Azərbaycan Respublikası adından
«Xəyal» kəndli-fermer
təsərrüfatının başçısı
Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə
dair işlər üzrə məhkəmə
kollegiyasının 08 yanvar 2004-cü il tarixli
qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
F.Abdullayev (sədrlik edən), F.Babayev, R.Qvaladze,
E.Məmmədov (məruzəçi-hakim),
İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət
tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Ə.Cəfərov və onun
nümayəndəsi R.Əhmədovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya
məhkəmə icraatı üzrə açıq
məhkəmə iclasında «Xəyal» kəndli-fermer
təsərrüfatının başçısı
Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin İqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmə kollegiyasının 08 yanvar 2004-cü il
tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi
sədr əvəzinin 06 dekabr 2004-cü il tarixli 2n-414 8i-11/04
saylı məktubuna əsasən konstitusiya işinə
cavabverən tərəfin—Ali Məhkəmənin
nümayəndəsinin iştirakı olmadan
baxılmışdır.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim
E.Məmmədovun məruzəsini, ərizəçi
Ə.Cəfərov və onun nümayəndəsi R.Əhmədovun
çıxışlarını dinləyib, iş
materiallarını araşdırıb müzakirə
edərək
MÜƏYYƏN ETDİ:
«Xəyal» kəndli-fermer təsərrüfatı
(bundan sonra—«Xəyal» KFT) iddia ərizəsi ilə
Azərbaycan Respublikası 3 saylı Yerli iqtisad
məhkəməsinə müraciət edərək
«Sabirabad-pambıq» Açıq Səhmdar
Cəmiyyətinə (bundan sonra—«Sabirabad-pambıq» ASC)
qarşı 1995—1996-cı illərdə bağlanmış
xam pambıq kontraktasiyası müqavilələri üzrə
yaranmış 129.340.000 (yüz iyirmi doqquz milyon üç
yüz qırx min) manat məbləğində borcun
tutulmasını və icranın cavabdehin əmlakına
yönəldilməsini xahiş etmişdir. İddia
ərizəsi 3 saylı Yerli iqtisad məhkəməsinin 27
iyun 2001-ci il tarixli qətnaməsi ilə təmin
edilmişdir.
Qanunvericilikdə müəyyən edilmiş prosessual
müddət ərzində şikayət verilmədiyindən
qətnamə qanuni qüvvəyə minmişdir. Lakin
qətnamə «Sabirabad-pambıq» ASC tərəfindən icra
edilmədiyindən, Məhkəmə
Nəzarətçiləri və Məhkəmə
İcraçıları Qrupunun təqdimatı
əsasında 3 saylı Yerli iqtisad məhkəməsinin 27
fevral 2003-cü il tarixli qərardadı ilə
«Sabirabad-pambıq» ASC-yə məxsus olan bəzi
avtonəqliyyat vasitələrinin və kənd
təsərrüfatı texnikalarının üzərinə
həbs qoyulmuşdur.
05 fevral 2003-cü il tarixdə isə (yəni
məhkəmə qətnaməsi qəbul olunduğu
gündən 1 il 7 aydan sonra) Azərbaycan Respublikası
İqtisadi İnkişaf Nazirliyinin Dövlət
Əmlakının İdarə Olunması və
Özəlləşdirilməsi Departamenti (bundan sonra—Əmlak
Departamenti) apellyasiya şikayəti verərək,
«Sabirabad-pambıq» ASC-nin səhmlərinin 29,02 faizinin
dövlət mülkiyyətində olmasına baxmayaraq,
işə cəlb edilmədiklərinə görə
«Sabirabad-pambıq» ASC-nin nizamnamə kapitalında
dövlət payının saxlanılması və idarə
edilməsi ilə bağlı hüquqlarının
pozulduğunu, buna görə də 3 saylı Yerli iqtisad
məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsinin
ləğv edilməsini, işə onun iştirakı ilə
baxılmaqla, yeni qətnamə qəbul olunmasını
xahiş etmişdir. Həmin məhkəmənin 06 fevral
2003-cü il tarixli qərardadı ilə apellyasiya
şikayəti baxılmadan geri qaytarılmışdır.
