AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
F. M.
Əliyevanın şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki işlər
üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci
il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
AZƏRBAYCAN
RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ
PLENUMUNUN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu F. Abdullayev (sədrlik edən),
hakimlər F. Babayev (məruzəçi-hakim), B. Qəribov, R.
Qvaladze, E. Məmmədov, İ. Nəcəfov, S. Salmanova
və Ə. Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ. İsmayılovun,
ərizəçi F. Əliyevanın,
ərizəçinin nümayəndələri R. Quliyevin
və R. Çukanovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya
məhkəmə icraatı üzrə açıq
məhkəmə iclasında Əliyeva Fatmaxanım
Məmməd qızının Həsənov İspəndiyar
Hökumulla oğluna qarşı mənzildən
çıxarılma tələbinə dair mülki iş
üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki işlər üzrə
məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli
qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin
nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim F. Babayevin məruzəsini,
ərizəçi F. M. Əliyevanın və onun
nümayəndəsi R. Çukanovun
çıxışlarını dinləyib, işin materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Əliyeva Fatmaxanım Məmməd qızı
Bakı şəhəri Xətai rayon
məhkəməsinə iddia ərizəsi ilə
müraciət edərək bildirmişdir ki, 25 sentyabr 2001-ci
il tarixdə Həsənov İspəndiyar Hökumulla oğlu
ilə alqı-satqı müqaviləsi bağlayaraq, onun
mülkiyyətində olan Bakı şəhəri, Nikişin
küçəsi 21 saylı evin 1 saylı mənzilini
42.500.000 manata almış, mənzili xüsusi mülkiyyət
kimi hüquqi qeydiyyatdan keçirərək, qeydiyyat
vəsiqəsi əldə etmişdir. Lakin İ.
Həsənov müxtəlif bəhanələrlə evi
boşaldıb ona verməkdən imtina etmişdir.
Xətai rayon məhkəməsi 25 iyul 2003-cü il
tarixli qətnaməsi ilə iddianı təmin edərək,
İ. Həsənovun mənzildən
çıxarılmasını qət etmişdir.
Azərbaycan Respublikası Apellyasiya
Məhkəməsi MİÜMK-nın 25 dekabr 2003-cü il
tarixli qətnaməsi ilə Xətai rayon
məhkəməsinin yuxarıda göstərilən
qətnaməsi, Azərbaycan Respublikası Ali
Məhkəməsi MİÜMK-nın 10 mart 2004-cü il
tarixli qərarı ilə isə Apellyasiya Məhkəməsi
kollegiyasının göstərilən qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
İ. Həsənov tərəfindən 10 sentyabr
2004-cü il tarixdə əlavə kassasiya qaydasında
verilmiş şikayət Ali Məhkəmə Plenumunun
baxışına çıxarılmış, Plenumun 30
sentyabr 2004-cü il tarixli qərarı ilə Ali
Məhkəmə kollegiyasının və Apellyasiya
Məhkəməsi kollegiyasının yuxarıda
göstərilən qərar və qətnaməsi ləğv
edilərək, işə yenidən baxılması
üçün Apellyasiya Məhkəməsinə
göndərilmişdir.
Apellyasiya Məhkəməsi kollegiyasının 30
dekabr 2004-cü il tarixli qətnaməsi ilə Xətai rayon
məhkəməsinin 25 iyul 2003-cü il tarixli qətnaməsi
ləğv edilmiş, F.Əliyevanın İ.Həsənova
qarşı mənzildən çıxarılma
tələbinə dair iddiası rədd edilərək,
qarşılıqlı iddia təmin edilmişdir.
Ali Məhkəmə kollegiyasının 29 aprel 2005-ci
il tarixli qərarı ilə Apellyasiya Məhkəməsi
kollegiyasının yuxarıda göstərilən
qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
F. Əliyeva tərəfindən əlavə kassasiya
qaydasında verilmiş şikayətə Ali
Məhkəmə sədrinin 07 avqust 2005-ci il tarixli cavab
məktubunda şikayətin Ali Məhkəmənin Plenumuna
çıxarılması üçün əsaslar
olmadığı göstərilmişdir.
