AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Svetlana
Antonovna Əliyevanın şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
işlər üzrə məhkəmə kollegiyasının
12 sentyabr 2007-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən), F.
Babayev, B. Qəribov, R. Qvaladze, E. Məmmədov, İ.
Nəcəfov və S. Salmanovadan (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi Svetlana Əliyevanın, onun
nümayəndəsi A. Qasımovun, cavabverən orqanın
nümayəndəsi Azərbaycan Respublikası Ali
Məhkəməsi Aparatının əməkdaşı R.
Əkbərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya
məhkəmə icraatı üzrə S. Əliyevanın
şikayətinə əsasən Azərbaycan Respublikası
Ali Məhkəməsi Mülki işlər üzrə
məhkəmə kollegiyasının 12 sentyabr 2007-ci il tarixli
qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S. Salmanovanın
məruzəsini, ərizəçinin və onun
nümayəndəsinin, cavabverən orqanın
nümayəndəsinin çıxışlarını
dinləyib, işin materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
S. Əliyevanın Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra — Konstitusiya
Məhkəməsi) verdiyi şikayətdən məlum olur ki,
onun oğlu Teymur İsrafil oğlu Əliyevlə
Kəmalə Arif qızı Əliyeva 11 dekabr 2004-cü il
tarixdə rəsmi nikaha daxil olmuşlar. S. Əliyeva
mülkiyyətində olan Bakı şəhəri, M.
Sübhi küçəsi, 48 saylı evin 9-cu mənzilində
(bundan sonra — mübahisəli mənzil) müvəqqəti
olaraq onların yaşamalarına şifahi razılıq
vermişdir. S. Əliyeva isə əri ilə birlikdə
başqa ünvanda olan mənzildə yaşayırlar.
Şikayətdə qeyd olunur ki, ərizəçi
oğlunun və gəlininin 11 dekabr 2004-cü il tarixdən
həmin mənzildə yaşamasına baxmayaraq, onların
oraya pasport qeydiyyatına alınmalarına icazə
verməmişdir. T. Əliyev və K. Əliyevanın
birgə nikahdan uşaqları olmamış,
aralarındakı nikah Bakı şəhəri Nizami rayon
məhkəməsinin 24 iyul 2007-ci il tarixli qətnaməsi
ilə pozulmuşdur.
K. Əliyeva T. Əliyevlə nikahlarının
pozulmasından əvvəl mübahisəli mənzildən
istifadə hüququnun tanınması və pasport
qeydiyyatına alınması barədə iddia ilə Bakı
şəhəri Yasamal rayon məhkəməsinə (bundan
sonra — Yasamal rayon məhkəməsi) müraciət
etmişdir.
Yasamal rayon məhkəməsinin 28 fevral 2007-ci il
tarixli qətnaməsi ilə onun iddiası rədd edilmiş,
S. Əliyevanın qarşılıqlı iddiası təmin
edilərək, K. Əliyevanın mübahisəli
mənzildən çıxarılması, S. Əliyevanın
mülkiyyətçi kimi həmin mənzilə
köçürülməsi qərara
alınmışdır.
Azərbaycan Respublikası Apellyasiya
Məhkəməsi Mülki işlər üzrə
məhkəmə kollegiyasının (bundan sonra — Apellyasiya
Məhkəməsinih MİÜMK) 16 may 2007-ci il tarixli
qətnaməsi ilə K. Əliyevanın apellyasiya
şikayəti qismən təmin edilmiş, Yasamal rayon
məhkəməsinin qətnaməsi ilkin iddianın rədd
edilməsi və qarşılıqlı iddianın
«Əliyeva Kəmalə Akif qızının mübahisəli
mənzildən çıxarılması» hissəsində
ləğv edilməsi, iddiaçı K. Əliyevanın
həmin mənzilə yaşayış hüququnun
tanınması, pasport qeydiyyatına alınması,
qətnamənin qalan hissədə
dəyişdirilmədən saxlanması qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə
kollegiyasının (bundan sonra — Ali Məhkəmənin
MİÜMK) 12 sentyabr 2007-ci il tarixli qərarı ilə Apellyasiya
Məhkəməsinin MİÜMK-nın 16 may 2007-ci il tarixli
qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Ərizəçinin əlavə kassasiya
şikayətinə Azərbaycan Respublikası Ali
Məhkəməsinin sədri 14 noyabr 2007-ci il tarixli
məktubu ilə cavab vermişdir ki, işin Ali
Məhkəmənin Plenumunun baxışına
çıxarılması üçün əsaslar yoxdur.
