Şərəf və ləyaqətin müdafiəsi
barədə qanunvericiliyin məhkəmələr
tərəfindən tətbiq edilməsi təcrübəsi
haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI ALİ
MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI
İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Beynəlxalq Pakta görə insanın
şərəf və ləyaqəti onun iqtisadi, sosial və
mədəni hüquqlarının mənəvi
əsasını təşkil edir. Azərbaycan Respublikası
Konstitusiyasının 46-cı maddəsinə əsasən
şəxsiyyətin şərəf və ləyaqəti
dövlət tərəfindən qorunur, heç bir hal
şəxsiyyətin şərəf və ləyaqətinin
alçaldılmasına əsas verə bilməz.
Azərbaycan Respublikasının
vətəndaşları Konstitusiya ilə onlara verilmiş
fikir, söz, mətbuat, məlumat və yaradıcılıq
azadlıqlarını həyata keçirdikdə, bir qayda
olaraq, qanunlara riayət edir, başqalarının
hüquqlarına hörmətlə yanaşırlar. Bununla
bərabər, qeyd etmək lazımdır ki, bəzi
vətəndaşlar və kütləvi informasiya
vasitələri onlara verilmiş bu hüquq və
azadlıqlardan istifadə etdikdə başqalarının
şərəf və ləyaqətinə toxunan, onları
ləkələyən hərəkətlərə yol
verirlər. Bunun nəticəsində son illər
məhkəmələrdə vətəndaşların
şərəf və ləyaqətlərinin müdafiəsi
ilə əlaqədar işlərin sayı xeyli
artmışdır. Belə ki, 1997-ci ildə
məhkəmələrdə bu kateqoriyadan 30, 1998-ci ildə
56, 1999-cu ilin təkcə I rübündə 20-dən
artıq işə baxılmışdır.
Məhkəmə təcrübəsinin
öyrənilməsi göstərir ki,
məhkəmələr vətəndaşların
şərəf və ləyaqətlərinin müdafiəsi
ilə əlaqədar mübahisələri əsasən
düzgün həll edirlər. Bununla yanaşı, bəzi
məhkəmələr tərəfindən bu kateqoriya
işlərin baxılmasında və həllində
hələ də maddi və prosessual qanun pozuntularına yol
verilir. Qanunvericiliyin məhkəmələr
tərəfindən düzgün və eyni cür tətbiq
edilməsi məqsədilə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq
vətəndaşlar onların şərəf və
ləyaqətlərini ləkələyən, həqiqətə
uyğun olmayan məlumatların təkzib edilməsini
məhkəmə yolu ilə tələb edə
bilərlər.
Məhkəmələrə izah edilsin ki, Mülki
Məcəllənin 7-ci maddəsində müəyyən
olunmuş qaydada təşkilatların və
vətəndaşların işgüzar nüfuzu da
müdafiə oluna bilər.
2. Maraqlı şəxslərin tələbləri
üzrə vətəndaşın şərəf və
ləyaqətinin müdafiəsinə qanunla onun
ölümündən sonra da yol verilir.
Şərəf və ləyaqətin müdafiəsi
üçün nəinki barələrində
həqiqətə uyğun olmayan məlumatlar
yayılmış şəxslər, habelə həmin
məlumatların təkzib edilməsində öz maraqları
olan digər şəxslər (vərəsələr,
ailə üzvləri, qohumlar, şərik
müəlliflər və s.) də məhkəmədə
iddia qaddıra bilərlər.
3. Məhkəmələr şərəf və
ləyaqətin müdafiəsi barədə işlərə
baxarkən üç halı aydınlaşdırmalı
və onlara məcmu halında hüquqi qiymət verməlidir:
məlumatın vətəndaşların və
təşkilatların şərəf və ləyaqətini
ləkələməsi; həmin məlumatların doğru
olmaması; bu məlumatların yayılması.