F. Əliyeva konstitusiya şikayətində Ali
Məhkəmə Plenumunun 30 sentyabr 2004-cü il tarixli və
Ali Məhkəmənin MİÜMK-nın 29 aprel 2005-ci il
tarixli qərarlarını qanunsuz və əsassız hesab
edərək, onların ləğv olunmasını xahiş
etmişdir. Şikayət onunla
əsaslandırılmışdır ki, həmin
məhkəmə aktları Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 144.1, 146, 152.1, 152.5, 324.5, 334,
647, 739-742-ci maddələrinin, Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 386, 418.1, 418.2, 424
və 426.1-ci maddələrinin müddəalarına uyğun
olmayaraq qəbul edilmiş, bununla da onun Azərbaycan
Respublikası Konstitusiyasının 13, 25, 29-cu
maddələrində nəzərdə tutulan hüquqları
və 127-ci maddəsinin II hissəsinin tələbləri
pozulmuşdur.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu şikayətə dair
aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikasının Konstitusiyası
mülkiyyət hüququnun müdafiə edilməsini
dövlətin ali məqsədlərindən biri hesab
edərək, onun effektiv həyata keçirilməsinə
təminat verir. Azərbaycan Respublikasında mülkiyyət, o
cümlədən xüsusi mülkiyyət toxunulmazdır
və dövlət tərəfindən qorunur. Hər kəsin
mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ,
həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə
edilir. Hər kəsin mülkiyyətində daşınar
və daşınmaz əmlak ola bilər. Mülkiyyət
hüququ mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq,
əmlakdan istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir
(Konstitusiyanın 13 və 29-cu maddələri).
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin
tələbinə görə hakimlər işlərə
qərəzsiz, ədalətlə, tərəflərin
hüquq bərabərliyinə, faktlara əsasən və
qanuna müvafiq baxırlar.
Qeyd olunan Konstitusiya normalarını özündə
ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan
Respublikasının Mülki Məcəlləsi (bundan sonra —
MM) və Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsi (bundan sonra — MPM) mülkiyyət
hüququnun tanınması və müdafiə olunması
üçün hüquqi mexanizmləri, ədalət
mühakiməsinin həyata keçirilməsinin əsas
prinsip və şərtlərini
müəyyənləşdirmişdir.
MM-in 6-cı maddəsinə əsasən, mülki
qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin
toxunulmazlığıdır. Həmin Məcəlləyə
görə, əmlakın fiziki və ya hüquqi
şəxsin mülkiyyətində, Azərbaycan
Respublikasının və ya bələdiyyələrin
mülkiyyətində olmasından asılı olaraq əmlaka
sahiblik, ondan istifadə və ona dair sərəncam
hüququnun əldə edilməsi və ona xitam verilməsi
xüsusiyyətləri yalnız qanunla
müəyyənləşdirilə bilər ( MM-in 153.3-cü
maddəsi).
Mülki hüquqi əqdlər, o cümlədən
alqı-satqı müqavilələri əmlaka, o
cümlədən daşınmaz əmlaka dair mülkiyyət
hüququnun əldə edilməsinin əsaslarından biridir.
Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun
barəsində əqdin notariat qaydasında təsdiq edildiyi
andan əmələ gəlir. Daşınmaz əmlak
üzərində sərəncam vermək hüququ, həmin
əmlakın daşınmaz əmlakın dövlət
reyestrində ərazi üzrə qeydiyyat tarixindən
əmələ gəlir (MM-in 146-cı maddəsi).
MM-in alqı-satqı haqqında ümumi
müddəalarına əsasən, satıcı
alqı-satqı müqaviləsində nəzərdə
tutulan əşyanı alıcıya verməyə borcludur.
Alıcı isə əgər alqı-satqı
müqaviləsində başqa qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı
qayda irəli gəlmirsə, əşyanı satıcıdan
bilavasitə təhvil almazdan əvvəl və ya təhvil
aldıqdan sonra ödəməlidir. Həmçinin
daşınmaz əşyaların alqı-satqısı
haqqında müqavilə yazılı formada bağlandıqda
və notariat qaydasında təsdiqləndikdə etibarlı
sayılır. Daşınmaz əşyaya mülkiyyət
hüququ alıcıya onun verilməsinin daşınmaz
əmlakın dövlət reyestirində qeydiyyatı
anından keçir (MM-in 178.1, 568.1, 598.1 və həmin
dövrdə qüvvədə olmuş 647.1, 647.2-ci
maddələri).
