Sahibkarlıq fəaliyyəti ilə
əlaqədar işlərə baxılarkən
məhkəmələr tərəfindən qanunvericiliyin
tətbiqi təcrübəsinin bəzi məsələləri
haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI ALİ
MƏHKƏMƏSİNİN PLENUMUNUN QƏRARI
Respublika məhkəmələri tərəfindən
sahibkarlıq fəaliyyəti ilə əlaqədar
baxılmış işlər üzrə məhkəmə
təcrübəsinin ümumiləşdirilməsinin
nəticələrini müzakirə edən Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu qeyd edir ki,
məhkəmələr tərəfindən sahibkarlıq fəaliyyəti
ilə əlaqədar işlərə əsasən
düzgün baxılır, həmin işlər üzrə
qanuni və əsaslı məhkəmə aktları qəbul
edilir.
Bununla yanaşı, bəzi hallarda, maddi və
prosessual hüquq normalarının pozulmasına, yaxud da
düzgün tətbiq olunmamasına, qanunun
tələblərinə uyğun olmayan məhkəmə
aktlarının qəbul edilməsinə də təsadüf
olunur. Belə ki, sahibkarlıq fəaliyyəti ilə
əlaqədar işlər üzrə iddia ərizələrinin
icraata qəbul olunmasında, aidiyyət
məsələlərinin həllində, apellyasiya və
kassasiya şikayətlərinin icraata qəbul olunmasında,
icarə və borc münasibətlərini nizama salan
qanunların tətbiqində səhvlərə yol verilir.
Həmin qəbildən olan cinayət
işlərinə baxılarkən, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
şəxslərə qanunsuz olaraq müəyyən
vəzifə tutma və müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
növündə cəzalar təyin edilir.
Təsadüfi deyil ki, «Sahibkarlığın
inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında»
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli
Fərmanında bu kimi nöqsanlara yol verilməsi,
məhkəmələr tərəfindən iqtisadi və
sahibkarlıq fəaliyyətinə dair mübahisələrin
həllində süründürməçilik və qeyri
obyektiv qərarların qəbul olunması, bunların
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
adamların haqlı narazılıqlarına səbəb
olması, sahibkarlıq təşəbbüsünün
reallaşmasına və daxili potensialdan daha dolğun
istifadə edilməsinə imkan verməməsi xüsusi qeyd
olunmuşdur.
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar
işlərə baxılmasında qanun pozuntularına və
nöqsanlara yol verilməsinin qarşısını almaq
və vahid məhkəmə təcrübəsi yaratmaq
məqsədi ilə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumu
QƏRARA ALIR:
1. Məhkəmələrə tövsiyyə edilsin
ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar
işlər üzrə aidiyyət mübahisələrini
həll edərkən, Azərbaycan Respublikası MPM-nin 25-27-ci
maddələrinin tələblərinə düzgün
əməl etsinlər. Nəzərə alınmalıdır
ki, hüquqi şəxsin təşkilati-hüquqi formasının
dəyişilməsi aidiyyətin dəyişdirilməsi
üçün əsas hesab edilə bilməz.
Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinin
tələblərinə görə aidiyyət
qaydalarının pozulmasına yol verilmir. Həmin
Məcəllənin 31.2-ci maddəsinə əsasən
aidiyyət qaydalarına əməl olunmaqla
məhkəmənin icraatına qəbul edilmiş iş,
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti
üzrə həmin məhkəmədə həll
edilməlidir. Belə ki, İqtisad Məhkəməsi
hüquqi şəxslər arasında olan mübahisə
üzrə iddia ərizəsini aidiyyət qaydalarına
əməl etməklə öz icraatına qəbul etmiş,
sonradan isə fiziki şəxs də həmin işə
qoşulmuşsa, belə halda işin icraatı ümumi
məhkəməyə aid olsa da, mahiyyəti üzrə
İqtisad Məhkəməsində həll edilməlidir.
Məhkəmənin aidiyyət qaydalarını pozmaqla işi
öz icraatına qəbul etməsi həmin maddənin
təsiri altına düşmür. Belə halda iddianın
baxılmamış saxlanmasına və iş üzrə
icraata xitam verilməsinə yol verilmir və Azərbaycan
Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən
iş qərardadla qısa müddət ərzində aid
olduğu məhkəməyə göndərilməlidir.
