AZƏRBAYCAN RESPUBLiKASI ADINDAN
Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci
maddəsinin və «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikası Qanununun
82.3-cü maddəsinin şərh edilməsinə dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən),
F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze,
E.Məmmədov (məruzəçi-hakim), S.Salmanova və
Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri
Bakı şəhəri Nəsimi rayon məhkəməsinin
hakimi İ.Şirinov, Bakı şəhəri Nəsimi rayon
məhkəməsinin böyük məsləhətçisi
C.Cavadov və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İnzibati və hərbi qanunvericilik
şöbəsinin baş məsləhətçisi
İ.Cəfərovun,
ekspert—Bakı Dövlət Universitetinin «Mülki
proses, əmək və ekologiya hüququ» kafedrasının
dosenti, hüquq elmləri doktoru M.Mövsümovun,
mütəxəssis—Bakı Dövlət Universitetinin
«Mülki hüquq» kafedrasının dosenti, hüquq elmləri
namizədi, Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi B.Əsədovun iştirakı
ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi
konstitusiya icraatı üzrə açıq
məhkəmə iclasında Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə daxil olmuş Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci
maddəsi və «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikası Qanununun
82.3-cü maddəsinin şərh edilməsinə dair Bakı
şəhəri Nəsimi rayon məhkəməsinin
müraciətilə bağlı konstitusiya işinə
baxdı.
İş üzrə məruzəçi-hakim
E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya
icraatında maraqlı subyektlərin
nümayəndələri İ.Şirinov və İ.Cəfərovun,
ekspert M.Mövsümov və mütəxəssis B.Əsədovun
çıxışlarını dinləyib müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Nəsimi rayon
məhkəməsinin müraciətində
məhkəmənin icraatında məhkəmə
icraçısının borclu R.Məhərrəmovun icra
vərəqəsini icra etmədiyi üçün borclunun
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra—MPM) 265-ci maddəsinə
əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə
dair məsələyə baxdığı qeyd olunmuşdur.
Borclu qətnaməni icra etmədiyinə görə inzibati
məsuliyyətə cəlb edilmiş, bundan sonra ona
xəbərdarlıq olunmasına baxmayaraq, o icra
vərəqini icra etməkdən imtina etmiş və buna
görə də məhkəmə tərəfindən onun
cinayət məsuliyyətinə cəlb edilməsi xahiş
olunmuşdur. Məhkəmə məsələyə dair
tətbiq edilməli olan hüquq normalarını
araşdırarkən, onların arasında
məsələnin tənzimlənməsinə fərqli
yanaşmanın mövcud olduğunu müəyyən
etmişdir.
Belə ki, MKM-ın 265.5-ci maddəsində
göstərilir ki, qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsi icra olunmadıqda,
məhkəmə bir ay müddətində bununla bağlı
cinayət işinin başlanması haqqında xüsusi
qərardad çıxarmaqla prokurora xəbər verir.
«Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsinə uyğun olaraq isə icra sənədi
üzrsüz səbəbdən yenidən icra
edilmədikdə, məhkəmə icraçısı
məhkəmə qərarını icra etməyə borclu
olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətinə cəlb olunması haqqında müvafiq
orqana, məhkəmə icraçıları qurumunun
rəhbəri tərəfindən təsdiq olunan təqdimat
verir.
Beləliklə, MPM-in 265.5-ci maddəsi
məhkəmə qətnaməsi icra olunmadıqda,
məhkəmənin bir ay müddətində bununla
bağlı cinayət işinin başlanması haqqında
xüsusi qərardad çıxarmaqla, prokurora xəbər
verməsini göstərdiyi halda, «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikası Qanununun
82.3-cü maddəsi icra sənədi üzrsüz
səbəbdən yenidən icra edilmədikdə,
məhkəmə icraçısının məhkəmə
qərarını icra etməyə borclu olan şəxsin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətinə cəlb olunması haqqında müvafiq
orqana, məhkəmə icraçıları qurumunun
rəhbəri tərəfindən təsdiq olunan təqdimat
verməsini tələb edir.
Nəsimi rayon məhkəməsi hesab edir ki, hakimin
qərəzsizliyinə şübhə yaratmaq və
məhkəməyə inamın artırılmasına
xələl gətirməmək baxımından Azərbaycan
Respublikası Cinayət-Proseesual Məcəlləsinin (bundan
sonra—CPM) 355-ci maddəsindəki məhkəmə
baxışının nəticələrinə dair xüsusi
qərarının tənzimlənməsi bir-birindən
fərqli olan MPM-in 265.5-ci maddəsinin və
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin
normalarından daha uğurludur. CPM-in 355-ci maddəsi məhkəmə
baxışının nəticələrinə dair xüsusi
qərarın çıxarılmasının
mümkünlüyünü müəyyən edir. O,
mülki prosessual qanunvericiliyinin normalarından fərqli olaraq
məhkəmələrin cinayət işinin başlanması
haqqında deyil, yalnız fiziki şəxslərin cinayət
məsuliyyətinə səbəb olmayan hərəkət
və ya hərəkətsizliyi, dövlət
orqanlarının vəzifəli şəxslərinin
fəaliyyətindəki çatışmazlıqları
və ya səhvləri, habelə
məhkəməyədək icraat üzrə CPM-in
tələblərinin pozulması barədə xüsusi
qərar çıxarılmasına və bu qərarı
əlaqədar orqanların rəhbərlərinə
göndərilməsinə yol verir.
Nəsimi rayon məhkəməsinin
qənaətinə görə qanunvericiliyin bu mövqeyi
təsadüfi deyil və cinayət məhkəmə
icraatında işlərə baxılarkən hakimlərin
qərəzsizliyinin təmin edilməsinə
yönəlmişdir. Ona görə də həmin
məhkəmə Konstitusiya Məhkəməsinə
müraciət edilməsi barədə qərardad
çıxararaq, MPM-in 265.5-ci maddəsi və
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra—Konstitusiya) 127-ci maddəsi II hissəsinin
tələbləri baxımından şərh edilməsini
xahiş etmişdir.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə
əlaqədar aşağıdakıları qeyd etməyi
zəruri hesab edir.