Məhkəmələrə izah edilsin ki, məlumat
əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət
və ictimai fəaliyyətlə əlaqədar
cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı
şəxslər arasında vətəndaş
barəsində mənfi rəy yaradırsa, o, şərəf
və ləyaqəti ləkələyən məlumat hesab
edilir. Yol verdiyi nöqsanlara görə
vətəndaşın tənqid edilməsi onun şərəf
və ləyaqətinin ləkələnməsi kimi
qiymətləndirilə bilməz.
Məlumatın doğru olmaması dedikdə onun
həqiqətə uyğun olmaması, yəni yalan olması
anlaşılır.
Məlumat başqa şəxsə, bir neçə
şəxsə və yaxud qeyri-müəyyən
şəxslər dairəsinə bildirildikdə
yayılmış hesab edilir. Məlumat mətbuatda dərc
edilməklə, radio və televiziya verilişlərində
səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş
etdirilməklə, əsərlərdə təsvir
edilməklə, yığıncaq və toplantılarda
deyilməklə, məktub, ərizə və
şikayətlərdə göstərilməklə, idarə,
müəssisə və təşkilatlardan çıxan
sənədlərdə qeyd edilməklə və s.
üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə
təklikdə bildirilməsi həmin məlumatın
yayılması sayılmır.
4. Qanunla xüsusi şikayət verilmə qaydası
müəyyən edilmiş rəsmi sənədlərdə
(məsələn, məhkəmə, istintaq
orqanlarının qərarlarında və s. rəsmi
sənədlərdə) olan məlumatların təkzib
edilməsinə Azərbaycan Respublikası Mülki
Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə
rəsmi sənədlərdən şikayətlərə
müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət
və mülki-prosessual və s. qanunvericilik aktlarında)
müəyyən edilmiş qaydalarda baxılır. Lakin
cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında
işin materiallarına əsasən hazırlanıb
kütləvi informasiya vasitəsində istifadə olunmuş
yazılarda verilən məlumatlar maraqlı şəxslər
tərəfindən onların şərəf və
ləyaqətlərinin ləkələnməsi kimi
qiymətləndirildikdə bu cür iddialara da
şərəf və ləyaqətin müdafiəsi
qaydasında baxıla bilər.
5. Məhkəmələrin diqqətinə
çatdırılsın ki, başqası haqqında yalan
məlumat yayan şəxsin hərəkətində
cinayətin əlamətləri olduqda (təhqir, böhtan)
zərər çəkən şəxslər onun cinayət
məsuliyyətinə cəlb edilməsi barədə
ərizə ilə məhkəməyə müraciət
edə, həm də yalan məlumatın təkzib edilməsi
haqqında iddia qaldıra bilərlər.
Məhkəmələr şərəf və
ləyaqətin müdafiəsi barədə işlərə
baxarkən cavabdehin əməlində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 121-ci
maddəsinin III hissəsində nəzərdə tutulmuş
hərəkətləri müəyyən etdikdə hər
bir halda, həmin Məcəllənin 121-ci maddəsinin I
və II hissələrində və 122-ci maddəsində
nəzərdə tutulmuş hərəkətləri
müəyyən etdikdə isə Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə
uyğun olaraq zərər çəkənin və ya onun
nümayəndəsinin bu barədə şikayəti
olduğu hallarda cinayət işi başlaya bilər.
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 121-ci maddəsinin I və II
hissələri, 122-ci maddəsi üzrə cinayət işi
başlanmağın rədd edilməsi, başlanmış
cinayət işinin xitam edilməsi, habelə hökmün
çıxarılması mülki mühakimə icraatı qaydasında
şərəf və ləyaqətin müdafiəsini istisna
etmir.
6. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq
başqasının şərəf və ləyaqətini
ləkələyən məlumatların doğruluğunu
sübut etmək vəzifəsi iddiaçının deyil,
cavabdehin üzərinə düşür.
İddiaçı mənəvi ziyanın
ödənilməsini tələb etdikdə keçirdiyi
fiziki və mənəvi sarsıntıları sübut
etməlidir.