S. Əliyeva konstitusiya şikayətində yuxarıda
qeyd olunan məhkəmə aktlarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 13,
29, 60 və 71-ci maddələrinə, insan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiyanın 6-cı və Konvensiyanın 1 saylı
Protokolunun 1-ci maddəsinə uyğun olmadığını
göstərmiş və onların qüvvədən
düşmüş hesab edilməsini xahiş etmişdir.
Şikayətdə göstərilmişdir ki, Ali
Məhkəmənin MİÜMK apellyasiya instansiyası
məhkəməsinin qətnaməsinin
dəyişdirilmədən saxlanması qənaətinə
gələrkən, öz qərarını
əsaslandırmamış, Konstitusiya Məhkəməsinin
27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin
şərh edilməsinə dair qərarında ifadə
olunmuş və məhkəmələr üçün
məcburi olan rəsmi şərhi nəzərə
almamışdır.
Şikayətdə qeyd olunur ki, ərizəçi
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra — MM) 228.5-ci maddəsinin Konstitusiyaya
uyğunluğunun yoxlanılması üçün
Konstitusiya Məhkəməsinə sorğu verilməsi
tələbi ilə Ali Məhkəmə qarşısında
vəsatət qaldırmış, lakin Ali Məhkəmə
nəinki həmin vəsatəti təmin etməmiş,
hətta bu barədə öz qərarında heç bir
şərh verməmişdir.
Ərizəçi öz möyqeyini
əsaslandırmaq üçün həmçinin, Avropa
İnsan Hüquqları Məhkəməsinin «mülkiyyət
hüququ»na və «hüquqi müəyyənlik prinsipi»nə
dair bir sıra presedentlərinə istinad etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
şikayətlə bağlı aşağıdakıları
qeyd etməyi vacib hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən
müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyət hüququ mülkiyyətçinin
təkbaşına və ya başqaları ilə birlikdə
əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından
ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).
İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1
saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir
fiziki və hüquqi şəxs öz mülkiyyətindən
dinc istifadə hüququna malikdir. Heç kəs
cəmiyyətin maraqları naminə, qanunla və
beynəlxalq hüququn ümumi prinsipləri ilə
nəzərdə tutulmuş şərtlər istisna olmaqla,
öz mülkiyyətindən məhrum edilə bilməz.
Mülkiyyət hüququnun MM-in 152.1-ci
maddəsində verilmiş anlayışına görə bu
hüquq subyektin ona mənsub əmlaka (əşyaya) öz
istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair
sərəncam vermək üzrə dövlət
tərəfindən tanınan və qorunan hüquqdur.
Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi
MM-in 228-ci maddəsi ilə bağlı bir neçə
qərar qəbul etmişdir.
Belə ki, Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci
il tarixli Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin
şərh edilməsinə dair qərarında qanunun zamana
görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki,
2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq
münasibətləri ilə bağlı
mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin
qaydalarına uyğun, bu tarixədək yaranmış
hüquq münasibətləri ilə bağlı
mübahisələr isə Mənzil Məcəlləsinin
123-cü maddəsinin qaydalarına uyğun həll
edilməlidir.