Qərardaddan narazı qalan Əmlak Departamenti,
Azərbaycan Respublikası İqtisad Məhkəməsinə
apellyasiya şikayəti ilə müraciət etmişdir.
«Xəyal» KFT Əmlak Departamentinin apellyasiya
şikayətini qəbul etməmiş və öz
mövqeyini onunla əsaslandırmışdır ki,
məhkəmə qətnaməsi qanunla nəzərdə
tutulmuş müddətdə işdə iştirak edən
şəxslərə göndərildiyi üçün
həmin qətnamə barədə səhmdarları
xəbərdar etmək vəzifəsi məhz
«Sabirabad-pambıq» ASC-nin üzərinə
düşürdü.
Azərbaycan Respublikasının İqtisad
Məhkəməsi 25 mart 2003-cü il tarixli qərardadı
ilə 3 saylı Yerli iqtisad məhkəməsinin 06 fevral
2003-cü il tarixli qərardadını
dəyişdirilmədən saxlayaraq, Əmlak Departamentinin
şikayətini təmin etməmişdir.
Azərbaycan Respublikası İqtisad
Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,
Mülki Prosessual Məcəlləsinin (bundan sonra—MPM) 357-ci
maddəsinə müvafiq olaraq, Azərbaycan
Respublikasının birinci instansiya məhkəmələri
tərəfindən qəbul olunmuş qanuni qüvvəyə
minməmiş qətnamə və qərardadlardan, həmin
Məcəllədə nəzərdə tutulmuş hallar
istisna olmaqla, tərəflər, üçüncü
şəxslər, xüsusi icraat işlərində
ərizəçilər və maraqlı şəxslər
apellyasiya şikayəti verə bilər. 3 saylı Yerli iqtisad
məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi
mülki iş üzrə cavabdeh qismində
çıxış edən «Sabirabad-pambıq» ASC-yə
poçt vasitəsilə göndərilmişdir.
«Sabirabad-pambıq» ASC MPM-in 360-cı maddəsində
nəzərdə tutulduğu kimi məhkəmə
qətnaməsi ona təqdim olunan (alınan) gündən 1 ay
müddətində apellyasiya şikayətini verməmişdir.
Əmlak Departamenti isə apellyasiya şikayətini
məhkəmə qətnaməsinin qəbul edilməsindən
1 il 7 ay sonra vermişdir. MPM-in 361.1.3-cü maddəsinə
görə apellyasiya şikayəti müəyyən
edilmiş müddət keçdikdən sonra verilmiş,
həmin Məcəllənin 130.1 və 130.3-cü
maddələrinə görə isə qanunla
müəyyən edilmiş müddət keçdiyi
üçün prosessual hərəkətləri etmək
hüququ da keçmiş hesab olunmalıdır.
Bundan sonra Əmlak Departamenti Azərbaycan
Respublikası Ali Məhkəməsinin İqtisadi
mübahisələrə dair işlər üzrə
məhkəmə kollegiyasına (bundan sonra—Ali Məhkəmənin
İMDİÜMK) müraciət edərək, apellyasiya
instansiyası məhkəməsinin qərardadının ləğv
edilməsini və işin yeni apellyasiya baxışına
göndərilməsini xahiş etmişdir.
Ali Məhkəmənin İMDİÜMK 22 may
2003-cü il tarixli qərarı ilə Əmlak Departamentinin
kassasiya şikayətini təmin edərək, Azərbaycan
Respublikası İqtisad Məhkəməsinin 25 mart 2003-cü
il tarixli qərardadını ləğv etmiş və
işi yenidən apellyasiya instansiyası
məhkəməsinə göndərmişdir.