7. Vətəndaşın şərəf və
ləyaqətini ləkələyən məlumatlar
kütləvi informasiya vasitəsilə yayıldıqda,
onların həqiqətə uyğun olmaması sübut edildikdə
bu, kütləvi informasiya vasitəsində təkzib
edilməlidir.
Əgər işə baxılan vaxt cavabdeh
kütləvi informasiya vasitəsinin fəaliyyəti
dayandırılmış olarsa və ya onun istehsalına
və yayımına xitam verilərsə, yayılmış
məlumat haqqında hansı kütləvi informasiya
vasitəsində təkzib verilməsi və bunun qaydası
məhkəmə tərəfindən müəyyən edilir.
Bu zaman zərər çəkənin arzusu da
nəzərə alına bilər.
Şərəf və ləyaqətin müdafiəsi
hüququnun konstitusion hüquq olmasına əsaslanaraq
məhkəmələrə izah edilsin ki, maraqlı
şəxslər şərəf və
ləyaqətlərinin müdafiəsi üçün
kütləvi informasiya vasitəsinə təkzib vermək
barədə ilkin müraciət etmədən birbaşa
məhkəmədə iddia qaldıra bilərlər.
8. Kütləvi informasiya vasitəsində
yayılmış məlumatda vətəndaşın
şərəf və ləyaqətini ləkələyən
əlamətlər olmadıqda, lakin məlumat onun
mənafeyinə toxunduğu hallarda da vətəndaşın
bu məlumata dair cavabla həmin kütləvi informasiya
vasitəsində çıxış etmək hüququ
vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası
vətəndaşın tələbini təmin
etmədikdə, bundan qanunla müəyyən olunmuş qaydada
məhkəməyə şikayət etmək olar.
9. Məhkəmələrin diqtətinə
çatdırılsın ki, kütləvi informasiya
vasitəsində yayılmış şərəf və
ləyaqəti ləkələyən məlumata görə
kütləvi informasiya vasitəsinin redaksiyası və
yazının müəllifi cavabdeh kimi işə cəlb
edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə
kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh
kimi tanınmalıdır. Müəllifin və yaxud
redaksiyanın üçüncü şəxs kimi
işə cəlb edilməsi qanuna uyğun hesab edilmir.
Adsız və yaxud təxəllüslə dərc
edilən yazılarda şərəf və ləyaqəti
ləkələyən məlumatlar olduqda məlumatı
dərc edən kütləvi informasiya vasitəsi cavabdehlik
daşıyır. Məlumat divar qəzetində və ya
çoxtirajlı qəzetdə dərc edildikdə cavabdeh kimi
məlumatın müəllifi və həmin qəzet
orqanı olan hüquqi şəxs işə cəlb
edilməlidir.
Kütləvi informasiya vasitəsində
yayılmış materiallarda redaksiya və müəllifin
mövqelərinin üst-üstə düşməməsi
redaksiyanın məsuliyyətini istisna etmir.
Şərəf və ləyaqəti
ləkələyən məlumatlar xidməti
xasiyyətnamələrdə yazıldıqda
xasiyyətnaməni imzalayan vəzifəli şəxs və
xasiyyətnaməni verən təşkilat birgə cavabdehlik
daşıyır.
10. «Kütləvi informasiya vasitələri
haqqında» 21 iyul 1992-ci il tarixli Azərbaycan Respublikası
Qanununun 43-cü maddəsinə əsasən bu və ya
digər kütləvi informasiya vasitəsində
yayılmış, həqiqətə uyğun olmayan
məlumat rəsmi xəbərlərdə olmuşdursa;
informasiya agentliklərindən və ya dövlət
orqanlarının agentliklərindən və ya dövlət
orqanlarının, ictimai orqanın mətbuat
bölmələrindən alınmışdırsa; Milli
Məclisin iclasında deputatların, ictimai birliklərin
və siyasi partiyaların qurultaylarında, plenumlarında
nümayəndələrin çıxışlarında,
habelə dövlət orqanlarının və ictimai
orqanların vəzifəli şəxslərinin rəsmi
çıxışlarında olduğu kimi təkrar
edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə
gedən müəllif çıxışlarında, yaxud
qanuna uyğun olaraq redaktə edilməli olmayan
mətnlərdə yayılmışdırsa, bu məlumatlara
görə kütləvi informasiya vasitələri, habelə
jurnalist məsuliyyət daşımır. Lakin bu yollarla
yayılmış məlumatların da təkzib edilməsi
üçün maraqlı şəxslər
məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman
məhkəmə onlardan məlumat daxil olmuş
vətəndaşları və təşkilatları
işə cəlb etməli, həmin məlumatların
doğru olmasını sübut etmək vəzifəsini onların
üzərinə qoymalıdır.
