AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsinə dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən), S.
Salmanova, F. Babayev, S. Həsənova, B. Qəribov, R. Qvaladze
(məruzəçi hakim), E. Məmmədov, İ.
Nəcəfov və Ə. Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya
Məhkəməsinin hakimi Y. Cavadov, Azərbaycan
Respublikası İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının şöbə
müdiri A. Səfixanlı və əməkdaşı M.
Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının inzibati və hərbi qanunvericilik
şöbəsinin baş məsləhətçisi İ.
Cəfərov və ekspert Bakı Dövlət Universiteti
mülki hüquq kafedrasının müdiri, hüquq
elmləri namizədi, dosent R. Dünyamalıyevanın
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI və VII hissələrinə müvafiq olaraq
açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 228.5-ci
maddəsinə dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsi ilə bağlı
Azərbaycan Respublikası Sumqayıt Apellyasiya
Məhkəməsinin müraciəti və Azərbaycan
Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsman) sorğusu üzrə hakim R.
Qvaladzenin məruzəsini, maraqlı subyektlərin qanuni
nümayəndələrinin və ekspertin
çıxışlarını dinləyib, işin
materiallarını araşdıraraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra — «MM») 228.5-ci maddəsinə
əsasən yaşayış binasının tərkib
hissəsinin mülkiyyətçisinin onunla birgə
yaşayan ailə üzvləri (əri, arvadı,
valideynləri, uşaqları) yaşayış
sahəsindən onunla bərabər istifadə etmək
hüququna malikdirlər. Yaşayış binasının
tərkib hissəsinin mülkiyyətçisinin ailə
üzvləri öz yetkinlik yaşına çatmayan
uşaqlarını həmin yaşayış binasına
köçürmək ixtiyarına malikdirlər. Digər
ailə üzvlərinin (ərin, arvadın)
köçürülməsinə yalnız
mülkiyyətçinin razılığı ilə yol
verilir. Həmin şəxslərin yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
mülkiyyətçi ilə ailə
münasibətlərinə xitam verildiyi halda da
saxlanılır. Yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin istifadə
etmək hüququ bu Məcəllənin qüvvəyə
mindiyi gündən yaranır.
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra — «Konstitusiya Məhkəməsi») müraciət
edərək, MM-in 228.5-ci maddəsinin üçüncü
cümləsində göstərilmiş
«mülkiyyətçinin razılığı» ifadəsinin
şərh olunmasını xahiş etmişdir. Müraciət
onunla əsaslandırılmışdır ki, qanunvericilik qeyd
olunan müddəanın həyata keçirilməsi
qaydasını tənzimləmədiyindən
məhkəmə təcrübəsində həmin
normanın tətbiqi ilə bağlı
çətinliklər yaranmışdır.
Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) (bundan
sonra — «İnsan Hüquqları üzrə Müvəkkil»)
Konstitusiya Məhkəməsinə sorğu ilə
müraciət edərək, MM-in 228.5-ci maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra —
«Konstitusiya») uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Sorğu onunla əsaslandırılmışdır
ki, mübahisələndirilən normada yaşayış
binasının tərkib hissəsinin
mülkiyyətçisinin digər ailə üzvlərinin
(ərin, arvadın) yaşayış binasının
tərkib hissəsindən istifadə hüququnun
mülkiyyətçi ilə ailə
münasibətlərinə xitam verildiyi halda da saxlanılmasının
nəzərdə tutulması mülkiyyətçinin
Konstitusiyanın 13 və 29-cu maddələri ilə təmin
olunan mülkiyyət hüquqlarını
məhdudlaşdırır. Sorğuverən, həmçinin
bildirmişdir ki, həmin maddədə
mülkiyyətçinin ailə üzvlərinin
yaşayış binasının tərkib hissəsindən
istifadə etmək hüququnun bu Məcəllənin
qüvvəyə mindiyi gündən yaranmasının
göstərilməsi Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsinə ziddir.