Yuxarı instansiya məhkəmələrinə
tövsiyyə edilsin ki, məhkəmələr
tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata
qəbul edilmiş işlər üzrə məhkəmə
qərarlarını ləğv etdikdə, işi aid
olduğu məhkəməyə göndərsinlər.
Belə halda, yuxarı instansiya məhkəməsi
tərəfindən iddianın baxılmamış
saxlanmasına və ya iş üzrə icraata xitam
verilməsinə yol verilmir.
2. Məhkəmələrə izah edilsin ki,
«Özəlləşdirilən dövlət
müəssisələrinin, aqrar islahatları
nəticəsində ləğv olunmuş və işğal
altında olan rayonların təsərrüfat subyektlərinin
borcları haqqında» 24 oktyabr 2000-ci il tarixli Qanuna
əsasən, borcların silinməsi məhkəməyə
aid deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11
iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş
«Özəlləşdirilən dövlət
müəssisələrinin, aqrar islahatları
nəticəsində ləğv olunmuş və işğal
altında olan rayonların təsərrüfat subyektlərinin
dövlət büdcəsinə, büdcədənkənar
dövlət fondlarına, qiymətləri (tarifləri)
dövlət tərəfindən tənzimlənən
məhsul, iş və xidmətlərin istehlakına
görə dövlət müəssisələrinə olan
borclarının və bu müəssisələrin
səhmlərinin nəzarət zərfi dövlətə
məxsus banklara olan, ödəmə vaxtı ötmüş
borclarının silinməsi və tənzimlənməsi
Qaydaları» nın 2.2-ci bəndinə əsasən həmin
borcların silinməsi Azərbaycan Respublikası Vergilər
Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fonduna tapşırılmışdır
(Hazırda Azərbaycan Respublikası Dövlət Əhalinin
Məşğulluğuna Kömək Fondu və
Əlilləri Sosial Müdafiə Fondu ləğv
edildiyinə görə, onların bu səlahiyyətləri
Dövlət Sosial Müdafiə Fonduna keçmişdir).
Həmin orqanların bu məsələ üzrə
qəbul etdikləri qərarlardan, habelə
hərəkətlərindən (hərəktsizliyindən)
isə məhkəməyə şikayət verilə
bilər.
İddia ərizəsi göstərilən orqanlara
müraciət olunmadan icraata qəbul edilmişdirsə,
Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə
müvafiq olaraq, iddiaçı işin qabaqcadan
məhkəmədən kənar həll edilməsi
barədə qanunla müəyyən edilmiş qaydada
əməl etmədiyindən və bu qaydanı tətbiq
etmək imkanı itirilmədiyindən, məhkəmə
ərizəni baxılmamış saxlayır.
3. Məhkəmələrə izah edilsin ki, onlar
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar
işlərə baxarkən, Azərbaycan Respublikası MPM-nin
14.1 maddəsinin tələblərinə əsasən,
həqiqətə nail olmaq üçün işin
hərtərəfli, tam və obyektiv tətbiqinə lazımi
şərait yaratmalı, işdə iştirak edən
şəxslərə prosessual hüquq və
vəzifələrini izah etməli, görüləcək,
yaxud görülməyəcək hərəkətlərin
nəticələri barədə onları xəbərdar
etməli, onların prosessual hüquqlarının həyata
keçməsinə kömək göstərməlidirlər.
Bunun üçün məhkəmələr
işdə iştirak edən şəxslərin
vəsatətinə əsasən, onların bilavasitə
əldə edə bilmədikləri sübutların (məlumatların)
toplanmasına köməklik göstərməli, zəruri
hesab etdiyi hallarda sorğular verməli, ekspertiza təyin
etməli, mübahisəli obyektə baxış
keçirməli, tərəflərin, eləcə də
işdə iştirak edən şəxslərin
mübahisə predimeti ilə əlaqədar tələb, irad,
təklif və etirazlarının
aydınlaşdırılması üçün qanunda
nəzərdə tutulmuş bütün
vasitələrdən istifadə etməlidirlər.