11. Kütləvi informasiya vasitəsində istifadə
edilən materialda vətəndaşın şərəf
və ləyaqətinin ləkələnməsini təsdiq
edən əlamətin olub-olmamasını
müəyyənləşdirmək üçün
xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan
Respublikası Mülki-Prosessual Məcəlləsinin 73-cü
maddəsinə müvafiq olaraq bu barədə işə
mütəxəssis cəlb edə bilər.
12. Şərəf və ləyaqətin müdafiəsi
haqqında iddia təmin edildikdə məhkəmə
Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq
qətnamənin qərar hissəsində həqaqi
məlumatın nədən ibarət olmasını, hansı
məlumatın təkzib edildiyini, məlumatın təkzib
edilmə üsulunu (kütləvi informasiya vasitəsində
məlumat vermək, həqiqətə uyğun olmayan
sənədi dəyişmək, ictimaiyyət
qarşısında üzr istəmək və s.) və
qaydasını, zəruri olan hallarda isə təkzibin
mətnini, qətnamənin icra müddətini
göstərməlidir.
Həqiqətə uyğun olmayan məlumatın
təkzib edilməsi üsulu həmin məlumatların
yayılması üsuluna uyğun olmalıdır.
13. Vətəndaşlar şərəf,
ləyaqət, habelə işgüzar nüfuzlarının
müdafiəsi barədə qaldırdıqları iddialarda
həqiqətə uyğun olmayan məlumatların təkzib
edilməsi ilə bərabər, həm də onlara vurulmuş
maddi və mənəvi ziyanın ödənilməsini də
tələb edə bilərlər.
Vətəndaşların işgüzar
nüfuzlarının ləkələnməsi ilə
əlaqədar onlara vurulmuş mənəvi ziyanın
ödənilməsi qaydası hüquqi şəxslər barəsində
bu cür məlumatların yayılması hallarında da
tətbiq edilə bilər.
14. Məhkəmələrə izah edilsin ki,
mənəvi ziyanın tutulması, bir qayda olaraq,
vətəndaşların şəxsi qeyri-əmlak
hüquqlarının pozulması nəticəsində
tətbiq edilir. Vətəndaşların əmlak
hüquqlarının pozulması ilə əlaqədar
mənəvi ziyanın tutulmasına qanunvericilikdə
bilavasitə müəyyən olunmuş hallarda yol verilir.
Mənəvi ziyanın miqdarı pul ilə
ölçülməlidir. Mənəvi ziyanın
miqdarını müəyyən edərkən
məhkəmələr hər bir işə fərdi
yanaşmalı, məlumatın yayılma dairəsini,
iddiaçıya yetirilmiş mənəvi və fiziki
sarsıntıların xarakterini və dərəcəsini,
cavabdehin təqsirini və əmlak vəziyyətini, işin
sair diqqətəlayiq hallarını, habelə mənəvi
ziyanın ödənilməsi üçün cavabdehin real
imkanlarını və qətnamənin icrasının mümkünlüyünü
nəzərə almalıdırlar.
15. Vətəndaşların şərəf və
ləyaqətlərinin müdafiəsi haqqında
tələblər qeyri-əmlak xarakteri
daşıdığı üçün, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 85-ci maddəsinin
birinci hissəsinə müvafiq olaraq onlara iddia müddəti
aid edilmir. Lakin iddiaçı şərəf və
ləyaqətinin ləkələnməsi ilə
əlaqədar ona vurulmuş maddi ziyanın
ödənilməsi barədə tələb irəli
sürdükdə, bu tələbə qanunvericilikdə
müəyyən olunmuş ümumi iddia müddəti
şamil edilir.
