"Vergi hesabatının elektron sənəd
formasında göndərilməsi
Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2007-ci il 16 iyun tarixli 392-IIIQD nömrəli Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 29 iyun tarixli 604 nömrəli Fərmanının
1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Vergi hesabatının
elektron sənəd formasında göndərilməsi
Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİZADƏ
Bakı şəhəri, 27
iyul 2007-ci il
¹ 120
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2007-ci il 27 iyul tarixli 120
nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Vergi
hesabatının elektron sənəd formasında göndərilməsi
Q A Y D A S I
1. ÜMUMİ MÜDDƏALAR
1.1. "Vergi hesabatının
elektron sənəd formasında göndərilməsi
Qaydası" Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
və digər normativ hüquqi aktların tələblərinə
uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydanın məqsədi
Azərbaycan Respublikasının qanunvericilik aktlarına
uyğun olaraq, vergi bəyannamələrinin (hesabatların)
vergi ödəyicisi tərəfindən elektron şəkildə
təqdim edilməsi, vergi orqanları tərəfindən
onların qəbulu və bu barədə vergi ödəyicisinə
elektron səkildə bildirişin verilməsi işlərinin tənzimlənməsi
ilə "Elektron hökumət" layihəsi çərçivəsində
dövlət orqanlarının vətəndaşlara və təşkilatlara
təqdim etdiyi xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasına və onların təqdim
olunma prosedurlarının beynəlxalq standartlara
uyğunlaşdırılmasına nail olmaqdır.
1.3. Bu Qaydada
aşağıdakı terminlərdən istifadə
olunmuşdur:
elektron bəyannamə (hesabat)
- informasiyanın elektron-rəqəmsal formada təqdim
olunduğu sənəd;
istifadəçi kodu, şifrə,
parol - elektron bəyannamənin (hesabatın) təqdim edilməsi
və onları təqdim edənlərin identikləşdirilməsi
üçün xüsusi alqoritm vasitəsilə hazırlanan
və vergi ödəyicisinə qapalı zərfdə verilən
məxfi məlumatların kombinasiyası;
imzalanmış elektron bəyannamə
(hesabat) - istifadəçi kodu, parol və şifrədən
istifadə etməklə, göndərilən elektron sənəd;
zəruri proqram təminatları
- bəyannamələrin elektron şəkildə tərtibi,
paketlənməsi və göndərilməsi
üçün istifadə olunan proqram təminatları
(JRE-Java Runtime Environment; BTP-Bəyannamə Tərtibatı Proqramı
və s.);
paketləmə - e-bəyannamə
fayllarından vahid arxiv faylının hazırlanması;
İnternet Vergi İdarəsinin
saytı - www.e-taxes.gov.az web səhifəsi.
1.4. Elektron mübadilənin
aparılması üçün vergi orqanına təqdim
olunan ərizənin və müqavilənin forması Azərbaycan
Respublikasının Vergilər Nazirliyi (bundan sonra - Vergilər
Nazirliyi) tərəfindən təsdiq edilir, bu formalar, habelə
zəruri proqram təminatları, onlardan istifadə
qaydaları üzrə təlimat
və digər metodik
məlumatlar Vergilər
Nazirliyinin www.e-taxes.gov.az
İnternet Vergi İdarəsi saytında yerləşdirilir.
1.5. Vergilər Nazirliyi tərəfindən
müəyyən edilmiş formatda tərtib edilən və
vergi orqanına təqdim olunan elektron sənəd kağız
və ya yazılı şəkildə digər məlumat
daşıyıcısı üzərindəki sənədin
ekvivalentidir və onunla eyni hüquqi qüvvəyə malikdir.
1.6. Bəyannamənin
(hesabatın) və bildirişin elektron şəkildə tərtib
və təqdim olunması üçün zəruri proqram təminatları
Vergilər Nazirliyi tərəfindən hazırlanır və
müqavilə əsasında əvəzsiz (ödənişsiz)
vergi ödəyicisinə verilir.
1.7.
Vergi ödəyicisi elektron sənədlər mübadiləsinin
aparıldığı iş yerinin təhlükəsizliyini
müstəqil təmin edir.
1.8. Vergi ödəyicisi vergi
orqanına təqdim etdiyi elektron bəyannamələrin
(hesabatların) və vergi orqanından daxil olmuş
bütün elektron sənədlərin 7 ildən az olmayan
müddət ərzində saxlanılmasını təmin
edir.
1.9. Vergi ödəyicisi elektron
sənəd mübadiləsi üçün istifadə olunan
istifadəçi kodunu, şifrəni və parolu məxfi
saxlayır, onları başqa şəxslərə istifadə
üçün vermir, istifadəçi kodu, parol və
şifrədən başqaları tərəfindən istifadə
olunduğunu bildikdə, dərhal uçotda olduğu vergi
orqanına yazılı məlumat verir.
2. ELEKTRON MÜBADİLƏNİN
RƏSMİLƏŞDİRİLMƏSİNİN ƏSASLARI
2.1. Vergi ödəyicisi (rəhbəri)
vergi bəyannamələrini elektron şəkildə göndərmək
üçün müvafiq ərizəni və 2 nüsxədə
müqavilə formasını doldurub imzalayır
(möhürləyir) və uçotda olduğu vergi
orqanına təqdim edir.
