Bakı
Metropoliteninin perspektiv inkişafı ilə bağlı
bəzi tədbirlər haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının sosial-iqtisadi
həyatında mühüm rol oynayan nəqliyyat
infrastrukturunun ardıcıl inkişafı istiqamətində
kompleks tədbirlər həyata keçirilmiş, bir sıra
islahatlar aparılmışdır. O cümlədən,
Bakı şəhərində yeni prospektlər
salınmış, mövcud avtomobil yolları
genişləndirilmiş, müasir yol qovşaqları,
piyadalar üçün keçidlər tikilərək
istifadəyə verilmişdir.
Qeyd edilənlərlə yanaşı, əhalisi
çox və sıx olan ölkə paytaxtında ekoloji
cəhətdən təmiz olan metro nəqliyyatı
sərnişinlərin sürətli, rahat və
təhlükəsiz daşınmasında müstəsna rol
oynayır.
Bakı Metropoliteninin fəaliyyət göstərdiyi
40 il ərzində 21 stansiya istifadəyə verilmiş, son
illərdə orta illik sərnişindaşıma 160 milyon
nəfərdən çox olmuşdur. Bu nəqliyyat
növünün davamlı fəaliyyətinin təmin
edilməsi, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, yeni vaqonların alınması
və tikinti-quraşdırma işlərinin
genişləndirilməsi daim dövlətin diqqət
mərkəzində saxlanılmışdır.
Göstərilən tədbirlərin
nəticəsində tikintisi bir neçə il davam
etdirilən yeni - "Nəsimi" stansiyası inşa olunub
sərnişinlərin istifadəsinə verilmişdir. Eyni
zamanda, hazırda həyata keçirilən
"İçərişəhər" və "28
May" stansiyalarının yenidənqurulması,
"Azadlıq prospekti" stansiyasının inşası
işləri artıq tamamlanmaq üzrədir.
Müasir şəhərsalmanın
xüsusiyyətləri, metro nəqliyyatından istifadə
edən sərnişinlərin sayının
günbəgün artması yeraltı nəqliyyat üçün
uzunmüddətli perspektiv planlaşdırmanı tələb
edir.
Bakı Metropoliteninin ictimai nəqliyyatda
oynadığı əvəzsiz rolunu və müasir
infrastrukturun inkişaf tempini nəzərə alaraq, habelə
Bakı şəhərində sərnişin nəqliyyatı
sistemini təkmilləşdirmək və nəqliyyatın
hərəkətinin gərginliyini azaltmaq məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti
aidiyyəti qurumların təklifləri əsasında,
Bakı şəhərində əhalinin
məskunlaşdığı ərazilərin mövcud və
perspektiv genişlənməsi, metrodan istifadə edən
sərnişinlərin sayı və hərəkət
istiqamətləri nəzərə alınmaqla, "Bakı
Metropoliteninin 20 illik inkişafının Dövlət
Proqramı"nın layihəsini altı ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu sərəncamın 1-ci bəndində qeyd
edilmiş Dövlət Proqramının hazırlanması
zamanı:
- müvafiq tədbirlər Bakı şəhərinin
baş planı və əhalinin məskunlaşması
nəzərə alınmaqla, digər ictimai
sərnişindaşıma nəqliyyat vasitələri ilə
(avtobus, elektrik qatarı) əlaqələndirilməlidir;
- mövcud beynəlxalq təcrübədən
istifadə edilməklə, Bakı Metropoliteninin yeni baş
sxeminin tərtibi təmin edilməlidir;
- hazırda istismarda olan metro şəbəkəsinin
texniki vəziyyətinin təhlil və müayinəsi
əsasında şəbəkənin
təkmilləşdirilməsinə, təhlükəsizliyinin
artırılmasına, zəruri hesab edilən yenidənqurma
və bərpa işlərinin aparılmasına, habelə
Bakı Metropoliteninin maddi-texniki təchizatının
yaxşılaşdırılmasına dair təkliflər
əhatə olunmalıdır;
- bu sahədə ixtisaslaşmış, geniş
təcrübəyə malik olan yerli və xarici
məsləhətçi şirkət, mütəxəssis
və ekspertlər cəlb edilməlidir.
3. "Bakı Metropoliteninin 20 illik
inkişafının Dövlət Proqramı"nın
hazırlanması işlərinə cari ildə
başlanılmasını təmin etmək məqsədi
ilə Bakı Metropoliteni İdarəsinə 2008-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat
məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu sərəncamın 3-cü bəndində qeyd edilən
vəsaitin müvafiq qaydada maliyyələşdirilməsini
təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamın icrasından irəli gələn
digər zəruri tədbirlərin həyata
keçirilməsini təmin etsin.
6. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 noyabr 2008-ci
il
№ 34