16. İddiaçı şərəf və
ləyaqətin müdafiəsi tələbi ilə birlikdə
və yaxud müstəqil olaraq cavabdehdən mənəvi
ziyanın tutulması barədə məhkəmədə
iddia qaldırdıqda bu cür iddia ərizələrindən
dövlət rüsumu iddiaçının tələb etdiyi
məbləğdən asılı olmayaraq qeyri-əmlak
xarakterli iddialar üçün müəyyən edilmiş
miqdarda tutulmalıdır.[2]
17. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 122-ci maddəsinə müvafiq olaraq
şərəf və ləyaqətin müdafiəsi ilə
əlaqədar işlərdə bir neçə cavabdeh olduqda
(məsələn, kütləvi informasiya vasitəsinin
redaksiyası və məlumatın müəllifi)
məhkəməyə iddia ərizəsi
iddiaçının seçməsinə görə
cavabdehlərdən hər hansı birinin
yaşadığı və ya olduğu yerə görə
verilə bilər.
18. Məhkəmələrə
tapşırılsın ki, şərəf və
ləyaqətin müdafiəsi ilə əlaqədar
işlərin məhkəmə baxışına
hazırlanması, məhkəmə baxışı və
qətnamələrin icrasına diqqəti daha da
artırsınlar, vətəndaşların şərəf və
ləyaqətlərinin pozulması hallarının
qarşısını almaq üçün qanunvericilikdə
müəyyən olunmuş profilaktik tədbir və
vasitələrdən geniş istifadə etsinlər.
19. Azərbaycan Respublikasının Ali
Məhkəməsinə, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsinə, Bakı
Şəhər Məhkəməsinə
tapşırılsın ki, şərəf və
ləyaqətin müdafiəsi ilə əlaqədar
işlərə I instansiya, kassasiya və nəzarət qaydasında
baxdıqda bu sahədə qanunvericiliyin düzgün tətbiq
edilməsinə nəzarəti daha da gücləndirsinlər.
Nöqsanların aşkar edilməsi və aradan
qaldırılması üçün vaxtaşırı
ümumiləşdirmələr aparsınlar, icmal
məktubların tərtib edilməsi və müzakirəsi
təcrübəsindən geniş istifadə etsinlər.
20. Bu qərarın qəbul edilməsi ilə
əlaqədar olaraq SSRİ Ali Məhkəməsi Plenumunun
«Vətəndaşların və təşkilatların
şərəf və ləyaqətlərinin müdafiəsi
haqqında SSR İttifaqı və müttəfiq
respublikaların mülki qanunvericiliyi Əsaslarının 7-ci
maddəsinin məhkəmə təcrübəsində
tətbiq edilməsi barədə» 2 mart 1989-cu il tarixli
qərarı Azərbaycan Respublikasının ərazisində
qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Sədri
X.Hacıyev
Bakı
şəhəri, 14 may 1999-cu il
¹ 4
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1. 3 noyabr 2008-ci il tarixli 7 nömrəli
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı
(Azərbaycan
Respublikasının Ali Məhkəməsi Bülleteni, 2009-cu
il, ¹ 1)
2.
24 dekabr 2025-ci il
tarixli 20 nömrəli Azərbaycan
Respublikası Ali
Məhkəməsi Plenumunun Qərarı
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə qüvvədən düşmüş hesab
edilmişdir.
[2] 3 noyabr 2008-ci il tarixli 7
nömrəli Azərbaycan Respublikası Ali
Məhkəməsi Plenumunun Qərarı (Azərbaycan Respublikasının Ali Məhkəməsi
Bülleteni, 2009-cu il, ¹ 1) ilə qərarın 13, 14, 15,
16-cı bəndləri qüvvədən
düşmüş hesab edilmişdir.