AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q.
Hüseynovun şikayəti üzrə məhkəməyə
müraciət hüququnun pozulmasına dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən), S.
Salmanova, F. Babayev, S. Həsənova, B. Qəribov, R. Qvaladze
(məruzəçi-hakim), İ. Nəcəfov və Ə.
Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi Q.Hüseynovun,
cavabverənin nümayəndəsi Azərbaycan
Respublikası Neftçala rayon məhkəməsinin
əməkdaşı E.Rəhmanovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya
məhkəmə icraatı üzrə açıq
məhkəmə iclasında Qabil Hüseynovun
şikayətinə əsasən məhkəmə
aktlarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin
məruzəsini, ərizəçi Q.Hüseynovun,
cavabverənin nümayəndəsi E.Rəhmanovun
çıxışlarını dinləyib, iş
materiallarını araşdırıb müzakirə
edərək,
MÜƏYYƏN ETDİ:
Neftçala rayon məhkəməsinin 12 sentyabr
2006-cı il tarixli, 2-117 saylı qətnaməsi ilə
Qasım Bədəlovun cavabdeh Qabil Hüseynova qarşı
Kürqarabucaq kənd bələdiyyəsindən əmək
haqqı və işdən çıxma müavinəti
tələbinə dair iddiası təmin edilmiş,
əmək haqqı və müavinətin Kürqarabucaq
bələdiyyəsindən alınıb Q.Bədəlova
verilməsi, həmçinin bələdiyyədən
əlavə olaraq dövlət rüsumunun alınması
qət edilmişdir.
Bu qətnamənin surəti Neftçala rayon
məhkəməsi hakiminin imzaladığı 10 noyabr
2006-cı il tarixli, 2-117 saylı məktubla cavabdehə
göndərilmişdir.
Q. Hüseynov 10 dekabr 2006-cı il tarixdə
qətnamədən apellyasiya şikayəti vermişdir.
Neftçala rayon məhkəməsinin 15 dekabr 2006-cı il
tarixli, 2-117 saylı qərardadı ilə prosessual
müddət buraxıldığı üçün
verilmiş apellyasiya şikayəti Q. Hüseynova
qaytarılmışdır.
Qərardad onunla əsaslandırılmışdır
ki, cavabdeh məhkəmənin qətnaməsindən 11 dekabr
2006-cı il tarixdə məhkəmə qətnaməsinin
çıxarıldığı vaxtdan 3 ay sonra apellyasiya
şikayəti vermiş və şikayətində
məhkəmənin qətnaməsini 24 noyabr 2006-cı il
tarixdə almasını göstərsə də,
buraxılmış müddətin üzürlü hesab edilib
bərpa olunması barədə vəsatətlə
məhkəməyə müraciət etməmişdir.
Qeyd olunan qərardad, apellyasiya şikayəti və
digər sənədlər 15 dekabr 2006-cı il tarixli, 21
saylı məktubla Q. Hüseynova göndərilmişdir.
Q. Hüseynov 28 dekabr 2006-cı il tarixdə
məhkəməyə təqdim etdiyi şikayət
ərizəsi ilə qərardadla razı
olmadığını və şikayətinin Apellyasiya
Məhkəməsinə göndərilməsini xahiş
etmişdir.
Həmin şikayətə Neftçala rayon
məhkəməsi hakiminin əvəzi tərəfindən 01
fevral 2007-ci il tarixli, 17 saylı məktubla cavab verilmişdir.
Məktubda göstərilmişdir: «Siz həmin qərardaddan
məhkəməyə 28 dekabr 2006-cı il tarixdə, yəni
şikayət vermə müddəti keçəndən sonra
şikayət vermişsiniz. Həmin müddətin
bərpası üçün müraciət etməmiş
və həmin şikayətinizdə məhkəmə
qərarının surətinin alınma vaxtını da
göstərməmisiniz. Ona görə də
şikayətinizlə əlaqədar sənədlər AR
MPM-in 267-268-ci maddələrinin tələblərinə
əməl edilməsi üçün Sizə
qaytarılır».
Q. Hüseynov məhkəməyə müraciət,
hüquq və azadlıqlarının məhkəmə
müdafiəsi təminatı hüquqlarının
pozulduğunu iddia edərək Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra—Konstitusiya Məhkəməsi) şikayət vermişdir.