Məsələni mahiyyəti üzrə həll
etməzdən əvvəl qeyd edilməlidir ki, Konstitusiya
Məhkəməsi MM-in 228-ci maddəsinin tətbiqinə dair
əvvəllər də qərarlar qəbul etmiş və bir
sıra məsələlərə aydınlıq
gətirmişdir.
Belə ki, «Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin şərh
edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul
2001-ci il tarixli qərarında belə nəticəyə
gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra
yaşayış evindən (mənzildən) istifadə
edilməsi ilə əlaqədar yaranan hüquq
münasibətləri ilə bağlı
mübahisələr Mülki Məcəllənin 228-ci
maddəsinin qaydalarına uyğun, bu tarixədək
yaranmış hüquq münasibətləri ilə
bağlı mübahisələr isə Mənzil
Məcəlləsinin 123-cü maddəsinin qaydalarına
uyğun həll edilməlidir.
R.Ağalarovun şikayəti üzrə Konstitusiya
Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli
qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı
olaraq, mülkiyyət hüququnun yaşayış
sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd
etmiş, eyni zamanda, hər iki hüququn müəyyən
mənada mütənasib şəkildə
tarazlaşdırılmaqla təmin edilməli olması
nəticəsinə gəlmişdir.
Həmin qərarda göstərilmişdir ki, eyni
mənzildə ailə üzvləri (və ya onlara
bərabər tutulan şəxslər) yaşadığı
halda, onlardan birində (və yaxud bir neçəsində)
mənzilə mülkiyyət hüququ (o cümlədən
mənzildən istifadə hüququ), digərlərində
isə yalnız mənzildən istifadə hüququnun
mövcud olması mümkündür. Bu şəxslər
arasında yaranan mübahisələrin həlli zamanı
mülkiyyət hüququ və mənzildən istifadə
hüququnun təbiəti, onların mütənasibliyi və
həyata keçirilməsinə dair qüvvədə olan
Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları
nəzərə alınmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan
qərarlardakı hüquqi mövqeyinə uyğun olaraq
sorğunun və müraciətin predmeti ilə bağlı
mülkiyyət hüququ ilə istifadə hüququ
arasında yaranan qarşılıqlı əlaqələrin
hüquqi təhlilinin aparılmasını zəruri hesab edir,
Qanunverici mülkiyyətin toxunulmazlığı
və onun dövlət tərəfindən qorunmasına dair
konstitusiya prinsipindən çıxış edərək,
qüvvədə olan MM-in 228-ci maddəsində
yaşayış binasının tərkib hissəsindən
istifadə hüququna dair qaydaları müəyyən
etmişdir.
Əgər Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi
yaşayış evi mülkiyyətçisinin
özünə məxsus olan evə
köçürdüyü ailə üzvlərinin evdə
yaşayış sahəsindən onunla bərabər istifadə
etmək hüquqlarını onların köçməsi
zamanı başqa qeyd-şərt göstərilməməsi
halından asılı edirdisə, 2000-ci ilin sentyabrın
1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi
müəyyən etmişdir ki, yaşayış
binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri və
digər şəxslər yaşayış binasından
istifadə hüququna bu şərtlə malikdirlər ki,
həmin hüquq daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmış olsun.
Həmin Məcəllənin 228.2-ci maddəsinə
görə yaşayış binasının tərkib
hissəsindən istifadə hüququnun əmələ
gəlməsi, həyata keçirilməsi şərtləri
və xitamı mülkiyyətçi ilə bağlanan,
notariat qaydasında təsdiqlənən yazılı
razılaşma ilə müəyyənləşdirilir.
Yaşayış binasının tərkib hissəsindən
istifadə hüququna xitam verilməsi haqqında
razılaşma olmadıqda, bu hüquqa
mülkiyyətçinin məhkəmə qaydasında
tələbinə əsasən bazar qiyməti ilə
müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə
bilər.