Azərbaycan Respublikası MPM-nin 47-ci maddəsində
nəzərdə tutulmuş hüquq və
vəzifələrin izah edilməsi, görüləcək,
yaxud görülməyəcək hərəkətlərin
nədən ibarət olması, məhkəmələrin bu
barədə etdiyi xəbərdarlığın hansı
formada həyata keçirilməsi məhkəmə iclas
protokolunda qeyd olunmalıdır.
Əgər apellyasiya şikayətində iş
üzrə çıxarılmış məhkəmə
qərarları (qətnamə, qərardad) ilə
yanaşı qarşılıqlı iddianın və yaxud
müstəqil iddia tələbinin əsaslarını
təşkil edən hallardan şikayət olunursa,
məhkəmə şikayət edən şəxsə,
eləcə də işdə iştirak edən
şəxslərə bu barədə iddia, yaxud da baxılan
işlə əlaqədar qarşılıqlı iddia
qaldırmaq hüquqlarının olmasını izah etməli,
görüləcək, yaxud görülməyəcək bu
kimi hərəkətlərin nəticələri
barədə onları xəbərdar etməlidir.
Məhkəmələr nəzərə
almalıdırlar ki, apellyasiya şikayətinə
şikayət olunan məhkəmə aktları ilə olmayan
mübahisə edilən müstəqil iddia tələbinin
mahiyyətinə dair qəbul ediləcək qərarda
münasibət bildirilməsi, gələcəkdə həmin
şəxsləri eyni əsaslarla iddia qaldırmaq
hüququndan məhrum etdiyi üçün yolverilməzdir.
Ona görə də, qəbul olunacaq qərarda aid olmayan yeni
tələblər üzrə işdə iştirak edən
şəxslərə mübahisə predmetinə dair qanunda
nəzərdə tutulmuş müraciət qaydası izah
edilməlidir.
4. İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin
77.3-cü maddəsinə əsasən, işdə olan
sübutlar əsasında işə baxmaq mümkün
olmadıqda, məhkəmə zəruri əlavə
sübutlar təqdim etməyi tərəflərə təklif
edə bilər. Sahibkarlıq fəaliyyəti ilə
əlaqədar olan mübahisələrə dair
işlərə baxılarkən, qanunun həmin
tələblərinə əməl edilməli, işin
düzgün həlli üçün zəruri olan
sübutların təqdim edilməsi bütün hallarda
tərəflərə təklif edilməlidir.
5. İzah edilsin ki, sahibkarlıqla əlaqədar
mübahisələrə baxılarkən mərkəzi icra
hakimiyyəti orqanlarının, bələdiyyələrin,
Milli Bankın yalnız müvafiq qaydada qeydiyyatına
alınmış normativ xarakterli aktlarına istinad edilə
bilər.
6. Məhkəmələrə tövsiyə edilsin ki,
Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə
əsasən, sübutların obyektiv, qərəzsiz,
hərtərəfli tam araşdırılmasını və
düzgün qiymətləndirilməsini təmin etsinlər.
7. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü
maddələrində nəzərdə tutulmuş
məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi ilə müəyyən edilmiş hal
dedikdə, qətnamənin təsviri hissəsində
göstərilmiş işdə iştirak edən
şəxslərin, şahidlərin göstərdikləri
və ya digər sənədlərdə əks olunan hallar
deyil, toplanmış sübutlara əsasən
məhkəmənin müəyyən etdiyi hallar
nəzərdə tutulmuşdur.
8. Məhkəmələrə tövsiyə edilsin ki,
sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan
mübahisələr üzrə iddia ərizələri
icraata qəbul edilərkən iddianın, iddianı
qaldırmağa səlahiyyəti olan hüquqi və ya fiziki
şəxs tərəfindən verilməsinə diqqəti
artırsınlar və səlahiyyəti olmayan
şəxslər tərəfindən qaldırılan iddiaların
qanunsuz olaraq icraata qəbul edilməsi hallarına yol
verməsinlər.