Nəsimi rayon məhkəməsinin
müraciətinə baxılarkən ilk əvvəl MPM-in
mülki məhkəmə icraatının, məhkəmə
qətnaməsi, qərardadı və xüsusi qərardadlarının
təyinatı və məzmunu, habelə mahiyyətcə eyni
fakta—məhkəmə qətnaməsinin icra olunmamasına
əsaslanan, lakin məhkəmə, hakim və
məhkəmə icraçılarının müxtəlif
davranışını müəyyən edən MPM-in 265-ci
maddəsinin və «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci
maddəsinin normaları geniş hüquqi təhlilin predmeti
olmalıdır.
Mülki proses ümumi yurisdiksiyalı
məhkəmələrdə həyata keçirilən
müxtəlif şəxslərin hüquqlarının
qanunvericiliklə müəyyən olunmuş qaydada
müdafiəsinə yönəlmiş prosesdir. Mülki
məhkəmə icraatında mülki prosesin hər bir
iştirakçısının prosessual hərəkəti
onun tərəfindən prosessual hüquq və vəzifələrinin
həyata keçirilməsi nəticəsi kimi
qiymətləndirilir.
MPM mülki məhkəmə icraatı haqqında
qanunvericiliyin mühüm və əsas mənbəyidir. O,
mülki məhkəmə icraatının ümumi
qaydalarını, o cümlədən icraatın prinsipləri
və şərtlərini, işdə iştirak edən
şəxsləri və mülki prosesin digər
iştirakçılarını, onların hüquq və
vəzifələrini müəyyən etməklə
yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr
tərəfindən mülki icraatın aparılması,
məhkəmə aktlarının qəbulu, onlardan
şikayət verilməsi və bu
şikəyətlərə baxılması qaydasını da
tənzimləyir.
MPM-in normaları nəinki mülki məhkəmə
icraatının gedişatını, həmçinin mülki
prosessual münasibətlərin hər bir
iştirakçısının müvafiq
hərəkətlərin aparılması və onların
mümkünlüyünü müəyyən edir.
Mülki işlər və iqtisadi
mübahisələr üzrə məhkəmə
icraatının vəzifələri hər bir fiziki və
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının
Konstitusiyasından, qanunlarından və digər
normativ-hüquqi aktlarından irəli gələn hüquq
və mənafelərinin məhkəmədə təsdiq
olunmasıdır. Mülki məhkəmə icraatı
qanunçuluğun və ictimai qaydanın bərqərar
edilməsinə, vətəndaşların qanunlara
dönmədən hörmət ruhunda tərbiyə edilməsinə
rəvac verir (MPM-in 2-ci maddəsi).
Hər hansı fiziki və yaxud hüquqi şəxs
öz hüququnun və ya qanunla qorunan mənafeyinin
müdafiəsi və yaxud təsdiqi üçün
məhkəməyə müraciət etdiyi hallarda
məhkəmədə iş başlanılır (MPM-in 5.1-ci
maddəsi).
Mülki işlər və iqtisadi
mübahisələr üzrə ədalət mühakiməsi
yalnız məhkəməyə aiddir və
məhkəmələr tərəfindən qanunla
müəyyən olunmuş qaydada həyata keçirilir
(MPM-in 6-cı maddəsi).
Məhkəmədə hər hansı
məsələnin mülki prosessual qaydada baxılması
üçün ilk növbədə maraqlı şəxs
birinci instansiya məhkəməsinə iddia ərizəsi
və ya müvafiq növ ərizə ilə müraciət
edərək öz tələb və ya xahişini göstərir.
Məhkəmə (hakim) müraciətdə
göstərilən məsələnin həllinin onun
səlahiyyətlərinə aid olub-olmamasını
yoxlayır. Əgər məsələnin həlli onun
tərəfindən həyata keçirilən
məhkəmə müdafiə formasına aiddirsə, hakim
müvafiq ərizəninin öz icraatına qəbul
edilməsi barədə qərardad çıxarır və
bu andan bir qayda olaraq mülki iş və həmin iş
üzrə məhkəmə icraatı başlanılır.
İşə (iddia və ya digər növ
ərizələrə) mahiyyəti üzrə
baxılması birinci instansiya məhkəmələrində
müvafiq olaraq iddia tələblərinin və ya
məhkəməyə ünvanlanmış xahişin
əsasında və hədlərində həyata
keçirilir. Birinci instansiya məhkəməsində
mülki məhkəmə icraatı məhkəmə baxışı
həyata keçirildikdən sonra
yekunlaşdırılır. Bu icraat, bir qayda olaraq, işi
mahiyyəti üzrə həll edən qətnamənin və
ya icraata xitam verilməsi haqqında qərardadın qəbulu
ilə sona çatır. Lakin məhkəmə
baxışında həmçinin digər növ
məhkəmə aktları—qərardad və ya xüsusi
qərardad qəbul oluna bilər.
Məhkəmə qərardadı işi mahiyyəti
üzrə həll etməyən, lakin məhkəmə
və ya hakimin iddianı icraata qəbul etmək, iddianı
baxılmamış saxlamaq, icraatı dayandırmaq, ona xitam
vermək və MPM-də nəzərdə tutulmuş digər
hüquq səlahiyyətlərindən istifadə
olunmasını rəsmiləşdirən məhkəmə
aktıdır.
Məhkəmənin xüsusi qərardadı isə
məhkəmə aktlarının elə bir növüdür
ki, o işə (iddia və ya digər növ
ərizələrə) baxılması zamanı
müəyyən olunmuş hər hansı şəxs
tərəfindən qanunçuluğun pozulmasına
məhkəmənin reaksiya verməsinin prosessual vasitəsi
kimi çıxış edir. Xüsusi qərardadın
çıxarılması əsasən onunla izah olunur ki,
məhkəmə baxışı zamanı məhkəmə
aşkar olunmuş qanunazidd hərəkətlərin
(hərəkətsizliyin) və hüquqi normaların
pozulmasının etinasız şahidi qala bilməz.