MM-in 228.1 və 228.2-ci maddələrinin
mənasından göründüyü kimi yaşayış
binasının tərkib hissəsindən istifadə
hüququnun yaranması üçün aşağıdakı
mütləq şərtlərin yerinə yetirilməsi
tələb olunur:
mülkiyyətçi ilə yazılı
razılaşmanın bağlanılması;
həmin razılaşmanın notariat qaydasında
təsdiq edilməsi;
istifadə hüququnun daşınmaz əmlakın
dövlət reyestrində qeydə alınması.
Belə qaydaların müəyyən edilməsi ondan
irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan
Respublikasında nəinki mülkiyyətçinin hüquqi
təsbit olunmuş geniş səlahiyyətləridir (ona
məxsus olan əmlaka faktiki sahib olmaq, öz
tələbatlarının təmin olunması
üçün təyinatından asılı olaraq bu
əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın
hüquqi müqəddəratını öz iradəsinə
görə müəyyən etmək), həm də
qüvvədə olan qanunvericiliyin
çərçivəsində digər şəxslərin
hüquq və qanunla qorunan maraqlarını pozmadan
mülkiyyətçinin dövlət tərəfindən
təminat altına alınmış həmin əmlak
üzərində üstünlüyünə
üçüncü şəxslərin müdaxiləsini
aradan götürmək, bu zaman öz mülahizəsinə
görə və maraqlarına uyğun hərəkət
etmək səlahiyyətidir. Ayrıca olaraq
vurğulanmalıdır ki, mülkiyyət barəsində
sərəncam verilməsi əqdlərin bağlanması yolu
ilə və ya digər hüquqi aktların qüvvəsinə
görə mümkündür» (R. Ağalarovun şikayəti
üzrə Konstitusiya Məhkəməsi Plenumunun
qərarı).
«Azərbaycan Respublikası bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının 21
oktyabr 2005-ci il tarixli Qanunu ilə MM-ə 228.5-ci maddə
əlavə edilmişdir (14 dekabr 2005-ci il tarixdən
qüvvəyə minib).
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
mənzil qanunvericiliyi mülki hüququn tərkib
hissələrindən biridir. Yaşayış sahələri
yalnız mülki dövriyyənin predmeti olduqda mülki
qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair
sərəncam verməklə bağlı
məsələləri tənzimləyir. Yaşayış
sahəsindən istifadə, onun istismarı və bir sıra
başqa məsələlər mənzil qanunvericiliyi ilə
tənzimlənməlidir. Başqa hallarda işə, Mülki
Məcəllənin mənzil sahəsində mövcud
münasibətlərinə yönələn normaları, o
cümlədən MM-in 228-ci maddəsi əsas rol oynayır.
Yaşayış sahəsinin mülkiyyətçisi
olmayan istifadəçilərin hüquqi statusunu
müəyyən edərkən «yaşayış sahəsi
üzərində mülkiyyət hüququ» ilə
«yaşayış sahəsindən istifadə hüququ»
arasında olan fərq nəzərə alınmalıdır.
«Mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci
maddəsində verilir. Bu maddəyə əsasən
mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka
(əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə
etmək və ona dair sərəncam vermək üzrə
dövlət tərəfindən tanınan və qorunan
hüququdur.
Yaşayış sahəsi üzrə mülkiyyət
hüququnun birinci xüsusiyyəti
mülkiyyətçiyə məxsus olan yaşayış
sahəsi üzrə onun hüquqlarının əmlakın
təyinatına uyğun olaraq, yəni müstəsna olaraq
mülkiyyətçinin və onun ailə üzvlərinin
şəxsi yaşaması, eləcə də ona məxsus
yaşayış sahəsinin başqa şəxslərin
yaşaması məqsədi ilə əvəzli və ya
əvəzsiz verilməsi və s. üçün həyata
keçirilməsindən ibarətdir. Yaşayış
sahəsi başqa məqsədlər üçün
istifadə edilə bilməz. Yaşayış sahəsi
üzrə mülkiyyət hüququnun ikinci xüsusiyyəti
ondan ibarətdir ki, çox mənzilli binada mənzil
əldə edərkən mülkiyyətçi yalnız
yaşayış sahəsinə deyil, həm də, binanın
ümumi mülkiyyətinə payı əldə edir.
