Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində Dövlət
bayrağı meydanının yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının Dövlət
bayrağı Dövlət gerbi və Dövlət himni kimi
Azərbaycan Respublikasının müstəqilliyini
təcəssüm etdirən rəsmi dövlət rəmzidir.
Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram
göstərilməsi ölkə vətəndaşlarının
müqəddəs borcudur. Azərbaycan əsgəri
Vətənin suverenliyinin və ərazi
bütövlüyünün qorunması ilə bağlı
ali missiyanı öz üzərinə
götürərkən Dövlət bayrağına and
içir. Dövlət bayrağının Azərbaycan
Respublikasının dövlət qurumlarının və
diplomatik nümayəndəliklərinin üzərində
dalğalanması, ən mötəbər
məclislərdə və mərasimlərdə, rəsmi
tədbirlərdə və yarışlarda
qaldırılması hər bir azərbaycanlının
qəlbini qürur hissi ilə doldurur.
Azərbaycanın Dövlət bayrağı ilk
dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9
noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul
edilmiş və 1920-ci ilin aprelinə qədər
dövlət rəmzi kimi istifadə olunmuşdur. Tariximizin
sovet dövründə o, Azərbaycan Sovet Sosialist
Respublikasının bayrağı ilə əvəz
edilmişdir.
Dağlıq Qarabağ ətrafında cərəyan
edən ictimai-siyasi proseslər zamanı ziyalıların
təşəbbüsü ilə Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı qeyri-rəsmi olaraq 1988-ci il
noyabrın 17-də Bakıda indiki Azadlıq meydanında
qaldırılmışdır. Rəsmi olaraq bu bayraq
Azərbaycan ərazisində Naxçıvan Muxtar
Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli
qərarı əsasında Naxçıvan Ali Sovetinin
binası üzərində ucaldılmışdır.
Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti
tərəfindən ləğv edilsə də, 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi
ilə keçirilən sessiyasında Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul
olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan
ictimaiyyətinin tələbi ilə Azərbaycan
Respublikasının Ali Soveti Dövlət bayrağı
haqqında Qanun qəbul edərək üçrəngli
bayrağa Azərbaycan Respublikasının dövlət
bayrağı statusunu vermişdir.
1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya
aktı ilə dövlət müstəqilliyini bərpa
edən Azərbaycan Respublikası özünü
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən
onun dövlət rəmzlərini, o cümlədən
Dövlət bayrağını qəbul etmişdir.
Azərbaycan Respublikasının Dövlət
bayrağının Azərbaycan
vətəndaşlarının milli həmrəyliyinin, vahid
məfkurə ətrafında sıx birləşmələrinin
başlıca amillərindən biri olduğunu
nəzərə alaraq və onun təbliğinin daim diqqət
mərkəzində saxlanılmasını təmin etmək
məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində Dövlət bayrağı meydanı
yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 17 noyabr 2007-ci
il.
¹ 2504