«Təsdiq edilmişdir»

Azərbaycan Respublikasının Prezidenti

yanında Qiymətli Kağızlar üzrə

Dövlət Komitəsinin

04 avqust 2003-cü il tarixli Əmri ilə

təsdiq edilmişdir

Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi Qaydaları

1. Ümumi müddəalar [1]

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.

1.2 Bu Qaydalar Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerin fəaliyyətini tənzimləyir.

2. Əsas anlayışlar

2.1 Broker müqaviləsi - broker və müştəri arasında bağlanılan broker xidmətləri üzrə müqavilədir;

2.2. Daxili uçot sistemi - qiymətli kağızlarla aparılan əməliyyatlar haqqında məlumatların broker tərəfindən öz daxili uçotunda toplanması, ümumiləşdirilməsi və əks olunması sistemidir;

2.3. Eyniləşdirmə nömrəsi - broker tərəfindən hər müştəriyə verilən şəxsi koddur;

2.4. Müştəri - broker xidmətlərinin göstərilməsi haqqında brokerlə müqavilə bağlamış fiziki və ya hüquqi şəxsdir;

2.5 Müştərinin aktivləri - müştəriyə məxsus olan və brokerin daxili uçot sistemində nəzərə alınan qiymətli kağızlar və (və ya) pul vəsaitləridir;

2.6. Müştəri hesabı - müştərinin aktivləri və ya öhdəlikləri üçün brokerin daxili uçot sistemində açılmış hesabdır;

2.7. Tapşırıq - qiymətli kağızlarla alqı-satqı əməliyyatlarının aparılması üçün müştərinin brokerə tapşırığıdır.

3. Broker fəaliyyətinə tələblər

3.1. Broker eyni zamanda diler fəaliyyəti ilə məşğul olduqda, ona müştəri tərəfindən verilmiş sifarişdə diler fəaliyyətinin həyata keçirilməsi ilə bağlı apardığı əməliyyatlarla əqdin istiqaməti və qiymətli kağızların növü şərtləri eyni olduqda, o, ilk növbədə müştərilərinin tapşırıqlarını yerinə yetirməlidir.

3.2. Broker xidmətlərinin göstərilməsi brokerlə müştəri arasında tapşırıq və ya komissiya şərtləri ilə broker müqaviləsi əsasında həyata keçirilməlidir.

3.3. Komissiya və ya tapşırıq müqavilələrinin şərtləri broker müqaviləsində öz əksini tapmalıdır.

3.4. Tapşırıq müqaviləsinin şərti ilə broker müştərinin adından və onun hesabına, muzd müqabilində, müştərinin ona tapşırdığı qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlamağı və icra etməyi öhdəsinə götürməlidir.

3.5. Komissiya müqaviləsinin şərti ilə broker müştərinin tapşırığı ilə muzd müqabilində öz adından, lakin müştərinin hesabına qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlamağı və icra etməyi öhdəsinə götürməlidir.

3.6. Brokerin daxili uçotunun aparılması qaydaları müştərinin qiymətli kağızlarının alqı-satqısından əldə edilən pul vəsaitlərinin və ona məxsus qiymətli kağızların satışından daxil olan pul vəsaitinin ayrı-ayrılıqda uçotunun aparılmasını təmin etməlidir.

3.7. Broker müştərinin pul vəsaitini yalnız broker müqaviləsinin şərtlərinə görə, vəsaitin müştəriyə qaytarıldığı müddətə qədər istifadə edə bilər. Bu halda müştərinin vəsaitinin istifadəsindən alınan gəlirin bölüşdürmə qaydası müqavilədə öz əksini tapmalıdır.

3.8. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya müştəri ilə yazılı qaydada razılaşdırılmış hallar istisna olmaqla, broker öz fəaliyyətini həyata keçirdiyi müddət ərzində müştərinin fəaliyyəti ilə bağlı ona məlum olan məlumatları üçüncü şəxslərə açıqlamamalıdır.