Ərizəçinin qənaətinə görə
Neftçala rayon məhkəməsi hakiminin 01 fevral 2007-ci il
tarixli, 17 saylı aktı ilə onun məhkəməyə
müraciət hüququ pozulmuş, məhkəmə
şikayətə müəyyən olunmuş müddətlər
çərçivəsində qərardadla cavab verməli
olduğu halda, qanunun tələblərinə zidd olaraq
məktubla cavab vermiş, onu yuxarı məhkəməyə
müraciət etmək hüququndan əsassız və
qanunsuz olaraq məhrum etmiş, bununla da Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra—Konstitusiya)
60-cı maddəsi ilə təminat verilmiş hüquq və
azadlıqların məhkəmə müdafiəsi
təminatı hüququndan məhrum etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu mülki işin
mahiyyətinə toxunmadan, iş üzrə prosessual
müddətlərə riayət olunması və prosessual
qanunvericilik normalarının tətbiqi ilə bağlı
aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Mülki işin materiallarından və
şikayətə əlavə olunmuş «Azərpoçt»
dövlət müəssisəsinin Neftçala MPŞ-nin
verdiyi qəbzlərdən və təsdiq etdiyi
sənədlərdən görünür ki, qətnamənin
surətinin Q. Hüseynova göndərildiyi 10 noyabr 2006-cı
il tarixli, 2-117 saylı məktub ona 24 noyabr 2006-cı il
tarixdə təqdim olunmuşdur. Ərizəçinin
apellyasiya şikayəti məhkəməyə 10 dekabr
2006-cı il tarixdə çatdırılmışdır.
Neftçala rayon məhkəməsinin 15 dekabr 2006-cı il
tarixli, 2-117 qərardadı və müşaiyətedici
məktub isə ərizəçiyə 28 dekabr 2006-cı il
tarixdə təqdim olunmuş və elə həmin gün
ərizəçi bu qəradaddan məhkəməyə
şikayət vermişdir. Sonuncu şikayətə
Neftçala rayon məhkəməsi hakiminin əvəzi
tərəfindən 01 fevral 2007-ci il tarixli, 17 saylı
məktubla cavab göndərilmiş və şikayətin
müddət keçəndən sonra verildiyi bildirilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinə (bundan sonra—MPM) müvafiq olaraq,
məhkəmə tərəfindən ayrıca akt
şəklində qəbul edilmiş qərardaddan bu
Məcəllədə göstərilmiş hallarda
şikayət verilə bilər. Şikayət qərardad
tərəfə rəsmi təqdim edildikdən və ya
tərəf onu aldıqdan sonra 10 gün müddətində
verilir. Qərardad ondan şikayət vermək hüququna malik
olan şəxslərin yanında elan edilmişdirsə,
şikayət vermə müddəti qərardadın elan
olunduğu vaxtdan hesablanır. Şikayətə
qərardadı qəbul etmiş birinci instansiya
məhkəməsi tərəfindən 3 gün
müddətində baxılır. Şikayət
əsaslıdırsa, hakim qərardadı dəyişdirir və
ya ləğv edir və mübahisəyə baxılması
üçün tərəflərlə birlikdə sonrakı
prosessual hərəkətləri yerinə yetirir. Əks
təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün
müddətində işlə birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərilir (MPM-in
267-269 və 396-cı maddələri).
MPM-in 363.2-ci maddəsinə əsasən apellyasiya
şikayətinin qaytarılması haqqında qərardad
çıxarılır. MPM-in birinci instansiya
məhkəməsinin qərardadından şikayət
verilməsi müddətindən bəhs edən 396.1-ci
maddəsinə uyğun olaraq şikayət birinci instansiya
məhkəməsinin qərardadı rəsmi təqdim
edilən gündən 10 gün müddətində birinci
instansiya məhkəməsinə verilə bilər.
MPM-in 397-ci maddəsinə görə həmin
Məcəllənin 269.3-cü maddəsində
nəzərdə tutulmuş əsaslar olduqda,
məhkəmənin qərardadından verilən ilkin
şikayət işlə birlikdə apellyasiya instansiyası
məhkəməsinə göndərilir.
Mülki prosessual qanunvericilik birinci instansiya
məhkəməsinin qətnaməsindən verilən
şikayətlər üçün də müddətin
məhz məhkəmə aktının tərəfə
təqdim olunduğu gündən hesablandığını
nəzərdə tutur. MPM-in «Apellyasiya şikayətinin
verilmə müddəti» adlanan 360-cı maddəsinə
müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə
qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay
müddətində verilə bilər.