İşə yenidən baxdıqdan sonra Azərbaycan
Respublikası İqtisad Məhkəməsinin 06 avqust
2003-cü il tarixli qərardadı ilə 3 saylı Yerli iqtisad
məhkəməsinin 06 fevral 2003-cü il tarixli
qərardadı ləğv edilmiş və Əmlak Departamenti
tərəfindən həmin məhkəmənin 27 iyun 2001-ci
il tarixli qətnaməsindən verilmiş apellyasiya
şikayəti mümkün hesab edilərək icraata qəbul
olunmuşdur. Məhkəmə, həmçinin Əmlak
Departamentinin mülki iş üzrə mübahisə predmeti
barədə müstəqil tələb irəli
sürməyən üçüncü şəxs
qismində cəlb olunmasını qət etmişdir.
Azərbaycan Respublikasının İqtisad
Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 11
iyun 2001-ci il tarixli, 495 saylı fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi haqqında» Əsasnamənin 10.82-ci
maddəsinə istinadən müəssisələrin
nizamnamə kapitalında dövlətə məxsus
payların (səhmlərin) saxlanılması və onların
idarə olunmasının təmin edilməsinin bilavasitə
İqtisadi İnkişaf Nazirliyinin funksiyalarına aid
olduğunu qeyd edərək, nazirliyin işə cəlb
edilməməsi nəticəsində 3 saylı Yerli iqtisad
məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi
ilə Nazirliyin «Sabirabad-pambıq» ASC-nin nizamnamə
kapitalında dövlət payının (səhmlərin)
saxlanılması və idarə edilməsi ilə
bağlı hüquqlarının pozulmasına gətirib
çıxaran qətnamə qəbul etdiyini
göstərmişdir.
Məhkəmə, həmçinin qeyd etmişdir ki,
1995—1996-cı illər ərzində təhvil verdiyi xam
pambığın dəyəri 30 dekabr 1997-ci il tarixli
üzləşmə aktı tərtib edildikdən sonra
ödənilmədiyindən həmin müddətdən
etibarən iddiaçı öz hüquqlarının
pozulduğunu bilmiş və iddia müddətinin axımı
da həmin vaxtdan başlandığından birinci instansiya
məhkəməsi üzürsüz səbəbdən buraxılmış
iddia müddətini bərpa etməklə maddi hüquq
normalarını pozmuşdur.
Yuxarıdakılara əsasən, Azərbaycan
Respublikasının İqtisad Məhkəməsi 26 avqust
2003-cü il tarixli qətnaməsi ilə Əmlak Departamentinin
apellyasiya şikayətini təmin edərək, 3 saylı
Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli
qətnaməsini ləğv etmiş və öz
qətnaməsinin icrasının dönüşünün
təmin edilməsi qərarına gəlmişdir. Bunun
üçün məhkəmə qət etmişdir ki, 3
saylı Yerli iqtisad məhkəməsinin 27 fevral 2003-cü il
tarixli qərardadı ilə üzərinə həbs
qoyulmuş cavabdehə məxsus kənd
təsərrüfatı texnikası «Sabirabad-pambıq»
ASC-yə qaytarılsın.
Azərbaycan Respublikası İqtisad
Məhkəməsinin qətnaməsindən narazı qalan
«Xəyal» KFT Ali Məhkəmənin İMDİÜMK-ya
kassasiya şikayəti ilə müraciət etmişdir. Ali
Məhkəmənin İMDİÜMK 08 yanvar 2004-cü il
tarixli qərarı ilə kassasiya şikayətini təmin
etməmiş, Azərbaycan Respublikası İqtisad
Məhkəməsinin 26 avqust 2003-cü il tarixli
qətnaməsini isə dəyişdirilmədən
saxlamışdır. Əlavə kassasiya qaydasında
iddiaçının şikayətinə isə Ali
Məhkəmənin sədrinin 21 may 2004-cü il tarixli
məktubu ilə cavab verilmişdir ki, əsas
olmadığına görə şikayət Ali Məhkəmənin
Plenumunun baxışına çıxarılmadan
saxlanılmışdır.
