Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Kollegiyasının Qərarı

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası R.U.Məmmədovun sədrliyi, kollegiya üzvləri Ə.Rüstəmov, İ.Nağıyev, Z.Hüseynovun iştirakı, C.Məmmədovun katibliyi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Əliyev Müslüm Qurban oğlu barəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin 8 may 2002-ci il tarixli qərarı əsasında qaldırılmış intizam icraatına dair işə baxaraq

 

MÜƏYYƏN ETDİ:

 

Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi M.Q.Əliyevin sədrliyi ilə məhkum R.M.Cəbrayılovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi barədə 30 yanvar 2002-ci il tarixdə qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri həmin qərarın qəbul edilməsində hakimin kobud qanun pozuntusuna yol verilməsini əsas göstərməklə onun barəsində intizam icraatı başlamışdır. Təqdim edilmiş materiallarından və hakimin izahatından görünür ki, Cəbrayılov Rasim Mərifət oğlu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3 dekabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunma cəzasına məhkum edilmiş, cəza çəkmək üçün Ədliyyə Nazirliyinin 10 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir.

Rasim Cəbrayılov həmin cəzaçəkmə müəssisəsinə 19 yanvar 2002-ci il tarixdə gətirilmiş, 10 gündən sonra, yəni 29 yanvar 2002-ci il tarixdə o, cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz olunması barədə məhkəməyə müraciət etmişdir. Nərimanov rayon məhkəməsinin hakimi Müslüm Əliyev 1 gündən sonra Rasim Cəbrayılovun ərizəsinə baxaraq onun cəzasının çəkilməmiş qalan 11 ay 13 günlük hissəsini azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etmişdir. Həmin işə məhkəmədə baxılarkən cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş, heç bir araşdırma aparılmamış, qərar yalnız məhkumun ərizəsinə və 10 saylı cəzaçəkmə müəssisəsinin təqdimatındakı məlumatlar əsasında çıxarılmışdır.

Qərarda göstərilir ki, Rasim Cəbrayılov müəssisəyə gətirildiyi gündən daxili rejim qaydalarına riayət etmiş, verilmiş tapşırıqları tələb olunan səviyyədə yerinə yetirmiş, aparılan abadlıq işlərində fəal iştirak etmiş, rəhbərlik tərəfindən mükafatlandırılmış, eyni zamanda o, törətdiyi cinayətdən peşmançılıq çəkir.

Müəssisədə cəmi 11 gün cəza çəkmiş məhkum barəsində məhkəmənin belə bir nəticəyə gəlməsini əsaslandıran heç bir sübut yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77.1-ci və Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddələrinə görə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmalıdır. Lakin bu mülahizə obyektiv olmalı, həqiqəti əks etdirməlidir.

Məhkəmə məhkum Rasim Cəbrayılovun cəzaçəkmə müəssisəsində cəmi 11 gün cəza çəkdiyini nəzərə alıb, müəssisə müdiriyyətinin mülahizələrinə obyektiv qiymət vermək üçün əlavə sübutlar tələb etməli olduğu halda bunu etməmişdir.

Məhkum Rasim Cəbrayılovun müəssisəyə nə vaxt gətirilməsi, müəssisədə hansı əmək fəaliyyətilə məşğul olması, konkret olaraq hansı fəaliyyətinə görə mükafatlandırılması və s. hallar da məhkəmənin qərarında göstərilməmişdir.

Rayon məhkəməsinin qərarı qanun pozuntuları ilə çıxarıldığı üçün Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən verilmiş protestə əsasən Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 12 fevral 2002-ci il tarixli qərarı ilə ləğv edilmiş, məhkum Rasim Cəbrayılov cəza çəkmək üçün 10 nömrəli cəzaçəkmə müəssisəsinə qaytarılmışdır.

Şərh edilənlərdən göründüyü kimi hakim Müslüm Əliyev tərəfindən kobud qanun pozuntularına yol verilmişdir.

Hakim M.Əliyev özü də faktı inkar etməyərək yol verdiyi qanun pozuntusunu təcrübəsinin az olması ilə əsaslandırdı.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası hakim M.Əliyevin barəsində intizam icraatının başlanmasını düzgün hesab edir.

Şərh edilənlərə əsasən ĞMəhkəmələr və hakimlər haqqındağ Azərbaycan Respublikası Qanununun 111-ci və 112-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam kollegiyası

 

QƏRARA ALIR:

 

Bakı şəhər Nərimanov rayon Məhkəməsinin hakimi Müslüm Qurban oğlu Əliyevə töhmət elan edilsin.

İntizam kollegiyasının qərarından 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İntizam Komissiyasına şikayət verilə bilər.

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

S.C.HƏSƏNOVA

Bakı şəhəri, 23 may 2002-ci il