Yaşayış sahəsi üzrə mülkiyyət
hüququnun üçüncü xüsusiyyətini
mülkiyyətçidən başqa ona məxsus olan
yaşayış sahəsində yaşayan digər şəxslərin
hüquqlarının mövcudluğu təşkil edir.
Məhz bu məqamda «yaşayış binasının
tərkib hissəsindən istifadə hüququ» meydana
gəlir.
MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki,
yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin onunla birgə yaşayan ailə
üzvləri (əri, arvadı, valideynləri,
uşaqları) yaşayış sahəsindən onunla
bərabər istifadə etmək hüququna malikdirlər.
Həmin müddəanın mənasına görə
mülkiyyətçi ilə birgə yaşayan əri,
arvadı, valideynləri və uşaqlarının onunla
bərabər yaşayış sahəsindən istifadə
hüququ onların mülkiyyətçinin, icazəsi ilə
yaşayış binasının tərkib hissəsinə
köçərək orada daimi yaşamaqdan
asılıdır. Bu mənada, nəzərə
alınmalıdır ki, yaşayış binasının
tərkib hissəsi mülkiyyətçisinin ailə
üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə
nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi
daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci
maddəsində mülkiyyətçinin ailə üzvlərindən
bəhs edildiyi təqdirdə, həmin Məcəllənin
228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə
birgə yaşayan ailə üzvlərinə aiddir.
Göründüyü kimi mülkiyyətçi ilə
birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci
maddəsinin dairəsinə düşmür.
Mülkiyyətçinin ailə üzvlərinin
vəziyyəti ilə bağlı MM-in 228.5-ci
maddəsindəki qaydanın əks olunması Konstisiyanın
17-ci maddəsinin II hissəsindən və 34-cü
maddəsinin IV və V hissələrindən, eləcə
də Azərbaycan Respublikası Ailə Məcəlləsinin
1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən
irəli gəlir. Göstərilən normaların
müddəaları ilə digər məsələrlə
yanaşı ər ilə arvadın hüquqlarının
bərabər olması, uşaqlara qayğının
göstərilməsinin, onların tərbiyə edilməsinin
valideynlərin həm hüququ, həm də borcunun olması,
valideynlərə hörmət edilməsinin, onların
qayğısına qalmasının isə uşaqların
borcunun olması, eləcə də ailə üzvlərinin
ailə qarşısında qarşılıqlı yardım
və məsuliyyəti, onların hüquqlarının
maneəsiz həyata keçirilməsinin təmin olunması
və bu hüquqların məhkəmədə müdafiəsi,
on dörd yaşına çatmamış
şəxslərin yaşayış yerinin valideynlik
hüquqlarını itirməmiş valideynlərinin
yaşayış yerinin olması təsbit olunmuşdur.
Beləliklə, mülkiyyətçi ilə birgə
yaşayan ailə üzvlərinin yaşayış
binasının tərkib hissəsindən onunla bərabər
istifadə hüququ mülkiyyətçi ilə bağlanan
müqavilədən deyil, yalnız onunla etibarlı ailə
əlaqələri əsasında yaranır.
Qeyd edilməlidir ki, obyekti yaşayış sahəsi
olan mülkiyyəti tənzimləyən hüquqi
normaların düzgün tətbiqi üçün
qanunvericiliyin mülki hüquq və mənzil hüququ
sahələri arasında xətt keçirilməlidir.
Mülkiyyətçinin ailə üzvlərinin
yaşayış binasının tərkib hissəsindən
onunla bərabər istifadə hüququ mənzil hüququnun
(obyekti) predmeti kimi nəzərdən keçirilməli və
ailə üzvlərinin bu hüququ onlardan birinin
mülkiyyətində mövcud olan yaşayış
sahəsində onunla bərabər istifadə etməyi ehtiva
edən kimi qiymətləndirilməlidir.