Bundan sonra «Xəyal» KFT-nin başçısı
Ə.Cəfərov Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinə müraciət edərək, Ali
Məhkəmənin İMDİÜMK-nın 08 yanvar
2004-cü il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra—Konstitusiya)
60-cı maddəsinin I hissəsinə, habelə Azərbaycan
Respublikası MPM-in 416 və 418-ci maddələrinə
uyğun olmadığına görə ləğv
olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
şikayətlə bağlı
aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Konstitusiyanın 60-cı maddəsi hüquq və
azadlıqların məhkəmə təminatını
əks etdirir. Bu maddədə təsbit olunmuş hər
kəsin məhkəmə müdafiə hüququnun həyata
keçirilməsi mövcud qanunvericiliklə müəyyən
olunur. Konstitusiya Məhkəməsinin öz qərarlarında
dəfələrlə bəyan etdiyi kimi, hər hansı bir
məhkəmə işinə mahiyyəti üzrə
baxılarkən, maddi və prosessual qaydalara riayət
edilməməsi Konstitusiyanın müddəalarının
pozulmasına gətirib çıxaran hal kimi
qiymətləndirilməlidir.
Məhkəmə müdafiə hüququ Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq hüquqi sənədlərdə də ədalətli
məhkəmə araşdırılması hüququ kimi
öz əksini tapmışdır. Belə ki, Mülki və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü
maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona
qarşı irəli sürülən hər hansı
cinayət ittihamına baxılarkən, yaxud hər hansı
bir mülki prosesdə onun hüquq və vəzifələri
müəyyənləşdirilərək işinə qanun
əsasında yaradılmış səlahiyyətli,
müstəqil və qərəzsiz məhkəmə
tərəfindən ədalətlə və açıq
baxılması hüququna malikdir. Eyni müddəa İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci
bəndində də öz əksini tapmışdır.
Həmin maddədə qeyd olunur ki, hər kəs onun mülki
hüquq və vəzifələri müəyyən
edilərkən və ya ona qarşı hər hansı
cinayət ittihamı irəli sürülərkən qanun
əsasında yaradılmış müstəqil və
qərəzsiz məhkəmə vasitəsilə ağlabatan
müddətdə işinin ədalətli və açıq
araşdırılması hüququna malikdir.
«Xəyal» KFT-nin başçısı
Ə.Cəfərovun konstitusiya şikayətində Ali
Məhkəmənin İMDİÜMK-nın 08 yanvar
2004-cü il tarixli qərarının məhkəmə
müdafiə hüququnun (ədalətli məhkəmə
araşdırılması hüququnun) pozulmasına
görə mübahisələndirilməsi
səbəbindən iddia müddəti, məhkəmə icraatında
mülki iş üzrə mübahisə predmeti barədə
müstəqil tələb irəli sürməyən
üçüncü şəxslərin iştirakı,
habelə apellyasiya şikayətinin verilməsi ilə
bağlı məsələlərə toxunulması
zərurətini yaradır.
«Xəyal» KFT və «Sabirabad-pambıq» ASC arasında
1995—1996-ci illərdə pambığın kontraktasiya
müqavilələri bağlanmışdır. Bu
müqavilələr üzrə bir tərəf («Xəyal»
KFT) öz vəzifəsini icra edərək ikinci
tərəfə («Sabirabad-pambıq» ASC) pambığı
təhvil vermiş, ikinci tərəf isə
pambığın əvəzinə birinci tərəfə
əvvəlcədən müəyyən olunmuş pul
məbləğini ödəməmişdir.
Tərəflərin razılığı ilə
yaranmış borc etiraf olunaraq sonradan ödənilməli idi.
Bununla bağlı mübahisəyə dair mülki
işin başlanması «Xəyal» KFT tərəfindən
məhkəməyə iddia verilməsindən sonraya
təsadüf edir. Nəzərə almaq lazımdır ki,
mülki hüquqda iddia müddəti (mülki
hüquqların müdafiəsi müddəti) öz
hüquqlarının məcburi həyata keçirilməsi
və ya müdafiəsi müddəti kimi başa
düşülür.
İş üzrə tətbiq olunmalı olan
1964-cü ildə qəbul edilmiş Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan
sonra—əvvəlki MM) 73-cü maddəsinə əsasən
hüququ pozulmuş şəxsin iddiası üzrə onun
hüquqlarını müdafiə etmək üçün
ümumi müddət (iddia müddəti) üç il,
dövlət təşkilatlarının, kolxozların və
kooperativlərin və s. ictimai təşkilatların
bir-birinə olan iddiaları üzrə iddia müddəti bir
il müəyyən edilir.