Hüquqi şəxsin rəhbəri
məhkəmədə nümayəndə kimi iştirak
etdikdə həmin hüquqi şəxsin nizamnaməsində
ona iddia üzərində sərəncam vermək
səlahiyyətinin verilib-verilməməsi
aydınlaşdırılmalı, Nizamnamədə ona belə
səlahiyyətlər verilmədikdə, həmin
hərəkətlərin yerinə yetirilməsi
üçün ondan qanunla müəyyən edilmiş qaydada
rəsmiləşdirilmiş etibarnamə tələb
olunmalıdır.
MPM-nin 151.1.6-cı maddəsinə görə,
müəyyən kateqoriya işlərdə iddiaçı
cavabdehlə mübahisənin məhkəməyə
qədər (pretenziya qaydasında) nizama salınmasına
riayət edilməsinə dair sənəd təqdim etmədikdə,
hakim iddia ərizəsini və ona əlavə edilmiş
sənədləri geri qaytarır.
İzah edilsin ki, mübahisənin
məhkəməyə qədər (pretenziya) nizama
salınması qaydası tərəflər arasında
mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə
müəyyən edilə bilər. Digər hallarda
mübahisənin məhkəməyə qədər
həllinin tələb olunmasına şəxslərin
məhkəməyə müraciət etmək hüququnun
pozulması kimi qiymətləndirilir.
Qeyd edilsin ki, iqtisad məhkəmələri
müqavilələr üzrə ixtilaflardan (müqavilə
qabağı mübahisələr) doğan
mübahisələrə yalnız qanunvericilikdə
göstərilən və tərəflərin
razılığı ilə müəyyən edilən
hallarda baxılır.
9. Məhkəmələrin diqqəti ona cəlb
edilsin ki, iddia müddətinin keçməsi iddia
ərizəsinin qaytarılması və onun qəbul
edilməsindən imtina edilməsinə əsas ola bilməz.
İddia ərizələrinin qaytarılması və onu
qəbul etməkdən imtina edilməsi Azərbaycan
Respublikası MPM-nin 152-153-cü maddələrində
nəzərdə tutulmuş hallarda mümkündür.
Ərizənin digər əsaslarla qaytarılması və
qəbulundan imtina edilməsi yolverilməzdir.
10. Məhkəmələrə izah edilsin ki,
vaxtaşırı (aylıq, rüblük və s.) icra
edilməli öhdəliklər üzrə iddia müddəti
hər bir ödəmə üçün ayrılıqda
hesablanmalıdır. Ödəmələr vahid borcun
ayrı-ayrı hissələri olduqda iddia müddəti
axırıncı ödəmədən hesablanmalıdır.
11. Məhkəmələr nəzərə
almalıdırlar ki, Azərbaycan Respublikası MM-nin 56-cı
maddəsinə əsasən hüquqi şəxslər
birləşdirildikdə onların hər birinin hüquq
və vəzifələri təhvil aktına uyğun olaraq
yeni yaranmış hüquqi şəxsə keçir.
Hüquqi şəxs digər hüquqi şəxsə
qoşulduqda, qoşulan hüquqi şəxsin hüquq və
vəzifələri təhvil aktına uyğun olaraq
əvvəlki, yəni başqasının qoşulduğu
hüquqi şəxsə keçir. Hüquqi şəxs
bölündükdə, onun hüquq və
vəzifələri bölünmə balansına uyğun
olaraq, verilən payına mütənasib qaydada yeni
yaranmış hüquqi şəxslərə keçir.
Hüquqi şəxsin tərkibindən bir və ya bir
neçə hüquqi şəxs ayrıldıqda, yenidən
təşkil edilmiş hüquqi şəxsin hüquq və
vəzifələri bölünmə balansına uyğun
olaraq onların hər birinə keçir. Bir növdən
olan hüquqi şəxs digər növdən olan hüquqi
şəxsə çevrildikdə, yəni təşkilati
hüquqi forması dəyişdikdə yeni təşkil
edilən hüquqi şəxsin hüquq və
vəzifələri, təhvil aktına uyğun olaraq, yeni
yaranmış hüquqi şəxsə keçir. MM-nin
59.1-ci maddəsinin tələblərinə görə,
hüquqi şəxs ləğv edildikdə onun hüquq
və vəzifələri hüquq varisliyi qaydasında
başqa şəxslərə keçmir. Hüquqi
şəxsin ləğvi isə, onun mövcudluğuna və
fəaliyyətinə xitam verilməsi deməkdir.