İşdən göründüyü kimi,
Neftçla rayon məhkəməsi qətnamədən
verilmiş şikayəti ərizəçiyə
qaytararkən məhz qətnamənin
çıxarıldığı tarixə istinad etmiş,
həmin qətnaməni tərəfin 24 noyabr 2006-cı il
tarixdə aldığını təsdiqləsə də,
buraxılmış müddətin üzrlü hesab edilib
bərpa olunması barədə vəsatətin
verilmədiyini əsas götürərək şikayəti
geri qaytarmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu bununla
əlaqədar olaraq qeyd edir ki, qanunvericilik prosessual
müddətin buraxılması dedikdə, qanunla
müəyyən edilmiş müddətin buraxılmasını
nəzərdə tutur. MPM-də müddətin
axımının qanunda nəzərdə tutulmuş hallar
istisna olmaqla qətnamənin (qərardadın)
çıxarıldığı tarixdən deyil, onun
təqdim olunduğu (alındığı) andan
hesablanmasına dair birbaşa göstəriş
nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki,
qətnamənin çıxarıldığı tarix
müddətin keçdiyini müəyyən etmək
üçün əsas deyildir və məhkəmə
yalnız qətnamənin çıxarıldığı
tarixə istinad etməklə tərəfi prosessual
müddətin bərpa edilməsi barədə vəsatət
verməyə məcbur etməkdə haqlı ola bilməz.
Tərəfin prosessual müddəti ötürməməsi
onu belə vəsatət verməkdən azad edir,
məhkəmənin üzərinə isə qanunvericilikdə
nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri
yerinə yetirmək vəzifəsi qoyur.
Həmçinin iş materiallarından
görünür ki, sözü gedən və
ərizəçinin iştirakı olmadan elan edilmiş
qərardad 28 dekabr 2006-cı il tarixdə
ərizəçiyə təqdim edilmiş və
ərizəçi həmin gün göstərilən
qərardaddan məhkəməyə şikayət təqdim
etmişdir. Məhkəmə şikayətə 3 gün
müddətində baxmalı olduğu, şikayət
əsaslı olduğu halda qərardadı dəyişdirib və
ya ləğv etməli və mübahisəyə
baxılması üçün tərəflərlə
birlikdə sonrakı prosessual hərəkətləri
yerinə yetirməli, əks təqdirdə bu şikayət
baxıldıqdan sonra 7 gün müddətində işlə
birlikdə apellyasiya instansiyası məhkəməsinə
göndərməli olduğu halda, yalnız 33 gün
keçdikdən sonra ərizəçiyə məktubla cavab
vermişdir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsi
hər kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat verir.
Məhkəmə müdafiə hüququ və bu hüquqla
əhatə olunan məhkəməyə müraciət
hüququ beynəlxalq hüquqi aktlarda ədalətli
məhkəmə araşdırması hüququ kimi geniş
əks olunmuşdur. İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında Avropa
Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində
göstərilmişdir ki, hər kəs onun mülki hüquq
və vəzifələri müəyyən edilərkən
və ya ona qarşı hər hansı cinayət ittihamı
irəli sürülərkən, qanun əsasında
yaradılmış müstəqil və qərəzsiz
məhkəmə vasitəsilə, ağlabatan
müddətdə işin ədalətli və açıq
araşdırılması hüququna malikdir.
Konstitusiya Məhkəməsi Bakı şəhəri
Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti
üzrə 23 aprel 2004-cü il tarixli Qərarında Avropa
İnsan hüquqları Məhkəməsinin «Delkurun
Belçikaya qarşı işi üzrə» qərarına
istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə
araşdırması hüququ özündə üç
elementin vəhdətini nəzərdə tutur:
1) qanun əsasında yaradılmış,
müstəqilliyə və qərəzsizliyə dair
bütün tələblərə cavab verən
məhkəmənin mövcudluğu;
2) məhkəmənin mübahisəyə və ya
ittihama dair bütün məsələləri həll
etmək üçün kifayət qədər geniş
yurisdiksiyaya malik olması;
3) müvafiq şəxsin məhkəməyə
müraciət etmək hüququnun (və imkanının)
olması.