Beləliklə, yuxarıda qeyd olunduğu kimi, MPM iddia
və ya digər növ ərizələrin verilməsi,
onların məhkəmə icraatına qəbul edilməsi,
işlərə baxılması, məhkəmə
aktlarının çıxarılması, onlardan
şikayət verilməsi və məhkəmə aktlarına yenidən
baxılması ilə bağlı məhkəmələrin,
işdə iştirak edən şəxslərin və
mülki prosesin digər iştirakçılarının
bütün hərəkətlərini prosessual baxımdan
nizamlayır. Məhz bu prosessual hərəkətlərin
məcmusu, habelə məhkəmə, tərəflər
və ya mülki prosesin digər iştirakçılarının
prosessual hüquq və vəzifələri mahiyyətcə
mülki məhkəmə icraatını təşkil edir.
Konstitusiyanın 129-cu maddəsinə müvafiq olaraq
məhkəmənin qəbul etdiyi qərarlar dövlətin
adından çıxarılır və onların icrası
məcburidir.
Məhkəmə aktları qətnamə, qərardad,
qərar və əmr formasında qəbul edilir.
Məhkəmələrin qanuni qüvvəyə minmiş
qətnaməsi, qərardadı, qərarı, əmri
bütün dövlət hakimiyyəti, yerli
özünüidarə orqanları, onların vəzifəli
şəxsləri, ictimai birliklər, siyasi partiyalar,
həmkarlar ittifaqları, onların vəzifəli
şəxsləri, həmçinin fiziki və hüquqi
şəxslər üçün məcburidir və
Azərbaycan Respublikasının ərazisində, hökmən
icra olunmalıdır. Məhkəmə aktının icra
olunmaması, habelə məhkəməyə digər
hörmətsizlik halları qanunda nəzərdə
tutulmuş məsuliyyətlə nəticələnir (MPM-in
15.1—15.3-cü maddələri).
Mülki məhkəmə icraatında dərhal icra
olunan qətnamələr istisna olmaqla, birinci instansiya
məhkəmələrində qəbul olunan bütün
məhkəmə aktları qüvvəyə mindikdən sonra
icraya yönəldilir. CPM-dən fərqli olaraq MPM-də
məhkəmə aktlarının icra olunmaması ilə
bağlı birinci instansiya məhkəməsində xüsusi
məhkəmə icraatının aparılmasının
mümkünlüyü nəzərdə
tutulmamışdır.
Bununla yanaşı göstərilməlidir ki, hər
hansı hüquqi mübahisə və məsələnin
həlli məhkəmə tərəfindən ədalət
mühakiməsini həyata keçirmək yolu ilə
mümkündür. Bu isə mülki məhkəmə
icraatının prinsip və şərtlərinə ciddi
riayət olunmasını tələb edir.
Məhkəmə MPM-nin 265.5-ci maddəsinin
məzmununu əsas götürərək, MPM-in
təyinatını, tənzimlədiyi münasibətləri,
mülki məhkəmə icraatının
vəzifələrini, birinci instansiya
məhkəməsində mülki məhkəmə
icraatının hansı andan başlanmasını və hansı
anda sona çatmasını nəzərə almadan, mülki
məhkəmə icraatının əsas prinsip və
şərtlərini müəyyənləşdirən
müddəaları icra etmədən öz təyinatına
uyğun çıxış edə bilməz.
Ümumiyyətlə, nəzərə
alınmalıdır ki, MPM-nin 265.5-ci maddəsi qanunverici
tərəfindən MPM-in 265.1—265.4-cü
maddələrindən dərhal sonra verilsə də, o, nəinki
bu normalarla, həmçinin MPM-in digər normaları ilə
uyğunsuzluq təşkil edir.
Belə ki, məhkəmənin xüsusi
qərardadları adı altında MPM-in 265-ci maddəsinin
tərkibində 6 maddə (hissə)
cəmləşdirilmişdir. Bu maddələrdən dördü
aşağıdakıları müəyyən edir:
«265.1 Məhkəmə mübahisəyə
baxarkən, hüquqi şəxsin, dövlət, yerli
özünüidarə orqanının və digər
orqanın, vəzifəli şəxsin və ya fiziki
şəxsin fəaliyyətində qanunların və
digər normativ-hüquqi aktların pozulduğunu aşkar
etdikdə, xüsusi qərardad çıxartmağa
haqlıdır.
265.2 Xüsusi qərardadlar müvafiq hüquqi
şəxslərə, vəzifəli şəxslərə,
dövlət və yerli özünüidarə orqanlarına
və digər orqanlara, fiziki şəxslərə
göndərilir. Onlar gördükləri tədbirlər barədə
1 ay müddətində məhkəməyə məlumat
verməlidirlər.
265.3 Görülmüş tədbirlər
barədə məlumat verilmədiyi halda, təqsirkar vəzifəli
şəxslər müəyyən olunmuş şərti
maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə oluna
bilərlər. Cərimənin qoyulması müvafiq
vəzifəli şəxsi məhkəmənin xüsusi
qərardadına əsasən görülmüş
tədbirlər haqqında məlumat vermək
vəzifəsindən azad etmir.
265.4 Məhkəmə işə baxarkən,
tərəflərin və ya digər şəxslərin
hərəkətlərində cinayətin
əlamətlərini aşkara çıxararsa, o, bu barədə
xüsusi qərardad çıxarmaqla prokurora xəbər
verir».
MPM-in 265.1—265.3-cü maddələrinin məzmunundan
göründüyü kimi, bu maddələr ümumi və
hüquqyaradıcı normalardır. Bu normalar
qanunçuluğun pozulması aşkar olunduğu halda
məhkəmə tərəfindən xüsusi
qərardadın çıxarılmasının
mümkünlüyünü, müvafiq vəzifəli
şəxslərin bununla bağlı tədbirlər
görməklə 1 ay müddətində
məhkəməyə görülmüş tədbirlər
barədə məlumat verməyə borclu olduğunu, əks
təqdirdə cəriməyə məruz qalmasının
mümkünlüyünü və bu halda da xüsusi
qərardad üzrə görülmüş tədbirlər
barədə məlumat vermək vəzifəsindən azad
edilmədiyini müəyyən edir.
