Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN
SƏRƏNCAMI
Xalqımızın ən qədim
zamanlardan müasir dövrədək tarixini və
mədəniyyətinin inkişaf yolunu əks etdirən
Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni
irsin qorunması və təbliğ olunması işində
mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir
sənət incilərinin və milli sərvətlərin
nümayiş etdirildiyi geniş bir şəbəkəyə
malik olub respublikamızın bütün bölgələrini
əhatə edir.
Ölkəmizdə muzey işi qədim
dövrlərdən başlayaraq özünəməxsus yol
keçmişdir. Azərbaycan hökmdarlarının
saraylarında, məbədlərdə, həmçinin
digər tikililərdə mədəniyyət tariximizin ən
müxtəlif dövrlərinə aid qiymətli
əşyalar və sənət nümunələri
mühafizə edilmişdir.Tarixi və bədii əhəmiyyət
daşıyan eksponatların mühüm bir qismi sonrakı
dövrlərdə əsas etibarilə şəxsi
kolleksiyalarda toplanmışdır. Eyni zamanda tarixən regionda
baş vermiş geosiyasi hadisələr nəticəsində
Azərbaycan mədəniyyətinin, elminin,
incəsənətinin unikal nümunələri yüksək
estetik dəyərə malik əsil sənət
möcüzələri kimi dünyanın ən məşhur
muzeylərinin daimi eksponatları sırasında yer
almışdır.
XIX əsrin ikinci yarısından
etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir
həyatında sürətlə cərəyan edən
proseslər öz növbəsində muzey işinin
təşkilinə təkan vermiş və
ölkəmizdə müasir tipli muzeylərin
yaradılmasına başlanmışdır. İlk belə
muzeylərdən biri görkəmli maarifpərvər
yazıçı Cəlil Məmmədquluzadənin
təşəbbüsü və yaxından iştirakı
ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.
Azərbaycanda dövlət
səviyyəsində 1919-cu ildə təməli qoyulmuş
ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi
fəaliyyət göstərmişdir. Maddi mədəniyyət
nümunələrinin, müxtəlif nadir əlyazma və
sənət əsərlərinin toplandığı bu muzeyin
müvafiq şöbələri əsasında 1930-cu
illərdə artıq bir neçə muzey
yaradılmışdır.
Sonrakı illər ərzində
Azərbaycanda yeni muzeylər fəaliyyətə
başlamışdır.Bu muzeylərdə davamlı olaraq
ekspozisiyalar yaradılmış, mövcud ekspozisiya və
fondlar isə zənginləşdirilmişdir. Ötən
əsrin 70-ci illərindən etibarən respublikada muzey
şəbəkəsinin inkişafı daha intensiv
şəkil almış və yüzdən artıq muzey
yaradılmışdır. Ölkəmizdə
tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi
şəxsiyyətlərin, ədəbiyyat və
incəsənət xadimlərinin ev muzeyləri, xatirə
muzeyləri təşkil edilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi respublikamızda muzeylərin
inkişafına ağır zərbə vurmuşdur. Erməni
silahlı birləşmələri tərəfindən
işğala məruz qalan ərazilərimizdəki
tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər
və muzey-qoruqlar dağıdılmış, muzey
fondlarında mühafizə olunan qiymətli eksponatlar və
sənət yadigarları
bütünlüklə qarət edilmişdir.
Son illər sürətli
yüksəliş dövrü yaşayan ölkəmizdə
milli mədəni sərvətlərin qorunması və
gələcək nəsillərə
çatdırılması işinə lazımi diqqət
göstərilir. Respublikanın artan iqtisadi potensialı
əsasında yüksək inkişaf tempinə uyğun olaraq
mədəniyyət sahəsində ardıcıl mühüm
işlər aparılır, bir sıra mədəniyyət
ocaqları yaradılır, mövcud mərkəzlər
üçün isə yeni binalar
inşa olunur.
Azərbaycanda bu gün muzey işinin
inkişaf etdirilməsi istiqamətində lazımi
tədbirlər görülür. Hazırda Azərbaycan Tarixi
və Azərbaycan Ədəbiyyatı muzeylərində
əsaslı yenidənqurma və təmir-bərpa
işləri aparılır. Regionlarımızda muzeylər
şəbəkəsinin inkişafında
nəzərəçarpan irəliləyiş əldə
olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan
Respublikasının
paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin
yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında" 2006-cı il 18 dekabr və
"Müasir İncəsənət Muzeyinin yaradılması
haqqında" 2006-cı il 19 dekabr tarixli
sərəncamları muzey işinə dövlət
qayğısının aydın təzahürüdür.
Bununla yanaşı ölkə
muzeylərinin mövcud vəziyyəti bu sahədə
təxirəsalınmaz əlavə tədbirlərin həyata
keçirilməsi zərurəti doğurmuşdur. Bir
çox muzeylərin yerləşdiyi Muzey Mərkəzinin
hazırkı mənzərəsi onun son dərəcə ciddi
təmirə ehtiyacı olduğunu göstərir. Qırx il
əvvəl dünyada ilk dəfə olaraq Bakıda
yaradılan,unikal eksponatlarla zəngin Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi müasir beynəlxalq standartlara cavab vermir.
Azərbaycanda muzey işinin
yaxşılaşdırılmasının ölkəmizin
mənəvi həyatının inkişafı
baxımından əhəmiyyətini və perspektivlərini
nəzərə alaraq, elmi və mədəni
sərvətlərdən hərtərəfli istifadə
imkanlarını genişləndirmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi Bakı
Şəhər İcra Hakimiyyəti ilə birlikdə
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin yeni binasının tikilməsi
üçün Bakı şəhərində müvafiq
sahənin ayrılması və tikinti-quraşdırma
işlərinin aparılması ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi yerli icra hakimiyyəti
orqanları ilə birlikdə Azərbaycanın regionlarında
fəaliyyət göstərən muzeylərin müasir
standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair xüsusi
tədbirlər planı hazırlayıb üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
3.
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılsın ki:
3.1. Muzey Mərkəzinin təmiri və
yenidən qurulması ilə bağlı təkliflərini iki
ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Dövlət
İncəsənət Muzeyinin əsaslı təmirindən
sonra həmin muzeydə, Azərbaycan Rəssamlar
İttifaqının rəyi nəzərə alınmaqla, yeni
ekspozisiyaların yaradılması ilə bağlı
təkliflərini 2007-ci ilin sentyabr ayına qədər
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycanda muzeylərin
fəaliyyətinin muzey işinin müasir prinsipləri
əsasında dünya standartlarına müvafiq olaraq
yenidən qurulmasını və muzey ekspozisiyalarının
azərbaycançılıq məfkurəsinə
uyğunlaşdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2007-ci il
№ 2013