Nəzərə alınmalıdır ki, hüquqi
şəxslər birləşdikdə, birləşən
bütün hüquqi şəxslərin mövcudluğu itir,
onların bazasında yeni hüquqi şəxs yaranır.
Hüquqi şəxslərin qoşulması zamanı
başqasına qoşulan hüquqi şəxs ləğv
olunur, digəri isə mövcudluğunu saxlayır. Hüquqi
şəxslərin bölünməsi nəticəsində
bir neçə müstəqil hüquqi şəxs
yaranır. Hüquqi şəxsin ayrılması hallarında,
hüquqi şəxsdən əvvəlki hüquqi şəxs
qalmaqla yeni hüquqi şəxs əmələ gəlir.
Hüquqi şəxsin çevrilməsi dedikdə,
əvvəlki hüquqi şəxs mövcudluğunu itirir
və onun balansında yeni hüquqi şəxs
əmələ gəlir.
Məhkəmələr nəzərə
almalıdırlar ki, hüquqi şəxslərin
iddiaçı və ya cavabdeh qismində iştirak
etdikləri işlərə baxılarkən, hüquqi
şəxsin birləşdiyi, qoşulduğu və ya çevrildiyi
məlum olduqda, əsl tərəf kimi işə yalnız
yeni yaradılmış hüquqi şəxsin, hüquqi
şəxs bölündüyü və
ayrıldığı hallarda isə, yeni yaranmış
hüquqi şəxslərin birgə iddiaçı və ya
birgə cavabdeh qismində işə cəlb edilməsi
məsələsi müzakirə edilməlidir.
12. Tövsiyə edilsin ki, sahibkarlıq
fəaliyyəti ilə əlaqədar
mübahisələrə dair işlərə
baxılarkən, obyektivliyi təmin etmək məqsədilə
məhkəmələr iş üçün həlledici
əhəmiyyətə malik olan sənədlərin
(müqavilələr, ödəmə sənədləri,
nizamnamə, lisenziya, təsis müqaviləsi və s.)
əslini və yaxud notariat qaydasında təsdiq edilmiş
surətini tələb etsinlər.
13. Məhkəmələr maddi hüquq normalarının
tətbiqi zamanı qanunların zamana görə
qüvvəsini tənzimləyən Azərbaycan
Respublikası MM-nin 7-ci maddəsinin tələblərinə
düzgün əməl etməli və qanunun həmin
maddədə göstərilən tələblərinin
pozulması hallarına yol verməməlidirlər.
14. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə
əsasən, əmr icraatı qaydasında yalnız kreditorun
tələbinin aşkar olduğu və ya həmin
tələb borcunun mübahisə edilməyə
vəzifəsinə əsaslandığı hallarda baxıla
bilər. Məcəllənin 276.2.1-276.2.7-ci
maddələrində göstərilməyən və
mübahisə yarada bilən işlərə əmr
icraatı qaydasında baxılması hallarına yol
verilməməlidir.
15. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası MPM-nin 362, 364-cü
maddələrinə əsasən apellyasiya şikayəti
birinci instansiya məhkəməsinə təqdim edilir və
həmin məhkəmə tərəfindən işlə
birlikdə apellyasiya instansiyası məhkəməsinə
göndərilir. Ona görə də, sahibkarlıq
fəaliyyəti ilə əlaqədar olan işlər
üzrə apellyasiya şikayətinin qəbulu və
göndərilməsi üçün qanunla
müəyyən edilmiş həmin qaydalara əməl
edilməlidir. Apellyasiya şikayətinin bilavasitə apellyasiya
instansiya məhkəmələri tərəfindən qəbul
edilməsi qanunsuz sayılmaqla, birinci instansiya
məhkəməsinin həmin şikayətin qəbulu ilə
əlaqədar qanunla nəzərdə tutulan tədbirləri
görmək imkanından məhrum edir. Ona görə də,
apellyasiya şikayəti bilavasitə apellyasiya instansiyası
məhkəməsinə verdiyi halda, həmin
məhkəmə şikayəti işə baxan birinci
instansiya məhkəməsinə göndərməlidir.