MPM-in 265.4-cü maddəsi isə həmin Məcəllənin
265.1-ci maddəsi ilə müqayisədə xüsusi norma kimi
çıxış edərək nəzərdə tutur ki,
məhkəmə işə baxarkən, tərəflərin
və ya digər şəxslərin
hərəkətlərində cinayətin
əlamətlərini aşkara çıxararsa, o, bu
barədə xüsusi qərardad çıxarmaqla prokurora
xəbər verir.
Xüsusilə qeyd olunmalıdır ki, MPM-in
265.1—265.4-cü maddələri nəinki mülki prosessual
hüququn nəzəriyyəsinə və MPM-in
müddəalarına tam uyğundur, MPM-in 265.4-cü
maddəsi, həmçinin CPM-in cinayət təqibini
başlanmasını müəyyən edən
maddələrinin normalarına mütənasib olaraq cinayət
prosessual münasibətlərinə müdaxilə
etmədən məhz mülki prosessual münasibətləri
tənzimləyir.
Cinayət-prosessual qanunvericiliyində cinayət
təqibinin həyata keçirilməsinin ümumi
qaydaları, o cümlədən cinayət işinin
başlanmasının səbəb və əsasları,
habelə cinayət barədə daxil olmuş
məlumatların yoxlanılması qaydası və s.
müddəalar müəyyən edildiyi bir halda, başqa
qaydanı əks etdirən cinayət işinin bir
tərəfdən məhkəmənin xüsusi
qərardadı ilə başlamasını, digər
tərəfdən bununla bağlı cinayət təqibinə
prokuror tərəfindən və faktiki olaraq
məhkəmə nəzarəti altinda başlanmasını
nəzərdə tutan MPM-in 265.5 və 265.6-cı maddələrinin
üzərində ayrıca dayanılmalıdır.
Belə ki, MPM-in 265.1 və 265.4-cü
maddələrinin məzmunu və quruluşundan fərqli
olaraq, qanunverici həmin Məcəllənin 265.5 və
265.6-cı maddələrini aşağıdakı kimi
müəyyənləşdirmişdir:
«265.5 Qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsi icra olunmadıqda,
məhkəmə bir ay müddətində bununla bağlı
cinayət işinin başlanması haqqında xüsusi qərardad
çıxarmaqla prokurora xəbər verir.
265.6 Prokuror cinayət işinin başlanmasını
istisna edən halları aşkar etməzsə,
məhkəmənin xüsusi qərardadı üzrə
cinayət işi başlamaqdan imtina etməyə haqlı
deyildir. Bu məsələ üzrə
əsaslandırılmış qərar qəbul edən
prokuror, həmin qərarı xüsusi qərardadı
çıxarılmış məhkəməyə
göndərir. Məhkəmə prokurorun qərarı ilə
razılaşmadığı halda, zəruri təsir
tədbirləri görülməsi məqsədi ilə
yuxarı prokurorun diqqətini aşağı prokurorun
qərarının qanunsuzluğuna və ya əsassızlığına
yönəldə bilər».
Bu maddələrin məzmunu belə qurulmuşdur ki,
qüvvəyə minmiş məhkəmə qətnaməsi
icraya yönəldikdən sonra bir ay müddətində icra
olunmadıqda, məhkəmə bununla bağlı cinayət
işinin başlanması haqqında xüsusi qərardad
çıxarmaqla prokurora nəinki xəbər verir,
həmçinin xüsusi qərardadla bağlı prokurorun
qərarı ilə razılaşmadığı halda,
zəruri təsir tədbirləri görülməsi məqsədi
ilə yuxarı prokurorun diqqətini aşağı prokurorun
qərarının qanunsuzluğuna və ya
əsassızlığına yönəldə bilər.
MPM-in 265.5 və 265.6-cı maddələrinin
məzmununun bu cür qurulması aşağıdakılara
görə açıq-aşkar qusurlu görünür: 1)
xüsusi qərardad məhkəmə tərəfindən
yalnız işə (mübahisəyə) baxarkən
çıxarıla bilər; 2) cinayət işinin
başlanması haqqında xüsusi qərardad bu növ
məhkəmə aktlarının təyinatı ilə
uzlaşmır; 3) məhkəmə tərəfindən
cinayət işinin başlanması və yaxud bu
məsələnin həlli üçün
məhkəmənin israrlı olması ədalət
mühakiməsinin əsas prinsiplərindən olan
hakimlərin işlərə qərəzsiz baxması və
məhkəmə icraatının tərəflərin
çəkişməsi əsasında həyata
keçirilməsi prinsiplərinə xələl gətirir.
Nəzərə alınmalıdır ki, MPM-nin 265.1
və 265.4-cü maddələrinə görə xüsusi
qərardadın tətbiqi yalnız məhkəmə
mübahisəyə (işə) baxarkən
mümkündür. MPM-in digər maddələrinin (5.1—5.3,
13.2, 149—151, 285, 286, 275—277, 305 və 306-cı
maddələrinin) tələblərinə görə
mülki-prosessual qaydasında məhkəmə
baxışı yalnız iddia ərizəsi (iddia icraatında)
və ya müvafiq ərizə (əmr icraatında, xüsusi
iddia icraatında, xüsusi icraatda) üzrə keçirilir.
Lakin bu növ ərizələr məhkəmə
tərəfindən baxıldıqdan və müvafiq
məhkəmə qətnaməsi çıxarıldıqdan
sonra qüvvəyə minmiş məhkəmə
qətnaməsi icra olunmadığı halda bununla
bağlı cinayət işinin başlanması haqqında
xüsusi qərardadın çıxarılması
üçün baxılmış mülki iş üzrə
yenidən məhkəmə iclasının keçirilməsi
MPM-də nəzərdə tutulmamışdır.
