Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi X.Hacıyev (sədrlik edən), F. Babayev,
B. Qəribov (məruzəçi-hakim) R. Qvaladze, E.
Məmmədov, S. Salmanova, Ə. Sultanovdan ibarət
tərkibdə, məhkəmə katibi V. Zeynalovun,
sorğuverən orqanın qanuni nümayəndəsi
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.
Əsədovun
cavab verən orqanın qanuni nümayəndəsi
Azərbaycan Respublikası Milli Məclisi Aparatının
Dövlət quruculuğu üzrə qanunvericilik
şöbəsinin baş məsləhətçisi İ.
Babayevin iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-ci bəndinə və IV
hissəsinə müvafiq olaraq açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsinin
Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun
yoxlanılmasına dair Azərbaycan Respublikası Ali
Məhkəməsinin 14 iyun 2000-ci il tarixli 5-1-2000 saylı
sorğusu ilə bağlı konstitusiya işinə baxdı.
İş üzrə hakim B.Qəribovun
məruzəsini, sorğuverən orqanın qanuni
nümayəndəsi B.Əsədovun, cavabverən orqanın
qanuni nümayəndəsi İ.Babayevin çıxışlarını
dinləyib müzakirə edərək, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
103-cü maddəsinin birinci hissəsinə əsasən torpaq
mübahisələri öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr
və məhkəmələr tərəfindən həll
edilir. Bu maddənin ikinci hissəsində isə qeyd olunur ki,
müvafiq icra hakimiyyəti orqanın və ya bələdiyyənin
qərarı ilə tərəflər razı olmadıqda
mübahisələrə qanunvericilikdə müəyyən
edilmiş qaydada müvafiq məhkəmədə
baxılır.
Azərbaycan Respublikasının Ali
Məhkəməsi sorğuda Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsinin ikinci hissəsinin
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinin I hissəsinə, 71-ci maddəsinin II və VII
hissələrinə, 147-ci maddəsinin I hissəsinə,
149-cu maddəsinin III hissəsinə uyğunluğunun
yoxlanmasını xahiş edir.
Məsələ ilə bağlı konstitusiya
işinin materiallarına Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 69, 70, 73, 75, 103-cü maddələrinin,
«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası
Qanununun 7-ci maddəsinin, 28 dekabr 1999-cu il tarixdə təsdiq
olunmuş «Azərbaycan Respublikası Mülki-Prosessual
Məcəlləsinin 296-cı maddəsinin Azərbaycan
Respublikası Milli Məclisinin Aparatında təsdiq
olunmuş rəsmi mətnləri əlavə edilmişdir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
103-cü maddəsinin birinci hissəsində torpaq
mübahisələri həll edən orqanlar sırasında
müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə
və məhkəmələr göstərilmiş, ikinci
hissəsində isə icra hakimiyyəti orqanı və ya
bələdiyyə tərəfindən
çıxarılmış qərarlarla tərəflər
razı olmadıqda mübahisələrə
məhkəmələrdə baxılması
müəyyən edilmişdir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
54, 69, 70, 73, 75-ci maddələrinin təhlili göstərir
ki, torpaq sahələrinin verilməsi, geri alınması,
torpaq sahələri üzərində mülkiyyət,
istifadə və icarə huququnun
məhdudlaşdırılması, onlara xitam verilməsi,
habelə digər mülki hüquq
münasibətlərindən yaranan mübahisələr
məhkəmə qaydasında həll edilir.
Bir tərəfin başqa tərəfə inzibati
və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak
mübahisələrinin həll edilməsi qanunvericilikdə
müəyyən edilmiş qaydada aparılır. Bununla
əlaqədar Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsinin birinci
hissəsində torpaq mübahisələrini həll edən
orqanlar sırasında müvafiq icra hakimiyyəti orqanları
və bələdiyyələr də göstərilmişdir.
Lakin yaranan torpaq mübahisələrinin həll edilməsi
üçün hansı orqana—müvafiq icra hakimiyyəti
orqanına, bələdiyyəyə və ya bilavasitə
məhkəməyə müraciət etməsi şəxsin
öz iradəsindən asılıdır.
Torpaq mübahisələrinə
məhkəmələrdə baxılmasının müvafiq
icra hakimiyyəti orqanının və ya
bələdiyyənin qərarı ilə
əlaqələndirməsi şəxsin birbaşa
məhkəməyə müraciət etmək hüququnun
məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
Belə məhdudlaşma hər kəsin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsinə, 71-ci maddəsinin II və VII
hissələrində göstərilən
hüquqlarının tam həcmdə həyata
keçirilməsinə maneə yaradır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
103-cü maddəsinin ikinci və beşinci
hissələrindəki müddəaların hüquqi və
fiziki şəxslərin ilk növbədə müvafiq icra
hakimiyyəti orqanına və ya bələdiyyəyə
müraciət etmək şərti kimi qəbul edilməsi
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci
maddəsinin II hissəsinin və 149-cu maddəsinin III
hissəsinin tələbləri ilə də uzlaşmır.
Bundan başqa, Azərbaycan Respublikası
Mülki-Prosessual Məcəlləsinin 296-cı maddəsinin
ikinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti
orqanlarının, yerli özünüidarə
orqanlarının, sair orqan və təşkilatların,
onların vəzifəli şəxslərinin qərarları
və hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar mübahisələrə dair
işlər üzrə yuxarı orqanlara və vəzifəli
şəxslərə ilkin müraciət ərizənin
məhkəməyə təqdim edilməsi, onun məhkəmə
tərəfindən qəbul edilməsi və mahiyyəti
üzrə həll edilməsi üçün şərt
deyildir.
«Normativ hüquqi aktlar haqqında» Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinə görə eyni
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar
arasında ziddiyyət olduqda daha sonra qüvvəyə
minmiş normativ hüquqi akt tətbiq olunur. Azərbaycan
Respublikasının Mülki-Prosessual Məcəlləsi
isə Azərbaycan Respublikası Torpaq Məcəlləsindən
zamanca daha sonra qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi yuxarıdakıları nəzərə
alaraq hesab edir ki, şəxs torpaq mübahisələri
ilə bağlı hüquqlarının müdafiə
edilməsi üçün bilavasitə məhkəməyə
müraciət etmək hüququna malikdir.
Məhkəməyə müraciət etmək hüququnun
olması şəxsin torpaq mübahisələrini həll
etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti
orqanına və ya bələdiyyəyə müraciət
etmək hüququnu da istisna etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-ci bəndini və IV, VI
hissələrini «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80, 83 və 85-ci
maddələrini rəhbər tutaraq, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının
60-cı maddəsinin I hissəsinin, 71-ci maddəsinin II və
VII hissələrinin, 147-ci maddəsinin I hissəsinin, 149-cu
maddəsinin III hissəsinin müddəaları
baxımından Azərbaycan Respublikası Torpaq
Məcəlləsinin 103-cü maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş müddəa
şəxsin torpaq mübahisələrini həll etmək
üçün bilavasitə məhkəməyə
müraciət etmək hüququnu istisna etmir.
2. Torpaq mübahisələri ilə bağlı
hüquqlarının pozulduğunu hesab edən şəxs
onun bərpa edilməsi üçün öz
iradəsindən asılı olaraq müvafiq icra hakimiyyəti
orqanına, bələdiyyəyə və ya bilavasitə
məhkəməyə müraciət edə bilər.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir
4. Qərar «Azərbaycan» qəzetində dərc
edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
vəzifəli şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və yaxud rəsmi təfsir
edilə bilməz.
Sədrlik edən
Xanlar HACIYEV
Bakı şəhəri, 27 iyul 2000-ci il