AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1179.2-ci
maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası
Qanununun 15 və 18-1-ci maddələrinə dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən),
S.Salmanova, F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze
(məruzəçi-hakim), İ.Nəcəfov və
Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
xüsusi konstitusiya icraatında maraqlı
subyektlərin qanuni nümayəndələri Bakı
şəhəri Suraxanı rayon məhkəməsinin
əməkdaşı T. Heydərovun, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının inzibati və
hərbi qanunvericilik şöbəsinin müdir müavini
S.Məmmədovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə müvafiq olaraq, xüsusi
konstitusiya icraatı üzrə «Notariat haqqında»
Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci
maddələrinin şərh edilməsinə dair Bakı
şəhəri Suraxanı rayon məhkəməsinin
müraciəti ilə əlaqədar konstitusiya işinə
baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini,
xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni
nümayəndələri T. Heydərov və
S.Məmmədovun çıxışlarını
dinləyib müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Vətəndaş M.Əsgərova Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra—MM)
1179.2-ci maddəsinə əsaslanaraq onun
vəsiyyətnaməsinin təsdiq edilməsi xahişi ilə
Yeni-Suraxanı Bələdiyyəsinə müraciət
etmişdir. Müraciətə cavab olaraq Yeni-Suraxanı
Bələdiyyəsi bildirmişdir ki, vəsiyyətnamənin
təsdiq edilməsi bələdiyyələrin deyil,
Dövlət Notariat Kontorunun səlahiyyətinə aiddir.
Yeni-Suraxanı Bələdiyyəsi vəsiyyətnamənin
təsdiq edilməsindən imtina etdiyinə görə, M.Əsgərova
mülki-prosessual qanunvericilikdə nəzərdə
tutulmuş qaydada yerli özünüidarə
orqanlarının, onların vəzifəli
şəxslərinin qərar və hərəkətindən
Suraxanı rayon məhkəməsinə şikayət
etmişdir. Məhkəmə araşdırması zamanı
ərizəçi M. Əsgərova qeyd olunanları insan
və vətəndaş hüquq və
azadlıqlarının həyata keçirilməsinin
məhdudlaşdırılması kimi
qiymətləndirərək «Notariat haqqında» Azərbaycan
Respublikası Qanununun (bundan sonra- «Notariat haqqında» Qanun) 15
və 18-1-ci maddələrinin şərh edilməsi ilə
bağlı Konstitusiya Məhkəməsinə müraciət
göndərilməsinə dair vəsatət
qaldırmışdır.
Suraxanı rayon məhkəməsi Konstitusiya
Məhkəməsinə müraciət edərək «Notariat
haqqında» Qanunun 15 və 18-1-ci maddələrinin
vəsiyyətnamənin təsdiq edilməsi ilə
bağlı müddəalarının şərh olunmasını
xahiş etmişdir.
Müraciət onunla
əsaslandırılmışdır ki, MM-in 1179.2-ci
maddəsində notariusun olmadığı yerlərdə
yerli özünüidarə orqanları tərəfindən vəsiyyətnamənin
təsdiq edilməsi nəzərdə tutulsa da, həmin
Məcəllənin notariusa bərabər tutulan şəxslərdən
bəhs edən 1181-ci maddəsində, «Notariat haqqında»
Qanunun dövlət idarələrində notariat
fəaliyyətini həyata keçirən subyektlərdən
bəhs edən 15-ci, müvafiq icra hakimiyyəti
orqanlarının vəzifəli şəxsləri
tərəfindən aparılan notariat
hərəkətlərindən bəhs edən 18-ci və
notariusa bərabər tutulan şəxslərdən bəhs
edən 18-1-ci maddələrində yerli
özünüidarə orqanları tərəfindən bu
notariat hərəkətinin həyata keçirilməsi
nəzərdə tutulmamışdır. Müraciətdə
həmçinin qeyd olunur ki, «Notariat haqqında» Qanunun qeyd
olunan maddələrində həmin səlahiyyət müvafiq
icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bu
isə hüquq tətbiqetmə təcrübəsində
mübahisələrin və anlaşılmazlıqların
yaranmasına səbəb olur.
Müraciətlə bağlı Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıları qeyd
edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra- Konstitusiya) 142-ci maddəsinin I hissəsinə
görə yerli özünüidarəni
bələdiyyələr həyata keçirir. Konstitusiyada
bələdiyyələrin işinin təşkili, onların
səlahiyyətləri və müstəqilliyinin
təminatı dəqiq göstərilmişdir.