Digər tərəfdən o da nəzərə
alınmalıdır ki, məhkəmə
qərarlarının icra olunması və məhkəmə
tərəfindən cinayət işinin başlanması
(başqa sözlə cinayət təqibinə
başlanması) kimi məsələləri mülki-prosessual
hüququn və MPM-in predmeti ola bilməz. Məhkəmə
qərarlarının icrasının və cinayət
təqibinin həyata keçirilməsi qaydaları müvafiq
olaraq «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununda və CPM-də
müəyyən olunmuşdur.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə
görə hakimlər işlərə qərəzsiz,
ədalətlə, tərəflərin hüquq
bərabərliyinə, faktlara əsasən və qanuna
müvafiq baxırlar.
«Məhkəmələr və hakimlər haqqında»
Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə
uyğun olaraq (məhkəmələrin vəzifələri)
Azərbaycan Respublikası məhkəmələrinin
fəaliyyəti yalnız ədalət mühakiməsinin
və qanunvericiliklə müəyyən edilmiş hallarda
və qaydada məhkəmə nəzarətinin həyata
keçirilməsinə yönəldilmişdir.
Məhkəmələr ədalət mühakiməsini həyata
keçirərkən, Azərbaycan Respublikası
Konstitusiyasında təsbit edilmiş insan və
vətəndaş hüquq və azadlıqlarını,
mülkiyyət formasından asılı olmayaraq bütün
müəssisə, idarə və təşkilatların,
siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi
şəxslərin hüquqlarını və qanuni
mənafelərini hər cür qəsdlərdən və
qanun pozuntularından müdafiə edir, Azərbaycan
Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə
tutulmuş digər vəzifələri həyata
keçirirlər. Məhkəmələrin üzərinə
başqa vəzifələr qoyulması yolverilməzdir.
Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasında məhkəmə
hakimiyyətini ədalət mühakiməsi yolu ilə
yalnız məhkəmələr həyata keçirirlər.
Bu müddəa məhkəmə hakimiyyətinin əsas
funksiyasının ədalət mühakiməsinin həyata
keçirilməsi olduğunu vurğulayır.
Qərəzsizlik ədalət mühakiməsi və
ədalətli məhkəmə anlayışlarının
özəyini təşkil edir. Ədalət
mühakiməsinin qərəzsizliyinə insanların
əminliyi isə onların öz məhkəmə
sisteminə münasibətdə hiss etməli olduqları inamın
əsasında dayanır.
Qərəzsizlik adətən bir şəxs
barəsində qabaqcadan əmələ gəlmiş
yanlış fikrin və ya hansısa rəyin olmaması kimi
çıxış edir. Qərəzsizliyin mövcudluğu
hər hansı konkret iş üzrə hakimin şəxsi
əqidəsini əks etdirən subyektiv yanaşma, habelə
bu mənada şübhələri istisna etmək
üçün kifayət qədər təminatların
olub-olmamasını müəyyən edən obyektiv
yanaşma əsasında yoxlanıla bilər.
Subyektiv qərəzsizlik əksi sübut
edilənədək ehtimal olunur. Obyektiv qərəzsizliyinin
müəyyən olunmasında isə hətta xarici
təzahürlər belə mühüm əhəmiyyət
daşıyır. Ona görə də hakimlər nəinki
formal olaraq qərəzsiz qalmalı, həm də
ictimaiyyətin nəzərində faktiki olaraq məhz
qərəzsiz kimi qəbul olunmalıdırlar.
Tərəflər arasındakı mübahisə ilə
bağlı onlardan birinin mənafelərinə birbaşa
və ya dolayı yolla dəstək nümayiş etdirən
hakimin qərəzsizliyi şübhə altına alına
bilər.
Ədalətli məhkəmə araşdırması
hüququnu əks etdirən «İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında»
Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci
hissəsinə əsasən hər kəs, onun mülki
hüquq və vəzifələri müəyyən
edilərkən və ya ona qarşı hər hansı
cinayət ittihamı irəli sürülərkən, qanun
əsasında yaradılmış müstəqil və
qərəzsiz məhkəmə vasitəsi ilə,
ağlabatan müddətdə işinin ədalətli və açıq
araşdırılması hüququna malikdir.
Avropa İnsan Hüquqları Məhkəməsi
öz qərarlarında ədalətli məhkəmə
araşdırması hüququ ilə əlaqədar
məhkəmə qərəzsizliyinin xarici
təzahürlərinin əhəmiyyətinə xüsusi
önəm verdiyini ardıcıl olaraq nümayiş etdirir
və öz mövqeyini məhkəmə icraatının
ədalətli həyata keçirilməsinə
ictimaiyyətdə getdikcə artan maraqlarla
əsaslandırır. O, Avropa Konvensiyasının 6-cı
maddəsinin tələblərinə uyğun həyata
keçirməyə qadir olan məhkəmə sisteminin
uzlaşdırılmış tərzdə
işləməsinin vacibliyini daim nəzərə almağa
çağırmaqla məhkəmə qərəzsizliyinin
təmin olunmasının əhəmiyyətli olduğuna dair
geniş izahlar vermişdir (Pyersak Belçikaya qarşı, 1
oktyabr 1982, 30-cu bənd; Haushildt Danimarkaya qarşı, 24 may
1984, 47-ci bənd; Fey Avstriyaya qarşı, 24 fevral 1993, 30-cu
bənd; Remli Fransaya qarşı, 30 mart 1996; Ferrantelli və
Santanselo İtaliyaya qarşı, 7 avqust 1996; Oberşlik
Avstriyaya qarşı (1), 23 may 1991; De Haan Niderlanda
qarşı, 26 avqust 1997; Vettştayn İsveçrəyə
qarşı, 21 dekabr 2000).