R. Ağalarovun şikayəti üzrə
məhkəmə aktlarının Konstitusiyaya və qanunlara
uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il
tarixli qərarında isə Konstitusiya Məhkəməsi
yaşayış binasının tərkib hissəsindən
istifadə hüququna mülkiyyətçinin
məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi ilə
əlaqədar bəzi məsələlərə
aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi
həmçinin vurğulamışdır ki, mülkiyyət
hüququ Azərbaycan Respublikasında nəinki
mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş
səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki
sahib olmaq, öz tələbatlarının təmin
olunması üçün təyinatından asılı
olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək,
əmlakın hüquqi müqəddəratını öz
iradəsinə görə müəyyən etmək), həm
də qüvvədə olan qanunvericilik
çərçivəsində digər şəxslərin
hüquq və qanunla qorunan maraqlarını pozmadan
mülkiyyətçinin dövlət tərəfindən
təminat altına alınmış həmin əmlak
üzərində üstünlüyünə
üçüncü şəxslərin müdaxiləsini
aradan götürmək, bu zaman öz mülahizəsinə
görə və maraqlarına uyğun hərəkət
etmək səlahiyyətidir. Məhkəmə bu
qərarında mülkiyyət hüququnun yaşayış
sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd
etmiş, eyni zamanda, hər iki hüququn müəyyən
mənada mütənasib şəkildə
tarazlaşdırılmaqla təmin edilməli olması
qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
ərizəçinin şikayətinin Konstitusiya
Məhkəməsinə daxil olmasından sonra MM-in 228-ci
maddəsinin tətbiqi ilə bağlı yaranmış
çətinliklərin aradan qaldırılması
məqsədilə Konstitusiya Məhkəməsinə
həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin
müraciəti və İnsan hüquqları üzrə
Müvəkkilin (Ombudsman) sorğusu daxil olmuşdur.
Bununla əlaqədar olaraq S. Əliyevanın
şikayətinə baxılması qeyd olunan sorğu və
müraciətə mahiyyəti üzrə baxılıb
müvafiq qərar qəbul edilənədək
dayandırılmışdır. 27 may 2008-ci il tarixdə
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 228.5-ci
maddəsinə dair qərar qəbul etmişdir. Məhz bundan
sonra S. Əliyevanın şikayətinə mahiyyəti
üzrə baxılması qərara alınmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 228.5-ci
maddəsinə dair qərarında qeyd etmişdir ki, MM-in 228.1
və 228.2-ci maddələrinin mənasından
göründüyü kimi, yaşayış binasının
tərkib hissəsindən istifadə hüququnun yaranması
üçün aşağıdakı mütləq
şərtlərin yerinə yetirilməsi tələb olunur:
mülkiyyətçi ilə yazılı
razılaşmanın bağlanılması;
həmin razılaşmanın notariat qaydasında
təsdiq edilməsi;
istifadə hüququnun daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması.
Göstərilən qərarda yaşayış
binasının tərkib hissəsi mülkiyyətçisinin
ailə üzvləri ilə bağlı MM-in 228.5-ci
maddəsinə nisbətdə həmin Məcəllənin
228.1-ci maddəsinin daha geniş xarakter
daşıdığını qeyd edən Konstitusiya
Məhkəməsi göstərmişdir ki, MM-in 228.1-ci
maddəsində mülkiyyətçinin ailə
üzvlərindən bəhs edildiyi təqdirdə,
Məcəllənin 228.5-ci maddəsi yalnız
mülkiyyətçi ilə birgə yaşayan ailə
üzvlərinə aiddir. Göründüyü kimi,
mülkiyyətçi ilə birgə yaşamayan onun ailə
üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə
düşmür.
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu
belə nəticəyə gəlmişdir ki, MM-in 228.5-ci
maddəsində əks olunmuş «mülkiyyətçinin
razılığı» müddəası konstitusiya-hüquqi
mənasına görə həmin Məcəllənin 228.2-ci
maddəsinin tələbləri baxımından tətbiq
edilməli, mülkiyyətçinin razılığı
yazılı şəkildə bağlanan notariat qaydasında
təsdiqlənən razılaşmada ifadə edilməlidir.
Belə ki, həmin müddəanın məhz bu
cür şərhi mülkiyyətçinin
hüquqlarını və qanuni mənafelərini pozmur.
Əksinə, MM-in 228.5-ci maddəsində əks olunmuş
«mülkiyyətçinin razılığı»
müddəasının həmin Məcəllənin 228.1
və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın
13 (mülkiyyətin toxunulmazlığı), 29
(mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa
hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya
zidd olmasının yolverilməzliyi) maddələrinin
müddəaları ilə uyğunsuzluğa gətirib
çıxara bilər.