Apellyasiya Məhkəmələrinə izah edilsin ki,
müddətin bərpası ilə əlaqədar
qərardadlardan verilən apellyasiya şikayətlərinə
baxarkən, qərardad tam və ya qismən ləğv
edildikdə, yaxud dəyişdirildikdə MPM-nin 398.0.2-ci
maddəsinə əsasən, 1-ci instansiya
məhkəməsinə göndərməlidirlər.
Qanunda işin kassasiya şikayətinə
əsasən kassasiya instansiyası məhkəməsinə
göndərilməsi üçün konkret müddət
müəyyən edilmədiyindən, zəruri prosessual hərəkətlərin
başa çatmasından sonra işin qısa müddət
ərzində kassasiya məhkəməsinə
göndərilməməsi, əsassız yubadılması
süründürməçilik kimi
qiymətləndirilməlidir.
16. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli
fərmanı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsi haqqında
Qaydalar»ın 1.5-ci bəndinə əsasən, lisenziyanın
sahibi ona verilən lisenziyadan yalnız özü istifadə
edə bilər və onu başqa şəxsə verə
bilməz, verilmiş lisenziyanın qüvvəsi lisenziya
sahibinin təsisçisi olduğu hüquqi
şəxslərə, habelə lisenziyanın sahibi ilə
birgə fəaliyyət, o cümlədən onunla
əməkdaşlıq barədə bağlanmış
müqavilə əsasında fəaliyyət
göstərən başqa şəxslərə şamil
edilmir.
Ona görə də, xüsusi razılıq (lisenziya)
əsasında əldə edilmiş hüquqların qanunsuz
girov qoyulmasına, alqı-satqısına, bağışlanmasına
dair və s. mübahisələrə baxılarkən
həmin qaydaların tələbləri rəhbər
tutulmalıdır.
17. «İcarə haqqında» Azərbaycan Respublikası
Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən,
icarə müqaviləsinin müddəti qurtardıqdan sonra
ona xitam vermək və ya onu dəyişdirmək haqqında
tərəflərdən heç birinin ərizəsi
olmadıqda, o, müqavilədə nəzərdə
tutulmuş eyni müddət üçün və eyni
şərtlərlə uzadılmış hesab edilir.
Müqavilə yeni müddət üçün
uzadılarkən, onun şərtləri tərəflərin
razılığı ilə dəyişdirilə bilər.
Məhkəmələrə izah edilsin ki, həmin
qaydada uzadılmış müqavilə müddəti
qurtardıqdan sonra da tərəflərin ərizəsi
olmadıqda icarə müqaviləsi yenidən eyni
müddətə bağlanmış hesab olunur.
18. Məhkəmələrin diqqəti ona cəlb
edilsin ki, Azərbaycan Respublikası MPM-nin 231-ci
maddəsində qətnamənin icrasına möhlət
verilməsi, qətnamənin icra üsulunun və
qaydasının dəyişdirilməsi nəzərdə
tutulmuşdur. Ona görə də, məhkəmə
yalnız möhlət verilməsi və qanunda
göstərilən sair hallar üzrə qərar qəbul
edə bilər. Qanunda konkret vaxt müəyyən
edilmədiyi üçün möhlətin verilməsi
müddəti ağlabatan olmaqla
əsaslandırılmalıdır.
İzah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 254
və 255-ci maddələrində nəzərdə tutulmuş
əsaslar olmadan iş üzrə icraatın
dayandırılması yolverilməzdir.
Həmin Məcəllənin 254.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslar üzrə icraat
dayandırıldıqda qəbul edilmiş qərarda bu
halı nəzərdə tutan konkret hüquq normasına
istinad edilməlidir.
19. Kassasiya instansiyası məhkəməsinin
qərarında şərh edilən göstərilən
həmin işə yenidən baxan məhkəmə
üçün məcburi hesab edilməsini nəzərdə
tutan Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə
əsasən, işə yenidən baxan məhkəmə
verilmiş göstərişlərə tam əməl
etməli, qəbul etdiyi qərarda həmin
göstərişlərlə əlaqədar gəldiyi
nəticəni əsaslandırmalıdır.