MPM-in 265.5-ci maddəsini nəzərdən
keçirərkən aydın olur ki, bu maddənin norması
qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsi icra olunmadıqda faktla bağlı məhkəmə
tərəfindən cinayət işinin başlaması
haqqında xüsusi qərardadın qəbul olunmasına
hüquqi əsas yaradır. Bu isə, öz
növbəsində, MPM-in 265.6-cı maddəsinin məzmunu
ilə birlikdə götürüldükdə, cinayət
prosesində ittiham tərəfinə xas olan prosessual
hərəkətin yerinə yetirməsində israrlı olmaq,
yəni şəxsin cinayət qanunu ilə nəzərdə
tutulmuş əməlin törədilməsinə görə
mütləq təqib edilməsi üçün ittiham
funksiyasının həyata keçirilməsini öz
üzərinə götürmək anlamına gələrdi.
Mülki məhkəmə icraatında cinayət
işinin başlanması haqqında xüsusi qərardadın
çıxarılması bu icraatın təbiətinə yad
olan digər növ—cinayət mühakimə icraatı
daxilində və həmin icraatı başlayan ibtidai
araşdırma orqanları əvəzinə qərarın
qəbul olunması mənasını verə bilər.
Xüsusi qərardadla cinayət işinin başlanması, bu
barədə prokurora xəbər verilməsi və onun
tərəfindən cinayət təqibinin aparılmasında
hakimin israrlı olması, həmçinin məhkəmə
tərəfindən ittiham funksiyalarının həyata
keçirilməsi kimi də dəyərləndirilə
bilər.
Eyni zamanda nəzərə alınmalıdır ki,
MPM-in 265.6-cı maddəsi CPM-in 39, 40, 210, 212-ci və digər
maddələri ilə tənzimlənən cinayət işinin
başlanması və cinayət təqibinin aparılması
qaydalarına müdaxilə edərək, cinayət işinin
başlanmasını istisna edən hallar aşkar olunmasa,
prokurorun məhkəmənin xüsusi qərardadı
üzrə cinayət işi başlamaqdan imtina etməkdə
haqlı olmadığını müəyyən edir. Bundan
başqa, MPM-in 265.6-cı maddəsinin müddəaları
həm də CPM-in 449-cu maddəsinin cinayət prosesini
həyata keçirən orqanın prosessual
hərəkətlərindən və ya qərarlarından (o
cümlədən prokurorun cinayət işi başlamaqdan
imtina olunması haqqında qərarından) məhz
məhkəməyə şikayət verilməsi və ona
məhkəmədə baxılması ilə bağlı
müddəaları ilə bir araya sığmır. Belə
ki, məhkəmə cinayət prosesində olduğu kimi
məhkəmə nəzarətini həyata keçirmək
əvəzinə MPM-in 265.6-cı maddəsinin
müddəalarına görə prokurorun cinayət işi
başlamaqdan imtina olunması haqqında qərarı ilə
razılaşmadığı halda onu yuxarı prokuror
qarşısında mübahisələndirən
tərəfə çevrilir.
Bütün yuxarıda göstərilən hallar MPM-in
265.5 və 265.6-cı maddələrinin
müddəalarının hakimlərin işlərə
qərəzsiz baxılması prinsipi ilə toqquşduğuna
dəlalət edir, bu prinsipin reallığına kölgə
salmaqla, onun pozulmasına şərait yaradır və bununla
da hətta ədalət mühakiməsinin təyinatı
belə sual altına alınır.
Şübhəsiz, məhkəmə işə
baxarkən mülki prosesdə iştirak edən
şəxslərin hərəkətlərində cinayət
əlamətlərini aşkara çıxararsa, o prokurora
məlumat verməlidir. Lakin belə məlumatın
verilməsi hakimin qərəzsizliyinə şübhə
yaratmamalı və ədalət mühakiməsi orqanı kimi
məhkəməyə olan inama xələl
gətirməməlidir. Bu mənada, məhkəmənin
məlumatı MPM-in 265.4-cü maddəsində
nəzərdə tutulduğu kimi cinayət işinin
başlanması haqqında deyil, sadəcə
tərəflərin və ya digər şəxslərin
hərəkətlərində cinayət
əlamətlərinin aşkar olunmasına dair xüsusi
qərardadın qəbulu ilə müşayiət oluna
bilər. Məsələnin bu cür həlli MPM-in 265.5
və 265.6-cı maddələrində göstərilmiş
müddəalardan daha uğurlu görünür.
Nəzərə alınmalıdır ki, CPM-in
46-cı maddəsi cinayət işinin başlanması ilə
bağlı cinayət təqibi üzrə icraatın
açılmasının xüsusiyyətlərini
müəyyən edir. Bu maddəyə görə cinayət
təqibi üzrə cinayət işinin başlanması
üçün müvafiq səbəb (ərizə və ya
məlumatlar) və əsaslar (cinayətin əlamətlərinə
işarə edən kifayət qədər dəlillər)
olmalıdır. Bunların, habelə cinayət təqibini
istisna edən halların olmadığını güman
etməyə əsasların mövcudluğunda
təhqiqatçı, müstəntiq və ya prokuror öz
səlahiyyətləri daxilində dərhal cinayət
işini başlamalıdır. Cinayət təqibini istisna
edən halların mövcudluğu istisna edilməklə,
məhkəmə iclasında sədrlik edən ədalət
mühakiməsi əleyhinə olan hər hansı cinayətin
əlamətlərinin məhkəmə baxışı
zamanı müəyyən olunduğuna prokurorun diqqətini
cəlb etdikdə, prokuror bununla bağlı dərhal
cinayət işi başlamalıdır. Bu halda prokuror
cinayət işinin başlanmasının rədd edilməsi
haqqında qərar qəbul edərsə, məhkəmə
iclasında sədrlik edən həmin qərarın qanunsuz
və əsassız olması qənaətinə
gəldikdə, yuxarı prokurordan zəruri tədbirlərin
görülməsini tələb edə bilər (CPM-in
46.1—46.4-cü maddələri).