Həmin əmlakın
özgəninkiləşdirilməsinə və ya
mülkiyyətçi tərəfindən sərəncam
hüququnun başqa yolla həyata keçirilməsinə
isə bu hüququn mövcudluğu təsir etmir, ona
görə ki, yaşayış binasının tərkib
hissəsindən mülkiyyətçinin ailə
üzvlərinin onunla bərabər istifadə etmək
hüququ mülkiyyət hüququnun Mülki
Məcəllənin 152.1-ci maddəsində nəzərdə
tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil
etmir. Yaşayış binasının tərkib
hissəsindən (mülkiyyət hüququnun tərkib
hissəsi olan) istifadə hüququnun yaranması
üçün Mülki Məcəllənin 228.1 və
228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.
MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki,
yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik
yaşına çatmayan uşaqlarını həmin
yaşayış binasına köçürmək
ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin
(ərin, arvadın) köçürülməsinə
gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin
şəxslərin köçürülməsini
mülkiyyətçinin razılığı ilə
şərtləndirmişdir. Qanunun bu
müddəalarının mənasına görə
yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri
tərəfindən öz ər və ya arvadının
həmin sahəyə köçürülməsi
üçün mülkiyyətçinin
razılığı tələb olunur.
Göründüyü kimi qanunvericilik bu müddəada qeyd
olunan şəxslərin yaşayış binasının
tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü
nəzərdə tutmuşdur. Lakin bunun üçün
mülkiyyətçinin razılığının
xüsusi olaraq mütləq şərt kimi müəyyən
edilməsi qeyd olunan şəxslər tərəfindən
yaşayış binasının tərkib hissəsindən
əldə edilən istifadə hüququnun mülki hüquq
sahəsi baxımından əşya hüququ kimi
qiymətləndirilməli olmasına dəlalət edir.
Müraciətə görə isə MM-in 228.5-ci
maddəsində əks olunan bu müddəanın, yəni
«mülkiyyətçinin razılığı»nın
təcrübədə müxtəlif təfsirinə, o
cümlədən mülkiyyətçi tərəfindən
digər şəxslərin
köçürülməsinə etirazın
edilməməsinin faktiki razılıq kimi qəbul
edilməsinə rast gəlinir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın
94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə
əsasən mülkiyyət hüququ ilə bağlı
ümumi qaydaların müəyyən edilməsi Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətindədir.
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin Şrimer Polşaya qarşı iş
üzrə 21 sentyabr 2004-cü il tarixli Qərarında
ifadə etdiyi hüquqi mövqeyə görə «İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında» Konvensiyaya dair 1 saylı Protokolun
1-ci maddəsinin ikinci bəndi Dövlətlərə
hüquq verir ki, ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən
istifadəyə nəzarəti həyata keçirmək
üçün zəruri hesab etdikləri qanunları
qəbul etsinlər. Belə qanunlar müasir
cəmiyyətlərimizdə ictimai və iqtisadi siyasətin
əsas marağında olan mənzil sahəsinə xüsusi
xasdır (§ 34).
Konstitusiya hüququnun doktrinası hüquqi
müəyyənlik prinsipini Azərbaycan Respublikası
Konstitusiyasının Preambulasında öz əksini tapan
qanunun aliliyinin əsas elementlərindən biri kimi
tanıyır. Hüquqi müəyyənlik prinsipi isə
digər tələblərlə yanaşı ən ümumi
mənasında mövcud hüquqi vəziyyətə aid
aydınlığı və müəyyənliyi
nəzərdə tutur. Bu baxımdan insanlar qanunla
müəyyən olunmuş qaydada daşınmaz
əmlakın dövlət reyestrinin məlumatlarının
həqiqiliyinə etimad göstərməlidirlər.
İnsanlar həmin reyestrdən əldə etdikləri
məlumatları şübhə altına alan,
dəyişən xarakterə malik olan və özü
üçün neqativ nəticələrə səbəb
olan başqa yeni məlumatları daimi olaraq
gözləməməlidir.