20. Məhkəmələrə izah edilsin ki,
Azərbaycan Respublikası CM-nin 46-cı maddəsində
nəzərdə tutulan müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum etmə
cəzası yalnız dövlət orqanlarında, yerli
özünüidarə orqanlarında konkret vəzifə
tutmanın və ya konkret peşə və ya digər
fəaliyyətlə məşğul olmanın qadağan
edilməsi barədə cəza növüdür. Ona
görə də, həmin cəza özəl sahənin
vəzifəli şəxslərinə təyin edilə
bilməz.
21. Məhkəmələrə izah olunsun ki,
məhkəmə aktları məhkəmə iclas protokoluna
əsasən tərtib olunduğuna görə,
məhkəmə iclasının və ya
məhkəmədən kənar ayrıca prosessual
hərəkətlərin protokolu işə baxmanın və
ayrıca prosessual hərəkətin bütün mühüm
anlarını əks etdirməlidir. Yerində müayinə
zamanı tərtib edilən protokollar MPM-nin 202-ci maddəsinin
tələblərinə uyğun olmalıdır. Həmin
Məcəllənin 272.1 və 272.2-ci maddələrinə
əsasən, hakim özü, məhkəmə iclasında
sədrlik edən və ya işə baxan məhkəmə
tərkibinin digər hakimi bütün məhkəmə iclas
protokollarını deyil, yalnız məhkəmə
iclasından kənar məhkəmənin qəbul etdiyi
prosessual hərəkətlər barədə protokolları
tərtib edə bilər.
22. Məhkəmələrə tövsiyə edilsin
ki, iqtisadi və sahibkarlıq fəaliyyətinə dair
mübahisələrin həlli ilə bağlı
qərarların qəbulunda qanunun aliliyini təmin etsinlər
və mübahisələrin baxılmasında
süründürməçilik hallarına yol
verməsinlər.
Dövlət müəssisələrinin hüquqi
və fiziki şəxslər qarşısında
öhdəliklərinin təmin edilməsi ilə bağlı
tələbin dövlət əmlakı hesabına
ödənilməsi barədə qərar qəbul
edərkən, dövlət əmlakının süni surətdə
müflisləşdirməklə əsassız olaraq
özgəninkiləşdirilməsinə yol
verməsinlər. Dövlət müəssisələri
ilə bağlı mübahisələrə baxılarkən,
dövlət marağını təmsil edən Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin işə
cəlb olunmasını təmin etsinlər.
23. Məhkəmələrə tövsiyə edilsin
ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar
mübahisələrə baxarkən sahibkarlığa
əngəl törədən, sahibkarların hüquqlarını
pozan və məhdudlaşdıran faktlar aşkar etdikdə,
belə hallara yol verən dövlət orqanlarının
və digər orqanların, vəzifəli şəxslərin
barəsində MPM-nin 265.1-ci maddəsində
nəzərdə tutulan qaydada xüsusi qərardadla
münasibət bildirsinlər. İşə baxarkən tərəflərin
və ya digər şəxslərin
hərəkətlərində cinayət
əlamətlərini aşkara çıxardıqda, MPM-nin
265.4-cü maddəsinə əsasən bu barədə
xüsusi qərardad çıxarmaqla prokurora məlumat
versinlər.
24. Azərbaycan Respublikasının apellyasiya və
kassasiya instansiyası məhkəmələrinə
tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə
əlaqədar mübahisələrə baxılarkən,
hər bir qanun pozuntusuna qarşı daha barışmaz
olsunlar, onların aradan qaldırılması üçün
əməli tədbirlər görsünlər,
süründürməçilik və qanunvericiliyin
tələblərinin kobudcasına pozulması halları
üzrə, eləcə də «Məhkəmələr və
hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 111-ci
maddələrində nəzərdə tutulmuş digər
hərəkətlərə yol vermiş hakimlər
barəsində xüsusi qərardad çıxarılmaqla,
intizam icraatı başlamaq səlahiyyəti olan
vəzifəli şəxsə məlumat verilməsini
təmin etsinlər.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Sədri
S.C.HƏSƏNOVA
Bakı
şəhəri, 25 mart 2003-cü il
¹ 3
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 fevral 2020-ci il
tarixli Azərbaycan
Respublikası Ali
Məhkəməsi Plenumunun Qərarı
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı ilə qüvvədən düşmüş hesab
edilmişdir.