Göründüyü kimi MPM-in 265.4-cü
maddəsinin norması həmin Məcəllənin 265.5 və
265.6-cı maddələrindəki normalarından fərqli
olaraq CPM-in 46.1—46.4-cü maddələrinin tələbləri
ilə ziddiyyət təşkil etmir.
Xatırlanmalıdır ki, xüsusi
qərardadların çıxarılması yalnız bir
halda—məhkəmədə işə baxılarkən
mümkündür. MPM-də əks olunmuş
məhkəmə icraatının qaydalarına görə
icraya yönəldə biləcək məhkəmə
aktı yalnız birinci instansiya məhkəməsində
icraat aparıldığı zamanı qəbul oluna bilər.
Məhkəmə baxışı sona çatandan sonra qanuni
qüvvəyə minmiş məhkəmə aktlarının
icra olunmaması ilə bağlı birinci instansiya
məhkəməsində baxılmış iş üzrə
yenidən məhkəmə iclasının keçirilməsi
və ya hər hansı xüsusi növ icraatın
aparılması MPM-də nəzərdə
tutulmamışdır.
Qanunverici MPM-in 231-ci maddəsinin
müddəalarında qətnamənin icrasına
möhlət verilməsini və ya onun hissə-hissə icra
edilməsini, qətnamənin icra üsulunun və
qaydasının dəyişdirilməsini işdə
iştirak edən şəxslərin ərizəsinə, icra
üzrə icraatın dayandırılmasını isə
məhkəmə icraçısının təqdimatına
əsasən məhkəmə iclasında baxılan məsələlərə
aid edərək həmin məsələlərin həlli
ilə bağlı bəzi qaydaları təsbit etsə
də, bu maddədə məhkəmə aktlarının icra
olunmaması ilə əlaqədar müddəalar
müəyyən etməmişdir.
Bütün bu hallar, habelə məhkəmə
aktlarının icrası ilə bağlı
məsələlərin «Məhkəmə qərarlarının
icrası haqqında» Azərbaycan Respublikasının Qanunu
ilə tənzimlənməsi onu göstərir ki, qanunverici
əvvəlki MPM-dən fərqli olaraq məhkəmə
qətnamələrinin icrasına dair
məsələlərin hal-hazırda qüvvədə olan
MPM-də nizamlanmasını o qədər də
məqsədə müvafiq hesab etməmişdir.
Həmin mövqeyi gücləndirən amil həm
də ondan ibarətdir ki, qanunverici tərəfindən
üzürsüz səbəbdən icra sənədi icra
edilmədiyi halda cinayət məsuliyyətinə cəlb
olunma ilə bağlı «Məhkəmə
qərarlarının icrası haqqında» Azərbaycan Respublikası
Qanununun 82-ci maddəsində MPM-in 265.5 və 265.6-cı
maddələrində göstərilənlərdən
tamamilə başqa qayda müəyyən edilmişdir.
Belə ki, adı çəkilən Qanunun 82.1-ci
maddəsinə görə borclunu müəyyən
hərəkətləri etməyə və ya
müəyyən hərəkətləri etməkdən
çəkinməyə məcbur edən icra sənədi
məhkəmə icraçısı tərəfindən
müəyyən olunmuş müddətdə üzrsüz
səbəbdən icra olunmadıqda, məhkəmə
icraçısı borclunun Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati
məsuliyyətə cəlb olunması üçün inzibati
xəta haqqında protokol tərtib edir və onu işin
digər materialları ilə birlikdə müvafiq
məhkəməyə göndərir. Eyni zamanda
məhkəmə icraçısı tərəfindən
borcluya icra üçün yeni müddət təyin edilir. Bu
müddəaları davam etdirən həmin Qanunun 82.3-cü
maddəsinə uyğun olaraq icra sənədi üzrsüz
səbəbdən yenidən icra edilmədikdə,
məhkəmə icraçısı məhkəmə
qərarını icra etməyə borclu olan şəxsin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada cinayət
məsuliyyətinə cəlb olunması haqqında müvafiq
orqana, məhkəmə icraçıları qurumunun
rəhbəri tərəfindən təsdiq olunan təqdimat
verir.
«Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci
maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati
preyudisiyasından istifadə olunmuşdur. Həmçinin
inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd
davranışı davam etdiyi halda onun cinayət
məsuliyyətinə cəlb olunması, habelə bunun
məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada müvafiq orqana,
məhkəmə icraçıları qurumunun
rəhbərinin təqdimati əsasında
mümkünlüyü müəyyən olunmuşdur.
Maddədən göründüyü kimi,
məhkəmə aktının icrası üçün
tərtib olunan icra sənədi icra olunmadıqda borclunun
əvvəlcə inzibati məsuliyyətə, bu lazımi
nəticə vermədikdə isə sonradan onun cinayət
məsuliyyətinə cəlb olunması üçün
qanunvericiliklə müəyyən olunmuş mexanizmdən,
yəni CPM-in normalarında nəzərdə tutulmuş
hüquqi mexanizmdən istifadə olunması nəzərdə
tutulmuşdur. Bu mexanizm insan hüquq və
azadlıqlarının daha səmərəli təmin olunmasına
yönəldilmişdir. Cinayət təqibinə, onun
daxilində cinayət işinə prokurorluq və icra
hakimiyyəti orqanları tərəfindən başlanması
və ədalət mühakiməsini həyata keçirən
məhkəmələrin bu məsələdən
kənarlaşdırılmasi həm Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin
hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkilini təsbit edən Konstitusiyanın 7-ci
maddəsinin tələblərinə, həm də
Konstitusiyanın 127-ci maddəsinin II hissəsində öz
əksini tapmış hakimlərin işlərə
qərəzsiz baxması prinsipinə uyğundur.