F. Əliyeva ilə İ. Həsənov arasında olan
müqaviləyə əsasən, sonuncu
mülkiyyətində olan Bakı şəhəri, Nikişin
küçəsi 21 saylı evin ümumi yaşayış
sahəsi 31,5 kv.m olan iki otaqlı mənzili F. Əliyevaya
satmışdır. Müqavilənin məzmununda
göstərilir ki, həmin şəxslər
tərəflər qismində çıxış edirlər
və bununla bağlı müvafiq olaraq İ. Həsənova
satıcının, F. Əliyevaya isə alıcının
hüquq və vəzifələri məxsus olmuşdur.
Mülki mübahisənin ilkin məhkəmə
araşdırmaları zamanı birinci, apellyasiya və kassasiya
instansiyası məhkəmələri MM-in 152.1-ci, 157.2-ci
və həmin dövrdə qüvvədə olmuş 647.1-ci
və 647.2-ci maddələrinin müddəalarına əsaslanaraq
ərizəçi F. Əliyevanın iddiasının
təmin edilməsinə dair məhkəmə aktları
qəbul etmişlər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
işə təkrar baxan apellyasiya və kassasiya instansiyası
məhkəmələri tərəfindən ilkin iddianın
rədd, qarşılıqlı iddianın isə təmin
edilməsi barədə məhkəmə aktları qəbul
edilərkən, MM-in mülkiyyət hüququnun əldə
edilməsi və itirilməsi, daşınmaz
əşyaların alqı-satqısını
nəzərdə tutan normalarının müddəalarına
deyil, həmin Məcəllənin yalnız uydurma və yalan
əqdlərin etibarsızlığına dair 340-cı
maddəsinə və Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin «Notariat hərəkətlərinin aparılması
qaydaları haqqında» təlimatın 45-ci bəndinin
tələblərinin pozulmasına istinad edilmişdir.
Yuxarıda adı çəkilən dəlil
göstərilən mülki işin qanuni həll edilməsi
üçün əsas ola bilməz. Digər
tərəfdən, məhkəmələr MM-in 340.2-ci
maddəsinə istinad edərkən həmin əqdin
həqiqətən digər əqdi pərdələmək
üçün bağlanmasına dair işdə
sübutların olub-olmadığını araşdırmamış
və buna hüquqi qiymət verməmişlər.
MPM-in 420-ci maddəsinin tələbinə görə,
kassasiya qaydasında işə baxan məhkəmənin
qərarında şərh edilən göstərişlər
həmin işə yenidən baxan məhkəmələr
üçün məcburidir. Lakin bu normanın
tələblərinə əməl edilməyərək
işə yeni apellyasiya baxışı zamanı Ali
Məhkəmə Plenumunun qərarında sadalanan
göstərişlərə nəinki əməl
edilməmiş, həmin göstərişlərin yerinə
yetirilməsinə cəhd belə edilmədən və
məhkəmələr tərəfindən MM-in 340.2-ci
maddəsi əsaslandırılmadan tətbiq olunmuşdur.
Bununla da MPM-in 88-ci maddəsinin məhkəmənin
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam
baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq
normalarına müvafiq olaraq qiymət verməsi barədə
müddəaları pozulmaqla Azərbaycan Respublikası
Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin
tələblərinə əməl edilməmişdir.
Nəticədə apellyasiya instansiyası
məhkəməsinin 30 dekabr 2004-cü il tarixli
qətnaməsi ilə Xətai rayon məhkəməsinin 25
iyul 2003-cü il tarixli qətnaməsi ləğv edilmiş
və qarşılıqlı iddia təmin edilərək,
mübahisələndirilən mənzilə dair Bakı
şəhəri, 5 saylı DNK-da bağlanmış 25 sentyabr
2001-ci il tarixli alqı-satqı müqaviləsi və həmin
mənzilə dair F. Əliyevanın adına verilmiş 12
aprel 2002-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab
edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin 30 dekabr
2004-cü il tarixli qətnaməsini
dəyişdirilmədən saxlayarkən Ali Məhkəmə
kollegiyası Apellyasiya Məhkəməsi kollegiyası
tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməməsinə
əhəmiyyət verməmişdir.
