvəl “Nəqliyyat,”
sözü əlavə edilmişdir.