4. Brokerin müştəriyə məlumatı verməsi qaydası

4.1. Broker müştərinin yazılı tələbi ilə ona aşağıdakı sənədləri və məlumatı təqdim etməyə borcludur:

4.1.1. qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün aldığı xüsusi razılığın (lisenziyanın) surətini;

4.1.2. dövlət qeydiyyatı haqqında sənədin surətini;

4.1.3. peşəkar iştirakçının fəaliyyətinin qaydalarını;

4.1.4. müvafiq əqdlərin bağlanması üçün təqdim edilən qiymətli kağızların buraxılışının dövlət qeydiyyatı haqqında məlumatı və bu buraxılışın dövlət qeydiyyat nömrəsini;

4.1.5. həmin qiymətli kağızların buraxılışı haqqında qərarda və onların emissiya prospektində olan məlumatları;

4.1.6. əgər həmin qiymətli kağızlar qiymətli kağızlar bazarında ticarətin təşkilatçılarının tədavülə buraxılma siyahısına (listinqə) daxil edilmişlərsə, müştərinin məlumatın təqdim edilməsi haqqında tələb irəli sürdüyü tarixə qədər 1 ay ərzində qiymətli kağızlar bazarında bu qiymətli kağızların qiymətləri (kotirovkaları) haqqında məlumatları, yaxud qiymətli kağızlar bazarında ticarətin təşkilatçılarının tədavülə buraxılma siyahısında (listinqində) həmin qiymətli kağızların olmaması barədə məlumatları;

4.1.7. müştərinin məlumatın təqdim edilməsi haqqında tələb irəli sürdüyü tarixə qədər 1 ay ərzində, broker tərəfindən həmin qiymətli kağızların alınma və satılma qiymətləri haqqında, yaxud bu cür əməliyyatların aparılmadığı barədə məlumatları.

4.2. Broker bu maddənin 4.1-ci bəndində göstərilən məlumatları müştəriyə yazılı formada verdiyinə görə ondan haqq tələb edə bilər. Bu haqqın məbləği tərəflərin razılığı ilə müəyyən edilir.

5. Müştərinin brokerə sənədləri verməsi qaydası

5.1. Broker müqaviləsi bağlanarkən fiziki şəxs olan müştəri aşağıdakı sənədləri brokerə təqdim etməlidir:

5.1.1. müştərinin anketi (əlavə ¹ 1);

5.1.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;

5.1.3. vəkalətnamə (olduqda).

5.2. Broker müqaviləsi bağlanarkən hüquqi şəxs olan müştəri aşağıdakı sənədləri brokerə təqdim etməlidir:

5.2.1. müştərinin anketi (əlavə ¹ 2);

5.2.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin

surəti;

5.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) surəti;

5.2.4. vəkalətnamə (olduqda).

5.3. Brokerin fond birjalarında, ticarətin təşkilatçılarında, klirinq təşkilatlarında, qiymətli kağızların sahiblərinin reyestrsaxlayıcılarında və depozitarilərdə hesabların açılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri olan digər sənədləri də müştəridən almaq hüququ var.

6. Broker müqaviləsinə dair tələblər:

6.1. Broker müqaviləsində aşağıdakı müddəalar əks olunmalıdır:

6.1.1. müqavilənin bağlandığı yer, tarix, tərəflərin adları, brokerin lisenziyasının nömrəsi və verilmə tarixi;

6.1.2. müqavilənin predmeti (broker fəaliyyətinin tapşırıq və ya komissiya müqaviləsinin şərtlərinin əsasında göstərməsi qeyd olunmalıdır);

6.1.3. tərəflərin hüquq və vəzifələri;

6.1.4. müqavilə üzrə hesablaşma və ödəniş qaydaları;

6.1.5. brokerin komisyon haqqı və əməliyyatlarla bağlı digər xərclərin ödənilməsi qaydaları;

6.1.6. müştərinin aktivlərinin qaytarılması qaydaları (o cümlədən, müştərinin və ya brokerin təşəbbüsü ilə əqdin bağlanmasından imtina halları üzrə zərərlərin ödənilməsi);

6.1.7. tərəflərin məsuliyyəti;

6.1.8. tərəflərin rekvizitləri.

6.2 Broker müqaviləsində müştəri özünə aid aşağıdakı əməliyyatların icra edilməsini brokerə tapşıra bilər və bu halda broker müştəri tərəfindən vəkil edilmiş şəxs kimi çıxış edir:

6.2.1. fond birjasında, ticarətin təşkilatçısında, qiymətli kağızların sahiblərinin reyestrsaxlayıcılarında və depozitarilərdə hesabların açılması və bağlanılmasını, onları identifikasiya edən məlumatların və rekvizitlərin dəyişdirilməsini, hesabların aparılması sistemində əks olunan məlumatlara dair sorğuların edilməsini, müştərinin hesablarından çıxarışların və sertifikatların alınmasını (silinməsi və ləğv edilməsini), müştərinin hesablarında keçirilən əməliyyatlar barədə hesabatların alınmasını;

6.2.2. depozitar müqaviləsinin bağlanmasını, dəyişməsini və xitam edilməsini.