İddia müddətinin axımının
başlanması anının düzgün
müəyyənləşdirilməsi böyük
əhəmiyyət kəsb edir. Əvvəlki MM-in 78-ci
maddəsinə müvafiq olaraq, iddia müddətinin
axımı iddia hüququ əmələ gələn
gündən başlanır.
Mülki hüquqda qəbul olunmuş qaydaya
görə iddia müddətinin axımı şəxsin
öz hüququnun pozulduğunu bildiyi və ya bilməli
olduğu gündən başlanır. Azərbaycan
Respublikasının İqtisad Məhkəməsinin 26 avqust
2003-cü il tarixli qətnaməsindən
göründüyü kimi, iddia müddətinin axımı
«Xəyal» KFT və «Sabirabad-pambıq» ASC arasında borcu
təsdiqləyən birinci üzləşmə
aktının tərtib edildiyi tarixdən, yəni 30 dekabr
1997-ci ildən hesablanır. Lakin birinci instansiya
məhkəməsi tərəfindən müəyyən
olunmuş işin faktiki hallarından görünür ki, 1995—1996-cı
illərdə bağlanmış kontraktasiya
müqavilələri üzrə «Sabirabad-pambıq» ASC-nin
«Xəyal» KFT qarşısında yaranmış borcu,
həmçinin 23 dekabr 1999-cu il tarixdə tərəflər
arasında tərtib olunmuş üzləşmə aktında
da etiraf olunmuşdur. Belə olan halda aydındır ki,
tərəflər arasındakı hüquq
münasibətləri həmin andan
təzələnmişdir.
Lakin apellyasiya instansiyası məhkəməsi buna
diqqət yetirmədən tərəflər arasında
yalnız 1997-ci ildə tərtib olunmuş
üzləşmə aktını əsas
götürərək, iddia müddətinin
axımını həmin tarixdən hesablamışdır.
İddia müddəti ilə bağlı,
həmçinin nəzərə alınmalıdır ki,
əvvəlki MM-in 82-ci maddəsinin mənasına görə
keçirilmiş iddia müddətinin bərpası
məsələsi yalnız üzürlü
səbəblər olduğu halda tamamilə məhkəmənin
iradəsindən asılı olaraq həll olunur.
Təcrübədə belə səbəblər
müxtəlif ola bilər. Onları birləşdirən amil
ondan ibarətdir ki, bu səbəblər həmişə
iddiaçı ilə bağlı olur.
Birinci instansiya məhkəməsi tərəfindən
qəbul olunmuş qətnamədə keçirilmiş iddia
müddətinin bərpası üçün bir
neçə səbəbdən istifadə olunmuşdur. Bunlar
əsasən iddiaçının hüquqi savadının
olmaması, mütəmədi olaraq müxtəlif
dövlət hakimiyyəti orqanlarına müraciət
olunması və məhkəmə rüsumu ödəmək
üçün maddi imkanının olmaması ilə
bağlıdır.
Apellyasiya instansiyası məhkəməsi isə
həmin səbəbləri təhlil etmədən və bu
hissədə öz qərarını əsaslandırmadan
belə bir nəticəyə gəlmişdir ki, birinci
instansiya məhkəməsi üzürsüz
səbəbdən buraxılmış iddia müddətini
bərpa etməklə maddi hüquq normalarını
pozmuşdur.
«Xəyal» KFT-nin başçısı
Ə.M.Cəfərovun konstitusiya şikayətində,
həmçinin işə baxan məhkəmələr
tərəfindən Əmlak Departamentinin iş üzrə
müstəqil tələb irəli sürməyən
üçüncü şəxs qismində cəlb
olunması və MPM-də nəzərdə tutulmuş
prosessual müddətlərlə bağlı
müddəaların düzgün tətbiq edilməməsi
mübahisələndirilmişdir.