Konstitusiyada sadalanan səlahiyyətlərlə
yanaşı, yerli özünüidarə orqanlarına
qanunvericilik və icra hakimiyyətləri tərəfindən
əlavə səlahiyyətlər də verilə bilər
(Konstitusiyanın 144-cü maddəsinin II hissəsi).
Konstitusiyanın göstərilən
müddəasına əsaslanaraq «Bələdiyyələrin
statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci
maddəsində göstərilmişdir ki, Azərbaycan
Respublikasında yerli özünüidarə
vətəndaşların fəaliyyətinin təşkilinin
elə bir sistemidir ki, bu sistem onlara qanun
çərçivəsində yerli əhəmiyyətli
məsələləri müstəqil və sərbəst
şəkildə həll etmək hüququnu həyata
keçirmək və yerli əhalinin mənafeyi naminə
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü
maddəsinin II hissəsinə uyğun olaraq dövlət
işlərinin bir hissəsini yerinə yetirmək imkanı
verir.
Qanunvericilik və icra hakimiyyətləri
tərəfindən yerli özünüidarə orqanlarına
bəzi konkret səlahiyyətlərin verilməsi beynəlxalq
sənədlərdə də istisna olunmur.
Məsələn, Yerli özünüidarə
haqqında 15 oktyabr 1985-ci il tarixli Avropa Xartiyasının
4-cü maddəsinin 1-ci bəndində deyilir ki, yerli
özünüidarənin əsas səlahiyyətləri
konstitusiya və qanunla müəyyən edilir. Lakin bu müddəa
yerli özünüidarə orqanlarına qanuna uyğun olaraq
ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini
istisna etmir. Həmin maddənin 2-ci bəndinə müvafiq
olaraq, yerli özünüidarə orqanları onların
səlahiyyətindən çıxarılmamış və
başqa bir hakimiyyət orqanının səlahiyyətinə
aid edilməmiş hər hansı məsələyə dair
öz təşəbbüslərini həyata
keçirmək üçün qanunla müəyyən
edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər.
Xartiyanın 4-cü maddəsinin 3-cü bəndinə
əsasən dövlət səlahiyyətlərinin həyata
keçirilməsini, bir qayda olaraq, əsas etibarı ilə
vətəndaşlara daha yaxın olan hakimiyyət
orqanlarına həvalə etməlidir. Bu
səlahiyyətlərdən hər hansı birinin başqa bir
hakimiyyət orqanlarına verilməsi qarşıya qoyulmuş
vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik
və qənaət tələblərini nəzərə
almaqla həyata keçirilməlidir.
Konstitusiyaya uyğun olaraq dövlətin
bələdiyyələrə verdiyi
səlahiyyətlərdən biri də MM-in 1179-cu
maddəsində nəzərdə tutulmuşdur.
Məcəllənin 1179.1-ci maddəsində
göstərilmişdir ki, vəsiyyətnamə yazılı
formada tərtib edilməlidir. Həm də notariat formasında
və ya bunsuz yazılı vəsiyyətnaməyə yol
verilir. MM-in 1179.2-ci maddəsinə əsasən isə notariat
forması tələb edir ki, vəsiyyətnaməni
vəsiyyət edən tərtib etsin və imzalasın,
notarius, notariusun olmadığı yerlərdə isə yerli
özünüidarə orqanları təsdiqləsin.
Yuxarıda göstərilən maddənin mahiyyətindən
göründüyü kimi, qanunverici vəsiyyətnamənin
notariat formasının təsdiqini notariusun
səlahiyyətinə aid etsə də, istisna hal kimi notariusun
olmadığı yerlərdə bu hərəkətin yerli
özünüidarə orqanı tərəfindən də
həyata keçirilməsinə imkan verir.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə yerli
özünüidarə orqanları ilə yanaşı
digər subyektlər tərəfindən də notariat
fəaliyyətinin həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
Belə ki, «Notariat haqqında» Qanunun 15-ci
maddəsinə müvafiq olaraq, dövlət vasitəsilə
notariat fəaliyyətini dövlət notariat kontorlarında
çalışan dövlət notariusları, notariat
kontorları olmayan yaşayış
məntəqələrində müvafiq icra hakimiyyəti
orqanları, Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq notariusa bərabər
tutulan şəxslər, Azərbaycan Respublikasının
konsulluqlarının səlahiyyətli vəzifəli
şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada
həyata keçirirlər. Həmçinin Qanunun 18-ci
maddəsində göstərilir ki, notariat olmayan
yaşayış məntəqələrində müvafiq
icra hakimiyyəti orqanları vəsiyyətnamələri
təsdiq edirlər. «Notariat haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli Fərmanının
3-cü bəndinin 5-ci abzasına əsasən həmin Qanunun
15-ci maddəsində, 18-ci maddəsinin birinci abzasında
nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti
orqanı»nın səlahiyyətlərini rayon,
şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri
həyata keçirirlər.