6.3. Qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması məqsədi ilə broker qiymətli kağızlar bazarının öyrənilməsini, təhlilini, müştərilərə məsləhətlərin verməsini həyata keçirə bilər.

7. Müştərilərin tapşırıqlarının yerinə yetirilməsi

7.1. Broker müqaviləsinin bağlanılması zamanı broker müştəriyə eyniləşdirmə nömrəsi verir.

7.2. Broker müqaviləsi bağlandıqdan sonra broker müştərinin pul vəsaitlərinin və qiymətli kağızlarının uçotunun aparılması üçün öz daxili uçot sistemində müştəri üçün hesablar açır. Broker banklarda müştərinin pul vəsaitlərini öz pul vəsaitlərindən ayrı-ayrı hesablarda saxlamalıdır.[2]

7.3. Müştərinin pul vəsaitlərinin brokerə verilməsi brokerin hesabına köçürmə yolu ilə və ya kassaya nağd ödənilməsi yolu ilə həyata keçirilir.

7.4. Broker müqaviləsində göstərilən alqı-satqı xidmətlərini yalnız müştərinin tapşırığı əsasında həyata keçirir (Əlavə ¹ 3). Tapşırıq iki nüsxədə tərtib edilir və bir nüsxəsi brokerin tapşırığı qəbul etməsi barədə yazılı qeydlə və ixtisas şəhadətnaməsinə malik olan əməkdaşın imzası ilə müştəriyə qaytarılır.

7.5. Müştəri brokerə aşağıdakı sifariş növlərini verə bilər:

7.5.1. limitli qiymətlə sifariş - müştərinin təyin etdiyi qiymətdən yuxarı/aşağı olmamaq şərtilə qiymətli kağızları tapşırıqda göstərilən miqdarda almaq/satmaq;

7.5.2 bazar qiyməti ilə sifariş - alışın və ya satışın ən əlverişli qiymətilə qiymətli kağızları tapşırıqda göstərilən miqdarda almaq/satmaq.

7.6. Broker müqaviləsində müştəri brokerə qiymətli kağızların sahiblərinin reyestrsaxlayıcılarında və depozitarilərdə onun hesabları ilə əməliyyatların icra edilməsi səlahiyyətini verməyibsə, müştəri—qiymətli kağızların satıcısı tapşırıqdan əlavə brokerə qiymətli kağızlara sahiblik hüququnu təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.

7.7. Broker alqı/satqı müqaviləsini icra edənədək müştərinin qiymətli kağızlarının mövcudluğunu yoxlamaq hüququna malikdir.

7.8. Broker müştərilərin tapşırıqlarının qeydiyyat jurnalını aparmalıdır. Tapşırıq alınan gün jurnalda aşağıdakı qeydlər aparılmalıdır:

7.8.1. müvafiq qaydada təyin olunmuş tapşırıq nömrəsi;

7.8.2. tapşırıqların alınması tarixi və vaxtı;

7.8.3. müştərinin adı və eyniləşdirmə nömrəsi;

7.8.4. müştəri ilə bağlanmış müqavilənin nömrəsi və tarixi;

7.8.5. məsul şəxsin adı və soyadı;

7.8.6. müştərilərin qeydiyyat jurnalı digər məlumatı da özündə əks etdirə bilər.

7.9. Brokerə bir neçə müştərinin tapşırıqları daxil olduqda və onların şərtləri eyni olduqda broker həmin tapşırıqları onların qəbul edilməsi ardıcıllığı ilə həyata keçirməlidir.

7.10. Müştəri tapşırığının icra edilməmiş hissəsini tam və ya qismən ləğv edə bilər. Bu zaman broker tapşırığın ləğv edilmiş hissəsinin icrasını dərhal dayandırmalıdır.

7.11. Əqdin bağlanması üçün müştərinin vəsaiti çatmadıqda, çatışmayan vəsaitin müştərinin hesabına daxil olması anına qədər brokerin tapşırığı icra etməmək hüququ vardır.

7.12. Broker tapşırığı icra edə bilmədikdə, müştəriyə müqavilədə göstərilən müddət ərzində müştərinin tapşırığının icra edilməməsinin səbəblərini göstərməklə bildiriş təqdim edir.

8. Müştərinin aktivlərinin qaytarılması qaydası

8.1. Müştəri broker müqaviləsini ləğv etmədən, brokerə yazılı müraciət verərək, özünə məxsus olan aktivlərin hamısını və ya bir hissəsini geri götürmək hüququna malikdir.