Bununla əlaqədar olaraq, ilk növbədə,
mülki iş üzrə cavabdeh qismində
çıxış edən «Sabirabad-pambıq» ASC-nin
hüquqi statusuna aydınlıq gətirilməlidir.
1 sentyabr 2000-ci il tarixdən qüvvəyə
minmiş MM-in (bundan sonra—yeni MM) 43.1-ci maddəsinə
görə hüquqi şəxs qanunla
müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından
keçmiş, xüsusi yaradılmış elə bir qurumdur
ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla
cavabdehdir, öz adından əmlak və şəxsi
qeyri-əmlak hüquqları əldə etmək və
həyata keçirmək, vəzifələr daşımaq,
məhkəmədə iddiaçı və ya cavabdeh olmaq
hüququna malikdir.
Yeni MM-in 98.1-ci maddəsinə müvafiq olaraq,
nizamnamə kapitalı müəyyən sayda
səhmlərə bölünmüş cəmiyyət
səhmdar cəmiyyəti sayılır. «Sabirabad-pambıq» ASC
də təşkilati-hüquqi formasına görə
açıq səhmdar cəmiyyətidir və müstəqil
hüquqi şəxsdir.
Bu maddəyə əsasən səhmdar
cəmiyyətinin iştirakçıları (səhmdarlar)
onun öhdəlikləri üçün cavabdeh deyildirlər
və cəmiyyətin fəaliyyəti ilə bağlı
zərər üçün onlara mənsub səhmlərin
dəyəri həddində risk daşıyırlar.
Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il
tarixli, 208-IQ saylı Qanunu ilə təsdiq edilmiş
«Dövlət müəssisəsinin səhmdar
cəmiyyətinə çevrilməsinin Qaydaları
haqqında» Əsasnamənin 7.3-cü bəndinə
əsasən dövlət müəssisəsinin
özəlləşdirmə prosesində səhmdar
cəmiyyətinə çevrilməsi nəticəsində
təsis edilmiş səhmdar cəmiyyəti dövlət
qeydiyyatına alındığı andan nazirliklərin,
dövlət komitələrinin, konsernlərin,
şirkətlərin, birliklərin, digər sahə
idarəetmə və yerli icra hakimiyyəti orqanlarının
tabeliyindən çıxır (səhmlərin nəzarət
zərfi dövlətin mülkiyyətində saxlanılan
hallar istisna edilməklə).
Yeni MM-in 107.5-ci maddəsində nəzərdə
tutulur ki, səhmdar cəmiyyətinin idarəetmə
orqanlarının səlahiyyətləri, habelə onların
qərarlar qəbul etməsi və cəmiyyətin adından
çıxış etməsi qaydası bu Məcəlləyə
və cəmiyyətin nizamnaməsinə uyğun olaraq
müəyyənləşdirilir.
«Sabirabad-pambıq» ASC-nin məhkəmələrdə
cavabdeh qismində çıxış etməsi onun
nizamnaməsinə uyğun olaraq həyata
keçirilmişdir.
Onun səhmdarlarından biri olan Əmlak Departamentinin
«Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi haqqında» Əsasnamənin 10.82-ci maddəsinə
istinadən mübahisə predmeti barədə müstəqil
tələb irəli sürməyən üçüncü
şəxs qismində işə cəlb edilməsi və
tanınması mülki qanunvericilik normaları ilə
ziddiyyət təşkil edir.
Analoji yanaşma BMT-nin Beynəlxalq Ədalət
Məhkəməsi tərəfindən Belçikanın
İspaniyaya qarşı 1970-ci il Barselona Trekşn işi
üzrə qərarın 46-cı paraqrafında tətbiq
edilmişdir. Belə ki, Beynəlxalq Ədalət
Məhkəməsi hüquqi şəxsin hüquqları
və onun səhmdarlarının maraqları arasında
fərqləndirmə aparmışdır. Məhkəmə
qeyd etmişdir ki, hüquqi şəxsin hüquqları
pozulduqda, onun məsuliyyəti məhz hüquqi şəxs
qismində yaranır.