Yuxarıda göstərilən Qanunun 18-1-ci
maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 362-ci maddəsində
nəzərdə tutulan şəxslər etibarnamələri,
1181-ci maddəsində nəzərdə tutulan şəxslər
isə vəsiyyətnamələri təsdiq edirlər.
Göründüyü kimi, «Notariat haqqında» Qanunun
yuxarıda göstərilən normaları yalnız
dövlət idarələrində notariat fəaliyyətinin
əsaslarını tənzimləyir. Bu normalarda, o
cümlədən 15 və 18-1-ci maddələrində,
bələdiyyələr tərəfindən
vəsiyyətnamələrin təsdiq edilməsi
qaydasının nəzərdə tutulmaması
özü-özlüyündə yerli
özünüidarə orqanlarının MM-in 1179.2-ci
maddəsində təsbit olunmuş notariusun
olmadığı yerlərdə vəsiyyətnamələri
təsdiq etmək səlahiyyətini istisna etmir.
Bununla belə, qeyd edildiyi kimi «Notariat haqqında»
Qanunda dövlət idarələrində notariat
fəaliyyətini həyata keçirən subyektlərin
dairəsi, həmçinin onlar tərəfindən hansı
hallarda və şəraitdə notariat
hərəkətlərinin həyata keçirilməsinin
mümkünlüyü dəqiq göstərilmişdir. Bundan
fərqli olaraq qanunvericilikdə yerli özünüidarə
orqanları tərəfindən MM-in 1179.2-ci maddəsində
nəzərdə tutulmuş notariusun olmadığı
yerlərdə vəsiyyətnamələrin təsdiq
edilməsi səlahiyyətinin realizə edilmə mexanizmi
müəyyənləşdirilməmişdir.
Bundan başqa, «Notariat haqqında» Qanunun 18-ci
maddəsinə görə notariat kontorları olmayan
yaşayış məntəqələrində vəsiyyətnamələri
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli
şəxsləri təsdiq edirlər. MM-in 1179.2-ci
maddəsinə əsasən isə notariusun olmadığı
yerlərdə həmin sənədlərin təsdiqi yerli
özünüidarə orqanlarına həvalə
edilmişdir. Belə qeyri-müəyyənlik notariusun
olmadığı yerlərdə vəsiyyətnamənin
təsdiq edilməsində problemlərin yaranmasına
səbəb olur.
Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin
1-ci və 12-ci bəndlərinə əsasən Konstitusiyada
təsbit olunmuş insan və vətəndaş
hüquqlarından və azadlıqlarından istifadəyə,
bu hüquqların və azadlıqların dövlət
təminatına, əqdlər, mülki müqavilələr,
nümayəndəlik və vərəsəliyə dair
ümumi qaydaları Azərbaycan Respublikasının Milli
Məclisi müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65, 66,
67, 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun
15 və 18-1-ci maddələrində bələdiyyələr
tərəfindən vəsiyyətnamələrin təsdiq
edilməsi qaydasının nəzərdə tutulmaması
özü-özlüyündə yerli
özünüidarə orqanlarının Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1179.2-ci
maddəsində təsbit olunmuş notariusun
olmadığı yerlərdə vəsiyyətnamələri
təsdiq etmək səlahiyyətini istisna etmir.
2. Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin i hissəsinin 1-ci və 12-ci
bəndlərinə əsasən Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1179.2-ci maddəsində
nəzərdə tutulmuş notariusun olmadığı
yerlərdə yerli özünüidarə orqanları
tərəfindən vəsiyyətnamənin təsdiq
edilməsi səlahiyyətinin həyata keçirilməsi
qaydalarının müəyyən edilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir oluna bilməz.
Sədrlik edən
F.ABDULLAYEV
Bakı şəhəri, 29 iyun 2007-ci il