8.2. Broker müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, broker müştərinin yazılı müraciətini aldıqdan sonra aktivləri 3 (üç) iş günü ərzində geri qaytarmalıdır.

8.3. Broker müqaviləsi ləğv olunduqda, həmçinin broker lisenziyası ləğv edildikdə, broker müştərinin hesabında olan aktivləri (broker müqaviləsinin icrası ilə bağlı xərclər və müştərinin öhdəlikləri istisna olmaqla) müştəriyə qaytarmalıdır.

9. Hesabatın müştəriyə təqdim edilməsi qaydası

9.1. Broker aparılmış əməliyyatlar haqqında hesabatı müştəriyə təqdim etməlidir.

9.2. Broker tərəfindən müştəriyə hesabatın təqdim edilməsi qaydaları broker müqaviləsi ilə müəyyən edilir.

9.3. Hesabat broker tərəfindən imzalanmalıdır və möhürü ilə təsdiqlənməlidir.

9.4. Brokerin aparılmış əqdlər barədə müştəriyə təqdim etdiyi hesabat aşağıdakıları özündə əks etdirməlidir:

9.4.1. hesabatın tərtib edilmə tarixi və əhatə etdiyi müddət;

9.4.2. müştərinin adı və eyniləşdirmə nömrəsi;

9.4.3. broker müqaviləsinin nömrəsi və tarixi;

9.4.4. qiymətli kağızlarla aparılmış əməliyyatların tarixi və vaxtı;

9.4.5. əqdin növü (alqı/satqı);

9.4.6. qiymətli kağızların növü, dövlət qeydiyyat nömrəsi;

9.4.7. qiymətli kağızın emitentinin adı;

9.4.8. bir qiymətli kağızın qiyməti;

9.4.9. qiymətli kağızların sayı;

9.4.10. qiymətli kağızlarla əqdlərin məbləği;

9.4.11. hesabat müddəti ərzində brokerin mükafatının məbləği;

9.4.12. hesabat müddəti ərzində brokerə ödənilmiş olan digər xərclərin məbləği.

9.4.13. hesabat dövrünün əvvəlinə və sonuna müştərinin hesablarında qiymətli kağızların və pul vəsaitinin hərəkəti, habelə onların qalığı haqqında məlumat.

9.4.14. əqdin bağlandığı yer (fond birjasının adı və s.).

10. Məsuliyyət

10.1. Bu Qaydaların müddəalarını pozan brokerlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

11. Qüvvəyə minmə qaydası

11.1. Bu Qaydalar təsdiq olunduğu gündən qüvvəyə minir.

 

Əlavə ¹-1

Müştərinin anketi

fiziki şəxs üçün

İdentifikasiya ¹-si _________________

1. A.A.S. _____________________________________________________________________

2. Vətəndaşlıq _______________________________________________________________

3. Şəxsiyyəti təsdiq edən sənəd:

seriyası________________________ nömrəsi _______________________

verildiyi tarix və yer _________________________________________________________

sənədi vermiş orqanın adı ___________________________________________________

4. Ünvan _____________________________________________________________________

5 Telefon, faks, E-mail _______________________________________________________

6. Bankda hesab nömrəsi (olduqda) ______________________________________________

7. İmzası _______________________________

 

Əlavə ¹-2

Müştərinin anketi

hüquqi şəxs üçün

İdentifikasiya ¹-si ________________

1. Hüquqi şəxsin adı __________________________________________________________ ______________________________________________________________________________

2. Ünvanı ____________________________________________________________________ ______________________________________________________________________________

3. Rəhbər şəxs (vəzifəsi,A.A.S.) _______________________________________________ ______________________________________________________________________________

4. Tapşırığı imzalamaq hüququ olan səlahiyyətli şəxs __________________________

5. hüquqi şəxsin rekvizitləri:

a) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ____________________________

b) bankın adı ________________________________________________________________

c) hesablaşma hesabının nömrəsi _____________________________________________

ç) müxbir hesabının nömrəsi __________________________________________________

6. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi _________________ ______________________________________________________________________________

7. Telefon, faks, E-mail _______________________________________________________

8. Rəhbər şəxsin imzası ___________________________________

M.Y.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 iyul 2008-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, ¹ 08)

2.       23 dekabr 2010-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2010-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri ilə ləğv edilmişdir.

 

[2] 29 iyul 2008-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, ¹ 08) ilə "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" Qaydalarının 7.2-ci bəndində ikinci cümlə əlavə edilmişdir.