2.2. Vergi orqanı vergi ödəyicisinin
ərizəsini qəbul etdiyi tarixdən sonrakı 2 gün
müddətində müqavilənin imzalanıb
(möhürlənib) təsdiq edilməsini təmin edir.
2.3. Müqavilə
imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd
mübadiləsinin aparılması üçün zəruri
istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə
qapalı zərfdə təqdim edilir.
2.4. Müqavilənin
qarşılıqlı imzalanması ilə vergi ödəyicisi
bəyannamələrini vergi orqanına elektron şəkildə
təqdim etmək hüququnu əldə edir və vergi
orqanındakı qeydiyyat məlumatlarına və büdcə
qarşısındakı öhdəliklərinə
baxış imkanına malik olur.
2.5. Vergi ödəyicisi elektron
sənəd mübadiləsi ilə bağlı Vergilər
Nazirliyinin bütün təlimat və qaydalarına əməl
edir, elektron bəyannaməni (hesabatı) qanunvericilikdə müəyyən
olunmuş müddətlərdə vergi orqanına göndərir.
2.6. Müqavilənin qüvvədə
olduğu müddətdə eyni hesabat dövrü üzrə
eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən
yalnız bir formatda (elektron və yaxud kağız formatda) təqdim
edilə bilər.
3. ELEKTRON
MÜBADİLƏNİN APARILMASI
3.1. Bəyannamələrin
(hesabatların) elektron şəkildə təqdim edilməsi
üçün vergi ödəyicisi tərəfindən
İnternet bağlantısından və zəruri proqram təminatlarından
istifadə edilir. Bu proqram təminatları vergi ödəyicisi
tərəfindən öz kompyuterinə İnternet Vergi
İdarəsinin saytının müvafiq bölməsindən
yüklənib quraşdırılmalıdır.
3.2. Ödəyici e-Bəyannamə
Tərtibatı Proqramından istifadə edərək, bəyannamələri
kompyuterə daxil edir və paketləyir.
3.3. Vergi ödəyicisi e-bəyannamələrini
paketlədikdən sonra İnternetə qoşularaq, İnternet
Vergi İdarəsinin saytına bağlanır və öz
istifadəçi kodundan, şifrə və parolundan istifadə
edərək, kompyuterində hazırladığı e-bəyannamələrdən
ibarət paket faylını sistemə göndərir.
3.4. Vergi ödəyicisinin
paketdə olan bəyannamələri
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
(AVİS) tərəfindən yoxlanılır və vergi
ödəyicisinə sistemdən müvafiq məlumatlar verilir.
3.5. AVİS tərəfindən
səhv aşkar edilmiş bəyannamələri vergi ödəyicisi
e-Bəyannamə Tərtibatı Proqramından istifadə etməklə,
yenidən hazırlayır və sistemə yükləyir.
3.6. Vergi ödəyicisi
qeydiyyat məlumatlarına və büdcə
qarşısındakı öhdəliklərinə
baxış imkanından istifadə etməklə, təqdim
etdiyi e-bəyannamələrin nəticələri üzrə
şəxsi hesab vərəqəsində aparılmış əməliyyatlar
barədə məlumat əldə edə bilər.
3.7. Elektron mübadilənin
aparılması prosesində meydana çıxan mübahisələrin
həlli bu Qaydanın 4-cü bölməsində nəzərdə
tutulduğu kimi həyata keçirilir.
4.
ELEKTRON MÜBADİLƏ ZAMANI YARANMIŞ
MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
4.1. Elektron mübadilənin
aparılması prosesində aşkar edilmiş səhvlərin
aradan qaldırılması vergi ödəyicisinin və vergi
orqanının qarşılıqlı təşəbbüskarlığı
əsasında həyata keçirilir.
4.2. Elektron sənədlərin
dəqiqliyi ilə əlaqədar mübahisə
yarandığı halda, mübahisənin yaranma səbəbi,
vergi orqanına (və ya vergi ödəyicisinə) mübahisə
predmeti olan elektron sənədin tarixi və nömrəsi
göstərilməklə, yazılı müraciət olunur.
Müraciətə fayl şəklində olan mübahisəli
elektron sənəd və təsdiqedici elektron sənəd əlavə
edilir.
4.3. Müraciətin təqdim
olunması və baxılması qanunvericilikdə nəzərdə
tutulmuş müddətlərdə
həyata keçirilir və müraciətə
baxılması zamanı elektron sənədlərin
dürüstlüyü yoxlanılır.
4.4. Mübahisənin həllinin
nəticələrinə görə akt tərtib olunur və
mübahisənin mahiyyəti göstərilir. Akt vergi ödəyicisinin
və vergi orqanının səlahiyyətli nümayəndələri
tərəfindən imzalanır.
5. ELEKTRON
MÜBADİLƏYƏ XİTAM VERİLMƏSİ
5.1. Vergi ödəyicisi vergi
orqanına müvafiq yazılı ərizə verməklə,
elektron sənəd mübadiləsinin aparılmasından
imtina edə bilər.
5.2. Vergi ödəyicisi elektron
sənəd mübadiləsi üçün nəzərdə
tutulmuş texniki qayda və normalara əməl etmədikdə,
vergi orqanı hesabat dövrünün başa
çatmasına azı 10 gün qalmış ona xəbərdarlıq
etməklə, elektron sənəd mübadiləsinin
aparılmasından birtərəfli qaydada imtina edə bilər.