Bu baxımdan vurğulanmalıdır ki, MM-in 228.5-ci
maddəsində əks olunmuş «mülkiyyətçinin
razılığı» müddəasının həmin
Məcəllənin 228.1 və 228.2-ci maddələrinin
ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin
toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147
(Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və
149-cu (qanunların Konstitusiyaya zidd olmasının
yolverilməzliyi) maddələrinin müddəaları ilə
uyğunsuzluğa gətirib çıxara bilər.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş
«mülkiyyətçinin razılığı»
müddəası həmin Məcəllənin 228.1 və
228.2-ci maddələrinin tələbləri baxımından
şərh olunmalı və bu normada nəzərdə
tutulmuş «mülkiyyətçinin razılığı»
yazılı şəkildə bağlanan razılaşmada
ifadə edilməlidir. Həmin müddəanın belə
şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və
29-cu maddələrində təsbit olunmuş təminat və
hüquqlarını pozmur.
Sorğuda, həmçinin, insan Hüquqları
üzrə Müvəkkil tərəfindən MM-in 228.5-ci
maddəsinin «həmin şəxslərin yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
mülkiyyətçi ilə ailə
münasibətlərinə xitam verildiyi halda da
saxlanılır» müddəasının Konstitusiyaya uyğunluğu
mübahisələndirilir.
Mübahisələndirilən müddəada
göstərilən qayda ilə Konstitusiya Məhkəməsi
Plenumunun yuxarıdakı hüquqi mövqeyinə uyğun
olaraq MM-in 228.1 və 228.2-ci maddələrinə əsasən
yazılı bağlanılmış, notariat qaydasında
təsdiq edilib müvafiq reyestrdə qeydə alınaraq
yaşayış binasının tərkib hissəsi
üzərində digər ailə üzvlərində
yaranmış istifadə hüququ nikah münasibətlərinin
mövcudluğu ilə hər hansı formada
əlaqələndirməmişdir.
Qeyd edildiyi kimi, yaşayış binasının
tərkib hissəsindən istifadə hüququna xitam
verilməsi MM-in 228.2-ci maddəsinə əsasən
mülkiyyətçi ilə bağlanan, notariat qaydasında
təsdiqlənən yazılı razılaşma ilə
müəyyən olunur. Yaşayış binasının
tərkib hissəsindən istifadə hüququna xitam
verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa
mülkiyyətçinin məhkəmə qaydasında
tələbinə əsasən bazar qiyməti ilə
müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə
bilər.
Konstitusiya Məhkəməsinin Plenumu
özünün yuxarıdakı hüquqi mövqeyinə
uyğun olaraq belə nəticəyə gəlir ki, MM-in 228.2
və 228.5-ci maddələrinə əsasən notariat
qaydasında təsdiqlənən yazılı razılaşma
üzrə daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmış yaşayış
binasının tərkib hissəsindən istifadə hüququ
müstəqil mahiyyətə malikdir və bu hüquqa xitam
verilməsinin şərtləri tərəflərin
razılaşmada ifadə etdikləri iradəsindən
asılıdır (razılaşmada həmin hüquqa xitam
verilməsinin nikahın pozulması ilə
əlaqələndirilməsi istisna olunmur).
Sorğuverənin mübahisələndirdiyi ikinci
müddəaya gəldikdə isə, qeyd olunmalıdır ki,
MM-in 228.5-ci maddəsində «yaşayış binasının
tərkib hissəsindən mülkiyyətçinin ailə
üzvlərinin istifadə etmək hüququ bu
Məcəllənin qüvvəyə mindiyi gündən
yaranır» müddəası öz əksini
tapmışdır. Həmin hüquq normasının
mənasına görə MM-in 228.5-ci maddəsində
yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin istifadə
etmək hüququ ilə bağlı müddəaların
qüvvəsi geriyə, Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin qüvvəyə mindiyi vaxta
şamil edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bu
məsələ ilə əlaqədar qeyd edir ki,
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə
əsasən fiziki və hüquqi şəxslərin
hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ-hüquqi aktların
qüvvəsi geriyə şamil edilir. Başqa normativ-hüquqi
aktların qüvvəsi geriyə şamil edilmir.