Bu elementlərin hər hansı birinin, o
cümlədən qanunvericilikdə müəyyən
edilən istisnalar nəzərə alınmaqla şəxsin
məhkəməyə müraciət etmək hüququnun
olmaması, ədalətli məhkəmə araşdırması
hüququnu mənasız edir».
Konstitusiya Məhkəməsi həmin qərarında
həmçinin göstərmişdir ki, şəxsin
məhkəməyə müraciət etmək hüququ
məhkəmə prosesinin bütün
mərhələlərinə aiddir.
Hazırkı işdə birinci instansiya
məhkəməsi qanunvericiliyin tələblərinə zidd
olaraq ərizəçiyə məktubla cavab verməklə,
onu məhkəmənin hərəkətlərindən
narazı qaldığı halda yuxarı məhkəmə
instansiyasına müraciət etmək, bununla da onun apellyasiya
instansiyası məhkəməsində öz hüquq və
azadlıqlarını müdafiə etmək hüququndan
məhrum etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin
qeyd edir ki, birinci instansiya məhkəməsi
tərəfindən ərizəçinin şikayətinə
prosessual qanunvericilikdə nəzərdə tutulmuş
müddətlərin kobud şəkildə pozulması ilə
33 gündən sonra cavab verilməsi də məhkəmə
müdafiəsi hüququnun əsas prinsiplərindən olan
hər kəsin işinə ağlabatan
müddətlərdə baxılması prinsipi ilə bir araya
sığan hesab edilə bilməz.
Konstitusiya Məhkəməsinin yuxarıda adı
çəkilən 23 aprel 2004-cü il tarixli Qərarında
məsələ ilə bağlı hüquqi mövqeyi ondan
ibarət olmuşdur ki, prosessual qanunvericiliklə
nəzərdə tutulmuş hallarda, qaydada və
müddətlərdə məhkəmə aktının
(qətnamə və ya qərardadın) əvəzinə
məhkəmə və ya hakim tərəfindən hər
hansı deklarativ qərarın, o cümlədən
məktubun tərtibi və göndərilməsi, konkret
hallardan asılı olaraq belə qərarın və ya
məktubun məhkəmə aktı kimi qəbul olunmasına
səbəb ola bilər.
Beləliklə, Neftçala rayon
məhkəməsinin 01 fevral 2007-ci il tarixli, 17 saylı
məktubu ilə ərizəçinin məhkəməyə
müraciət hüququ pozulmuş, bu isə öz
növbəsində, pozulmuş hüquqların
bərpasına yönəlmiş məhkəmə
müdafiəsi vasitələrinin tükənməsinə
səbəb olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu
məhkəməyə müraciət hüququnun
ədalətli məhkəmə baxışının
təmin edilməsi baxımından əhəmiyyətinə
dair öz qərarlarında ifadə etdiyi hüquqi
mövqelərə zidd olaraq, ümumi yurisdiksiyalı
məhkəmələrin hakimləri tərəfindən
oxşar səhvlərin buraxılmasını yolverilməz
hesab edir və qanunvericiliyin tələblərinin kobud pozuntusu
kimi qiymətləndirir.
Yuxarıda göstərilənləri
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu
belə nəticəyə gəlir ki, ərizəçinin
məhkəməyə müraciət hüququnun
pozulmasına səbəb olmuş və məhkəmə
aktı kimi qəbul edilən Neftçala rayon
məhkəməsinin 01 fevral 2007-ci il tarixli, 17 saylı
məktubu Konstitusiyanın 60-cı maddəsinin I
hissəsinə, MPM-in 268-269 və 397-ci maddələrinə
uyğun olmadığı üçün
qüvvədən düşmüş hesab edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V, IX və X hissələrini, «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Qasım Bədəlovun Qabil Hüseynova
qarşı Kürqarabucaq kənd bələdiyyəsindən
əmək haqqı və işdən çıxma
müavinəti tələbinə dair iddiası üzrə
məhkəmə aktı kimi qəbul edilən Neftçala
rayon məhkəməsinin 01 fevral 2007-ci il tarixli, 17 saylı
məktubu Konstitusiyanın 60-cı maddəsinin I
hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 268-269 və 397-ci maddələrinə
uyğun olmadığı üçün
qüvvədən düşmüş hesab edilsin.
İşə bu Qərara uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyində
nəzərdə tutulmuş müddətdə və qaydada
yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi», qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
vəzifəli şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən
Fərhad ABDULLAYEV
Bakı şəhəri, 29 iyun 2007-ci il