Qeyd etmək lazımdır ki, «Normativ hüquqi aktlar
haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsinə uyğun olaraq eyni hüquqi qüvvəyə
malik olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda,
daha sonra qüvvəyə minmiş normativ-hüquqi akt
tətbiq olunur. Bu müddəa məhkəmələrin
hüququ tətbiqetmə təcrübəsində xüsusi
əhəmiyyət kəsb edir. MPM 1 iyun 2000-ci ildən,
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikasının Qanunu isə 8 mart 2002-ci il
tarixindən qüvvəyə minmişdir. Nəzərə
alsaq ki, MPM-in 265.5 və 265.6-cı maddələri ilə
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsi
arasında ziddiyyət mövcuddur, bu halda «Normativ hüquqi
aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsinə uyğun olaraq «Məhkəmə
qərarlarının icrası haqqında» Azərbaycan
Respublikası Qanununun 82.3-cü maddəsi tətbiq
olunmalıdır.
Bütün yuxarıdakıları nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MPM-in
265.5 və 265.6-cı maddələrinin müddəaları
Konstitusiyanın 127-ci maddəsinin II hissəsində təsbit
edilmiş hakimlərin işlərə qərəzsiz
baxması prinsipinə xələl gətirdiyi və
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin
məzmunu ilə ziddiyyət təşkil etdiyi
üçün «Normativ hüquqi aktlar haqqında»
Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin
tələbinə uyğun olaraq, daha sonra qüvvəyə
minmiş «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsi tətbiq olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin
aşağıdakılara xüsusi diqqət yetirilməsini
zəruri hesab edir.
«Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsinə görə icra sənədi üzrsüz
səbəbdən yenidən icra edilmədikdə,
məhkəmə icraçısı məhkəmə
qərarını icra etməyə borclu olan şəxsin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə
cəlb olunması haqqında müvafiq orqana,
məhkəmə icraçıları qurumunun rəhbəri
tərəfindən təsdiq olunan təqdimat verir. Lakin burada
«müvafiq orqan» dedikdə, onun hansı orqana aid olması
məsələsi nə Qanunda, nə də ki, onun
tətbiqinə dair qəbul olunmuş Azərbaycan
Respublikası Prezidentinin fərmanında
açıqlanmamışdır.
Bununla bağlı nəzərə
alınmalıdır ki, Azərbaycan Respublikasının
həm mülki, həm də cinayət prosessual
qanunvericiliyində məhkəmə icraçıları
qurumunun rəhbəri tərəfindən təsdiq olunan
təqdimata məhkəmə tərəfindən
baxılmasının mümkünlüyü
müəyyən olunmamışdır. Cinayət prosessual
qanunvericiliyində isə cinayət işinin başlanması
barədə qərar qəbul edən subyektlər
sırasında məhkəmənin və ya hakimin adı
ümumiyyətlə nəzərdə tutulmamışdır
(CPM-in 46, 209 və 210-cu maddələri).
Qeyd olunmalıdır ki, Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
olunmuşdur ki, məhkəmə aktlarının
icrasının təmin olunması Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin müvafiq qurumlarının
vəzifəsidir.
Cinayət Məcəlləsinin 306-cı
maddəsinə görə məhkəmə
qətnaməsini, hökmünü, qərardadını
və ya qərarını qərəzli olaraq icra etməmək
və ya həmin məhkəmə aktlarının icrasına
maneçilik törətmək cinayət tərkibini
yaradır. «Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında»
Azərbaycan Respublikası Qanununun və həmin Qanunla
təsdiq edilmiş Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 25 avqust
2000-ci il tarixli fərmanının 3-cü bəndinin
dördüncü abzasına uyğun olaraq Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 306-cı maddəsində
nəzərdə tutulmuş cinayətlərə dair
işlər üzrə ibtidai istintaq Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi tərəfindən
aparılır.
CPM-in 205.1-ci maddəsinə görə
törədilmiş və ya hazırlanan cinayət haqqında
cinayət işinin başlanması üçün
səbəb hesab edilən hüquqi şəxsin
(vəzifəli şəxsin) məlumatları məktub, yaxud
təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya
digər qəbul edilmiş müraciət formasında
olmalıdır.
Mövcud qanunvericiliyin normalarını nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
«Məhkəmə qərarlarının icrası haqqında»
Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin
tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 306-cı
maddəsində nəzərdə tutulmuş
cinayətlərə dair işlər üzrə ibtidai istintaq
aparan orqan; 2) «məhkəmə icraçıları qurumunun
rəhbəri tərəfindən təsdiq olunan təqdimat»
CPM-in 205.1-ci maddəsinin müddəalarına əsasən
törədilmiş və ya hazırlanan cinayətlər
haqqında vəzifəli şəxslərin
müraciətinin bir növü kimi qəbul
olunmalıdır.
«Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycdn Respublikası Qanununun 82.3-cü
maddəsinin bu cür tətbiqi məhkəmədən
kənar cinayət işinin başlanması üzrə
aparılan hərəkətlərdə ədalət
mühakiməsini həyata keçirən hakimlərin
iştirakını istisna etdiyi üçün onların
qərəzsizliyinə heç bir xələl gəlmir.
Yuxarıdakıları nəzərə alaraq
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65—67
və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 265.5 və 265.6-cı maddələrinin
müddəaları Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin II hissəsində
təsbit edilmiş hakimlərin işlərə
qərəzsiz baxması prinsipinə xələl gətirdiyi
və «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsinin məzmunu ilə ziddiyyət təşkil etdiyi
üçün «Normativ hüquqi aktlar haqqında»
Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin
tələbinə uyğun olaraq, daha sonra qüvvəyə
minmiş «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsi tətbiq olunmalıdır.
2. «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3-cü
maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
306-cı maddəsində nəzərdə tutulmuş
cinayətlərə dair işlər üzrə ibtidai istintaq
aparan orqan; 2) «məhkamə icraçıları qurumunun
rəhbəri tərəfindən təsdiq olunan təqdimat»
Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 205.1-ci maddəsinin
müddəalarına əsasən törədilmiş və
ya hazırlanan cinayətlər haqqında vəzifəli
şəxslərin müraciətinin bir növü kimi
qəbul olunmalıdır.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinskiy raboçiy» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatın»da dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
vəzifəli şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna
bilməz.
Sədrlik edən:
Fərhad ABDULLAYEV.
Bakı şəhəri, 15 fevral 2008-ci
il