Konstitusiyanın 98-ci maddəsinə görə qanunun
və Azərbaycan Respublikası Milli Məclisinin
qərarının özündə başqa qayda
nəzərdə tutulmayıbsa, qanun və qərar dərc
edildiyi gündən qüvvəyə minir. Konstitusiya Məhkəməsinin
Plenumu «Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun II
hissəsinin şərh edilməsinə dair» 7 sentyabr
2004-cü il tarixli qərarındakı hüquqi mövqeyə
uyğun olaraq bu maddənin mənasına görə qanunun
və qərarın özündə onların
qüvvəyə minməsi vaxtı göstərildiyi halda
qanun və qərar özündə müəyyən
edilən tarixdən qüvvəyə minir.
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin hüquqi mövqeyinə görə
də mülki qanunvericiliyin geriyə şamil olunması
«İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında» Konvensiyanın
müddəaları ilə açıq-aşkar qadağan
edilməyib və müəyyən hallarda haqlı ola
bilər (Melnik Ukraynaya qarşı iş üzrə 28 mart
2006-cı il tarixli Qərar, § 30).
Eyni zamanda, MM-in mülki qanunvericiliyin zamana görə
qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə
əsasən Konstitusiyanın 149-cu maddəsinin VII
hissəsində nəzərdə tutulanlar istisna olmaqla,
mülki qanunvericilik müddəalarının geriyə
qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən
sonra əmələ gəlmiş münasibətlərə
tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci
maddəsinə əsasən qanunla birbaşa nəzərdə
tutulmuş hallarda mülki qanunvericiliyin geriyə
qüvvəsi ola bilər. Bu Məcəllənin 7.3-cü
maddəsində isə nəzərdə tutulmuşdur ki,
mülki hüquq subyektlərinə ziyan vurarsa və ya
onların vəziyyətini pisləşdirərsə,
mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır
ki, normativ-hüquqi aktın fiziki və hüquqi
şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,
hüquq məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən hesab edilməsi onunla
tənzimlənən münasibətlərin hər bir
iştirakçısının hüquq və
azadlıqlarına müsbət təsir etməsi ilə
bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun MM-in
228.5-ci maddəsinə dair yuxarıdakı hüquqi mövqeyi
baxımından isə həmin maddənin
müddəaları mülki hüquq münasibətlərinin
heç bir iştirakçısının, o
cümlədən mülkiyyətçinin hüquqi
vəziyyətini pisləşdirmir, əksinə
mülkiyyətçi və onun ailə üzvləri ilə
bağlı müəyyən hüquq və təminatları
nəzərdə tutmaqla onların hüquqi vəziyyətini
daha aydın etməklə yaxşılaşdırır. MM-in
228.5-ci maddəsində nəzərdə tutulan digər ailə
üzvlərinə gəldikdə isə, Konstitusiya
Məhkəməsi Plenumunun yuxarıda göstərilən
hüquqi mövqeyinə görə həmin
şəxslərin yaşayış binasının tərkib
hissəsindən istifadə hüququ MM-in 228.1 və 228.2-ci
maddəsinə müvafiq olaraq yarandığından
mübahisəli müddəanın geriyə şamil
olunması nə bu şəxslərin, nə də
mülkiyyətçinin hüquqi vəziyyətinin
dəyişdirilməsinə səbəb olmur.
Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət
hüququ ilə yaşayış sahəsindən istifadə
hüququnun müəyyən mənada mütənasib
şəkildə tarazlaşdırılmaqla təmin
edilməli olması nəticəsinə gələrək onu
da qeyd etməyi zəruri hesab edir ki, son illər ərzində
Mülki Məcəllənin və Mənzil
Məcəlləsinin normalarının
qarşılıqlığı ilə bağlı bir
çox məsələlər ortaya çıxıb.