Konstitusiya şikayətində, həmçinin qeyd
olunur ki, 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun
2001-ci il tarixli məhkəmə qətnaməsinin qəbul
edilməsindən 1 il 7 ay sonra apellyasiya şikayətinin
qəbul edilməsi və ona mahiyyəti üzrə
baxılması mülki-prosessual qanunvericiliyin bir sıra
normaları ilə uzlaşmır. Məsələnin
təhlili üçün həmin qanunvericiliyin bəzi
maddələrinin müddəaları nəzərdən
keçirilməlidir.
MPM-in 357.1-ci maddəsinə müvafiq olaraq
Azərbaycan Respublikasının birinci instansiya
məhkəmələri tərəfindən, qəbul
olunmuş qanuni qüvvəyə minməmiş qətnamə
və qərardadlardan həmin Məcəllədə
nəzərdə tutulmuş hallar istisna olmaqla
tərəflər, üçüncü şəxslər,
xüsusi icraat işlərində ərizəçilər
və maraqlı şəxslər apellyasiya şikayəti
verə bilər.
MPM-in 360-cı maddəsinə görə apellyasiya
şikayəti məhkəmə qətnaməsi təqdim
olunan (alınan) gündən 1 ay müddətində
verilə bilər.
MPM-in 233.1-ci maddəsində göstərildiyi kimi,
məhkəmə qətnaməsindən şikayət
verilməmişdirsə, qətnamə qəbul edildiyi
gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə
minir.
Mülki işin materiallarından
göründüyü kimi, 3 saylı Yerli iqtisad
məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi
qanunvericiliyin tələblərinə uyğun
məhkəmə icraatının
iştirakçılarına (tərəflərə)
poçt vasitəsilə göndərildiyinə və
apellyasiya şikayəti verilmədiyinə görə o,
prosessual müddəalara əsasən qüvvəyə
minmişdir. Əmlak Departamenti isə apellyasiya
şikayətini qətnamənin qəbul edilməsindən 1
il 7 ay sonra vermişdir. Bu hal əvvəlcə birinci və
apellyasiya instansiyası məhkəmələri
tərəfindən apellyasiya şikayətinin verilməsi
müddətinin keçirilməsi kimi qiymətləndirilərək,
şikayətin baxılmadan saxlanılmasına səbəb
olmuşdur.
Ali Məhkəmənin İMDİÜMK 22 may
2003-cü il tarixli qərarında isə qeyd edilmişdir ki,
Əmlak Departamenti qətnamənin ona təqdim olunan andan
dərhal apellyasiya şikayəti verdiyindən İqtisad
Məhkəməsinin 25 mart 2003-cü il tarixli
qərardadında Əmlak Departamenti tərəfindən
prosessual müddətləri keçirməklə apellyasiya
şikayətinin verilməsinə istinad olunması
əsassız hesab olunmalıdır.
Lakin məsələ ilə bağlı onu da
nəzərə almaq lazımdır ki, MPM-in 57.1-ci
maddəsinin müddəalarına müvafiq olaraq,
mübahisə predmeti barəsində müstəqil
tələblər irəli sürməyən
üçüncü şəxslər iş üzrə
birinci instansiya məhkəməsi tərəfindən
qətnamə çıxarılana qədər, bu
qətnamə tərəflərdən birinə
münasibətdə onların hüquq və vəzifələrinə
təsir edə biləcəyi təqdirdə, prosesdə
iddiaçının və ya cavabdehin tərəfində
iştirak edə bilərlər. Onlar işdə iştirak
edən şəxslərin vəsatəti üzrə və ya
məhkəmənin təşəbbüsü ilə
işdə iştirak etməyə cəlb oluna
bilərlər.