Mülki işin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından
görünür ki, K. Əliyeva mübahisəli mənzilin
mülkiyyətçisi olan qayınanası S. Əliyeva
ilə yaşayış binasının tərkib
hissəsindən istifadə hüququnun əmələ
gəlməsi, həyata keçirilməsi şərtləri
və xitamı barədə notariat qaydasında təsdiq
olunan yazılı razılaşma bağlamamışdır.
K. Əliyevanın iddası üzrə mülki
işə baxarkən birinci instansiya məhkəməsi
Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin
şərh edilməsinə dair qərarına istinad
etməklə, iddia tələbini rədd etmişdir.
Lakin Apellyasiya Məhkəməsi 16 may 2007-ci il
qətnaməsində birinci instansiya məhkəməsinin
MM-in 228.5-ci maddəsini nəzərə
almadığını qeyd etmiş və həmin normanın
«mülkiyyətçinin razılığı»
müddəasını MM-in 228.1 və 228.2-ci
maddələrinə zidd olaraq şifahi razılıq kimi
şərh edərək, S. Əliyevanın şifahi
razılığını K. Əliyevanın onun
mülkiyyətində olan mənzilə istifadə hüququ (yaşayış
və pasport qeydiyyatı hüququ) verən əsas kimi
qiymətləndirmiş və ilkin iddianın təmin
edilməsi barədə nəticəyə gəlmişdir.
Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan
hüquqi mövqelərindən göründüyü kimi,
apellyasiya instansiyası məhkəməsi MM-in 228.1 və
228.2-ci maddələrinin tələblərini
nəzərə almamış və həmin
Məcəllənin 228.5-ci maddəsinin
mülkiyyətçinin razılığa dair
müddəasını düzgün şərh
etməmiş, ərizəçinin mülkiyyət hüququ,
hüquq və azadlıqlarının məhkəmə
müdafiəsi təminatları ilə uzlaşmayan
qətnamə qəbul etmişdir.
İşə kassasiya qaydasında baxmış Ali
Məhkəmənin MİÜMK-sı MPM-in 416, 417.1.3 və
418.1-ci maddələrinin tələblərinə əməl
etməyərək apellyasiya instansiyası
məhkəməsinin MM-in normalarının məzmununa
uyğun olmayan qətnaməsini dəyişiklik
edilmədən saxlamışdır.
Bununla da ərizəçinin Konstitusiyanın 29-cu
maddəsi ilə təminat verilmiş mülkiyyət və
60-cı maddəsinin I hissəsində təsbit olunmuş
məhkəmə müdafiəsi hüquqları
pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunanlara
əsasən belə qənaətə gəlir ki, K.
Əliyevanın S. Əliyevaya qarşı mənzilə
yaşayış hüququnun tanınması və qeydiyyata
alınması tələbi, K. Əliyevanın
mənzildən çıxarılması və mənzilə
köçürülmə tələbinə dair S.
Əliyevanın qarşılıqlı iddiası
barədə mülki iş üzrə Ali
Məhkəmənin MİÜMK-nın 12 sentyabr 2007-ci il
tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və
60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.1.3 və
418.1-ci maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilməli və
işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası
mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini və «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 52, 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Kəmalə Akif qızı Əliyevanın Svetlana
Antonovna Əliyevaya qarşı mənzilə
yaşayış hüququnun tanınması və qeydiyyata
alınması tələbi, K. Əliyevanın
mənzildən çıxarılması və mənzilə
köçürülmə tələbinə dair S.
Əliyevanın qarşılıqlı iddiası
barədə mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki işlər
üzrə məhkəmə kollegiyasının 12 sentyabr
2007-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinə və 60-cı
maddəsinin I hissəsinə, Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci
maddələrinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilsin və
işə bu qərara uyğun olaraq Azərbaycan
Respublikası mülki prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və müddətdə
yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən
qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən:
Fərhad ABDULLAYEV
Bakı şəhəri, 18 iyul 2008-ci il