Kassasiya icraatı üzrə işə baxan Ali
Məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli
qərarı Ali Məhkəmə Plenumunun adı
çəkilən qərarının və Apellyasiya
Məhkəməsi kollegiyasının 30 dekabr 2004-cü il
tarixli qətnaməsinin qısaldılmış
şəkildə təkrarı olmaqla heç bir maddi və
prosessual hüquq normasına istinad edilməmiş,
işdə maraqlı olan şəxslər, həmçinin
cavabdeh işə cəlb edilib dindirilməmiş və
Plenumun qərarında göstərilən digər
dəlillərin araşdırılmasına və onlara
hüquqi qiymət verilməsinə təşəbbüs
göstərilməmişdir.
Azərbaycan Respublikası MPM-in 416-cı
maddəsinə əsasən, kassasiya instansiyası
məhkəməsi apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq
normalarının düzgün tətbiq edilməsini
yoxlayır.
Həmçinin prosessual qanunvericilik apellyasiya
instansiyası məhkəməsinin qətnamə və ya
qərardadını tamamilə, yaxud qismən ləğv edib
işi yenidən baxılmaq üçün apellyasiya
instansiyası məhkəməsinə göndərməyi
kassasiya instansiyası məhkəməsinin
səlahiyyətlərindən biri kimi
müəyyənləşdirmişdir (MPM-in 417.0.3.
maddəsi).
Maddi və prosessual hüquq normalarının
pozulması və ya düzgün tətbiq olunmaması
apellyasiya instansiyası məhkəməsinin qətnamə
və qərardadının ləğv edilməsi
üçün əsasdır (MPM-in 418.1-ci maddəsi).
Lakin kassasiya instansiyası məhkəməsi
Apellyasiya Məhkəməsi kollegiyası tərəfindən
Ali Məhkəmə Plenumunun qərarında şərh
edilən göstərişlərə əməl
edilməməsinə, bununla da MPM-in 420-ci maddəsinin
tələblərinin pozulmasına əhəmiyyət
verilmədən çıxarılmış qətnaməni
dəyişdirilmədən saxlamaqla MPM-in yuxarıda
göstərilən maddələrinin tələblərini
pozmuşdur. Bu isə, öz növbəsində, F.
Əliyevanın Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsində təsbit olunmuş hüquq və
azadlıqların məhkəmə müdafiəsi
təminatının pozulmasına səbəb olmuşdur.
Belə ki, Konstitusiyanın və beynəlxalq hüquqi
aktların (İnsan hüquqları haqqında Ümumi
bəyannamənin 10-cu maddəsi, Mülki və Siyasi
hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddəsi,
İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı
maddəsi) tələblərinə görə
məhkəmə müdafiəsi mahiyyət etibarilə
ədalət və qanunilik anlayışlarına cavab
verməli, hüquqların əsaslı şəkildə
bərpa olunmasını təmin etməlidir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, F. Əliyevanın İ. Həsənova
qarşı mənzildən çıxarılma
tələbinə dair mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki işlər
üzrə məhkəmə kollegiyasının 29 aprel 2005-ci
il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin, 127-ci maddəsinin
II hissəsinin, Azərbaycan Respublikası MPM-in 416,
417.0.3-cü və 418.1-ci maddələrinin
tələblərinə uyğun olmadığından
qüvvədən düşmüş hesab edilməlidir.
İşə bu qərara uyğun olaraq Azərbaycan
Respublikası mülki-prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və müddətdə
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. F. Əliyevanın İ. Həsənova qarşı
mənzildən çıxarılma tələbinə dair
mülki iş üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki işlər üzrə
məhkəmə kollegiyasının 29 aprel 2005-ci il tarixli
qərarı Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin və 127-ci maddəsinin II hissəsinin,
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 416, 417.0.3-cü və 418.1-ci
maddələrinin tələblərinə uyğun
olmadığından qüvvədən düşmüş
hesab edilsin. İşə bu Qərara uyğun olaraq
Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada və
müddətdə yenidən baxılsın.
2. Qərar elan olunduğu gündən
qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədrlik edən:
F. ABDULLAYEV
Bakı şəhəri, 7 aprel
2006-cı il