Göstərilən maddəyə görə mübahisə
predmeti barəsində müstəqil tələblər
irəli sürməyən üçüncü
şəxslərin məhkəmə icraatında
iştirakı aşağıdakı şərtlərə
əməl edildikdə mümkündür: 1) qəbul oluna
biləcək məhkəmə qətnaməsi
üçüncü şəxslərin hüquq və
vəzifələrinə təsir edə bilərsə; 2)
üçüncü şəxslərin iştirakı
iddiaçının və ya cavabdehin tərəfində
həyata keçirilərsə; 3) üçüncü
şəxslərin iştirakı iş üzrə birinci
instansiya məhkəməsi tərəfindən qətnamə
çıxarılana qədər başlanmışdırsa;
4) üçüncü şəxslər iştirak etməyə
işdə iştirak edən şəxslərin
vəsatəti üzrə və ya məhkəmənin
təşəbbüsü ilə cəlb olunurlarsa.
İşin materiallarından göründüyü
kimi, Əmlak Departamentinin işə mübahisə predmeti
barədə müstəqil tələb irəli
sürməyən üçüncü şəxs
qismində cəlb edilməsi prosessual tələblərlə
uyğunsuzluq təşkil edir.
Apellyasiya instansiyası məhkəməsi «Xəyal»
KFT və «Sabirabad-pambıq» ASC arasında olan
mübahisəyə dair mülki işə baxarkən bir
sıra maddi və prosessual hüquq normalarının
pozuntusuna yol vermişdir. Lakin Ali Məhkəmənin
İMDİÜMK kassasiya şikayətinin
dəlillərinə baxarkən bu hallara diqqət
yetirməmiş və nəticədə özünün 08
yanvar 2004-cü il tarixli qərarı ilə həmin
şikayəti təmin etmədən, Azərbaycan
Respublikası İqtisad Məhkəməsinin 26 avqust
2003-cü il tarixli qətnaməsini isə
dəyişdirilmədən saxlamışdır.
Bununla bağlı olaraq, Konstitusiya
Məhkəməsinin Plenumu kassasiya məhkəmə
icraatına aid olan prosessual qanunvericiliyin bir sıra
normalarının tələblərinin pozulmasını xüsusilə
qeyd edir.
Belə ki, MPM-in 416-cı maddəsinə əsasən
kassasiya instansiyası məhkəməsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi
və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır.
MPM-in 418.1-ci maddəsinə müvafiq olaraq maddi və
prosessual hüquq normalarının pozulması və ya
düzgün tətbiq olunmaması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və
qərardadının kassasiya instansiyası
tərəfindən ləğv edilməsi üçün
əsasdır.
MPM-in 417.0.3-cü maddəsinə görə isə
kassasiya instansiyası məhkəməsi apellyasiya
instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib
işi yenidən baxılmaq üçün apellyasiya
instansiyası məhkəməsinə göndərə
bilər.
Bu baxımdan «Xəyal» KFT ilə «Sabirabad-pambıq»
ASC arasında yaranmış mübahisə üzrə həm
apellyasiya, həm də kassasiya instansiyası
məhkəmələrində qeyd edilən maddi və
prosessual qanunvericilik normalarına riayət edilməməsi
Konstitusiyanın 60-cı maddəsinin I hissəsində
nəzərdə tutulmuş məhkəmə müdafiəsi
hüququnun pozulmasına səbəb olmuşdur.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu
belə qənaətə gəlir ki, «Xəyal» KFT-nin
«Sabirabad-pambıq» ASC-yə qarşı mülki iş
üzrə Ali Məhkəmənin İMDİÜMK-nın 08
yanvar 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə,
MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığı
üçün qüvvədən düşmüş hesab
edilməli və işə Azərbaycan Respublikasının
mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada və müddətlərdə yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V, IX və X hissələrini, «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. «Xəyal» kəndli-fermer
təsərrüfatının «Sabirabad-pambıq»
Açıq Səhmdar Cəmiyyətinə qarşı
mülki iş üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsi İqtisadi mübahisələrə dair
işlər üzrə məhkəmə kollegiyasının
08 yanvar 2004-cü il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci
maddələrinə uyğun olmadığı
üçün qüvvədən düşmüş hesab
edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və
müddətlərdə yenidən baxılsın.
2. Qərar elan olunduğu gündən
qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən:
F.ABDULLAYEV
1 fevral 2005-ci il
Bakı şəhəri