Yaranmış problemin dərinliyinə varmadan, yalnız onu
qeyd etmək lazımdır ki, iyirmi beş ildən artıq
müddət əvvəl qəbul olunmuş Mənzii
Məcəlləsi mövcud olan yeni sosial-iqtisadi
şəraitdə yaranmış ictimai
münasibətlərə uzun müddət cavab vermir, ona
görə ki, əsasən dövlət və ictimai
mənzil fonduna aid olan yaşayış sahəsinin sosial
kirayə müqavilələrin tənzimlənməsinə
yönəlmişdir. Bu baxımdan mövcud olan hüquqi
şərait mülkiyyətçinin ailə üzvlərinin
və digər şəxslərin hüquqi vəziyyətini
tənzimləyən mənzil qanunvericiliyinin qəbul
olunmasını tələb edir.
Yuxarıda göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə
nəticəyə gəlir ki:
MM-in 228.5-ci maddəsində əks olunmuş
«mülkiyyətçinin razılığı»
müddəası konstitusiya-hüquqi mənasına
görə həmin Məcəllənin 228.2-ci maddəsinin
tələbləri baxımından tətbiq edilməklə
mülkiyyətçinin razılığı yazılı
şəkildə bağlanan notariat qaydasında
təsdiqlənən razılaşmada ifadə edilməli;
MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin
şəxslərin yaşayış binasının tərkib
hissəsindən istifadə hüququ mülkiyyətçi
ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab
edilməli və yaşayış binasının tərkib hissəsindən
digər şəxslərin istifadə hüququna xitam
verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq
tərəflərin yazılı bağladıqları
razılaşma ilə təyin edilməlidir (razılaşmada
həmin hüquqa xitam verilməsinin nikahla
əlaqələndirilməsi istisna olunmur);
MM-in 228.5-ci maddəsində nəzərdə tutulan
«yaşayış binasının tərkib hissəsindən
mülkiyyətçinin ailə üzvlərinin istifadə
etmək hüququ bu Məcəllənin qüvvəyə
mindiyi gündən yaranır» müddəası
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə uyğun
hesab olunmalıdır;
yaşayış sahəsi mülkiyyətçisinin
ailə üzvlərinin və digər şəxslərin
hüquqi vəziyyətini tənzimləyən mənzil
qanunvericiliyinin qəbul edilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə
edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
V və VI hissəsini, «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 52, 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsinin
«mülkiyyətçinin razılığı»
müddəası həmin Məcəllənin 228.2-ci
maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq
yazılı bağlanan notariat qaydasında
təsdiqlənən razılaşmanı nəzərdə
tutur.
2. Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.5-ci maddəsinin «həmin
şəxslərin yaşayış binasının tərkib
hissəsindən istifadə hüququ mülkiyyətçi
ilə ailə münasibətlərinə xitam verildiyi halda da
saxlanılır» müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun
hesab edilsin.
Yaşayış binasının tərkib
hissəsindən digər şəxslərin istifadə
hüququna xitam verilməsi ilə bağlı
məsələlər Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq
həll edilməlidir.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
228.5-ci maddəsinin «yaşayış binasının
tərkib hissəsindən mülkiyyətçinin ailə
üzvlərinin istifadə etmək hüququ bu
Məcəllənin qüvvəyə mindiyi gündən
yaranır» müddəası Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə
uyğun hesab edilsin.
4. Yaşayış sahəsi
mülkiyyətçisinin ailə üzvlərinin və
digər şəxslərin hüquqi vəziyyətini
tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilsin.
5. Qərar elan edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IX hissəsinə əsasən bu Qərarın
qüvvəsi onun qüvvəyə mindiyi gündən sonra
baxılan mübahisələrə şamil olunur.
6. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən:
Fərhad ABDULLAYEV
Bakı şəhəri, 27 may 2008-ci il
Qeyd: Konstitusiya Məhkəməsinin hakimləri E.
Məmmədov və İ. Nəcəfov bu qərarla
bağlı xüsusi rəydə qalmışlar.